Cəlil Cavanşir: “Fəlsəfə, elm və psixologiya da ədəbiyyatın dadı-duzudur” - MÜSAHİBƏ

30.01.14

Yazıçı Cəlil Cavanşirin müsahibəsi


- Necəsiniz, nə işlə məşğulsunuz?

- Yaxşıyam. Səhhətimdə bir az problemlərim var. Yəqin ki, keçib gedəcək. Yazıram, redaktə edirəm. Fikirləşirəm.

- “Vikipedia”nız kifayət qədər ədəbiyyat təcrübəsi olduğunuzu deyir. Biz də bilirik ki, belədir. Uzun müddətdir ki, ədəbiyyatdasınız. Maraqlıdır, ədəbiyyat artıq Cəlil Cavanşir üçün nədir?

- 20 yaşım olanda ədəbiyyat mənim üçün hobbi idi. Fikirləşirdim ki, universiteti bitirib tərcüməçi olacam. Ən yaxşı halda da universitet müəllimi olub dərs deyəcəkdim. Ədəbiyyatla isə hobbi kimi məşğul olacaqdım. Amma bir gün hiss etdim ki, ədəbiyyatdan başqa nə varsa marağını itirir. Ədəbiyyat həyatıma elə daxil oldu ki, ondan xilas olmağın yollarını axtarmağa başladım. Hobbi deyə düşünürdüm, həyat tərzimə çevrildi. İndi həyatımın hər nöqtəsində ədbiyyat var.

- Müəllif olaraq beş öz kitabınız, dörd  də tərcümə kitabının müəllifisiniz. Nə hiss edirsiniz? Kitabı olmaq nə deməkdir? 

- Bir yazının, bir düşüncənin kitablaşması maraqlıdır. İlk kitabım çap olunanda 21 yaşım vardı. Həvəsim çox idi. Düşünürdüm ki, kitabım çıxacaq, populyarlaşacam, məni tanıyacaqlar. Sonra bu mənim təkcə həvəsim olmadı. Fikirləşdim ki, düşüncələrim kiməsə lazım ola bilər və onun kitablaşması lazımdır. Ədəbiyyat nə qədər həyat tərzidirsə, kitablar da onun bir parçasıdır. Bundan sonra heç kitab çap etdirməyə bilərəm. Məsələn, bu il üçün kitab nəşr etdirməyi düşünmürəm. Keçən il fikirləşirdim ki, 2014-cü ildə ən azı iki kitabım çap olunmalıdır. Əlimdə hal-hazırda üç kitablıq materialım var. Bir romanım da bitmək üzrədir. Amma indi kitab çap etdirmək ovqatında deyiləm. Ümumilikdə isə kitab mənim üçün vacib məsələdir. Onun yazılması, ərsəyə gəlməsi maraqlı prosesdir. Ona görə, bəzi şeylərdən imtina edib nəşriyyatda redaktor olmağı seçdim. Bütün günü kitabların içində olmaq məni xoşbəxt edir. Kitabların dizaynı, korrektədən  naşirin çapa icazə verməsinədək olan proses , müəllifin kitab həyəcanı – bu proseslərin  içində olmaq, kitablarla işləmək və hər ərsəyə gələn kitabı ələ almağın yaratdığı hiss başqadır. Son “Dinlər, təriqətlər, peyğəmbərlər”imi kitab kimi əlimə alanda ilk kitabımda olduğu kimi, oğlum dünyaya gələndə necə həyəcan keçirmişdimsə, eynisi oldu. Yanımda dostlarım vardı, onlar da gördülər ki, gözlərim yaşarıb. Hər növbəti kitabı o şəkildə gözləyirəm. Kitab mənim üçün müqəddəsdir.

- Sizi daha çox bədii kitab və əsərlərinizlə tanıyırıq. Son kitabınız – “Dinlər, təriqətlər, peyğəmbərlər” başqa üsluba edilən müraciətdir. Bədii nümunə deyil. Kitaba qeyri-ənənəvi dinlər və təriqətlər, saxta peyğəmbərlər və batil inanclar haqqında “kulis.az” saytında çap olunan araşdırmalarınız daxil edilib. Belə bir kitab rəfə qoymağa sizi nə vadar elədi?

- Azərbaycanda bu sahədə xeyli boşluqlar var. Gənclərin din barədə məlumatları olduqca məhduddur. İslam haqqında bir az məlumatlılıq olsa da,  insanlar digər dinlər haqqında məlumatlara acdılar. Eyni zamanda təriqətlərlə bağlı xeyli problemlər var. Təriqətlərin hansı dinə söykənməsi, yaranması barədə məlumatsızlıq var. Bu barədə araşdırmaların ideyası Qan Turalıdan gəldi. Sonra araşdırmalarımı topladım. Kitabı “Hədəf” nəşriyyatına təklif etdim. Razılaşdılar. Ümumiyyətlə “Hədəf” Nəşrlər evi kitab sahəsində iddialı başlanğıc edib. Bizdə əfsus ki, ədəbiyyat kimi bu sahəyə aid olan kitablar da az satılır. “Dinlər, təriqətlər, peyğəmbərlər”lə bağlı yüzdən çox məktub almışam. Çoxlu telefon zəngləri, təltiflər, təbriklər olub. Hər halda onu uğurlu kitabım hesab edirəm.  

