Sara Dəmirli - Dəniz, skripka və ...
19.02.14

Topa-topa buludlar göy üzündə bir-birinin ardınca növbə çəkər kimi üzür... Bir azdan yağış yağacaq. Bethovenin Elizesi asta-asta səslənərək havaya başqa bir ruh qatır. Məktəb binasının həyətindəki cökə və şam ağaclarının yarpaqları əsir və bir-biri ilə bəhsə girərmiş kimi tökülür. Hasarın o tayında arabir avtomobil keçərək bu melodiyanın səsinə qarışır. Bəzən də xiyabanla hərəkət edən insanların gülüş, danışıqları zəif də olsa eşidilir... Budur, yağış çiləyir. Göydən düşən damcılar yavaş-yavaş quru torpağa hopur. Get-gedə güclənən yağış aramsızlıqla yağmağa başlayır. Musiqi də güclənir və səs nəfəslikdən həyətə yayılır. Bütün bunları isti otaqdan izləyən Ömər pəncərənin yaxınlığında oturaq vəziyyətdə damcıların  necə şüşəyə toxunduğuna diqqətlə baxır. Kim bilir, bəlkə də damcıları sayır. Çöl tərəfdən isə şirin torpaq ətri sinfə dolub xoş təsir bağışlayırdı. Mahnı kəsildi.
Ömər, Ömər!-bu sözlərdən diksinən  Ömər gözlərini saçını sarı rəngə boyamış, arıq bir az da əsəbi  müəllimənin üzünə dikir.
Müəllimə:
-    Fikrin hardadır?
Ömər heç nə demədi. Sinifdə ondan başqa beş nəfər də skripkaçı şagird var. Müəllimə sakit səslə:
-    Barmaqlarıma fikir verin! Sol tərəfdə oturan sarısaçlı, mavigözlü, arıq bədənli oğlan yanında əyləşən qəhvəyigözlü, sıx qıvrımsaçlı başqa bir oğlanın qulağına nə isə pıçıldadı. Bu an ikisi də gözlərini Ömərə  dikərək gülümsədi. Ömər bunu hiss elədi və fikir vermirmiş kimi müəllimənin barmaqlarına diqqətlə baxmağa başladı. Birdən cingiltili zəng hər tərəfi bürüdü. Tənəffüs... Müəllimə təmkinlə:
Bugünkü dərsimiz bu qədər - demişdi ki, Ömər cəld asılqana tərəf getdi və boz rəngli kurtkasını qapıb sağ olun deyərək otaqdan çıxdı. Müəllimə isə onun yanına yaxınlaşan bayaqkı sarısaçlı oğlan yanaşdığından Ömərə fikir vermədi.
Uzun, yarıqranlıq dəhlizdə hərəkət edən şagirdlər iki-bir, üç-bir toplaşaraq söhbət edirdilər. Dəhlizin sol tərəfindəki açıq, qəhvəyi rəngli qapıdan pianonun həzin səsi gəlirdi... Kimi əlində tar, kimi skripka dəhlizin o başından-bu başına gedirdi. Bufetin qarşısında dayanan Ömər skripka əlində tez-tez saatına baxır və açıq qapıya tərəf boylanırdı. Bu əsərin kimin əsəri olduğunu öz-özlüyündə təyin etməyə çalışırdı. Qonur gözlərini oynadır və qaşlarını aşağı dartırdı. Bəlkə də bu onda vərdiş idi. Nəhayət dözə bilməyib bufetin sol tərəfində yerləşən bağlı qapıya yaxınlaşdı və qulağını həmin qapıya dayadı. Qapı da elə bil bunun yaxınlaşmağını gözləyirdi. Necə bərk açıldısa Ömər az qala yerə yıxılacaqdı. Ondan azca hündürboy olan, sifəti  otaqda istidən qızarmış bir oğlan həmin qapıdan  çıxarkən  diksinərək gözlərini bərəltdi. Ömər sol qulağını tutaraq üzünü turşutmuşdu. Görünür bərk ağrayırdı. Otaqdan ikinci çıxan oğlan gülərək ətrafına boylandı və Öməri görüncə dərhal ona yaxınlaşaraq xoş təbəssümlə:
-    Salam Ömər, necəsən?
Ömər hirslə ona baxırdı. Orxan yenə eyni təbəssümlə:
-    Səninləyəm e, deyirəm necəsən? Bəlkə məni eşitmirsən?
Beş saniyə keçdikdən sonra Ömər yenə hirslə:
-    Sayəndə olan-qalan qulağımı da itirəcəkdim. Harda qalmısan, səni gözləyirdim.
Orxan üz-gözünü turşudaraq:
Müəllim buraxmırdı, neynəyim? Əsər çətindir. İmtahan da hələ qabağdan gəlir.
Ömər:
Yaxşı da imtahanı yada salma. Mən nə hayda sən nə hayda. Bir az Orxana yaxınlaşaraq üzündə xoş təbəssümlə:
Yadından çıxıb? Sənə demişdim axı!
Orxan heç nə başa düşməyərək:
Nəyi?
Ömər qonur gözlərini uşaq bicliyi ilə sol tərəfə işarə məqsədi ilə fırlatdı. Orxan sol tərəfin çöl qapısına tərəf dönərək:
A... yadıma düşdü. Gözlə aləti götürüb gəlirəm.
Ömər tələsərək:
E... Səni başa salmaq mümkün olmur. Aləti sonra da götürə bilərsən,    gəl mənimlə. Orxan:
Hara dartışdırırsan məni? İmkan ver..- sözü ağzında qaldı. Ömər onun qolundan dartaraq həmin piano səsi gələn qapıya tərəf çəkib gətirdi. Sonra da xoş təbəssümlə:
İndi həmin qızı sənə göstərəcəm- deyərək otağın qapısından içəri baxdı. Orxana əlini yellədərək yavaşdan müraciətlə:
“Gəl-gəl” dedi.
Otaqda müəlliməyə sarı üzünü döndərən qız arxasını oğlanlara tərəf çevirmişdi.
Orxan gözünü açıq qapıdan içəri zilləyərək:
Axı üzünü görmürəm!
Ömər hırıldayaraq:
Amma mən görmüşəm, çox qəşəng qızdır.
Müəllimə isə qıza nəsə deməkdə davam edirdi. Elə bil qız qəsdən üzünü onlara çevirmirdi. Kimsə Orxanın qolundan tutaraq onu kənara çəkdi. Bunu görən Ömər:
“Baxmırsan?”- dedi. Sonrada həvəsdən düşmüş kimi:
“Yaxşı qalsın sonraya” – dedi və Orxanın başqa bir oğlanla söhbət etdiyini görüb çöl qapısına doğru getdi.

