Rolan Bart - Müəllifin ölümü
11.02.14

Cavanşir Yusiflinin tərcüməsində

Balzak «Sarrazin» novellasında qadın paltarı geyinmiş xədim kişi haqqında danışarkən belə bir cümlə işlədir: «O elə əsl qadın idi, qəfildən baş qaldıran qorxu hissi, anlaşılmaz şıltaqlıqları, instinktiv həyəcanları, səbəbsiz qabalığı, hərisliyi və bir də füsunkar, incə hissləri ilə birgə…» Bu sözləri deyən kimdi belə? Bəlkə qadın libası altında xədimi sezməməyə çalışan novella qəhrəmanı? Ya bəlkə öz şəxsi təcrübəsindən qadın haqqında fikir yürüdən Balzak – fərd? Yaxud qadın naturası barədə hökm sürən ədəbi təsəvvürləri izləyən yazıçı Balzak? Bəlkə ümumbəşəri hikmətdi bu? Kim bilir?! Romantik psixoloji ovqatın təzahürüdürmü bu? Nədirsə, biz onu heç vədə bilə bilməyəcəyik, belə bir səbəbdən ki, məhz adına yazı dediyimizdə səs, mənbə, məxəz barədə hər cür anlayış, sadəcə gömülür! Yazı – qeyri-müəyyənliyin, qeyri-yekcinsliyin, ikimənalılığın elə bir məkanıdır ki, burada bizim subyektivliyimizin izləri yox olur. Bu, elə bir ağ-qara labirintidir ki, hər cür özünəbənzərlik və ilk növbədə yazan adamın cismani nişanəsi itib gedir.
Görünür, bu elə həmişə belə olub: əgər əhvalat elə əhvalat xatirinə nağıl edilirsə, bu prosesdə gerçəkliyə birbaşa təsir və müdaxilədən, yəni son nəticədə simvolik fəaliyyətdən özgə hər hansı funksiyadan söz getmirsə, – səs öz mənbəyindən qopub ayrılır, müəllifin «hücrəsinə» ölüm təşrif gətirir və yazı da elə bu məqamdan başlanır. Ancaq müxtəlif dönəmlərdə bu hadisə fərqli şəkildə qavranılıb. Belə ki, ibtidai cəmiyyətlərdə nağılçılıqda sadə bir adam yox, xüsusi mediator-şaman, yaxud nağılçı məşğul olurdu; nə deyirsiniz deyin, onun təhkiyə kodları ilə rəftarından («performasiya») lap şövqə də gəlmək mümkündür, amma heç vəchlə «düha»sından yox… Müəllif fiquru, əslində yeni dövrə məxsusdur; belə çıxır ki, bu anlayışı insan cəmiyyəti özü üçün elə bir məqamda aşkarlayıb ki, (şübhəsiz, ingilis empirizmi, fransız rasionalizmi və reformasiyanın təsbit etdiyi şəxsi etiqad sayəsində), bu dövrdə – orta əsrlərin sona yetdiyi zamanda fərdi ləyaqət güclənməyə başlayıb. Fikrimizin məntiqi axarı ona dirənir ki, ədəbiyyat aləmində «müəllif şəxsiyyəti» kapitalizmin ideologiyasını yekunlaşdıran pozitivizmdə daha geniş qabarıqlaşıb. Günü bu gün də MÜƏLLİF ədəbiyyat tarixi dərsliklərində, yazıçıların bioqrafiyasında, jurnal müsahibələrində və şəxsiyyəti ilə yaradıcılığını bir intim gündəlik formasında birləşdirməyə cəhddə bulunan ədiblərin təfəkküründə hökmranlıq edir. Bizim mədəniyyətdə mövcud ədəbiyyat obrazının keçilməz hüdudlarında müəllif şəriksiz hakimlik edir – şəxsiyyəti, həyat tarixçəsi, zövqü, ehtirasları ilə; tənqid üçün günü bu gün də Bodlerin bütün yaradıcılığı onun, necə deyərlər, həyatının alınmamasındadır; Van Qoqun bütün yaradıcılığı onun ürək xəstəliyində, Çaykovskinin bütün sənəti onun məlum qüsurundadır; yaradılan əsərin şərhi və izahı əvvəl-axır gəlib müəllif üzərinə dirənir, elə bil ki, hər dəfə, hər bir əsərdə az və ya çox dərəcədə şəffaf alleqorik məna qatını keçib eyni bir şəxsin – müəllifin səsinə uğraşırıq.

