Azad Qaradərəli - Kərimin itini öldürdülər!
11.12.13

Hekayə
   
                                        
Yaradıcı gənclərimizə ithaf edirəm


                          Müəllif
          
      -Kərimin itini öldürdülər! Kərimin itini öldürdülər!
    Muğan günəşinin  torpağını qovurğa kimi qovurduğu tozlu yolla qaçışan uşaqların qışqırtısı  6 nömrəli kəndi başına götürmüşdü. Südəcər uşaqları ətəklərindən sallaşan  kənd  arvadları  bu səsə tərəf  uçuna-uçuna boylanır, dillərinin altında  nəsə vıdılayırdılar. O birisilərin dedikləri başa düşülməsə də, kəndin girəcəyindəki həyət qapısından boylanan  dul Şəmsiyyənin dilindən qopanlar aydınca  eşidilirdi:
    -Allah, sən saxla...
    Bir az sonra kəndə bir yük maşını gəldi və  sürücünün yanında oturmuş qaraşın, hündürboy  oğlan olan Simran kabinədən  düşüb  bana  qalxdı, hələ canı tam çıxmamış, yerində zəif-zəif qıvrılan, qıvrıldıqca da ulartıdan çox  zavıldamağa  bənzər səs çıxardan   iti (əslində itleşi demək daha düzgün olardı)  ehmalca endirib yerə qoydu.
    (Adı  Pələş olan it külrəngiydi. Qulaqları səliqəylə kəsilmişdi, quyruğu da bir qarış aşağıdan vurulmuşdu. Oğlanın güclə maşından endirməsindən iri çoban iti olduğu bilinirdi. Əl-ayağını  zəif-zəif  tərpətməsindən hiss olunurdu ki, onu  möhkəm  əzişdiriblər.)
    Adamlar buna  bəndmişlər kimi iki-bir, üç-bir maşına  tərəf  irəlilədilər. Bir anın içərisində  artıq canını tapşırmaq üzrə olan it leşinin  ətrafında bəlkə yüzə yaxın arvad-uşaq vardı.  Yavaş-yavaş ordan-burdan çıxan kişilər də  həyət-bacada, yaxud iş yerlərində  işlərini yarımçıq qoyub  dəstəyə qoşulurdular. Arvad-uşaqlar nə qədər  çaxna-vaxnalı, səksəkəli idilərsə, kişilər bir  o qədər qaradinməz, daş kimi soyuq idilər.
    Handan-hana aralıdan  80 yaşlarında qoca, amma qoca olduğu qədər də şövqlü  bir kişi də  dəstəyə tərəf gəlməyə başlad. Əynində  bahalı kostyum, başında qaragül papaq,  damağında tüstülənən qəlyan olan  qoca  adamların toplaşdığı yerə çathaçatda  bir an  ayaq saxladı.  Bunu görən adamlar ikiyə şaqqalandılar və kişi gələn səmtdən it leşinəcən iri bir yol yarandı. Bu yolla  qıvraq addımlarla  yeriyən qoca bir sağ dəstəyə, bir sol dəstəyə baxıb, nəhayət it leşinə doğru  getdi.
         İt daha tərpənmirdi. Bayaq maşında  gələn qaraşın gənc qocanın qabağına çıxıb  günahkar görkəm aldı və dedi:
    -Baba... Şotlanlılar...
    Kişi  sağ əlini qaldırdı, oğlanın sözü ağzında qaldı. O gəlib artıq ölmüş itin sağına keçdi, soluna keçdi,  ağzından qan gələn  heyvanı  ayağının burnuyla yüngülcə itələdi və soruşdu:
    -Gülləynən vurublar?
    -Yo-ox, baba, araya salıb ağacla, armaturla döyüb öldürüblər...
    -Bə ora nə təhər gedib çıxıb?
    - Qancıq  aparıb...
    Oğlan  son sözü deyəndə  qəhərləndi. Kişi dik onun üzünə baxdı və  təpindi:
    -Kiri, ə. Deyərdim sən də get, onnarınkini öldür, amma demərəm. Olmaz. Day o zamana dəyil. İtdi, qanmıyıblar, öldürüblər, öldürüblər.  Neynək...
          Sonra üzünü yığılanlara tutdu:
          -Amma yadınızdan çıxatrmıyın, bu tayfa biznən köhnə düşmançılığın davam elətdirir... Biz bırda qonağıq... Beş ilmi, on ilmi, bilmirəm... Amma qonağıq. Gərəy, elə oturax-durax ki, adımıza söz yapışdırmasınnar... Aparın, bir tərəfdə  çala qazın, bunu  da quyluyun  orda.
                                           
