Mövlud Süleymanlı - Şapkamı geyinən...
27.01.14

Hekayə

Səhər tezdən şapkamı əlində gördüm, sallaya-sallaya o yan-bu yana keçirdi, elə bil atmağa yer axtarırdı. “Yəqin nəsə eşidib yenə...axı, maşındaydı bu şapka”. Mat-məətəl qapının arasında dayandım. Üz- gözündə də həmişəki kimi qabarıb üzə çıxmış gülüş otaqları dolaşır; bilirəm, yenə tikanlı-tikanlı nəsə deyəcək.
 –Nədi,- deyirəm,- nolub?!
 Şapkamı da barmaqlarının ucuyla tutub yaxınlaşır:
 –Kim geyinibmiş bunu, dünən, günorta vaxtı, kimin başına qoyub yanında oturdubsanmış...?
 Mən doğrudan da çaşıb özümü itirən kimi oldum:
 –Nə danışırsan, harda?
 –Maşında...-dedi, səsini uzada-uzada.-Başına qoymusan ki, yanında tanıyan olmasın, həə? Yaxşı, mən heç, mən gözlərimi yumdum, bəs camaat?! Elə bilirsən, tanıyan-bilən yoxdu?- Şapkanı üstümə tullayıb,- var,-dedi,-var! Sənin öz kəndçilərin çatdırdı. Bilirsən, öz kəndinizin diliylə də nə dedilər? Dedilər, ay şapkanı geyinən ölsün!
lll
Üç gündən sonra əlli il olacaq ki, bir yerdə yaşayırıq. Bu əlli ilin içində də çox-çox şeylər dəyişib; çaylar yatağını, yollar səmtini, ölkələr sərhəddini-sınırını, dinini-imanını...Amma O, dəyişməyib, görünür əslində də heç nə dəyişmir. Belə çıxır ki, mən yanılıram, görkəmlə mənanı qarışdırıram. Görkəm dəyişəndə məna dəyişirmi bəs?!
 Bütün günü bu haqda düşündüm, fikrimdə aləm qarışdı bir-birinə, heç nə də alınmadı. Bu qərara gəldim ki, gözümün qarşısındakı bu əlli illik yer üzü kimi onun da görkəmicə dəyişib; yəni, yalnız saçları ağardı, üzü-gözü qırışlarla örtüldü, xasiyyəti dəyişmədi. Tanıdığım gündən qapalı, az danışan, olanlara-olacaqlara soyuqqanlı, istəyni bildirməyən, uzaqdan gülməyi, gendən baxmağı bacaran, yəni heç vaxt özünü unutmayan. Kimin haqlı, kimin haqsız olduğunu bilsə də haqlı-haqsız axtarmadan yaşayan, sözə baxan, üzü gülən; ona görə də tələsik evləndim...amma bilmədim bu əlli il necə keçdi. İndi başqa heç nə eləyə bilməyəcəyimi anlayıb yazı yazmaq istəyirəm. Bilmirəm necə başlayım? Bu dediklərim başlanğıc ola bilərmi, görəsən...?
 Yay tətilindən qayıtmışam, bütün yayı əmimlə ot biçdiyimdən əmim demiş, lap cöngəyə oxşayıram, üstəlik boynumdan çiban çıxıb, boynum da sarıqlıdı...Elə bu şəkildə onu gözləyirəm.
 Vağzalın pilləkənləriylə enən gördüm, ətrafı yoxmuş kimi heç nəyə fikir vermədən, heç nə hiss etmədən gəlir, bir uçmağı əskikdi...
 –Bu nədi geyinmisən?- Elə uzaqdan uzağa dedim, qaş-qabaq içində.-Nədi geyindiyin?
 Səsim çatan yerdə dayanıb üst-başına baxdı. Su rəngində tül paltardı.
 –Təzə tikdirmişəm, elə bilirdim, xoşuma gələcək...-Yaxınlaşmır, dayandığı yerdən deyir.
 –Altdan geyindiklərin görünür.-deyirəm, sakitcə, əlimlə də göstərirəm.
 Bayaqkı gülüşü üzündədi, amma birdən-birə rəngini dəyişdi, elə bil ağrıyan yeri varmış.-Neynim indi?!
