İmperiyanın çöküşü
I fəsil
İtlərin intiharı
İmperiya öz ağırlığına artıq davam gətirə bilməyən çürük taxta tavan kimi asta-asta, cırıldaya-cırıldaya çökürdü və çökdükcə üstündə saxladığı bütün köhnə-küləni də özüylə aşağı, çökdüyü səmtə dartırdı. Bu çöküş, çirkli dəniz dalğasının özüylə gətirdiyi zirzibili geri qayıdarkən yenidən dənizə aparmasına bənzəyirdi. Şikarını əldən buraxmış bu çoxayaqlı meduza gah ayaqlarını açaraq qəzəblə gərilir, gah da səssiz nifrətlə özünə yığılırdı. Hamı özünü yırtıcının çəngindən xilas olub, var gücüylə ondan uzaqlaşmağa çalışan yaralı şikar kimi aparırdı, ancaq heç kimdə daha təqib olunmayacağı, pusquya, tələyə düşməyəcəyi barədə arxayınlıq yox idi. Bütün imperiya ərazisində gizlin yerdəyişmələr – geriqayıtmalar, atıb-getmələr, aradançıxmalar, qırdıqaçdılar – başlamışdı. Bütöv kəndlər, nəsillər, ailələr, qorxa-qorxa, barmaqucu geriyə, imperiyadan əvvəlki yurdlarına, el-obalarına qayıdırdı: qocalar dədə-baba torpaqlarına ölməyə, cavanlar onları, arzularına uyğun, dədə-babalarının uyuduğu qəbiristanlıqlarda basdırıb özlərinə ev-eşik tikməyə tələsirdi. Ömrü yollarda keçən yorğun nəsillər sürünə-sürünə, iməkliyə-iməkliyə, dözməyib ölənləri elə yollardaca basdıra-basdıra, doğulanları elə ayaqüstəcə doğub, paçasından çıxan qanlı balacanı ayaqlarının arasından qollarının arasına alaraq ayaq saxlamadan əmizdirə-əmizdirə şərqdən-qərbə, qərbdən-şərqə üz tutmuşdular... Dağbasan kəndi də yollarda idi: yetmiş il öncə tüfəng qabağında qundaq gücünə aparıldığı yolu, indi öz ayağıyla geri qaydırdı. Özünü müsəlmanların hücumundan qorumaq istəyən rus-xristian imperiyası Türkmənçay müqaviləsindən sonra İranla sərhəd olan boş torpaqlara yerli əhalini zorla köçürərək qalxanəvəzi saldığı kəndlərdən biriydi bu kənd. Cənubdan gələn orduların ayağının altında qalıb düşməni yubatmaq, müharibə zamanı imperiya qoşununa vaxt udmaqda kömək etmək, əsgərləri yedirtmək, bir növ, qaraltı, düşmənə çəpər məqsədilə sərhəd boyunca tez-tələsik salınmış bu cür kəndlər imperiya dağılar-dağılmaz geriyə - yetmiş il ərzində daşları əyilmiş, ot basmış qəbiristalıqlarından başqa heç nəyi ilə nə vaxtsa yaşayış məskəni olduğunu xatırlatmayan köhnə obalarına qayıdırdılar. Canpolad “İmperiya” adlı nəhəng qoca ilanın can verdiyinə əmin olandan sonra doğma dədə-baba yurduna köçüb gedən kəndin sonuncu ailəsini aparan köhnə sarı avtobusda oturub pəncərədən görünən yiyəsiz evlərə, bir-bir quruyan ağaclara, əyilmiş işıq dirəklərinə, uçuq təndirlərə, yağışdan çürüyüb qaralmış ot tayalarına, qapıları tənbəl-tənbəl yellənən, sanki, gedənlərə əl yelləyən boş tövlələrə baxa-baxa düşünürdü: “təkcə mən qaldım bu xarabada, hamı köçdü, budur, axırıncı külfət də köçür. Eybi yox, vaxtı gələndə mən də gedərəm, burda