Firuz Mustafa: “Azdrama”da düz-əməlli tamaşa görsəniz mənə də xəbər verin”
19.12.13

- Firuz müəllim, siz özünüzü necə təqdim edərdiniz? Yazıçı, dramaturq, yoxsa filosof?

 

 - Adətən, elmi toplantılarda məni filosof, ədəbiyyatla bağlı məclislərdə yazıçı kimi təqdim edirlər. Teatrlarda isə təbii ki, mən dramaturq kimi tanınıram. İndiki halda mənim necə təqdim edilməyim sizin verəcəyiniz sualların mahiyyətindən, xarakterindən asılı olacaq. Əgər söhbət fəlsəfə ilə bağlı olacaqsa, filosof kimi, ədəbiyyatla bağlı olacaqsa, yazıçı kimi danışmaq imkanı var.

 

- Son vaxtlar əvvəlki illərə nisbətən daha məhsuldarsınız. Bir-birinin ardınca hekayə, roman və pyesləriniz dərc olunur. Bu məhsuldarlıq nəylə bağlıdır?

 

- Belə görürəm ki, söhbət daha çox ədəbiyyatla bağlı olacaq. Suala cavab olaraq deməzdim ki, xüsusən son illərdə mən daha məhsuldar işləmişəm. Elə əvvəllər də elmi və bədii yaradıcılıqla intensiv məşğul olmuşam. Mən artıq altmış yaşı keçirəm. İndi xatırlayıram, qırx yaşınacan mən namizədlik və doktorluq dissertasiyasını müdafiə etmişəm, o vaxtacan iki monoqrafiyam, iki bədii əsərim nəşr edilib. Yəqin ki, bilirsiniz, o vaxt çap olunmaq indikindən qat-qat çətin idi. Ona görə də bir neçə iri həcmli əsərim qalın ədəbi jurnallarda və nəşriyyatlarda uzun müddət çapa məsləhət görülmədi. Məsələn, ötən əsrin 1988-ci ilində nəsr şöbəsində Mövlud Süleymanlıya təqdim edilən “Qapı” romanım “Azərbaycan” jurnalının qovluğunda səkkiz il “yatıb” qaldı; nəhayət, 1996-cı ildə həmin şöbədə müdir olan Məmməd Oruc mənə zəng vurub dedi ki, bir romanını tapmışam, icazə ver, çap edək. Onda biz artıq yeni bir ölkədə, həm də yeni bir siyasi quruluşda yaşayırdıq. İlk hekayələr kitabımın taleyi də təxminən elə bu cür olub. İlk hekayələr kitabımı 75-ci ildə “Gənclik” nəşriyyatına təqdim etmişdim. O vaxt İlyas Tapdıq orada baş redaktor idi. Yalnız on il keçəndən sonra, 1985-ci ildə “Gənclik” nəşriyyatında “Göyəm kolları” adlı ilk kitabım çıxdı. Kitabın redaktoru Musa Ələkbərli idi. Madam ki, sual verirsiniz, qoy bir məsələyə də aydınlıq gətirim. Bilirsiz ki, ədəbi aləmdə tanınmağın bir yolu da, necə deyərlər, televiziyalarda görünməkdir. Uzun illər bizdə cəmi bir televiziya fəaliyyət göstərib, orada ədəbiyyatla bağlı redaksiyanın, “ədəbi-dramın” baş redaktoru Nahid Hacızadə olub. Bu adam mənim dayımdır. Amma o, mənə indiyəcən indiki anlamda heç bir dayılıq etməyib. Əksinə, rəhbərlik etdiyi baş redaksiyada mənim yazı-pozumla bağlı bir cümlənin belə getməsinə imkan verməyib. Məni düzgün başa düşün. Bu gün dayımdan bir şikayətim, narazılığım yoxdur. O, çox humanist, doğru, düzgün adamdır. Yəqin hamı belə bir fikri təsdiq edər ki, bu adam çox ehtiyatlı, suyu üfürə-üfürə içən, təmənnasız, vicdanlı adamdır. Mən indi onunla tez-tez görüşürəm. O, özü də etiraf edir ki, sənə vaxtında köməyim dəyməyib, əksinə, maneçiliyim olub. Mən isə zarafatla deyirəm ki, düz etmisən, axı sən mənim dayım yox, anamın qardaşı olmusan. Səmimi etiraf edirəm ki, mən ləyaqətli adamları çox sevirəm və həmin adamlardan biri də mənim anamın qardaşı Nahid bəydir. Elə İlyas Tapdıq haqda da həmin rəydəyəm. Mən tələbkar redaktorlarla üz-üzə gəlmişəm. Yalnız püxtələşəndən sonra nəşr olunmuşam. Bu fikirdəyəm ki, yazıçı öz ilk və ya ilkin eksperimentlərini oxuculara təqdim etdiyi kitablarında deyil, şəxsi fəaliyyətində, başqa sözlə, şəxsi arxivində qalacaq əlyazmalarında etməlidir. Ciddi ədəbiyyat ərköyünlərin dincəldiyi yer olmamalıdır.

