Əlabbas: “Mövlud Süleymanlı istedadın düşmənidir”- MÜSAHİBƏ
20.11.13

Yazıçı Əlabbasla müsahibə.


 

- Əlabbas müəllim, ədəbiyyata böyük ümidlərlə və həm də böyük iddia ilə gəlmişdiniz. Amma “Köhnə kişi” povestinin başıbəlalı oldu. Bu əsəri uzun müddət çap etmədilər. Bu dövrdə ədəbiyyata üz çevirməyi düşünürdünüzmu?

 

- Mən ədəbiyyata gələndə  qarşımda böyük bir nasir ordusu vardı.  İsa Hüseynov, İsmayıl Şıxlı, Sabir Əhmədli, Anar, Əkrəm Əylisli, İbrahimbəyov qardaşları, Elçin,  Yusif Səmədoğlu, İsi Məlikzadə,  Sabir Azəri, Azər Abdulla, Vaqif Nəsib, Məmməd Oruc, Natiq Rəsulzadə, Mövlud Süleymanlı  və başqaları. Qismətdən də mənim işim onların bir çoxundan keçib. Adıçəkilənlərin əksəriyyəti  o vaxtlar ədəbi jurnalların redaktorları, nəsr şöbəsinin müdirləri və ya əməkdaşları idilər. Mən də şəhərə, təyinatla müəllim göndərildiyim kənddən “Köhnə kişi” ilə qayıtmışdım. O əsər   həmin  kənddə gördüyüm bir gözəlin eşqi ilə yazılıb. Kim bilir, bəlkə də, o iddiaların kökündə də elə o eşq dayanırdı.  Nə qədər ki, əsəri oxumağa heç kəsə verməmişdim, elə bilirdim ki,  əməlli-başlı dahiyəm.  Bir neçə tanınmış qələm sahibi onu  oxuyandan sonra məlum oldu ki, o əsərdə doğrudan da, çox ciddi mətləblər var. Görünür, o vaxt məni, dingildədən də  onlar imiş. Amma iş gəlib çap mərhələsinə çatanda hər şey alt-üst oldu.  Nə Sabir Əhmədli, nə  Seyran Səxavət, nə də  Mövlud Süleymanlı  məni yaxına buraxdılar. 

 

- Niyə çap eləmirdilər?

 