* * *

O, artıq xiyabanla üzü yuxarı doğru gedir. Əynində boz kurtka, cins şalvarının ətəyi yamaqlı olan bu oğlan elə kurtkaya uyğun boz rəngli ket geyinib. Şiddətli yağan yağış onun açıq - qəhvəyi saçlarını tamam yaş etmişdi. Qonu gözləri, düz burnu və üzünə düzgün biçilmiş nazik dodaqları, birdə burnunun ətrafında olan xırda çilləri onun ağ üzünə uşaq təbəssümü verirdi. On altı yaşlı Ömər musiqi məktəbində skripka dərsləri alırdı və gələcəkdə konsrvatoriyada təhsilini davam etdirmək arzusunda idi. Dostu Orxan isə ondan bir yaş böyük idi. O da saksafon dərsləri alırdı. Təsadüfən yolla gedən Ömər elə dostu haqda fikirləşirdi. O, həmişə Orxana həsəd aparırdı. Ona görə yox ki, Orxan ondan daha boylu-buxunlu, yaraşıqlı və qızların sevimlisi idi. Düzdür, bir az bu amil də təsirini göstərirdi, ancaq o, Orxanı hələ kəşf etməmişdi. Orxan hər şeyin öhdəsindən gəlirdi, bacarmadığı bir iş yox idi. Heç nəyi vecinə almırdı, amma onu məsuliyətsiz də adlandırmaq olmazdı. Nəhayət Ömər ondan gündə bir şey öyrənirdi. İndi ürəyində:
“Mən niyə onun kimi deyiləm?” deyə bu sözləri təkrar edirdi. Özünün nə vaxt evə
çatdığını bilmədi və bir də gördü ki, qapının ağzındadır. Yağışın səsinə qulaq verdi və yavaşca qapını tıqqıldatdı. Qapını hündür boylu, arıq bədənli, ağbəniz, ala gözlü və əynində narıncı güllü xələt olan bir qadın açdı. Bu onun xalası idi. Qadın yavaş səslə salam verdi. Ömər heç nə demədən içəri daxil oldu və ketlərini ehmalca çıxartdı. Sağdan birinci otağa daxil olub qapını arxasınca bərk örtdü. Xalası ardınca baxdı və ah çəkərək mətbəxə getdi. Ömər kurtkasını soyunmadan qara rəngli çarpayıya uzandı. Gözlərini tavana dikərək onları dərhal qapadı. O, həmişə fikirləşəndə belə edir. Balaca otağın bir küncündə masa və üzərində kitablar vardı. Onun yanında da başqa qara rəngli çarpayı qoyulmuşdu. Otağın divar kağızı ilə
bərabər pərdəsi də sarı rəngdə idi. Yağış dayanmışdı, ancaq novdan axan damcılar pəncərənin çərçivəsinə dəyib saatın tıqqıltısı ilə bərabər səs salırdı: tıq-tıq-tıq. Bu iki səsə onun ürəyinin döyüntüsünə  də qoşulmuşdu. Gözlərini yumandan bir qədər sonra həmin qızın siması qaranlıq içərisində işıq saçdı. O, dərhal gözlərini açdı və cəld qalxaraq pəncərəyə yaxınlaşdı. Elə bu zaman xalası:
Ömər, gəl nahara- dedi.
Ömər:
Gəlirəm-deyə cavab verdi. Kurtkasını soyunub mətbəxə keçdi və əllərini yuyandan sonra stula əyləşdi. Masanın üzərində salat, çörək, boz qaşıq vardı. Xalası boşqaba düşbərə tökə-tökə:
Niyə kefin yoxdur?- dedi.
Ömər əli ilə fikirli halda masa örtüyünün saçaqlarını oynadırdı. Düşbərə ilə dolu qab önünə gətirildi. Xalası:
Di ye, bu souq havada lap yeri var.
Ömər könülsüz qaşığı götürərək qaba saldı və qaşığa iki düşbərə düşdü. Xalası başını əli ilə qaşıyaraq:
Mərdan da indi gəlib çox sevinəcək. Düşbərə görəndə özünü saxlaya bilmir.
Elə Ömərə də bəhanə üçün bu bəs idi. O, qaşığı boşqabın içinə qoydu və üz-gözünü qırışdıraraq:
E... həmişə onun istədiyini bişirirsən- dedi və özünün də mənasız cavab verdiyinin fərqinə vardı. Sonra yerindən qalxaraq yenidən öz otağına qayıtdı. Amma qapı ağzında bir dəqiqə dayanaraq xalasının nə reaksiya verəcəyini gözləyirdi. Mətbəxdən səs gəlmirdi. O, hərəkətindən utansa da üzr istəmədi. Çünki belə şeyi xoşlamırdı. Xalasını istəsə də bunu büruzə vermirdi. Baxmayaraq ki, onu xalası böyütmüşdü. Əslində ona ərköyün demək olmaz. Sadəcə təbiəti belə idi. Zahirən soyuqqanlı təsiri bağışlasa da daxilən pak və xeyirxahdır. Sadəcə cəsarətsizlikdənmi, ya utancaq olduğundanmı sevgisini dilinə gətirə bilmirdi. Çəkingən xarakterli insan təsirini bağışlayırdı və ən əsası düşüncəli idi. Ailəyə yük düşməsin deyə (yəni maddi baxımından) pulu qənaətlə xərcləyir, yeməyi az yeyirdi. Xalası dərzi idi və müştəriləri evdə qarşılıyırdı. Bununla belə, ailə həddindən artıq kasıb deyildi. Sadəcə onun çəkingənliyi burda da özünü göstərirdi. İndi belə yeməkdən imtina etməsi xoş deyildi, amma mətbəxə qayıtmadan otağına daxil oldu və qapını açarla bağladı.
               

