Yusif Vəzir Çəmənzəminlinin ailəsindən REPORTAJ
05.12.13

“Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş bir şəhər təsəvvür ediniz. Bu mənim şəhərimdir”

Azərbaycanın dövlət adamı və yazıçısı, Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəli ilk səfiri Yusif Vəzir Çəmənzəminliyə aid olan bu cümləni epiqraf kimi seçməyimiz  heç də təsadüfi deyil. Çünki Çəmənzəminli həm şəxsiyyət,  həm də yazıçı kimi başlanğıcını məhz, bu şəhərdən götürüb, Şuşadan... Şuşa öz saflığını, böyüklüyünü Yusif Vəzirdən keçirərək bizə çatdırıb və çatdırmaqdadır. Yusif Vəzir Çəmənzəminlidən bəhs edəcək müsahibə-reportajın da bu epiqrafla başlaması fikrimizcə, məntiqi addım olardı.


Azərbaycanın böyük yazıçısı, Cumhuriyyət dövründə Ukrayna və Türkiyə kimi ölkələrdə səfir işləmiş  diplomat, folklorşünas alim Yusif Vəzir Çəmənzəminlinin oğlunun evindən, ailəsindən  hazırladığı reportajı sizlərə təqdim edirik. Oğlu mərhum Orxan Vəzirov 2010-cu ildə rəhmətə getsə də, bu gün böyük yazıçının gəlini Fəridə Vəzirova və nəvəsi Leyla Vəzirova onun haqqında heç kəsin bilmədiyi bilgilərə sahibdilər. Nəvəsi Leyla xanım Çəmənzəminlinin bir alim kimi davamçısıdır. Azərbaycan Pedaqoji Universitetində kafedra müdiridir. Elmlər doktoru olan Leyla xanımın namizədlik işi elə məhz, “Yusif Vəzirin publisistikası” olub. Elə özü də yarızarafat deyir: “Anam Yusif Vəzirin həyati bilgilərini çox bilir, mən isə kitabi bilgilərini...”.

Elə söhbətimizi də “kitabi bilgilərin müəllifi” olan Leyla xanımla davam etdiririk. Əvvəlcə Çəmənzəminlinin nəsil şəcərəsindən, atasından – babasından danışır:

Qacar tərəfindən edam olunan baba və erkən vəfat edən qardaşlar...

-Yusif Vəzir Çəmənzəminlinin atası  Məşədi Mirbaba bəy  Şuşa bəylərindən olub. Onun bəyliyini 1873-cü ilin aprel ayının 13-də Şuşa qəza idarəsi tərəfindən təsdiq edib və bu haqda şəhadətnamə də veriblər. Vəzirov familiyası XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmməd ağaya hörmət və ehtiram əlaməti olaraq götürülüb. Mirzə Əliməmməd ağa Vəzirovlar nəslinin ulu babasıdır. O, İbrahimxəlil xan tərəfindən Türkiyə dövlətinə fövqəladə və səlahiyyətli səfir vəzifəsinə təyin edilib. Lakin İran hökmdarı şah Qacar onu dustaq etdirərək dərhal qətlə yetirir.
(Çəmənzəminli özünün “İki od arsında” romanında Əliməmməd ağadan ehtiramla söhbət açır- E.N).
Bütün bunlara baxmayaraq, taleyin qisməti belə gətirir ki, uzun illərdən sonra Türkiyədə səlahiyyətli səfir olmaq həmin nəslin nümayəndəsi, Yusif Vəzir Çəmənzəminliyə nəsib olur. O, 1919-cu ildə Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə ilk fövqaladə və səlahiyətli səfiri təyin edilir.

Yusif Vəzirin anası Seyid Əziz Seyid Hüseyn qızı isə rəhmdil, ədalətli və cəsur bir qadın olub. Həyat yoldaşının işlə əlaqədar vaxtının çox hissəsi Ağdamda keçib. Ailənin idarə olunması və uşaqların tərbiyəsi əsasən bu qadının üzərinə düşüb. Babam yazılarında anasını çox böyük hörmət və məhəbbətlə xatırlayır.  Bir  sıra əsərlərində “Bir cavanın dəftəri”, ”Cümə axşamı”, ”Məlik Məmməd”, ”Son bahar” hekayələrində anasının  prototipini yaradıb.

