Elçin Hüseynbəyli: “Məni oxumayan ədəbiyyatdan xəbərsizdir”
15.01.14

"Ulduz” jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəylinin müsahibəsi.


 

- Siz həmişə deyirsiniz ki, jurnalistlər mənə yaradıcılığımla bağlı yox, cari məsələlərlə bağlı suallar verirlər. Əgər bu davamlı prosesdirsə, bəlkə günahı həm də özünüzdə axtarasınız?

 

- Mənə elə gəlir ki, jurnalistikada mərhəmət hissi itib. Jurnalistikada obyektivlik şübhəsiz olmalıdır. Jurnalistlər sual verdikləri obyektin cəmiyyətdəki mövqeyini, onun ailə başçısı olmağını nəzərə almalı, onun işgüzar imicinə xələl gətirəcək hər hansı söz işlətməli deyillər. O başqa məsələ ki həqiqəti demək lazımdır. Amma bir fikir də var, deyir, bəzən ali məqsədlər naminə həqiqəti deməmək olar. Müsahibə verən adam bir də görürsən bəzi məsələlərdə susur, istəmir kiminsə xətrinə dəysin. Burda etik və siyasi məqamlar ola bilər. Cəmiyyətin kurallarını nəzərə almadan yaşamaq mümkün deyil. Mən gözümü açandan çalışmışam ki, ədaləti olum. Cəhd göstərmişəm, kiminsə haqqını başqası yeməsin. Yenidən “Don Kixot”u oxumağa başlamışam və görürəm ki, haqq, ədalət axtaran adamların böyük əksəriyyəti, elə mənim özüm də Don Kixotdur. Don Kixot nə qədər sadəlövh olsa da quru canı ilə bütün dünyada cəngavərlik edib haqq-ədaləti bərpa etmək istəyir. “Don Kixot” dünyanın bir nömrəli əsəri kimi qəbul olunur. Bir də görürsən, mənə qətiyyən dəxli olmayan suallar verirlər. Yazıçılar Birliyinin katibliyinə aid olan sualları mənə ünvanlayırlar. Maliyyə məsələlərini məndən soruşurlar. İnsana birbaşa öz işi ilə bağlı olmayan sualların verilməsi doğru deyil axı. Ola bilər ki, mən və mənim kimi adamlar mətbuata açıqdırlar, ona görə bütün suallar bizə ünvanlanır, ancaq gərək bundan sui-istifadə edilməsin. Axı mən “dejurnı” müsahibə verən deyiləm. Belə şeyləri nəzərə almaq lazımdır. Bundan başqa müsahibə götürən jurnalist obyekti öyrənməlidir. Vacib deyil ki, onun bütün əsərlərini oxusun. Ancaq onu mütləq öyrənməlidir. Bu, peşəkarlıq məsələsidir. Mən Şah Abbas haqqında roman yazmışam, bundan əvvəl isə obyekti öyrənmişəm. Ağzıma gələni yazmamışam. Yaxud “Balıq adam” romanımda dalğıc adam obrazı var. Mən dalğıclarla bağlı xeyli şey öyrənəndən sonra bu obrazı yaratmışam. Jurnalist də obyektlə söhbətə hazır getməlidir. Məni narazı salan məqam bax budur. Yazıçını qınayırlar ki, sən əsər yazırsan, amma heç kim oxumur. Yazıçının sosial statusu oxucudan üstündür, ona görə bu iddianın səsləndirilməsi doğru deyil. Yazıçının günahı deyil ki, yazdığı oxunmur. Oxunmur oxunmasın. Cavan uşaqlardan soruşuram ki, kimi oxumusunuz. Məlum olur ki, 30-40-cı illər ədəbiyyatından nəsə oxuyublar. Çoxu heç Anarı da oxumayıb. Deyirəm, biz cəhənnəm, heç olmasa Anarı oxuyun. Mən jurnalistlərdən şikayət edəndə bunları demişəm. Hərdən də zarafatla demişəm ki, sən Elçin Hüseynbəylini oxumamısansa, Azərbaycan nəsrindən xəbərsizsən.

 


- Kitab bağışlamağı sevmirsiz, kitablarınızın da qiyməti ucuz deyil. Bu baxımdan jurnalistlərin sizin kitablarınızı oxumamağını normal qəbul etmək olar.

