Vaqif Bəhmənli: "Bütün gözəl qızların dərdindən ölürdüm" - MÜSAHİBƏ

06.12.13

Gənc yazıçıların yaxın dostu, uzaq illərin istedadlı yazıçısı, günümüzün sevilən şairi Vaqif Bəhmənli “Ulduz”un qonağıdır.
 
– Şeirlərinizdən belə bəlli olur ki, uşaqkən sıxıntılar, itkilər yaşamısınız. Bu durumun yaradıcılığınıza təsiri olubmu?

 
– Yaşanmış ömür qələm adamının, xüsusilə şairin yaradıcılığının baş mövzusu, leytmotividir. Hətta onun təqdim etdiyi nümunələr qətiyyən öz həyatı ilə bağlı deyilsə, mətnlərin heç bir hissəsində “mən” kəlməsi işlənmirsə, əksinə şeir Əlinin, Vəlinin, quşun, atın, buludun başına gələnləri anlatsa belə, orada məhz müəllifin, şairin canı var. Yəni bədii əsərdəki həyat şairin həyatına qarışmış həyatdır, özünüz deyin, bir-birinə qarışmış çeşmənin suyunu sonradan aidiyyəti üzrə kim ayıra bilər? Bu mənada  uşaqlıq, gənclik, hətta indiki orta yaşımın hər dürlü sıxıntısı tək mənim yox, ümumən ətrafımın, el-obanın, xalqın, yekə çıxmasın, hətta qloballaşan dünyanın ağrı-acıları və ovqatı hiss olunmayan gizli tellərlə misralara, cümlələrə, bəndlərə sızır. Çünki gerçəkli şeir müəllifin canının bir parçasıdır, qanıdır,  ruhudur.
 
Sualınızın məğzinə uyğun olaraq xeyli uzaqlaşmış illərə boylanıram. Əgər insanların xeyirxahlığı, mərhəməti olmasaydı, gənc yaşımda itirdiyim atamın yerini anamın mərdliyi və isməti, Dilbər nənəmin ciddiyyəti və nizam-intizam sevərliyi, heç zaman tükənməyən, hətta mənim beşillik ali təhsil almağıma yetən pul-parası, babam Həsənqulu oğlu Qəbilin Molla Nəsrəddinin lətifələrindən geri qalmayan yumor məharəti və təbii ki, məni həddən artıq sevməsi, eyni zamanda əla davranışlarıma görə fərəhlənməsi olmasaydı, bəlkə də sınıb əzilərdim, ən azı indiki  insaflı, paxıllıq bilməyən, gözəl ürək yiyəsi olmazdım.
 
Əgər tanışsınızsa, “Yeriyərkən dediyim şeirlər” silsiləsi var məndə, 40 ildir davam edir, bax o silsilədə bir şeirin adı “Ehtiyac”dır, orda deyir:
 
Hara getdim, yüyürdü,
Hara getdim, izlədi.
Nə atamdı, nə anam,
Nə bacımdı, nə qardaşım,
Nə oğlumdu, nə qızım...
Amma hər gün evimizdədi.
 
57 yaşım var, bu misraların hökmü hələ də qüvvədə qalır, həm də siz bu ehtiyacı yalnız maddi olaraq düşünməyin, ehtiyac əziyyətlərin, təlaşların, gözləntilərin, Sizif cəhdlərinin ümumi adıdır. Bu, sualınızın mənəvi nöqteyi-nəzərdən izahı ola bilər, əgər razılaşsanız. Bununla belə, mən sizin ilk sualınızda bir texniki məqam da görürəm. Bəli, yeddi yaşdan on yeddi yaşa qədər, bir qədər də artıraq, on yeddi yaşdan iyirmi yeddiyə, hətta iyirmi yeddidən otuz yeddiyə qədər şəxsən mənim, xüsusilə maddi sıxıntılarım, böyüdüyüm, yaşadığım mühitdən gələn natamamlıq, el demiş, ehtiyaclar olmasaydı, daha dərin, daha mükəmməl, başqa sözlə proqramlı bilik qazana bilərdim, dünyanın ədəbiyyat mühitinə daxil olmaq imkanı yarana bilərdi. Əhatə olunduğumuz mühit nəzərə alındıqda, bizim ədəbiyyat bilikləri qazanmağımız, Allaha and olsun ki, qəhrəmanlıqdır. Söz sənətinə fanatik bağlılıqdır, inamdır, imandır. Hegemon əcnəbi dil mühiti olmadan dünyanın təməl ədəbi örnəklərini, ayrı-ayrı dillərə məxsus yazıçı, şair, hətta tənqidçilərin fikrini, peşəkarlığını, yəni üslubunu mənimsəmək sadə məsələ deyil. Bütün bunlar həyatdır, böyük həyatdır, zamanına, məkanına, sıxıntısının şiddətinə baxmayaraq mən həyatımı sevirəm, ona minnətdaram. Artıq çoxdan unutmuşam, həyatım mənim həyatımdır, yoxsa şeirlərimin həyatıdır.
 
