Vahid Əziz - Zərif göbəyimi kəsən mamaça...
27.11.13




BEH...
 
Əbədi sevgidir bizim sevgimiz,
bir ömrə  ortağıq, bir eşqə möhtac,
Vətənlə ər-arvad deyilik ki, biz-
savaşıb ayrılaq, peşman qayıdaq.
 
Doğuldum, torpağım ana olunca
adımı çiçəyə, gülə yazdırıb,
zərif göbəyimi kəsən mamaça
Vətən torpağını dərin qazdırıb.
 
Yazılar həm yalan, həm də ki, gerçək,
tarixim tələsib, geriləyibdir,
canımnan kəsilib dəfn olan göbək
məzar yerim üçün beh verilibdir.
 
Bir az Kürünküyəm, bir az Arazın,
Vətən məhəbbəti qəribə ovsun,
qəbrimi dağların döşündə qazın-
göylərin dayağı başdaşım olsun.
 
Burdan izim getməz, adım silinməz
Vətən savaşlarda məni qırmadı,
torpağım məzarlıq yer əsirgəməz-
dünyaya gələnnən behim ordadı...

26.X.2013
 
İLLƏR-GÖZƏLLİK QƏNİMİ...
 
... bilmir, yoxsa bilə-bilə
əhvalımı sənsiz pozur?
adını qumlu sahilə
mən yazıram, dəniz  pozur.
 
eşidərmisən ünümü,
hayana tutum yönümü?
İllər-gözəllik qənimi,
saç ağardır, bəniz pozur.
 
tərk edəndə Vətənini
yedik quşların dənini,
Tanrım, Yerin düzənini
burdakı bəndəniz pozur!
 
daşıyar el çiyinləri
bu dünyadan köçənləri,
bəzən-yaxşı keçənləri
ağır illərimiz pozur.
 
sevgi məndə çiçək əkir,
Hicranlardan zülmət çökür,
kor taleyim qələm çəkir-
görmür: "Vahid Əziz" pozur...

14.XI.2013
 
AĞLIMA GƏLMƏZDİ "YETMİŞƏ" ÇATAM...
 
... yaxası əlimə keçmir ki, tutam-
vaxt məni heyimnən niyə salar ki?
Ağlıma gəlməzdi "Yetmişə" çatam-
ikicə  ilim var, nəyim qalar ki!
 
Gənclik köhlənimin boşaldı tərki -
üzümə qayıtdı, çatırmış ərki!
Saç gedib, saqqalın dəyişdi rəngi.
özümnən savayı nəyim solar ki?
 
Bizlər - bu cahana mehman olanlar,
Hardasız, "Dünyanı satın alanlar?",
Duydumu sevgini ələ salanlar -
adamı özünnən elə alar ki!
 
Sən deyən dəyməsəm- gülüm, "kal" demə,
"Axirət" bəyənməz-bezə "şal" demə!
İlandı - "dostumdu koramal" demə,
bassan quyruğunu-elə çalar ki!
 
Həyat uzandıqca qısalar boyu,
dönər körpəliyə, dəyişər huyu,
insan-öz içinnən quruyan quyu,
can sulu olmasa necə dolar ki?
 
Dünyada səadət hökümran olsun,
sərvət, Vahid Əziz, sağlam can olsun,
qızıldan hörülmüş xaniman olsun,
nəfsin viran etsə, elə olar ki...

16.XI.2013
 
O VAXTDAN...
 
Məndən taleyimə kim qeybət qırıb?-
su içmir gözünnən-gözüm o vaxtdan,
kardı, ya özünü karlığa vurub?-
çatmır qulağına səsim o vaxtdan.
 
Gəzirəm-duyğular deyir: "Arama!",
susmağı hirsimi çəkir tarıma,
sazım da uyuşmur barmaqlarıma
nə mizrab o vaxtdan, nə sim o vaxtdan.
 
Dolanmır bağımda - nə səs, nə səmir,
bahar yada salmır, payız istəmir,
bilirəm, heç harda, heç kəs gözləmir-
solan şəkillərdir bəsim o vaxtdan.
 
Özümmü bəlayam, daşımmı ağır,
adımmı qorxulu, bəxtimmi fağır?
Gördüm ki, ümid də birtəhər baxır -
söz verdim; hər şeyə dözüm o vaxtdan.
 