 

- Ola bilsin ki, sən doğru deyirsən. Ancaq jurnalist heç olmasa bu kitabı redaksiya hesabına əldə etməlidir. Yazıçı öz əsərini hansısa mütəxəssisə hədiyyə edə bilər. Ümumiyyətlə mən ilkə imza atmağı xoşlayıram. Romançılığa heç kim girişməyəndə mən roman yazırdım. Dram əsərlərinə heç kim girişməyəndə mən dram əsərləri yazmışam. “Balıq adam” romanını yazanda belə bir fikir atdım ortaya ki, kitab hədiyyə etməyək. Və bundan sonra kitab hədiyyə etmədim. Yalnız o adamlara kitab hədiyyə etdim ki, onların fikri mənim üçün maraqlı idi. Onların sayı isə iki-üç nəfərdən artıq deyil. İndi gəlib elə vəziyyətə çatmışıq ki, heç kim kitab almaq istəmir. Əksəriyyət kitabın ona hədiyyə edilməsini istəyir. Bunun nəticəsidir ki, bir neçə adda kitabım ay ərzində 140-150 dənə satılır.

 

- Reallıqları nəzərə alsaq pis deyil...

 

- Nəyi yaxşıdır ki? Bu ildə təxminən 1500 kitab edir. 50, ya 70 qəpikdən onun pulunu versələr deməli mənim kitabdan illik qazancım 800-1000 manat olur. Deyirsən ki, kitablarınız bahadır. Amma baha deyil, 5 manata satılır. Xüsusi imza günlərində 10 manata satırıq. Əslində 400-500 səhifəlik roman 5 manatdan satılmağından narazıyam. Amma indi rahatam. Kitabın çapı üçün əvvəlki kimi sponsor axtarmağa ehtiyac yoxdur. Bütün işləri öz üzərinə götürmürsən, nəşriyyat hamısını tənzimləyir.

 

- “Ulduz” jurnalının baş redaktorluğunu hər dəfə gənclərdən birinə həvalə edirsiniz. Onların ortaya qoyduğu iş sizi qane edirmi?

 

- Gənclərə 5 say vermişik. İndiki, çoxtirəliyin, intriqanın çox güclü  olduğu ədəbi mühitdə obyektiv və maraqlı jurnal buraxmaq çox çətindir. Adamlar qruplara bölünüblər, kimsə harasa yazı vermir. O cümlədən elə adamlar var ki, “Ulduz”a yazı vermir. Halbuki  istedadlı adamlardır. Mən özüm də harasa yazı vermirəm. Bu baxımdan ortaya çıxan “Ulduz” jurnalının məhsullarını kifayət qədər normal hesab edirəm. Mən demirəm şedevrdir, amma yaxşı, maraqlı materiallar olur. Xüsusən poeziyada. Nəsrdə isə çox azdır. Bilsəm ki, heç olmasa cümlələr Azərbaycan dilində qurulur, sevinərəm. Ancaq təəssüf ki, Azərbaycan dilində yaza bilmirlər. Bəziləri Azərbaycan dilini bilməməyi üslubun boynuna qoyur. Deyir, mənim üslubum belədir. Bu, absurd bir şeydir. Təhkiyə tamam başqa şeydir. Təfəkkür və dil amili yazıçılıq üçün vacibdir.

 

- Çox maraqlı məqama toxunursunuz, ancaq sizin özünüzə tutulan iradlardan biri də dili bilməməklə bağlıdır.

 

- Mənimlə bağlı deyilənlər mexaniki redaktə məsələsidir. Bir yerdə “qəhvə” yerinə “kofe” sözü işlətmişəm, bunu mənə irad tutublar. Və yaxud mənə irad tuturlar ki, “şəhid olub ölüb” yazmısan. Hesab edirəm ki, bu, obrazlı ifadədir. Dostoyevski də romanlarının birində yazıb ki, yumru dəyirmi masanın ətrafında əyləşmişdilər. Bu, assosiativ ifadədir. Stilizə, distilə olunmuş, ütülənmiş dil də bir şey deyil. Bu baxımdan düşünürəm ki, “şəhid olub ölüb”ü irad tutmaq düzgün deyil. Roman qalıb qıraqda, sən ancaq bir cümlədən yapışırsansa, bu, gerizəkalığın əlamətidir.

 

- “Ulduz” jurnalı vaxtilə gənclərin çap olunacağı mətbu orqan kimi nəzərdə tutulub. İndi isə vəziyyət başqadır. Gənclər internet saytlarında dərc olunur, qonorar alırlar. Belə baxanda yaradıcı gənclərin çap olunmaq problemi yoxdur. Bu baxımdan necə düşünürsünüz, “Ulduz” jurnalının çapına ehtiyac varmı?

