Alpay Azər - Mizantropik-tənbəl məqamlar
29.11.13

“Fraqmentlər” silsiləsindən

Nə mizantropam (adamayovuşmaz, insansevməz), nə də introvert (daima özünə qapanan, dərdini, fikirlərini heç kimlə bölüşməyən). Əksinə, ekstravertəm, – yəni ünsiyyətciləm, kiminsə fikirlərini, dərdini bölüşməyə meylliyəm. Amma bu dünyada bütün insansevər və ünsiyyətcil olanların, içi mən qarışıq, hərdənbir tənbəlliyi, mizantropluğu tutur: xətrini istədiyin adama salam verməyə, sənə yaxşılıq edənin doğum gününü, Novruz bayramını telefonla, sms-lə təbrik etməyə, “orta məsafəli” qohumun üçünə getməyə, feysbukda keçmiş qrup yoldaşını başqasının profilində görüb dostluq göndərməyə və nəhayət, saat ikidə gedib öz qan analizlərinin cavabını götürməyə tənbəllik etmək, mizantrop ovqata düşmək məsələsi.
Ən tragikomik situasiya: ev telefonuna zəng edənin nömrəsini tanıyıb o adamın sənlə yox, atan, ya ananla danışmaq istədiyini bildiyindən ikicə dəqiqə danışmağa ərinirsən, əlində telefon zəng çala-çala o biri otağa qaçırsan, ya hamamın qapısını döyürsən ki, filankəsdi sənə zəng edən. Hamamdan isə sənə qışqırırlar ki, əşi cavab ver də! Görmürsən məşğulam! Ya əksinə, evdəkilərdən birinə gələn zəngə sən “Alo” deyəndə dəstəyin o başındakı (məsələn, ananın uzaq qohumu) susur, sən yenə “Alo” deyirsən, o yenə susur, sonra dəstəyi yerinə qoyur, daha ağlına gəlmir ki, onların ev nömrələri sizin telefonunda görünür.
Bazar günüydü, 39 nömrəli avtobusla evə qayıdırdım. Arxa yerlərdən birində oturmuşdum. İki dayanacaq sonra avtobusa atam mindi. Mən tərəfə baxsa da, deyəsən, görmədi məni. “Kaş ki, görməyəydi,” – fikirləşdim. Görsə, ya gülümsəyəcəkdi, ya da salam verirmiş kimi göz vuracaqdı, mən də məcbur olub yerimdən durub gərək yanına gedəydim. Tez başımı qabağımda oturanın arxasında gizlətdim və az sonra həmin adamın çiyni üstündən gizlincə atama baxmağa başladım. Atam artıq qabaq yerlərdə ikinəfərlik oturacaqda oturmuşdu, yanındakı yer boş idi.
Növbəti dayanacaqda yaşlı bir kişi atamın yanında oturdu. Nədənsə, yol boyu atam avtobusa minib onunla paralel təkadamlıq oturacaqda əyləşmiş qısadonlu qızın ayaqlarına bir dəfə də olsun çevrilib baxmadı. Atamın “passivliyi” məni lap təəccübləndirdi. “Hmm, səndən çıxmayan iş”.  Evimizin yaxınlığındakı dayanacaqda qabaqca atam, hamıdan sonra isə mən düşdüm. O, evə tərəf, mənsə yavaş-yavaş onun dalınca bir neçə addım atıb sağa, marketə tərəf buruldum, – saqqız almağa. Guya saqqız çeynəmək keçirdi ürəyimdən...
Otuz yeddi yaşım var, indiyə qədər atamla aramızda ciddi bir problem olmayıb, nə də uzun müddət küsülü qalmışıq. Normal, ənənəvi dədə-bala münasibətləri olub aramızda. Uşaq vaxtı mənə dondurma, oyuncaq maşınlar, yuxarı siniflərdə oxuyanda isə maraqlı kitablar alırdı. İndi isə mənə öyüd-nəsihət verir, – bəzilərinə “Razıyam, düz sözə nə deyəsən”, – deyirəm, bəzilərinə isə yalandan başımı tərpətməklə, “hmm, aha” deməklə reaksiya verirəm. Söhbətimizin əksər mövzuları ədəbiyyat, siyasət, bir də son illər Azərbaycanda dəbə minən din-məzhəb söhbətləridi...
