Məmməd İlqar - Nə mən göz çəkirəm, nə gözəl çəkir
14.11.13
Gözəl çəkir
İlahi! Belə də gözəl olarmı?- Kimdi qələm çəkən, nə gözəl çəkir. Üz- üzə, göz- gözə sehrlənmişik, Nə mən göz çəkirəm, nə gözəl çəkir, Güney gözlüm, gözəllikdə bircəsən, Bu güllükdə bir mən olam, bircə sən... Gül üstündə arıya bax bircə sən- Gör gülün nazını nə gözəl çəkir?... Salma gəl Məmmədi gözündən, gözəl, Gözüm gözmü görüb gözündən gözəl !.. Mən öimüş neynim ki, gözündən, gözəl- Nə bir könül doyur, nə göz əl çəkir !
Qıl körpü
Məni bu gecənin əlindən alma, Alma bu gecəni mənim əlimdən. Bu gecə bir daha qismətim olmaz - Görüş gecəmizdi – ən əvvəlimnən.
Ayrı qonaqlardı bu gələnlərim - Kefcil dostlarıma oxşamır, ana, Bağlama bu gecə pəncərələri, Bağlama qapını, yaxşımı, ana?
Bu gecə illərim ələnməlidi - Ən gözəl ilim də, ən bekarı da! Axır ki, bu gecə bilinməlidi Bir belə günahın günahkarı da!
Bu gecə sonudu qaranlıqların, Yaddaşım nurunu Aydan alacaq… Kim kimə göstərib bu dar yolları, Kim-kimi aldadib aydın olacaq.
Tutacaq yerini yaxşı da, pis də, Söküb yeməyəcək yalan, ömrümü. Bu gecə taleyim “qıl körpü” üstə - Məhşər gecəsidi qalan ömrümün…
Məhşər gecəsidi – bilmişəm artıq, Çəkəcəklər məni son imtahana. Günahsız vaxtlarım, duru vaxtlarım… Bəlkə də, bəlkə də… Nə bilim, ana, Baxıb görürlər ki, ölmüşəm artıq - Dəfnimə yığışır diri vaxtlarım?..
Alma bu gecəni mənim əlimdən, Məni bu gecənin əlindən alma. Bu gecə qorxum yox mənim ölümdən - Bu gecə bir daha qismətim olmaz…
|