Səlim Babullaoğlu: "Öz klassiklərimizi belə oxumaq istəmirlər" - MÜSAHİBƏ

27.11.13

Müsahibimiz tanınmış şair, esseist, tərcüməçi, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğludur.

-Səlim müəllim, dünya ədəbiyyatı örnəklərinin dilimizə, eləcə də Azərbaycan dilindən dünya xalqlarının dilinə tərcüməsi həmişə bir problem olaraq qalıb. Bu problemin vəziyyəti bu gün necədir?

-Bilmirəm bilirsiz, ya bilmirsiz, iş elə gətirib ki, mən iki dəfə məruzə eləmişəm. Son 14 ildə Azərbaycandakı tərcümə işinin vəziyyəti ilə bağlı. Bir 2004-cü ildə, bir də ötən il. Azərbaycanda tərcümə işinin vəziyyəti son illər, bütövlükdə 15 ilin dinamikasına baxanda il ildən artmaqdadır. Yəni həm tərcümə olunan əsərlərin sayı artır, həm eyni zamanda bəzən olur ki, bizim kitab bazarlarında bir əsərin belə deyək, bir əsərin bəzən iki tərcüməsinə də rast gəlinir. Bu artıq öz növbəsində o deməkdir ki, tərcümə işinə maraq artır, kitab alıcılığı ildən ilə az da olsa artır. Yəni vəziyyət ümumiyyətlə öncəki illərlə müqayisədə çox yaxşıdır. Amma tərcümələrin keyfiyyəti ayrı problemdir, üstəgəl nələr tənzim olunmalıdır, nələri ötürmüşük, məsələn, dünya ədəbiyyatında tutalım, XX əsri götürsəniz elə əsərlər var ki, onlar Azərbaycan dilində yoxdur və olmalıdır. Bu da başqa bir problemdir. Amma ümumiyyətlə tendensiya pozitivdir.

-Tərcümənin qənaətbəxş olmaması nə ilə bağlıdır? Vəsaitin azlığı, yoxsa istedadlı tərcüməçilərin olmaması ilə?

-Həm onunla, həm də bununla. Yəni belə deyək, vəsait az olanda özünə, öz tərcümə işinə, öz imkanlarına güvənən və hörmət edən tərcüməçi avtomatik tərcümə prosesinə qoşulmur. Və bu halda təbii ki, ortabablar və bir qədər də qeyri-peşəkarlar bu işə daha çox can atırlar. Çünki onlar üçün tərcümənin keyfiyyətindən bəlkə daha çox tərcümə etmək cəhdləri daha başda dayanır. Yəni bu sizin dediyiniz hər iki məsələ ilə bağlıdır. Başqa tərəfdən ümumiyyətlə kitab bazarı formalaşdıqca, tərcüməçilər oturuşduqca tərcümə emalatxanaları qurulmalıdır, bu dünyanın hər yerində var və həm tərcüməçilər, həm də orijinal mətnlərin mübadiləsi arasında elə bir redaktor institutları da var ki, bu da ciddi problemlərdən biridir. Buna bir üçlük kontekstindən baxmaq lazımdır. Bax o sadaladığımız üç yerdə dayanır mətnin müəllifi, tərcüməçi və redaktor. Bu üçlüyün emalatxanaları olmalıdır. Bu emalatxanalar olduqca tərcüməçilər də təkmilləşəcək, peşə səviyyələrini artıracaqlar.

-Səlim müəllim, türk ədəbiyyatından tərcümənin vəziyyəti nə yerdədir? Bu gün türkcədən bir çox sözün dilimizə daxil olduğu bir dövrdə Türkiyə türkcəsindən azəri türkcəsinə tərcüməyə düşünürəm ki, ehtiyac yoxdur. Siz bu barədə nə düşünürsünüz?