qalıb bayquşluq eləməyəcəyəm ki... onsuz da, bir azdan bu evlərin, tövlələrin, təndirlərin əsl sahibləri, həqiqi bayquşlar uçub gələcəklər. İnsan xarabalıqlarının sədaqətli, doğma sakinləri – bayquşlar... bay... Sürücünün qəfil əyləci basması və içəridə nə vardısa – uşaqların, ata-ananın, yorğan-döşəyin – bir anda qabağa ləngərlənməsi Canpoladın fikirlərini yarımcıq kəsdi. Yola qəfildən it çıxmışdı. Sürücü heyvanı basdalamamaq, xəşilləlləyib asfalta yaymamaqdan ötrü avtobusu saxlayıb. O, əvvəlcə başını pəncərədən çıxarıb itə acıqlansa da, it yolun ortasında qacıyıb niskilli gözlərini ona zillədi, sanki, vaxtından əvvəl qocalmış bu gözlərlə: “qovma məni, bezmişəm tək yaşamaqdan, sür, tapdala, öldür məni” demək istəyirdi sürücüyə. Sürücü hədə-qorxudan bir şey çıxmadığını görüb it yiyələrinin qarasınca deyinə-deyinə aşağı endi, əvvəlcə iti ayağıyla itələyib yoldan çıxarmaq istədi, ancaq deyəsən, itə yazığı gəldiyindən bir əliylə onun belindən, o biri əliylə boğazından yapışıb heyvanı yoldan bir xeyli kənara apardı və əllərinə yapışan tükləri çırpa-çırpa yerinə, sükan arxasına qayıtdı. İt qoyulduğu yerdəcə dayanıb gah boşalmış kəndə sarı, gah da işə düşən avtobusa tərəf baxdı; bir tərəfdə tənhalıq, o biri tərəfdə ümidsizlik – it elə oradaca yerə sərilib başını qabağa, ölüb yox olmaq arzusunun arxasınca uzatdığı ayaqlarının üstünə qoydu və yalnız itlərin dala biləcəyi xəyallara daldı. İndi o yalnız qarşısındakı boşluğa, kimsəsizliyə baxırdı. O, sanki, artıq it deyildi, unudulmuş, daha heç vaxt heç kimin yadına düşməyəcəyini anlayıb öz taleyi ilə barışmış kimsəsiz bir insan idi. Sürücü deyinə-deyinə motoru işə salıb bir gözüylə yola, bir gözüylə başının üstündəki yarısınıq güzgüyə baxa-baxa içəridəkilərlə yolüstü söhbətə mövzu tapdığı üçün bir az da işgüzar ahənglə sözə başladı: - Gündə biri özünü atır təkərin altına, kəndlər köçəndən sonra it basdalamaqdan boğaza yığılmışıq. Köçürsən, əcəb edirsən, cəhənnəmə ki, köçürsən, bu yazıq iti niyə ac-susuz atıb gedirsən, nə günahı var onun? İnəyi dalına şələləyir, toyuğu doğma balasından qabaq mindirir avtobusa, qoyunu özüylə yanaşı əyləşdirir, niyə? Çünki inəyin südünü, toyuğun yumurtasını, qoyunun ətini tıxacaq. İti isə daşa basıb həyətdən qovur. Hələ eləsi var, iti elə zəncirdə qoyub gedir, fikirləşir itdir də, onsuz da, dünya doludur itnən... Eloğlu, soruşmaq ayıb olmasın, sən öz Toplanın başını necə azdırdın? – o, güzgünün salamat qırağından Canpolada qımışdı. - Mən hələ köçmürəm, burdayam, yiyəsiz itlərləyəm. – Canpolad dedi və üzünü yenidən pəncərədən görünən mənzərəyə çevirdi. Görünür, sürücü yol-yolaq adamı olduğu üçün nabələd sərnişinin bu rəftarını “az çərənlə, öz dərdimiz özümüzə bəsdir” kimi başa düşdü və bircə kəlmə “düzünü sən edirsən” deyib