Günel İmran - İstedada xəyanət
14.02.14
“Kilimancaro – 19.710 fut hündürlükdə yerləşən, əbədi qarlarla örtülü uca dağ silsiləsi, Afrikanın ən yüksək nöqtəsidir. Masai qəbiləsinin sakinləri onu “Allahın evi” anlamını verən “Nqaye-Nqaya”nın qərb zirvəsi adlandırırlar. Zirvənin ən yüksək nöqtəsində soyuqdan donub qaxaca dönmüş bəbir cəsədi var. Nə idi bəbiri belə bir yüksəkliyə çəkib gətirən, burada nə lazım olmuşdu ona, - burasını heç kəs izah edə bilmir” Ernest Heminquey – “Kilimancaro qarları”.
İlk romanımın çap olunmasından bir neçə gün əvvəl tələbəlik vaxtlarından tanıdığım və çoxdan görmədiyim qızla təsadüfən rastlaşdım. Tələbəlik vaxtı maraqlı şeirlər yazırdı. İstedadlı idi. Amma heç vaxt yazılarını çap etdirmir, özü üçün yazırdı. Ordan-burdan danışdıq, güldük. Sonra hələ də şeir yazırmı? - soruşdum. Başını yırğaladı və belə mənasız işlərə vaxtı olmadığını dedi. Sualımdan pərt olmuşdu. Sağollaşıb yolumu davam edərkən düşündüm: İstedadımı tükənmişdi, yoxsa həyat başını elə qatmışdı ki, həqiqətən, yazmağa vaxt tapmırdı?
İstedadsız insan məncə yoxdur. Ən istedadsız hesab etdiyimiz adama da diqqətlə yanaşsaq, onda hər hansı istedadı görə bilərik. İstedadını boğanlar, onu yönləndirə bilməyənlər və ya sadəcə kəşf edilməyən istedadlar vardır. Bəs bizə bəxş edilən istedadı necə dəyərləndirməli?
İncildə istedad haqqında olan pritçanı xatırladım. Səyahətə çıxan ağa qullarını yanına çağırıb, əmlakını onlara əmanət edir. Qulların hər birinə öz qabiliyyətinə görə – birinə beş, birinə iki, birinə də bir talant (qədimdə çəki, pul vahidi) verir. Beş və iki talant alan qullar dərhal gedib talantlarını sərmayəyə qoyurlar. Beləcə onu ikiqat artırırlar. Bir talant alan qul isə talantını gizlətmək üçün torpağa basdırır. Səyahətdən qayıdan ağa qullarını yanına çağırıb, onlardan hesabat tələb edir. Aldıqları talantı artıran qulları tərifləyir. Talantını torpaqda gizlədən qula çox hirslənir. Əlində olan bircə talantı da ondan alır. Qulun özünü isə qaranlığa atır. Əslində, istedadını boğanların əksəriyyəti gizlətsələr də, bununla barışa bilmirlər. Bu hiss onlara əzab verir.
Öz istedadını vaxtında qiymətləndirməyən, yazmağı hər zaman ertələyən yazıçının həyatının sonunda çəkdiyi mənəvi və fiziki əzabları təsvir edən “Kilimancaro qarları” əsəri bu mövzuda yazılmış ən gözəl əsərdir. Ov etmək məqsədi ilə getdiyi Afrikada Ernest Heminqueyin qəhrəmanı Harrinin ayağındakı kiçik yarada çürümə başlayır. Hərəkətsik, cəmiyyətdən tamamilə kənar qaldığı anlarda ona ayağının ağrısı deyil, mənəvi yaraları əzab verir. Harri düşünür: İndi o, əvvəllər günü-günə satıb vaxtını uzatdığı, necə lazımdırsa, məhz o cür yazmaqdan ötrü tam öyrənincəyə qədər həmişə gələcək üçün qoruyub saxladığı həmin şeylər barədə daha heç zaman yazmayacaq. Həm də kim bilir, bəlkə, lap yazsaydı da heç nə alınmayacaqdı və bəlkə, elə bu səbəbdən vaxtı uzadıb, yazmağa heç cür girişmir, öz niyyətini sonraya saxlayırdı. İndi əsl həqiqəti bilmək də daha heç zaman mümkün olmayacaqdı.
Rahatlıq, eyş-işrət içində keçirdiyi günlərin sayəsində yazmaq səriştəsinin kütləşməsini, istedadını itirməsini düşündükcə yanındakı qadına qəzəblənirdi. Özünü, qabiliyyətini reallaşdıra bilmədiyinə görə bu qadını günahlandırır, həqiqətdə isə, öz istedadını özü məhv etmişdi. Ellenin tək günahı ona zəngin həyat yaşatmaq idi. İstedadına xəyanəti Harri özü etmişdi. Bu kimsəsiz, köməksiz məkanda qadın onu tək qoymurdu. Harrinin qanqrenadan ölməməsi üçün mübarizə aparırdı. Harri isə özünə həyatının son hesabatını verirdi. Həyatının mənasını axtarırdı. Bütün xoş xatirələrinin sonunda yazmadığı əsərlərin təəsüfü vardı. Həyatını əvvəldən axıracan xatırlayarkən, onu ən çox yandıran istedadını göstərə bilməməsi olur. Bu əsərində Heminquey insanın verdiyi düzgün olmayan qərarların həyatına necə təsir etməsini göstərir. Həyatın təkrar olunmazlığını bir daha oxucuya çatdırır. Elə buna görə də, əsər acı sonluqla bitir. Harri təyyarənin köməyə gəlməsini gözləyə bilmədən ölür. Acı olsa da, həqiqətdir. İkinci dəfə bu həyatı yenidən yaşamaq şansımız yoxdur.
Xoşbəx o insandır ki, özünə, istedadına, arzularına xəyanət etmədən həyatını yaşayır.
|