Əli Şirin Şükürlü - Su pərisi
07.01.14

Povestin davamı


Ücüncü və dördüncü hissə

                                                     III

   Dünənkindən artıq həyacanla gözləyirdi. Dəniz də bu gün əvvəlki günlərlə müqayisədə daha çox dalğalanırdı. Sahilə çırpılaraq yenidən geri çəkilən dalğalar sanki keçilməzlikdən və inaddan xəbər verirdi. Geri çəkilərək yox olan dalğanın yerində dərhal başqası peyda olur, o da tezliklə yerini başqa bir dalğaya verirdi. X da gözlərini bir-birini əvəzləyən dalğalara dikib qalmışdı.
   Nəhayət. Bu da dalğalarla rəqs edən gözəl; təbəssüm dolu sima, heyranlıqla baxan gözlər. Və baxışlar bu gün daha umidverici idi.
-    Bayaqdan gözləyirəm, - X sevinclə dilləndi.
Cavab əvəzinə yenə sükutla qarşılaşdı. Elə bil qızın danışması üçün müəyyən vaxt keçməliydi. Müəyyən vaxt keçməliydi o, fikirlərini cəmləyib cavab verə bilsin. Amma qızın onu dərhal anladığına əmin idi. Elə bu əminlik də onu gözləməyə vadar edirdi.
-    Bilirəm, - qız nəhayət dilləndi.
Yenə gözəl simanı tamamlayan ecazkar səs onu daxilən təlatümə gətirdi. Indiki vəziyyəti ilə dənizi xatırladırdı. Daxilində baş verən qabarma və çəkilmələri ürəyinin tez-tez döyünməsindən hiss edirdi. Elə bil içində bir-birini əvəz edən nələrinsə mübarizəsi gedirdi. Dənizdə bir-birininin yerini tutan dalğalar kimi.
-    Sudan çıxacaqsınız?
-    Hələ yox.
-    Niyə? Yoxsa utanırsınız?
-    Yox. Hələ buna hazır deyiləm. Hazır olanda çıxacağam.
-    Nə vaxt?
-    Tezliklə.
-    Adınızı deyə bilərsiniz heç olmasa. Mənim adım...
Qız dərhal dilləndi:
-    Bilirəm.
-    Bilirsiniz? – X təəccüblənsə də bu barədə heç nə soruşmamaq qərarına gəldi, - bəs sizin?
Yenə sehrli təbəssüm peyda oldu:
-    Su Pərisi.
Az qala ağlını itirəcəkdi X. Lakin qəribə hadisələrə vərdişli, həm də psixoloji cəhətdən hazır olduğundan özünü ələ ala bildi. Axı o, insan düşüncəsində baş verən bütün hadisələrin müxtəlif fəzalarda gerçəkliyinə, reallıqla irrealığın müəyyən zaman kəsiklərində kəsişməsinə inanırdı. Buna baxmayaraq, çaşqınlığını dərhal gizlədə bilməsə də, tez də özünü cəmləməyi bacardı.
-    Gözləmirdiniz yəqin, - yenidən ecazkar sehrli səsi eşidirdi.
-    O qədər də gözlənilməz olmadı hər halda, - X cavab verdi. Qeyri-adi görüşlərə vərdişliyəm. Bundan sonrası necə olacaq o, məni narahat edir.
-    Nə mənada?
-    Yəni siz dənizdə, mən quruda. Bir gün hər şey bitəcək. Hərə öz məkanına çəkilib gedəcək. Vəssalam. Məni daha çox ayrılıq, özü də əbədi ayrılıq narahat edir.
-    Yox. Ayrılıq olsa da əbədi olmayacaq. Inanın. Bu təkcə sizin iradənizdən asılıdır.
-    Mən hər şeyə hazıram.
-    Bunu üçün çox az şeyə hazır olmaq lazımdır əslində.
-    Nəyə?
-    Sevgiyə. Yalnız əsl sevgi torpaqla suyu birləşdirə bilər. Bax elə indi olduğu kimi.
X qeyri-iradi suya girib qıza yaxınlaşmağa başlayarkən o, həyacan qarışıq məlahətli səsi ilə bir qədər ucadan dedi:
-    Yox. Olmaz. Qayıdın. Mən özüm sudan çıxacağam. Amma bir qədər möhlət lazımdır mənə.
-    Nə vaxt?
-    Ürəyinizin səsinə qulaq asın. Bir neçə gün keçsin, hissləriniz indiki hərarətini itirməsə görüşümüzə heç bir maneə qalmayacaq. Indi isə hələlik.
-    Yox. Heç vaxt sevgimin hərarəti azalmayacaq. Inanın. Heç vaxt. Sabah yenə gözləyəcəm. Hər gün gözləyəcəyəm.
Sonuncu sözləri artıq uzaqlaşmaqda olan qızın arxasınca söyləyirdi X. Özü də ucadan, vərdiş etmədiyi çılğınlıqla. Qızın onu tam eşidib-eşidmədiyinin isə fərqində deyildi deyəsən. Çünki qız yenə də dənizə qarışıb gözdən itmişdi. Onun bu çılğınlığı içindəki tükənməz sevginin təlatüm dolu dalğaları idi sərhədlərini aşıb sahilə çırpılırdı. Eynən qarşısında dayandığı dənizin dalğaları kimi. Sonsuzluğa qarışıb ümmana çevrilən zərrələr kimi.

