Hədiyyə Şəfaqət - Kəndir

25.01.14

Cəftəyə keşirilmiş ağac parçasını çıxardı. Taxta qapı cırıltıyla açıldı. Gülümsündü.   Yapıxmış çəpərin üstündən asanlıqla adlayıb keçmək olardı. Amma hansısa yazılmamış qanun ona məhz qapıdan keçməliolduğunu deyirdi.
Həyət-bacada heç kim olmayacaqdı, bilirdi. Bu gün kənddə toy vardı. Uşaqlı-böyüklü orada olacaqdılar, həm kənd toylarının xüsusiyyəti buydu, həm də toy sahibi qohumları idi. Həmin o yazılmamış qanunlara görə o da həmin toyda olmalıydı, amma getmək istəmədiyini evdəkilərə əvvəlcədən çatdırmışdı. Balaca qardaşı mısmırığını sallamışdı, istəmişdi böyüklərə şikayət eləsin, çünki sözü-söhbətiylə, zarafatlarıyla hamının sevimlisi olan böyük qardaşıyla istənilən məclis daha şən keçərdi, amma atasının qırımından şikayətin yeri olmadığını anlamışdı.
Əslində əvvəlki vaxtı olsaydı elə o özü də dayanmazdı toydan-şənlikdən. Gözəl rəqs eləməyi vardı, ortalığa girəndə hamı gözünü onun ayaqlarına zillər, kənarda əl-ayaq verənlər, ayaqçılar, aşbazlar belə ozlərini mağara çatdırardılar. Atası deməsə də oğluyla fəxr eləyirdi. Allah heç nə əsirgəməmişdi ondan, nə cəsarətdə, nə yaraşıqda, nə də tərbiyəsində qüsur tapılmazdı.
Eyvana çıxdı, ocağın üstündə qazan dururdu. Bildi ki, anası onun üçün qoyub . Qapağını açıb baxdı, badımcan dolması idi. Ən sevdiyi yemək. Qapağı örtdü, dolçadan bir stəkan su töküb içdi, dərindən nəfəs aldı.
Çoxdandır anası bişirən heç nəyə əl uzatmırdı. Sevdiyi qızı oğluna yaraşdırmayan qadın bulaq başında bir yığın adamın içində qızı tənbehləmiş, “mən oğluma boşanan ananın qızını almayacam”- demişdi. Söz qıza tərs sillə kimi dəymiş, “anamla nə işin var?”- deyə üzə durmuşdu. Bu münasibəti gözləməyən anası “hələ bir üzə də qayıdırsan?”- deyərək qəzəbini cilovlayammamış, qızın üstünə cumaraq uzun saçlarını əlinə dolamış,  onu yerə yıxmışdı.  
 Qız bundan sonra oğlana üz verməmiş, “səni sevdiyimi bilirsən, amma mən anamı basıb sənin anana gəlin gələ bilmərəm, sizin evə ayaq basammaram”- demişdi.
    Bu  hadisədən    sonar  daş  kimi  susqun  olmuşdu,  anasından  o  üzü  dönən  olmuşdu.   Az  keçmiş    kənddən    uzaq  fermalardan  birində  qarovulçu  işləyən    qonşu  oğlanın  yanında    bir  iş  tapmış,    yığışlanıb  getmişdi  onun  yanına. Qonşunun  oğlu  bilirdi  olanları,  özü  də    könüllü  olmuşdu,  istəməmişdi  uzaqlara  çıxıb  getsin,  itib-batsın.  Bilirdi  ki,  dediyini  edən  oğlandır,  getsə  qayıtmayacaq.
      Arabir kəndə gəlir, atasını görüb qayıdırdı. Kişi    bu  əhvalatın   üstündən xeyli keçəndən sonar   oğlunu dilə tutmaq istəmiş, amma bir cavab ala bilməmişdi...