* * *

Dan yeri təzəcə ağarırdı. Sərin külək küçə lanpalarının qara məftillərini yellədirdi. Beş mərtəbəli boz binanın dördüncü mərtəbəsinin sarı pərdələrinin arasından zəif işıq gəlirdi. Çarpayıda oturaq vəziyyətdə olan Ömər başını dizləri üstə qoyub nəsə fikirləşirdi. Birdən xırıltılı bir səs onu fikirdən ayıltdı:
E... sənə min dəfə yox, min bir dəfə demişəm ki işığı yana-yana qoyma! Səhər hələ açılmayıb, söndür qoy yatım.
Ömər də digər yaxın çarpayıda yatan xalası oğlu Mərdana hirslə:
Məndə sənə iki min dəfə demişəm ki, fikirləşəndə məni diksindirmə, mane olursan.
Mərdan başını mavi güllü yorğanın altından çıxararaq:
Sən Allah düzünü de, sən bu qədər fikirləşirsən? Olmaya dərd çəkirsən? Bu qədər bayquş olma da. Ömər:
Başını yorğanın altna sal, qaranlıq olsun. Dinməyəndə adam olursan. Bu sözləri deyib ayağa durdu və işığı söndürəndə Mərdanın ağzını eybəcər şəkildə yamsıladı. Otaqdan çıxıb hamama tərəf getdi.
Məktəbin həyətinə girəndə hava işıqlı idi. Bu dəfə yağış yağmırdı. Sərin külək də daha bayaqki kimi əsmirdi. Məktəbin binasına doğru gedən yolda Ömərin arxa tərəfində fit səsi eşidildi. Bu fit səsi ona tanış gəldiyindən arxaya çevrildi. Orxan ona yaxınlaşıb əl verdi və mehriban təbəssüm ilə:
Heç səndən gözləməzdim. Məni qoyub hara getdin?
Ömər qayğılı halda:
Hara olacaq, evə
Orxan ağzını əyərək:
Özün bilirsən, Emindi də, həftənin axrında musiqi zalında Dilarə müəllimin tədbiri keçiriləcək. Hamı ora yığışacaq. Ona görə mənim başımı qatdı. Bir də gördüm ortada yoxsan. Ömər bir az yumşalaraq:
Hansı, o il boyu yaşıl ətək geyib qıraqları yaşıl eynək taxan?
Orxan sevinərək:
Hə, düz tapdın, deyəsən odur.
Ömər qeyri-ixtiyari:
Görəsən o da orda olacaq?
Orxan:
Kim? Emin?
Ömər:
Yox e... Sən də ki! O da “O”
Orxan sual dolu baxışlarla:
O kim?- demişdiki birdən Ömər sus deyərək əli ilə Orxanın ağzını qapadı. Onlar piano səsi gələn otağın qapısı ağzında dayanmışdılar. Ömər sakit səslə:
Belə fürsət ələ düşməz. Yüz faiz odur.
Orxan qəribə tərzdə gözlərini süzdürərək:
Hə də! İndi bilindi ki, bayaq kimi deyirdin.
Ömər əyilərək qapının açar yerindən içəri baxdı və uca səslə odur dedi. Orxan:
Çəkil mən də baxım-dedi və o da qapının dəliyindən baxmağa başladı:
Budur sən dediyin qız?-dedi.
Ömər:
Nolub, pisdi ki?
Orxan:
Nə bilim, mən orda ancaq pianonun pedalına basan ağ kalqotqa geymiş iki ayaq görürəm.
Ömər:
Belə de də, həm də o sənin öz günahındir ki, başın söhbətə qarışmışdı.
Orxan başını yuxarı qaldıraraq:
Heç o qızı görməyə mən də o qədər də maraq yoxdur. A... mən gecikirəm, tənbeh istəmirəm sağol.
Ömər yenidən aşağı əyildi, amma o da gecikdiyindən orta qapıya tərəf yüyürdü. Dərs bitdikdən sonra Ömər dəhlizdə o yan-bu yana boylanaraq o qızı axtarırdı. Hər uzun saç qızı uzaqdan ona oxşadırdı. Lakin yanıldığını biləndə başını aşağı salırdı. Təəsüf dolu nəzərləri çöl qapısına dikilmişdi və nəhayət məktəbdan çölə çıxdı.
Həmin günün üstündən üç gün keçdi. Bəzən boş dəhlizlərdə əli cibində avara kimi gəzən Ömər məyus idi. O, üç  gün idi ki o ipək tək xurmayı saçları olan qızı görmürdü. Nə otaqda, nə dəhlizdə, nə də ki, yuxarı mərtəbələrdə. Hətta adını bilmədiyi bu qızın yaşadığı məhləni tanıyırdı. Amma cəsarəti çatmırdı. Bir dəfə onu  şəhər avtobuslarının birində görmüşdü və qızın dalınca düşüb hansı bloka girdiyini müşahidə etmişdi. İndi o qız piano arxasında yox idi. Adını yadına sala bilmədiyi əsər də pianinoda səslənmirdi. Bir sözlə, Ömər məyusluğun içərisində itmişdi.