   Nə qədər sevgi ilə dolurdusa düşüncəsi bir o qədər itilənir, idrakı aydınlaşırdı. Eyvanda alaqaranlıqda oturub şövqlə fikirlərini kağıza ötürürdü: ” Sonsuzluq insan idrakının məhdudluğunun nəticəsidir. Insan idrakının aşa bilmədiyi sərhəddən başlayır sonsuzluq. Harda dayansaq o nöqtədən sonsuzluq açılır. Hətta bir-birinə ən yaxın iki nöqtə arasında belə sonsuzluq məskən salıb. Istənilən iki ədəd arasında sonsuz sayda ədədlər movcuddur. Çünki varlıqlar sonsuz hissələrdən ibarətdir. Bu baxımdan üzdən sonlu görünənlər də mahiyyətcə sonsuzluğa bürünüb. Səbəbi isə verdiyimiz modelin köməyi ilə aydınlaşdıraq: ...”
  - Nə olub, oğul? – anası xeyli vaxtdı arxasında dayanıb onu müşahidə edirdi.
  - Heç, ana. Sadəcə işləyirəm.
  - Bir neçə gündü məyus görünürsən elə bil.
  - Yox. Əksinə. Özümü daha yaxşı hiss edirəm. Elmi işlərimlə əlaqədar başım qarışıqdı bir qədər sadəcə.
 -Yayı dincələ bilərdin də. Onsuz da tezliklə məzuniyyətin qurtaracaq qayıdıb gedəcəksən şəhərə. Onda rahat oturub işləyərsən.
- Dincəlirəm, ana. Doğma qəsəbə, sən, dəniz. Bunlar elə istirahətdir mənimçün.
- Nə bilim. Hər halda yorğun görünürsən.

