Hədiyyə Şəfaqət - Dəri çantadakı pul
04.02.14

Yorğun-arğın qayıdırdı hər axşam. İş ağır idi, amma heç olmasa işsiz deyildi. Evə çatmamış tindəki məhəllə marketinə baş çəkir, evin əsas ehtiyaclarını, bəzən isə uşaqlarına meyvə, konfet, şirə, peçenye alırdı. Arvadı onu danlayırdı:
-Bədxərclik eləmə, işsiz qalsan ehtiyac çəkəcəyik
Evin bir küncündə oynayan, ya da masa ətrafına yığılıb axşam yeməyi gözləyən övladlarına tərəf günahkarcasına boylanırdı:
-İşin yoxdur, onların tayları nələr yeyir...

***

Arvadı yenə unudub küçə işığını yandırmamışdı. Zəngin düyməsini basdı. Qapı açıldı, içəridən sızan dar işıq zolağı səkinin bir hissəsini aydınlatdı. Bu anda düz ayağının altındakı balaca dəri çantanı gördü. Küçəyə səpələnən zibilə bənzəmirdi, əlinə aldı, təp-təzə idi. Dalana boylandı, kimsə görünmürdü. İçəri keçdi.
Balaca, dar dəhlizdən otağa girdi. Bir küncdə uğaq çarpayısı, ortada yemək masası qoyulan otağın hər yerindən kasıblıq tökülürdü. Çantanı çarpayının üstünə atdı, gödəkcəsini çıxarıb asdı, əvvəl qızını, sonra oğlunu öpdü, arvadına baxdı:
-Uşaqların yeməyini çək, gəlirəm.
Hamama keçib əllərini yudu, üzünə-güzünə su vurdu, qayıtdı. Həyatda təsəlli aldığı yeganə şey harda olursa olsun axşam ailəsini başına yığaması, yatmamışdan qabaq onları görə bilməsi idi.

***

Son günlər işləri yaxşı getmirdi. Havalar soyuyandan bəri səhərdən axşamacan dayandığı qul bazarında iş kasadlaşmış, qazanc azalmışdı. Əliboş qayıtması, evin ən zəruri ehtiyaclarını ödəmək üçün dar günə yığıb saxladığı qəpik-quruşun da başını dağıtması onu qorxuya salırdı. Həyat baha idi, son günlər isə daha da bahalanmışdı. Qış da bir yandan qapını kəsdirmiş, uşaqlara isti paltar, ayaqqabı, heç nə alınmamışdı. Qızı tez-tez xəstələnirdi, yanından yel ötməmiş oskürməyə, qızdırmağa başlayırdı. Kirayə mənzil nəm çəkirdi, hava tutuldumu divarlardan su damır, yorğan-döşək kif iyi verirdi. Başqa ev tutmaq lazım gəlirdi. Amma necə? Sabaha umudu olmayan bütün insanlar kimi havada yaşayırdı. Bədə qalanda kəndə qayıdıb, tikintisi yarımçıq, bir otağı alayarımçıq hazır olan evinə sığınacaqdı. Amma orda nə edəcəkdi? Kəndin hay-hayı gedib vay-vayı qalmışdı. Dağ- dərə üstündə binə quran da peşman olurdu. İş yox, torpaq bərəkətsiz, ev-eşik yarımçıq. Yenə iş üçün harasa üz tutmalı olacaqdı..
...Yeməyini qaşıqlaya-qaşıqlaya bunları düşünürdü. Özünü də günahlandırırdı, aciz adamdı, nə alverdə əli vardı, nə başqa bir qazanclı işdə, zəmanə adamə deyildi. Yaranışdan bu idi, Allah məsləhət bilib onu bu xarakterdə, üstəlik bu bəxtlə yaratmışdı, dəyişən deyildi..