 

- Bir ara “Tac” adlı ədəbi qəzet də buraxırdınız. Amma nədənsə həmin qəzetin fəaliyyəti çox qısa oldu. Qəzeti yaratmaqda məqsədiniz nə idi?

 

- Qəzetin yaranmasında məqsədim ədəbiyyata xidmət etmək idi. Ədəbiyyata rəğbəti olan bir neçə dostum söz vermişdi ki, qəzetin çıxması üçün əllərindən gələni əsirgəməyəcəklər, təki mən səviyyəli yazılar təqdim edim. Bilirsizmi, adamların çoxu öz zəmanəsinə bənzəyir. Mən öz dediyimə əməl etdim, amma dostlar bu və ya digər səbəbdən öz əhdlərinə sadiq ola bilmədilər. Mən yenə də o qəzeti nəşr etmək niyyətindəyəm. Axı bizdə sırf ədəbiyyat qəzeti yox səviyyəsindədir. Düzdür, bizdə adı ədəbiyyata karikatura olan belə bir qəzet var, özü də Yazıçılar Birliyinin orqanıdır. Mən on ilə yaxındır ki, oraya yazı vermirəm. Baş redaktora da demişəm ki, ümumiyyətlə, mənim adımı orada çəkməyin. Mənə elə gəlir ki, bu qəzeti ağ buraxmaq daha yaxşı olardı, çünki ağ kağız heç olmasa məişətdə çirkli kağıza nisbətən gərəklidir.

 

- Ədəbi tənqidin indiki durumuna münasibətiniz necədir? Ümumiyyətlə, ədəbi tənqidin sizin yaradıcılığınıza münasibəti sizi qane edirmi?

 

- Mən bu suala hökm qaydasında “hə” və yaxud “yox” deyə cavab verə bilmərəm. Bizdə ədəbi tənqidin səviyyəsi məni o qədər də təmin etmir. Yəqin ki, siz də mənimlə razı olacaqsız. Bizdə bir çox yazılar proteksiya ilə, yəni şəxsi münasibət zəminində, hətta, eşitdiyimə görə, bəzən müəllifin müəyyən muzdu müqabilində yazılır. Bir qonaqlığa difiramba yazanlar da var. Amma mən bu cür tənqidçiləri əvvəlki vaxtlarımdan fərqli olaraq indi çox da qınamıram. Axı onların əksəriyyətinin vəziyyəti acınacaqlıdır. Gərək yaradıcı adamın həyatı, bəyənmədiyimiz Leninin təbirincə “kapitalistin pul kisəsindən asılılığı olmasın”. Deyə bilərsiz ki, bu sözlər vaxtilə jurnalistlər barədə deyilib. Kənan bəy, indi bizdə hətta, kapitalist yazıçılar da yetişib. Onların öz tənqidçiləri, daha doğrusu, məddah tərifçiləri var. Mən bu gün ədəbi tənqiddə yalnız bir-iki nəfərin ədəbiyyatla bağlı fikirlərinin obyektivliyinə etibar edirəm. Mən tam səmimiyyətlə demək istəyirəm ki, onlardan biri, bəlkə də birincisi xalq yazıçısı Elçindir. Onun tənqidi fikirləri obyektiv, qərəzsiz və təmənnasızdır. Bu, mənim şəxsi fikrimdir. Ortada olan tənqidi yazıların obyektivliyi həm də onunla bağlıdır ki, Elçinin kimsədən asılılığı yoxdur və o, kifayət qədər müstəqil düşüncə sahibidir. Bizdə istedadlı tənqidçilər çoxdur. Təbii ki, məndən də yazıblar və təbii ki, müqabilində nə muzd olub, nə də digər amillər. Yenə təkrar edirəm, gərək tənqidçi öz yazıları ilə öz maddi vəziyyətini təmin edə bilsin.