                                  Pələş

    Məni qurban verdilər. Bilirdim ki, bir gün məni öldürəcəklər. Bilirsiniz haçan bildim? Şotlanlılar sürüyə toxuyanda. Hər iki tərəf silahlıydı, amma qorxudan silaha əl atmadılar. Öz rayonları deyil axı. ( Hə, belə xoruzlanmaqlarına baxmayın, erməni  “hu” eləyən kimi veriblər şalvara, mənim kimi minlərlə iti-pişiyi, eşşəyi-atı-qatırı, kəndləri-şəhərləri, ataları-babaları yatan qəbiristanı qoyub qaçıblar... Yaxşı bizə çımxırarlar: “Rədd ol! Pəşol!..”) Teymur məni qısqırdı bunların üstünı: “Pələş, tut! Kıs-kıs-kıs! Fışt-fışt-fışt!” Mən də axmağın təkiyəm də. Özümü atdım Şotlanlara tərəf. Biri belimə ağacla vuranda dalın qamarladım, şirin ərin şalvarqarışıq qopartdım. O  qaçanda o birisinin də yançağın yığdım ağzıma... Hə, bilirdim ki, bunun qisasını mənnən çıxacaqlar...
           Bu Kərim kişi var ha, bizim ağamızı deyirəm, özü çox saf adamdır. Adamların da, itlərin də qədrini biləndi. Amma oğlu... Oğlu axmağın, qəpikgüdənin biridir. Əlində əlacı olsa, bizə yal da bişirtməz. Amma atasından qorxur. Hə də, axı fermer təsərrüfatına o baxır – Teymuru deyirəm. Özüm qulağımnan eşitmişəm, Kərim kişi bir dəfə əl ağacıyla qıcandı bunun üstünə ki, ay çaqql gədə, mən sənin adını Teymur qoydum ki, Teymurləng kimi cahangir olasan, ya o düdəmə rus şairi Yevtuşenko kimi mırtın, çənənin biri!? Mən adam dilin, illah da Kərim kişinin dilin çox adamdan, lap elə oğlu Teymurdan yaxşı qansam da, bu Yevtuşenko əhvalatı nədir, anlamaram. Sonra iki çobanın söhbətindən bildim bunu. Demiyəsən, o şair Kərim kişinin qonağı olanda arvadı bu Teymura hamiləymiş. Arvad bir-iki dəfə rus şairinə baxıb-baxmıyıb, gədə elə bil fırt eləyib onun burnundan düşüb...  Zahiri oxşamağına baxma ha,  ağılda heç onun topuğunnan  da  deyil. Nə şair canım, heç dədəsi Kərim kişiyə də çəkməyib. Deyirlər, bir gic dayısı varmış, axşamacan kəndin küçələrində it döyürmüş. (Sözə bax də, səni allah! Bu camaat bizsiz heç keçinə bilmir  e. Kəlməbaşı biz  itləri  dillərinə dolayırlar: “İt olub hürərəm”, “İt oğlu, it”, “İti görüm, qurdu görüm, səni görməyim”, “İt itliyiynən qıçın qaldırıb bunun üstünə işəməz”, “İtdən alıb , itə verdi”... ) Adına Dəli Güləli dedikləri o kişini nə qədər eləsələr də  işğal günü kənddən çıxarda bilməyiblər. Elə  həmişə ağzında olan siqaretini tüstülədə-tüstülədə  deyirmiş ki, bəs mən burdan getsəm, tükanı hardan tapacam, siqareti hardan  alacam? Maqazin ki, yerində qalır, mən onu qoyub gedə bilmərəm... Sonralar bacısı ağlaya-ağlaya deyirmiş ki, yazıq qardaş, bəs o xaraba dükanda siqaret qurtarannan sonra sən siqaretsiz necə qaldın? Burda bu adamların sözü yada düşür:  itin olum, ay allah, demir ki, ay qardaş, erməni sənin başına nə oyun açdı, deyir siqareti hardan aldın, siqaretsiz necə ötüşdün?
    Day nəfəsim boğazıma yığışıb deyəsən... Səsim də çıxmır. Əlvida işıqlı dünya. Əlvida sevgili  Sarı qancıq...
   