- Bilirsiniz, o vaxt ədəbiyyat çoxlarının çörək ağacı idi. Əksəriyyət ona qazanc mənbəyi kimi baxırdı. Süleyman Rəhimov, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Bayram Bayramov, Vidadi Babanlı, bir qədər sonralar Əlibala Hacızadənin bir-birinin ardınca çıxan qalın-qalın romanlarını xatırlayın. O illər  qələmin hesabına ev, maşın, bağ alıb səlahiyyət sahibi olurdular. Və ədəbiyyata yeni gələn istedadlara qapı açmaqla onları öz boğazlarına şərik etmək istəmirdilər. Bu barədə “Çörəksiz peşə” adlı publisist qeydlərim yarım il əvvəl sizin saytda da yerləşdirilib. O vaxt çap olunmaq bu qisim səbəblərə görə indiki kimi asan deyildi. Bəzən bir yazının çapı üçün 2-3 il növbə gözləmişik. Mövlud Süleymanlı indiki dillə desək,  yeni rekorda imza atıb bir qədər də irəli gedərək “Köhnə kişi”nin çapını 8 il yubatdı. Bu, təkcə mənə yox, yeni ədəbi nəslə qarşı bir qəsd idi. Gənclərin əlini sevdiyi işdən soyutmaq, qol-qanadını qırmaq az-çox özünə nüfuz və mənsəb qazananların sanki peşəsinə çevrilmişdi. Onlar harda istedadlı adam, özlərinə potensial rəqib görürdülər, onun qarşısına dərhal kötük diyirlədirdilər. İstedadsız, ədəbiyyatdan min ağac uzaq bicəngələri isə çox böyük həvəslə çap edirdilər. Sonralar dostlardan içib boynuna alanlar oldu ki, onların kənddən gətirdikləri toyuq-cücənin, yağ-balın və digər sovqatların da  bu işdə az rolu olmayıb. Mənim üçün Kəbə kimi müqəddəs sayılan ədəbi camiədə də belə şeylərin olduğu ağlıma da gəlməzdi. Amma gəlib  elə əldəqayırma cızma-qaraçılar gördüm ki... Onlar  kitablarını qoltuğuna vurub rayonbarayon idarələri gəzərək pul-para qazanırdılar. Qətiyyən də qızarıb eləmirdilər. Mənim də mənsub olduğum  ədəbi nəslə qarşı qəddarlığın bir nədəni də bu cür çirkin əməl yiyələrinə havadarlıq edənlərin vacib postlarda oturmaları idi. Rafiq Tağı,  Aslan Quliyev, Eyvaz Əlləzoğlu, Nəriman Əbdülrəhmanlı, Eyvaz Zeynalov, Azad Qaradərəli və digərləri o cür ədəbiyyat çinovniklərinin ucbatından illərlə çap olunmamağın ağrısını çəkiblər. Əkrəm Əylisli “Azərbaycan” jurnalında Səfər Alışarlıya, Anar isə Afaq Məsuda “uğurlu yol” yazmışdı, Elçin Rafiq Tağı ilə  Saday Budaqlını ədəbi ictimaiyyətə təqdim eləmişdi. Düzünü deyim ki, o cür təqdimatın həsrətini hər bir gənc qələm əhli çəkərdi. Bu o illər  yaradıcılığa yeni başlayanlar üçün  çox böyük dəstək idi. Amma heç də  hamıya qismət olan xoşbəxtlik deyildi. O vaxt “Azərbaycan” jurnalında nəsr şöbəsinə başçılıq edən Mövlud Süleymanlı isə bizim bir çoxumuzun ədəbi taleyində dırnaqarası müstəsna xidmətləri olan bir naşir kimi qalıb. Dözüb-dözüb az qala otuz ildən sonra o zaman rastlaşdığım  haqsızlıqların bir qismini  axırı kağıza köçürüb çapa verdim.  Deyim ki, Mövlud Süleymanlı  dili, bədiyyatı, ədəbi maneraları  çox gözəl bilir. Amma istedadlı adama qarşı onda amansız bir nifrət  hissi var. O da bu cür adamdı, nə eləmək olar? Mən bunu o 8 ilin ərzində başıma açdığı  inkir-minkir oyunları ilə, demək olar ki,  hər görüşümüzdə hiss eləmişəm. “Acı bir xatirəyə sözardı” adlı həmin yazı işıq üzü görəndən sonra mənə, bəlkə, əlli adam zəng vurdu ki, sənin yazan əlinə qurban olum, bizim ürəyimizdən tikan çıxarmısan. Axırı bunu ona deyən biri tapılmalı idi. Zəng vuranların biri onun tələbə yoldaşı, biri yataqxana yoldaşı, digəri yazıçı yoldaşı, o biri isə radioda iş yoldaşı olub.  İstedad nazəndə qız kimidi, onun nazını çəkməsən, həmişəlik küsüb gedir. Və hiss elədiyim qədər, ümumiyyətlə qayıtmır. İşdir, şayət, qayıdırsa da,  obrazlı desək, ya ərə qız gedib  gəlin qayıdan tək  gəlir,  ya  da qarımış qız kimi dönür. Bu şəkildə qayıdan istedad nəyinə lazımdı? 

 

O vaxt o yazı çap olunanda böyük qardaşımla ağsaqqal əmim  dedi, ayıbdı, bizi el içində biabır eləmisən, o nə yazıdı, yazmısan? Onlar  hər keçənə indinin özündə də güzəşt deyirlər. Onlar həm də ondan qorxurdular ki, birdən Mövlud məni Bakı üzünə həsrət qoyar, ya məni şəhərdən sürgün elətdirər. Amma onun mənə öz telefonu ilə zəng açmağa belə cəsarəti çatmadı.   