                                                      IV

   Yeganə övladı idi X ananın. Elə dənizə yaxın bu kiçik qəsəbədə göz açmışdı dünyaya. Atası müəllim işləyirdi. Aspiranturaya qəbul olunduqdan sonra şəhərə köçmüşdülər. Ağlı kəsəndən ən çox gördüyü ata-ana sevgisi və ikiotaqlı mənzilin hər küncünə səpələnmiş kitablar idi. Əvvəlcə kitabların səhifəsini cırmağa başladı. Sonra səhifələri yazmağa, daha sonra kitablardakı şəkillərə baxmağa, nəhayət, oxumağa. Beləcə, tükənməz sevgi və kitablarla əhatə olunmuş bir aləmdə yavaş-yavaş böyüdü.
  Bir müddət rusiyada yaşadılar. Atasının elmi-tədqiqat işlərini davam etdirdiyi institutun yerləşdiyi şəhərin yaxınlığındakı qəsəbədə yaşayırdılar. Qəsəbə bir tərəfdən meşə ilə əhatə olunmuş, yaxınlığından iri bir su kanalı keçirdi. Ilk sevgi məcarasını da, ilk ən böyük sarsıntısını da bu məkanda yaşamışdı X.
   Artıq yaşının qızlara fərqli marağın oyandığı dövrü idi. Yuxuda tez-tez sinif yoldaşı Sveta ilə görüşür, kanalın kənarında əl-ələ gəzir, meşədə moruq kolunun yaxınlığında oturub öpüşürdülər. Yuxudakı bütün hadisələrin qəhramanı təkcə ikisi olurdu. Sanki görüşdükləri bu məkanda hər şey və hər kəs yoxluğa çevrilirdi.
   Bunlar yuxuda gördükləri idi. Həyatda isə vəziyyət fərqli və rəngarəng idi. Məktəbdəki həmyaşıdı oğlanlar ona bir qədər qısqanclıqla yanaşırdılar. Bunun səbəbi isə görkəmcə onlardan fərqlənməsi, elə bu səbəbdən də qızların daha çox diqqətini cəlb etməsi idi. Qarabəniz siması, eyni zamanda başqa millətin nümayəndəsi olaraq fərqli ləhcədə danışığı ona qarşı marağı bir qədər də artırırdı. Lakin özünü müdafiə etmək bacarığı və biliyi bu kimi səbəblərdən ona sataşmaq istəyənləri yerində oturmağa, onunla ehtiyatlı davranmağa məcbur edirdi.
   Sveta əksər qızlar kimi sarışın olsa da başqalarından fərqlənirdi. Hər halda o belə düşünürdü. Bəlkə də buna səbəb qısa saç düzümünün dəbdə olduğu bir vaxtda onun uzun saçının olması idi. Uşaqlıqdan fantastik ədəbiyyat həvəskarı X qızı su pərisinə bənzədirdi.
   Bir gün dərsdən sonra Sveta qarabəniz bir qızla ona yaxınlaşdı.
-    Tanış ol, - dedi, - yerlindir. – Məktəbə təzə gəlib, həm də qonşuyuq.
-    Yerlimdir? – X bir qədər təəccübləndi.
-    Qroznıdanam, - Mariya X-ın təəccübünü anlamışdı deyəsən.

   Beləcə, onların dostluğu başladı. Iki qız və o. Bir də dostluq elədiyi Volodya vardı. O da onlara qoşulurdu hərdən. Hərdən ona görə ki, Volodya ilə tez-tez küsdüyü məqamlar olurdu. Bəzən qızların yanında belə sözləri düz gəlmirdi. Əslində Volodya ikilikdə olanda daha mehriban davranırdı onunla. Evinə dəvət edirdi, onlara gəlirdi. Ilk rus ailəsi ilə yaxından tanışlığı da elə Volodyagildə olmuşdu. Düzdür, valideyinləri içkiyə meyilli olsalar da ona nəvazişlə yanaşırdılar. Hətta bir dəfə X Volodyanın atasının içkili vəziyyətdə öz evində bir kişi ilə davasının da şahidi olmuşdu. Amma nədənsə anası o kişini müdafiə edirdi. Hətta itələyib öz ərini mənzildən çölə çıxarması bir qədər təəccüb və marağına səbəb olmuşdu X-ın. Üç sərxoş adamın davasının müəyyən məqamlarına gülməyini saxlaya bilməməsi Volodyanın diqqətindən yayınmamış, bir müddət onunla küsülü davranmışdı.
   Elə ilk sevgi romantikasını da bu dostluq zamanı yaşamışdı. Deyəsən, Mariyanın ona olan isti münasibəti getdikcə Svetanı narahat etməyə başlamıdı. Elə ilk görüşə də qız özü onu çağırmışdı. Amma qəribəsi bu idi ki, neçə vaxt dostluq etmələrinə, demək olar, hər gün görüşdüklərinə baxmayaraq, bu dəfəki görüş xəbərini hamının sevimlisi balaca İra çatdırmışdı ona: “ Sveta deyir axşam tək gəlsin. Mən də tək olacağam”. Bir qədər həyacanla qarşılasa da sevinirdi həm də. Dərslərini hazırlayarkən tez-tez fikri yayınır, görüş anlarını təsəvvür edib sevinc qarışıq həyacan keçirirdi.
   Gənc qızla oğlana məxsus görüşün romantikasını yaşayırdılar. Sanki əvvəlcədən hər şey ölçülüb biçilmişdi. Qəribəsi o idi ki, Sveta vədinə əməl edib onu artıq gözləyirdi. Özü də tək. Əvvəlcə əl-ələ tutub üz-üzə dayandılar. Svetaya bəzi komplekslər yad idi. Məsələn, görüşə qız gərək bir qədər geçiksin və yaxud gərək oğlan birinci ürəyini açsın və s. Bu da onu başqalarından fərqlərindən cəhətlərdən idi.
   Kanalın kənarında təkbir gözə dəyən vardı. Onlar da balıq ovlayan yaşlı kişilər idi. Kanala yaxın skamyalardan birində oturdular. Yenə qızın əlindən tutdu.
-    Mariyadan xoşun gəlir? – Qız soruşdu.
-    Hə. Ancaq bir dost kimi.
-    Bəs başqa kimdən xoşun gəlir?
-    Səndən.
-    Dost kimi?
-    Təkcə dost kimi yox.
-    Bəs necə?
-    Həm də qız kimi.
-    Yalan deyirsən. Bütün oğlanlar belə deyir.
-    Yalan demirəm.
-    Sonra kimdən xoşun gəlir?
-    Təkcə səndən. Lap elə gördüyüm gündən. Bəs sənin?
-    Əvvəl bir sinif yuxarıda oxuyan biri vardı ondan xoşum gəlirdi. Səni görəndən sonra ona marağım azaldı. Sənin necə, əvvəllər xoşun gələn kimsə olub?
-    Hə. Öz şəhərimdə. Dördüncü sinifdə oxuyurdum. Özü də ilk dəfə gözlərinə vurulmuşdum.
-    Sonra nə oldu?
-    Bilmirəm. Əvvəl çox iztirab keçirirdim. Sonra tədricən unutmağa başladım.
-    Belə tez unudursan sevdiklərini?
-    Yox. Saçlarına toxuna bilərəm? – X birdən söhbətin səmtini dəyişdi.
-    Hə.