susdu. Hava tutqun idi, o qədər tutqun ki, başını qaldırıb yuxarı baxan adam, yəqin, belə düşünərdü: Tanrı, deyəsən, göy üzünü səhvən çirkli döşəmə şəlpəsi ilə silib. Rəngi bozarmış günəş də həmişəkindən tez batmağa tələsirdi; buna heç batmaq da demək olmazdı, bu batış bir suyundan aradan çıxmağa, göy üzündən əkilməyə, bir də geri dönməməyə, bir sözlə, günəşə xas olmayan batışa bənzəyirdi. Şairlərin romantikasına inansaq, belə tutqunluqda hətta nəhəng dağlar da miskinləşir, sığınmağa, bükülüb yatmağa doğma bir qucaq axtaran nəhəng yetimlərə bənzəyir, günəşin işığı elə öləziyir ki, elə bil, bu əbədiyanar nəhəng biryolluq batır və yetimləşən dağların dibində, öləziyən günəşin altında yaşayan adamlar - həqiqi yetimçələr, həqiqi ölərilər - qəm-qüssəyə qərq olurlar. Onlara elə gəlir ki, indicə nəsə bəd, qara bir xəbər eşidəcəklər, çox zaman elə belə də olur; kimsə zəng vurub, yaxın adamlarından birinin öldüyünü ya da qəzaya uğradığını onlara deyir və göy üzünün tutqunluğu bir az da qatılaşır, dağlar daha yetim, günəş daha sönük görünür.
II fəsil
Qoyunların köçü Hətta günəşin belə görünmək istəmədiyi bir gündə Canpolad, Allah bilir, neçənci dəfə idi ki, qara asfaltını leysan yağışlarının yuyub apardığı, ağartdığı çala-çökək yolla çoxdan köçmüş yolüstü kəndlərdən birinin qəbiristanlığının yanından keçirdi. Avtobus təpəni aşan yolla üzüaşağı elə götürülmüşdü, sanki, içində oturan, nifrət etdiyi adamları tezbazar öz ünvanlarına düşürüb içini təmizləmək, bu köçaköçdən, bu qaranlıq talelərdən yaxasını qurtarmaq istəyirdi. Həmişə olduğu kimi, yenə də yol qırağındakı qəbiristanlığı eşidilməz səs-küy bürümüşdü; başdaşılarının üstündəki şəkillər: – “mən ölmək istəmirdim”, “zalım əcəl, məni niyə öldürdün?”, “balalarım, yazıq balalarım”, “mən ölməmişəm kütbeyinlər, ölməmişəm mən!”, “ölmüşük dostlar. Hamımız ölmüşük, daha yoxuq...” – bağırırdılar. Ancaq bu səssiz bağırtıları, lal-dinməz hay-həşiri qulaqla yox, gözlə eşitmək olardı. Canpolad bu səssiz ölü üsyanına baxa-baxa, baxışlarını bu şəkildən o biri şəkilə, bu qəbirdən o biri qəbirə ötürə-ötürə qoca anasını fikirləşdi: o da öləcək, o da çürüyəcək bu torpaqda, hamı kimi biz də köçüb gedəcəyik bu kəndlərdən, bu dünyadan. Zavallı qarı, hətta mən də, doğma oğlun da sənin ölümünü gözləyir, gözləyir ki, doğulduğun, böyüdüyün bütün qohum-əqrəbanın ruhları dolaşan bu yiyəsiz kənd qəbiristanlığına səni də gömüm və şələ-şüləmi yığışdırıb bir yolluq baş götürüb gedim bu xarabadan”. Ölüyə ümid vermək mümkünsüzdür, onları ovutmağın toxdatmağın bircə yolu var: başını aşağı salıb uzaqlaşmaq. Ölülər yalnız torpağın altından diriləri görəndə həyəcanlanırlar, dirilmək, torpağın altından xortlayıb bir ağac cücərtisi kimi həyata yenidən qayıtmaq istəyirlər, başqa