– Gəncliyiniz romantik 70-ci illərə düşür. Məhəbbət şeirləri yazan şairləri qızlar çox sevirdilər yəqin?

 
– Yalnız 70-ci illər deyil, kimin gəncliyi hansı il kəsiminə düşürsə, həmin adam üçün məhz o illər romantikdir. Romantika bol xəyal deməkdir, ümid leysanıdır, yaz coşqusudur, həyatla, yaşamaq eşqi ilə doluluqdur, uçuşdur... Məhz bunlara görə hər kəs gənclik illərinin şirin dadını, aşıq demiş, qara gözə qara torpaq dolunca unutmur.
 
Gəncliyimi daha işrətli, daha şux keçirə bilərdim. Amma başım kitablara çox qarışdı. Təbii ki, bütün yaradıcı insanlarda olduğu kimi məni də təsirləndirən ilkin başlanğıc, içində yaşadığım insanların həyatı təbiət və ayrıca olaraq sevgi idi. Sevgi yaradanın insana ən böyük lütfüdür. Bütün gözəl qızları sevirdim, simalardakı məlahət, alışıb yanan gözlər, qədd-qamət mənə göy üzü qədər, ağaclar, göy çəmənlər, saf sular qədər əziz idi. “Mənim nənəm sizdədi”, “Bu qızlar nə yaman gözəlləşiblər”, “Üzük”, “Saçım”, “Payız məhəbbətim”, “Bu qızlar” və sair oxuduğum ilk sevgi nəğmələridir. Bir dəfə on səkkiz yaşım olanda Azərbaycan Yazıçılar İttifaqında “Gənclər günü”ndə şeir oxudum. Müzakirələrdə Ağacavad Əlizadə, Tofiq Bayram, daha hansı tanınmış şairlərsə fikir söylədilər. Rəhmətlik Cabir Novruz ittifaqda katib idi, adı bütün SSRİ-də tanınırdı, çıxış elədi. Dedi ki, bu cavan şairin şeirlərini bəyəndim. Çünki o, ədəbiyyata öz taleyi ilə gəlir – kəndi ilə, Araz dərdi ilə və sevgisi ilə...
Bəli, mən bütün gözəl qızların dərdindən ölürdüm, amma təkəm-seyrək olsa da, mənim dərdimdən ölən qızlar var idi. Şeirlərimi əzbər bilirdilər, tribunaya qalxanda ağzımı açmamış alqışlayırdılar. Özüm də indiki kimi daz deyildim, gur saçım, nurlu sifətim, iri gözlərim, qara qaşlarım... Üstəlik, hiss-həyəcanla, heyranlıqla dolu duzlu, koloritli şeirlər... Sevgi üçün bunlar bəs eləyirdi. Bütün bunlara baxmayaraq populyarlıq iddiasında olan misralar dalınca qaçmadım. Populyar şairlərin ədaları, davranışları mənə düşük göründü. Əgər kitablarıma baxmaq imkanınız olsa, görəcəksiz ki, burada heç bir janrın, vəznin, hansısa bir formanın birincilik iddiası yoxdur. Oradakı mənzərə həyatda olduğu kimi, dəyişik və müxtəlifdir. Çünki istər sevgidən yaz, istər real həyat mənzərələri yarat, bütün hallarda poeziya bədii axtarışlar və sonda mütləq bədii tapıntılar və nəhayət, xoşbəxtlikdən, ya bədbəxtlikdən ədəbi məğlubiyyətlər sənətidir.
 
– Yaşlı nəsildən kimlər sizə əl uzatdı, kimlər kömək elədi?
 