***

Qadının fikri bayaqdan ərinin tapdığı dəri çantanın yanında idi. Qab-qacağı ortalıqdan yığışdırar- yığışdırmaz gətirib masanın üstünə qoydu:
-Sən Allah, bax görək nə var bunun içində? Əlinə götürdü, dəri evin istisində bir az yumşalmışdı, hələ indi fikir verdi ki, ağırdır. Əvvəl çöl ciblərini qurdaladı, boş idi. Ehtiyatla zamoku çəkdi, diksindi: -Bunun içində pul var!
Qadının içindən bir gizilti keçdi, gözləri parıldadı, ürəyi bərk-bərk döyünməyə başladı. Çantanı ərinin əlindən aldı, düz deyirdi, pulları dəstəsiylə çıxarıb masanın üstünə tökdü. Şaxlı əlliliklər, yüzlüklər xışıltıyla müşəmbə süfrənin üstünə yayıldı. Ömründə bu qədər pul görməmişdi. Çevrilib oğlunu qucaqladı:
-Allaha qurban olum! Bizim də üzümüzə gün doğdu! Görürsən nə qədərdir, hər şeyimizə bəsdir, hər şeyimizə!
Uşağı qucağına götürüb bir də bağrına basdı, yere qoyub bu dəfə qızı aldı qollarına, sevincindən havalanmış kimi kiçik otaqda fırlanmağa başladı:
-Gör nələr alacam sənə, gör nələr alacam! Ayaqqabı, palta, qırmızı palto alacam qızıma, kimdə görürəm ürəyim axır...
-Pulu qaytarmaq lazımdır!
Gülüşü üzündə dondu, qolları boşaldı, gözləri bir anda yaşla doldu, qarşısındaki hər şey bir-birinə qarışdı. Qizcığaz sürüşüb anasının qucağından düşdü. Qadın əlindən alınan gəlinciyini vermək istəməyən uşaq kimi ayaqlarını yerə döydü, özü də hiss etmədən səsini yüksəltdi:
- Rafiq, dəli olmusan Rafiq? Nə danışdığını bilmirsən heç? Allah üzümüzə baxıb, ehtiyacdan qurtarıb bizi, necə yəni qaytarmaq lazımdır?
Söylədiyi sözlər ona az göründü, masanın üstünə səpələnmiş əskinasları ovucladı:
-Rafiq, qurban olum Rafiq, aglını başına yığ!
İrilənmiş gözlərini qırpmadan əli necə qalxdı, qadının üzündə necə açıldı, heç özü də bilmədi:
-Özünə gəl Nisə, bu pul bizim deyil, qaytarmaq lazımdır!
Qadın ərinin qəfil hərəkətindən dondu, əlini sifətinə apardı, üzü təzə açılmış sillənin təsirindən od kimi yanırdı . Rafiqin gözləri bir anda qan çanağına dönmüşdü. Sərt bir hərəkətlə əlini atıb onun qolundan yapışdı:
-Qulaq as, bu özgənin puludur, haramdır, qaytarmaq lazımdır, eşidirsənmi? Özünə gəl...
Qadın anlayırdı ki, indi inciməyin, küsməyin yeri deyil, nəsə eləmək, nəsə söyləmək, ərini fikrindən daşındırmaq lazımdır:
-Rafiq, ağlını başına yığ, bu boyda pulu kim qaytarar?
Qısa kəsdi:
-Qaytaracam, mən başqası deyiləm!
Sakitcə pulu dəstələməyə başladı:
-Saymaq lazımdır, bilmək lazımdır nə qədərdir...
Kətilə çökdü, inana bilmirdi ki, əri şax-şax edə-edə sayıb dəstələdiyi bu qədər pulu kiməsə qaytaracaq. Amma Rafiqin üzünə baxmaq kifayət idi ki, bu qərarından dönməyəcəyini anlasın. Əskinaslar dəstələndikcə qadın sanki əriyib kiçilir, əlaqcsızlıqla gözünün yaşını silirdi.
Rafiq işini bitirib susdu, gözünü qadının başı üstündən uzaqlara zillədi:
-İyirmi min, düz iyirmi mindir-bir an susub nəzərlərini arvadına zillədi
- Xəlil kişiyə demək lazımdır, ondan xəbər ala bilərlər.
Qadın gözünün yaşını barmaqlarının ucuyla yanağının bir tərəfinə sıyırıb əlacsız dilləndi:
-Sabir dayı qalmaz indiyə, axşamdan dükanı uşağa tapşırıb gedir.
Əlliliklərin, yüzlüklərin sayını səliqəylə telefonuna qeyd etdi:
-Kimsə çıxsa soruşub dəqiqlışdirmək lazımdır.
Qadın son dəfə bəxtini yoxlamaq istədi:
-Rafiq qurban olum, yüzcə manat götür, uşağa velosiped alarsan, onsuz da adamın o boyda pulunu qaytarırsan.
Arvadının səsindəki yanğı, əlacsızlıq ürəyini sızlatdı, özünə çəkib sinəsinə sıxdı, kobud barmaqları qadının saçlarında gəzib üzundə dayandı, kipriklərinin dibində muncuqlanmış göz yaşını sildi:
-Belə eləmə, sən ki, məni tanıyırsan? Velosipedi özüm alaram...