- Yazmaq üçün bu qədər sözü hardan tapırsınız?

- Söz hər şeydən birincidir. Gərək ki, belə deyirlər; “Əvvəl söz vardı”. İnsanın özünü ifadə vasitələri içərisində ən uğurlusu sözdür. Sözü axtarmıram, sözlə birlikdəyəm həmişə, sözlə yaşıdam. Mütaliə, müşahidələr və axtarışlar məni söz qəhətliyi çəkməyə qoymur. Daha çox mütailə köməyimə çatır. Amma mütailə, müşahidələr sonradan qazanılmış həyat təcrübəsidir. Sözlə eyni vaxtda dünyaya gəldiyimə inanıram. Metafizik, toxuna bilmədiyimiz, dadını hiss etmədiyimiz varlıq olaraq ruhumun sözlə yaşıdlığı var. Yəqin ki, o mənə kömək edir.

- Yazmaq sevdası nədən başladı, hara axır?

- Əvvəl “Cavanşir müəllimin oğlu yazır” düşüncəsilə yazırdım. Həm də içimdə özümü təsdiq, ifadə etmək ehtiyacı vardı. Sırf “yazacam böyük yazıçı olacam”, “yazacam mədəniyyətə, ədəbiyyata xidmət edəcəm”, “yeni əsərlər yaradacam” kimi hisslər yoxdur. Sadəcə yazırdım. Ətrafda baş verən hadisələrdən təsirlənib nələrsə qaralayırdım. Bir də gördüm ki, içərisindən çıxa bilmirəm, çıxış yolu yoxdur. Sonra sözün açığı o şöhrətdən qaça bilmədim. Sözün mənə gətirdiyi bir şöhrət, mənəvi stimul, dostlar vardı ki, onları tərk etməyi bacarmadım. O boğazdan yuxarı sevinclərdən, o dostcasına sevinmələrdən, bir oxucumun telefon zəngindən, sosial şəbəkələrdəki oxucu məktublarından qaça bilmədim. Gözlərimi açanda hər tərəfim sözlə dolu idi. Düşünmürəm ki, bu bitən həvəsdir. Hara qədər gedəcəyimi bilmirəm. Sevdamın sonu mənim üçün cavabsız sualdır.

- Əsərlərinizdə -  hekayə, şeir, esse, roman, araşdırma – maraqlı detallar çoxdur. Fəlsəfə də, psixologiya da, elm də var...

- Yaradıcılıq saydığınız həmin detalları özündə birləşdirməyi bacarmalıdır. Ədəbiyyat sadalanan detallardan ayrı deyil. İç-içədir. Fəlsəfi dünyagörüşün, tarixi materiallardan götürdüyün epiqraflar, yazının içərində əritdiyin məlumatlar olmadan romanı, hekayəni, şeiri, bütün ədəbiyyatı kül halında – bütöv təsəvvür etmək mümkün deyil. Hərəsindən bir az olmalıdır. Məsələn, bir yeməyin duzu, ədviyyatı və digər tərkibi necədirsə, fəlsəfə, elm və psixologiya da ədəbiyyatın dadı-duzudur. Bunlar olmadan ədəbiyyat tam olmur. Yazılarım içərisində oxuduqlarımdan, həyat təcrübəmdən, onların özlərinin çəkib gətirdiyi şeylər də var. Yazandan sonra görürsən ki, hansısa fəlsəfi fikir də istifadə edə bilirsən. Bir obrazı, insanı təhlil edirsən və baxırsan ki, sən onun psixologiyasını açırsan. Xüsusilə təcrübə, müəyyən elmlərlə tanışlıq yazmağa kömək edir.

- Kitablarınızın maraqlı adları var: “Daha məni xatırlama”, “Öz ruhunun işığında”, “Underground sevgilər”, “İtirilmiş əlyazma”, “Dinlər, təriqətlər, peyğəmbərlər”. Yazıçının kitabı üçün ad seçimi xüsusi əhəmiyyət kəsb edirmi? Kitabın ad seçimi necə olmalıdır?

