Yaşar Bünyad - Miqrant
09.12.13
Hekayə
-İt uşağı..! Niyə öldürürsüz onu..?! O yazıq sizə neyləyib ...Qancığın doğduqları..! İlk zərbə gözlənilməz oldu.Lap bazarın girəcəyində gül satan Cəbrayılı təpikləyən skinxedləri qarğıyan Nataşa xalanın boğuq naləsi qulağıma çatar-çatmaz gözlərim qaraldı.Papağım meyvə köşkünün üstüylə dığırlandı ayaq altına.Bir andaca, təzəcə səliqəylə yığdığım meyvə-tərəvəzlər taxta yeşıklətiylə birgə göyə sovruldu. Elə bil qasırğa keçdi bazardan.Sonra bir, iki..,beş...Zərbələr o qədər insafsızcasına bir-birini əvəz edirdi ki, gödəkçəmi güclə çevirib ciddicəhdlə başımı qorumağa macal tapdım. -Naa ! Poluçay, tvayo matt.! Çernajopı...Poluçayte ...Vaşuu mattt..! -Çıqani neşşastniye ..Ubyuu..! naa..na..! Heç beş dəqiqə keçmədi ki, başları ülgüclə qırxılmış yekəpər cavanlar bütün bazara hakim kəsildilər; piştaxta arxasında ,rəngi qara kimi görürdülərsə əl-qol atmağa belə aman vermədən , qəddarcasına , haralarına gəldi zərbələr endirirdilər.Qəzetlərə bükülmüş armaturların küt taqqıltısı, ağır çəkmələrin , yumruqların gubbultusu qulaqlarımda elə dəhşətli uğultu yaratmışdı ki, sandım, bu dəqiqə beynim partılayacaq! Çoxlarının “siftə”si qəfil hücum oldu.Bazara gəlmiş alıcılar çaş-baş qalıb tez küçəyə qaçışdılar.Yerli əhali öyrəşmişdi buna. Belə vaxtlarda it də yiyəsini tanımır... Son vaxtlar hakim orqanlar millətçi qruplaşmaların özbaşınalığına göz yumduqca onların əl-qolu daha da açılırdı.Qeyri slavyanlar işləyən, yaşayan ərazilərə gözlənilməz basqınlar edir, qəddar cəlladlar yığınağı dinc “qara”lara öz gücünü göstərirdilər;xüsusi hərbi təlim keçmiş, nasist əhval-ruhiyyəli , pezəvəng cavanlardan ibarət olan bu dəstələr qarşısına çıxanların heç birinə aman vermirdilər.Üç-üç, beş-beş bölünüb bazarın altını üstünə çevirdilər bir anda. Narın –narın yağan qar yavaşıyırdı... Millətçi dəliqanlılar , deyəsən , bizim cərgədən azca aralanmışdı ki, Nataşa xala məni öz köşkünün arxasında gizlətdi .Belə olmasaydı, risk etməzdi. Mənə yardım etməklə özünə ölüm hökmü yazırdı bu qadın .Slavyanlarla işləri olmayan qızğın kütlədən kimsə bunu görsəydi , qadın olduğuna da məhəl qoymayıb onu da təpikləyərdilər bizim kimi. Bir tabutluq vücudumu bu mərd qadının himayəsində hiss etdiyimdən bir az sakitləşdim... On il üzünü görmədiyim kiçik əmimi okivar söydüm ! Özü eşitməzdi.Bilirəm , eşitsəydi it balası kimi çırpardı məni. Amma yox, bu dəqiqə yanımda olsaydı, bu vəziyyətimi görsəydi bir söz deməzdi yəqin...Doyunca ürəyimi boşaltdım - söydüm, söydüm... Əmimə deyən lazım idi , ayə, dədən, baban kənddən qırağa çıxmamışdı- acından ölmüşdü?! Deyilənə görə , babamı düz kənddən arabaya mindirib aparıblarmış müharıbəyə.Sağlığında danışdığına görə Berlinəcən gedib. Haralardan keçib, neçə nemes öldürüb deyə soruşanda da başlayırdı:“ ayə, andıra qalmış sapoqun bir tayı barmağımı elə mazol eləmişdi ki, vallah , ağrısından nə vaxt Berlinə çatmışam xəbərim olmub”, guya ki, müharibə beşgünlüymüş, bir aylığmış... Nənəm hər dəfə babamı çimizdirəndə bədənini qarış-qarış yoxluyub deyirmiş: “ Ay, Zülü, -babamın adı Zülfüqar idi ,-elə bil müharibədən