-Yox, mən düşünürəm ki, ehtiyac var. Bu qənaətdəyəm ki, Azərbaycan dilindən türkcəyə və əksinə tərcüməyə ehtiyac var. Türk dilindən tərcüməçilərin rəyi, türkoloqların rəyi belədir ki, qohum dillərdən tərcümə daha çətin prosesdir, çünki orada sən artıq sözlərin mənalarını yox, onların çalarlarını tərcümə edirsən. Buna görə mən hesab edirəm ki, Osmanlı türkcəsindən Azərbaycan türkcəsinə tərcümə eləmək lazımdır. Bu da təbii prosesdir, onu direktiv müdaxilərlə həll etmək olmaz. Vaxt gələcək bu problem aradan qalxacaq və dillər o qədər yaxınlaşacaq ki, siz deyən məsələyə o qədər ehtiyac olmayacaq. Amma buna hələ uzun zaman lazımdır.

-Çağdaş dövrümüzdə türk ədəbiyyatında  qiymətli şeir nümunələrinə az rast gəlinir. Daha çox roman janrında əsərlər qələmə alınır. Sizcə bu nə ilə bağlıdır?

-Bilirsiniz, ümumiyyətlə şeir nitqin ali hadisəsidir və bizim indi yaşadığımız dövr daha çox istehlakçı bir dövrdür. Yəni bu dəqiqə Türkiyənin harasına getsəniz görəcəksiniz ki, adamlar qaynayır, hamı işlə məşğul olur, bazarlarda, marketlərdə, ofislərdə, şirkətlərdə həyat daha çox bayaq dediyim kimi istehlakçı xarakter daşıyır. İstehlakçı xarakter daşıyan cəmiyyətlərdə nitqin ali hissəsinin yeri həmişə az olmalıdır, çünki adamlar öz həyatlarını 1500 sözlə qura bilir və sözlərin çoxu da əşyaların adıdır, çoxlu gündəlik ehtiyaclarımızla bağlı olan şeylərdir. Elə cəmiyyətlərdə şeirə, özəlliklə yaxşı şeirə az ehtiyac olur, az oxunur. Ona görə düşünürəm ki, həmişə şeir nitqin ali hadisəsi kimi böyük ideyaların daşıyıcısı olur. İstehlakçı cəmiyyətlərdə böyük ideyalar hər zaman sıxışdırılır. Bu təbii proses də məncə bununla bağlıdır.

-Yaponiya, Çin, Koreya ədəbiyyatı örnəklərinə rast gəlinmir. Deyəsən, bu dillərdən dilimizə ümumiyyətlə tərcümələr olunmur. Bunu necə izah edərdiniz?

-Haqlısınız, əslində bir tərəfdən ona görə ki, Yaponiya, Çin, Koreya müasir ədəbiyyatları Azərbaycan dilinə çevrilmir, yalnız o adları eşidirik ki, onlar da ya ingilis dili, ya rus dili vasitəsilə tanınır. Tutalım, Murakami, Misima, Kavabata. Məsələn Kavabata Nobel mükafatı almışdı, Misima intihar etmişdi və nə cürsə ədəbiyyat tarixinə düşmüşdü. Son nobelçi Mao Yan, ondan əvvəl bir çinli nobelçi də var idi. Çin dilindən kiçik həcmli əsərlərin tərcüməsinə rast gəlmişəm, yapon ədəbiyyatından da irihəcmli tərcümələr var. Amma burada əsas məsələ də odur ki, yapon, çin, koreya ədəbi nümunələrini tərcümə mütəxəsislərimiz ya yoxdur, ya da var, biz tanımırıq. 

-Dünyada Azərbaycan muğamlarının təbliği yüksək səviyyədədir. Bəs ədəbiyyatımızı tərcümə yolu ilə muğam səviyyəsinə qaldırmaq olmazmı?

-Düşünürəm ki, ədəbiyyata, ədəbi prosesə daha artıq maliyyə vəsaiti qoyularsa, hələ başqa şeyləri demirəm, müəyyən klassik və çağdaş dövrün ən yaxşı ədəbi nümunələrini dünyanın bir çox dillərinə çevirmək olar və bunun effekti də olar. Amma necə olacaq, nə cür olacaq bu başqa məsələdir.