                                      Müəllif
   
            Qaragünnü kəndinin camaatıynan Şotlanlı  kəndinin camaatı neçı yüz illərdi ki, o dağlarda  bir yaşamışdılar. Bu iki kəndi  bir  çay ayırırdı. Qaragünnülər bu çaya Qaragünnü şayı, Şotlanlılar  Şotlan çayı deyirdilər. Qaragünnülər  zərif, bir az təmiz-tarıx adamlardılar, Şotlanlılar qaba, bir az  kələ-kötür idilər. Qaragünnülər yavaş danışar, danışanda da  elə bil şeir  deyər, avazla mahnı oxuyardılar. Şotlanlılar ucadan, bağıra-bağıra danışardılar, əsas da söyüşnən. Uzun sözün qısası, bu iki kənd bir-birinin tam tərsi idi. Burda qədimlərdə qan düşmənçiliyi də olmuş, amma ağsaqqal-qarasaqqal yığışıb qanı bağlamış, artıb-çoxalmasına imkan verməmişdilər.
    Son zamanlarda, yəni erməni işğalınacan bu kəndin başbilənləri bir-biriynən dil tapsa da, camaat  bunu bacarmamış, yenə bir-birini asıb-kəsmişdilər. Hətta lap elə işğal günündən iki gün qabaq  Şotlanlılar vurub Qaragünnülərin birinin atını şikəst eləmişdilər. Qaragünnülərdən də bir nəfər eləməyib tənbəllik onların iki atını quyruq-quyruğa bağlamış,  atlar dartıb bir-birinin quyruğunu qopartmış, pis günə qalmışdılar. Bu at-quyruq məsələsi də nədi, nə deyil, day bunu çözələmirəm. Əgər erməni işğalı olmasaydı, Şotlanlılar bunun hayfını mütləq nəynənsə çıxacaqdılar. Amma köpək oğlunun ermənisi kəndləri almış, buna imkan verməmişdi.
    İndi bude, üstündən iyirmi il keçib, axır ki, qəsdə qəsdlə cavab vermişdilər... Özü də necə? Kəndin başbiləni,  ağsaqqalı Kərim kişinin itini öldürməklə! Yüz il əvvəl bunun üstə adamın anasını ağladardılar. İti öldürmək, elə oğulu öldürməyə bərabərdi.  Qapının itini öldürmək,  sənin qapının qarovulçusunu öldürür deməkdi. Yəni, sənin evinin, həyətinin qoruyucusunu öldürdüm, dalınca da girib nə istəsəm onu edərəm... Bu namus məsələsi kimi bir şeydi əslində... Namus da ki... zəhərə qalsın onu, buralarda  üstünə çəkməyə yorğanın, yeməyə bir qarın çörəyin olmasa da,  namusun olmalıydı. Bu bir emblem kimi, etiket kimi, yarlıq kimi, lap elə bayraq kimi idi buralarda.
            Qoca bunları ürəyində götür-qoy edir, bir mətləb üstə gələ bilmirdi. Əsas da ona yer edən oydu ki, allahın verdiyi ömrü  başa vurandan sonra  onun kəndi, camaatı, nəsli-nəcabəti  həm çölləməçöl   olmuşdu, üstəlik də bu avara tayfanın əlində əsir-yesir qalmışdı.
    (Amma hərdən Şotlanlıların varlığına sevinirdi kişi. Bunnarın varlığı bizim bu kür-küçüyü  ayıq-sayıq olmağa vadar  eliyir. Yoxsa, günortayacan yatar, gün göbəklərinə düşəndə durub acıqlarını arvadın üstünə töküb gedərlər iş-güc dalıncan. Elə  bir vər  otu biçib qurtarmamış axşam düşər, kor-peşman evə dönərdilər. İndi əlinə döndüyüm Şotlanlılar bunların biçənəyin naxırla basanda, otlarını gecəynən biçəndə, qoyunlarını sürünün dalından çəkib aparıb kəsəndə bunların da gərək gözü dörd ola. Necə ki olur da.)
                                                        