 

Saday Budaqlının telefonundan fağır-fağır gələn səsindən onuca başa düşdüm ki, deyir, ay Əlabbas, mən yaşlı adamam, mənimlə nə işin var? Biz axı bir elin adamıyıq. Dedim, bəs mən o vaxt kənddən gələndə biz bir elin adamı deyildik?  Bəlkə, ayrı planetdən gəlmişdim? Açığını deyim ki, Mövlud o vaxt məni “Baksovet” metrosu ilə üzbəüz  beşmərtəbəli binanın beşinci mərtəbəsində şahmat oynadığı bütün işçilərinə həmişə  tərifləyib.  Dəqiq bilirəm ki, “Köhnə kişi” onun sevdiyi ən gözəl əsərlərdən biridi. Elə indinin özündə də iki yaxşı əsərin adını çəkəsi olsa, biri mütləq “Köhnə kişi” olacaq. Mənim dostum, onun isə iş yoldaşı olan yazıçılara onu necə ağızdolusu təriflədiyini də mənə onlar deyiblər. Rəhmətlik Natiq Səfərov ona yaxşı bələd olduğuna  görə  hələ  81-də mənə demişdi ki, dünya dağılsa da, Mövlud bu əsəri çap eləməz. İndi sizə tam səmimi deyirəm. Məni o əsərin vaxtında çap olunmamağından da çox,  Mövluda görə cırıb atdığım ona qədər hekayəm yandırıb. Təbii ki, onlar  və çap etdirmədiyim “Bağlı qapılar” povesti “Köhnə kişi” deyildi, amma yazı cırıb atmaq nədi? Özü də o illərin, dəli-dolu gənclik eşqi ilə süslənmiş məhəbbət və işıq dolu gözəl nəsr nümunələri… İntəhası “Köhnə kişi”ni çap etməyən “Qızılaxtaran”ı, “Hadisə”ni “Arxa”nı, “Dağların duman çağı” və ya “Bağlı qapıları” hardan çap eləyən idi? Söhbət bundan gedir. Mən Mövluda inandığıma görə gedib onları məhv eləmişəm. Bəs ədəbiyyatdan üz döndərmək nəyə deyirsiz? 

 

- Mövlud Süleymanlı hansı əsası gətirərək əsəri çap etmirdi?

 

- Mövlud, indi də deyirəm, yaxşı yazıçıdı. Bir nasir olaraq mən bunu deməsəm, nadan olaram.  Onun səhv etmirəmsə, 1978-də “Dəyirman” povesti çap olunmuşdu və böyük əks-səda doğurmuşdu. Onun barəsində  müsbət rəy yazanlardan biri də şəxsən mən olmuşam. Özünə də demişdim bunu. “Ədəbiyyat və incəsənət” qəzetinin arxivini axtarsalar, o yazı,  bəlkə, indi də üzə çıxar… O cür ajiotajdan sonra  “Köhnə kişi” çap olunsaydı, o əks-səda dərhal kəsiləcəkdi. Mövludun o vaxt yaşı qırxı kesmişdi,  o cür əsər yazmağına normal bir şey kimi yanaşılardı, amma iyirmi yaşında bir gəncin “Köhnə kişi” kimi  bir əsər ortaya qoymasına  hamı möcüzə kimi baxardı. O illər ədəbiyyat, yaxşı bədii əsər çox böyük əksəriyyət üçün hava-su kimi bir şey idi.  

 

1981-ci ildə, lap son mərhələdə  yanına getdim,  başımıza oyun gəlib, dedi, Əkrəm  əsəri oxuyub, deyir,  “Kür qırağının meşələri”ini yenidən yazsaydım, əsərin sonluğunu məhz belə qurtarardım.  Sevincək dedim, lap yaxşı, indi ağzından süd iyi gələn bir uşaq bunu eləyə bilibsə, alqışlamaq lazımdır ki.  Dedi, yox e, bunu çap edə bilməyəcəyik. Sən demə, heç yazıq Əkrəm  əsəri oxumayıbmış. Bu məsələnin üstü 1988-ci ildə, povest “Azərbaycan” jurnalının aprel nömrəsində  nəşr olunanda açıldı, amma Mövludun bundan xəbəri olmadı. Onda “Ulduz” jurnalında işləyirdim, Abbas Abdulla gəldi ki, nə oturmusan, Əkrəm Əylisli əsərini oxuyub, səni axtarır. Dedim o vaxt məni məhv elədilər, əsəri çap etmədilər, indi nə istəyirlər? Düzü, getmək istəmirdim, ürəyim sınmışdı. Nə dəyişəcəkdi axı?  Nəsə, axırı getdim.  Əkrəm müəllimin povestimdən gətirdiyi dəqiq misallardan bildim ki, o, əsəri məhz indi, təzəlikcə oxuyub. Yazılma tarixinə baxıb dedi, bəs bu cür gözəl əsəri niyə indiyəcən çapa verməmisən? Dedim, siz qoymamısınız da. Dedi necə yəni?... Sən demə, Mövlud 81-də Əkrəm müəllimin adından istifadə edib mənim başımı aldadırmış. Əkrəm müəllimin heç əsərdən xəbəri yox imiş. Dedi, Mövlud bu əsəri çap etməmək üçün mənim adımdan sənə yalan deyib. 