Onda 39 nömrəli avtobusda atama gizlin baxa-baxa fikirləşirdim: onsuz da hər gün səni evdə görürəm, yaxınlaşıb yanındakı boş yerdə oturmağımın, avtobusdan bir yerdə düşüb söhbət edə-edə evə getməyimin elə bir mənası yoxdur. Kobud səslənsə də, nə də bunu etməyə borclu deyiləm. Bir sözlə, hesab edirdim ki, atama yaxınlaşmamaqla  günah bir iş tutmuram...
Fikirləşirəm, görəsən, işdən evə qayıdanda, avtobusda anamı görsəm, neyniyərdim. Oturmağa yer olmasa, yol isə uzun olsa, sözsüz, səsləyib çağırardım ki, öz yerimi ona verim. Amma ön, ya orta cərgədəki boş oturacaqlardan birində otursa, ya bir gedəcəyimiz yol qısa olsa, yerimdən durub, yanına gedib deməzdim ki, hə, ay ana, gördüm səni, hardan gəlirsən-filan... Onu deyim ki, dədəmlə olduğu kimi anamla da münasibətlərim normaldır.
...Marketdən saqqız alıb evə getdim, atamı guya həmin gün ilk dəfə görürmüş kimi salamlaşdım. Az sonra çörək yeməyə başlayanda atam dedi: “Sənə min dəfə demişəm, arxada oturma. Demişəm axı, yük maşını gəlib avtobusu arxadan vuranda, ən böyük zərbəni orda oturanlar alır,” – deyib göz vurdu mənə, yəni inciyib-eləməmişəm, işində ol, – başa düşdüm ki, avtobusda mənə yaxınlaşmağa həvəsin yox idi.
(Elə bilməyin ki, avtobusda dədəmin yerinə pul verməməkçün önümdə oturan sərnişinin arxasında gizlənmişdim. Bu məsələdə hər şey təbii alınır bizdə, – kimdə xırda varsa, ya kim əlini cibinə tez salırsa, o da iki nəfərin yol haqqını verir.)
...Sonralar çayxanada avtobusda atamla bağlı olan hadisəni ən yaxın dostuma danışanda gülə-gülə bunları demişdi mənə: “Eh, mən sənlə müqayisədə naşükürün kvadratıyam. Səhərlər işə gedəndə çox vaxt ayrı-ayrı vaxtlarda evdən çıxırıq, atamın işi doqquzda, mənimki onda başlayır. Hər ikimizin avtobus dayanacağı eynidir, – o, 5-ə minir, mən 128-ə. Amma bəzən səhərlər eyni vaxtda evdən çıxan vaxtlarımız da olur. Elə olub ki,  mən guya işə gecikdiyimdən ofisə tez çatmaq üçün dədəmlə sağollaşıb başqa dayanacağa tərəf getmişəm. Ya da elə olub ki, blokdan çıxanda yalandan demişəm ki, vay, şəxsiyyət vəsiqəmi götürmək yadımdan çıxıb, guya işlə bağlı banka gedəcəm, orda lazım olacaq-filan, beləcə dədəmə yalan deyib evə qayıtmışam.” – “Bə yaxşı, dədən başa düşüb ki, sən həyasızcasına ona yalan danışırsan?” – düz gözlərinə baxıb ciddi-ciddi soruşuram. (Təbii ki, aramızda zarafat var.) “Məncə, hə. Amma heç vaxt üstünü vurmayıb,” – dostum qımışa-qımışa cavab verir. “Yəni demək istiyirsən ki, səni böyütmüş, oxutmuş, iş tapmağa qədər köməyini əsirgəməmiş kişi naşükürün kvadratı, nankor övladının həmin anlarda ona olan mizantropik münasibətindən agah olur,” – “Agah olsun da, neyniyim. Dədəmə pislik-zad eləmirəm ki. Müstəqil bir şəxsiyyət kimi səhər işə tək getmək istiyirim,” – deyir və qəşş edib gülür.