Beləcə-aradan keçib neçə il,
bəxt mənim olsa da vaxt mənim deyil!
Yox, gülüm, çırağım işıqsız deyil-
tutub şüşəsini hisim o vaxtdan.
 
Vaxt olur coşuram, sığmıram yerə,
arxamca daş atır bir cürə hərə!
O qədər dağ aşdım, o qədər dərə-
Səpilib dünyaya izim o vaxtdan.
 
Dindir, Vahid Əziz, dərdimi bölüm,
dünya seyrangahım, göylər mənzilim,
barı siz dönməyin, ay obam-elim,
Vətən ocağında közəm o vaxtdan...

08.X.2013
 
SƏNİN "KƏRƏMİNNƏN" OLMAZ, ƏDALƏT...
 
Ustad sənətkar qazaxlı aşıq Ədalət Nəsibova
 
... neynək, keçmiş olsun özgə dinindən-
qan salar sevginin qırdığı qələt!
Əsliyə yazıqlar, Keşiş cəhənnəm,
sənin "Kərəmindən" olmaz, Ədalət!
 
Dağlar huşa gedib, Ay bədirlənib,
o qədər başlara havalar gəlib!
Sən olan məclisdə cəsarət edib
abırlı "Kərəmi" çalmaz, Ədalət!
 
Baxma ki, yerlərdən göyə zənn edər-
bayılıb  özünnən Göyəzən gedər,
yaşlar həm ürəknən, həm üznən gedər,
Fələk də biganə qalmaz, Ədalət.
 
Ustad, qüdrətinə o vaxtdan matam-
Huri mələkmiydi sinənə yatan!
Meydan sulayanda hər mizrab tutan-
kim səni yadına salmaz, Ədalət?!
 
Vurğun qalmadısa, hər gələn-gedər,
yandı Vahid Əziz Kərəmnən betər,
Fələkdir, məni də bəlkə itirər,
səni bu millətdən almaz, Ədalət.
"Yanıq Kərəmi"ndən olmaz, Ədalət...

16.XI.2013

 
OĞUL...
 
Qoymayın hər yetən barını dərsin,
hər nə cür olsa da-Vətəndi, oğul.
sevən ürəklərdə buğda göyərsin,
vələmir hər yerdə bitəndi, oğul.
 
Adı hər kişinin daşda oyulmur,
hər kəsin heykəli başda qoyulmur,
çoxdandı bülbülün səsi duyulmur -
o vaxt Qarabağda ötəndi, oğul.
 
Dünyaya vaxtında gələnmi xoşbəxt,
yoxsa, çıxarını bilənmi xoşbəxt?
Sən bilən, Vətəndə ölənmi xoşbəxt,
yoxsa, baş götürüb gedəndi, oğul?
 
Yenə qayğılarda açdım səhəri,
hər an bir sınaqmış mənnən ötəri!
Torpağa güc verən zəhmətin təri,
yoxsa ki, gərəksiz bədəndi, oğul?
 
Yadlar bilmədiyi sirrim qalmadı,
vaxt oldu başbilən dirim qalmadı!
Daha bölünməli yerim qalmadı -
günahkar hardakı "dədəndi", oğul?
 
Gördün, haralardan keçmədi yolum?
Nə cür qəhərləri içməli oldum!
Gözəl millətimin qurbanı olum -
məni Vahid Əziz edəndi, oğul...

03.03.2013
 
BU...
 
Özü çinar boylu, çiçək ətirli,
röyamı, gerçəkmi-hardan gəldi bu?
Gözəllər-gözəli, güllərin-gülü,
Sancsa, bilərəm ki, qızılgüldü bu!
 
Bəxtə neynəmişdim - bu cür abartdı?
Tufanlar çağlatdı, sular qabartdı,
nazlıydı, özünü bir az da dartdı-
heyran olduğumu hardan bildi bu?
 
Qəlbinə boylandım; "sarsimlidir",
adını demərəm - gül isimlidir,
dodağı hələ də təbəssümlüdür,
gözümnən yayınıb kimə güldü bu?
 
Payızda yaz ətri duydum havadan,
yanıma qonarmı uçsam yuvadan?
Baş alıb beqafıl getsəm dünyadan,
ağlayan çox olar: "Nədən öldü bu?".
 