 

Uzun illərin çək-çevirindən sonra  rəhmətlik İsa İsmayılzadəni “Köhnə kişi”ni  oxumağa razı sala bildim. Yolda təsadüfən rastlaşanda  məni qucaqlayıb bağrına basdı, dedi, sən heç bilirsən nə yazmısan, özünün də xəbərin olmayıb. Əsəri o, çap elədi. Yusif Səmədoğlunun vaxtında. Allah hər ikisinə rəhmət eləsin!

 

2007-ci ildə Mövludun Əkrəm Əylisli haqda “Şərq” qəzetində ironiya dolu  müsahibəsini oxuyanda məhz onun əli ilə həyatımın ən yaxşı  illərinin üstündən çalın-çarpaz xətt kimi çəkilən  o qəziyyə yadıma düşdü. Amma tərəddüd məni yenə rahat buraxmadı. Necə deyərlər, “yıxdı bizi abır-həya”.  Gözüm yenə qəzetə çataşdı. Mövlud  istedad qarşısında ayağa qalxmağından çox bəlağətlə söz açırdı. Ona yazdığım cavab, bir allah şahiddi ki, beynimə misra kimi gəldi:  götürüb  yazdım, Mövlud Süleymanlı, sən istedad qarşısında ayağa durmağına, durarsan, çox düz deyirsən, amma bu, istedad qarşısında sayğı duruşu ola bilməz, ona görə ayağa durarsan  ki, görəsən onlardan hansının başı bıçağa daha yaxşı gəlir. Rafiq Tağı, Aslan Quliev, Sabir Bəşirov, Nəriman Əbdülrəhmanlı, Azad Qaradərəli, Eyvaz Əlləzoğlu, Eyvaz Zeynalov və bir çox başqaları sənin bayrağının yox, məhz bıçağının altından keçən yazıçılardı. Sayğılı oxucular Aslan Quliyevin “Onlar məni öldürdülər” publisist qeydlərini və mənim də ona cavabən  qələmə aldığım  “Onlar kimi öldürmədilər?” adlı yazımı tapıb oxusalar, bir çox mətləblərdən  agah olarlar.

 

- “Köhnə kişi”dən sonra bir neçə povest yazdınız və xeyli fasilə yarandı. Bu, nəylə bağlı idi?

 

- Araya müharibə düşdü, həm də şəxsi həyatımda çox böyük çətinliklər oldu, ağır xəstəlik keçirdim, sonra da mədəmdən əməliyyat olundum. İndi də onun davamı olaraq bir başqa xəstəliklə əlbəyaxadayam. Biri gedir, o biri gəlir. Qaldı fasilə məsələsinə, mən elə həmişə belə yazmışam. Beş ildə bir dəfə ələ qələm almadığım vaxtlar olub. Həm də o vaxt, yəni dava başlayanda mənim dərk etdiyim ədəbiyyat da öz missiyasını başa vurmuşdu. Zaman artıq özgə mətləblər diktə eləyirdi.  

 

- “Qiyamçı” romanını nə vaxt yazdınız?