 

- Ən məhsuldar dramaturqlarımızdansınız. Başqa səhnələrdə tamaşalarınız oynanılsa da Akademik Teatrda pyesiniz qoyulmayıb. Bu, nəylə bağlıdır?

 

- Mən indiki halda bunun səbəbini deyə bilmərəm. Daha doğrusu, bu niyələri araşdırmaq çox vaxt aparardı. Amma inanın ki, oradakı bütün rejissorlar mənim əsərlərimi tamaşaya qoymaq istəyiblər, amma oradakı məmurlar, direktorlar mane olub.

 

- Akademik Teatrın direktoru İsrafil İsrafilov sizin pyeslərinizi bəyənməmişdi, demişdi ki, bu əsərləri tamaşaya qoymaq olmaz. Siz nə düşünürsünüz?

 

-  Bəli, İsrafilov demişdi ki, Firuz Mustafanın əsərlərini tamaşaya qoymaq olmaz, amma deməmişdi ki, bəyənmirəm. Çünki bəyənməməyi sübut etmək üçün gərək ümumi, şablon sözlər yox, konkret arqumentlər olsun. Vaxtilə Stalin yoldaş da Dostoyevskinin əsərləri haqqında fikir söyləyərkən hökm etmişdi ki, bizim platformaya uyğun yazıçı deyil, onu çap etmək olmaz. İsrafilov da bu gün həmin qaydada hərəkət edərək “Firuz Mustafanın əsərlərini tamaşaya qoymaq olmaz” deyə hökm vermək istəyir. Mən yalnız bunu deyə bilərəm: bütün oxucu və tamaşaçılarımın hər cür rəyinə ehtiramla yanaşıram, o cümlədən də İsrafilovun. Mənim pyeslərimi repertuardan çıxarmaq olar, amma özümü ədəbiyyatdan çıxarmaq mümkün deyil. Nəhayət, son illərdə “Azdrama”da düz-əməlli quruluş verilmiş bir əsər görsəniz mənə də xəbər verin, mütləq gedib teatrı və onun rəhbərliyini ürəkdən alqışlayacağam. Tam ciddiliyi ilə deyirəm.

 

- Gənclərdən kimləri oxuyursunuz? Bugünkü gənc ədəbi nəsil haqqında fikriniz necədir?

 

- Mən ədəbiyyatda yazıçıları yaşına görə yox, əsərlərinin siqlətinə görə təsnif etməyin tərəfdarıyam, yəni biri var yazıçı, bir də var qeyri-yazıçı. Əgər sizi yazıçıların yaş senzinə görə təsnifat çox maraqlandırırsa, bir neçə cavan adamın adını çəkə bilərəm. Qismət, Zümrüd Yağmur, Aysel Əlizadə, Natiq Məmmədli, Aqşin Yenisey, Günel Mövlud, Qan Turalı, Şərif Ağayar, Mövlud Mövlud, Sayman Aruz, Arzu Hüseyn, Emin Piri, Kəramət Böyükçöl, Ayxan Ayvaz... O cümlədən Kənan Hacı. Əlbəttə, bu siyahını bir qədər korrektə etmək və ya genişləndirmək də olardı.

 

- Firuz müəllim, xeyli kitablarınız çıxıb. Bu kitablar öz oxucusunu tapırmı?