-Belə bir deyim var. “Düşmənə qalib gəlmək üçün onun ideologiyasını öyrənmək lazımdır”. Bu anlamda, düşünürəm ki, erməni ədəbiyyatında bəzi nümunələri (özəlliklə də Qarabağ gerçəklərini ört-basdır etmək məqsədi ilə yazılan əsərləri) dilimizə tərcümə etmək, eləcə də Azərbaycan yazıçılarının bu mövzuda yazdıqları əsərləri erməni dilinə tərcümə etmək lazımdır. Bu, bizə qarşı tərəfin nə düşündüyünü bilməyə və bizim qabaqlayıcı tədbirlər görməyimizə kömək ola bilər. Bu məsələyə münasibətiniz?

-Elə sizin sualda cavab da var əslində. Haqlısınız əslində. Amma məsələyə başqa tərəfdən də yanaşmaq lazımdır. Əvvəla Ermənistanda bilmirən izləyə bilirsiniz, izləyə bilmirsiniz, mən rus dili vasitəsilə bəzən də tərcümələr vasitəsilə izləyirəm. Ermənistanda təkcə Azərbaycan həqiqətlərini ört-basdır edən, belə deyək yalan dolu əsərlər yazılmır, eyni zamanda savaşın ermənilərə və erməni xalqına vurduğu ziyanlar haqqında olan əsərlər də var. Məncə həm də o məsələləri öyrənmək üçün biz erməni ədəbiyyatını tərcümə etməli və öz ədəbiyyatımızı həmin dilə çevirməliyik.

-Bildiyimiz kimi, klassik irsimizin böyük bir bölümü ərəb və fars dillərindədir. Bu gün bu sahədə aparılan çalışmaları necə qiymətləndirirsiniz?

-Vallah bu sual böyük sualdır, mən bu suala cavab verə bilmərəm. Bu suala daha çox Şərqşünaslıq İnstitutu, Əlyazmalar İnstitutu kimi müvafiq strukturlar cavab verməlidir. Yəqin ki onlar cavab versə daha yaxşı olar. 

-Günümüzdə ortaq türk dili ilə bağlı müzakirələr davam edir. Ortaq türk dilinin qəbul olunması müəyyən anlamda sizin işinizi yüngülləşdirər. Artıq bir neçə ildir ki, bü yöndə böyük işlər görülsə də, ortaq bir sonuca gəlinməyib. Sizcə məsələnin bu qədər uzanması nə ilə bağlıdır?

-Bu məsələ birinci növbədə siyasi faktorlarla bağlıdır. Çünki ortaq türkcəni təkcə Türkiyə və Azərbaycan yox, həm də Orta Asiya respublikaları qəbul etməlidir. Amma mən fikirləşmirəm ki, burada dominant Türkiyə türkcəsi əsas götürülməlidir. Əgər keçid, aralıq bir dildən söhbət gedirsə, bu dil məhz Azərbaycan dili olmalıdır. Yəni belə deyək, qırğız, qazax dili ilə, türkmən dili arasında ən optimal dil elə Azərbaycan dilidir. Unutmaq lazım deyil ki, biz Orta Asiya türk dövlətləri ilə bir siyasi coğrafiyada yaşamışıq, bizim dillərimizin yaxınlığı bu mənada daha yaxındır. Əlbəttə Türkiyə türkdilli dövlətlər arasında necə deyərlər, ən gəlişmişidir, ən inkişaf etmişidir. Təbii ki, Türkiyə türkcəsi həmişə bu anlamda dünyaya açıq olub, orada çağdaş texnologiyanı ifadə edən sözlər və başqa sözlər Osmanlı türkcəsində daha çox işlənir. Təbii ki, bu qarşılıqlı söz alış-verişi olmalıdır, amma başqa tərəfdən düşünürəm ki, bizim də ortaq türkcəyə verəcəyimiz böyük töhfələr var. Adi bir şey deyim. Türklər açara anahtar deyir, amma bu gün artıq Azərbaycan dili vasitəsilə açar sözü də Türkiyədə işləklik dairəsini genişləndirib.

-Azərbaycan səhnəsində Şekspir, Molyer və başqa bir çox yazıçıların əsərləri dəfələrlə tamaşaya qoyulub. Bəs dünya səhnələrində Mirzə Fətəlinin, Cəlil Məmmədquluzadənin və başqa Azərbaycan yazıçılarının əsərləri yetərincə səhnəyə qoyulubmu? 