* * *

Dəniz kənarı. Qağayıların səsi dənizin nəhəng dalğalarının səsinə qarışaraq xüsusi ahəng yaradırdı. Hərdən quşlar başlarını yüksələn dalğalara vururdular. Hava tutqun və bozdur. Haradansa uzaqlarda neft buruqları görünür. Ömər ayaqlarının ucu ilə torpağı fikirli halda eşələyir. O biri tərəfdə isə balaca daşın üstündə oturan Orxan tez-tez başını qaldıraraq göyə baxır və dodağının altında nəsə zümzümə edir. Ömər fikirli halda:
Əslində mən onun evini tanıyıram.
Orxan gözlərini azca qıyaraq:
Yaman vurulmusan ha. Görmədim də o qızı.
Ömər ona baxaraq bir az uca səslə:
Özündədi də günah. Mən sə...
Orxan onun sözünü kəsərək:
Hə yaxşı, sən mənə göstərəcəkdin, mənim də başım qarışıqdı və sairə və ilaxıra. Sən indidən danış. Deyirsən tanıyırsan da evini.
Ömər başını yelləyərək:
Tanıyıram. Bizim məhlədən yeddi bina o yana.
Orxan:
Yaxşı da bəs sonra?
Ömər başını qaşıyaraq:
Sonrası da canım sənə desin, bloklarını da tanıyıram.
Orxan səbirsizliklə:
Aha yavaş-yavaş çatırıq.
Ömər əlini yen başını qarışdıraraq dişlərini ağartdı:
Yox çatmırıq, burda dayan hələ. Qızın mərtəbəsinin pəncərəsini tanımıram axı!
Orxan qaşlarını qaldıraraq:
E, bura qədər yaxşı gəlmişdin. Korladın ki lap!
Ömər təəsüflənərək:
Elə mən də həmin məhləyə kimi yaxşı gəlmişdim də. Elə ki,qız bloka girdi, hər şeyi korladı.
Orxan:
Girərdin də bloka, nə olardı ki?
Ömər yenə təəsüflə:
Hamını özünə tay qoyma. Girib nə deyəcəkdim ki? Xanım qız, sizlə tanış olmaq olar, ya da bağışlayın, a..saatınız neçədir?-deyərdim? Bunlar hamısı klassik sözlərdir.
Orxan:
Yox e...kim deyir ki? Sənin skripkan var. Skripkanın simlərini işlədən kimi bir az da başını işlətsən lap əla olar.
Ömər uca səslə:
Nədi,serenada oxuyum?(Ədalət Şükürov kimi)Bu gitara deyil e..skripkadır. Gəlsənə onu da müasirlik adı altında dəyiş. Görürəm bu yenilikçi fikirlər sənə ağırlıq edir, hərəyə paylamaqda davam edirsən.
Orxan çiyinlərini yuxarı dartaraq:
Mən paylayıram ziyan görmürəm, amma sən başında saxlayırsan, əziyyət çəkirsən. Budur, bizi bir-birimizdən fərqləndirən.
Ömər titrəyərək:
Yaxşı üşüdüm dur gedək, evdə bir az simləri tərpədim.
İki nəfər bir –birinə sataşaraq qumsal üstündə sahil kənarı ilə üzü yuxarı getməyə başladılar.

* * *

Səhər saat on bir tamamda musiqi məktəbinin böyük zalında izdiham və bərk səs-küy vardı. Musiqi alətləri köklənməkdə idi. Beş dəqiqədən bir iki-üç müəllim zalda gözə dəyirdi. Hamısı da bəzəkdə-düzəkdə. Ömərin dediyi ilboyu yaşıl ətək geyinib eynək taxan Dilarə müəllimə zərli qara kofta geyinmişdi və ayaqlarında dikdaban tuflilər yeriməyinə mane olurdu. Zaldakıların hamısı yeniyetmə gənclərdir və onlar da hamısı şən-şaqraqdır. Bir az keçəndən sonra zalda oturanların sayı çoxalmağa başladı. Ənənəyə uyğun olaraq ön cərgədə müəllimlər, arxa cərgədə isə musiqişi şagirdlər əyləşmişdilər. Qapı örtülənə yaxın Ömər özünü zala çatdırdı. Özü də çox şıq geyinmişdi. O tərəf-bu tərəfə boylana-boylana qalmışdı.

Birdən sol tərəfdə tanış sima onu ali ilə yanına çağırdı. Ömər tələsik çağrılan yerə getdi. Orxan öz yanında  ona boş yer saxlamışdı.Orxan yavaş səslə:
Harda idin? Az qala yerini tutacaqdılar. Hələ qəşəng bir qız mənə burda oturmaq istədiyini bildirdi. Heyif!....alınmadı.Hamısı da sənin üzündən. Lazım olmayanda ..nə isə.Səni söyməkdən özümü güc-bəla ilə saxlayıram.
Ömər barmaqlarını bir-birinin içinə keçirərək:
Problem yoxdur, istəyirsən durum. Amma yox istəmə, durmayacam. Bəlkə indi onu gördüm.
Orxan dodaqlarının altından mızıldanaraq:
Elə bil bundan durmağını istəyən oldu.
Ömər üzünü ona çevirərək:
Nə dedin? Sən deməyində ol. Ora, Dilarə müəlliməyə bax! Bu qadın söz verib ki, o yaşıl ətəyi dəyişməyəcək də.
Elə bu zaman tədbir başladı.Tədbirə giriş sözü ilə başlayan Dilarə müəllimənin ayağı büdrədi və zaldakıların zəif də olsa gülüşünə səbəb oldu.Səbirsizliklə gözlənilən an gəlib çatdı. Ömər üçün səbirsizliklə gözlənilən an. Budur, ipək xurmayı saçlı o əsrarəngiz qız səhnədə göründü. Başını ədəblə əyərək piano arxasına keçdi. Adı və soyadı çəkildi:Nərgiz Həsənli. Əslində iki dəfə çəkildi. İkinicisi Ömərin dilində. Pianonu dilləri yavaşca səsləndi. O, musiqini səsləndirərkən zala xoş səda yayılırdı. Ömər bir neçə dəfə bərkdən Orxana müraciətlə:
“Gör necə səsləndirir”, “adı sən demə Nərgizdir”,”əllərinə bax”, “bravo,bravo” deyərək sükutu pozurdu. Orxanın rəngi saralmışdı. Elə bu sözləri demişdi ki, özünü qapıdan çölə atılmış gördü. Sonra evə yolandı. Onu gördü bəs idi.Demək hər şey qaydasındadır.Yold gedərkən həmin mahnı qulağında cingildəyirdi. Ürəyində:
“Nə idi onun adı, yəni əsərin? Para parap parapluy.....
 