***

Müəllifin hakimiyyəti hələ çox güclü isə də (yeni tənqid onun mövqeyini bir qədər də möhkəmləndirdi), şübhəsiz ki, artıq bəzi yazıçılar onu çoxdan yerindən laxlada bilmişlər. Fransada bu işi ilkin olaraq, heç şübhəsiz, Malarme görmüşdü, o, qəlbinin, ruhunun hər zərrəsiylə əvvəlcədən görürdü ki, dilin özünü onun sahibinin yerinə qoymaq lazımdır. Malarme güman edir ki, – bu həm də elə bizim hazırkı təsəvvürlərimizlə üst-üstə düşür, – danışan müəllif yox, dilin özüdür; yazı əzəldən simasızlaşdırılmış bir fəaliyyətdir (bu şəxssizləşdirməni heç bir halda yazıçı realistin «axtalanmış» obyektivliyi ilə qarışdırmamalı), elə bir fəaliyyət ki, «mən»in yox, dilin özünün fəaliyyətinə şərait yaradır; bütün Malarme poetikasının məğzi elə müəllifi uzaqlaşdırmağında, onu yazı ilə əvəz etməsindədir, – bu isə, bizim görəcəyimiz kimi, ona oxucu statusu hüququ qazandırmaqdır. Psixoloji «mən» nəzəriyyəsi ilə əl-ayağı bağlanmış Valeri Malarmenin ideyalarını xeyli yumşaltmışdı; ancaq özünün klassik zövqünə arxalanaraq o, ritorika təcrübəsinə üz tutdu; elə bu səbəbdən dönmədən Müəllifi şübhəyə və məsxərəyə məruz qoyur, onun fəaliyyətinin dil aspektini və «gözlənilməz» xarakterini qabardır, həm də özünün bütün nəsr əsərlərində etiraf etməyi tələb edirdi ki, ədəbiyyatın mahiyyəti – sözdədir, yazıçının qəlb dünyasına hər növ isnadlar isə – mövhumatdan özgə bir şey deyildir. Hətta məşhur psixologizmi ilə tanınan qəlb ustası Prust da – sadəcə təfərrüat xırdalamırdı, təfərrüatın dərinliklərinə getməklə yazıçı ilə onun personajlarının münasibətlərini mürəkkəbləşdirir – açıq-aşkar qarşısında duran vəzifəni bunda görürdü… Prust təhkiyəçi qismində nə isə görən, əzab çəkən adamı yox, hətta yazan adamı da seçmirdi, elə birisini seçirdi ki, o, hələ yazmaq haqqında düşünür (onun romanındakı cavan oğlan, – yeri gəlmişkən, onun neçə yaşı var, kimdir, nə işlə məşğuldur – yazmaq istəyir, ancaq başlaya bilmir və roman da o zaman bitir ki, nəhayət, yazı alınır, ilk cümləsi yazılır), bu yolla Prust müasir yazı epopeyası yaratdı. Bu sahədə o, köklü çevrilişə nail oldu; romanda öz həyatını təsvir etmək yerinə, – axı çox zaman malı mala qatıb elə belə də deyirlər, – o, öz kitabının nümunəsində elə öz həyatını, ömrünü ədəbi əsərə döndərə bilmişdi və bizə aydın olur: Şarl ki Monteskyedən köçürülməmişdir, əksinə, məhz Monteskyə özünün gerçək-tarixi hərəkət və əlamətləriylə olsa-olsa Şarldangəlməmüəyyən fraqmenti, yaxud «qırıntı»nı təmsil edir. Bu sırada sonuncusu Sürrealizmdir, o, şübhəsiz ki, dilin suveren hüquqlarını qəbul etmək iqtidarında deyildi; dil sistem olduğu üçün və romantizm ruhunda bu hərəkətin məqsədi hər cür kodun darmadağın edilməsi olduğu üçün (bu illüzor məqsəddir, çünki kodu ümumən dağıtmaq mümkünsüzdür, onu yalnız «azdırmaq» olar) Sürrealizm buna gedə bilməzdi; ancaq Sürrealizm daim mənanın kəskinliklə və bilərəkdən pozulmasına çağırırdı (bədnam «məna qamarlama» hadisəsi), o, tələb edirdi ki, başın hələ ağlına gəlməyənləri belə əl mümkün qədər tez qeydə alsın (avtomatik yazı). Sürrealizm qrupla (birgə) yazını prinsipcə qəbul edib, real olaraq praktikadan keçirdiyinə və bütün bunlara görə Müəllifin müqəddəslik taxtından düşürülməsi işinə (desakralizasiya) böyük töhfə verdi. Nəhayət, ədəbiyyatın çərçivələrindən kənarda (yeri gəlmişkən, indi belə bir həddqoyma özünü tükətmişdir) Müəllif fiqurunun analizi və dağıdılması üçün ən dəyərli silahı müasir linqvistika verdi, belə bir sadə həqiqəti pıçıldadı ki, öz-özlüyündə söyləm – boşuna bir prosesdir, öz-özünə də başa çatır, belə ki, onu danışanların şəxsiyyəti ilə doldurmağa lüzum yoxdur. Linqvistika nöqteyi-nəzərindən müəllif yalnız və yalnız yazan adamdır, necə ki, «mən» də elə danışanda «mən» deyəndir; dil «şəxsiyyəti» yox, «subyekt»i tanıyır və yalnız nitq aktının daxilində müəyyənləşən, ordan kənarda heç bir mündəricəsi olmayan bu subyekt bütünlükdə dili özünə «yığıb», onun imkanlarını tamamən tükətməyə də bəs eləyir.

