Qismət - Platforma
28.01.14

Hekayə

Çarpayıda meyit kimi uzanmış cavan oğlan hekayəmizin qəhrəmanıdı - adı Mirzədir. Hələlik o yuxular səltənətində bir ölkədən o biri ölkəyə vizasız, maneəsiz keçməyində olsun, mən bəndənizə ayrılan beş-altı cümləlik vaxtdan istifadə edib öz təhkiyəçi platformamı açıqlamaq istəyirəm. Əgər mən bu hekayənin sonrakı hissəsində, eləcə də başqa əsərlərdə yenə təhkiyəçi seçilsəm, çalışacam ki, müsbət-mənfi fərq qoymadan, hekayədəki bütün qəhrəmanların başından keçənləri obyektiv şəkildə nəql edim. Əgər seçilərəmsə, əlimdən gələni edəcəm ki, qəhrəmanların qabağına həmişə Monika Beluççi, Ancelina Coli, Cenifer Lopez, Şakira, Penelopa Kruz, Selma Hayek, Adriana Lima, Skarlet Yohanson, bir sözlə, məhlə bərbərxanalarında, köhnə marşrutlarda, güzgülərin üstünə yapışdırılan, xatirə dəftərlərinə kleylənən, yeniyetmə qızların facebook profilini bəzəyən fotolardakı kimi huriləri çıxardım. Seçiləcəyim təqdirdə, hekayə qəhrəmanlarına hər bir imkanı yaratmağa çalışacağam – cibxərcliyi lazımdırsa – xəzinə, dinamika lazımdırsa – qaçhaqaç, kəsəsi, maddi-mənəvi onların yanında olmağı ən müqəddəs borc sayıram. Bu hekayənin qəhrəmanı yuxudan oyanır deyə, hələlik vaxtımı saxlayıram.
 
Mirzə yuxudan duranda gördü ki, böcəyə çevrilib. Tfu! Üzr istəyirəm, bu başqa hekayə idi.
 
Mirzə yuxudan duranda saat on ikiydi, həmişəki kimi çox yatmışdı. Çarpayıda on dəqiqə ora-bura vurnuxdu, sifətini tenorların zilə qalxanda düşdüyü görkəmə salıb əsnədi, axırda dünyaya minnət edirmişcəsinə yataqdan çıxdı. Bugün də dünənki qərara gəldi:  “Ekonom olmaq lazımdır - səhər yeməyini naharla birləşdirmək.” Mirzə dost-tanış arasında dəhşət məlumatlı adam sayılır. Məsələn, o bilir ki, Şabanın əsl adı Kamal Sunaldı, kolanın içinə lezva atanda əriyir, nərd oynayanları görəndə “oyunçu aparsın” demək lazımdır. Corabının tayını çarpayının altından tapandan sonra, Mirzə güzgünün qabağında gözlərini bərəltdi, dişlərinə baxdı, sol yanağındakı “prişiki” sıxdı. İndi də tualetə gedəcək. Mərcə girək ? Əmsallar belədi:
 
Mirzə tualetə gedəcək – 1:50,
 
Qayıdıb yatacaq – 2:90,
 
Mətbəxə cumacaq – 5:50.
 
Amma məsləhət görmürəm, mənimlə oynamayım. Hekayənin müəllifi mənəm, siz hansı variantı seçsəniz, mən o biri variantı yazıb tumanınıza qədər ala bilərəm.
 
İndi Mirzə tualetdə oturub bugün nə edəcəyi haqqında dəruni düşüncələrə dalmışkən, istəyirəm sizə gizlicə onun haqqında məlumat verim.
 
Adı : Mirzə
 
Soyadı: Mirzəyev
 
Atasının adı: Mirzə.
 
Doğum: 1980-ci il, Bakı, Xalqlar Dostluğu.
 
Bildiyi dillər: azərbaycan dili – Xoşqədəmin verilişini anlayacaq qədər, türk dili – “Kurtlar vadisi” qədər, rus dili – “Odnaklassik.ru” qədər, ingilis dili – “playstation” qədər.
 
Hobbiləri: futbol proqnoz yazmaq, evdə heç kim olmayanda masturbasiya etmək, çeçələ barmağın dırnağını uzatmaq, məhlədəki maşınların nömrəsini əzbərləmək.
 
Fobiyası: durduğu yerdə zibilə düşmək.
 
Ətraflı məlumat üçün baxın: Qədim dövr Azərbaycan tarixi, Bakı, 1501, Təhsil nəşriyyatı.
Tualetdən çıxan kimi Mirzə mətbəxə cumdu, soyuducuda eşələndi, nutella, dünəndən qalma badımcan dolması, pomidor-xiyar, ketçup, qatıq çıxartdı – hamısını masaya düzdü. Masada masaymış ha!
 