***

İlk dəfəydi səhər küsülülər kimi oyandılar, qadın qaş-qabağını tökməkdən başqa üsyan yolu görmürdü, Rafiq içi-içini yesə də qərarında qəti idi. Bir stəkan çayını da tələsik içdi, evdən çıxhaçıxda bərk-bərk tapşırdı:
-Bu gün evdən çıxma, uşaqları da küçəyə buraxma, qonşunun uşaq-muşağı gələr arxalarıyca, camaatın pulu gedər, xəcalətli olarıq...
Qadın istədi desin ki, nə fərqi var, özgənin puludur, özgəyə gedəcək, özünü saxlayıb dillənmədi.
Tindəki dükan təzə açılmışdı, Xəlil kişi içəridə yır-yığış edən satıcıya göz qoya-qoya səhər çayını içirdi, Rafiqi görüb ayağa qalxdı, əl tutuşdu, yer göstərdi:
-Otur bir çay iç.
Plastik kətili çəkib oturdu, dükanın o başına çay dalıyca gedən satıcının dalıyca nəzər salıb Sabir kişiyə tərəf əyildi:
-Bir iş gəlib başıma, ümüdüm sənədir.
Sabir kişi oynaq gözlərini Rafiqə zillədi:
-Ehtiyacın var?
Bu sualı gözləmirdi, bir-iki dəfə işsiz qalıb ehtiyacı olanda dükandan nisyə alver eləmiş, hələ üstəlik borca pul da almışdı Xəlil kişidən. Bilirdi ki, nisyə dəftərində yenə də adı var, qabağında bir xeyli borcu da olmalıdır. Qızardı, amma tez özünü toparladı:
- Axşam pul tapmışam. Sən həmişə buralardasan, soruşan soraqlayan olsa bil ki, məndədir.
Xəlil kişi dünya görmüş adam idi:
-Kimdir pulu sənin tapdığını bilən, xərclə getsin.
Rafiq başını yellədi:
-Qaytarmaq fikrim olmasaydı heç yanına gəlməzdim ki. Hələ dünən tapmışam, bəlkə də sahibi bu gün çıxdı, bil ki, məndədir...
Xəlil kişi onu ürəkləndirmək istədi:
-Qardaşoğlu, Allah yetirib, onun da haqqi-ədaləti var, görür, ehtiyacın var, xərclə getsin, mənə də heç deməmisən, uzaq başı bir qonaqlıq alaram səndən, unudarıq gedər.
Ayağa qalxdı:
-Sahibi tapılsın, qonaqlığını ondan alarsan...
Xəlil kişi başını buladı:
-Belə yerdə deyiblər də... Yaxşı, de görüm nə qədərdir?
-Yox, incimə onu deyəmməyəcəm, kim itiribsə hər halda qədərini də bilmiş olacaq.
Dükandan çıxhaçıxda dönüb bir də Sabir kişiyə səsləndi:
-Sahibi tapılan kimi mənə zəng elə, evə göndərmə.

***

 Axşamacan qulağı telefonda qaldı. Bir xəbər yoxdu. Günortadan sonra dözmədi, özü ağsaqqala zəng elədi, gələn-soraqlayan olmamışdı. Axşamın qaranlığında ayaqlarını sütüyə-sürüyə marketə dəydi, içəridə satıcısına kömək edən qoca ona uzaqdan-uzağa başını yellədi, bir xəbər çıxmamışdı.
Arvadının onu həmişəki kimi qarşılamamasından anladı ki, qadın onu bağışlamayıb. Elə özü də evə özgə adam kimi girdi, sanki pul evin havasını dəyişmişdi. Süfrəyə otursa da yeyə bilmədi, boğazı tıxanmışdı. Üstəlik arvadının axşamkı dəli sevincini, uşaqların qorxaq baxışlarını düşündükcə ürpənirdi.