***
Təzədən həyətə endi, hər tərəfə göz gəzdirdi, nəsə axtarsa da, tapmadı deyəsən. Elə həmin arxayın addımlarla yola çıxdı, kəndin o biri başında yaşayan Əli kişigilə getdi.
Qapını xeyli döyməli oldu, yəqin günortanın istisindən qaçıb yatmışdı qoca. Bir ara lap əlini üzüb qayıtmaq istədi, amma Əli kişinin “ay çağıran?” deyən səsini eşitcək geri qayıtdı. Əli kişi qapını aralayıb ona baxdı:
-Sənsən, oğul?    Gəl, gəl içəri…
    Qapıdan  həyətə  keçib    elə oradaca dayandı. Əli kişi oğlanın  gəlmədiyini    görüb  diqqətli   baxışlarını ona zillədi:
-Ədə, ay qoçaq, hamı toydadı, sən də mənim kimi qocalmamısan ki, niyə toy yerində deyilsən?
-Məni işdən buraxmırlar, bir-iki saatlıq gəlmişəm, yemək aparmağa.
Əli kişi başını yellədi:
-Sənsiz toyun nə ləzzəti olacaq? - çöməlib hasarın dibindəki kötüyün üstündə oturdu: - Bəs bizə gəlməyin xeyir ola?
Əli kişinin oğlu yayda biçin vaxtı ot, saman bağlamağa tay ipi gətirib satardı.   Düzdü, indi ot mövsümü deyildi, amma küncdə-bucaqda qalmamış olmazdı, dilləndi:
-Tay ipinə gəlmişəm...
-Atan göndərib?
Başını yellədi:
-Yox, özümə lazımdır...
Qoca daha sözü uzatmadı, qalxıb həyətin bir tərəfindəki quraqliğa    getdi,  əlində bir büküm ipləqayıtdı.  Cibini eşələdi, əlinə iri pul gəldi, amma qocanın yenə nəsə soruşacağından qorxurmuş kimi başqasını axtarmadı, pulu qocanın ovcuna basdı. Həyətdən çıxmağa tələssə də çatdıra bilmədi, qoca kənd adamlarına xas ərklə onu saxladı:
-Dayan görüm, ot zamani deyil, saman zamanı deyil, neynirsən ipi?
Udqundu:
-Kənd r hörəcəm...
-Kəndiri neynirsən, bundan kəndir olmaz, dana-buzovun boğazını didər.
     Sifətinə qəribə bir işıq yayıldı:
-Özümü asacam...
Əli kişi ilk əvvəl başa düşəmmədi nə eşitdiyini, sakitcə kötüyün üstünə əyləşib papirosunu alışdırmaqdaydı, birdən ayıldı, sifəti ciddiləşdi:
-Qoca kişiyəm, ələ salırsan məni?
Heç nə demədi, sakitcə həyətdən çıxdı, qapını dalıyca ortdü ki, Əli kişi bir də yerindən qalxıb qapı bağlamağa gəlməsin. Qoca oğlanın dalıyca başını yellədi:
-Lap korlanıblar... Bu da kəndin təriflisi...
***
Bu dəfə çəpərin üstündən tullanıb keçdi içəri. Öz hərəkətinə gülməyi tutdu.
Həyətdə əvvəlki sakitçilik hökm sürməkdəydi. Kəndin o biri başında çalınan toyun səsi gah yaxınlaşır, gah uzaqlaşırdı. Əlindəki ip topasını tövlənin qabağına tulladı, eyvana qalxıb bir stəkan su içdi. İstədi özünə pomidor-xiyar doğrasın, yemək yesin, ərindi. Gün axşama doğru getməkdəydi, gec olacaqdı. Qarovulçu yoldaşının indi onu gözlədiyini bilirdi.
Ferma sahibi yemək üçün əlavə pul ödəyirdi. Amma  çölün  düzündə  hazır  yemək  harda  olacaqdı?   Qonşunun  anası  yeməklərini  hazırlayır,  növbəylə  gəlib  aparırdılar.  O  da  öz  yemək  pulunu  qonşuya  verir,  öz  evlərindən  heç  nə  aparmırdı.