Əlinə keçəni bala-bala içəri ötürə-ötürə, birdən ağlına gəldi ki, məhlə uşağı Anara “vzıv” tullasın, tulladı da. Çox keçmədi ki, Anardan da bir “vzıv” gəldi. Bu “vzıv”laşmaq işi Mirzəylə Anarın arasında xüsusi simvoldu, yalnız ikisinin bildiyi gizli dildir. “Vzıva vzıv” o deməkdir ki, 15 dəqiqəyə “besedka”da olacam.
 
Toqqasının altını bərkitdi, sonra cumdu güzgünün qabağında əsas məsələnin həllinə – saçlarını formaya salmağa. Əvvəlcə bir ovuc “Eqoist” jelesini tellərinə yaxdı, ardınca Evklidi qısqandıracaq həndəsi dəqiqliklə saçında tağ ayırmağa başladı. Ürəyi istəyən nəticəni alan kimi, güzgüdə öz əksinə göz vurdu, gülümsədi, yəni ki, oğlum Mirzə full görünürsən, mən səni like eləyirəm!
 
Əziz xalqım! Hekayəmizin qəhrəmanı Mirzə forsundan cırıla-cırıla, lotu-lotu, Polad Aləmdarvari həyətə düşməyində olsun, mən istəyirəm yenidən öz təhkiyəçi platformama qayıdım. Bəzi xaricdən maliyyələşən yazarlar, özlərinə, nə bilim, modernist-postmodernist deyən bədxahlar, milli-mənəvi dəyərlərimizi heçə sayan zatıqırıqlar, qınından çıxıb qınını bəyənməyənlər, gəmidə oturub gəmiçiylə dalaşanlar, palaza bürünməyib elnən sürünməyənlər, “dost” sözünün bir hecalı olduğunu bilməyənlər, bugün meydan sulamaqla, düşmən dəyirmanına su tökməklə məşğuldurlar. Bu hekayəni bitirim, hamısını qırajam. Amma adamın üstündə Allah var, onların bəziləri heç də istedaddan məhrum deyildir. Ona görə, o bir-iki nəfərin yazdıqlarını bəlkə bir antologiyaya-zada saldım, qalanları vızqırdacaq. Vaxtımı saxlayıram.
 
Nə oldusa, Mirzə “besedka”da Anarla görüşəndən sonra oldu.
 
***
 
Əvvəlcə pul var idi və pul Mirzədəydi. Sonra hardan peyda oldusa, Zamiq də gəlib çıxdı və hər şey onun gəlişi ilə başladı.
Zamiq “besedka”ya girən kimi siqaretini yerə atdı, əl verib görüşdü: “Həə, brat, nətərsüz?” Cavabı gözləmədi, bir dənə də siqaret yandırıb, öz monoloquna başladı:
 
“Təzə xəbər var. Var-yoxuma tullansınlar, dəhşət söhbətdi. Deməli bir dənə arvad çıxıb, google-nan fala baxır. Dayımoğlu gedib yanına, deyir arvad nə dedisə düz çıxdı. Ağlıma full bir ideya gəlib, deyirəm götürək bu həftəki oyunların cədvəlini aparaq arvadın yanına, heç nə lazım deyil, gələcək-karyera filan, bizə onca dənə yuxarı əmsallı oyun desin, hər çempionatdan bir-ikisini desə bəsdir, yazaq, söhbəti həll eləyək. Amma işə başlamaq üçün iki yüz dollar lazımdı - 100 dollar falçının, 100 dollar da proqnoz üçün. Hər şey fikirləşmişən, gecə səhərə qədər bunun üstündə əlləşmişəm. Deməli proqnozu tutan kimi – 99,9 faiz tutacağıq – iki dənə marşrut götürürük buraxırıq “kruqa”, hər ay ordan babat pul gələcək, sonra “Neftçilər”də bir dənə xudmani çayxana açırıq, adama bir dənə maşın götürürük, dalınca da bala-bala həyatımızı qururuq. Sonrası asan məsələdi, necə deyərlər “xodda maşını Nabrana sür”.
 