* * *
 
Artıq qış idi. Havalar çox soyumuş, qar hər tərəfi bürümüşdü. Qışın aləmi hələ özünü qardan sonra göstərəcəkdi-yolları buz bağlamaqla. Çoxunun zəhləsi getdiyi buzdan Ömərin xoşu gəlirdi. Hər səhər buzda sürüşərək özü bilə-bilə dərsə gecikir, müəlliməyə də yalandan buzun ucbatından gələ bilmədiyini söyləyirdi. İndi burda buzun nə günahı? Həm də dərslər onun üçün marağını itirmişdi. Çünki piano dərsləri artıq həmin məktəbim nəzdində yerləşən ayrı balaca otaqda keçirilirdi. Həm də həftənin ancaq cüt günləri. Ömərin dərsləri isə həftənin tək günləri idi. Orxanı da görmək müşkül məsələyə çevrilmişdi. Daha saksafon səsləri də qulağına az-az gəlirdi. Ömər bir tərəfdən skripka məşqlərini evdə edirdi. Soyuq havada pəncərədən qar yağa-yağa skripka səsləndirməyin ayrı bir keyfi var. Ümumiyyətlə təbiəti duyan insanlarda musiqi anlamaq hiisiyyatı güclü olur. Qəhramanımız gah dəlisov hərəkətlər, məsələn qarın üstündə gəzərək ləpirlərini sayır, gah yağış yağarkən eyvanda stəkan tutaraq yağış damcılarını doldurur, gah da romantikaya dalaraq sıx ağaclıq olan yerlərdə, payız ayında saralmış yarpaqlar budaqlaradan tökülərkən skripka səsləndirir.

O, nə xəyalpərvər, nə də realistdir, sanki bu iki yolun qovşağında dayanıb. İndi də pəncərədən baxa-baxa skripka səsləndirməyi nədənsə mətbəxdə çay içərək oturan Mərdana gülməli gəldi:qəh-qəhə çəkib özündən getdi. Ömər bundan acıqlansa da musiqi alətini səsləndirməkdə davam edirdi. Bilirdi ki, Mərdan ona sataşır. Mərdan qarnını tutaraq güc-bəla ilə:
Allah ağıl versin!
Anası Jalə:
Bəsdir, bəsdir güldün. Çayını iç, indi o skripka başında sınacaq.
Mərdan yenə gülərək:
Qoy sınsın. Daha da yaxşı olar, heç olmasa baş-beyinimizi bundan sonra aparmaz. Mənim başım onsuz da xarab olub.
Anası başını etirazla yellədərək o biri otağa keçdi. Skripka indi daha ucadan səslənirdi. Mərdan yenə uğunub özündən getdi.