 –Get paltarını dəyiş gəl!
 –İki saat sən burda neynəyəcəksən?
 –İki saat mən burda səni gözləyəcəm.- Ayaqlarımı dayandığım yerə vura-vura,- heç yerimi də dəyişməyəcəm,-dedim.
 Dinməz-söyləməz qayıtdı, pilləkənin başına çatanda dönüb gülümsədi, sonra adamların arasında gözdən itdi...
 Düz iki saatdan sonra qayıtdı, birinci kərə gördüyüm paltardaydı. Heç nə olmamış kimi sevinə-sevinə yaxınlaşdı, əl-ələ tutub üzü dənizə tərəf getdik...
 Ailə qurandan sonra demək olar ki, bayırı unutdu. Nə kənd qaldı yadında, nə şəhər, nə doğulduğu ev. Qohum-əqrabasını belə xatırlamadı; gülümsəyə-gülümsəyə, yumşaq-yumşaq qarnındakı balalarını gəzdirdi:
–Bax, tərpənir, baax...Eşidirsən? Tıp-tıp... elə bil içimin tozunu çırpıllar.
Heç vaxt demədi, hara gedirsən, hardan gəlirsən. Arada bir köksümə sığınıb xeyli eləcə qalardı. Sonra anladım ki, qoxulayırmış, iyləyirmiş məni.
–Düzünü de, görüm, hardan gəlirsən?
–İşdən gəlirəm, hardan gələcəm, metro, o avtobusdan düş, bu avtobusa min,arvad, kişi, aləm qarışıb, ona sürtün, buna sürtün...
Şübhəsi də üz-gözündə aralanar, evdə yazı adına nə varsa; kitab, dəftər, qəzet parçası, əlinə nə keçərsə götürüb gözünü zilləyər, dinib danışmaz...ya da pianoda nəsə çalar.
Ən kasıb vaxtlarımızda belə demədi: “evdə bir şey yoxdu”:
–Eeh, noolsun, dedi, soğanımız ki, var. Hər şey bişəndə dadını dəyişir, bişirərəm soğan yeyərik.
Son vaxtlar yuxudan dəli kimi ayılmağa başladı. Mən də oyanıb sakitləşdirirdim:
–Oyan, yuxu görürsən...
–Yox, mən səni arvadla gördüm...!
–Dəli olmusan, nə arvad?
–Yox, yuxuya oxşamırdı.
–Uşağı oyatma, ağlını başına yığ, yat.
–Yenə o arvadı görəcəm, yatmaq istəmirəm...
Səhər heç vaxt yuyunub- daranmamış salamlaşmazdı. Yalnız əl-üzünü yuyandan sonra:
–Sabahların xeyir!-deyərdi,-Sabahlarımız xeyir...!
İlk vaxtlar götürə bilmirdim, sonralar üz-gözünü qurulaya-qurulaya dünənin, o biri günlərin bütün olub olacaqlarını-evsizliyimizi, çörəksizliyimizi, yəni kasıbçılığımızı unudub həmişə uşaq kimi qayğısız görünən sifətiylə gülümsəyə-gülümsəyə salamlaşmağına öyrəşdim...Uşaqlarımız oldu, onları da öyrətdi:
–Hə, yuyundunuz, darandınız, indi ataya salam verin, sabahınız xeyir, deyin...
Sonralar nə gördü, nə eşitdi, kim nə dedisə səhər salamına bir söz də əlavə elədi, “arvadların xeyir”...İlk eşidəndə doğrudan da pərt oldum:
–Bu nə sözdü deyirsən, özü də uşaqların yanında, utanmırsan?!
Üz-gözünün işarəsiylə “ yaxın dur”, dedi. Başımı ona sarı əydim, ayaqlarının ucuna qalxıb qulağıma pıçıldadı:
–Dünən gətirdiyin uşaq paltarlarını kimnən almısan, kimdi o, paltar satan, göygöz arvad ?
–Nədi uydurduğun yenə?-deyə-deyə uşaq aləmi mağazasında işləyən göygöz qadının elə ovcundanca yediyim katletləri xatırladım. –Ağlını yığ başına, demişdim ki, sənə, dostumun qonşusudu, bir yerdə gedib uşaqlara paltar aldıq.