vaxt isə sakitcə uyuyurlar öz soyuq, tənha məzarlarında... Ölülərin həyatı belədir. Əyilmiş, torpağa batmış başdaşlarının arasında iki it quyruq-quyruğa dayanmışdılar, qancıq it doğub-törəmək sevdasıyla arxadan özünə bağladığı köpəyi hərdən qəbiristanlığın dərinliklərinə dartır, öz ehtirasının miskin nökərinə çevirilmiş köpək isə sevgilisinin bətnində döllənmə bitməyincə ondan “quyruğunu” qopara bilməycəyini anlayıb lal-dinməz acgöz qancığının arxasınca daldalı sürünürdü: qəbiristanlıqda, hətta ölülər səltənətində olsa belə, doğub törəyəcəksən! Bütün canlı aləmə bundan qüdrətli bir duyğu bəxş etməyib amansız təbiət: ək, doğ, vaxtın çatanda da zəhmət çək öl, qurtardı getdi. “İlahi, dünya itlə doludur”- Canpolad öz-özünə deyindi və cütləşən itlərə baxa-baxa uşaq vaxtı məktəbin həyətində, məscidin arxasında, çaxır zavodunun iri, yüz tonluq çənləri arasında bu cür cütləşən itləri necə zalımcasına daşa basdıqlarını xatırladı. Quyruq-quyruğa yapışmış itlər daşlardan qorunmaq üçün bir-birilərindən qopub qaçmaq istəyir, ancaq yeni küçüklərin yolunu gözləyən həyat buna icazə vermirdi. Törəmək, dünyaya yenisini gətirmək duyğusunun gücü ayrıla bilməyən itlərin zingiltisini ərşə dirəyir və çox vaxt qancıq özünə “ilişdirdiyi” köpəyi arxasınca sürüyüb hara gəldi aparırdı, ya da daşabasma səhnəsini görən böyüklərdən kimsə - bu cütləşmənin nə demək olduğunu anlayan yaşlı birisi- itlərin dadına çatıb əlidaşlı balaca zalım canpoladları oradan qovurdu. Artıq qəbiristanlıq arxada qalmışdı. Ölüm isə həmişə qarşıda gözləyir! Avtobus kənd yolunda tozanaq qopara-qopara bu iki əbədi dayanacağın arxası ilə şütüyür, içindəki adamları müvəqqəti dayanacaqlarına çatdırmağa tələsirdi. Boş kəndlər, dolu qəbiristanlıqlar bir-birini əvəz etdikcə Canpoladın da içində gəzdirdiyi xəyalları, xatirələri bir-birini əvəzləyirdi. Rayon mərkəzinə yaxınlaşdıqca hərdən yolüstü qabaqlarına mal-qarasını, qoyun sürülərini otara-otara alaçıqlarını, müvəqqəti gecəqondularını söküb atan, yaxud uzunqulağa şələləyən, ya da göy gurultusundan qorxub, çarşab kimi başına sığınacaq düzəldən köçkün ailələr çıxırdı. Canpolad yol qırağındakı tozlu yaşıllıqda otlayan, sahiblərinin qabağına düşüb onlarla bir yerdə köçən, ağzındakı otu gəvələyə-gəvələyə hərdənbir doğma bir mələrtiylə dəcəl quzusunu yanına çağırıb əmizdirən qoyunlara baxa-baxa doğularkən atasının bu xəbəri Roma şəhərində rəsmi görüşdən sonrakı qonaqlıqda eşşək kimi içib mürgülədiyi vaxt eşitdiyi üçün adını “Roma” qoyduğu bacıoğlusunu düşünürdü. Bacısı Afroditanın – ata-anasının bu adı ona niyə və nə niyyətlə qoymaları bizə məlum deyil - dediyinə görə, Romanı körpünün üstündə doğmuşdu, onu doğum evinə aparan sınıq-salxaq “ZİL” markalı yük maşınının içində. Afrodita maşının arxa