***

Müəllifin kənarlaşdırılması (Brextin dalınca burada əsl «özgələşmədən» söz açmaq mümkündür – ədəbi «səhnənin» ən dərin bir guşəsində balaca bir fiqur kimi müəllifin boyu getdikcə kiçilir) – təkcə tarixi fakt, yaxud yazının effekti deyildir: bütün müasir mətn özülünə, kökünə qədər dəyişir və belə deyək, bu dəfə o, elə şəkildə yaradılır və oxunur ki, müəllif bütün səviyyələrdə kənarlaşdırılmış olur. Hər şeydən öncə zaman perspektivi başqa şəklə düşür. Hələ də müəllifə inananlar üçün o hər an keçmiş zamanda, onun kitabına nəzərən düşünülür; müəllif də, kitab da öz-özlüyündə «qədər»lə «sonra» arasında istiqamətləndirilmiş ümumi oxa «keçirilmişdir», belə hesab edilir ki, müəllif kitabı beynində, fikrində bəsləyir, ondan əvvəl mövcud olduğu üçün əzab çəkir, onun üçün yaşayır, bu elə atanın oğuldan öncə gəlməsi kimidir. Müasir skriptora gəldikdə, o, mətnlə eyni zamanda meydana çıxır, yazıya qədər və yazı xaricində heç bir mövcudluq əlamətinə malik deyildir; bu qətiyyən o subyekt də deyil ki, ona nəzərən müəllifin kitabı predikat olsun; ortada yalnız bircə zaman qalır – nitq aktı zamanı, hər hansı mətn də daim «indi» və «buradaca» yazılmış olur. Bunun nəticəsi (və ya səbəbi) kimi «yazmaq» felinin mənası indən belə nəyisə qeydə almaq; təsvir etmək, klassiklərin buyurduqları kimi «rəsm etmək» deyə nəzərdə tutulmamalı, Oksford məktəbindən olan filosofların ardınca linqvistlərin «performativ» adlandırdıqlarında mövcud olmalıdır – belə bir nadir fel forması var, yalnız və yalnız indiki zamanı göstərir və bu halda ifadə aktı özündə bu aktdan qeyri başqa məzmunu (başqa deyimi) ehtiva etmir: məsələn, hökmdarın dilindən deyilən: «Fərman oldu ki…» yaxud qədim şairin dilində: «Ozan söyləmiş»… (müqayisə et: «aşıq deyər» – tərc.). Deməli müəlliflə üzülüşən müasir skriptor öz sələfinin patetik baxışlarına uyğun, zənn edə bilməz daha, bəs əl fikrin, yaxud duyğuların ardınca çatdıra bilmir, əgər bu, doğrudan da belədirsə, o, qədərlə razılaşıb özü bu məqamı nəzərə çarpdırmağa və daim əsərinin formasını cilalamağa borclu olardı; əksinə, səslə hər cür əlaqəni kəsən əl tam cizgi jesti (ifadə jesti yox!) icra edir və başlanğıcı, çıxış nöqtəsi olmayan hər hansı işarəvi sahə cızır; hər halda bu sahə yalnız dilin özündən nəşət edir, yaranır, o isə usanmadan başlanğıc nöqtə haqqındakı hər dürlü təsəvvürü şübhə altına alır.