Yusif Vəzirgil ailədə 4 bacı və 3 qardaş olublar.  Kiçik qardaşı Mir Əbülhəsən Şuşa realnı  məktəbində oxuyub və oxuduğu illər zamanı bir nümunəvi tələbə kimi tanınıb. O, türk, rus, fars və ərəb dillərini mükəmməl bilir, alman və fransız dillərini də öyrənirmiş. Şeirlər və pyeslar də yazırmış. Onun evdə düzəltdiyi dünya və rus klassiklərinin əsərlərindən ibarət zəngin kitabxanası da olub. Lakin ömrü qısa olub. Gözlənilmədən Əbülhəsən ağır xəstələnir və müalicələr qəbul etməyinə baxmayaraq,  21 yaşında vəfat edir. Yeri gəlmişkən, onu da demək lazımdir ki, “Son bahar” adlı kədərli hekayəsini babam qardaşının ölümü ilə əlaqədar yazıb.

Digər qardaşı Mirabdulla (Miri) Parisdə siyasi elmlər məktəbinin diplomatiya fakültəsində təhsil alıb. O, 1922-ci ildə təhsilini başa vuraraq, Paris banklarından birində məmur işləyib. Lakin orada vərəm xəstəliyinə tutulduğundan 1925-ci ildə 29 yaşında vəfat edib. Onun barəsində 1907-ci ildə Yusif Vəzir yazırdı: ”Miri təbiətin nadir töhfəsidir! O hər şeyə qadirdir... Ondan yeni dövrün Yevgeni Onegini gözlənilir. Miri tamamilə kübar dairələrinə mənsub bir adamdır, onun söhbətləri qısa və yumorla dolu olur”.

Bu qardaşın da ömrü qısa olur. Atası öləndən sonra ailənin bütün ağırlığı babamın öhdəsinə düşür. Çıxış yolu kimi atasından qalma əttar dükanını satmaq istəyir. Lakin bu ərəfələrdə də ağır yatalaq xəstəliyinə tutulur. Xəstəliyinin elə bir məqamı olub ki, onun yanına kimsəni buraxmayıblar. Amma atasının sağlığında Cənubi Azərbaycanın Çəmənzəmin kəndindən gəlib onlara sığınan üç qardaş Yusifi tək buraxmır, ona əllərindən gələn yardımı göstərirlər. Babam da söz verir ki, əgər sağ qalsa və nə vaxtsa tanınmış bir adam olsa, mütləq Çəmənzəminli təxəllüsünü götürəcək.

Gəlini Fəridə xanım, nəvələri Leyla və Yusif...


Nəsil şəcərəsindən danışandan sonra Leyla xanım Yusif Vəzirin hazırki ailə üzvlərindən bəhs edir. Leyla xanımdan “Yusif Vəzirin ailəsindən indi kimlər qalıb” deyə soruşduqda əvvəlcə belə cavab verdi:
“Böyük nəsillər adətən çox artmır”. İndi də Qarabağın nüfuzlu Vəzirovlar nəslinin cəmi beş  nümayəndəsi qalıb. Ən yaşlıları Çəmənzəminlinin gəlini Fəridə xanım Vəzirovadı. Bu ziyalı xanıma “Çəmənzəminli  ensiklopediyası” desək, heç də yanılmarıq. Çəmənzəminlinin nəvəsi, həmçinin adını və peşəsini daşıyan Yusif Vəzirov isə hazırda Azərbaycanın Avropadakı  diplomatı kimi fəaliyyət göstərir. İki nəticəsi də Aropada böyüməkdədir. Bir də ki, müsahibimiz Leyla xanım. Elə o özü Çəmənzəminlinin ailəsi haqqında bizə məlumat verir:

-Gəlini, yəni mənim anam Fəridə Vəzirova ixtisasca geoloq olsa da, çox güclü humanitar biliyə malikdir. Çəmənzəminlinin oğlu, atam Orxan müəllimdən sonra deyərdim ki, Çəmənzəminlinin həyatı barədə ən dəqiq bilgilər anamdadır. Hazırda təqaüddədir.  Yusif Vəzirin nəvələri də ki, bizik-mən və qardaşım Yusif. Nəvələri çox da ola bilərdi. Lakin babamın üç övladından yalnız atam ailə qura bilib. O biri iki övladı – Fikrət və Gülarəyə isə ailə qurmaq qismət olmayıb. Bunun səbəbini mən onların repressiya illərində ağır uşaqlıq  çağları yaşamaqlarında görürəm.