 

- 90-da bitirmişdim o əsəri. Gec çap olunmağının da səbəbi buydu ki, onun  o vaxt lazımi reaksiya doğuracağına inamım yox idi. Ona bir də 2002-də  qayıtdım və 2004-də çap olundu. Amma mən bu gün də gözləyirəm yaxşı bir dilçi ortaya çıxıb o əsərin bədii məziyyətləri, dil və üslub xüsusiyyətləri  barədə mütəxəssis rəyi söyləsin. Mən məhz dillə bağlı o gözləntiləri nəzərə alıb  demişdim ki, çox hayıf, «Qiyamçı»nı öz rəfinə qoyan tapılmadı. Amma indi baxıram ki, problem,  heç də rəfdə deyil, problem birinci növbədə hələ o dilçinin özünü tapmaqdadı.

 

- Sonra “Qaraqovaq çölləri” gəldi.

 

- İlkin variantda o əsərin adı “Xırsız” idi. Bilirsiniz də, bizdə xırsız heç də türklərin işlətdiyi anlamda “oğru” deyil. Xırsız, yəni saymaz, qabağından yeməyən, ağına-bozuna baxmadan bildiyini edən… Amma sonra fikrimdən daşındım.  Çapa da indiki adı ilə verdim və o heç gözləmədiyim bir neçə həqiqəti  ortaya çıxardı.

 

- Hansı həqiqətləri?  

 

- Roman kitab halında çap olunandan bir qədər sonra “Azadlıq Radiosu”ndan Rövşən Qənbərov  zəng vurdu ki, istəyirik “Oxu zalı”nda bu əsərin müzakirəsini keçirək. Razılaşdım. Amma çox uzaqgörən bir  dostum dedi ki, nahaq razı olmusan. Dedim, niyə,  tam arxayınam, geri çəkilsəm, belə çıxır ki, nədənsə qorxuram. Dedi, söhbət sənin qorxmağından getmir, o əsərin kimlərə veriləcəyindən, əsər haqda kimlərin nə yazacağından gedir. Bundan əvvəl keçirilən ədəbi müsabiqə və müzakirələrin nəticəsini  soyuq başla saf-çürük etməyimin son qənaəti bu oldu ki,  bu irimiqyaslı tədbirlər ədəbi yox, daha çox müxtəlif siyasi düşüncə mərkəzlərinin düşünüb hazırladığı və bizdə həyata keçirdiyi bir proyektdir. O müzakirələr zamanı gəldiyim qənaətlərdən biri bu oldu ki,  Qarabağ mövzusuna girişmək  elə-belə məsələ deyil. Bunu həm millətə, həm də yaradıcı insanlara qəsdən, bilə-bilə unutdururlar. Açıq-açığına dilə gətirməsələr də, bu qadağa və yasağı  başqalarının dili ilə  çox peşəkarcasına dedirdənlər var. 

 

- Əlabbas müəllim, əsərlərinizin dili haqqında danışdız. Təbii ki, dil yazıçı üçün vacib bir məsələdir. Amma əsərin ideyası, strukturu da önəmli rol oynayır.

 

- Əvvəla, “Qaraqovaq çölləri”ni oxumuş, sözün dəyərini, ətrini, rəngini onun müzakirəsinə qoşulan rəyçilərldən qat-qat yaxşı bilib duyan bir çox ciddi ədəbiyyat adamı mənə ürəyimdən keçən nə varsa, deyiblər. Özü də artıqlaması ilə.  İndi kimsə, nadandırsa, haqqın üzünə düz baxa bilmirsə, sifarişlə işləməyi, yazı yazmağı, ona-buna qara yaxmağı özünə həyat yolu seçibsə, bunun günahı məndə deyil ki.  Məmməd əmi demişkən, bu da belə bir ömürdü yaşayırlar, qoy yaşasınlar. 

 

 

- Qayıdaq söhbətimizin bayaqkı məqamına.  Sizcə, İradə Musayeva niyə bu qənaətə gəlmişdi ki, Qarabağ haqda danışmayaq?