Zamiq elə danışdı ki, Mirzənin də, Anarın da gözünə işıq gəldi. O dəqiqə ikisinin də beynində televizorda gördükləri həyatlar, metroda, dayanacaqda qışqıran reklam bannerlərinin vəd etdiyi şeylərin hamısı birdən çox yaxın, doğma, mümkün görünməyə başladı. Biranlıq Zamiq özü də danışdıqlarından xoşhallandı və xəyalata daldı.
Onlar xəyal qurmağında olsun, mən istəyirəm təhkiyəçi platformama davam edim. Düzünü deyim ki, mən əslində bu hekayəni başqa cür nəql etmək istəyirdim. Məndən olsa, eləcə Mirzənin otaqda bir gününü təsvir edər, xatırlama yolu ilə, savadlı adamlar demiş, fləşbəklərlə keçmişinə işıq tutardım. Amma iş elə gətirdi ki, mən onu evdən çıxarmalı, dostları ilə görüşdürməli, hələlik özümün də tamam-kamal tanımadığım falçının ünvanına göndərməli oldum. Bir az artıq içən kimi adamın baş-beynini aparan gəvəzə, boşboğaz adamların xala-xətrin qalmasın sözləri kimi çıxmasın, ümid edirəm ki, sizi yormuram.
 
***
 
Külək ya əsirdi, ya da köks ötürürdü, bilmək olmurdu. Nə Anar, nə Mirzə, nə də Zamiq üçün bu maraqlı deyildi. Onlar üçü də tər, pendir qoxuyan axsaq avtobusun arxa oturacağında şəhərin papuqay kimi eyni şeyi təkrarlayan küçələrinə baxır, ara-sıra bir-iki kəlmə danışır, ümidlə-ümidsizlik arasında çırpınan cavan ürəklərinin səsinə qulaq asa-asa Bayıldakı falçının hüzuruna yol gedirdilər. Şəhər addımbaşı özünü təkrarlayır, özü özünün pis reproduksiyasına çevrilirdi. “Market, aptek, internet-klub, market, aptek, internet-klub” – bu qəribə ritm hər yerdə təkrarlanırdı və ara-sıra xaric not kimi “avtomoyka” da görünüb, yoxa çıxırdı. Üç muşketyor, üç dost, sınıq-salxaq avtobusdan gah çölə baxır, gah da içəridəki enli arvadların iblisanə gülüşünə diqqət kəsilir, qımışırdılar. Əslində onların heç biri gələcəyə olan qəribə inamlarından və marjinal cəhdlərindən başqa avtobusdakılardan fərqlənmirdi. Hər üçü ayrı-ayrı dayanacaqlarda düşsələr də, bir avtobus dolusu adamla eyni talenin daşıyıcısı, eyni yolun sərnişini idi. Sanki bəxtlərinin rəngini ört-basdır etmək istərcəsinə təpədən-dırnağacan qara geyinən, üstəlik, bunun adamı ciddi göstərdiyinə inanan qocalı-cavanlı kişilər və baxışları, gülüşü, gələcək haqqında arzuları “tele-ulduzları” yamsılayan qızlar -  hamısı onlar üçün doğma idi.
Hekayəmizin qəhrəmanları fikirli-fikirli arzularının reallaşacağı ünvana yol gedərkən, onlardan birinin - Anarın facebook inbox-una belə bir mesaj gəldi: “Aşkısı bağışla dünən yaza bilmədim, işıqlar keçmişdi...(((“ Bu mesajı yazan zənən xeylağı Anarın bəzən “istədiyim qız”, bəzən isə “fırlandığım qız” dediyi Güneldi. Amma bizim Günellə işimiz yoxdur. Madam ki, hekayə qəhrəmanları hamısı fikrə dalıb, onda facebook söhbəti açılmışkən, gəlin Anarın profilindən bəzi məlumatlara göz gəzdirək.
 
Adı: Anar
 
Soyadı: Rzazadə
 
Doğum ili: 1981, 1 aprel
 
Təhsili: Bitirib - 13 nömrəli orta məktəb, bitirmək istəyir – Politexnik.
 
İş yeri: Parkda bilyard işlədir.
 
Sevdiyi filmlər: Xaç atası, Titanik, Briqada, Brat-2, Kurtlar vadisi.
 
Sevdiyi sitat: “Qardaş beldən gəlir, dost ürəkdən.” (Zerkalo Klara)
 
Ən çox like yığan son üç statusu (redaktəsiz):
 
Qızdarımız lüddənir, kankret uçruma gediriy. (131 like)
Adıvı kim buzla günəşə yazsa səni mənnən çoxx sevir diməli. (98 like)
Vətən sağolsun! (215 like)
 
Əlavə məlumat üçün baxın: “Mədəniyyət naziri Namiq Qaraçuxurun “Ayna” qəzetinə müsahibəsi, Bakı, 2050-ci il, 28 may)
 
***
 
“Saxla, saxla! Düşün alə!” – Zamiqin səsindəki liderlik ədası Anarla Mirzəni diksindirdi, ikisi də rəngbərəng xəyallar dünyasından ağ-qara reallığa qayıtdılar. Düşdükləri yer, elə bil, təkcə, Bakının yox, dünyanın axırı idi; sanki burdan o yanda nəhayətsiz, intəhasız bir boşluq vardı və bu boşluq təsəvvürü onların hər üçünün yadına, nədənsə hadisələrin kosmosda cərəyan etdiyi xarici filmləri salırdı.
 