***

 ... Günlər keçi, çantanın sahibindən xəbər çıxmırdı. Arvad-kişi bu haqda heç danışmır, özlərini heç nə olmamış kimi aparırdılar. Nigarançılıq Rafiqi didib -dağıdırdı. İndi üstəlik hamıdan ehtiyatlanmağa başlamışdı. Qorxurdu ki, Xəlil kişi özünü saxlayammaz, hardasa pul barədə danışar, kimsə hiylə işlədər, pulu götürər. Arvad-uşaq evdən çıxmaz olmuşdular, heç çörək almağa da getmirdilər.
Belə çox çəkəmməzi, bir səhər arvadı doldu, dilə gəldi:
-Rafiq, hamımızı dustaq eləmisən, nə yediyimiz bilinir, nə yatıb oyanmağımız, günümüz zəhər olub, bir yolunu tap, o pulu rədd elə evdən..
Qadın haqlı idi. Amma düşünüb bir tərəfə çıxarammırdı, bu qədər pulu neyləyəıcəkdi? Özüylə Qul bazarına aparıb gətirməyəcəkdi ki? “Bəlkə banka verim?”-düşündü. Ağlına batdı, bu daha yaxşı qərar idi, sahibi nə zaman çıxarsa asanlıqla qaytaradı.
Xəlil kişi daha öyüd-nəsihət vermədi, amma zarafatından qalmadı:
-Düz edirsən, qoy banka , onsuz da sahibi ilim-ilim itib, elə onun faizi sənə bəsdir, aydan-aya alıb xərclərsən, bu da sənə halalıq...

