Şəhla Aslan - Papaq
04.02.14

Hekayə

 İşdən çıxıb evə gəlirdim. Hava çox yaxşı idi. Payız olsa da gündüzün yandırıcı şüaları çəkilmiş, axşam qaranlığı ilə birgə gələn sərinlik qəlblərə bir rahatlıq da gətirirdi. Lakin camaatın işdən çıxan vaxtı olduğu üçün avtobusdakı tünlük havanın gözəlliyindən zövq almağa imkan vermirdi. İşdəki gərginlikdən beynim hələ də uğuldayırdı. Bu dəqiqə evə tez çatmaq, bütün aləmdən təcrid olmaq, tam səssizlikdə dincəlməyi arzulayırdım. Ürəyimdə götür-qoy edirdim ki, Allah insanları yaradıb və sonra təbiətlə üz-üzə qoyubdur ki, onunla ünsiyyətdə olsun. Yaxşısından istifadə eləsin, lap elə bu payızın gözəl günləri kimi, pisi ilə də mübarizə aparsın, lap elə bu səs-küy kimi. Amma biz başıbəlalı insanlar öz-özümüzü çətinə salmışıq. Hamı yığışıb gəlib bir yerə, şəhər deyilən yerdə elə hoqqalar yaratmışıq ki, hamısı səhhətimizə ziyandır. Bax, elə indi kaş olaydım uşaqkən gördüyüm qayalar arasından axan dağ çayının qırağında. Atamla  o dağlar yadıma düşdü. Doğma yerlər, doğma adamlar, atamın üz cizgiləri ilə bir həmahənglik yaradan sakit təbiət lövhələrini düşündüm. Bu harmoniya məni kövrəltdi, gözlərim yaşardı.

Qarşıda 3-4 cavan oğlan ağızlarını əyə-əyə bərkdən danışırdılar. Ağladığımı görməsinlər deyə, üzümü çevirdim və bir az da onlardan uzaqlaşdım. Zəhləm gedir bu tip insanlardan. Şəhərdə indi dəbdə olan ləhcə ilə danışmağa çalışırlar, lakin ilk cümlədəcə özlərini ifşa edirlər, özü də elə adamların adlarını çəkirlər ki, heç onların mühafizəçilərinə, qulluqçularına salam verməyə cürətləri çatmaz, amma elə danışırlar ki, guya bunlar axşama qədər onlarla çay içir, domino oynayır, telefonlaşırlar. Amma bir az diqqətsiz olsan cibinə, çantana girəcəklər, ya da ki... Nə isə. Yaxşı ki, onlar arxada qaldılar və mən tutacaqdan bərk-bərk yapışıb ətrafdakı təzə qonşulara nəzər saldım. Yanımdakı oturacaqda 55-60 yaşlı bir kişi oturmuşdu. Məni görən kimi yerindən qalxdı və oturmağı təklif etdi. Yaşlı bir kişinin yerini nəvəsi yaşda qıza verməsi ətrafdakılara da, mənə də bir az yersiz göründü və mən qəti imtina etdim. Kişi yerində rahatlanıb qucağındakı cantanı sinəsinə sıxdı, yenidən gözünü yumub "yatdı". Ondan öndəki oturacaqdakı oturanların birinin çox hündür qaragül dərisindən tikilmiş papağı var idi. Yəqin aşıq idi, mollaların papağı belə hündür olmur. Arxadan enli kürəkləri, əzələli boynu görünürdü. Şəhərdəki belə kişilərin çox biədəb şəkildə qabağa çıxmış qarınları olur. Bir az əvvəl atamı yadıma salıb kövrəldiyimdən doğma yerlərimizdəki kişilərə bənzətdiyim bu qocanın qarnını təsəvvür etmək istədim. Bu gic maraq əslində stresdən qurtarmaq üçün özümü yayındırmaq cəhdi idi. Sezilməz şəkildə ayağımı sürüşdürüb bir az irəlilədim və qocaya nəzər saldım. Həddən artıq enli sifətli, almacıq sümükləri çıxmış, enli çənəli, ağ lopa bığlı, qalın qaşlı 75-80 yaşlı bir kişi idi. Qarnı yox, sinəsi