–Sən bir şeyi unutmusan, amma yadında saxlamalıydın,-dedi.- Bilməliydin ki, yerin də qulağı var. Nəinki qulağı, gözü də var, ona görə də heç nə gizlin qalmır, hörmətli tələbə yoldaşım...-Gülümsədi, mətbəxə keçib əlində çay qayıtdı.- Amma salamımı necə istəyirəm elə də verəcəm, istəyirsən götür, istəmirsən götürmə.
Çətin olsa da salamlaşmağını da zarafata döndərə bildim... Aradabir, bəlkə də bilərəkdən “...arvadların xeyir” demirdi. Onda mən də bilərəkdən hay-küy eləyirdim:
– “Sabahları” dedin, bəs “arvadları” demədin...
İndi oğlumun maşınında bağa gedirik, o vaxtlardan da çox keçib, lap çox; nəvəmiz-nəticəmiz...Ağaclarımız böyüyüb, necə deyərlər, göyə dirək olub. Bir azdan alaqapının ağzındakı zeytun ağacı görükəcək. Mən uşağımı-nəvəmi, nəticəmi görmüş kimi sevinəcəm...Bu sevincim bəlkə də ağacın meyvə gətirdiyinə görədi.
Zeytun ağacını, anam demiş, “birinci qarnıdı”, yəni birinci kərədi meyvə gətirir, oğlumla bir yerdə əkmişik...Oğlumu da təzə evləndirmişəm, evləndirən kimi yerişi-duruşu dəyişdi, hələlik uşaqları olmasa da ata kimi apara bilir özünü.
Zeytunu əkəndə yer qazırdı, dikəlib:
–Bunu da sən ək, sən basdır...- dedi, bağdakı ağacları, gülləri göstərdi.-Sənin əkdiklərindi bütün bunnar.-Ağac şitilini qazdığı yerə qoydu.- Dibini sən basdır, əlin kökünə dəysin. Nənə də deyirdi, atanın əkdiyi tez bitir...
–Yaxşı,-deyirəm,- onda suyunu da sən tök.
Beləcə, üç il qabaq zeytun şitilini düz girəcəkdən əkdik. İndi birinci meyvəsidi; elə işdahla gətirib ki, başına dolanmamaq mümkün deyil...Meyvəsi dəyən vaxtlarda, yəni axıra yaxın, qaralmağa başlayır, qapqara olur; indi də az qala gözümüzün qabağında bir-bir, iki-iki qaralmaqdadı...
Maşından çıxıb zeytunun yanına gəlmişəm, meyvə qarışıq budaqlarını sığallayıram. Oğlum qapının açılmasını gözləyir.
Pişik maşının səsinə çıxıb hasarın üstündən bizə baxdı...Qapı da elə bu vaxt açıldı.
–Sizin gəlməyinizi həmişə pişik xəbər eləyir, düz on beş dəqiqə qabaq...-Yoldaşımdı, qapını açıb gülümsəyir.-Hanı bəs özü? Bayaqdan miyoldayıb zəhləmi tökürdü ki, gəlir. Hanı bəs indi?!
–Odu eey, hasarın üstündən ataya baxır.
Doğrudan da gözlərini zilləyib mənə baxırdı, sonra hasardan enib yanıma gəldi.
–Elə çox istəyir ki, bunu, bu...-yoldaşım əllərinin ikisini də mənə sarı uzatdı.- Məətəl qalmışam, heç bunu istəmək olar?-Yan-yörədə çox adam varmış kimi bərkdən gülüb boylandı...
–Məni bütün canlılar çox istəyir. –dedim,- Elə bilirsən ağac istəmir, ağac da istəyir.-Üzümü zeytunun meyvələrinə sürtdüm, əllərimi pişiyə sarı uzatdım.-Gəl, gəəl!
Pişik necə öyrətmişdim eləcə, atdanıb qollarımın üstünə çıxdı...Alaqapıya dırmaşmış sarmaşıq gülləri kimi pişik də dəyişib buraların olmuşdu.
Onu da bir az var gətirmişəm... Balacaydı, qucağıma alıb mətbəxə girdim ki, yoldaşıma göstərim; neçə vaxtdı pişik istəyir. –Siçan, deyir, az qalır üstümə dırmaşsın, bir pişik tap gətir...