 

- Mən bir neçə dəfə məsələ qaldırmışam ki, biz elektron varianta keçməliyik. Yaradıcı gənclər indi elektron nəşrlərə meyl edirlər, maraq göstərirlər. Ona görə də “Ulduz”un tirajı, satışı yüksək deyil. Bundan başqa yayım şirkətlərinin fəaliyyəti də yarıtmazdır. Onlar qəzet, jurnal satışı ilə yox, başqa şeylə məşğul olurlar. Ümumiyyətlə dünyada getdikcə elektron kitablara, elektron çap məhsullarına maraq artır. Biz dünyada baş verən proseslərə uyğun olaraq yeni sistemə keçməliyik, gecikirik. 

 

- “Ulduz” deyəsən 300 tirajla çıxır...

 

- 500  tirajla çıxır.

 

- AYB-nin 1500 üzvü var, amma 500 tirajla çıxan jurnal satılmır. Burda bir ziddiyyət görürsüz?

 

- Heç kimi məcbur edə bilmərik ki, bizim jurnalı alsın və yaxud abunə yazılsın. Tutaq ki, atçılıq klubunun bir üzvü atçılıqla bağlı bütün nəşrləri almalıdır? Yeni Azərbaycan Partiyasının 500 min üzvü var, belə çıxır ki, “Yeni Azərbaycan” qəzeti 500 min tirajla çıxmalıdır? Mən bu yanaşmanı doğru hesab etmirəm.

 

- Bəs iki manatlıq jurnalı almayan AYB üzvlərinin ədəbi proseslərdən xəbərsiz qalması sizi narahat etmir?    

 

- Sən hələ onu deyirsən, filoloqlar var, bizim jurnalların çıxmağından xəbərsizdirlər. Kitablar kitabxanalara getmir, kitabxanalar jurnallara abunə yazılmır. Kitabxanalar müraciət edir ki, kitablarınızın hamısından göndərin, özü də nə az, nə çox 4 nüsxə. Tutaq ki, 6 kitabın hərəsindən 4 nüsxə göndərsəm, bu edir 24 kitab. Mərkəzləşmiş kitabxanalar da az deyil. Bəs mənə qalan nə oldu? Bu, doğru deyil axı... Yazıçını düşünən yoxdurmu? Yazıçı nə ilə dolanmalıdır. Bu sahədə bir sistem yaradılmalıdır.  İndi heç bir yazıçı kitabdan qazandığı pulla dolana bilməz. 

 

- Qonorarla bağlı sizdən narazılıqlar var. Bu barədə nə deyə bilərsiniz?

 

- “Ulduz” jurnalında axı nə qonorar var ki, hələ bir narazılıq da ola? Büdcəyə uyğun olaraq qonorar müəyyən olunub. Məndən asılı bir şey yoxdur. Qonorarımız aşağıdır. 600-700 manat qonorar fondu ilə nə etmək olar? 30 nəfərə bu fonddan nə qonorar yazasan? Müəlliflərin narazı olmağı təbiidir. Büdcə artırılmalıdır. Doğrudur dövlət dotasiya verir, qalan pulu özümüz qazanmalıyıq, ancaq az tirajla bunu da etmək olmur. Reklam verən də yoxdu.

 

- 52 yaşınız var. Düşünmürsünüz ki, “Ulduz” kimi jurnala rəhbərlik etmək üçün yaşınız bir az çoxdur?

 

- Mən də düşünürəm ki, “Ulduz” jurnalını məndən daha cavan adama vermək lazımdır. Özüm əlavə iş yeri axtarmağa başlayıram. Getdikcə həyat bahalaşır, bizim maaşlar isə artmır. Ona görə düşünürəm ki, alternativ iş yeri tapmalıyam. Mən bivec ailə başçısı deyiləm. Düşünürəm ki, uşaqlar yaxşı təhsil almalı, yaxşı geyinməlidirlər. Vaxtilə mən onsuz da bir neçə yerdə işləmişəm. Burdan aldığım məvaciblə ailəmi dolandıra bilmirəm.

 

- Nə qədər alırsınız ki?

 

- Dəqiq deyə bilərəm ki, səndən az alıram.

 

- Bir az qurultaydan danışaq. Böyük ehtimalla Anar yenidən sədr seçiləcək. Sizcə Anar yenidən sədr seçilsə hər hansı bir dəyişiklik olacaqmı?