Yenə qayıdaq özümüzə. Özüm filologiya elmləri doktoruyam. ADPU-da rus dili kafedrasının müdiriyəm. Namizədlik dissertasiyam da “Çəmənzəminlinin publisistikası” mövzusunda olub, eyniadlı monoqrafiyam  da var. Yusif Vəzirin bir pedaqoq və alim kimi yolunu davam etdirirəm. Babam həmçinin Özbəkistanda pedaqoji fəaliyyətlə də məşğul olub. Folklorumuzun isə ilk alimidir. Qardaşım Yusif Vəzirov isə Çəmənzəminlinin diplomat və yazıçı kimi davamçısıdır.. Amerika, Çin səfirliklərində işləyib,  hazırda Avropada diplomatik nümayəndədir. Bundan savayı, Yazıçılar Birliyinin üzvüdür, bir neçə kitabın müəllifidir.

Əliməmməd Vəzirdən Vəzirova estafet kimi ötürülən diplomat peşəsi


Leyla xanım babasının bir yazıçı kimi tədqiqindən elə də narazı deyil. Amma onu da vurğulayır ki, Yusif Vəzir diplomat kimi az araşdırılıb. Çəmənzəminlinin bu məqamından çox az danışıldığını bildirir. Elə bu vurğulama sualımızın da yerinə düşdüyünə bir işarə olur. Leyla xanım babasının diplomat kimi fəaliyyətinə azacıq da olsa toxunur:

-Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoyski babamın qeyri-adi diplomatik keyfiyyətlərini, kritik vəziyyətlərdə düzgün istiqamət vermək qabiliyyətini qiymətləndirərək, 14 yanvar 1919-cu ildə Yusif Vəziri Azərbaycan Respublikasının Krım höküməti yanında nümayəndəsi təyin edir. Yusif Vəzir Simferopolda Milli Krım Hökümətinin Ədliyyə Direktorluğunda əvvəlcə məsləhətçi, sonra isə direktor vəzifəsinə təyin olunur.   Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi 15 aprel 1919-cu ildə Yusif Vəzir Çəmənzəminlini Azərbaycan Respublikasının Ukraynada, Polşada və Krımda diplomatik nümayəndəsi təyin edib.

Yusif Vəzir Simferopolda olduğu vaxt Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynada fövqaladə və səlahiyyətli səfiri təyin edilir. O, Ukraynaya ilk səfir təyin olunduğu zaman cəmi 32 yaşı var idi...

Yusif Vəzirin görünməyən tərəfi

Böyük yazıçının gəlini Fəridə xanım Çəmənzəminlinin həyatının qaranlıq məqamlarını detallarına qədər bilən yeganə insandı. Həyat yoldaşı Orxan Vəzirov ömrünün sonuna qədər atasının irsinin toplanması və təbliği yönündə çalışıb. Fəridə xanım da bəlkə o səbəbdən bu qədər informasiyaya  sahibdir. Yusif Vəzirin hələ ki heç kimə məlum olmayan şəkillərini bizə göstərir. Hər şəkil özü-özlüyündə bir tarix və həyat şəcərəsini əks etdirir. Birdən Fəridə xanım Orxan Vəzirovun atasına həsr etdiyi memuar kitabda Çəmənzəminlinin özü tərəfindən çəkilən rəsmlərini görürük. Yusif Vəzirin 1905-1909-cu illərdə realnı məktəbdə oxuduğu vaxt çəkdiyi rəsmlər həqiqətən də heyrətamizdi:
“Bax bunların hamısını Çəmənzəminli özü çəkib. Bu Turgenevin rəsmidir, bu isə Həsən bəy Zərdabinin.. Onun 1972-ci ildə Şuşanın Gövhərağa məscidində diyarşünaslıq muzeyində şəkillərindən ibarət stendi də açılıb”.
Daha sonra Fəridə xanım Çəmənzəminlinin digər məziyyətlərinə toxunur. Bu əsnada təbii ki, həyat yoldaşı Orxan Vəzirov və Çəmənzəminlinin digər oğlu mərhum Fikrət Vəzirova istinad edir. Nəvə Leyla xanım bu əsnada söhbətə qoşulur:

- Qardaşlar atalarından çox danışırdılar. Sanki ürəklərində nisgil qalmışdı. Axı onu uşaq ikən görüblər və hər dəfə də danışanda özlərinin yox, həmin uşaqların dilləri ilə danışardılar. Atam da, əmim Fikrət də canlı ensiklopediya idilər. Bu məhz, Çəmənzəminlinin təsirilə olub. Çünki atamgil yaşca kiçik olmalarına baxmayaraq, babam həmişə onlarla məşğul olub. Elə balacalıqdan uşaqlarını yetişdirib. Babam hər bir məclisin yaraşığı olub. Mütaliə ilə bərabər, gəzməyi də çox sevib. Atamgili uşaqlıqdan Nalçikə və Bakı bağlarına aparardı. Bakı bağlarında Üzeyir Hacıbəyli ilə qonşu olublar. Yeri gəlmişkən, Hacıbəylinin özü də Çəmənzəminlinin qohumu  idi. Nənəm Bilqeyis xanım da çox gözəl bir qadın idi. Babamı həmişə göz yaşı ilə xatırlayardı. Çox gözəl pionina da çalardı. Yeri gəlmişkən mənə də bu alətdə ifa etməyi o öyrədib. Uşaq vaxtı məni dizlərinin üstünə qoyub pianino çalardı. Alətə iki əl o atanda, üçüncü  əli də mən atardım.