qabağa çıxmışdı. Yəqin aşıqdır, kənddən bu gün gəlib, əlində də əsası vardır. Bir əli ilə tutacaqdan yapışmışdı. O biri əli ilə əsasını yerə elə dayamışdı ki, avtobusun tutacağına etibar etmədiyi aydın idi. Hündür boyuna, enli kürəklərinə uyğun nəhəng əlləri qartal caynağına bənzəyirdi. Mənə baxıb işarə etdi ki, əlimdəki qovluğu verim saxlasın. Vermədim, hansısa sənədlər idi, biri itsəydi batardım. Kişi eşitmədi, ya nə idisə uzatdığı əli ilə qovluğu alıb qoydu dizlərinin üstünə. Narahat olsam da etiraz edə bilmədim, görünür, bu qoca indiyə qədər sözünün çevrildiyinə adət eləməmişdi. Amma, deyəsən, heç şəhərə də adət eləməmişdi, çünki qovluğu saxlayanda dizi üstündəki portfeli sürüşüb yerə düşdü. Portfeli əyilib götürəndə əsası sürüşdü. Nə isə, özünü düzəldib pəncərədən çölə baxmağa başladı. Hündür binaların arasından şütüyüb keçən avtobusdan baxmaqla nə görə biləcəkdi ki? Onun əvəzinə mən darıxmağa başladım. Bu qocaya bir məhrəmlik hiss edirdim. Ürəyimdə dua etdim ki, nə işi varsa, tez qurtarıb qayıtsın evinə, dağlara, çaylara, meşəyə tamaşa etsin. Sonra da öz fikirlərimə özümün gülməyim tutdu. Bu gün nədənsə çox darıxıram, qəribə şeylər fikirləşirəm...
       Bayaq yerini mənə vermək istəyən kişi ayağa durdu. Balacaboy, tösmərək bir kişi idi. Belələrinə nənəm "porsuq" deyirdi. Avtobus dayananda o "Balaxan" dedi. Kimisə çağırmaq kimi yox, sadəcə nidasız, vurğusuz bir söz. Güman elədim ki, kişi normal adam deyilmiş, öz-özünə danışır, gəlib yanımızdan ötəndə yenə də "Balaxan". Əstəğfürullah! Gözlərini də yerə dikmişdi, normal adamlar belə eləyəndə nəsə gizli bir niyyətləri olur, baxışlarını gizlədirlər. Bu dəfə aşıq sandığım adam da ayağa durdu və orta qapıdan yerə düşdü. Maşallah, kişi qaya parçasına oxşayırdı, hamı dönüb ona baxırdı. Görəsən, hamı mənim kimi doğma yerləri üçün qəribsəmişdi, ya nə idi? Tösmərək kişi sürücünün yanındakı qapıdan düşdü. Sürücü bərkdən qışqırdı:
    - Pulunu ver də! Əə, sənnənəm, şişpapaq!
Ürəyim qırıldı. İnanmaq istəmirdim ki, sürücü aşığı çağırır. Aşıq ləngərli addımlarla gedirdi, az qalırdım qışqıram ki, baba, tez uzaqlaş! Allaha yalvarırdım ki, o eşitməsin, çıxsın getsin. Kök kişi tez-tələsik gəlib onunla qoşalaşdı, nəsə dedi. Bildim ki, bir yerdəymişlər. Sürücü isə əl çəkənə oxşamırdı. Qapıda durub çölə bağırdı:
      - Sənnən deyiləm, karsan? Şuppupapaq, gətir də 20 qəpiyi!
İlahi, cibimdə nə qədər pul varsa, verməyə hazıram, təki o qocanı sındırmasın bu tamahkar sürücü. Məgər görmür, kordur, ya gicdir, bilmir iş nə yerdədir? Mən uşaqlığımla dərk etdim ki, o porsuğabənzər kişi qıymayıb, təkcə öz pulunu verb, qoca isə aldadıldığını bilsə də, indi bilmir neyləsin. Qayıdıb təzədən pul versə, gərək o porsuğun başını əzsin, verməsə də sürücünü sürüyüb təpiyi altına salsın! Elə istərdim ki, o, bunların ikisini də eləsin! Necə qıyırlar bu alçaqlar, o cür təmiz adamı incidirlər?