***

İndi biz bilirik ki, mətn vahid, teoloji məna ifadə edən (müəllif – Allahın «iradəsi») xətti söz sırası deyildir, əksinə, elə bir çoxölçülü məkandır ki, orada yazının müxtəlif növləri bir araya gəlir, bəhsə girir və onlardan heç biri başlanğıc, ilkin hesab edilmir; mətn minlərlə mədəniyyət mənbələrini nişan verən sitatlardan hörülür. Yazıçı əldə qələm dayanmadan yazan Buvar və Peküşeyə bənzəyir, eyni zamanda həm böyük, həm də gülünc olan bu fərdlərin dərin komizmi özündə məhz yazı həqiqətini hifz edir; o, yalnız əvvəl yazılan bir şeyi təqlid edə bilər, onun qələmə aldığı heç vədə ilkin ola bilməz; onun hakimiyyəti müxtəlif yazı növlərini bir-birinə qarışdırmaq; – onun ixtiyarında olan budur – onları baş-başa gətirib toqquşdurur və heç zaman onlardan birinə bütünlüklə əsaslanmır; özünü ifadə məqamına yetişərsə də, ona bilmək gərəkdir ki, «vermək» istədiyi daxili «mahiyyət» – içindəki sözlərin ancaq digər sözlərin köməyi ilə izah olunduğu hazır sözlükdən başqa bir şey deyildir və bu – sonsuz bir işdir. Tomas de Kvinsinin uğraşdığı bir əhvalatı buna ən parlaq nümunə saymaq mümkündür: Bodlerin dediyinə görə, o, yunan dilinin öyrənilməsində o dərəcədə «yetişmişdi» ki, bir gün ən müasir obraz və fikirləri bu ölü dil vasitəsilə ifadə etmək eşqinə düşmüş, bu məqsədlə həmişə qulluğunda hazır duracaq bir lüğət də hazırlamışdı, bu lüğət – əsası sözün əsl mənasında təmiz ədəbi tərcümələrə əlavə edilən şərhlərdən ibarət kitabdan çox-çox böyük və irihəcmli alınmışdı. Müəllifin yerini tutan skriptor, ehtiras, ovqat, hiss-həyəcan və təəssürat yox ki, bu nəhəng lüğətdən ibarətdir, yazısı ansızın buradan barınır; belə ki, həyat olsa-olsa kitabı təqlid edir, kitabın özü isə, işarələrdən hörülməklə, hansısa unudulmuş nəsnələrə təqlid edir və beləcə sonu bilinməzliyə qədər.