 

- Mən o əsərdə Qarabağ döyüşlərindən sağ çıxıb gəlmiş, mənəvi-əxlaqi dəyərləri özündə ləyaqətlə cəmləyən əyilməz bir oğul obrazı yaratmışam. Amma işə bax ki, o müzakirədə tənqidçilərlə “Qaraqovaq çölləri” romanı arasında Azərbaycan və Ermənistan arasındakı konfliktdən betər, mayasında nifrət olan barışmaz bir ziddiyyət gördüm. Bircə Tehranın yazısında az-çox müsbət çalarlar vardı, o da ona görə idi ki, o, əsər haqqında müzakirələrdən  əvvəl müsbət bir rəylə çıxış eləmişdi. Ondan birdəfəlik, özü də gözgörəti necə imtina edə bilərdi? O tənqidlərin hamısı eyni amplualı yazılar idi. İmzaları dəyişsəydik belə, birində bir şey dəyişən deyildi. Yaxşı olana da pis demək, mənəvi dəyərləri gözdən salmaq istəyi o yazıların hər birinin mərkəzindən qırmızı xətt kimi keçib gedir. Bayaq haqqında söhbət açdığım  həqiqətlərdən biri də məhz bu məqamla – hardansa idarə olunan çağdaş Azərbaycan ədəbi tənqidinin gerçək və acınacaqlı durumu ilə bağlı məsələdi. O vaxt  hər şeyin vahid mərkəzdən idarə olduğu qənaətinə gəlməyim heç də təsadüfi deyildi. Rövşən Qənbərovdan soruşanda ki, niyə üzgörənlik eləyib  Cavanşir Yusiflinin rəyinə yazılan şərhləri saytdan niyə çıxarır, dedi, Cavanşir yaşlı adamdı, infarkt-zad keçirər. Belə şeyə görə infarkt keçirən adamın müzakirələrdə işi olmur, Rövşən bəy! Və əgər sən infarktdan elə qorxansansa, əsəri sizdə müzakirə olunan müəllifin infarktından niyə qorxmursan?  Bəlkə, infarkt yazıçılardan yan keçir? Yoxsa bir müzakirəyə iki  rəy yazmağıma nə hacət vardı?  «Xam oxucu üçün tələ yemi» hansı ehtiyacdan ortaya çıxdı və axırı gedib «Kulis.az»da işıq üzü gördü?  

 

- Bu tənqidlərdən sonra heç düşündünüzmü ki, bəlkə doğrudan da bu əsər zəif əsərdi?

 

- Müzakirəyə yekun vurulanda məndən müsahibə götürən Cavid Zeynallı ilə kitabı qarşımıza qoyub bircə-bircə sözügedən cümlələrə baxdıq. Məlum oldu ki, yanlış nəticələrə gəlməyi, oxucunu qəsdən çaşdırmağı bir yana, üstəlik İradə xanım mənə  şər də atır. Onunla keçən yaz tədbirlərdən birində görüşdük. Günahı olduğunu bilib dərhal  əsəri o cür təhvil aldığını dedi.  Təbii ki, mən buna inanmadım. Çünki bu qadın öz səhvinə görə məndən dinləyicilərin qarşısında «Azadlıq radiosu» vasitəsi ilə üzr istəmişdi. O, sözündə səmimi idisə, əsərin kitab variantını açıb baxmaq nə qədər vaxtını aparardı ki?  Amma düzünü deyim ki, onun sözü  məni başqa şübhələrə də saldı. Bu işin axırına çıxmaqda məqsədim vardı. Bilmək istəyirdim görüm Nizami adına Ədəbiyyat İnstitutunun 2009-cu ilin ən yaxşı romanı saydığı, akademik Bəkir Nəbiyevin şəxsən özünün gen-bol bəhs etdiyi, ədəbiyyat adamlarının birmənalı olaraq, necə deyərlər, başına and içdiyi görkəmli tədqiqatçı Əsgər Rəsulovun, Sabir Bəşirovun, Alhüseyn Cavadoğlunun, o cümlədən Tehran Əlişanoğlunun və başqalarının bəyəndiyi, özümün də ürəyimdən tikan çıxaran bir əsəri bu qədər aşağılamaqda, gözdən salmaqda kimlərin marağı var?...  Ədəbi müsabiqələri bizdə necə keçirtmək barədə o fikri bayaq boş-boşuna xatırlatmadım. Belə başa düşürəm ki, Qarabağ mövzusu tək siyasi aləmdə yox, eyni zamanda ədəbi dairələrdə də çoxlarında qıcıq doğurur. Həmin o İradə Musayevanın bəyanatlarından biri də məhz bu xüsusda idi ki, gəlin, biz Qarabağ haqqında 20 il danışmayaq. Aha!... Xeyir ola? Yenə sağ olsun Tehranı, üzrxahlıq yazısında- “Eheyy, tənqidçilər!” adlı o yazını mən bu cür qəbul elədim-yumşaq da olsa, xanım həmkarına eşitdirmişdi ki,  Əlabbas istəyir, Qarabağ mövzusunu diqqətdə saxlasın, belə bir  dərdimizin olduğu unudulmasın.