– Əvvələn, ümumən bədii ədəbiyyat kömək elədi. Üstəgəl, mətbuat, elmi kitablar, dərsliklər. Azərbaycan folkloru, klassik milli ədəbiyyat dünya ədəbiyyatı, xüsusən XIX əsr rus ədəbiyyatı, XX əsrin türk romanları, XIX-XX əsrin Sovet hakimiyyətinə qədər Azərbaycanın mədəni-ədəbi mühitində baş verən intibahının Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev kimi parlaq imzaları mənəvi, ədəbi, intellektual dəstək hesab edə bilərsiniz.
 
Digər tərəfdən mənim, eləcə də eyni dövrdə yaradıcılığa başladığım istedadlı qələm dostlarının istedadını görən, dəyərləndirən ustad sənətkarlar olub, özü də çox olub. Bizim Füzuli rayonunun yetirməsi olan, zəhmətkeş, istedadlı bir şair vardı – Mətləb Misir. Altıncı sinifdə oxuduğum vaxtdan ta universitetə daxil olduğum günə qədər bütün şeirlərimi məktubla ona göndərmişəm, qonşu Gecəgözlü kəndinə. O, bezib-usanmadan dama-dama, düzcızıq, çəpcızıq vərəqlərdə yolladığım “şeirləri” oxuyub düzəlişlər aparıb, məsləhətlərini yazıb, bəzi hallarda rayonda çıxan “Araz” qəzetində çap elətdirib. Böyük ehtiramla hər zaman yazılarıma dəstək verən, xoş sözlər söyləyən, poetik uğurları dəyərləndirən Osman Sarıvəllinin, Nəbi Xəzrinin, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Cabir Novruzun, Nəriman Həsənzadənin, Məmməd Arazın, Söhrab Tahirin, Ağacavad Əlizadənin, Tofiq Bayramın, Tofiq Mahmudun, Məstan Günərin, Möhbəddin Səmədin, Səyavuş Sartanlının, Musa Yaqubun, Çingiz Əlioğlunun, Sabir Rüstəmxanlının, Nüsrət Kəsəmənlinin, Dilsuzun, İsa İsmayılzadənin, Ələkbər Salahzadənin, Fikrət Qocanın, Elçinin, Anarın, Əkrəm Əylislinin, Abbas Abdullanın, İmran Qasımovun, Camal Yusifoğlunun, Yusif Səmədoğlunun və xüsusilə bütün ədəbi çalışanlara az qala ifrat bir həssaslıqla yanaşan Seyran Səxavətin adlarını çəkir, bu dünyadan gedənlərə rəhmət, yaşayanlara can sağlığı və yaradıcılıq uğurları diləyirəm.
 
– Bəs mane olanlar?
 
– Əgər istedad təbiidirsə və qələm sahibi o istedadın xidmətində qul kimi dayanıbsa, ona bir kimsə mane ola bilməz. Belə baxıram ki, mənə az-çox mane olan özüm olmuşam. Ona görə də vaxtında can qoyub yetə bilmədiyim ucalıqlar bu gün məni dara çəkir.
 
– Kimlərin işığını tutub şeirə gəldiniz?
 
– Sualınızı bir qədər əvvəl dolayısıyla cavablandırmışam. Bununla belə deməliyəm ki, həmin işıq hamıdan gələn işıqdı, o işıq mənimlə əkiz doğulan işıqdı, o işığın yeri nə irəlidə, nə geridə, nə sağda, nə soldadır, mənim öz içimdədir.
 
– Komsomol mükafatı laureatı olmusunuz. Bu təltif sizin yaradıcılığınıza hansısa bir təsir göstərib?

 
– Mükafat yaradıcılığa heç bir təsir göstərə bilməz. Sadəcə, bir müddət adamın kefi kök olur, ətraf sevinir, dostlar sevinir. Ola bilsin ki, cəmiyyətin diqqəti sənin yaradıcılığının hansısa bir mərhələsinə yönəlir. Amma deyim ki, Komsomol mükafatı öz zamanında ən nüfuzlu ödüllərdən biri idi, gənclərə ideoloji makulaturaya görə yox, məhz ədəbi uğura, estetik nailiyyətə görə verilirdi. Azərbaycan yazıçı və şairlərinin demək olar, ən istedadlı nümayəndələri bu mükafata layiq görülüblər. Mən çox sevindim ki, bu il iyul ayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Gənclər üçün Prezident mükafatının verilməsi haqqında fərman imzaladı. Bu mükafata hər il fevralın ikisində ədəbiyyat, incəsənət və ictimai sahədə fərqlənən altı gənc layiq görüləcək. Hər bir mükafat on min  manat həcmindədir. Bu əsl yaradıcılıq yarışına imkan açan bir addımdır. Məni qınamayın, Azərbaycan dövlətinin gənclərə yönəlik bu qərarına görə, adam gənc olmaq istəyir.
 