Qapıda cangüdənlər vardı, üstlərini yoxladılar, sonra onları uzun bir dəhlizdən keçirib gözləmə zalına ötürdülər. Bütün bu atmosfer, bu yoxlanış, rəsmiyyət, ciddiyət onların hər üçünü həm qorxutdu, həm də inamlarını artırdı. Hə də, əgər boş söhbət olsa, bu qədər ciddi nəzarət olmazdı, bu qədər adam bura gəlməzdi. Adam demişkən, gözləmə zalında qələbəlik idi. Üç muşketyor bir küncə çəkildilər, əvvəlcə ətrafdakı adamları süzməyə başladılar, sonra öz aralarında bir-iki kəlmə kəsib, yenə fikrə getdilər. Hamısı öz fikrində bütün bu həngaməni çox tez qabağa yığdı və bu xəyal filminə artıq uğur qazanmış, varlanmış halda olduqları vəziyyətdən baxmağa başladılar. Üçünün də xəyalındakı film təxminən eyni yerdən başlayırdı: çarpayıda uzanıb iriməməli bir qızın striptiz göstərməyinə baxa-baxa viski içirdilər...
 
İriməmə qız onların xəyalında soyunmağında olsun, mən istəyirəm öz təhkiyəçi platformama qaldığım yerdən davam edim. Əgər məni bundan sonrakı hekayələrdə yenidən təhkiyəçi seçsəniz, mən fəaliyyətim dövründə çalışacam ki, personajlarımın söz bazasını inkişaf etdirim. Çalışacam ki, onları Orxon-Yenisey abidələrindən, Kaşğarlının divanından gələn zəngin ləhcə, dialektlərlə, dilin atişləməz, quşqonmaz əraziləri ilə tanış eləyim. Xalqımızın deyimlərini, duyumlarını, aksiz markası qoparılmamış ifadələrini personajlarımın lüğət tərkibinə salmağı özümün ən müqəddəs borcum sayıram. Mən yenidən təhkiyəçi seçilsəm, həm də cəhd edəcəyəm ki, yeni sözlər yaradım, dilimizin zənginləşməsi, milliləşməsi üçün əcnəbi sözləri dilimizə uyğunlaşdırım. Məsələn, məncə “televizor” yerinə “göstərənçi”, “velosiped” əvəzinə “cüttəkər”, “telefon” yerinə isə “səsqulaq” demək daha gözəldir. Vaxtımı saxlayıram.
 
***
 
Striptizçı qız arxasını çevirib yanvar-fevral vurmağa başladı, sonra əyilib paçasının arasından arxaya – onu izləyənlərə baxdı, təzədən dikəldi, ədalı-ədalı büstqalterini çıxardı, xarici toylarda gəlinlər çiçək dəstəsini başları üzərindən arxaya atdıqları kimi büstqalterini geri vızıldatdı. Bu dəm, nədən qara eynək taxdığını heç kim bilmədiyi “kaçok” nəzarətçinin buz kimi soyuq səsi üç dostu xəyaldan ayırdı, bayaqdan dalıb getdikləri xəyalın isti-qaynar havasından Babil qülləsitək dikələn şəhvətlərinin əsası qəfildən büzüşüb balacalaşdı.
 
Falçı gözlədikləri kimi elə də əndrabadi deyildi – nə saçları pırpız idi, nə dırnaqları uzun, nə masasının üstündə kristal kürə vardı, nə içəridə tüstü-duman. Bu falçı bütün təsəvvürləri alt-üst edəcək dərəcədə səliqəli, ciddi görkəmli, şıq geyimli bir qadın idi. Küçədə görsən, deyərsən ki, yəqin hansısa şirkətdə işləyir, ayına aşağısı 1500-2000 manat qazanır, həftəsonları “Şekspir” pub-da “Corona” pivəsi içə-içə bilyard oynayır, arada karaokedə Justin Bieberin mahnılarını oxuyur, Koelyonun romanları üçün əldən-ayaqdan gedir (burda “sino gedir” də yazmaq olar) və bütün bunları etdiyini görə elə bilir ki, əsl avropalıdır. Xahiş eləyirəm, alqışlayaq!
Amma yox, Mirzəgil içəri girəndə heç bunları da düşünmədilər, çünki bu falçı qadın deyəsən tamam alayı cür idi. Otaq çox səliqəli dizayn olunmuşdu, demək olar ki, artıq heç nə yox idi. Qadının masasında balaca dəri bloknot, “Parket” marka qələm və geniş ekranlı bir noutbuk vardı. İstəyirəm noutbukun markasını “Dell” yazım, amma “Hp” də olar, nə bilim, bəlkə də “Fujitsu Siemens” daha yaxşıdı. Nə isə, buna sonra qərar verərəm.
 