Nə isə, dediyim kimi, pişik də qucağımda təzəcə içəri girmişdim ki, əlimdən küncə atdanıb ağzında siçan çıxdı...
–Aaa, nə yamanmış bu, heç deməzsən,- yoldaşımın əli üzündə qaldı.- Hardan gətirdin?- Pişiyə sarı əyildi, tez də dikəlib,-duxi vurublar ki, buna,-dedi,- duxi iyi gəlir bunnan, arvad duxisi, bir aşağı əyil...-Özü durduğu yerdə quruyub qalmışdı; bayaq bizi görəndə uşaq kimi gülümsəyən üzü-gözü birdən-birə qaralıb qırışlarla örtüldü.
Mən əvvəl heç nə düşünəmmədim, ağlıma heç nə gəlmədi. Üz-üzə durub düz gözlərimin içinə baxdı.- Düzünü de, hansı “quşun” göndərib?! Hansının pişiyidi?
Mən narahatçılıqla pəncərədən həyətə baxdım:
–Yaxşı, uşağa eşitdirmə, ayıbdı!
–Ayıb bilən oldun indi. Quyruğun basılan kimi uşaq yadına düşür, hıı? Hansı ləçərin qucağınnan götürmüsən bunu? Düzünü de, ayıb bilən...yarı-yaşını ötmüsən ayıb nolan şeydi bilmirsən.- Pişik siçanı yeyib arvadın ayağının ucunda yalanırdı. İstədi təpiklə vursun, amma ayağını havadaca saxlayıb, –sən də bunun erkək tayısan-dedi.-Pişiyin biri, pişik...
–Hay-küy eləmə,- dedim,-yenə,- bağın qurtaracağında qurdalanan oğlumu göstərdim,-Sənin bu deyintilərinnən pis olur, eşitməsin.
 –Mənim bu deyintilərimnən pis olmur, sənin elədiklərinnən pis olur. Düşünüb ayıb eləsən bir az.
–Yaxşı düşünərəm,-dedim.- Amma sən belə şeyləri biz tək olanda deyərsən.
 –Sən elə tülküsən, mənim yanımda daha heç vaxt tək olmazsan...Səni mən yaxşı tanıyıram, heç kəs tanımır, tələbə yoldaşım, deyə-deyə başıma oyunlar açırsan.-dedi, kövrəldi, udquna-udquna üzünü döndərib küncə baxdı.-Sən o adamsan ki, telefonda qadınla danışırsan, mən də eşidirəm, bu qulağımnan, amma sən məni azdırmaq üçün, qardaş, deyirsən, kiminsə arvadına, necəsən qardaş...İndi də üstümə hansı abırsızınsa pişiyini gətirmisən.
 Həə, şapkamı geynəni deyir, maşına minən kimi şapkamı götürüb geyinirdi ki, tanıyan olmasın...Həə, evə zəng eləyəndə ona “qardaş” deyirdim...
 Mən peşimançılıq içində əlimi uzatdım ki, könlünü alım.
 –Əlini vurma mənə,-dedi, aralandı.
 “...şübhələndi, dedim ürəyimdə, daha da pis oldu, heç nəyə inanmayacaq, heç nəyə inandıra bilməyəcəm...”
 –Gör bir nə danışırsan, nə düşünürsən...-dedim,- pişikdi dəə, gələn kimi də siçan tutdu, daha nə istəyirsən, başqa nə lazımdı, bizə.
 Döndü, üz-gözünün dərin cizgilərində güclə sezilən gülüş oynadı:
 –Bizə, hıı? Bizə nə lazımdı?
 –Yaxşı, oyun oynama yenə, ayıbdı...
 Çıxmaq istəyirdim ki, pişiyi yerdən götürüb ağzıma sarı uzatdı:
 –Nə oyun, oyunu sən oynayırsan, bir iylə...
 Pişikdən doğrudan da ətir iyi gəlirdi.
–Nolsun,-dedim,-duxi iyidi də. Sənin iyindi bəlkə, səhərdən əlində oynadırsan.
Həyətə çıxdım; “şübhələndisə yola verməyəcək”, bunu da sakitcə öz-özümə dedim... Doğrudan da pişiyi götürüb dalımca bayıra tulladı.