– Sizi tanıyanlar Rahilə xanımla qurduğunuz ailəni ideal sayırlar. Doğurdanmı ömürlük məhəbbət var?
 
– İndiki ədəbi gəncliyin at gedişləri məni həqiqətən qorxudur. Ay qardaş, Komsomol mükafatı hara, məhəbbət hara? Cavab verməzdim, amma məni gəncliyin haqlı sorğularına laqeyd münasibət bəsləməkdə qınayacağınızı nəzərə alıb, deyirəm. Əsl məhəbbət ömürlük məhəbbətdir, ayrı cür məhəbbət olmur. Məhəbbət cəmi bircə dəfə qismət olan doğma nəfəsdir, nə qədər o nəfəs gedib-gəlir, deməli, sən dipdiri aşiqsən, varsan. Son nəfəs ağızdan çıxanda canı geri qaytarmaq qarşısında Allah da çaşıb qalır. Həyat yoldaşımla mən qırx ildir birgəyik. Bir-birimizə sevgimiz qırx il bundan irəlikindən daha şiddətlidir. Ayrı yol da yoxdur, indən belə kim bizi sevəcək, yaxud biz kimi sevənik?! Qarşılıqlı sevgimizin indi başqa bir ünvanı da var, ailə! Balalarımıza da demişik. Demişik ki, bizim bütün ömür boyu çalışaraq cəmiyyətdə qazandığımız ad, başqa sözlə ailəmizin şərəfi hər birimizin fiziki varlığından daha dəyərlidir. Ailəmizin şərəfinə nöqtə boyda kölgə salan kəs bizdən deyil. İnsana nə verilibsə, təbiət verib, veriləni qorumaq insanın bir nömrəli vəzifəsidir.
 
– Sevgi şeirlərinizin hamısı həyat yoldaşınıza aiddir?
 
– Elə şey olar? Bir nəfərə o qədər şeir yazılmağına ciddi baxmaq mümkün deyil. Xanımlara sevgi haqqında şeir yox, sevginin özü gərəkdir. Ən qədim dövrlərdən üzü bəri sevgi şairlər üçün sadəcə mövzulardan biridir. Ədəbiyyatın qanunlarına uyğun olaraq burada da qələm sahibinin ümumiləşdirmə yolu ilə getməsi düzgün olardı. Şair elə hissləri, elə duyğuları sənətkarlıqla qələmə almalıdır ki, onlar oxucunun hiss və həyəcanları ilə, onun həyat hekayətləri ilə üst-üstə düşsün. Hələ ki, bizim ədəbiyyatımızda, bəlkə də dünya ədəbiyyatında sevgi duyğularını böyük türk şairi Məhəmməd Füzuli qədər dəqiq, heyrətamiz estetika ilə ifadə edən başqa bir sənətkar yoxdur. Sevgi motivləri şifahi xalq yaradıcılığında da kifayət qədər güclüdür. Ümumən bayatılarda, Qurbanidə, Aşıq Abbasda, Sarı Aşıqda, Aşıq Ələsgərdə yüksək bədii səviyyədə işlənmişdir. Sevmək şairin şəxsi işidir, amma adı çəkilən və çəkilməyən örnəkləri mənimsəmək onun borcudur. O ki, qaldı mənim sevgi şeirlərimə, məncə, onlar sübut edir ki, sevmişəm, sevilmişəm, xoşbəxt olmuşam, dərd çəkmişəm. Onların hər birinin əsasda bir eşq hekayəti dayanır, hər biri ayrı-ayrı mənəvi-emosional vəziyyəti əks etdirməyə çalışan şeirlər sonda vahid bir struktura çevrilir, başqa sözlə yalnız bir şairin baxdığı tərəfdən görünən sevgi obrazını yaradır.
 
– 90-cı illər əksər yaradıcı insanların həyatından qaranlıq zolaq kimi keçir, bəs sizdə necə?
 