       - Ədə, ay heyvan oğlu heyvan, hara gedirsən? Qayıt pulunu ver də! - deyə sürücü puldan ümidini kəsdiyi üçün pis-pis söyüşlər söydü. Bütün sərnişinlər donub qalmışdılar, məndən başqa yəqin ki, heç kəs işin əslini bilmir, bir-birindən nə baş verdiyini soruşurdu. Ürəyim ağzıma gəlirdi, ağlamaqdan özümü güclə saxlamışdım, nə edəcəyimi bilmirdim. Ürəyimdə Allaha yalvarırdım ki, nəsə olsun, elə olsun ki, məsələn, ayılım görüm bunlar yuxu imiş. Təki, o qocanı söyməsinlər, aldatmasınlar, avtobusu sürsün bu qanmaz uzaqlaşaq, o porsuğun əl-qol ataraq nəyisə bərkdən qocaya danışmasını da görməyim. Halım pis idi, çox pis idi! Gözlərimi bərk-bərk sıxdım ki, belə alçaq səhnəni görməyim. İldırım gurultusuna oxşar səsdən diksindim. Gözümü açanda gördüm ki, qoca o porsuğun pencəyinin boynundan tutub sürüyür avtobusa sarı. Əlindəki çəliyi qapıya elə çırpdı ki, hamı diksindi. Sürücü sarısını udmuşdu. Qoca qan çanağına dönmüş gözünü ona zillədi:
     - De görüm, küçük, bu sənə nə qədər pul verdi?
     - 20 qəpik verdi, bir nəfər üçün, mən nə bilim siz iki nəfərsiniz?
      - Ədə, sən belə dəqiq pulyığan qoduqsan? 10-u düşəndə 5-i pul vermir, görürəm. Bəlkə heç birinin yoxudur? Bu heç, bunun indi cəzasını verəcəyəm, bəs sən niyə söyüş verirsən?
      - Əmi, bağışla, sən Allah, hamı düşür gedir, mən də plan verməliyəm axı! Ağlım da dolaşıb day. Yoxundursa, gedərsən, neynək!
        - Ədə, qoduğun biri, mən kasıbam? - Kişi bunu deyib qolaylandı. Ağacı sürücünü tutmasa da sükana çırpıldı. Xırda pullar ətrafa, küçəyə səpələndi. İkinci zərbədə şüşələr qırıq-qırıq olub töküldü. Özümdən asılı olmadan sevincdən titrəyirdim. Hamı qışqırır, mənə isə ləzzət verirdi bu səhnə! Mənim qəhrəmanım şirə dönmüşdü, qılıncını çalır, düşməni ot kimi biçir, dəli nərəsi meydanı bürüyür. Uraaa! Bir də, bir də vur, qurbanın olum, qır bunları, sonra o biri pis adamların cəzasını ver! Sonra düş şəhərin canına, bütün rüşvətxorları, pisləri məhv elə, sonra bu şəhərin özünü, uca evlərini də məhv elə! Sonra çıx get burdan, o dağ çayının üstündəki qaya üstündə sazını dilləndir: "Hoydu, dəlilərim, hoydu!"
        Amma, yox! Qoca əl saxladı. Bir əlini döş cibinə atıb bir çəngə kağız pul çıxarıb sürücüyə tərəf səpələdi. Bir də, bir də! Bir dəfə də əlini döşünə apardı və əlini çəkmədi. Ayaq üstə tərpənməz qalmış, rəngi ağappaq olmuşdu. Birdən tappıltı ilə yerə yıxıldı. Porsuq kişi sürücüyə qoşulub qaçırdılar. İlahi, hamı elə bilirdi ki, onlar qocanı xilas etmək üçün həkim dalınca qaçırlar. Amma mən bilirdim ki, onlar onun əlindən salamat qurtardıqları üçün qorxudan qaçırlar.