Yemək aparmaq növbəsi ondaydı bu gün...
Yenidən qayıdıb tövlənin qabağına gəldi, göz gəzdirib heyvanların bağlandığı ağac basdırmalardan birini nişanladı, gətirdiyi ipi açıb tələsmədən bir tərəfini basdırmaya, bir tərəfini həyətin o biri başındakı albalı ağacına doladı,  sonar   ipin ucunu kəsib,səliqəylə kəndir hörməyə başladı.
Uzaqdan bəy tərifi deyən xanəndənin səsi gəlirdi, toy bitməkdəydi deyəsən. İndi hamı evinə-eşiyinəqayıdacaq, heyvanın başını bağlayacaq, axşam işlərinə   başlayacaqdılar. Kəndin cavanları üçünsə toy bundansonar   başlayacaqdı. Oğlanlı-qızlı yenidən toy məhəlləsinə qayıdacaq, gecənin bir aləminəcən çalıb-oynayacaqdılar...
Həyət qapısı cırıltıyla açıldı. Atasıydı, başıyla oğlunu salamladı:
-Çoxdan gəlmisən?
-Bir saat olar.
-Yemək yemisən?
Əslində atası bilirdi oğlu yemək yeməyib, amma yenə də bu sualı verməklə ona başa salmaq istəyirdi ki, küsülülüyündən əl çəksin. Kişi oğlunun xiffətini edirdi.
Başını yellədi:
-Yeyib gəlmişdim, iştaham yoxdu hələ.
Əslində bu:
    -“Ata, dəyişən heç nə yoxdur”- demək idi.
Atası evə qalxmadı.Gəlib oğlunun yanında dayandı:
-Neynirsən?
Gözünün içiylə güldü:
-Kəndir hörürəm.
-Görürəm neylədiyini, nəyinə lazımdı?
Laqeyd bir görkəmlə:
-Özümü asacam, - dedi.
   Atası  çevrilib eyvanın pilləkəninə tərəf getdi:
-Köpək oğlu, dolamağa adam tapmamısan deyəsən fermanın çölündə!
Gülümsündü, işinə davam eləməkdəydi...
Bir az keçmiş yol tərəfdəncanlanma duyuldu, qonşularlabirgə anası, bacısı    da toydan qayıdırdılar. Balaca qardaşıgəlməmişdi deyəsən. Eyvanda    oturub  ona  göz  qoyan  atasına tərəf səsləndi:
-Bəs Natiq gəlməyəcək?
-Gəlməyəcək, mağarı yığışdıracaqlar, sabah yenə toy var, çadır veriləsidi.
     Ürəyi  gizildədi, əvvəlki vaxtlar olsaydı indi o da o cavan uşaqlarla toy məhləsində olardı. Bir anlıq istədi qardaşına zəng eləsin, çağırsın onu, ammavaz keçdi, gəlib yenə zəhləsini tökəcəkdi.
Bacısı həyətə girər-girməz üstünəqaçıb onu qucaqladı. Təkcə o,  balaca  qızcığaz  evə çökmüş soyuqluğu hərləşdirmirdi. Əlini kəndirə uzatdı:
-Nə yaman bərkdir, neynirsən bunu?
Bacısının tellərini dartışdırdı:
    -Bu  nədi,  tel  buraxmısan?
    Qız  qızardı,  amma  çoxbilmişliklə  sözü  dəyişdi:
   -Kəndiri  soruşuram
-Özümü asacam.
Qız ərklə onasığındı:
-Hm... Onda düz edib  qalın, sən çox ağırsan..
      Anası  həyətdə    hərlənsə  də  özünü  elə  aparırdı  ki,  sanki  onu  görməyib.  Nədənsə uzun aylardan bəri ilk dəfə anasıyla görüşmək istədi, amma tezcə də bu fikri başından çıxarıb atdı.