***

Səhər telefonun səsinə oyandı, əvvəl elə bildi xəbərdarlıq zəngidir, əlini uzadıb söndürdü , amma zəng təkrar olundu. Yuxulu gözlərini nömrəyə zillədi, Xəlil kişi idi, yerindən dik atıldı, ürəyi guppuldamağa başladı. Səhərin bu vaxtında onu ancaq bir şeyə gorə axtara bilərdi.
Tələsik geyinməyə başladı, hiss elədi ki, əlləri əsir:
-Allaha min şükür, axır ki, tapıldılar...
Arvadi yerindən qalxa-qalxa donquldandı:
-Canımız qurtarsaydı bir bu zibildən...
Xəlil kişi onu gözlədiyi xəbərlə, bir az da hay-küylə qarşıladı:
-Vallah kişi adamsan sən! Gözün aydın, pulunun yiyəsi tapılıb-bu “pulunun” kəlməsini xüsusi vurğuyla dedi həm də-Dünən axşam gəlib soraqlayıblar, gecə evə zəng eləmişdilər, biləndə pul bizdədir-bu “bizdədir” sözünü də xüsusi vurğuladı, yani “məni unutma haaa...”- yaman təəccübləndilər. Nömrə qoydular, dedilər zəng eləsin...
Rafiqin həyəcanı keçməmişdi:
-Sevindilərmi, dedilərmi nə zaman gəlib aparacaqlar?
-Qardaşoğlu, kim sevinməz? Zəng edəcəksən, özləri deyəcəklər yəqin qalanını...
Bic-bic gülümsədi:
-Pul da deyəsən bir xeyli var, elə görünürdü...
Rafiq özünü qanmazlığa qoydu:
-Var bir az, elə də çox deyil, amma nə fərqi var ki?
Xəlil kişi nömrə yazılmış kağız parçasını ona uzatdı:
-Di çıxart zəng elə, ürəyimiz üzüldü
Nömrəni yığdı, iki dəfə çağırmamış kiminsə yuxulu səsi cavab verdi:
-Alo, eşidirəm...
Rafiqin səsi əsirdi:
-Mən pula görə zəng eləmişəm.. Səs bir az susdu, sanki söhbətin nədən getdiyini xatırlamağa çalışırdı. Rafiq ona kömək eləmək istədi:
-Pulunuzu tapmışdım.
Adam birdən ayıldı, səsi gümrahlaşdı:
-Hə! Allah razı olsun səndən. Amma bir xahişim var, xəstə adamam, gələ bilməyəcəm, adam gondəRsəm özün gətirərsənmi, səni də tanımış olaram. Mümkündürmü?
Rafiqin həyəcanı keçmişdi, səbrlə cavab verdi:
-Amma belə olmaz, deməlisiniz pul nə qədərdir, necə pullardır?
O başdaki səsin sahibi şaqqanaq çəkib güldü, gülüşünün səsi Rafiqin beyninin içindən keçdi, heç xəstə adamın gülüşünə oxşamırdı, ciddiləşdi:
-Deməsəniz verəmmərəm, bəlkə heç pulun sahibi sən deyilsən?
Gülüşünü yığışdürdı o başdakı adam.
Ötkəm bir səslə pulun qədərini, sayını bitdə - bitdə Rafiqin qulağına oxudu:
-Düzdür?
-Düzdür...
-Nə götürüb xərcləmisən, halal xoşun olsun.
Yadına arvadının üzündə açılan sillə düşdü:
-Heç bir manatına da dəyməmişəm, necə var, durur, qaytaranda sayarsan..
Telefondakı adam Rafiqin bozarmağını hiss elədi:
-Bağışla sən Allah, indi belə adam hardadır? Sağ ol. Maşın göndərəcəm axşam üstü, gələrsən, qaytararsan, hörmətini edəcəm...
Rafiq telefonu qulagından ayırıb cibinə qoydu. Pərt olmuşdu, pul sahibinin danışığı xoşuna gəlməmişdi. Sabir kişi qırımından anladı:
-Dünya belədir də, bəs mən nə deyirdim?
Pərtliyini gizlətməyə çalışdı:
-Mənə nə adamın necə olmağından, qaytarım getsin, canım qurtarsın...
-Amma yenə özləri gəlib götürsələr yaxşıydı, sən niyə gedəsən, sonra başına...
- Adam xəstədir. Həm də nə olacaq, tutub döyməyəcəklər ki, o boyda pul qaytaran adamı..
Sabir kişi sözünü ağzından aldı:
-Sən Allah nə qədər pul tapmışdın?
Sahibi tapılmışdı, daha niyə gizlədəcəkdi ki:
-İyirmi min Xəlil kişi bu qədərini gözləmirdi:
-Vay ana! İndi sən bu boyda pulu qaytaracaqsan?
Kişinin üzünə bir qəribə baxdı.
Daha bu sualın yeri deyildi...
Marketdən çıxıb evə qayıtdı, çay dəmlətdi arvadına, oturub iştahla yeməyini yedi, durub yataq otağına keçdi:
- Bu gün işə getməyəcəm, gələrlər evdə olmaram, bir də məni gözləməsinlər...