Mən yüyürüb onun əlini döşündən çəkdim. Nəbzini tutdum. Kişi canını tapşırmışdı. Papağı kənarda düşüb qalmışdı. Ağ saçları qansız sifəti ilə bir olmuşdu. Qışqırmaq istəyirdim, səsim çıxmırdı. Qaçanlar da qayıtdılar. Onun öldüyünü görən kimi, sürücü porsuğa bənzər kişiyə qışqırdı ki, ürəyi xəstə adamı hara aparırsan? İndi kim ödəyəcək bu ziyanı? Amma ikisi də qocanın pullarını yığışdırıb ciblərinə təpirdilər. Porsuq dedi ki, gorbagora nə qədər dedim, getmə festivala, qoca kişisən, baxmadı mənə, dedi, nə qədər xərcləsən pulu məndən, amma məni apar ora!
Camaat donquldayır, maşından düşüb dağılışırdılar. Ətraf polislərlə dolmuşdu. Gözüm ayaqlar altında qalan papağa sataşdı. Birdən dilim açıldı:
      - Ayaqlamayın aşığın papağını! Gəlin qibləyə çevirək kişini! Müsəlman deyilsiniz?
"Papaq" sözünü eşidəndə sürücü ora baxdı, cumub çox pis bir söyüş söyərək onu təpiklə vurdu. Aşığın papağı göylə gedib yerə düşəndə gözlərim qaraldı...
Bir azdan gözlərimi açanda başım üstündə çoxlu adam gördüm. Üzümə su vurur, məni ayıltmağa çalışırdılar. Oturub telefonumu axtardım. Kimsə onu yerdən tapıb uzatdı. "Qızım, qorxmusan yəqin meyitdən, keçib gedər!" - dedi. İndi yadıma düşdü başıma gələnlər.
      - Aşıq necə oldu, ay camaat? Meyidi deyirəm, kim apardı onu?
      - Necə olacaq, apardılar ölüxanaya, yarıb ölümün səbəbini müəyyən edəcəklər! Sən onu yaddan çıxart! Zəng elə, adamların gəlsin, aparsınlar səni evə!
     - Onu siz öldürdünüz, qatillər! Həmin ürəklə öz yerində hələ neçə il yaşayardı! Həkimlər yazacaq infarktdan öldü, bu porsuq da şahid duracaq! Bəs Allaha nə cavab verəcəksiniz?
Hamı başını bulayıb uzaqlaşırdı. Mən gedib aşığın papağının yanında oturdum. Kişi nəvə-nəticəsini başına yığacaqdı. Vəsiyyətini edəcəkdi. Sonra da ayaqlarını uzadıb ata-babası kimi öləcəkdi! Burada isə iki dənə dılğır onun ürəyini partlatdılar! Xəstəxanada da digər iki qanmaz onun pəhləvan cüssəsini yarırlar!
       Əlacsız halda hönkürürdüm. Bütün aləmi ürəyimdə lənətləyirdim. Halım pis idi! Çox pis idi! Kuperin "Sonuncu magikan" əsərindəki gəncin ölümünü xatırlayırdım. Beynimdə gah o gənci xəncərlə vuran qatil, gah da aşığın ürəyini partladan porsuq canlanırdı. Əsərdəki Bic Tülkünü öldürdülər, bəs bu Porsuğun kim cəzasını verəcək? Hələ bir gedib kənddə onun dalınca lağ edəcək ki, 20 qəpiyinə qıymadı, onun badına getdi və s. İlahi! Özün belələrinin cəzasını ver! İlahi, sənin Qiyamətin olmasaydı, Ədalət nə vaxt bərqərar olacaqdı? İndi isə halım çox pisdir! İlahi, mənə səbr ver! Hər şeyi sənin ədalət məhkəmənin hökmünə tapşırıram!
Artıq çox gec idi. Yavaş-yavaş qətl yerindən uzaqlaşdım...

Avanqard.net

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.