 

- Əvvəllər, adətən, yazıçılar ənənəvi bir qaydada deyərdilər ki, mən tez-tez oxucu məktubları alıram. Doğrusu, bu sözlərin nə qədər doğru-dürüst olduğunu yalnız poçt şöbələri və ya poçtalyonlar vasitəsi ilə dəqiqləşdirmək olardı. Bu gün isə məncə, belə dəqiqləşdirməyə ehtiyac yoxdur. Saytlarda nəşr olunan əsərlərin altındakı şərhləri və ya Facebook  səhifəsindəki məktubları oxumaq kifayətdir. Dediyim odur ki, yüzlərlə adam, yəni oxucu məndən kitab istəyir. Təbii ki, mən onların bu istəyini əsasən vizual yox, virtual qaydada yerinə yetirə bilərəm və belə də edirəm: Azərbaycan dillilərə oxumaq üçün daha çox “Azadlıq” radiosunun “Oxu zalı” kitabxanasına, rusdilli oxuculara isə Rusiyanın “Proza.ru” və “Stixi.ru”, eləcə də bizdə tərtib olunmuş “”Translit.az” saytına daxil olmağı tövsiyə edirəm. Təbii ki, nəşr olunan kitablarmı əldə edən oxucular da var. O ki, qaldı tamaşaya qoyulan pyeslərə, oradakı tamaşaçıların sayı teatrlara və statistika idarələrinə dəqiq məlumdur.

 

- Ədəbiyyatımızda sizi ən çox narahat edən problem hansıdır?

 

- Mən ədəbiyyata, bədii sözə, onun gücünə çox inanan adamam. Məqalələrimdən birinin sərlövhəsi belədir: “Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək”. Amma məni yandıran odur ki, çörəyi sözdən çıxan bir çox adamlar ona, yəni sözə barmaqarası baxır, onu məişət səviyyəsində dəyərləndirməyə çalışırlar. Bu, nadanlıqdır. Ciddi ədəbiyyat məişət hadisəsi deyil, bu, dünyanı, onun mənzərəsini, nizamını dəyişən böyük, qlobal bir hadisədir. İnsanların mənəviyyatını, əxlaqını bədii söz dəyişib həmişə. Şekspir ingilis, Molyer fransız, Şiller alman, Çexov rus, Mirzə Fətəli azərbaycanlı xarakterinin ədəbiyyatda açılmasında və həyatda formalaşmasında misilsiz xidmətlər göstərib. Sizin sualınızdan çıxış edərək bunu da əlavə edə bilərəm ki, məni ədəbiyyatın təkcə özünün taleyi deyil, habelə onun obyekt və subyektinin də taleyi narahat edir. Zahirən sadəlövh görünə biləcək bir fikir deyim; mən Sovetlər dönəminin xiffətini çəkmirəm. Amma o zaman adamları yüksək postlara təyin edərkən onların intellektual səviyyəsi ilə də maraqlanırdılar. Hətta yeri gələndə gələcək məmurdan son vaxtlar hansı əsərləri oxuduğunu soruşurdular. Bəs indiki məmurlar? Aman Allah, onların əksəriyyəti hansı səviyyədədir? Bunu bilmək üçün əksər məmurlarımızın ekran və efirdə verdikləri 3-4 cümləlik müsahibəni dinləmək yetərlidir.

 

- Bəs şəxsi yaradıcılıq fəaliyyətində necə, bu cür problemlər varmı?