– 1969-cu ildən üzü bu yana yazdığım bütün şeirləri dəftərlərə köçürmüşəm. O dəftərlərdə hər bir yazının qələm olduğu il, ay, gün qeyd olunub. Gərək mən gedib o tarixlərə baxım görüm 90-cı illərdə necə çalışmışam. Ümumiyyətlə, isə 80-ci illərin sonu 90-cı illərin ilk beş ili Azərbaycanda ictimai mühit nəinki yaratmaq, heç yaşamaq üçün də yararlı deyildi. Heç kimin içi gülmürdü. Qarabağ torpaqları qısa müddət ərzində ermənilər tərəfindən vəhşicəsinə zəbt olunmuşdu, soydaşlarımız Ermənistandan qovulmuşdular, milli sərvətlərimizi bölüşdürmək üçün qoluzorlu dövlətlər ölkənin qapısını döyəcləyirdi, 90-cı ilin 20 Yanvar qırğını  baş vermişdi, cəbhə bölgələrindən hər gün saysız-hesabsız tabutlar daşınırdı, Azərbaycanın halal haqqı tapdanırdı, ölkəyə səriştəsiz insanlar rəhbərlik edirdilər, daxildə qrupların çəkişmələri ölkəni dağılmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir xaotik situasiyada güldən bülbüldən dəm vurmağın yeri deyildi axı. Sizinlə şərikəm, ölkənin ruh düşkünlüyü mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində çalışanları sarsıdırdı. Əlbəttə, hamı kimi mən də dərd içində idim, qəzəbdən boğulurdum. O dövrdə yazılan şeirlərimi hirsli şeirlər adlandırmaq olar. Onlar göz yaşı töküb vaysınmır, əksinə insanları ümidə, dözümə çağırır, əclafların sifətinə şapalaq vurur. Hələ bununla hirsim soyumurdu, məhz buna görə də o dövrdə publisistik yazıları daha çox qələmə almışam, o dövrlərin “Kommunist”, “Bərəkət”, “Həyat”, “525-ci qəzet”, “Ədalət” qəzetlərini vərəqləsəniz bunu görəcəksiniz. “Ədalət” qəzetində “Ətalət” səhifəsi, “525-ci qəzet”də “Sarımsaq Satira Səhifəsi - SSS” yaratmışdım. On il sonra bu yazılar “Sınıq güzgü”, “Dombagözün hekayətləri” adlı iki böyük kitabda toplandı. O publisistik mətnlər nəinki yazıldığı, çap olunduğu vaxt, hətta indinin özündə də aktualdır. Həm üslub, həm də məzmun baxımından. Bununla yanaşı, hamının kitabının bağlandığı, çoxunun qələmdən küsdüyü 90-cı ildə o vaxt üçün həcmli sayılan “Qırxıncı otaq”, 1996-cı ildə “Dörd divar”, 1999-cu ildə “Uzaqda bir işıq” adlı kitablarım nəşr edildi. İndi mənim özümdə onların hərəsindən bircə nüsxə qalıb. Əvvəllər dönə-dönə dediklərimi bir daha təkrar edirəm. Yazıçılıq missiyadır, o gərgin yığılmış daxili enerjidir, yazıçının cəmiyyətə xidmət etmək vasitəsidir. Özünüz deyin, sıxıntılar var deyə əsgər postunu tərk edə bilərmi? XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində xalqın maddi, mənəvi durumu sizin dediyiniz 90-cı ildən çoxmu fərqliydi? Halbuki, o çətin, ruhsuz, qaranlıq mühitdə Zərdabinin, Axundovun, Sabirin, Mirzə Cəlilin, Üzeyir Hacıbəylinin qeyrətli ürəkləri məşəl kimi alov saçıb xalqa yol göstərirdi.
 
– Mədəniyyət və Turizm Nazirliyində şöbə müdiri kimi gərgin, vaxt aparan bir vəzifə tutsanız da, maşallah, məhsuldarlıq yüksəkdir. Necə edirsiniz ki, şairliklə məmurluq rahatca yola gedirlər?
 
– Qədrimi bilirəm, ömrümə məsuliyyətlə yanaşıram, ona görə. Adam var bunu burdan götürüb ora qoyur, yorulur. Mənim naturam yorulmayan naturadır, ruhum qaynardır. Əlbəttə, yaxşı olardı ki, yalnız yaradıcılıqla məşğul olum. Bu mümkün deyil. Çünki Azərbaycandakı ədəbi fəaliyyət anlayışı ilə dünyada mövcud olan ədəbi fəaliyyət anlayışı fərqlidir. Məncə, orada müəllif işi peşəkar işdir, bizdə hobbi. Əlbəttə, təbii vergi əsasdır, amma o böyük zəhmət, çoxlu və seçmə mütaliə nəticəsində formalaşan ədəbi təfəkkürlə, zəka və intellektlə birləşməyəndə şair, yazıçı dediyin birisi bütün ömrü boyu özünü aldadır, sonda ortaya bir çürük qoz da çıxmır.
 
