Nərgiz Cabbarlı: "Yazıçıdan yox, mətndən yazıram" - MÜSAHİBƏ
27.01.14

“Yazıçı bilməlidir ki, tənqidçi onun yazdığı yaxşı əsərə görə, ondan daha çox sevinir”

Nərgiz Cabbarlı 4 may 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. “Ədəbiyyatdan intihara", "Yeni nəsil ədəbiyyatı", “Yeni nəsil ədəbiyyatı-2”, “Axundzadə şəxsiyyəti” kitablarının müəllifidir. Prezident təqaüdçüsüdür. L.Sinklerin, Fransuaaz Saqanın əsərlərini dilimizə tərcümə edib. Nərgiz xanımla görüşüb kitabları, ədəbi tənqid və ədəbi proses barədə maraqlı söhbət etdik.

– Nərgiz xanım, “Yeni nəsil ədəbiyyatı”, “Yeni nəsil ədəbiyyatı-2” bu kitabları yazmaq sizin üçün sadəcə bir tədqiqat işi idi, yoxsa ədəbi prosesi vaxtında qiymətləndirmək ehtiyacından yarandı?
– Yox, bu kitabları tədqiqat kimi nəzərdə tutmamışdım. Uzun müddət mətbuatda çalışmışam deyə müstəqil yazılar yazırdım. Sonradan qərara gəldim ki, bu məqalələri ayrıca kitab şəklində çap etdirim. Həm də müasirlərimizin əsərlərini vaxtında qiymətləndirmək istəyirdim. O dövrdə yazıçılar onlar haqqında yazanda birmənalı qarşılamırdılar. Hər hansı yazıçı onun haqqında yazdığın yüksək fikirlərin qarşısında işlədilmiş bircə “yaxud” kəlməsinə görə tənqidçidən inciyirdi. Belə bir vaxtda məqalələr yazmaq çox çətin idi, çünki bizim yazıçıların əksəri əsərinin təhlilə cəlb edilməsindən daha çox, şəxsiyyətinin təriflənməsinə maraqlıdırlar. 

– Sizin tənqidi yazılarınızda təqdir etdiyim bir cəhət də odur ki, haqqında yazdığınız müəllifə “tənqid yüksəkliyi”ndən baxmırsınız?
– Mən yazıçıdan yox, mətndən yazıram. Mənə maraqlı deyil ki, yazdığım adam kimdir, ola bilsin heç həmin kəsi tanımıram, ancaq mətni bəyənirəmsə yazıram. Kiminsə haqqında yazanda onun məndən böyük, kiçik, həmyaşıd olması eynimə gəlmir. Ancaq bu müəyyən dərəcədə həm peşəkar, həm də mənəvi təcrübədən sonra belə olur. Mənim də uzun illər əvvəl yazdığım elə məqalələr var ki, oxuyanda kiminləsə dost olduğum məqamların işartısını duyuram. Ancaq tənqidçi öz-özünə təlqin edə-edə müəllifi unudub ancaq mətn haqqında yaza bilər.