***
 
Azikin kafesini “Neftçilər”də hamı tanıyır; əvvəllər gamebookers-lə işləyirdi, yəni siyahını internetdən tapıb çap edir, futbol-proqnozları əldən özü yığırdı, sonra zaman dəyişdi və Azik də zamana uyğunlaşmağa məcbur olub “Topaz”a çevrildi. Manıs yaman bic adamdır, həmişə sakit-sakit kafenin ən gözədəyməz masasında oturub qəzetlə-jurnalla başını qatır, amma elə ki, ümidini Messinin fəndlərinə, Ronaldonun sürətinə bağlamış qumarbazlar kafeyə doluşmağa başladı və elə ki, səs-küy bütün kafeni bürüdü, Azik ortalıqda gəzib qəsdən həmin günkü oyunlar haqqında araya söz (qaqaşlar demiş, “paraşa”) buraxmağa başlayır. Məsələn, bir də görürsən öz işçilərindən biriylə hansısa oyun barəsində guya ona ötürülmüş “sekretni” bir xəbəri bölüşür, amma bu xəbəri elə deyir ki, başqaları da eşitsin. Fəqət adamlar Aziki yaxşı tanıyır deyə, heç kim onu eyninə almır.
Üç dost falçının yanında çıxan kimi, özlərini vermişdilər birbaş Azikin kafesinə və o saat adama bir dənə “nzs” pivəsi sifariş verib başlamışdılar siqaret tüsdülədə-tüsdülədə falçıdan öyrəndikləri dünya əhəmiyyətli informasiyanı götür-qoy etməyə. Onlar öz işlərində olsunlar, mən istəyirəm təhkiyəçi platformama davam eləyim. Mən bütün oxucularıma söz verirəm ki, gələcəkdə yenə təhkiyəçi seçilsəm, bütün əsərlərimdə dağların əzəmətini, min illərin bağrından qopub gələn dədə-babalarımızın sümüyə-iliyə işləyən deyimlərini, aşıq havalarındakı mistik-ilahi intonasiyasını, muğamatın hər adam anlamadığı dərin fəlsəfi məzmununu qəhrəmanlarıma hopdurum. Mən çalışacam ki, bir yandan bu qəddar, amansız, bakirəliyini itirmiş şəhərdən uzaqda, təbiətin ana südü kimi təmiz, həlim, saf ruhu ilə həmahəng yaşayan sadə, həm də bədbəxt insanların hekayətlərini yazım, bununla bərabər sosial mesaj verməyi də yaddan çıxarmayım. Söz verirəm ki, qətiyyən üslub, forma, struktur haqqında düşünməyəcəm, əsas qayəm bu olacaq ki, səmimi olum, çünki inanıram ki, səmimi olsam və təbii ki, milli dəyərlərimizə söykənsəm, Rolan Bartı da, Bodriyarı da, Fukonu da, Ekonu da, Derridanı da, Ceymsonu da diz çökdürəcəyəm. Vaxtım bitir deyə, mənə dəstək olun, mənə inanın, biz birlikdə çox zirvələri fəth edəcəyik. Ölməz şairimiz demiş: “Sağlığında rüşvət... (üzr istəyirəm) qiymət verin insanlara!”
 
***
 
Zamiq tualetdən çıxıb bala-bala dostlarının yanına gedirdi ki, birdən kafenin o başından gözləri ağlamaqdan qızarmış, rəngi-ruhu avazımış, əlində “pol” taxtasıyla güllə kimi onların masasına şığıyan Gülnarə xalanı – Mirzənin anasını gördü. Arvad kafenin o başından başladığı söyüşlərə kafenin bu başında nöqtəni qoyan kimi, – “Ay atasına oxşamış oğraş, sən genə üzüyümü oğurlamısan?!” – Zamiqlə Anar sözləşibmişcəsinə birağızdan dedilər: “Bu dəfə dəqiq tuturuq, falçı deyib...” /kulis.az/

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.