Axşam düşmüşdü. Yəqin işyoldaşı indi oturub onun olan-qalanını yada salırdı. Kəndirin son hörüyünü səliqəylə düyünlədi, sarıdıgı yerdən açıb dəstələdi, bir torba tapıb içinə qoydu. Atası həyətdə oturub papirosunu tüstülədirdi, ona sarı getdi:
-Gedirəm mən daha...
-Yeməyini götürməyəcən bəs?
-Yox, özü gələsidir...
Atası ağır-ağır ayağa qalxdı:
-Qoy qapıyacan ötürüm səni.
Qapının qabağında nə oldusa birdən-birə atasının boynuna sarıldı, ondan gələn   həyət-baca,  ot-ələf,  torpaqətri içinə çəkdi. Kişi doluxsundu, amma bu arada oğlunun kövrəlməsindən istifadəeləmək də istədi:
-Qayıt gəl, oğul, ananla da barış daha, el-aləmi üstümüzə güldürmə!
Əllərini atasının boynundan çəkdi:
-Yaxşı, ata, sağ ol...
***
Tahir düzqapının ağzındaca oturmuşdu.  Qanlı-qanlı baxdı ona:
-Deyəsən, yolu itirmişdin?
Heç nə demədi, əlindəki torbanı bir tərəfə qoydu. İş yoldaşı əlini zənbilə atdı, lakin içindən çıxan yemək deyildi. Sifətidəyişdi:
-Ə, bu nədi, əəəə?..
Sakitcə dilləndi:
-Kəndir.
Bu cavab qonşu oğlunu bir az da ozundən çıxardı:
-Mənə bax, araya qoyursan məni? Neyləyim indi, oturum sən gətirən kəndiri çeynəyim?
Bu dəfə dillənmədi. Dillənmədi, amma Tahir bir az da özündən çıxdı:
-Adam dolayirsan, nədir? Səhərdəndir     qarnımın qurultusuna qulaq asıram, telefonu da söndürmüsən vacib adamlar kimi, indi mən neyləyim sənə?
Adam hirsləndikcə hirslənirdi, bir söz tapıb deməliydi:
-Yemək yox idi, bişirməmişdilər...
-Necə bişirməmişdilər, bəs dünəndən çağırırlar  ki,   gəlinyeməyiaparın?
Burasınıdüşünməmişdi, ağlına  gələn  ilk  fikri  dilinə  gətirdi:
-Anangil dalaşırdılar.
     Qonşu  birdən-birə elə   sakitləşdi   ki,    məhəttəl qaldı. Neçə ildi evləndikləri, hələ evlərində dava-dalaş olmamışdı. Çaşqın-çaşqın dilləndi:
-Necə yəni dalaşırdılar?
-Elə əməlli-başlı dalaşırdılar, qonşular da səsə gəlmişdilər...
Bir anlıq sükut yarandı və bu sükutdan istifadə elədi, adama yazığı gəldi, bütün günü işləyib, üstəlik də ac qalıb, neçə vaxtdır da kəndə getməyib.
-Özün də getsən yaxşı olar, - dedi.
Deyəsən, elə bu sözü gözləyirdi o da, tərəddüd eləmədən içəri keçib əyin-başını dəyişdi, ayaqqabılarını tələsə-tələsə geyindi. Qaldıqları evin ətrafına tor çəkib balaca da qapı qoymuşdular, bir əli qapıda qəfildən çevrilib üzünə baxdı:
-Sən Allah, o kəndir haqq-hesabı nəydi bəs?
Səhərdən neçə adama cavab vermişdi, sözü hazır idi:
-Kəndir... lazımdır, özümü asacam.
Qonşunun oglu keçdiyi qapının o tayından onu hədələdi:
-Hələ bir lağa  da   qoyur məni, qayıdım, tələsmə, özüm keçirəcəm səni o kəndirə, özü də ayaqlarından...