 

- Bu gün yaradıcılıq aləmində təzə yol açmaq çətin məsələdir. Bilirsizmi, bəlkə də həyatda bir anlıq qəhrəmanlıqla qəfil şöhrət qazanmaq olar. Eləcə də incəsənətin digər bir sahəsində görünüb qeyri-adi bir mahnının ifası ilə geniş auditoriyada meteor kimi parlamaq olar. Amma ədəbiyyatda bu, çətin bir məsələdir. Mən öz yolumla gedirəm. Bu işdə kiməsə güvənmirəm. İsnad və istinad nöqtəm öz zəhmətimdir. Bildiyiniz kimi, bu gün yaradıcılıqda elə bir maddi və mənəvi stimul yoxdur. Məni yazmağa təhrik edən ürəyim və ağlımdır. Amma təbii ki, problemlərim də kifayət qədərdir. Həm məişət, həm də əsərlərimin nəşri və tamaşaya qoyulması sahəsində problemlər kifayət qədərdir. Tək bir faktı demək istəyirəm. İyirmidən çox əsərimə otuzdan çox quruluş verilib. Mühüm postu, iri vəzifəsi, pulu-parası, adamı-dayısı olmayan bir adamın onlarla maneəni dəf edib bu qədər pyesin səhnəyə çıxmasına nail olmağın çətinliyini siz ədəbiyyatla bağlı olan bir adam kimi təsəvvür edə bilərsiz. Digər janrlardan fərqli olaraq dram əsərlərinin səhnəyə yol tapması fərqli səciyyə daşıyır. Məsələn, bu gün hansısa nəsr və ya poeziya nümunəsinin nəşr olunması üçün maddi vəsaitin olması yetərlidir. Başqa sözlə, pulunu mətbəəyə ödə, qoy sənin yazdıqların ən yaxşı cildlərlə nəşr olunsun. Amma dram əsərləri bir az ayrı tale yaşayır. Sözümün canı var. Mən neyləyim ki, indiyəcən bu qədər əsərdən cəmi bir ya ikisi lentə alınıb, televiziya ekranında nümayiş olunub? Kimə şikayət edəsən, dərdini kimə deyəsən? Ümumiyyətlə, belə bir qurum varmı? Adam var ki, bir mənasız səhnəciyini bütün televiziyalar fasiləsiz “fırladır”. İndi təəssüf ki, hər şeyi olmasa da, çox şeyi pul həll edir. Pulun hökmranlıq etdiyi cəmiyyətdə bədii sözün səsi bir az aşağıdan çıxır. Amma əslində hər şey əksinə olmalıdır. Dediyim odur ki, mənim pyeslərim teatr zallarından çıxıb böyük tamaşaçı auditoriyasına addımlaya bilmir.

 

- Sizin sevimli yazıçınız kimdir?

 

- Onlarca bu cür yazıçı var.

 

- Azərbaycan ədəbiyyatında ən çox sevdiyiniz əsər hansıdır?

 

- Belə əsərlərin sayı çoxdur. Yeri gəlmişkən, sizə bir şey deyim. Adətən, mənə çox yazdığımı xatırladırlar. Əksinə, mən yazmaqdan daha çox mütaliə edirəm. Ümumiyyətlə, mütaliədə və yazı prosesində bir janrdan digərinə keçmək mənim üçün heç vaxt çətin olmayıb. Hətta, son dövrlərdə qələmə aldığım bir əsərdə, “Cənnət çiçəyi” adlı romanda az qala ədəbiyyatda mövcud olan bütün janrlardan istifadə etmişəm. Bu əsərdə hətta əsər qəhrəmanının üzərində işlədiyi elmi monoqrafiyadan parçalar da daxil edilib. /Kənan Hacı, kulis.az/

 

Yenililklər
27.02.20
Əlyazmalar İnstitutu XIX əsrdə nəşr olunan “Bakinskiy listok” qəzetinin elektron versiyasını əldə edib
27.02.20
"Günə min işarə yaza bilsəm, papağımı göyə ataram" - Mübariz Örən
27.02.20
Müşfiq Şükürlü - Cavid bizim ustad təqlidçilərimizdəndir
27.02.20
Gülşən Mustafanın "Hasar" adlı hekayələr kitabı işıq üzü görüb
26.02.20
Filologiya elmində Turxan Gəncəyi zirvəsi
26.02.20
Əli bəy Hüseynzadə haqqında ilk fundamental biblioqrafiya işıq üzü görüb
25.02.20
Rasim Qaraca: “Hər ad günümə bir kitab hədiyyə edirəm” - VIDEO-SÖHBƏT
25.02.20
Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20
İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.