Dodaqlar bir-birinə sıxıldı. Deyəsən, bu onların ilk öpüşü idi. Sonralar X bütün ömrü boyu bu ilk öpüşü, su pərisinin bədənini təmasını, nəfəsinin hərarətini unutmayacaqdı. Yaşadığı şəhərdən fərqli olaraq bu yerlərdə yeniyetmə qızla oğlanın dostluğuna, hətta görüşməsinə, elə öpüşməsinə də pis baxmırdılar. Amma oğlanın məmləkətində qızlara sevgi yasaq idi. Elə bil yalnız qızları sevmək olardı. Hansısa qızın sevgisindən xəbər tutulsaydı söz-söhbətə səbəb olurdu. Amma buna baxmayaraq, hər yerdə olduğu kimi burada da bütün oğlanlar sevgi ehtirafı gözləyirdilər. Buna təsadüfən nail olanlar isə özünü az qala qəhraman hesab edirdi. Sanki bütün kişilər öz qadağalarının qurbanına çevrilmişdilər. Burada isə əksinə. Qız da, oğlan da sevgisini asanlıqla etiraf edə bilirdi. Nəinki etiraf edə bilirdi, hətta onların görüşməsinə belə ciddi maneə yox idi. Bəlkə elə bu səbəbdən idi adamlar burada daha  xoşbəxt görünürdü. X artıq bütün bunları yaxşı bilirdi. Elə bildiyinə görə də özünü sərbəst hiss edirdi.
   Gəzə-gəzə meşəyə yollandılar. Meşədə qızı arxadan qucaqlayıb əvvəlcə saçlarını öpməyə başladı. Sonra dodaqlarını boynuna toxundurdu. Qız azacıq müqavimət göstərib oğlandan aralandı və çevrilib qollarını onun boynuna doladı. Oğlan onun belini qucaqlayıb çəmənliyə yıxmağa cəhd göstərsə də qız oturmaqla kifayətləndi. Beləcə, meşədə xeyli oturub öpüşdülər. Ayrılmaq istəmirdilər. Bunu hər ikisi hiss edirdi. Lakin havanın qaraldığını görən Sveta getmək lazım olduğunu söylədi.
   Əl-ələ evə yollandılar. Uzanan və döngələrdə yoxa çıxan meşə cığırı qarşıda onları gözləyən dolanbac həyat yolundan xəbər verirdi sanki. Hər halda X belə düşünürdü.
-    Bu səndə birinci dəfə idi? – Qız soruşdu.
Istədi bir qədər lovğalansın, amma yalana vərdiş etmədiyindən dedi:
-    Hə. Bəs səndə?
   Səsinin ahəngindən qısqandığı qızın nəzərindən qaçmadı. Bu, qızın xoşuna gəlsə də, amma o da bir qədər nazla düzünü söylədi:
-    Elə məndə də.
-    Yenə görüşəcəyik?
-    Baxarıq.
Bu cavabı ilə qızın naz etdiyini yaxşı anlayırdı X.