***
Tahir evlərinə gəlib çatanda nə səs vardı, nə haray. Ehtiyatla qapını aralayıb həyətə keçdi. Anası eyvanda oturmuşdu, başını əyib göyərti təmizləyirdi. Eyniehtiyatla anasının yanına qalxdı, qadın başını qaldırıb onu görəndə səksəndi:
-Bismillah, ay oğul, belə səssiz niyə gəlirsən, qorxutdun məni.
Əyilib anasının üzündən öpdü, həyətə boylandı:
-Bəs Nisə hanı, gözümə dəymir?
Anası başını işindən qaldırmadan dilləndi:
-İndi harda olar gəlin, tövlədə mal-qaranı rahatlayır...
Bilmədihirslənsin, ya sevinsin. Qonşusunun oğlu onuəməlli-başlı dolamışdı, anasının cavab tərzi xəbər verirdi ki, hec bir dava-dalaş olmayıb. Amma yenə də yəqinləşdirmək istədi:
-Toya getməmisiz?
   Anasının    tonu elə həmin tondu:
-Gəlin sizə yemək bişirib getdi, mən evdə olmuşam. Sağolmuş da məni gözlətdi, gəlib   aparmadı. Qoymuşam soyuducuya...
Hər şeyaydın idi. “Göstərərəm sənə adam dolamağı”- belə fikirləşdi ürəyində.
Amma evəgəlməyindən  də   istifadə elədi, girdi hamama, yaxşıca çimdi, əyin-başını dəyişdi, yeməyini yedi, bir az balaca qızıyla oynadı, lap qaş qaralana yaxın yeməkləri iri zənbilə yerləşdirib getməyə hazırlaşdı. Anası arxasıyca qapıya gəldi:
-Ay oğul, sən böyüksən, ousage    başa sal, atası xiffət eləyir, ana-atayla küsülülük olmaz, qayıtsın evlərinə.
-Yaxşı, danışaram, - dedi.
Amma ürəyində fikirləşdi: “Hələ bir mən qayıdım, onu sağ qoysam, danışaram”.
***
      Fermaya çatanda   gecə düşmüşdü. Qaravulçu daxmasının   qarşısındakı   altaciqdakı   işıq yansa da içərinin işıqları söndürülmüşdü. “Gör qorxudan nə tez girib yatıb!” - deyə fikirləşdi. Ayaqqabılarını çıxarıb səliqəylə cütlədi, bir tərəfə qoydu, bir-iki ağız yoldaşını səslədi:
-Dur, yeməyini ye...
İçəridən səs gəlmədi.
-Qorxma, qaranlıqda öldürmərəm, axşamın xeyrindən sabahın şəri yaxşıdır.
Yenə səs çıxmadı...
-Yaxşı, yat, səhər baxaram işinə...
Sonra, deyəsən, oturduğuyerdə mürgülədi bir az. Ayıldığında gecədən keçmışdi. Havanın   sərinləmişdi,  üşütdü. Gərnəşib ayağa qalxdı, yarıyuxulu halda qapını itələdi. İşərinin qəribə səssizliyi vardı. Bir an hiss elədi ki, çöl lampanın solğun işığında nəsə qəribə bir şey gözünün qabağında bitib. Qəfildən ayılan kimi oldu, qeyri-ixtiyari əlini uzadıb işığı yandırdı...
Düz qabağında ayaqlar sallanıb qalmışdı. Başını qaldırıb yuxarı baxmaq istəsə də bacarmadı,dəli kimi qışqırıb özünü cölə atdı, ha elədisə əllərinin əsməsinisaxlayıb telefonu işlədə bilmədi, var gücüylə harasa tolazladı, vəhşi birharayla    kəndə aparan yola tərəf qaçmağa başladı...

2013 aprel, may

Avanqard.net

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.