***

Madam ki, müəllifin kənarlaşdırılması artıq başa çatmışdır, mətnin hər cür açılışına iddialar da əsassız səslənəcək. Mətnə müəllif vermək – artıq mətni əylətmək kimi bir şeydir, bu, həm də onu yekmənaya müncər etməklə yazını qapamaqdır. Belə bir baxış əsas vəzifəsini əsərdə müəllifi (və ya onun müxtəlif: – cəmiyyət, tarix, qəlb, azadlıq və s. kimi nişanələrini) tapmaqda görən tənqidi tamamilə təmin edir: əgər müəllif tapılıbsa, demək mətn də «izah edilib» və tənqidçi qələbə çalıb. Təəccüblü deyil ki, tarixən müəllifin hakimliyi həm də elə tənqidçinin hakimliyi olub və o da təəccüblü deyil ki, bu gün müəlliflə bahəm tənqidin də mövqeyi laxlamış oldu (qoy lap Yeni tənqid olsun). Doğrudan da, çoxölçülü yazıda açıqlanmalı nə var ki, yalnız və yalnız kələfləri açmaq lazım gəlir: strukturu, bütün təkrar və səviyyələrində nəzərdən keçirmək, çəkib-çəkib (corab hörərkən boşalmış ilməni çəkdiyintək) bərkə də çəkmək olar, sonuna varmaq isə yox; yazı məkanı, – yarıb keçmək üçün yox ki, – bizə qaçış üçün verilib – yazı daim mənalar doğur, «törəyir» – amma buradaca – o uçub yox olur, – mənanın sistematik azad olunması gedir. Bununla ədəbiyyat (indən belə, yazı demək daha doğru olardı) mətnin də (bir mətn kimi bütün dünyanın da) arxasında hansısa bir sirr gizləndiyi, yəni yekməna olduğu mövqeyindən əl çəkərək, mahiyyətcə kontrteoloji, inqilabi fəaliyyətinə tam rəvac verir, belə ki, məna selinin qarşısını almamaq – nəhayətdə elə Allahın özünü və onun bütün nişanələrini – rasional nizamı, elmi və qanunu rədd etmək deməkdir.

***

Bir daha Balzakın cümləsinə qayıdaq. Bu cümləni heç kəs demir (heç kəs, – yəni heç bir şəxs): əgər onun mənbəyi və səsi mövcuddursa da, yazıda yox, oxuda mövcuddur. Bunu anlamaq üçün çox dəqiq bir analogiya köməyimizə yetişə bilər. Son zamanların tədqiqatlarında (J.P.Vernan) yunan faciəsinin əsasını təşkil edən ikimənalılığı nümayiş etdirirlər: onun mətni hər bir personajın birtərəfli başa düşdüyü iki mənası olan sözlərdən hörülmüşdür («fəci»lik də məhz bu daimi anlaşılmazlıqdan irəli gəlir); ancaq kimsə də var ki, hər bir sözü bütövlükdə – ikiliyi ilə eşidə – qavraya bilir, hətta qarşısında danışan personajların «karlığını» da eşidir, bu «kimsə» – oxucu, (konkret halda dinləyici)dir. Yazının bütövlük mahiyyəti beləcə aşkarlanır: mətn fərqli mədəniyyətlərdən gələn, biri digəriylə dialoji, parodik, mübahisəvi münasibətlərə girən çeşidli yazı növlərindən qurulur, ancaq bütün bu çoxluq müəyyən bir nöqtəyə fokuslanır və bu nöqtə indiyəcən israr olunduğu kimi müəllif yox, oxucudur. Oxucu – o məkandır ki, burada yazını təşkil edən hər şey vahid sitata qədər həkk olunur; mətn vahidliyini törənişindən deyil, yönəldiyində qazanır, amma bu yönlənmə şəxsi ünvanı nəzərdə tutmur; oxucu – tarixi, bioqrafiyası, psixologiyası olmayan bir kəsdir, o, yalnız yazılı mətnin təşkil olunduğu ştrixləri bir araya gətirib birləşdirən kimsənədir. Özünü riyakarcasına oxucu hüquqlarının müdafiəçisi qismində təqdim edib ən yeni yazını hansısa humanizm adına mühakimə etmək cəhdləri bu səbəbdən gülüncdür. Oxucu Klassik tərzdə tənqidi heç vədə maraqlandırmamışdı, onun üçün ədəbiyyatda yalnız yazan adam mövcuddur. Bizi daha bu sayaq antifrasislərlə aldatmaq olmaz, çünki bu yolla yüksək cəmiyyət alicənabcasına qeyzlə o kəsin müdafiəsinə qalxır ki, əməliyyəyə gəldikdə məhz onu sıxışdırıb rədd edir, əzib – məhvə sürükləyir. İndi biz bilirik: Yazının gələcəyini təmin etmək üçün onun barəsindəki Mifi iç etmək gərəkdir – oxucunun doğuşu Müəllifin ölümü bahasınadır.

1968. «Manteia»

 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.