1990-91-ci illərdə BDU-da, tələbəlik illərində məndən bir kurs yuxarı İsmət adında bir oğlan oxuyurdu.  Demək olar, üç gündən bir böyük tənəffüsdə dəhlizdə, ya yeddinci mərtəbədə Nadir dayının çayxanasında kişmişli kekslə çay içə-içə Elçibəyin, İsgəndər Həmidovun, Etibar Məmmədovun meydanda bir yerdə qulaq asdığımız çıxışlarını, “Azadlıq” qəzetində çıxan müsahibələrini müzakirə eliyirdik. Zərdüşt və Araz Əlizadə qardaşlarının həmsədr olduğu Sosial-Demokrat Partiyasının milli olub-olmamasının üstündə mübahisələrimiz olurdu. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə qələbələrimizə sevinirdik, məğlubiyyətimizə kədərlənirdik, amma özümüz nə Qarabağda vuruşan könüllü döyüşçülərə, nə də 1990-91-ci illərdə Xocalıda binalar tikən tələbə briqadalarına qoşulmaq istəyirdik. Sonra mən Sankt-Peterburqa oxumağa getdim.
Bakıya qayıdandan sonra müxtəlif yerlərdə işlədim.
Üstündən hardasa on səkkiz il keçdi, QHT tədbirlərinin birində İsmətlə üz-üzə gəldik, baxışlarımız toqquşan kimi ikimiz də özümüzü görməməzliyə vurduq, – elə bil o vaxt Qarabağ problemini az qala “həll edən” biz deyildik....
Bir şeyi deyim, adətən, o cür konfranslarda, yasda, ya xeyirdə tanış olub on beş-iyirmi dəqiqə, hətta bir saat söhbət etdiyin adamla beş il sonra başqa bir məclisdə, tədbirdə təsadüfən üz-üzə gəlib ürəyinizdə “Görən, kim birinci salam verəcək?” – sualını verə-verə bir-birinizə salam verməyəndə,  hər ikiniz təxminən eyni şeyi fikirləşirsiz: əşi, biz onsuz da elə yaxın tanış-zad deyilik, o vaxt təsadüfən üz-üzə (ya yan-yana) oturmuşduq deyə tanış olduq, arada vaxt öldürmək üçün söhbət elədik, indi elə düz eliyib bir-birimizə salam belə vermirik. Və ya sənə yaxın olan, ildə beş-altı dəfə gördüyün, ad günlərini, bayramlarını təbrik etdiyin tanışının biriylə üzləşib bir-birinizi görməməzliyə vuranda ikiniz də eyni şeyi fikirləşə bilərsiz, – ay qardaş, indi həvəs yoxdu, eybi yox, gələn dəfə salamlaşıb hal-əhval tutarıq.
Qaldı ki, İsmətə, yenə “feysbuk”, “odnoklassnik”də bir-birimizin şəkillərini görüb bir-birimizə dostluq göndərməyə mizantropluq, ya tənbəllik etsəydik, bu, hardasa başa düşülən olardı. Amma üç il dalbadal ünsiyyətdə olan bizlər virtual yox, canlı insanlar kimi üz-üzə gəlib özümüzü görməməzliyə vururduq.
Üstündən iki il keçdi. Yenə konfransların birində İsmətlə rastlaşdıq. Bu dəfə bir az diqqətlə bir-birimizə baxdıq və yəqin ki, o da mənim kimi bunları fikirləşdi: “Hə, səni tanıdım, sən də məni tanıdın... Amma vallah həvəs yoxdu yaxınlaşmağa, söhbət eləməyə...  Hə, görürəm, başa düşdün məni, yaxınlaşmadın, elə buna görə sağ ol... Bir də ki, lap başa düşməsəydin belə, vallah, qınama məni. Dayım bir yana (neçə illər qabaq trolleybusda dayımı da görməməzliyə vurmuşdum), heç dədəmi, anamı avtobusda görəndə “tanımıram”, o ki, qala səni”. Düzü, belə məqamlarda insanların eyni vaxtda mizantropluğu tutur, tənbəlliyi tutur deyə, adamlar bir-birini heç qınamır da.