– “Axundzadə şəxsiyyəti” adlı kitab yazmısınız, o kitabın əsas qayəsi maraqlı gəldi mənə: deməli, yalnız öz dövrünü ifadə etməksə yox, zamanı ifadə edərək gələcəyi proqnozlaşdırmaq böyüklükdür. Həm də kitabı oxuyarkən anlamaq olur ki, böyük şəxsiyyətlərin həyatındakı gizlinlərə qarşı ehtiyatla yanaşmağın zamanı çoxdan keçib.
– Bir neçə ədəbi şəxsiyyət var ki, onların həyatını tədqiq etmək həmişə mənimçün maraqlı görünüb. Onlardan biri də Axundov idi. Nəsib oldu ki, onun haqqında yazdım. Azərbaycanın gələcəyini Axundov qədər dəqiq proqnozlaşdıran ikinci yazıçı tapmaq çətindir. O, özü haqda da proqnozlar verib, deyib ki, vaxt gələcək qəbrimin üstündə heykəlimi ucaldacaqlar. Arxivini səliqə ilə toplayırmış, bilirmiş ki, vaxt gələcək onun əsərləri tədqiqata cəlb olunacaq. Ancaq nədənsə onun həyatının ziddiyyətli məqamlarının üstündən sükutla keçiblər. Deyək ki, xanımının savadsız olması, özünün də məktublarında qeyd etdiyi kimi, atasının iranlı, anasının türk olması, qan qarışıqlığı. Ancaq qan qarışıqlığı o demək deyil ki, o, vətənini sevməyib, elə adam ola bilər ki, onun ata-anası ayrı millətdəndir, ancaq Azərbaycanı hamıdan çox sevir. Axundov haqqında yenə də yazmaq istəyərəm. Onun dinə münasibəti barədə fikri qabardaraq digər maraqlı məsələləri kölgə altında qoymaq istəyiblər. Yaxud o, qonorarsız yazmaq istəmirdi, bütün gördüyü işlərin özünə aid tərəflərini də yaxşıca düşünürdü. Eyni zamanda vəzifəsinin pillə-pillə artmasına nail olub. İki dəfə ailə həyatı qurub. Füzuliyə aid fikirlərini də birmənalı pis qarşılamaq olmaz. O dövrə qədər olan klassik ədəbiyyat qəlibini sındırmaq üçün o gərək qarşı çıxaydı ki, beyinlərdəki qəlbləri parçalasın. Füzulini bütləşdirməklə onun ədəbi yolundan kənara çıxmaq olmazdı. Bu mənada, Axundzadə xətti çox doğru idi. Bunu da unutmaq olmaz ki, zamanın ritmini yaxşı tutmağı bacarırdı, o bilirdi ki, o dövrdə Tiflis Qafqazın mədəniyyət mərkəzidir, teatr ancaq orda yarana bilər. Belə də etdi. 

– Sizcə, yazıçılar, tənqidçilər niyə tənqidə dözümsüzdürlər? 
– Bizim yaradıcı insanlarımızın əksərinin şüuru tənqidə hazır deyil. Hətta bu işlə məşğul olan tənqidçilərin əksəri tənqid edilməkdən ehtiyatlanırlar. Az yazıçı olar ki, əsərini tənqid edəsən o da səni arayıb fikrini deyə ki, səninlə hansısa məqamda razı deyiləm. Ancaq belə olan halda müsahibə verib deyərlər ki, o, tənqidçi deyil. Əgər mən kiminsə yazısını oxuyub bəyənmirəmsə onun haqqında çalışıram ki, fikir bildirməyim, ancaq hansısa mətnin gözəgörünməzliyində belə işıq ucu boyda perspektiv görürəmsə, yazıram. Yazıçı məmnun olmalıdır ki, mənim mətnimdə mübahisə doğuran, tənqidin fikrini cəlb edib onu yazmağa vadar edən nələrsə var. Tənqidin tənqidə münasibətinə toxunduqda isə rəqabətdən doğan qərəzlər də meydana gəlir. İstənilən tənqidçinin fikrində subyektivlik olacaq, kimsə bunu inkar edə bilməz, ancaq bu, o demək deyil ki, obyektivliyi əldən verəsən. Tənqidçi yazıçıya yazmaq öyrətməməlidir, ancaq deyə bilər ki, nələri yazma və hansısa hissələrdə qüsur var. Yazıçı bilməlidir ki, tənqidçi onun yazdığı yaxşı əsərə görə, ondan daha çox sevinir.

– Nəyə görə icmal yazılarına üstünlük verirsiniz?
– Bu cür icmal yazılar, doğrusu, ürəyimcə yazılmış yazılar deyil. Ədəbiyyat İnstitutunda çalışıram və illik hesabat verməliyik ki, hansı proses gedir və onlar necə əks etdirilir, münasibətlər necədir. Bu da Sovet dövründən qalan lazımsız bir ənənədir, buna qarşı müxtəlif çözüm yolları axtarsalar da, ancaq hələ bu sistemlə işləyirik. Həmin yazılara qədər mən daha çox konkret bir problemə aid məqalələr yazırdım, məsələn, “Müharibə və ədəbiyyat”, “İntihar və ədəbiyyat” və s. İcmal yazılar belədir ki, orda tənqid obyekti tam ifadə olunmur, buna imkan yoxdur.