yox, kolxoz iclasından gəlmisən...Ayə, bu boyda bədənə bir nemis gülləısi də dəymib eee... maaşallah !” Babam da susarmış. Davadan danışmağı xoşlamazdı kişi.Bəlkə də danışmağa sözü yoxmuş ? Qələbənin 20 illiyində babama medal vermişdilər; igidliyəmi, yoxsa şücaətəmi görə-bilmirəm. Onda, medalı “yumaq”çun həmyaşıdları böyük əmimgilə yığışmışdı. Məktəb direktoru Əlipaşa müəllim yüz vurandan sonra soruşmuşdu: -A Zülfüqar, baxıram hökumət də sənə qiymət verir,medal verir yəni... Hə ,danış görək döyüş yolundan, qəhrəmanlığından.., ayə, özünlə qəbirə aparacaqsanmı ürəyindəkiləri? Bəlkə..,çekist olmusan, sekretni işdə olmusan,hə? Bilsək nə olar?! Babam xeyli fikirləşdikdən sonra neçə illər içində boğduğu sirrini ürək ağrısıyla, yana-yana danışmışdı ilk dəfə: -Ay əzizlərim! Nə sekret, nə çekist..? Davanın ilk günündən... sonuna kimi qərargah aşbazının köməkçisi qoydular məni.Kartoşka –soğan təmizləyirdim.., odun yarırdım-Kövrəldi, sanki, ən alçaq, vecsiz iş görübmüş,-Hamısı da...dil bilməməyimin ucbatından...Rusca kərt-kürt eləsəydim ,mən də boyevoyda olardım, nemis öldürərdim ! Kişilər ona ürək-dirək verdilər ki, sən lap vacib iş görmüsən -əsgərlərin qarnını doydurmusan ! Qəm yemə əşşi.Biz də deyirik , Zülü davadan gələni niyə bikefdi... Onda çox balacaydım və çox şeyi başa düşmürdümsə də babamın uşaq kimi kövrəlməyi yer eləmişdi mənə.Elə onda özümə söz vermişdim ki, rus dilini öyrənəcəm. Çünki, sovetin düşməni çoxdu və istənilən vaxt yenə dava olar.Dil bilməsəm, babam kimi kartof təmizlərəm axı?!.. ...Nəfəsimi güclə alırdım.Deyəsən , ciyərim zədələnib.İçimdə qəribə bir istilik hiss edirəm-nəfəsimlə burnuma dəyir tamı...Qulağımdakı uğultu səngiməmişdi hələ. Nataşa xala da nəhəng bədəniylə köşkün qabağında dayanıb məni gizlədirdi ki, görməsinlər..Başqası olsaydı çoxdan yığışıb getmişdi .Neçə il idi onunla üzbəüz köşkdə alver edirdik. İncikliyimiz olmayıb aramızda.Dediyinə görə oğlu kimi istəyirdi məni.Deyirdi “siz azərilər böyüklərə çox hörmət edirsiz...Cənnətin qapıları üzünüzə həmişə açıqdır ”... Neyləmişdim ona? Səhərlər bazara ilk gələnlərdən biri mən idim.Sonra Nataşa xala , əri Andrey əmiylə gəlirdi. Öz malımı boşaltmamış Andrey əmiyə kömək edirdim kənddən gətirdiyi süd, qaymaq bedonlarını daşımağa.Allahtərəfi, yaşlı da olsalar , o qədər təşəkkür edərdilər , utandırardılar məni... “Cənnətin qapıları...” Hardadı o qapılar, harda? Başımdakı küt ağrı, hərəkətsizlikdən iliyiməcən işləyən soyuq məni haldan salmışdı.İsti, yumşaq bir yer olsaydı...Nataşa xalanın ayaqları arasından qırıq taxta yeşiklərin, əzik-üzük olmuş xiyar, pomidor, badımcan qalıqlarının altında tapdaq olmub, əzik boz papağımı gördüm. Qulaqlarım, başım elə üşüyürdüki... ...Biz kənddə yaşayırdıq.Yeddi yaşım olardı.Kiçik əmim əsgərlikdən gəlmişdi, deyəsən, Sverdlovskidən.Əsgər gedəndə əmim qapqaraydı mənim kimi, atam kimi. Xalalarım deyirdi ki, əsgərlik Səlimə düşüb ; kökəlib, ağarıb maaşallah ! Və, o qədər dedilər ki, axırda əmim həmişə ağ qalmaq istədi –yığışıb getdi Rusyətə. Hə, Rusyətə yola düşməmişdən bir həftə əvvəlBakıya , bilet almağa gedəndə məni də özüylə apardı.Nəslimizdə, uzağa gəzməyə gedən ikinci kişi mən oldum.Bilet alandan sonra şəhərdə gəzdirdi əmim. O qısa tumanlı qızlara baxırdı, mən də mağazaların iri vitrinlərinə.