Daha sonra Leyla xanım Yusif Vəzirin publisistikasına da toxunur:

- Yazıçının publisistikası XX əsr ədəbiyyatımızın ayrılmaz hissəsi kimi onun mühüm problemlərini əhatə edir. Çəmənzəminlinin  publisist əsərlərində Azərbaycan müstəqilliyi, istiqlalı, tarixi keçmişi, gələcəyi, xarici və daxili siyasəti, elm, maarif, ədəbiyyat, qadın məsələsi və sənət məsələlərinə  problemlərə toxunulub. Bunların əksəriyyəti bu gün də öz əhəmiyyətini saxlayır.

Repressiya illəri... Sürgündə yazılan əlyazmalar və əlacsız qalan ailə...

1938-ci il... Hazırda evində olduğumuz mərhum Orxan Vəzirov evə gələrkən qəribə bir mənzərə il rastlaşır. Görür ki, evdə hər şey dağıdılıb, aləm bir-birinə qarışıb. Anası Bilqeyis xanım isə bir küncdə oturub ağlayır. Artıq hər şey bitmişdi. O illərin “qara yeli” bu dəfə onların qapısına doğru əsirdi. Deməli, artıq Yusif Vəzir həbs edilmişdi. Sonradan əlyazmaları və ailəsini də bu aqibət gözləyirdi. Özü soyuq Qorki vilayətinə göndərilən Çəmənzəminlinin ailəsi Bakıda Keşlədə həbsdə qalmalı olur. Bir ana və 3 uşaq həddindən artıq rütubətli bir yerdə əzablara dözür. Lakin ən pisi də bu idi ki, ordan çıxandan sonra ailəyə Bakıda yaşamağa icazə vermirlər. Damğalanmış bir ailə nə edəcəyini bilmir. Amma Bilqeyis xanımın qardaşı Fərhad onlara sahib duru. Beləliklə, Çəmənzəminlinin uşaqları dayısının himayəsində qalmalı olurlar. Həmin vaxt Orxan Vəzirovun on yaşı var idi. O, ömrünün sonundək bu xatirələri on yaşlı uşağın gözü ilə danışacaqdı. Bu gün də onun qızı o “on yaşlı uşağın” söhbətlərindən  bəzilərini bizə danışır:

- Babamı 1938-ci ildə işlədiyi yerlərdən ixtisara salırlar. O, da köhnə sənətinə-vəkilliyə qayıdır. Üç ay vəkil işlədikdən sonra yenə ixtisar adı ilə işdən azad edilir. Dolanışığı çətinləşən yazıçı ona haqsız münasibət haqda yuxarı təşkilatlara ərizə ilə müraciət edir. Lakin ərizələrinə cavab almayan, heç yerdə işə götürülməyən Çəmənzəminli ağır günlərin birində “Kommunist” qəzetində bir elan oxuyur. Orada bildirilirdi ki, Özbəkistan SSR-nin Ürgənc şəhərində, Xarəzm vilayəti Pedaqoji İnstitutunda rus dili tədrisi məqsədilə assisent yeri tutmaq üçün konkurs elan olunur. Babam da sənədlərini Ürgəncə göndərir və konkursdan keçir. 1938-ci ilin avqust ayında Ürgəncə yola düşür və institutda müəllim olur. Həmişə olduğu kimi, Ürgənc Pedaqoji İnstitutunda da yüksək mədəniyyət sahibi, mükəmməl bilikli bir müəllim kimi kollektivin hörmətini qazanan ədib sonra isə orada rus və xarici dillər kafedrasının müdiri olur.
1940-cı ilin yanvarında isə babam Ürgəncdə həbs edilib Bakıya gətirilir. 1940-cı il fevralayında Yusif Vəzirin ittiham edilməsi barədə qərar çıxarılır. Altı aya yaxın Keşlə həbs düşərgəsində saxlandıqdan sonra onu iyul ayında həmin həbs düşərgəsindən Qorki vilayətinin Suxobezvodnoya  stansiyasındakı həbs düşərgəsinə göndərirlər. Heç bir günahı olmayan ziyalı repressiya qurbanına çevrilir. Ağır fiziki işlər  gördüyünə baxmayaraq, babam yazıçılıq fəaliyyətindən əl çəkməyib. Orda da yazıb–yaradıb. Lakin xəstə olduğundan yazdıqlarını orda çalışan bir rus qadınına verib ki, saxlasın. Lakin sonradan məlum olub ki, bütün saxlanılan yazılar nəm şəraitdə qaldığından çürüyərək məhv olub. Bütün bu məlumatları bizə, uzun illər keçəndən sonra onunla həbs düşərgəsində olan hörmətli yazıçı-araşdırmaçımız  Əzizə Cəfərzadənin qardaşı (heyif ki, adını bilmirik) deyib. Uzun müddətdən sonra atam və əmim Fikrət Vəzirov bu məlumatları gec eşitdiyinə görə çox heyifisləndilər. Artıq heç bir ipucu yox idi. Çox güman ki, həmin qadın da ölmüşdü. Bizə onun heç bir əşyası gəlib çatmadı. Həmişə  ziyalı ömür yaşayan bir insanı ağır fiziki əmək, aclıq, düşərgədəki həyat tərzi xəstəliyə salır. Babam pellaqra xəstəliyinə tutulur. Beləliklə də, bu xəstəlik səbəbindən yəni, acından şişmə nəticəsində 1943-cü il yanvar ayının 3-də vəfat edir. Lakin ailəsinin onun vəfatından heç bir xəbəri olmur.

1956-cı ilin bəraəti...  “Xalq düşməni”ndən qəhrəmana çevrilən Çəmənzəminli


Ailəsi onun ölümündən xəbər tuta bilməmişdi. Çünki Çəmənzəminlidən  heç bir məktub gəlməmişdi və ona göndərilən bağlamaların da çatıb- çatmadığını bilmirdilər...  Amma o, səkkiz il həbs cəzasının üçüncü ilində vəfat etdi. “Gecikmiş 56” isə heç nəyi dəyişmədi. Leyla xanım da bu “gecikmiş 56 bəraəti” və ondan sonrakı vəziyyət barədə danışır:

-1956-cı ilin fevral ayının 28-də Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası Yusif Vəzirin 8 il həbs cəzasına məhkum olunması qərarını əsassız edərək, onu ləğv edib Çəmənzəminliyə bəraət verdi. Onun 80, 90, və 100 illik yubileyləri keçirildi. Çox təəssüf ki, onun sürgündə heç bir əşyası bizə gəlib çatmadı. Evdə qalan əşyalarından da bəzilərini Ədəbiyyat Muzeyinə bağışladıq. Aralarında həmişə istifadə etdiyi gümüşü qənddan, eynək, rəsmlər və s. var idi.

Çəmənzəminlinin keçdiyi həyat yolunun səhifələrini vərəqləyəndə, həqiqətən əmin olursan ki, ədib məşələ dönmüş bir ömür yaşayıb. O məşəlin işığını isə  həmişə çox sevdiyi xalqının maarifi, müstəqilliyi, azdlığı yolunda yandırmışdır.

Nəticə... Gülən gözlər və ağlayan şəhər....


Leyla xanım nitqini məşəllə bitirdi. Babası Yusif Vəzir haqqında bu cür danışmağa tam haqqı çatır. Mən isə reportaj əsnasında söhbətlərə qulaq asa-asa otaqda sanki kimlərinsə göz yaşı içində gülüşünü görürdüm. Bu, 1938-ci il repressiya qurbanının uşaqlarının göz yaşları idi. Yaşca ən böyüyü Orxan idi ki, onun da 10 yaşı var idi. Onu da hiss edirdim ki, bizə hər şeyi bu "10 yaşlı ağsaqqal" danışır. Özü də qızı Leyla və həyat yoldaşı Fəridə xanımın gözüylə. Özünün isə ancaq sevincdən gülən gözlərini xəyalən göstərə bilirdi. Ona görə sevinirdi ki, ömrünü həsr etdiyi Çəmənzəminçilik mahiyyəti bu gün də unudulmur..

Gülən uşaq gözləri ilə bərabər, uzaqda  bir ağlayan şəhər də var... Şuşa... Hələ ki, dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş bir şəhər ağlamaqda davam edir. Bu onun  şəhəridir... /Elmin Nuri, modern.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.