–Rədd elə bunu burdan, hardan gətirmisən ora apar...Bəlkə cadu eləyib göndəriblər, bəlkə casusdu, indinin casusları pişikdən olur, dəə...
Gör, heç ağlıma gəlməyib ki, belə bir şey baş verərmiş. Kimin ağlına gələr ki, pişikdən arvad duxisinin iyi gəlsin. Həə, o birinin yanına getmişdim tezdən, quyruq bulaya-bulaya aramızda dolaşırdı, güzgünün qabağında saçlarını darayanda da yanındaydı. Çox ola bilər...Güzgünün yan-yörəsinə cürbəcür ətir şüşələri düzülüb; hər halda fikir verməmişəm, götürüb gətirmişəm. Hə, yadımdadı, yağışlı gün idi, O, pişiyi tumarlaya-tumarlaya qutuya qoyurdu ki, islanmasın. Hələ bir zarafat da elədi, başını qaldırıb dedi:
–Birdən-birə pişik dil aça, danışa, bilirsən arvadıva nələr deyər?!- İkimiz də xeyli güldük.-Birinin üstünə də beşini qoyar, pişikdi axı. Arvadın da elə bilər gecə-gündüz yanımdasan.
–İt olsa bəlkə də heç nə deməz...pişikdən nə desən çıxar,- bunu da mən əlavə elədim...
Nə isə, o vaxtdan üç-dörd ay keçib, beləcə oğlumla arada bir gəlib gedirik, amma anası heç yana getmək istəmir, qış-yaz bağdadı. Elə üzündən-gözündən bilinir, bağın ağacları, gülü-çiçəyi kimi sakitdi, dincdi. Nə deyirsən gülümsəyir.
O gün hamımız, oğlanları, qızları yığışmışıq başına, birdən-birə:
– Neynədiz,-deyir,- Savet hökümətinə? Hanı,-deyir,-Savet höküməti?!-Əlini mənə sarı uzadır.-Bax, bu yıxdı o boyda höküməti, yan-yörəsində özü kimi də beş-on dostu vardı, yığışıb yıxdılar. İndi bilirəm, evə-eşiyə də ona görə yığışmırmış. Bir müddət gözü-qaşı oynayırdı bunun, bir yerdə dayana bilmirdi.Hələ bir dəfə də tutdular...eşitdim ki, KKB-yə aparıblar...O vaxt hələ evlənməmişdik. Gedib “dəniz qırağında” gözlədim, gecə yarı buraxdılar. Yenə də məni tək qoymadı, evimizəcən ötürdü...həə, elə şeyləri yaxşıydı, məni tək qoymazdı...İndisinə baxma, indi yaxşı olan heç nə qalmayb bunda, duxilənmiş pişik gətirir yanıma.
Uşaqların da, mənim də gülməkdən uğunub getdiyimizi görüb nə gəldi danışır:
–Şeirlər yazırdı mənə, misraların baş hərflərini oxuyanda “ölürəm” olurdu, Leyla ölürəm...Leyla yox ee, Leyli...-Əlini üzünə qoyub oyun çıxardır, ürəyi gedir elə bil. Gözlərini yumub başını stola söykəyir.-Kül mənim təpəmə. Yazıçı oldu...yazdığı da nədi, “tut ucunnan göyə çıx...”
Amma mən bağa tək gələndə belə olmur, üzü-gözü dəyişir, üzündə-gözündə peşmançılığa, utancaqlığa, daha doğrusu, xəcalətə oxşar, anlaşılmaz,baş açammadığım bir rəng dolaşır, demək olar ki, həmişə də eyni sözü soruşur:
– Arvadların nə təhərdi? “Quşlarını” soruşuram...
Mən də ora-bura işarə eləyə-eləyə yenə, yanımda uşaqlardan heç kəs olmasa belə:
–Uşaq eşidər ayıbdı,-deyirəm.-Nə quş, nə arvadlar? Mənim ən gözəl quşum sənsən. Bir yerdə uçduğum quş, qanad yoldaşım. Tələbə yoldaşı yox, qanad yoldaşı...!