İlk dəfə dondurma , peraşki yedim.Deyəsən, çox yedim.Qarnımda sancılar başladı.Əmimə dedim “işim var”. Yaxınlıqda ayaqyolu tapmadı.Mən dözə bilmirdim.Əmimin mənə yazığı gəldi. Işarə elədi ki, parkdakı kolluğa girim...Hə , bu başqa məsələ ! Lap kəndimizdəki kimi, girdim kolların arasına, şalvarımı tez aşağı çəkib çömbəldim.Əmim, nədənsə uzaqlaşdı məndən, lap uzaqlaşdı, guya mənim əmim deyil. Yol ilə keçənlər mənə baxıb, rusca nəsə deyirdilər.Çünki, Bakıda, demək olarki hamı rusca danışırdı və mən də babam kimi rus dilini bilmədiyimdən onları başa düşmürdüm .Babama bütün davanı kartof təmizlədiyinə görə yazığım gəlirdi. İndi isə özümə ... Rahatlandım, kolun yarpaqlarıyla özümü təmizlədin.Nə yaxşı ki, böyürtkan kolu deyildi..! Şalvarımı düymələyib qaçdım əmimin yanına.Utana-utana soruşdum ki, o arvadlar nə deyirdi mənə? Güldü, cavab vermədi... ...-Çernajopı... Vaşu matt..!- yaralı ayı bağırtısına bənzər səslər kəsilmək bilmirdi.Bazara bomba düşmüşdü elə bil ;cərgələr dağılmış, şülkit olmuş kişilər orda-burda sərələnmiş qalıb zarıyırdılar. Bunu artıq düşünməyə dəyməzdi. Ayağımın altındakı bu torpaq heç vaxt mənim olmayıb, heç vaxt! Yanılmışdıq. Sevə-sevə “böyük Vətənimizin paytaxtı Moskvadır” deyəndə də.Babalarımız çiyin-çiyinə döyüşəndə də bizim olmub.Bəlkə... ...Qaçıb canını qurtaranlar da olub, yəqin ki, olub. “Qaçmaq da bir iğidlikdi”. İçimdə nəsə qırılmışdı elə bil. Bədənim soyuduqca ağrılar şiddətlənirdi.Nataşa xala vəziyyətimin nə qədər ağır olduğunu duyduğundan “döz...bir azca da döz...”-deyə işarə edirdi. İlahi, bu millətçilərdə bu qədər kin, nifrər, aqressiya hardandı?! Görəsən, babamın qarnını doydurduğu , faşizmi yox edən əsgərin nəvəsinin qəlbində Hitlerə olan məhəbbət hardan doğur? Bəlkə nasistlər gizlincə giriblərmiş Moskvaya, Berlinəcən qovulan heç onlar deyilmiş?! Tarix müəllimim deyərdi ki, Bakının nefti olmasaydı Stalin müharibəni uda bilməzdi...Bəlkə nasistlər neftin qisasını alırlar bizdən?! Cəhənnəm olsun nasistlər... ...Əsgərliyim Amur vilayətində keçdi.Bərkə-boşa düşdüm.Bir az da kişiləşdim.Hərbi hissəmizdə ruslar çoxluq təşkil edirdı .Qəribədir , hər kəlmə başı , komandirdən tutmuş sıraviyə kimi bir-birinin anasına söyürdülər və bunu qəbahət saymırdılar-adət etmişdilər bir növ...Bir dəfə , əmrini vaxtında yerinə yetirmədiyimə görə hirslənən komandir anamın atamdan başqa bir kişinin toxunmağa haqqı çatmayacağı yeri söydü.Mənə elə gəldi ki , o söymədi, eləcə, atamın elədiyini elədi , özü də mənim gözümün qabağında ! Leytenantı necə vurmuşdumsa , bir həftə hospitalda yatmışdı. Ştab rəisinə əhvalatı olduğu kimi danışdılar. Rəis dinmədi, heç cəzalandırmadı da .. .Şaxtalı dekabr gecəsindən yağan qar ara versə də, havada güllə kimi uçan murdar söyüşlər təpik, yumruq zərbələrinin guppultusundan da tez qulaqlarıma soxulurdu.Tükürpədən qışqırıqlar, köməksiz qalan kişilərin naləsi ondan da betər idi. Sanki yer , göy lərzəyə gəlmişdi . İkiəlli başımı qucaqlayıb dizlərimin arasına sıxdım.