    Kərim kişi rayonda ən sözükeçən  adamlardandı. Əvvəl texnikumda, sonra da Bakıda institutda oxuyanda  çoxlu tələbə dostları qazanmışdı ki, indi onların hərəsi bir yerdə yaxşı vəzifədəydi. Biri – ən yaxın dostu isə  isə nazir idi. Elə bu nazirin əliylə Kərim kişi rayonda hər vəzifədə işələmişdi. Təhsil şöbəsinin müdiri, camaatın  “raypo” dedikləri idarənin – Azərittifaqın rayon şöbəsinin  rəisi, raykomda ikinci katib, öz məktəblərinin direktoru, kolxozlarının sədri və nəhayət üç kəndin – Qaragünnü, Gümüşlü və Şotlanlı kəndlərinin sovet sədri. Hamısına dözmüşdü Şotlanlılar, təkcə bu üç kəndin birləşdirilib bir sovet olmasına  razı olmamışdılar... İllah da bu vəzifəyə Kərimin qoyulmasına heç cür dözə bilmirdilər. Aradabir Gümüşlüyə ismarıc  göndərmişdilər ki, gəlin, birləşək, raykoma şikayət edək, Kərimi vəzifədən götürdək. Gümüşlülər buna getməmişdilər. Nədən ki, onlar Qaragünnülər kimi dinc adamlar idilər, hətta onlarla dədə-babadan qohumçuluqları vardı, qız alıb, qız vermiş, kirvəlik-şorbalıq eləmişdilər. İndi durub nə adla Kərimin üzünə ağ olsunlar? Adamın allahı var,  Kərim də heylə pis adam deyildi. Düzdü, yeməyinə kolxozun, dövlətin malın bir tərəfdən xımır-xımır yeyirdi, amma nə olsun? Bal tutan balmaq yalayar. Kimi qoysan, yeyəcək. Kərim isə həm yeyirdi, həm yedirdirdi. Bu “yedirdirdi” sözü hər mənada yerinə düşür. O, həm sovetliyə gəlib-gedən hökümət adamını yemləyirdi, həm də kəndlərin camaatına yaxşı baxır, dolanışıqlarının yaxşı olmasına çalışırdı. Daha beləsinin üzünə niyə ağ olasan ki? Gümüşlülər bunu göz önünə alıb  yelə getməmişdilər.
    Kərim  rayonun təhsil şəbəsinin müdiri olanda  Bəxtiyar  Vahabzadə, Fərman Kərimzadə, daha bir neçə şair-yazıçı  məşur rus şairi Yevgeni Yevtuşenkonu da götürüb  rayona  gəlmiş, orada rayon fəallarıynan görüşmüşdülər. Yevtuşenko şeir oxumuş, çıxış etmiş, sonra da birinci katibin də iştirak etdiyi qonaqlıqda içib keflənmiş, elə kefli-kefli də demişdi ki, tez olun mənə bir Azərbaycan qızı tapın.” Bəxtiyar xahiş eləmişdi ki, Gena, nə olar, bizi biabır eləmə, əgər dediyini eşidən olsa, səni burda doğrayarlar, biz də zibilə düşərik.
         Deyilənə görə,  Fərman  “ya xaçu azerbayjanskaya babku” deyib zulum-zulum ağlayan  rus şairinə usta bir şillə də çəkmişdi. Onda məsələnin şişəcəyindən ehtiyatlanan katib üzünü Kərim kişiyə tutub  “Məsməliyev, bunu götür apar kəndinizə, qatıq içirt, kəklikotu çayı ver,  yatsın, səhər işıq-işığa bas maşına,  yolla Bakıya” demişdi.
    Kərim Məsməliyev bunu bir partiya tapşırığı kimi qəbul etmiş, Yevtuşenkonu Bəxtiyarla birgə kənddəki evinə gətirmiş, təzədən gecəykən  süfrə açdırmış və eyhamla demişdi:
    -Bizim camaat dinc camaatdır, amma qonşu kənd var, Şotlanlı, onlar nadincdirlər. Bizimlə də qanlı-bıçaqdırlar. Elə eliyək ki, səs-sədamız çıxmasın, yeyək-içək, yıxılıb yataq...
    Rus şairi “Şotlanlı” sözünü eşidən kimi dirçəlmişdi:
    -Kak,kak, zdes şotlandı jivuot? – deyib onlarla görüşmək istədiyini bildirmişdi. Bəxtiyar müəllim bir təhər ona başa salmışdı ki, bu Şotlan o Şotlanddan deyil.
           Yevtuşenko butulkanı  qucaqlayaraq göz yaşı tökmüş,  Yesenindən şeirlər demiş, içmiş, yenə şeir söyləmişdi:
                                Шаганэ ты моя, Шаганэ!
                               Там, на севере, девушка тоже,
                               На тебя она страшно похожа,
                               Может, думает обо мне...
                               Шаганэ ты моя, Шаганэ.
  