* * *

O əsrarəngiz qız çoxdan idi ki, gözə görünmürdü. Günlər də sürətli bir şəkildə ötüb-keçirdi. Ömər darıxmağa başladı. Sayılı günlər tez gəlib keçər deyə son imtahanları gözləyirdi. Nəhayət vaxt gəlib çatdı. İmtahanlar Ömərin gözlədiyindən də uğurlu oldu. Deməli evdəkilərin, xüsusən də Mərdanın başını havayı yerə xarab eləməyib.
Məktəbdəki uşaqların bir çoxu sözləşmişdilər ki, isti günlərin birində məclis təşkil etsinlər, özü də bunu hər sözü üzə deyən müəllimlərsiz. Uşaqların özlərinə aid klubları vardı. Bu klub məktəbin düz sağ böyründə yerləşirdi. Bəzi müəllimlər o klubu heç tanımırdılar. Başlarını aşağı salaraq səhər necə gəlirdilərsə axşam da elə gedirdilər. Bəzi yoldan keçən adamlar isə dəqiqələrcə dayanıb klubdan gələn gözəl musiqi səslərinə qulaq asırdılar. Məktəbdən də səs gəlirdi, xüsusən  pəncərələr açıq olanda. Amma orda dərs keçirildiyinə görə musiqi tez-tez səs-küy ilə kəsilirdi. Bu klubda isə hər şey sərbəstdir. Ən çox xoşa gələn isə maqnitafonla deyil, uşaqların istənilən vaxt orda öz ifalarını canlı şəkildə səsləndirmələri idi. Bir sözlə, heç bir maneçilik yox idi. Ürək üzücü simfoniyalar, qulaq asanda adamın borcları  yadına düşən musiqilər deyil, şaqraq mahnılar səslənirdi. Bu klubun da o məktəbə aid olduğunu bildirmək üçün klubun binasının üzərinə-“Məktəbə dəxli var” sözü yazılmışdı. Qapının üzərində isə “Dəxlisi olmayan insanlar daxil olmasınlar”  sözləri həkk olunmuşdu. İsti günlərdə kimdir bura baş çəkən? Bu sadəcə ətrafdan keçən adamlar üçün nəzərdə tutulmuşdu.
Həmin gün on beşə yaxın gənc kluba toplaşmışdı. Hamısı da on altı-on yeddi gənclər. Sərbəst geyimli gənclər musiqi alətlərini gətirməyi unutmamışdılar.Hamı deyir, gülür, mahnı oxuyurdu. Masalar üzərində meyvələr, şirələr və cürbəcür şirniyyatlar düzülmüşdü. Kimsə yuxarı başda pianonun dillərinə toxunurdu. Orxan və Ömər həmişək kimi masa kənarında ayaq üstə durub əllərində paxlava yeyə-yeyə söhbət edirdilər. Ömər daha böyük həcmli paxlavanı ağzına qoyanda elə bu dəmdə çöl qapısından ağ donlu, çox qəşəng görünən “o” əsrarəngiz qız içəri daxil oldu. Ağzında paxlavanı udmağa macal tapmayan Ömər pis vəziyyətdə qaldı.Yanaqlarına elə bil alça qoyulmuşdu. Qız onlara yaxın olduğundan elə ikisinə gözlənilmədən salam verdi və Orxana baxaraq gülümsədi. Ömər paxlavanı yeyə bilmirdi. Elə bu zaman tez əli ilə ağzını tutdu və üzünü o tərəfə çevirdi. Qızlar oğlanlardan az idi. Rəqsə başlamamışdan əvvəl saya görə oynamaq üçün püşk atıldı. Dördüncü püşkdə Nərgizin adı ilə yanaşı Ömərlə bir sinifdə oxuyan sarısaçlı, mavigözlü oğlanın adı-Araz yazılmışdı. Elə ki, rəqs başlandı, Nərgiz və Araz ortaya düşüb oynamağa başladılar. Digərləri isə dövrə qurmuşdular. Araz Ömərlə birlikdə skripka dərsləri alırdı. Kim bilir, bəlkə də qəsdən özü Ömərin yanından qızla dövrə vurub keçəndə hiyləgərcəsinə gülümsəyirdi. Ömərin bu zaman qırmızı işıqfordan heç bir fərqi yox idi, özü də yumruqları düyünlənmişdi. Elə ki, rəqs qurtardı alqış, fit səsləri ətrafı bürüdü. Ömərin adı isı heç bir püşkdə yox idi Bunu da taleyin acısı kimi yozan Ömər nədənsə üzündə təbəssüm əmələ gəldi. Özünü elə göstərirdi ki, guya qıza fikir  vermir, amma ürəyi o qızın yanında idi. Bu il Orxan və digərləri bu məktəbi bitirirdilər. Ona görə bu tədbir çoxları üçün son gecə sayılırdı. Bir nəfər isə hədiyyə torbaları təşkil etmişdi. Bu torbaların içində pul, yumşaq hədiyyələr var idi. Özü də bir gün əvvəl təşkil edilmiş hədiyyələri Ömər və başqa bir oğlan-Nurlan təşkil etmişdi. İndi sonlara yaxın hədiyyələr  bir-bir üzərinə adları yazılmış sahiblərinə təqdim olunurdu. Birdən kiminsə qışqırtısı eşidildi. Bu Araz idi. İçindən pul çıxmışdı, amma o pula görə yox, əlinə batan xırda-xırda iynələrə görə qışqırdı. Ömərin Arazadan heç xoşu gəlmirdi. Əslində onların bir-birilərindən zəhlələri gedirdi. Ona görə Ömər bu tutduğu işdən heç də peşiman deyildi, həm də bugünki günün qisasını almışdı. Araz elə bil hiss edirmiş kimi ona baxdı. Ömər də bir şey olmamış kimi fit çala-çala tavana baxdı. Nərgizə yelləncəkli qız suveneri çıxdı və buna görə çox sevindi. Hamı evə dağılışmağa başladı. Axşam saat yeddi radələri olardı. Hava qaralmamışdı, lakin adamı üşüdən sərin külək əsirdi. Qapı kənarında duran Nərgiz kimisə gözləyirdi. Birdən Ömər və Orxan qapıdan çölə çıxdılar. Nərgiz sanki Ömərə sürpriz şəkildə yaxınlaşıb ikisindən də onu evinə ötürməyi  xahiş elədi. Bu cəsarətdən dolayı Orxan və Ömər onun sağ və sol böyründə yeriməyə başladılar. Qız başını aşağı dikir və dodağını sakitcə dişləyirdi. Heç biri yolda gedərkən dinmirdi. Arabir Ömər Orxana, Orxan da Ömərə baxırdı. Sərin külək qızın donunun ətəklərini qaldırır, saçlarını yellədirdi. Vurduğu parfümün ətri ondan sağ tərəfdə yeriyən Öməri məst eləyirdi. Qız birdən Ömərə:
Mən səni tanıyıram.
Ömər azca qürrələnərək:
Məni kim tanımır?Skripka çalıram da.
Qız cingiltili səslə:
Yadımdadır tədbirdən qovulmağın.
Ömər pərt şəkildə qızardı.
Qız gülümsəyərək:
Eybi yoxdur, dostun mənə hər şeyi dedi.
Ömər Orxana işarə ilə:
Hər şeyi demək bilirsiniz.
Sonra da yavaşca sol əl yumruğunu Orxana göstərdi.
Qız yenə gülümsər vəziyyətdə:
Hər şeyi, yəni sizin skripka çalmağınızı, Rəna müəllimənin şagirdi olmağınızı.
Ömər özünə gələrək:
Hə, düzdür, bəs Orxanı harda gördünüz?
Qız:
Siz qovulduğunuz gündə biz tədbir bitəndən sonra tanış olduq.
Ömər dodağının altında:
“Belə de” deyə mızıldandı və istehza ilə:
Hmm çox cəsarətlidir, cəlddir, zirəkliyinə söz ola bilməz.(ürəyində hirsindən partlayırdı)
Qız birdən dayanaraq:
Budur, evimizə gəlib çatdım. Çox sağ olun.
Ömər ağzından qaçıraraq:
Hə bildim buradır axı.
Qız təəcübləndi, Orxan gözünü Ömərə ağartdı. Sonra onun səhvini düzəldərək:
Yəni, demək istəyir ki, binaların hamısı bir-birinə bənzəyir.
Qız tələsik:
Hə yaxşı, mən gedim-deyib bloka tərəf üz tutdu. İkisi də qızın ardınca baxa-baxa qaldılar...

* * *

Artıq harda istəsən bu üç gənci orda tapardın. Bu üç dost yay tətilini maraqlı keçirmək üçün gah dəniz kənarına gedib balıqqulağı yığır, gah parklarda domino oynayır, gah da müxtəlif kinoteatrlara gedirdilər. Ömər həyatının ən xoş çağlarını yaşayır, elə bil göylərdə uçurdu. Gecə yatarkən gah o tərəfə, gah da bu tərəfə çevrilirdi. Hətta Mərdanla da yola gedir, evdən çıxanda xalasını öpür, dilənçilərə pul verirdi. Həyat ona şirin lay-lay çalırdı. Amma bəzən də fikirləşəndə şübhələr onu incidirdi; Nərgiz nəyə görə mənə deyil, məhz Orxana müraciət etdi? O görəsən ən çox ona, yoxsa mənə gülümsəyir, danışanda  kimə çox baxır? Orxana niyə elə söz dedi, bəs görəsən  mənə elə desəydi nə olardı? Fikir ona hücum eləyir, beynini ağrıdırdı. Amma qızın hər hansı sözünü yadına salıb yumşalırdı. Birinci dəfə qızı həmişəki yerlərinə-dəniz kənarına aparanda ona gözlərini yummağı tapşırmışdılar. İkisi də qızın əlindən tutub onu qumsallığa apardılar. Qız gözlərini açanda göyün mavi enlikləri altında ləpəli Xəzəri gördü, dərhal ayaqlarını suya çırpdı və mavi donunun ətəklərini azca qaldırıb fırlanaraq Ömərin yadına sala bilmədiyi melodiyanı oxumağa başladı.Ömər avtomatik olaraq həmin günü yadına saldı. Sonra yay yağışı başladı. Damcılar dəniz üzərinə hücuma keçdi. Qız hələ fırlanırdı...Ömər əlləri cibində ona tamaşa edirdi.