Uşaq vaxtı ağrıyırdım, anam məni qohum həkimin yanına aparmışdı. O, ağlaya-ağlaya həkimə dedi ki, buna çarə elə, əldən gedir. Həkim soruşdu ki, nə olub. Anam dedi: “Səhərdən axşama kitab oxuyur, arıqlayıb çöpə dönüb, axırda ya gözü tutulacaq, ya da başına hava gələcək...” Həkim söylədi ki, bacı, uşağa dəymə, qoy oxusun, oxumaqla buna heç zad olmaz.
 
Çalışmaq yaşamaq deməkdir. Bəxtimdən Nazirlikdəki işim də kitab, kitabxana, ədəbiyyat, ədəbi irsin təbliği, beynəlxalq ədəbi əlaqələr, milli kitablarımızın dünyada tanıdılması, mətbuatla əlaqəlidir.
 
– AYB-nin “Əli Kərim mükafatı”nı aldınız. Bəzi gənclər özlərindən yaşlıların müsabiqələrdə iştirakına qarşı çıxırlar. Siz bu məsələni necə izah edirsiniz?
 

– Hər bir istedadlı gənc ədibə görə ən ali ədəbiyyat mükafatından imtina etməsəm, atamın oğlu deyiləm. Ən azı ona görə ki, gələcək onlara məxsusdur. Üstəgəl, həyatım mənə ən yüksək mükafatdır, Allaha qurban olum! Yarışmaya qoşulan hər bir yazıçı yəqin ki, o yarışmanın şərtlərinə baxır, ilk növbədə əgər ortaya çıxarmağa nəyisə varsa, ona baxır, sonra görürsə ki, müsabiqədə uyğun gəlməyən bir dürlü şərtlər, məsələn, yaş senzi yoxdur, ciddi bir aksiyadır, onda qoşulmaq, yaxud qoşulmamaq haqqında qərar qəbul edir. Lap əslinə qalanda ədəbiyyatda nə ədəbi nəsil, nə də yaş rol oynayır. Çünki zaman keçir, üzü soyuq torpaq, adil torpaq bütün şairlərin yaşını bərabərləşdirir. Ortada davamiyyəti zamana sığmayan şeir qalır. “Əli Kərim adına mükafat” ölkənin yeganə və ciddi ədəbiyyat təşkilatı tərəfindən təsis olunub, müsabiqə şərtlərində heç bir yaş məhdudiyyətindən söhbət getmir. Deməli, yaşından asılı olmayaraq hər bir qələm sahibinin hüququ var ki, müsabiqəyə qoşulsun. Bəlkə təlaşa düşənləri gileylənməyə məcbur edən başqa səbəblər var? Sözün açığı müsabiqəyə poeziya üzrə əsər verənlərin siyahısı açıqlananda, onların bir çoxunun yaradıcılığına böyük rəğbətim var, mənə elə gəldi ki, satmaq üçün tapança bazarına tank gətirmişəm. Nəsə, biləsiniz ki, “Əli Kərim mükafatı”na qədər ölkəmizin bir çox nüfuzlu mükafatlarına – “Yaddaş”, Rəsul Rza adına, İsa İsmayılzadə adına, Şahmar Əkbərzadə adına mükafatlara layiq görülmüşəm. Türkiyə və Rusiyada ədəbi ödüllərlə təltif olunmuşam. Özümə də söz vermişəm ki, şeirini bəyəndiyim nə qədər yaxşı şairin adına müsabiqə olsa, iştirak edəcəyəm. Daha buna görə heç kəs məni qınamasın.
 
– Şeirlərinizə mahnılar bəstələnir...
 