    Qəfildən  üzünü Bəxtiyar Vahabzadəyə tutub demişdi:
    -Nu, Baxtiyar, a kak vaşi  adarili  devku  k Yesenunu?
    Bəxtiyar müəllim  tarixdəki Mərdəkan-İran məsələsini açıb Yevtuşenkoya danışmış, o qızın da erməni qızı olduğunu bildirmişdi.  Hinduşka kababıyla tut arağı içən Yevtuşenko  onda bədahətən demişdi:
            Ya Gena, tı ni Gena,
            Ya  geni,  tı  ni geni.
            Tı qavno, ya ni qavno,
            Tı davno, a ya ni davno...
    (Bu  sətirləri  Kərim kişi elə ayaq üstəcə  dəftərçəsinə yazmışdı.)
    Daha sonra  rus şairi tut arağından  bezib demişdi ki, mənə şotland viskisi gətirin.  (Bir az əvvəl  Kərimin ağzından  Şotlan kəndinin  adını eşitmişdi və yadında qalmışdı.) Ona başa salmışdılar ki, burda Şotlanlı  adlı kənd var, amma şotland viskisi yoxdur...
    Uzun sözün qısası, Kərim kişi ömründə o gecəki kimi zibilə düşməmişdi. Səhərəcən rus şairinin keşiyini çəkmişdi ki, birdən  içkidən partlayıb ölər, düşər qana-xataya. Elə səhər işıq-işığa Bəxtiyar Vahabzadənin sürücüsü ilə  köməkləşib onu birtəhər maşına basıb  Bakıya yola salmışdılar. Gedhagetdə Bəxtiyar Vahabzadə demişdi:
    -Çalışın, dünən baş verənlər  haqda söz-söhbət Bakıya gəlib çıxmasın.
           Amma elə səhərin gözü açılan kimi bərəni bağlayan Şotlanlının  suçusu  Qaragünnünün suçusuna demişdi:
           -Ə, eşitdik gecə urus şairinin yatağına arvad salmısıız, həylədi?
    O da qayıtmışdı ki:
    -Vallah, it oğlu ayağın dirəmişdi ki, gərək bu gecə maa bir  Şotlanlı  qızı tapasıız...
     Suçular beli götürüb bir-birinə hücum çəkmiş,  axşama yaxın o biri suçular ikisini  də al-qanın içində  sahədən tapmışdılar. Üstündən iki gün keçən kimi suçuların ikisi də aldıqları dərin bel yarasından ölmüşdülər. Şairlərin gəlişi iki ailəni başsız qoymuşdu.