İkinci dəfə yenə baxışlarımız toqquşub, sürüşüb bir-birindən aralananda və mən onunla az öncə söhbət edən bir tanış oğlandan sözarası soruşanda ki, o boz pencəkli, bığlı oğlan kimdi (tələbə vaxtı İsmət bığ saxlamırdı), tanışım dedi ki, Gənc Demokratik Təşəbbüskarlar Birliyinin sədridi, yaxşı layihələri var, qrantlar-filan alır, “Mersedes 600” sürür, bunu da guya sözarası dedi, yəni bil də, necə qrantlar alır. Deyə bilmərəm, o, da həmin konfransda hansısa tanışından mənimlə bağlı nəysə soruşmuşdu, ya yox, amma sözsüz, ürəyində fikirləşmişdi ki, görəsən, mən harda işləyirəm, Elçibəyə münasibətim dəyişibmi, indi də o vaxtkı kimi türkçüyəm və s.
Konfransda çay fasiləsində elə oldu ki, növbəyə eyni vaxt yaxınlaşırdıq və o, mənə dedi:
– Siz keçin.
– Yox, siz keçin, – deyib əlimlə ona yer göstərdim. “Ay aferist, mənə siz deyir,” – fikirləşdim.
– Yox, siz.
– Sağ olun, təşəkkür edirəm, – deyib nəhayət, mən ondan önə keçdim.
Yəqin o da əlində boş fincan çay növbəsini gözləyə-gözləyə mənim kimi bunları düşünürdü: ”Yaxşı, biz indi niyə özümüzü gicliyə qoyuruq? Nə var ki, burda, yaxınlaşıb demək ki, a dost, necəsən? Neçə vaxtdı haralardasan?... Ehh, o vaxtlar, gözəl, romantik vaxtlarımız idi. On minlərlə insanı pul, karyera maraqlandırmırdı, hamını Qarabağ, milli istiqlaliyyət ideyası, Elçibəy sevgisi birləşdirirdi. Hansı siyasətçini biz indi elə səmimi sevirik?”...
Bu dəfə də heç birimizin “cəsarəti” çatmadı ki, salamlaşıb köhnə xatirələrə baş vuraq. Tənbəllik üstəgəl mizantropik ovqat, –  bir sözlə, hər ikimizə sərf edən vəziyyət.
Üç ay sonra Hilton otelində növbəti konfransların birində, – artıq üçüncü dəfə, – növbəti çay fasiləsində qonşu masalarda oturub çayla, piroqla məşğul ola-ola qulağımızın ucuyla hiss edirdik bir-birimizi, arada guya təsadüfən ötəri bir-birimizə tərəf baxırdıq. Az sonra təşkilatçılardan biri, cavan oğlan cingiltili səsiylə elan elədi ki, konfrans öz işinə davam edir, buyurun zala.
Eyni vaxtda yerimizdən qalxıb, za
la tərəf hərəkət eləməyə başladıq, – o, mənim arxamca gəlirdi, içəri girməyə yaxın yanaşı addımlayası olduq. Və birdən o, mənə tərəf çevrilib dilləndi:
– Görən, çıxışlar çox çəkər?
– Mən bilən, reqlamentə görə hərəsinə yeddi, maksimum on dəqiqə verilib. Proqrama görə doqquz çıxışçı var. Lap hamısı burdadılarsa, on dəqiqədən doqquz adam doxsan dəqiqə, saat yarım yəni.
(Baxışlarımız isə bu sözləri deyirdi: hə, görək kim ”buzu sındıracaq”, kim cəsarətli çıxacaq?)
– Sual-cavab, müzakirələr də var hələ.
– Hə, düzdü. Onda hamısı bir yerdə yəqin iki saat, maksimum iki saat yarım çəkər.
– Bura bax, sən Alpay deyilsən? – qəfildən İsmət sakit səslə “buzu sındırdı”.
Yalançı təbəssümlə, diqqətlə ona baxa-baxa, qaşınmayan çənəmi qaşıya-qaşıya  guya nəyisə xatırlamağa çalışdım. Baxışlarımla “Sən kimsən?” sualı verirdim ona, – düzünü deyim, bir növ əvvəlki  qarşılıqlı tanımamaqlığa təbii fon verirdim, bir növ hər ikimizin “günahını” ört-basdır etmək istəyirdim. Hərçənd ki, baxışlarından başa düşürdüm ki, o, artıq ürəyimdəkiləri rahatca oxuyub, bəlkə də mənə ürəyində deyirdi: “Yaxşı, aferistlik eləmə. Elə baxırsan, guya məni tanımırsan da”.