* * *

Orxan artıq konservatoriyaya hazırlaşırdı. Ən böyük arzusu da saksafonçulardan ibarət qrup yaratmaq idi. Ona görə də sənədlərini musiqi akademiyasına vermişdi. Bu üzdən son zamanlar dostları Ömər və Nərgiz ilə bir yerdə vaxt keçirə bilmirdi. O, bir bacısı və ata anası ilə birlikdə yaşayırdı.

Atası hüquq işçisi, anası isə riyaziyyat müəllimi idi. Bacısı məktəbdə dürdüncü sinifdə oxuyurdu. Təbiətcə mülayim, xoşrəftar olması Orxana yaxşı hörmət qazandırmışdı. Atası əvvəllər onun saksafonçu olmasına qarşı idi, yəni özünün yolunu davam etdirməsini- sağıcı ( sağıcı-insanı sağan mənasında) olmasını istəyirdi, lakin sonralar ona qarşı çıxmadı. Amma ürəyində ona qarşı bir gileyi vardı. Orxan sözündən dönməyən gəncdir. Zahirən hündürboy, ağbəniz, qarasaçlı,çox yaraşıqlı oğlandır. Musiqiyə və ümumiyyətlə incəsənətə sevgisi sonsuzdur. O, heç bir teatrın premyerasını qaçırmır, müxtəlif sərgilərdə iştirak edir, özü də rəssamlığı bacarırdı. Elə Ömər də konservatoriyaya hazırlaşırdı. Amma o, daha çox xəyalında musiqiçilərdən ibarət trio yaratmışdı. Bu trio Orxan, Nərgiz və özündən ibarət idi. Daima üçünün səhnədə necə alqışlandığını təsəvvür edirdi. Amma daha çox qızın və özünün xəyalını qurur, “üçüncü artıqdır” misalı yadına düşürdü. Bəzən də xəyalında zəif lampaları yanan küçədə, qaranlıq gecədə həmin adını bilmədiyi kompozisiyanın sədaları altında Nərgizlə necə rəqs etdiyini fikirləşirdi. Xəzan yarpaqları bu zaman havada küləyin təsirindən uçuşur, ətir yenə onu məst edirdi. Lampalar bu zaman yanıb-sönür, onlarla elə bil oynayırdılar. Qızın üzü gah görünür, gah görsənmir, gah itir, gah da ki, peyda olur. Sonra səhnə itir və Ömər gözlərini açaraq görür ki, budur, səhər açılıb.
 