 

- Çoxları 80-cilər ədəbi nəslini “itirilmiş nəsil” adlandırır. Siz nə düşünürsünüz bu barədə?

 

- Mən deməzdim. Əgər bu nəsil itirilibsə, içi Eyvaz Zeynalov,   Aslan Quliyev, Sabir Bəşirov, Vaqif Əjdəroğlu, Nəriman Əbdülrəhmanlı, Saday Budaqlı, Rafiq Tağı, Afaq Məsud, Mehriban Vəzir, Vaqif Sultanlı,  Eyvaz Əlləzoğlu, Səfər Alışarlı, Azad Qaradərəli qarışıq böyük bir ordunun adını çəkə bilərəm.  Altmış yaşdan sonra da əsərləri ən çox satılan müəlliflərin siyahısına bir neçə ay Eyvaz başçılıq edirsə, niyə itirilmiş nəsil? Bunu da ictimai rəyə bilərəkdən sırıyırlar. Əgər dövrün çap çətinlikləri, maddi sıxıntıları, dolanışıq qayğıları olmasaydı, Azərbaycanı  dünya ədəbiyyatında təmsil edənlərin məhz bu nəsildən olacağına  qəti şübhə etməyə bilərdiniz. Təəssüflər! 

 

- Bu qədər maddi problemlərin olduğu halda, ədəbiyyatın qazanc gətirmədiyini bilə-bilə bu qədər əsərlər yazılır. Bu hansı ehtiyacdan yaranır?

 

- Yazıçı ancaq mənəvi rahatlıq tapmaq üçün yazır. Bunun başqa izahı yoxdur ki. Vallah, mən kiməsə sözümü demək istəyirəmsə, birinci qələmdən yapışıram, dostlarıma demək istədiyim söz olanda yenə qələmə üz tuturam. Var olsun onu ki, bizi altmış yaşacan ölməyə qoymadı.  Yazıçı yaşa dolduqca  qələm hiss olunmadan onun bədəninin bir əzasına çevrilir. Yazıçı heç vaxt düşünmür ki, mən filan əsəri ona görə yazıram ki, ədəbiyyat tarixində qalım. Hərçənd belə əbləhlər də var. İndi ədəbiyyatın böyür-başına  dolanan çox sayda işbazlar tanıyıram ki, onun xeyrini də onlar görür, mükafatları da onlar alır, prezident təqaüdü də birinci onlara çatır. Di gəl heç birinin ədəbiyyata dəxli yoxdur. İntəhası ədəbiyyatın çörəyini yeyirlər.

 

- Gənclərdən kimləri oxuyursunuz?

 

- Səhhətim qaydasında olmasa da, belə deyək, çox da yeni olmayan imzaları həmişə izləmişəm. Məsələn, Kənan Hacıya, Natiq Məmmədliyə, Alpay Azərə, Şərif Ağayara, Zümrüd Yağmura, Svetlana Quliyevaya,  Aqşin Yeniseyə, Cavid Zeynallıya, Fərid Hüseynə, Kəramət Böyükçölə, Qismətə, Ayxan Ayvaza böyük ümidlərim var, onların hər birinə və təbii ki, adını çəkmədiyim istedadlı gənclərin hər birinə ədəbiyyatımızın gələcəyi kimi baxmışam.

 

- Yeni nə yazırsınız?

 

- Bir neçə təzə  hekayəm var. Bir də bir povest üzərində işləyirəm. Vəssalam. Siz sağ, mən salamat.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.