- Kitabın ad seçimi çox əhəmiyyətli məsələdir. Ən əziyyətli işim yazılarıma ad seçməyimdir. Kitablarda da çətinliklərim olur. Sonuncu kitabım üçün on beş-on altı adı müzakirə etdik. Amma yenə də seçdiyim  ad da ürəyimcə olmadı. Məsələn, “İtirilmiş əlyazma”nın ilk versiyasının adı “Şirvanşahların sonuncu varisi” idi. Mərhum Rafiq Tağı romanı oxudu və dedi ki: “Romanın adını “İtirilmiş əlyazma” qoya bilərsən”. Ad ordan yarandı. “Undeground sevgilər” adı bir şeirdən götürülüb. Bəyəndim. “Daha məni xatırlama” bir şeirimin adıdır. Kitabım nəşr olunanda bu adın üzərində çox dayandım. Məncə, uğurlu alındı. “Öz ruhunun işığında” bir dostumun həyatı haqqında tərtib etdiyim kitab idi. Kitabın adını sevilən şair, maraqlı insan Məmməd Aslan təklif oldu. Kitabın redaktoru da, Məmməd Aslandır. Kitabda  Məmməd Aslanın eyni adlı yazısı vardı. Həmin adı kitab üçün seçdik. Hal hazırda üzərində işlədiyim romanın  uzun bir adı var. Yəqin ki, onun bir sözlə ifadəsini tapacam. Hər-halda ad seçmək mənim üçün çətin prosesdir. Yeni doğulan uşağa ad seçmək nə qədər problemlidirsə, kitab və yazıya da ad seçmək o qədər çətindir.

- Yeni dövr ədəbiyyatında səhnəyə sığmayan əsər nümunəsi varmı?

- Məsələn, İsa Muğannanın “Gür Ün” “İsahəq, Musahəq” romanlarına ekran həyatı vermək çətin olar. Yaxud “İdeal”a səhnədən böyükdür. Xanəmirin “Ağğğğbaaaağ” romanına ekran, səhnə həyatı vermək çətin olar. Onun “Surda gizlənən səs” romanı da bu qəbildəndir. Hazırda bizdə o böyüklükdə rejissor yoxdur. Sadaladığım əsərlərin səhnəyə sığmayacaq böyüklükləri var. Səhnəyə layiq olmayan əsərlər də var. Onlardan ümumiyyətlə danışmaq istəmirəm. Həmin əsərlərə səhnə həyatı versən də bir məna kəsb etməyəcək.

- Yazıçılar niyə kasıb olurlar?

- Özümü heç vaxt kasıb hesab etməmişəm. Bəlli ehtiyaclar, sıxıntılar, çətinliklər olur. Kasıblıqdan gileylənmək heç nəyi dəyişməyəcək. Yazıçının yaxşı yaşamasının əsas şərtlərindən biri kitabının satılmasıdır. Məsələn, Orxan Pamuka atasından yaxşı miras qalmışdı. Amma Pamuka kitabları da yaxşı qazanc gətirirdi. Əlif Şafak diplomat qızı idi. Amma onun kitabları çap olunmamışdan ona milyonlarla qazanc gətirdi və təbii ki, bu ona yaratmaq üçün əlavə stimul verir. Amma bizdə bu məsələlər axsaqdır. Məsələn, mənim çalışdığım “Qanun” nəçriyyatı mütəmadi olaraq çap etdiyi kitablara endirimli yarmarkalar keçirir. Amma Azərbaycan oxucusu hətta bu halda da yerli yazıçıların kitablarını alıb oxumaq istəmir. Yazıçı deyəndə ki, mənim yaşayışım ağırdır, lağ etməyə başlayırlar. Məzələnirlər, qınaq obyektinə çevrilirlər. Bizim yaxşı yaşamağımız üçün kitablarımız satılmalıdır. Kitab həm də  yazıçının əmtəəsidir. Biz bundan sonra başqa məhsul istehsal edə bilmərik. Məsələn, mən heç vaxt ayaqqabı fabrikində ayaqqabı tikə bilmərəm. Bunu bacarmaram. Sata biləcəyim ən yaxşı şey mənim yazdıqlarımdır. “Kasıbçılıq yazdırır” ən çox işlənən ifadədir. Bu tamamilə cəfəngiyyatdır. İstərdim ki, bizdən sonra gələn nəsil, yeni ədəbiyyat adamları yaşamlarını lüks qursunlar. Əyyaşlıq, avaralıq lazım deyil. Yazıçı ən yaxşı paltarı geyinməyə, ən yaxşı restoranda yemək yeməyə, ən yaxşı avtomobildə gəzməyə, ən yaxşı evdə yaşamağa layiqdir. Bunlara çalışmalıdırlar. İçib özünü kafe və küçələrdə çürütmək  xoş deyil. Bu düşüncələrlə ədəbiyyata gəlməsinlər. Yaxşı həyat qurmaq üçün mübarizə aparsınlar. Bu həm də onların haqqıdır. /olaylar.az/

Yenililklər
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20

İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub

24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.