                                           ***
    İndi durub neyniyəsən?  Beşaçılanı götürüb gedib o Şotlanlı  kopayoğlunun  başbiləni  Rəsulun qarnını doldurasan qırmayla?  (Rəsul  onun  rəqibi idi. Qaragünnüdə  bunun sözü nə təhər geçərliydisə, Şotlanlıda da onunki  heylə  keçərliydi.  Özü də Rəsul ondan düz on yaş cavan idi. Bu da pis əlamət idi. Ən pisi isə o idi ki, Kərim kişi ölsə, yüz faiz yerinə Rəsulu sovet sədri qoyacaqdılar. Ona görə də ayağını bərk dirəmişdi, ölməyi ağlının ucundan da keçirtmirdi. Bu xaraba Qaragünnüdə isə axır vaxtlar kadr qıtlığı idi. İçi Kərimin oğlanları, nəvələri qarışıq, bir dürüst, ağlı üstündə kadr yetişmirdi. Babatı oğlu Teymur idi, Pələşcən fəhmi yoxdu.) Bilsə ki, bununla iş düzələcək, edərdi vallah. Amma yox, bunlar  onun əvəzində  kişinin  bu il ali məktəbə girmiş,  bayaq it leşinə baxıb ağlayan  yaraşıqlı nəvəsini öldürər, heç uf da deməzdilər. Özü də bu qaçqın-köçkün  günümüzdə bizə həyan olmuş  Muğan camaatını özümüzə güldürərik. Nömrəmiz də belimizdə! Nə qədər yalvardım ki, ədə, a bala, “6 nömrəli kənd”  nədi!? Qoy yazaq Qaragünnü, dedilər, həşəbi xeybər, olmaz, yuxarının tapşırığı var, ancaq nömrəynən olmalıdır, vəssəlam...
    Kişi nə düşündüsə, gedib Şotlanlıların  kəndinin – “7 nömrəli şəhərciy”in qabağında dayandı. Kəndin lap girəcəyindəki  ikimərtəbəli binanın qapısını döydü. Bir qadın çıxdı qapının ağzına, kişini görən kimi  təpəsi üstə  qayıdıb girdi içəri. Az sonra başqa bir qadın çıxdı və kişiyə tərəf götürüldü, onun ayağına düşüb hönkürdü:
    -Allah, dədəm gəlib! Allah, itin ollam... Dədə qədəmlərinə mən balan qurban... Ay dədə, ay dədə... Üüüüü-ühü-üüü...
    Kişi qadının qolundan tutub qaldırdı, sonra üzünü ona tutub dedi:
    -Səməndər hanı?
    Qadın  şəfqətlə kişiyə baxıb bircə anda kiridi və arı-duru səslə dedi:
    -Əvdədi, televizora baxır...
    İndi iş çətinləşdi.  Qoy burdan beləsini Kərim kişi özü danışsın.
           
                        Kərim kişi
     
           ...Bu qızımdır. Düz  25 il qabaq Şotlanların  ən varlı-hallı, ən nüfuzlu ailəsinin  - Səfərovların oğlu Səməndər mənim qızımı qaçırdı.  İkisi də Bakıda APİ-ni bitirmişdilər, elə bir məktəbdə də müəllim işləyirdilər. Mən axmaq  bu boyda  yaxınlığı  hiss eləməmişdim. Beləcə, qoşulub Qafana – oğlanın xalasıgilə qaçmışdılar. Biz ora gedib çıxanacan iş-işdən keçmişdi. Elə oradaca  nigahlarını kəsdirmiş,  gərdəyə girib ər-arvad olmuşdular. Mən düz 25 ildir  qızım Rəfiqə tərəfə üz də çevirməmişəm. Onu qızlıqdan silmişdim...
    İndi budu gəlmişəm onlara. Səməndər əlində qoşalülə qapıya çıxdı. Məni silahsız görüb pərt oldu. Elə qapıdaca quruyub qaldı. Pəncərələrdən uşaqlar – nəvələrim heyrətlə boylanırdılar. Nəsə demək lazım idi. Və deyirəm:
    -Səməndər,  atan ölüb, allah rəhmət eləsin. İndi sizin tayfanın ağsaqqalı sən sayılırsan... Elə Şotlanlıların da ağsaqqalısan.... Səninlə danışmağa gəlmişəm...
    Üzbəüz  oturmuşuq. Bu yekəpər gədə  ürək  eləyib mənə tərəf heç baxmır da. Buna görə mən onu rahatca müşahidə edə bilirəm. Başı başdan çox tumbuçkaya oxşayır. Burnu kal Hadrut armududur ki, durub. Qulaqlarını da elə bil kimsə dartıb uzadıb. Mənim suyuşirin, gözəl-göyçək, təmiz-tarıx qızım bu  öküzün nəyin bəyənib, bilmirəm? Eh, qadınlardan heç fələk də baş açmaz. Qızım cəsarət edib bizə çay da vermir. Nəhayət Səməndər ona him-cimlə başa salır ki, çay qoy...  Çay gəlir, içmirəm. Guya elçiliyə gəlmişəm, qızı verməsələr, çayı içən deyiləm.
    Nəhayət, Səməndər  göy gözlərini fırladıb tamam ayrı bir səmtə baxa-baxa dedi:
    -Kərim müəllim, sizi dinləyirəm...
    Bir xeyli onun üzünə baxdım, baxdım və bura niyə gəldiyimi tamam unutmuş kimi dedim:
    -Mənim itimi öldürüblər...
    Səməndər bir mənə, bir bayaqdan bəri qapının ağzında quruyub qalmış arvadına baxıb bomboz  sifətini əllərilə ovxalayıb  “eeeehhh” elədi və gülümsünməyə çalışdı:
    -Kərim müəllim, siz dünyagörmüş adamsınız... İndi it-filan zəmanəsi deyil axı... Biz əslində şəhər yerində yaşayırıq... 6 nəmrəli, 7 nömrəli kənd, şəhərcik... İtimiz də, pişiyimiz də, var-dövlətimiz, qəbirlərimiz – hər zadımız erməniyə qaldı...
    Mən boğuq bir səslə onun sözünə qüvvət verdim:
    - Hə, orası elədi. Özü də burda qonağıq...
    -Hə, qonağıq...
    -Gəldim ki... deyim...
    Heç nə deyə bilmədim. Dalısı gəlmədi. Anladım ki, daha heç nə deyə bilməyəcəyəm. Mən əslində bura niyə gəldiyimi bilirdim. Amma bu Şotlanlı  kişisi, hansı ki, mənim oğlum yerindəydi, üstəlik kürəkənim idi, mənə bu saat müdrik  bir adam təsiri bağışlayırdı. Oturuşu-duruşu ilə, ağır taxtalılığı ilə. Bir də artıq Şotlanlı  adamlarının da dəyişdiyini, elmə, maarifə  qovuşduğunu sevinclə duyurdum. At oğrusu, mal-qara oğrusu, qız qaçırdan, yolkəsən, adam öldürən bu tayfa  əməllicə dəyişib Səməndərin  və elə həm də mənim qızım Rəfiqənin timsalında.
    Ürəyim qəfil sancdı. Tappatap döyünməyə başladı. Elə bil birdən-birə susadım. Rəfiqənin bayaqdan bəri süzdüyü, soyuyub buza dönmüş çayı birnəfəsə başıma çəkdim və çıxıb getdim.
   