-Təəssüf ki, qoyulmayıb. Bu sahədə ciddi boşluqlar var. Bildiyim qədərilə Mirzə Fətəli Axundov və Mirzə Cəlil rus dilinə tərcümə olunublar. Onu da yəqin ki, teatr tarixçiləri daha yaxşı bilər, onların əsərləri rus səhnəsində nə qədər oynanılıb, oynanılmayıb onu bilmirəm, amma düşünürəm ki, Mirzə Cəlil də Mirzə Fətəli Axundov da yeni məcrada dünya səhnələrinə aparıla bilər, amma bunun üçün ilk öncə həmin əsərlərin dünya dillərinə tərcümə edilməsi lazımdır.

-AYB-nin tərkibində fəaliyyət göstərən Tərcümə Mərkəzinin bugünkü fəaliyyətini necə qiymətləndirmək olar?

-Mən hesab edirəm ki, Tərcümə Mərkəzinin bütün maddi sıxıntılara rəğmən son 20 ildə öz fəaliyyətini bacardıqca yaxşı qurmağa çalışıb. Amma nəzərə almaq lazımdır ki, Tərcümə Mərkəzi böyük maliyyə mənbələri ilə işləyən bir qurum olmayıb. “Tərcümə Mərkəzindən çox şey gözləmək olar”-demək asandır, amma onların real şəraitini nəzərə almaq lazımdır. Onların təqdirəlayiq işləri çox olub, bu “Xəzər” jurnalının nəşrində də özünü göstərib. Əlbəttə ki, “ümumilikdə qənaətbəxşdir”-demək olmaz, çünki daha böyük perspektivlər var. Afaq Məsudun fəaliyyəti fədakar fəaliyyətdir. Mən son illərdə tərcümə işinə, tərcümə prosesinin çətinlikləri ilə üz-üzə gələn bir adam kimi onu yaxşı anlayıram. Düşünürəm ki, həm Yazıçılar Birliyi kimi, həm də Yazıçılar Birliyinin bir qurumu kimi Tərcümə Mərkəzi öz işinə daha konseptual yanaşmalıdır və yenilənməlidir.

-Çağdaş ədəbiyyatımızda əsərləri xarici dillərə ən çox tərcümə olunan yazıçı, şair kimdir?

-Açığı desəm statistikanı bilmirəm, amma yazıçı kimi bilirəm ki, Anar və Elçin Əfəndiyev çox tərcümə olunublar və bu günə qədər də tərcümə olunurlar. Son illər bizim xarici dillərə ən çox tərcümə olunan yazıçımız Kamal Abdulladır. Bilirəm ki, Yunus Oğuzun romanları bir neçə dilə tərcümə olunub. Elçin Hüseynbəylinin səhv etmirəmsə əsərləri rus və türk dillərinə tərcümə olunub. Eyni zamanda fraqmental antologiyalar şəklində də tərcümələr olunub. Əjdər Olun Polşada, Türkiyədə kitabları çap olunub. Məsələn, mənim öz kitablarım beş dilə tərcümə olunub.

-Tanınmış şair, esseist, tərcüməçi kimi ədəbiyyata yenicə qədəm qoyan gənc yazarlara nəyi məsləhət görərdiniz?

-Çox oxusunlar, daha yaxşı olar ki, dünya ədəbiyyatının klassikası deyilən şah əsərləri var, onları oxusunlar. Çünki bəzən olur ki, kimsə dramaturgiya yaradıcılığı ilə məşğul olmaq istəyir, amma Şekspiri oxumaq istəmir, bayaq adını çəkdiyiniz Molyeri oxumaq istəmir. Şeirlə məşğul olmaq istəyir, amma antik yunan peoziyasını, ərəb poeziyasını, İran poeziyasını, hətta öz klassiklərimizi belə oxumaq istəmirlər. Bacardıqca çox oxumaq lazımdır, özəlliklə də klassikanı. Kitab çap etdirməyə, xüsusən də bunu öz hesablarına çap etməyə tələsməsinlər. Çünki kitab çap etmək həmişə mümkündür, amma kitabın yaranması həmişə mümkün deyil. /olaylar.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.