   Beləcə, demək olar, hər gün eyni vaxtda görüşür, alaqaranlığa qədər gəzib əylənirdilər. Arabir dostlar onlara qoşulsalar da tez də ayrılırdılar. Mariya və Volodya da görüşməyə başlamışdılar. Bu da əslində onlara sərf edirdi və dostların xətrinə dəymədən tez-tez ikilikdə qalmaq imkanı qazanırdılar. Artıq onların sevgi məcarasından az qala bütün məktəbin xəbəri vardı: “ Gözəlçə Su Pərisi Qarabala ilə görüşür”.
   Elə fərqli mədəniyyətlə ilk ən yaxın tanışlığı da Svetanın ailəsi ilə təmasında baş verdi. Bu tanışlıq onun dünyagörüşünün, insanlara, hətta xalqlara münasibətinin formalaşmasında zaman-zaman ona yardımçı oldu.
   Svetanın anası çox yaraşıqlı mehriban bir qadın idi. X-a nəvazişlə yanaşar, daim onları nəyəsə qonaq edərdi; bişirdiyi piroqlar, mürəbbəli çay, hazırladığı buterbrodlar X-ın xoşuna gəlirdi. Atası isə bir qədər sərt adam idi. Düzdür, hər dəfə oğlanı görəndə salamlaşsa da qızı ilə dostluğundan bir o qədər də məmnun olmadığı hiss olunurdu. Tez-tez qonaqlar olardı bu evdə. Amma bu qonaqlar Volodyagildə olan qonaqlardan fərqlənərdi. Qədərincə içər, müxtəlif movzularda söhbətlər edərdilər. Bəzən X da söhbətə qoşulardı. Bu alicənab əmi və xalalar Svetanın dostu bu qarabəniz oğlana sayğıyla yanaşardılar. Xüsusilə, oğlanın atasının elm adamı olması, özünün isə yeniyetmə olmasına baxmayaraq, bir çox movzulardan baş çıxarması ona qarşı diqqəti bir az da artırırdı. Oğlan da çəkinmədən bəzən diskusiyalara qoşular, daha çox oxuduqlarına əsasən mühakimələr yürüdərdi. Bu mühakimələrin çoxunun əsasən diletant səviyyədə olmasına baxmayaraq, fikirlərinə hörmətlə yanaşar, üzə vurmazdılar. X bütün bunları sonralar başa düşsə də, hər halda o müzakirələr həyatında müəyyən rol oynaya bildi. Bir tərəfdən atasının alim dostları ilə olan müzakirələri, bir tərəfdən də Svetanın yazıçı anasının yaxın çevrəsinin ədəbiyyat haqqında avanqard fikirləri onun elmi-yaradıcı taleyində mühüm rol oynadı. Sonralar daim yeniliyə can atan X-ın elmi-yaradıcı mühitdə müxtəlif ekspermentləri yeni bir istiqamətin yaranmasına səbəb oldu.       
   Amma bir gün hər şey dəyişdi. Sevgi dolu həyatına iztirab təşrif gətirdi. Özü də gözlənilmədən. Və bu iztirabın gətirdiyi sarsıntı ilə həyatının yeni mərhələsi başladı. Xəbəri ilk oaraq Volodya çatdırdı ona: “ Qızlar kanalda batıb” – həyacanla deyib kanala tərəf yüyürdü. X da onun ardınca. Kanala çatanda iş-işdən keçmişdi. Mariyanı xəstəxanaya aparmışdılar. Sveta isə hələ də tapılmamışdı. Hərə bir söz danışırdı.
   Deyilənə görə, təzəcə hərbi xidmətdən qayıdan qonşu oğlan qızları motorlu qayıqla gəzintiyə dəvət edib və hadisə də elə gəzinti zamanı baş verib. Qayığı sürətlə sürdüyündən kanalın ortasında qayıq çevrilib. Kanal çox enli olduğundan sahilə qədər üzüb yetişmək o qədər də asan deyildi. Sveta üzməyi bacarırdı. Amma hər üzməyi bacaran bu işin öhdəsindən gələ bilməzdi. X bunu yaxşı bilirdi. Elə bu da onun narahatlığını bir qədər də artırırdı.