– Azərbaycan reallığında rəfiqə və dostlarını tənqid etmək çətindir. Çünki yaxın münasibətlər buna mane olur. Belə hallarla üzləşirsinizmi?
– Xeyr, dostlarımı tənqid etməkdən çəkinmirəm. Məsələn, Aygün Həsənoğlu rəfiqəmdir. Ancaq onun əsərləri barədə tənqidi fikir bildirmişdim. Məni tanıyanlar yaxşı bilirlər ki, ədəbiyyatla şəxsi münasibətləri qarışdırmağı sevmirəm. Ancaq başqa nüans olub. Məsələn, bəzi dostlar olub ki, romanı haqqında məqalə yazmağı xahiş edib, əsəri oxumuşam və bildirmişəm ki, yazsam əgər sərt reaksiyalarım ola bilər, rəy yaratmamaq üçün yazmıram. Yəni susaraq nəyəsə göz yumduğum olub. 

– Belə görürəm ki, ədəbi tənqidlə məşğul olmağınız sizə dostla bərabər, düşmən də qazandırıb.
– Bəli. Bəzən əleyhimə çalışanlar da olub. Ancaq heç vaxt kiməsə qarşı qeyri-etik yazı yazmamışam. Yazılarım haqqında tənqidi fikirdə olanları qəbul edirəm, ancaq oturub-durduqları hər yerdə rəy yaratmaq, mənfi təbliğat aparılmasınısa əsla.

– Çağdaş ədəbi tənqid əksər bədii mətnlərə daha çox bizə bəlli olan izmlərlə yanaşır. Digər sənət cərəyanları vasitəsi ilə mətni cözmək cəhdi niyə az hallarda olur?
– Biz Sovet dövrünün ədəbi tənqidini bilirik, o vaxt yazılan məqalələrə fikir versəniz görərsiniz ki, nə şair özünün hanısa izmə aid edir, nə də tənqidçi hansısa sənət cərəyanına əsasən mətnin tənqidinə can atır. Ancaq indi yazıçılar öz yazdıqlarına ad qoyurlar. Deyirlər ki, bu modernist, bu posmodernist əsərdir. Yaxud qarşılarına plan qoyurlar ki, mən mütləq postmodernist əsər yazmalıyam, niyə? Ona görə də yazılan əsərlərdə sünilik aşkar hiss olunur. Mənimçün hansısa izm əsasında əsərin təhlili maraqlı deyil. Tənqidçisə əsərin strukturuna, dil və ideya qatına əsasən mətni şərh etməyi qarşısına məqsəd qoymalıdır. İndiki əsərlər elə bil birdəfəlik istifadə üçün nəzərdə tutulub. Əsəri oxuyursan, ancaq bir də qayıtmaq istəmirsən, yaddaşında səni məftun edən heç nə qalmır. Əsərlər o qədər düşünülüb yazılır ki, oxuyarkən insan ürəyini hiss eləmirsən. Şeirdə qismən bu vəziyyət normaldır. Bir də yazıçı öz əsərinin hansı izmə aid olduğunu müəyyənləşdirməməlidir, belə olanda sanki o, tənqidçini təhrik edir ki, həmin əsəri hansısa sənət cərəyanına aid etsin.

– Fikir verirsinizsə ədəbi tənqidçilər yazıçıları rus klassikləri ilə, ya da elə Kamyu, Kafka, Folkner kimi Azərbaycan üçün bu gün maraqlı olan müəlliflərlə müqayisə edirilər. Elə mənzərə yaranır ki, sanki dünyanın hazırkı ədəbi prosesindən xəbərizdirlər. 
– Yox, hər tənqidçi belə deyil. Məsələn, Cavanşir Yusifli bir neçə dil bilir və dünya ədəbiyyatında gedən prosesləri peşəkar şəkildə izləyir, orjinaldan oxuyur. Əsəd Cahangir də informasiyalıdır. Ancaq dünya ədəbiyyatını izləmək sarıdan sən deyən axsamalar inkar olunmazdır. Özü də bu bir qədər fərdi məsələdir. Məsələn mən, ailə-məişət məsələləri ilə bağlı 3 il ardıcıl mütaliəyə edə bilmədim. Eləcə də bir neçə yerdə işləmək yaradıcı adamların enerjisini və vaxtını alır. Ancaq bütün bunlar o demək deyil ki, az oxumağın və yeniliyə açıq olmamağın tərəfdarıyam. Doğurdan da, dediyin problemlər var, ancaq bunun həlli də fərdi məsələdir. /Fərid Hüseyn, kaspi.az/

Yenililklər
25.02.20
Rasim Qaraca: “Hər ad günümə bir kitab hədiyyə edirəm” - VIDEO-SÖHBƏT
25.02.20
Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20
İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.