– Demək olar ki, yox. Eldar Mansurovun “Payız”, Tahir Əkbərin “Könlüm”, “Bir gün varsan, bir gün yoxsan”, Əsəd Cahangirin “Gedək ötürüm səni” adlı şeirlərimə yazdıqları mahnıları nəzərə almasaq, demək olar ki, yox. Dinləyicini bilmirəm, sözlərimə yazılmış mahnıların heç birini bəyənmirəm. Halbuki kitablarımda bir mahnı teatrına bəs eləyən qədər musiqiyə yararlı mətn var. Görünür, o mətnlərin ikiqat harmoniyasını eşitmək mənə nəsib olmayacaq. Necə ki, Məhəmməd Füzulinin xəbəri yoxdur ki, Üzeyir Hacıbəyov onun poeziyası əsasında “Leyli və Məcnun” operasını yaradıb. Amma hərdən ürəyimdən keçir ki, bütün muğam rənglərinə söz yazım. Çox güman ki, uzun illər bundan qabaq həmin o muğam rənglərinin sözü olub, bəzilərininki qalıb, bəzilərininki yox.
 
– Digər müsabiqələrdən fərqli olaraq ,adətən, “Qızıl Kəlmə Ədəbi Mükafatı”nın nəticələrindən narazılıq olmur. Bu ideal qərarlara görədir, yoxsa başqa amil var?
 
– Bunun səbəbi əsərlərə professional yanaşmaya və ədalətli qərarlara görədir. Həmişə də belə olacaq, çünki onun bünövrəsi halaldır, düzgündür. “Qızıl Kəlmə Ədəbi Mükafatı” Azərbaycan dövlətinin şair, yazıçı, tərcüməçi, tənqidçi və publisistlərə diqqətinin təzahürlərindən biridir. 2009-cu ildə ilk dəfə keçirilib. Əsasnaməyə görə bir ildən bir elan edilir. Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Rəşad Məcid, Vaqif Yusifli, Zeydulla Ağayev və digərlərindən ibarət seçmə münsiflər heyəti var.
 
– Müsabiqədə mükafatlar çox hallarda iki yerə bölünür...

 
– Əslində, mükafat bölünmür, mükafatın vəsaitinin bölünməsi halları olmuşdu. Bu onunla əlaqədardır ki, bəzən iki əsərin estetik dəyəri biri-birinə çox yaxın olur. Amma mən çox istərdim, elə parlaq əsərlər təqdim edilsin ki, hamı birmənalı olaraq tək müəllifə səs versin.
 
– Mükafat alanlardan bəziləri həm mükafatı qəbul edir, həm də seçimin tam ədalətli olmadığına eyham vururlar. Buna necə baxırsınız?

 
– Əlbəttə, yaxşı baxmıram, bəy dediyin nədi, bəyənmədiyin nədi? Ümumiyyətlə, mənə elə gəlir ki, bizim ədəbiyyat ətrafı mühitdə ciddiyyət qıtlığı var. Buna yol vermək olmaz. Biz insanların yazıçı, şair adına bəslədiyi ehtiramı qorumağa borcluyuq.
 
– Bəzi önəmli vəzifə tutan şair, yazıçı övladlarının da yazıçı olması dəbdədir. Nə əcəb sizin ailədən yazıçı yoxdur?
 

– Evdə mənim kaprizlərimə güclə dözürlər, biri də olsa, batarıq, belə yaxşıdır (gülür).
 
– Ədəbi tənqidin sizin yaradıcılığınıza münasibətindən razısınız?

 
– Nəinki mənim yaradıcılığıma, ədəbi tənqidin ümumən ədəbiyyatımıza münasibətindən narazıyam. Bəsit təfəkkür, əsassız tərifnamələr, şablon yanaşma, hələ bu azmış kimi qeyri-obyektivlik, dostbazlıq, dəstəbazlıq, otuz ildən bəri bir sətir yazmayan adamları gündəmdə saxlamaq cəhdi... Bütün bunlar müsbət anlamda heç nə vəd etmir.
 
Konkret mənim yazılarıma gəldikdə xeyli məqalələr var. Nizaməddin Şəmsizadə, Nizami Cəfərov, Ağacəfər Həsənli, Nərgiz Cabbarlı, Bəsti Əlibəyli, Mahirə Abdulla, Elnarə Akimova yazıblar. Hamısı sağ olsun. Amma çox istərdim ki, böyük hissiyyatlı hansısa bir ədəbiyyatşünas yazılarımla baş-başa qalıb söhbətləşəydi. İnşallah, yaşayarıq, onu da görərik. Hələlik isə qələm əlimdə, kağız önümdə, eynək gözümdə, masamın başındayam. /kulis.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.