Özümə nifrət edirdim!Hamıya nifrət edirdim! Acizliyimə , fərsizliyimə görə..Bu dəqiqə uzaqda, lap uzaqda bizimçin dua edən analarımızın, bacılarımızın ləyaqətini qoruya bilmədiyimə görə .Bir də bu dili bildiyimə görə, necə həvəslə, sevgiylə öyrəndiyimə görə nifrət edirdim özümə! Babamın kövrəlməsinə fikir verməyəydim kaş...Təki kartof təmizləyəydim, odun doğrayaydım...Başa düşməyəydim bu murdar sözləri...Parkdakı ağız büzən arvadları da yaddaşımdan siləydim kaş...Əmim kimi ağ olmağı arzulamayaydım ! Kaş ki... ...Leytenanta dəyən zərbədən sonra mənimlə ehtiyatlı dolanirdılar-qorxurdular məndən.Zaman əsgərlikdə elə bil dayanır.Sanki, iki il yox, iyirmi il ötdü.Hər gecə yuxularımda olan kəndimizə qayıdanda atam qurbanlıq qoyun kəsib payladı.Əmilərim bütün kəndi, Bakıda olan qohumlarımızı yığıb bayram etdi. Düz bir ay davam etdi ... “Gündüz naxıra, axşam axura”-başımda bircə bu fikir fırlanırdı.Kolxoz , kənd həyatı tez bezdirdi məni.İndi yuxularıma şam , ağcaqayın meşələri, “samovolka”da görüşdüyüm Lena.., girirdi. yuxularım uzaqlara, uzaqlara çəkirdi..Anam duymuşdu.Qız da tapıb məni “kəndirləmək” istəyirdi- əmim kimi qaçmağımdan qorxurdu yazıq arvad...Yazıq anam,ürəyindəkini həyata keçirmək istəyənə kimi əmimin yanına qaçmışdim .Anam nə istəyirdi axı?-halal südəmmiş gəlin, beş-altı uşaq,vəssalam ! Mənsə qaçdım.Söndürdüm atamın çırağını,quru yurdda qoydum .İndi ...görəsən neyləyir ? ...Oturub doqqazın ağzında, qara su gəlmiş gözlərini ovxalayır , məni ondan alan yollara baxır. Bəlkə... Ağrıdan nəfəs ala bilmədim. Gözümdən axan acı su dodağıma toxunanda diksindim; istiydi acı su.Bədənimsə buz kimiydi-quyumuzun suyu kimi. Qayıdacam ! Bax, bu it uşaqları cəhənnəm olan kimi gedib , şələ-şüləmi yığıb gedəcəm anamın yanına! Beynimdə qırıq-qırıq fikirlər dolanır. Qırx ildə yaddaşımda itkin düşən bu xatirələrdən başqa nəyim vardı ki ? Kiməm ki ?Ömrü boyu doğma sandığım bir toplum içində öz keçmişiylə pıçıldaşan yad bir varlıq –MİQRANT ! Bu kəlmənin dar çərçivəsindəyəm...və başqa heç nə...Ağırlığına tab gətirəcək çiyinlərimi də çox gördüm sənə, ana.. ! Milislər gələr gəlməz Andrey əmi də qayıtdı .Nataşa xala ürəkləndi.”Bayaqdan harda itib batmısan?!”-deyə, ərinə acıqlandı.piştaxtanın dalına keçdi, qoltuğuma girib məni sinəsinə çəkdib, bəlkə də mən eşitməyim deyə pışildadı:-Tez ol, kömək elə ...maşına mindirək..,ölər yazıq... ...Təkərli xərəkdə ,işıqlı xəstəxana koridoruyla aparırlar məni.Yox, aparmırlar, elə bil uzun tuneldə uçuram.Nə yaxşıymış uçmaq! Nataşa xalanın üzündə təlaş var.Yanındakıları kiməsə oxşadıram...Yuxarıdan gözlərimə süzülən ağappaq işıqların şüası gah gurlaşır, gah da yox olur... Üzündəki təbəssümü oğurlayıb qaçandan bu tuneldəymişəm, ana. Az qalıb...Oğlunu qucaqlamağa, saçlarını oxşamağa az qalıb...Ana, heç ağarmadım ki, vallah, atam kimi qapqara qalmışam...Təkcə... saçlarım ağardı, ana... Göz qapaqlarım ağırlaşır.Nəsə qonur sinəmə , nəsə -daşdı elə bil... Tunel nə uzunmuş..?! Bayaqdan gözümü deşən İşıq... həə, o işıq ...hara yox oldu..? Eheeeyy...Gəlirəm.
Avanqard.net
|