 

- Araba sürəndən siyasətçiyə kimi hamını Yazıçılar Birliyinin qurultayı maraqlandırır. Hansısa bir dəyişikliyin olacağını güman edirlər. Mən də düşünürəm ki, cəmiyyət yeniləşdiyinə, yeni tələblər irəli sürüldüyünə görə dəyişikliklər olmalıdır. Ancaq Anar müəllimin qərarı ortada deyil. Bilinmir, qalacaq-qalmayacaq, ona görə konkret fikir söyləmək çətindir. Yeni sədr kim olsa yəqin müəyyən islahatlar aparacaq və yeniliklər edəcək. Amma hələ ki bizim namizədimiz Anar müəllimdir. Anar müəllim olmasa fikirləşəcəyik ki, real namizəd kim ola bilər. Kimlər onu dəstəkləyə bilər. Anar müəllimin də mövqeyi mühüm rol oynayacaq.

 

- Qurultayda sizin birinci katib olacağınızı deyirlər.

 

- Bu barədə indidən danışmaq etik deyil. Belə məsələlər qurultayda həll olunur. Adamlar mücərrəd bir gələcəyə adamdan konkret proqnoz, cavab istəyirlər. İndi demək olmaz ki,Fikrət müəllim qalacaq, ya yox. Bəlkə heç özü istəməyəcək, təbii ki, yaş məsələsi də nəzərə alınmalıdır. Mən indidən bu məsələlər barədə danışıb kiminsə qəlbinə dəymək, onu incitmək istəmirəm.

 

- Belə bir şayiə var ki, bu söhbət mətbuatda çıxandan sonra Fikrət müəllim çox narahat olub, vəziyyəti pisləşib və sonradan sizə irad da bildirib.

 

- Qəti belə bir şey olmayıb. Fikrət müəllim açıqlama da vermişdi ki, biz Elçin Hüseynbəylinin “Ulduz”dakı fəaliyyətindən razıyıq. Ola bilər, katiblikdə də olsun. Bu barədə onunla söhbətimiz olmayıb. Bir-iki dəfə bu mövzuda zarafat eləmişik. Məndən bu məsələ ilə bağlı açıqlama alanda kifayət qədər normal açıqlama vermişdim, sadəcə olaraq jurnalist dediyimi yanlış vermişdi. Bayaq buna görə deyirdim ki, qarşındakının kim olmasını nəzərə almalısan.

 

- Sizə niyə Xalq yazıçısı, yaxud yüksək fəxri ad verilmir?

 

- Buna çox adam təəccüblənir və mənə də deyirlər. 2006-cı ildə məni əməkdar incəsənət xadimi adına təqdim etmişdilər, ancaq nəticəsiz qaldı. Sonra dedilər ki, hamıya birdən ad verəcəklər. Mən fəxri ad dalınca qaçmıram. Amma müdrik adamlardan biri dedi ki, adı vaxtında almaq lazımdır. Sonra elə bilirlər ki, sən onu almısan. Mükafatlar almışam, “Qızıl kəlmə”dən belə. Təqaüdlərin də hamısını almışam. Amma çoxlarına qəribə gəlir ki, sənin niyə indiyə qədər fəxri adın yoxdur. Bu da məntiqli görünür. Çünki mən məktəbdə tədris olunuram. Məktəb dərsliklərində ayrıca saatlar ayırıblar. Universitetlərdə mənim əsərlərimi keçirlər, imtahanlara düşür. Bütün dövrün yazıçıları mənim haqqımda yaxşı məqalələr yazıblar. Quranda bir ayə var. Deyilir ki, insan ona veriləcək payı almağa tələsməməlidir, zamanı çatanda alacaq.

 

- Vaqif Nəsib həmişə sizin idmançı görkəminizə ilişir. Vaqif Nəsibə burdan bir sözünüz varmı?

 

- Heç nə demək istəmirəm. Sadəcə olaraq bir fikir uşaqlıqdan yaddaşımda ilişib qalıb ki, özünüzdən qabaqda gedən qoca, şikəst adam görsəniz, heç vaxt onu ötüb keçməyə tələsməyin. Mən çalışıram ki, o cür adamları ötüb keçməyim. Qoy, o adamlar qəbahət etsinlər, mən qəbahət etmək istəmirəm.

 

- Bayaq “Don Kixot”u yenidən oxuduğunuzu dediniz. Amma elə yazıçılar var ki, “Don Kixot”u ümumiyyətlə oxumayıblar. Onlara bir mesajınız varmı?

 

- Mütləq oxusunlar, amma dərk də eləsinlər, onda insanları, cəmiyyəti daha yaxşı anlayarlar, mərhəmətləri də, alicənablıqları da artar, yazdıqları da maraqlı olar... /kulis.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.