                                  Simran
   
            Babam  arif adamdır. O gün məndən soruşur ki, xeyir ola bir ayağın Şotlanlıdadır? Dedim, baba, orda  tələbə yoldaşım var. Qayıdıb nə desə yaxşıdır? Oğlandı, qız? Mən də almaz-salmaz dedim ki, qızdır. Əlini əlinə vurub güldü, qəlyanını  qullablayıb  əlindəki ağacla həyətdə gəzişən hinduşkaya birin çəkdi, quşcuğaz  böyrü üstə yıxılıb çabalamağa başladı. Başa düşdüm ki, kəsməsəm,  murdar olacaq. Tez bıçağı çıxardıb qibləyə tutdum, başını üzdüm. Kişi o ağacı  elə bil hinduşkaya yox, mənə çəkmişdi. İnanın, neçə gündür belim uzunasına göyüm-göyüm göynəyir. Mən neyniyim e? Kişinin qızı 25 ildir Şotlanlı oğlana qoşulub gedib, mən indi dünyanın düz vaxtında  sevdiyimdən əl çəkəcəyəm ki, nə var, nə var, onlarla haçansa qan düşmənçiliyimiz olub?.. Keçən dəfə deyirəm ki, daha SSRİ də yoxdur, soyuq müharibə də aradan qalxıb, dünya sülhə doğru gedir... Kişi qayıdıb mənə nə desə yaxşıdır? “Ə gədə ey, dilini fərəqat qoy! Ağzına gələni danışma.” Neynəyəsən belə adamlarla? Düzdür e, babam bizim hamımızın başbilənidir, hətta Bakıda belə, onun adını çəkəndə  hamı ehtiramla danışır Kərim  Məsməliyevdən. Hətta bir fəlsəfə müəllimimiz vardı. Familiyama baxıb: “Dayan, dayan, sən Qaragünnü Kərim Məsməliyevin nəvəsi döyülsən ki?” deyib “Bəli” cavabını eşidincə, dərsin  yarısını babama həsr eləmişdi. Mən onunla fəxr edirəm Amma... bu itin nə günahı vardı, hə?! Onun küçüklüyünü  düz on il qabaq mən yerli camaatdan  bir hinduşkaya almışdım.  İt deyildi, adam kimi dil bilirdi. Bir dəfə  Rəsulun adamları, yəni bu Şotlanlılar  bizim  sürüyə girib qoyun aparmaq istəyiblər. (Axı babamın  bir az aralıda fermer təsərrüfatı var. Çobanlarımız, itlərimiz sürüynən qoyunlarımıza, mal-qaramıza baxırlar) Pələş onların üstünə nə təhər cummuşdusa,  hamısının  şalvarlarının dallarını   para-para  eləmişdi. Həmin gün babam bir quzu kəsdirib yarısını Pələşə, qalanını da o biri itlətə atdırmışdı.
    Pələşin sədaqətini, qorxmazlığını görən babam  onu  çobanların yanından  qapımıza  gətirmişdi.  Son vaxtlar qapımızı qoruyurdu ki, axırı da belə oldu.
   