   Şıdırığı yağış yağırdı. X yaşadığı evin yanındakı ağaca söykənib dayanmışdı. Nə qədər dayandığının fərqində deyildi. Yağışın altında vaxt keçirməyi sevirdi. Buralarda tez-tez yağışlar yağırdı. Hətta bəzən yağmursuz yerdə dayanıb özündən beş-on metr irəlidə yağışın yağdığını müşahidə etmək mümkün idi. O da yağışı sevirdi. Təkcə müşahidə etməyi yox, həm də yağışla təması. Ona toxunmağı, altında gəzməyi, dayanmağı, - düşünməyi. Qəribə hisslər oyadırdı onda yağış. Bəzən izaha gəlməyən. Indi isə əlacsızlıqdan dayanmışdı. Nə edəcəyini bilmirdi. Yağışsa döyürdü onu. Elə hey döyürdü. Birdən Sveta peyda oldu. O qədər gözəl idi ki. Əvvəlkindən də qat-qat gözəl. Amma qurşaqdan aşağısı balıq. Yağışda üzürdü. Üzə-üzə onu yaxınlaşdı. Üzündə təbəssüm. “ Neçə saatdı dayanmısan burada, xəstələnərsən. Gəl gedək” – oğlanın əlindən tutdu. Indi o da su pərisinə qoşulub üzürdü. “ İndisə get evə, get dincəl. Sonra görüşərik” – mənzilin kəndarında ayrildi ondan. Ani peyda olduğu kimi, ani də gözdən itdi.
-    Mənim balam, - anası onu bağrına basdı, - tamam islanmısan. – Gəl paltarını dəyiş, hər şey yaxşı olacaq.
Artıq hamı hadisədən xəbardar idi. Anası ona təskinlik versə də kövrəldiyi aydın hiss olunurdu. Hönkürüb anasını qucaqladı: “ Ana, Sveta kanalda batıb. Amma ölməyib, əsl su pərisinə çevrilib, - gözümlə gördüm”. Anası oğlunun qəribəliyinə bələd olduğundan, həm də təskinlik məqsədilə dedi:
-    Elədir, oğlum, ölməyib.
-    Sən də gördün? - X ümidlə anasına baxıb soruşdu. – Məni kəndara kimi ötürdü.
-    Gördüm, oğlum, gördüm, - anası oğlunun ümidini qırmadı.  – İndi isə uzan, bir az dincəl.                                                  

   Yuxuda eyni hadisənin təkrarını görürdü hər gün. Sveta iri bir su hövzəsində batır və bir müddətdən sonra su pərisi görkəmində qayıdır. Əvvəl X onu tanımasa da, sonra onun Sveta olduğunu anlayıb sevinir və əl-ələ birlikdə üzürlər. Gah yağışda, gah da iri su hövzəsində.
  Beləcə, hər gecə təxminən eyni yuxunu görürdü. Reallıqda isə gözü hər yerdə onu axtarırdı. Ilk təmasda olduğu qızı. Yuxuları bir müddət onun üçün təsəlliyə çevrilmişdi və onların nə vaxtsa gerçəşləcəyinə inanırdı. Ta atası xəstələnənə qədər. Atasının xəstəliyi getdikcə şiddətləndiyindən Bakıya qayıtmağa hazırlaşırdılar. Ikinci gözlənilməz zərbə atasının xəstəliyinin ciddi olduğunu anladığı an baş verdi. Atasının xəstəliyinə sarsılsa da, bir tərəfdən buradan gedəcəklərinə sevinirdi. Əslində, o, çoxdan gedirdi buralardan. Su pərisini qərq etdiyi gündən gedirdi. Bu şəhərdən, bu şəhərdəki meşədən, bu şəhərdəki su kanalından, bu şəhərdəki məktəbdən, bu şəhərdəki dostlardan. Bu şəhərdəki hər kəsdən və hər şeydən gedirdi. Ilk sevdiyi insanı itirdiyi gündən gedirdi.
   Gedənə qədər isə baş verən qəfil dəyişikliklərin gətirdiyi kədər həyatında yeni səhifə açmışdı. Ilk şeirini yazmışdı X:

   İnsanlar bilməzdilər
   ölümün nə olduğunu
   birinci insan ölənə qədər.

   Onlarçün həyat vardı yalnız,
   sevgi dolu həyat.

   Insanlar ölümü yox,
   həyatı tanıyırdılar,
   ayrılığı yox,
   vüsalı tanıyırdılar
   birinci insan ölənə qədər.


Ardı var

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.