**

Axşamüstü, elə şərtləşdikləri vaxtda qapı döyüldü. Qadın ərinin üzünə baxdı. Rafiq bu baxışlardan qorxdu, qəribə bir peşmançılıq, qəribə bir qəzəb vardı baxışlarında. Gözünü yayındırdı, bilirdi ki, bir də bu evdə o qədər pul olmayacaq, bir də o qədər pul görməyəcəklər, bir də heç belə itik tapan da deyillər deyillər. Bilirdi ki, arvadı bunu bağışlamayacaq içində, amma ömrü boyu üzünə də gəlməyəcək. Bilirdi ki, hər dəfə qapını ehtiyac döyəndə hər ikisi, hələ bəlkə uşaqlar da bu günü xatırlayacaqlar.. İçindən bir gizilti keçdi, düz hərəkət etdiyinə əmin idi, amma yenə də nəsə qırılmışdı içində. İndi anladı ki, əslində bu günlər uzunu özü də pulun sahibinin tapılmamasını arzulayırmış...
Qapı bir də, bu dəfə daha bərk döyüldü . Rafiq əliylə uşaqlara işarə elədi, “götür uşaqları keç içəri”. Qadın səssizcə yataq otağına girib uşaqları da çağırdı, qapını örtdü. Nə qədər asta örtülsə də Rafiqə elə gəldi ki, arvadı o qapını ərinin üzünə çırpdı...
Astanada iki yekəpər, geyimli-keçimli gənc dayanmışdı. Onlardan biri gorünüşünə yaraşmayan asta nəzakətlə dilləndi:
-Rafiq müəllim sizsiniz?
Rafiq qımışdı:
-Rafiq mənəm, amma müəllimsiz..
-Bizi Akif müəllim göndərdi, sizinlə danışıb, pul üçün...
Rafiq pulun dalısıyca gələn adamların görünüşündən şübhəyə düşdü:
-Akif müəllimə zəng edin, özü desin.
Gənc yenə nəzakətlə gülümsədi, nömrəni yığdı, o tərəfdən səs çıxar-çıxmaz özünü yığışdırdı:
-Akif müəllim, Rafiq müəllim əmin olmaq istəyir ki, bu sizsiniz.
Yenə səhərki gülüşün səsi gəlib Rafiqin qulaqlarına doldu, əti çiyrəndi, artıq bu gülüşün sahibinə nifrət etməyə başlamışdı. Gənc telefonu Rafiqə uzatdı, həmin adam idi:
-Narahat olmayın, bizim uşaqlardır, götürün gəlin.
Rafiq birdəncə düşündü ki, heç getməsin, görməsin, tanımasın bu adamı, pulu eləcə göndərdiyi adamlara versin. Amma tez də fikrindən daşındı, maraq ona güc gəldi.
Masanın üstündən pul çantasını götürdü, gödəkcəsini əlinə aldı. Küçəyə çıxan kimi qarşısında duran maşının qapısı açıldı. Gənclərdən biri eyni nəzakətlə qapını saxlayıb əyləşməyini gözlədi. Rafiq unqundu, təkcə elə bu maşının yarım milyon qiyməti olardı. İçində bir şey qırıldı düşdü, bir anda oğluna hələ də velosiped ala bilmədiyini, uşaq böyüdükcə yaşına uyğun velosipedin də qiymətinin artacağını düşündü.