–Belinə çöpdən dirək,-deyr.-İndi yadına düşmüşəm, sözünə bax bir, qanad yoldaşı, pa-ah! Tələbə yoldaşı getdi, indi də qanad yoldaşı gəldi. Sözdü səninki də necə istıyirsən...hansı səmtə istəyirsən döndər.
Bayaqdan pianoda “Cücələrim”i çalır, nəvələr bir-birinə qarışa-qarışa oynayırlar. Bu gün ad günüdü. İnandıra bilmirik ki, yaşını bir il azaltmısan, düz hesablamırsan. Daha doğrusu, mən qarışmıram, uşaqlar sağdan-soldan barmaqlarını qatdaya- qatdaya illəri sayırlar, yenə deyir:
–Yox, adam anadan doğulan kimi bir yaşı olmur ki. Bir il keçənnən sonra bir il olur.
Uşaqlar yenə gülüşürlər. O dönüb mənə baxır:
–Hamısı onun işidi ba-aax, yaşımı artırmaq istəyir, özü qurub-quraşdırıb, ona görə də heç nə alınmır.
Mən də gülürəm, sonra da qalxıb onun anlayacağı sözləri seçə-seçə şərəfinə sağlıq deyirəm...Uşaqlar da xahiş eləyirlər ki, sən də atanın sağlığına söz de:
–Yaxşı,-deyir, qalxır ayağa.- Amma düşünməyə vaxtım olmadı,-deyir,- ürəyimə nə gəldi onu deyəcəm.
Uşaqların hərəsi bir yandan:
–De, de, mama de!
–Bığ,-deyir,- səni balaca göstərir, hündür olsan da balaca, lap balaca... bu boyda...
Mən elə yerimdən:
–Bığın boya nə dəxli,-deyirəm.-Doğrudan da bu dediyin ağzına gələn oldu.-Onu da hiss eləyirəm ki, hirslənirəm, cığallığım tutur yavaş-yavaş.
–Doğrudu, bığın boya sən deyən qədər də dəxli yoxdu, amma içini də balaca göstərir. Nə bığdı qoymusan, burnuvun altında, bir damcı...- Barmaqlarını azacıq aralayıb qabağa uzatdı.-Amma yekə bığ qoysaydın o da boş yerlərini göstərəcəydi...mənasızlığı, elə şey eləmə.
Üzü-gözü gülümsəyirdi yenə, qayğısız idi. Mən ürəyimdə, “qoy ürəyini boşaltsın”, dedim... “Əsas odu ki, uşaqlara xoşdu, deyib gülürlər, qoy deyib-gülsünlər”.
Aralanıb pəncərədən həyətə baxıram, əllərimlə əkdiyim ağaclar böyüyüb nə boyda olub. Heç ağıla gəlmir ki, bir vaxtlar burda ağac yoxmuş. Sarmaşıqlarla örtülmüş hasar, evin üstündən də yuxarıya qaldırılan su çəni, evdəki çal-çağıra baxıb səs-səsə vermiş bağ quşları, sonradan gətirdiyim pişiyəcən hamısı bir-bütöv görünür, bir-birinə qaynayıb qarışmış şəkildə. Pişik içindən səs eləyə-eləyə ayaqlarıma sürtünür, ayaqüstə yatır elə bil, xorultusu eşidilir...
Uşaqdan böyüyə hamı oynayır. Sonra qızım anasına sarı gəlir:
–Mama,-deyir,-oynamaqdan yorulduq, indi“Bayatı-Şiraz”ı çal, sən onu yaxşı çalırsan.
Başını tərpədə-tərpədə:
–Yox,-deyir,-“Bayatı-Şiraz” çalsam ağlayaram, məni güldürən oyun havalarıdı...
Başına yığışırlar təzədən. Elə bil hardansa qaça-qaça gəlib, təng-nəfəs olub birdən-birə, əllərini nəyisə çəngələmiş kimi qabağa uzadıb, nəsə demək istəyir, bilirəm məni gözləyir ki, dediyini eşidim. Pəncərənin ağzından onlara sarı yaxınlaşıram.