Gözəldir, bəlkə də - imansız olar,
şimşək baxışları odlara salar,
çoxdandı quraqlıq keçir havalar,
məni alıb gedir -hansı seldi bu?
 
İçimi yeyərəm, can didim-didim,
dindirdi, deyəsən peşman elədim,
halımı soruşdu-iki bənd dedim.
Dedi: "aman Allah, necə dildi bu!".
 
İstisi yazlardan, yaylardan betər,
qış olsa, öpərəm - "əriyib gedər",
payız da soldurmaz məhəbbət qədər;
qəlbim gül açırsa, nə fəsildi bu...

16.XI.2013

DEYİLSƏ...
 
... yoxsulu bir kimsə yadına salmaz-
dərdin qulaqları şeşi deyilsə,
heç nə öz-özünə viranə qalmaz -
kim yıxar, fələyin işi deyilsə?
 
Tərəzi düz çəkər, daş olar əyən,
beiman olmasın qapını döyən,
döşünü döyərək: "Kişiyəm!" deyən
mənim nə günahım kişi deyilsə?!
 
Harınlar görmüşəm var-dövlət boğan,
Haramnan yaxşıdı çörəklə-soğan,
əyri əl-əl çəkməz oğurluğundan-
kəsilən barmağın beşi deyilsə.
 
Yazma,Vahid Əziz, dünya dirənib,
deyirlər Ayda da yerlər behlənib,
görən, qan içməyi hardan öyrənib,
insanın əcdadı vəhşi deyilsə...

16.XI.2013
 
GƏNCLİK XATİRƏMDƏ BAKI KƏNDLƏRİ...
 
Getdikcə azaldı qəmli baxışlar-
qatarlar daşımaz gəlin qızları,
Şimşək təyyarələr, iti maşınlar
çəkdi vağzallardan "Vağzalıları".
 
Dəmirli yolların altı ağacdı,
gah soyuq, gah qızmar olar vaqonlar,
gördüm neçəsini qoşuldu -qaçdı;
qaçırdan səs-küydü "Elektriçkalar".
 
Hayıf, ötən günlər düşməzmiş ələ,
özgə cür görünər dünya qatardan,
tramvay, "Elektriçka" dostum da belə-
elə bil kinoya baxarıq ordan.
 
O vaxtlar  nağıltək qalar yadımda,
mininnən birində maşın olardı,
ləngərli yam-yaşıl "Elektriçkalar"
yollara duvaqlı kölgə salardı.
 
A gənclik xatirəm, Bakı kəndləri,
hanı səsli-küylü ucuz qatarın,
bahalı maşınlar çıxannan bəri
qaçıb vağzallardan "Vağzalıların!".
 
Siz qızıl ömrümdən yadigar gümüş,
uzaq illərimin xatirələri,
dəniz də görkəmin yaman dəyişmiş-
hər yerdə hasarlar sıxar Xəzəri!
 
"Vağzalı", hər evə düşsün ayağın,
Hər yanda sevgiylə gələsən dilə,
içində bu çılpaq unutqanlığın
yaxşı ki, "Vağzalı" yaşayır hələ...

27.X. 2013

/525.az/

Yenililklər
05.06.20
Bəsirə Əzizəli - Ölümqabağı etiraflar
04.06.20
Moskvada “Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı çapdan çıxıb
04.06.20
“Açar” filminin tizeri təqdim olunub
03.06.20
Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb
03.06.20
“Azərbaycan ədəbiyyatında alleqoriya” monoqrafiyası çapdan çıxıb
03.06.20
Yeni Azərbaycan kinosunun ABŞ-da qazandığı uğur
02.06.20
Bədirxan Əhmədli - Romantizm: bütün yönləri ilə
02.06.20
Cəlil Cavanşir: "Bəşəri, intellektual ədəbiyyat yaratmaq iddiam yoxdur" - Müsahibə
02.06.20
“Dünya ədəbiyyatı”nın yeni sayı - “Elmi baxış”
02.06.20

Dövlət Rəsm Qalereyası tədbirlərini onlayn formatda davam etdirir

02.06.20
Əlyazmalar İnstitutu: “Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub
01.06.20
Adın zirvələrə çoxdan yazılıb...
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.