oturacağında özü doğub, özü də tutub qan içində dünyaya çığıra-çığıra gələn uşağını. İndi qocalıb siqaretə qurşanıb, bütün günü tut ağacının kölgəsində oturub dərədəki gölməçədə üzən ördək balalarına baxır, hərdən həyətdə yun didən arvadlara deyir ki, dünyaya gələndə yad əl dəyməyib mənim balama. Roma özü isə bir az böyüyəndən sonra tez-tez yuxuda qoyun sürüsü gördüyünü danışırdı dayısı Canpolada. “Gördüm ki, anam darısqal bir yerdə məni qarnından çıxarıb sinəsinə sıxıb, əlindəki əski ilə özünü və oturduğumuz yeri təmizləyir. Ətrafımızda çoxayaqlı, yastı, nəhəng bir şey tərpənirdi. O yastı şey bizi hər tərəfdən bürümüşdü. Ayaqları çox olan bu yastı nəhəngin başsız olduğunu görəndə anamın qucağında ilk dəfə qorxdum və gözlərimi yumub qığıldadım...” Canpolad bacısı oğlunun yuxusuna qulaq asıb uşağın saçlarını qarışdıraraq demişdi: “Bacıoğlu, sən, deyəsən, böyük adam olacaqsan”. Romanın körpünün üstündə, özüboşaldan yük maşınında doğulmağının səbəbi yolda arandan yaylağa qalxan qoyun sürüsünə rast gəlmələri olmuşdu. Sürünün içindən yol açmaq mümkün olmamışdı. Qoyunlar, sanki, bu uşağın doğulmağını istəmirlərmiş kimi yolu bağlayıblarmış - bunu o vaxt yerə düşüb çobanlara yolu açmaqda kömək edən sürücü danışmışdı Canpolada, hətta onu da demişdi ki, çobanlar əsəbiləşib ucudüyünlü çomaqla bir neçə tərs qoyunu da vurub öldürüblər, ancaq yolu açmaq mümkün olmayıb; öldü var, döndü yoxdu, sürü yoldan çıxmayıb. Canpolad özü də hərdən bacısı oğluyla dağın döşündə qoyun otaranda uşağa bunları danışırdı: “yadında saxla, sənin doğuluşun bir neçə qoyunun itkisi bahasına başa gəlib dünyaya, ancaq sən sürünün acığına doğulmusan, sağ-salamat qalmısan, həmin sürünü isə qəssablar çoxdan sallaqxanalarda kəsib şaqqalayıblar, kababçılar o şaqqaları çoxdan şişə çəkib cızhacızla bişiriblər. İndi sənin yuxuna girən o qoyun sürüsü həmin qəddar sürüdür. İndi o sürünü sən özün otarırsan, ocaq qalayıb yapıncıya bürünürsən, yan-yörəndə də iki iriağızlı köpək şöngüyüb, hətta bu sürünün naminə ac canavarlarla əlbəyaxa olmağa hazırsan, təzə doğulan üstü selikli quzulara analarının əmcəyini tapmaqda kömək edirsən, əlin, üst-başın qoyun bətninin suyuna, seliyinə bulanır, kəllə-kəlləyə gələn qoçlara harayçılıq edirsən, bezmirsən, əksinə, hələ tütək çalmağı da öyrənmək istəyirsən ki, otardığın bu sürü doyub günortalar kölgəliklərdə xumarlananda onlara tütək çalasan, feyziyab edəsən yolunu bağlayan bu qoyun sürüsünü. Yadında saxla, bu həmin yuxuda gördüyün sürüdür, doğuluşunun, zühurunun yolunu kəsən, dirilməyinə əngəl olmaq istəyən başsız, çoxayaqlı nəhəng sürü. Yadında saxla, bacıoğlu, sürü - mütilik naminə ittifaqdır, sürü – gücsüzlüyünü boynuna almaq istəməyən acizliyin qəzəbli övladlarıdır, özünü qoru bu sürüdən”. /1937.az/