– Həə, sən İsmətsən? – əlimi çənəmdən çəkəndən sonra xəfif bir təbəssümlə soruşdum. – Hmm, indi səni tanıdım.
(Yeri gəlmişkən, bu cür məqamda “hə” deyəndə “ə” hərfini gərək uzadasan ki, təəccüb-heyrət təbii alınsın.)
Və nəhayət, nəfəsin rahat gedib-gəldiyi şəraitdə standart sual-cavablar başladı: “Haralardasan?... Yəqin evlənmisən... Uşaq var?... Səndə neçə uşaqdı?... Allah saxlasın... Necə oxuyurlar?... Maşallah” və sairə və ilaxır. Sonda BDU illərinə, siyasi romantika dövrümüzə qayıtdıq...
Buna oxşayan, eyni zamanda fərqli paradoksal-əcaib vəziyyətlərlə də üzləşir insanlar. Görürsən, tədbirlərin birində iki nəfəri bir-biriylə tanış edirlər və hardasa bunlar yarım saat söhbət edirlər öz aralarında. Üstündən beş il keçir və bu müddətdə sanki köhnəlmiş tanışlar başqa bir tədbirdə yenə üz-üzə gəlib söhbət etməyə məcbur olur. Bu zaman hər ikisi elə manerada, tonda söhbət etməyə başlayır ki, guya təzəcə tanış olublar. Üstəlik, heç biri bir növ qorxusundan o birinin adını soruşmur və mümkün qədər beş il əvvəl müzakirə elədikləri mövzulara  toxunmur ki, süni və xoşagəlməz vəziyyət yaranmasın, – yəni o birisi birdən deməsin: “Siz nəysə mənə çox tanış gəlirsiz, siz təsadüfən Ş. müəllim deyilsiz?” Beş il sonra ikinci dəfə təsadüfən görüşən tanışlar şirin söhbət edə-edə xoş ovqatla bir-biri ilə bir də görüşməmək ümidiylə sağollaşıb ayrılırlar.
Qəribədi, insanlar yeddi, səkkiz saat ofisdə bir yerdə işləyirlər, gün ərzində hansısa işdə bir-birinə kömək edirlər, deyib-gülürlər, bir-birindən çay içmək üçün konfet istəyirlər. Amma axşam işdən eyni vaxtda çıxanda...
Saat yeddidir, işdən çıxıram, girişdəki köşkün yanında iş yoldaşım Samir şirkətimizin təhlükəsizliyini (security) qoruyan Mehmanla söhbətini bitirir. “Oldu qardaş,” – deyən, yəni onunla sağollaşan anda məni görür, duruxan kimi olur. Biz səhər salamlaşmışıq, günorta ofisdə bir yerdə nahar etmişik, indi isə sağollaşıb ayrıla bilmərik, çünki yaranmış vəziyyət başqa şey deyir: biz bir yerdə hardasa on dəqiqə “İçərişəhər” metro stansiyasına tərəf getməli, eskalatorla aşağı düşməli, vaqona minməliyik. Sonra mən “Nərimanov”da, o isə “Xalqlar Dostluğu”nda düşəsidir, – yəni mən onunla beş stansiya bir yerdə yol getməliyəm. Bu da təxminən 20-25 dəqiqə birgə yol getmək deməkdir.
Məni görəndə əvvəlcə duruxan Samir məcburən gülümsünür, mənə yol göstərir ki, qabağa keçim, mən qabağa keçirəm, elə bilirəm dalımca gələcək və mexaniki olaraq fikirləşirəm: “Yol boyu bunnan nədən danışacam?” Və təhlükəsizliyin işçisiylə sağollaşıb yola düşməyə hazırlaşan Samir birdən dayanıb ikinci mərtəbədə işığı yanmayan otaqlardan birinin pəncərəsinə baxır. Gözünü qırpmadan. (Təhlükəsizliyin işçisi öz köşkündədir.) Əvvəlcə çaşıram, bu, niyə gözlərini yarımqaranlıq, içində heç kimin və heç nəyin görünmədiyi otağa zilləyə-zilləyə heykələ dönüb. Mənə yol göstərdi, özü isə dayandı...