***

Adamın evi xeyli uzaqdaymış. Şəhər kənarında yenicə peyda olmuş villaların arasıyla bir xeyli getdilər. Rafiq artıq bilirdi ki, hər kimdirsə çox varlı adama ilişib. Ürəyindəki səksəkəni sakitləşdirirdi. Belələrini az görməmiş, qapılarında az şləməmişdi, insaflısı da vardı, qəddarı da, adama nə istəsəydilər edərdilər. Amma o nə etmişdi ki? Tapdığı pulu qaytarırdı . Amma niyə bu adamın qapısına gedirdi? Niyə onu bura çağırmışdılar? Bəlkə minnətdarlıq, bəlkə bir-iki manat sədəqə üçün? Yox, o heç bir qəpik də götürən deyil.. Bəlkə götürsün? Velosiped alar oğluna, bu lənətə gəlmiş velosiped gözünün qabağından çəkilmirdi. Ya da heç lazım deyil, özü işləyib alar..
Bəlkə ona tamaşa edəcəklər, “görün indiki zamanada necə axmaqlar var” deyib güləcəklər... Bəli, məhz axmaq, bilirdi ki, yarım milyonluq maşının sahibi ona başqa ad qoymayacaq, daha durub deməyəcək ki, ə, nə halal adamsan sən!
Maşın dəbdəbəli bir darvazanın qarşısında dayandı. Sürücü harasa nəsə dedi, darvaza tayı avtomatik açıldı. Həyət göründü, maşın içəri girdi. Həyətdə gül-çiçək, yaşıllıq boy-boy uzanırdi, bağçada rəngbərəng çiçəklərin sanki nə payızdan, nə soyuqdan xəbəri var idi. “Pul belə şeydir, qışı da geri göndərir ”- düşündü Rafiq. Maşın dayandı, sürücü düşüb qapını açdı onun üçün. Sonra arxasıyca gəlməsi üçün işarə elədi, həyətin o başındakı nəhəng villaya sarı getdilər. Giriş otağının qapıları öz-özünə açıldı. Rafiq belə evlərdə çox işləmişdi, amma hazırını, yaşananını görməmişdi. Utanırdı, başını aşağı salmışdı, bayaqkı qururundan əsər-əlamət qalmamışdı, gözü ayaqqabılarına sataşdı, çox köhnəlmiş, bozarmış ayaqqabılar yaraşıqlı döşəmənin üstündə çox miskin görünürdü. Gəldiyinə ikinci dəfə peşman oldu.
Böyük holla ayağını atar-atmaz çox tanış, illərin o üzündə ilişib qalan tanış səs qulaqlarını dəlib keçdi:
-Ay kişi, ay halal kişi, gəl çıx da!
Səsin sahibi qarşısında, bir basımda onu qucaqlayıb bağrına basdı:
-Heç dəyişməmisən deyirəm, balam, hamı dəyişdi ayrı adam oldu, sən elə busan ki, bu da!
Tanıdı. Kənddə qonşuluqda böyümüşdülər, bir sinifdə oxumuşdular, hələ müharibənin qızğın zamanında bir-birinə qoşulub cəbhəyə də getmişdilər. Osman idi, uşaqlıq dostu.. Sonra Osmanın ana-atası nə yollasa gəlib çıxarıb apardılar oğullarını müharibədən, o isə atəşkəsə kimi döyüşmüşdü, elə atəşkəsə bircə həftə qalmış yaralanmış, aylarla qospitallarda sürünmüşdü, qayıdıb kəndə gələndə Osmangil yox idilər, evli-eşikli köçüb getmişdilər kənddən, əlaqələri kəsilmişdi.
Neçə illik dostunu görəndə sevindi, ürəkləndi, təəccüblənmək isə ağlına da gəlmədi. Osman bir az kobudluqla, bir az ərklə qolundan yapışıb divana dartdı onu:
-Gəl, gəl əyləş, necədir, xoşuna gəlir?
Oturdular, Rafiq gördü ki, tək deyillərmiş, dairəvi divanın bir tərəfində onlarla yaş üçüncü bir kişi oturub, sual dolu acıqlı nəzərlərini Osmana zilləyib. Rafiqin salamına əhəmiyyət də vermədi. Osman əlini həmin adama uzatdı:
-Bax Rafiq, bu da həmin adam, pulun sahibi.. Adam boş və soyuq nəzərlərlə Rafiqi başdan-ayağa süzdü:
-Gətirdin pulu?
Bu adamın səsinin tonu uşaqlıq dostunun sevinci ilə heç uyuşmurdu. Dişini dişinə sıxdı, əlindəki çantanı divanın qarşısındakı kiçik jurnal masasının üstünə qoydu, içindəkiləri boşaltdı, şax pullar hamar şüşənin üstünə Rafiqin süfrəsinin üstünə tökülərkən çıxartdığı səsdən fərqli səslə yayıldı...
-Saya bilərsiniz, hamısı buradadır.
Adam üzünü yana çevirdi:
-Gərək deyil, düz olar...
Osman Rafiqin pərtliyini sezdi, yanında əyləşib əlini çiyninə qoydu:
-Sən ona bənd olma, uduzub, mən indi özüm sayaram.
Sonra yenidən kişiyə sarı çevrildi:
-Unutma, şərtimiz belə idi, manatbamanat düz olmalıdır... Rafiq bir şey anlamırdı, qulaqlarında qıribə bir küyültü gəlib-gedirdi. Osman səbrlə pulları sayıb dəstələməyə başladı. Sonuncu əskinası pul topasının üstünə qoyar-qoymaz adama baxıb göz vurdu:
-Düpbədüz! Nə demişdim sənə? Davay, səni də gorək..
Adam boz nəzərlərini bir anlıq Rafiqin üzündə saxladı, baxışları ilan kimi adamın gözünün içinı çalırdı. Osman susmaq bilmirdi:
-Akif müəllim, şərtimiz belə idi, mən dedim axı sizə?!
Rafiq indi pulların sahibinin qarşısındakı adam olduğunu anlamışdı. Amma elə onunla telefonda danışan adam Osman imiş, çünki bu Akif müəllim nəinki gülən, hec sifətinin daş ifadəsini dəyişməyi bacaran adama oxşamırdı.
Akif müəllim əlini pencəyinin qoltuq cibinə apardı, oradan balaca, uzunsov kitabça çıxardı, bir vərəq ayırıb nəsə yazdı, cırıb Osmana uzatdı. Osman vərəqi alıb baxdı, qəribə bir uşaq şıltaqlığıyla öpüb gözünün üstünə qoydu, qarşısındakına acıq verirmişcəsinə:
-Allah bərəkət versin-dedi.
Rafiqin qulaqlarındakı küy get-gedə güclənir, ürəyinin döyüntüsü get-gedə çoxalırdı. Nəsə olurdu bu an, nəsə onunla əlaqəli bir şey, amma o heç nə anlamırdı.
Osman qalxıb bara getdi, qədəhlərə qırmızı şərab süzdü. Birini Akif müəllimə, birini Rafiqə uzatdı. Bir yandan da üyüdüb tökürdü:
-Qardaşağa, oturmuşduq bu müəllimlə, sohbət dolandı gəldi halallığa. Akif müəllim dedi ki, indi halal adam yoxdur, mən dedim var, o dedi yoxdur, mən dedim var! Atamın qəbri haqqi, sənə arxayın olub deyirdim. Sona söhbət böyüdü, gördüm inandıra bilməyəcəm, səni axtarmağa başladım, kəndə soraşıq elədim, dedilər şəhərdəsən, xülasə tapdırdım səni, indi adam tapmağa nə var? Və buyurun Akif müəllim-bunu deyə-deyə ona sarı döndü- halal adam qarşınızdadır!
Rafiq bir an rahatlıq tapdı sanki. Uşaqlıq dostu onunla fəxr edirdi, bu sınaqdan üzü ağ çıxmışdı...
Osman masanın üstündəki pulları yenidən çantaya doldurdu, Rafiqin qarşısına qoydu:
-Bunlar da sənindir qardaş, halal-halal xoşun olsun!
Rafiq qətiyyətlə çantanı dala itələdi:
-Mən qaytarmağa gətirmişəm, saxlayasıydım daha niyə qaytarırdım ki?
Osman şaqqanaq çəkdi:
-A kişi götür pulunu, Akif müəllimə bir şey olmaz, şərtimiz belə olub ki, mən udsam o pul sənə çatacaq. Sən bu kişinin pətliyinə bənd olma, o uduzduğu yüz minin dərdindədir-belə dedi və kişinin nəsə yazıb ona verdiyi kağızı Rafiqin qarşısında tutdu:
-Bax, burada yazılıb-yuz min! Bank çekidir. Yuz mindən mərc gəlmişdik. Əgər sən bu pulu qaytarmasaydın indi mən uduzmuşdum, o da sevinirdi.
Əlindəki şərabdan bir qurtum aldı:
-Amma mən bilirəm nədən mərc gələrlər, Akif müəllim!
Rafiq ayağa durdu, ürəyi elə gupbuldayırdı ki, səsini eşidirdi. Səndələdi. Osman onunla bir qalxdı:
-Gedirsən? Yaxşı, uşaqlara deyim səni aparsınlar.
Çantanı əlinə aldı, Rafiqə uzatdı. Özünü sonacan tox tutmağa, içindən keçənləri biruzə verməməyə çalışırdı. Çantanı alıb ikrahla jurnal masasının üstünə qoydu. Astadan pıçıldadı:
-Cəhənnəm olun! Cəhənnəm olun!
Gözü masanın üstünə qoyulmuş meyvə vazındakı bıçağa sataşdı. Nə Osman, nə də Akif müəllim bunu gözləmirdilər, dostu onun qolundan sıxıb bayaqkı sevincinə yad ifadəylə gözünü-gözünə zillədi, Rafiq dəhşətə gəldi, özgə, düşmən baxışlar idi:
-Ağıllı ol! Tanrına təpik atma!
Hiss elədi ki, bir dəqiqə keçsə dəli ola, ürəyi partlaya bilər bu evdə. Heç zaman ölümə bu qədər yaxın olmamışdı. Kirayə mənzilin nəm divarlarını, kənddəki alayarımçıq evini, uşaqlarını, arvadını düşündü..
Qolunu Osmanın məngənə barmaqlarından çıxardı. Qapıya yönəldi, həyətdə onu gözləyən sürücüyə gəlməməsi üçün işarə verib çıxışa sarı yönəldi. Avtomatik qapılar qarşısında açılıb arxasıyca bağlandı...
...Ətrafdakı nəhəng villaların kölgəsi axşamın alaqaranlığına qarışmışdı, İki küçə gedəndən sonra ayaqları əsdi, taqətsiz bir halda hündür hasarın dibində yerə çökdü, için-için, uşaq kimi ağlamağa başladı...

Avanqrad.net

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.