–Bilirsiz,-deyir,-ən çox nədən qorxuram? Qışqırmaqdan qorxuram.-Ağlayırmı, gülürmü bilinmir, əllərinə baxa-baxa,- Saçlarım da əllərimdə... Hələ qız vaxtlarımnan istəyirdim qışqıram, amma qardaşıma qıymırdım; deyəcəkdilər bacısı dəlidi. Sora bu çıxdı ortalığa...buna görə qışqırmadım.-Dönüb mənə baxır.-İndi də siz varsınız. İndi də sizə qıymıram...
Nəvələri çığırışa-çığırışa başına dolanırlar:
–Nənə qışqır, nolar, qışqır...
Uşaqları bunu da zarafata salırlar...Bir mən bilirəm ki, zarafat-zad deyil, sadəcə hər şey qarşısı alınmaz hərəkətdədi, hər şey dayanmadan gedir, üstümüzdən, altımızdan, yanımızdan-yörəmizdən, ən əsası da içimizdən keçəndi...Ona görə də heç kəs heç nəyə çata bilmir, hamı gecikir, hətta qışqırmağa da gecikənlər var... Yerindən oynamaqdandı hamısı, yəni heç nə olduğu kimi deyil, hər şey tamahdan asılı qalıb...
Su səsinə xəyaldan ayılıram. Su da indi gəldi. Hovuza elə sevinclə, elə iştahla axıb tökülür ki, elə bil gəldiyi yerə qayıdır...
Heç bilmirəm, bu nə fikirdi ağlıma gəldi, tamahın mənim bayaqdan düşündüklərimə dəxli varmı? Var bəlkə də, olmasaydı ağlıma gəlməzdi...
Mənim bu gün niyəsə iş görməyə həvəsim olmadı, indi yığışıb getməliyik. Pişik də yanımdan əl çəkmir, küçük kimi hara gedirəm ora gəlir...Oğlum maşını yuyub təmizləyib.
–Gəl,-deyir,-gəl otur. Sənə görə yumuşam, maşını. Bilirəm, maşın təmiz olanda xoşun gəlir.
Təzəcə maşına minmək istəyirdim ki, yoldaşım qucağında da bir dəstə qızıl gül yaxınlaşdı:
–Mən də ona gül göndərirəm,-dedi.
Mən, “kimə gül göndərirsən?” deməyə macal tapmamış əlavə elədi.
–O, mənə pişik göndərib, mən də ona gül göndərirəm...-Ağlı- qırmızılı gül qomasını üstümə tullayıb güldü. –Deynən, gec olduğuna görə bağışlasın, pişik gələndə gül fəsli deyildi...
Alaqapıdan dinməz-söyləməz çıxdıq...Oğlum altdan-altdan gülümsəyirdi, amma tamam ayrı şeyi dedi.
–Zeytunun elə sadə olduğuna baxma, meyvəsinin dadını almaq çox qəliz məsələdi, acısını verər, dadını verməz...
lll
Şəhərin girəcəyində düşmüşəm. Əlimdə gül olduğuna görə hara gedəcəyimi bilmirəm, gərək elə maşında qoyaydım qalaydı...Gülün belə təsirli olacağını ağlıma gətirməzdim, kimin olduğu bilinmədiyinə görə hər şeyi dəyişib, düşünməyə qoymur məni, heç bilmirəm hara gedim. Oğlumla getmədim, deyəcəklər, nə gülüdü bu? Elə bu gülə görə evə də getmək istəmirəm, kimin olduğu bilinməyən bu gülə görə də anladım ki, ev də ev deyilmiş, elə belə, qaldığım, gecələdiyim yermiş...
Sərin payız axşamıdı, deyirəm, bəlkə Şapkamı geyinənə zəng eləyim, gülü ona verim, hardasa buralarda yaşayır...Adam çoxdu, ətrafdakı gül-çiçək mağazaları aşıb daşır, hər şey gülə-çiçəyə qarışmış kimi görünür. Mən də bu axına qarışıb özümə gəlirəm. Heç vaxt fikir vermədiyim heykəl qızla üz-üzə çıxıram, vədələşmiş kimi gül dəstəsini heykəl qızın qollarının üstünə qoyuram...boynunu qucaqlayıb dönüb yanımdan keçənlərə baxıram:
–Oğlum, zəhmət olmasa, bizim şəklimizi çəkin... /525.az/

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.