Çaşqın vəziyyətdəyəm, bilmirəm, dayanıb Samiri gözləyim, yoxsa yoluma davam edim. Görürəm ki, o hələ də başını tərpətmədən ciddi baxışlarını yarımqaranlıq otağa zilləyib, sanki orda məna axtarır. Nəhayət, yola düşürəm... Lap yaxşı, düzünə qalsa, elə mən də bunu istəyirdim. Deyəsən, o, hələ də boş, qaranlıq otağa baxmağa davam edir.
Yox, küsülü deyiləm, bir yerdə işlədiyimiz iki il içində bir dəfə də olsun aramızda söz-söhbət olmayıb. Nə mənim ona, nə də onun mənə pataloji, qeyri- pataloji nifrəti yoxdur.  Bu iki il ərzində ilk dəfəydi ki, biz eyni vaxtda işdən çıxırdıq. Samir mühasibdir, həftədə üç-dörd dəfə iki saatlığa bizim ofisə gəlib hesab işlərini görüb, yazıb-pozub gedir başqa işlərinin dalınca. Fasilələrdə çay içə-içə gəzdiyimiz ölkələrdən, siyasətdən, bazlıqdan söhbət eləmişik... Amma bircə dəfə iyirmi-otuz dəqiqəlik yol yoldaşı olmaq istəmədi mənimlə...
Şirkətimiz iyirmi iki mərtəbəli binanın on dördüncü mərtəbəsində yerləşir. Birinci mərtəbədə risepşində işləyən qızlar hər səhər 9-10 arası işə gələn, 6-7-də işdən gedən onlarla adamın salamını alıb məcburən gülümsəməmək, lap pisi, bəzilərinin mənasız ”Necəsiz?”sualına “Yaxşıyam, sağ olun” cavabı verməməkçün başlarını kompüterin monitorunun arxasından qaldırmırlar. Düz edirlər, gün ərzində neçə dəfə eyni şeyi təkrar etmək olar.
Amma məsələ burasındadır ki, risepşndə işləyən qızların birindən xoşum gəlir, mizantrop qızı mizantrop heç olmasa həftədə bir dəfə də olsun binaya girənlərə salam vermək istəmir, elə giriş qapısının şüşəsindən içəri girəcək adamı görən kimi kompüterin monitorunun qabağında görünməz olur. Hətta hərdən ürəyimdən keçir, yaxınlaşıb ona deyim: “Ay qız, heç olmasa həftədə bir dəfə salam vermək üçün hüsnü-camalını o monitorun qabağından qaldır. Başqaları cəhənnəm, mənə zülm edirsən axı!”
Hər gün birinci mərtəbədə foyedə ayaq üstə dayanıb binanın təhlükəsizliyini qoruyanların işi daha çətindir. Çünki onların gizlənməyə yeri yoxdur. Amma çıxış yolu tapanlar da olur. Bunların arasında iki cür tipə rast gəlmişəm. Bəziləri sadəcə içəri keçən adamların üzünə baxmır, heykəl kimi düz başqa səmtə gözlərini zilləyirlər, – bunlar hardasa özlərini təbii aparır, yəni açıq-aşkar demək istəyirlər ki, heç kimə salam vermək istəmirik. Bəziləri isə adam yaxınlaşan anda sifətlərinə ciddi ifadə verib ya əllərindəki, ya da yaxalarına pərçim elədikləri ratsiya ilə “delavoy-delavoy” danışmağa başlayır.
...Hə, az əvvəl mənimlə eyni yolu getmək istəməyən iş yoldaşım Samirdən danışırdım axı. Ertəsi gün Samir işə gələndə guya otağıma təsadüfən girirmiş kimi daxil oldu, gülə-gülə salamlaşıb ”Dünən gördün də Milan İnteri necə dağıtdı”, – dedi. Halbuki o, mənim futbol azarkeşi olmadığımı yaxşı bilirdi. Sanki “günahını” yumağa gəlmişdi... /525.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.