                                       Müəllif
          
            Kərim kişi  beş  gün sonra öldü. Yan-yana düz beş mağar qurulmuşdu. Muğan düzü hələ belə yas görməmişdi. Bakıdan, ayrı-ayrı rayonlardan  gələn maşınların sayı-hesabı yox idi.  İlk dəfə olaraq Qaragünü  yasına  Şotlanlı  camaatı da gəlmişdi. Səməndər  Kərim kişinin oğlanları ilə qabaqda durur, gəlib-gedənə yer göstərir, baş sağlığı verib gedənlərə dil-ağız edirdi...
    İçəri otaqdan  Kərim kişinin kostyumunu, paltosunu, qaragül papağını araya açıb ağlayan  arvadların  ağısı eşidilirdi. Arada  qəhərli-qəhərli  ağı deyib ağlayan isə dul Şəmsiyyə idi. O “Dullara  arxa  duran, yetimlərin qarnın doyuran, korların gözü, çolaqların ayağı olan Kərim dayı heeeeeeeyyyyyy!” deyəndə  çöldə Simran hönkürüb ağlayır, başını  evin divarına çırpırdı.
    Bir ay sonra  qaçqın-köçkünlərə baxan  komitənin işçiləri  Şotlandiyadan gəlmiş bir dəstə qonağı  7 nömrəli qaçqın şəhərciyinə gətirmişdilər. İndi  sovet sədri olan  Səməndər müəllim onların televiziyasına müsahibə verəndə demişdi:
    -Bu sadəcə bir səs oxşamasıdır. Sizin ölkənizin adı Şotlandiya, adamlarınız da şotlanddır. Bvizim kənd isə Şotlanlı  kəndidir, sonda “d” yoxdur. Bizim kəndin həndəvərində belə yer adları çoxdur: Şotarız, Şomunlu, Şumlu... Heyf ki, sizə oraları göstərə bilmirik. Ermənilər işğal edib bizim rayonu, kəndimizi... Bizim Şotlanlının o üzündəki kənd isə Soltanlı idi... Yəni belə oxşarlıq olur həmişə...
    Televiziya müxbiri tərcüməçinin vasitəsiylə başa salmışdı ki, burada bir it qəbri var deyirlər, şotland cinsiymiş o it. Məni onun qəbrinin üstünə aparın.
(Doğrudan da, Simran itin qəbrinin üstünü özü götürmüş, baş daşı kimi bir ağ daşdan it heykəli düzəldib, baş tərəfə bitirmişdi. )
    Şotlandiyadan gələn müsafirlər  itin qəbrinin üstündə xeyli əlləşmiş, axırda Səməndərə “sənkyü” deyib çıxıb getmişdilər.
    Düz bir ay sonra Şotlandiyanın paytaxtı Edinburqda yayımlanan televiziya kanallarından birində  “Qafqazda kiçik Şotlandiya” adlı  veriliş vermişdilər. Simran danışırmış ki, öz gözüylə baxdığı verilişdə Şotlanlı camaatını  haçansa Şotlandiyadan köçüb gələn şotlandlar, itlərini isə şotland cinsli “doq” adlandırmışdılar.
             ...Yalançılar sözü, deyir bu əhvalatdan sonra Pələşin qəbri ortadan çat vermişdi.

Avanqrad.net  

 

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.