* * *

Bir dəfə gözlənilmədən Ömərin xalası bərk xəstələndi. Qadın qızdırma içində titrəyirdi. Tələsik həkim çağırtdırıb xalasını təcili yardım maşınına qoyaraq xəstəxanaya apardılar. Ömər və Mərdan xəstəxana dəhlizində gözləyirdilər. Mərdan çox məyus görünürdü. Ömər tavana baxaraq nə isə fikirləşirdi. Həkim yarım saatdan sonra paltadan çıxdı. Ömər Mərdandan irəli çıxaraq həkimə yaxınlaşdı. Mərdan sakitcə kənarda dayanmışdı və Ömərin həkimlə nə isə söhbət etdiyini gördü. Həkim ondan ayrıldı və baş otağa tərəf getdi. Ömər məyus halda Mərdanın yanına gəldi. Yavaşca “vərəmdir” dedi və dəhlizdə qoyulan oturacaqda əyləşdi. Əllərini başına qoydu və aşağı əydi. Mərdan boynu bükük halda ona baxırdı. Xalası xeyli arıqlamış və halsızlaşmışdı. Dərhal müalicə, dərmanlar üçün pul lazım idi. Lakin hardan və necə? Mərdan məktəbdə oxuyurdu, Ömər isə bu vəziyyətdə konservatoriyaya hazırlaşmağı artıq ağlına belə gətirmirdi. Dünya sanki başına dolanmışdı. Bu günün üstündən düz iki gün keçdi. Günorta vaxtı Ömər evdə əlini çənəsinə dayayaraq mətbəxdə oturmuşdu. Həyatında səmum küləkləri əsirdi. Xalasına kömək etməyi başına ciddi şəkildə yerləşdirmişdi. Bir az öncə Mərdanla dalaşdığından əli-ayağı titrəyirdi. Mərdan da çarpayısında yorğanı başına çəkib ağlayırdı. Ömər gün kepkasını qapıb  evdən çölə çıxdı. Xəstəxanaya fikirli halda daxil oldu. Həkimdən güc-bəla ilə icazə alıb palataya girdi. Ona ağ qoruyucu xələt vermişdilər. Xalası ağappaq kağız kimi ağarmışdı. Ömər bu an səssizcə kənarda bir yerdə oturdu.Xalası kirpiklərini qaldırdı və dərhal onları qapadı, lakin yenidən açdı. Çox taqətsiz görünürdü. Ömər sakitcə:
Özünü necə hiss eləyirsən?
Xalası zəif halda xırıltılı səslə:
Ömər sənsən, yanıma gəlmisən?
Ömər tələsik:
Mənəm, özünü yorma...Həkim deyir ki, gərək çox danışmayasan........Mən səndən ancaq bir şey öyrənməyə gəlmişəm. O da atamın harda olduğunu bilmək.
Xalası bu suala bilmədi nə cavab versin. Görəsən bu fikir onun ağlına hardan gəlmişdi? Necə olmuşdu ki, neçə illərdir atası haqda heç bir şey soruşmayan bu sadə oğlan birdən-birə bu haqda düşünmüşdü? Axı nə məqsədlə, niyə görə?Amma xalası bilmirdi ki, bir dəfə telefonla qohumu ilə danışarkən oğlu, Ömərin atası haqda bəzi şeylər eşitmiş və bir az öncə Ömərlə dalaşarkən ona bəzi qaranlıq məsələlərdən söz açmışdı.
Xalası təəcüblə:
Başa düşmürəm nəyinə lazımdır?-ancaq bu sözü deyə bildi.
Ömər qaşlarını çataraq:
Mən sadəcə bilmək istəyirəm. Ancaq mənə onun yerini de.
Xalası yorğun halda:
Mən heç nə bilmirəm. Anan öləndən sonra ondan xəbərim yoxdur.
Ömər qışqıraraq:
Yalan deyirsən var! Mən atamın üzünü görsəm indi də tanıyaram.
Xalası narahat şəkildə:
Üstündən on il keçib, Ömər, necə tanıya bilərsən?
Ömər sanki yalvarırmış kimi:
Sən yetər ki, yerini de mənə.
Xalası öskürərək:
Sən məni incidirsən....dedim ki, heç nə bilmirəm Ancaq onu bilirəm ki, ayaqqabı fabrikində mühasib idi.
Ömər cəld sağollaşıb palatadan çıxdı. Həm də xalasını bu vəziyyətdə görmək ona ağır gəlirdi. O,axşama kimi küçələrdə dolaşdı, gəzdi. Fikir onu götürmüşdü. Bəlkə düz eləmirdi? Atasını tapmaq əvəzinə iş axtarmalı idi. Konsretvatoriya isə çox uzaqlaradan görünürdü. Ora onu özünə çəkir, lakin gözəgörünməz maneə yaxınına tərəf belə getməyə qoymurdu. Acdığını hiss edib özünə bulka aldı, lakin bir dişdək götürəndən sonra onu daşın üstünə qoydu. Xalasının dediyi ayaqqabı fabrikinə yollandı. Ayaqqabı fabrikinin binası üçmərtəbəli, çox köhnə, içərisi isə çox böyük idi. Bu vaxt hava qaraldığından işçilər getməyə hazırlaşırdılar. İçəridə çox xoşagəlməz qoxu vardı. Sol tərəfdə isə yuxarı mərtəbəyə çıxmaq üçün pilləkən qoyulmuşdu. Ömər işçilərə fikir verməyə başladı. On il bundan əvvəl gördüyü  insanı bəlkə tanıya bildi? İşçilər bu tanımadıqları üzü çilli, qonur gözlü oğlana etinasız baxıb keçirdilər. Heç kəs ona tanış gəlmədi, bəlkə də atası yadından çıxıb? Dərhal pilləkənlə ikinci mərtəbəyə qalxdı. Yadına düşdü ki, xalasının dediyi kimi atası mühasibdir. Ürəyində ”on ilə dünyada nələr dəyişməyib ki?!”-dedi. Sonra üzərində mühasib yazılan qapının ağzında durdu. Fikirləşdi ki, axı niyə belə axmaq hərəkət elədi? Atası heç onu axtarmır. Bəlkə özü qorxaqdır, hayatda tək qalacağından qorxur? Ürəyi ağrıdı, amma geriyə dönmədi. Yuxarıya tünd sarı rəngli geyimi olan sarışın, yöndəmsiz bir işçi qalxdı və Ömərə fikir verməyərək həmin qapını açdı. Bu zaman çöl tərəfdən otağın yarı hissəsi və otaqda əyləşən bir kişi aydın göründü. Ömərin ürəyi tez-tez döyünürdü. Qapı cırhacırla  örtüldü.
Əgər o olsaydı nə edəcəkdi? Məqsədinin nə olduğunu çəkinmədən atasının üzünə deyəcəkdi? Yenə bayaqkı həyəcan onun ürəyini bürüdü.....Artıq bir neçə dəqiqə idi ki, qapı ağzında səssiz dayanmışdı. Həmin sarışın işçi bu dəfə çölə çıxanda masa arxasında oturan kişi onu gördü. Kişi təəcüblə:
Ay oğlan, sənə nə lazımdır?
Ömər heç nə deyə bilmədi.
Kişi mülayim səslə:
Bura gəl!
Ömər bu sözdən ürəklənib içəri girdi.
Kişi:
Nəsə lazımdır?
Ömər birdən:
Mən Valeh Cəfərlini axtarıram.
Kişi yenə təəcüblə:
Kimi,Valeh Cəfərlini?..........e.......... burda elə işçi yoxdur.
Ömər tələsik:
O, işçi deyil.
Kişi əlini ağzında saxlayaraq:
Bəs onda kimi deyirsən?
Ömər”o mühasibdir” deyərək başını aşağı saldı.
Kişi sanki özündən razı vəziyyətdə:
Mənim adım Raufdur və gördüyün kimi də mühasib masasında mən əyləşmişəm.
Ömər sakit səslə:
Onda bağışlayın, bunu təxmin etməli idim.Vaxtınızı aldığıma görə üzr istəyirəm.
Otağın sağ tərəfində həmin kişidən başqa bığı və saçları çal olan bir mülayim üzlü şəxs əyləşmişdi. Ömər artıq pilləkəndən düşərkən bura gəlməyinə bir daha peşiman oldu. Çölə çıxanda artıq hava tam qaralmışdı, ama isti, xəfif külək əsirdi. O, səkinin qırağında əyləşdi və böyüklər kimi hərəkət etdiyinə görə bir anlq utandı. Birdən başının üstündə bir mülayim səs:
Valeh Cəfərli hə, yaxşı tanıyırdım.
Ömər darhal başını yuxarı qaldırdı. Bu, bayaq onun sağ tərəfində oturmuş və sonradan ötəri nəzər saldığı kişi idi. Ömər ayağa qalxaraq:
Başa düşmədim, bir də deyin.
Kişi yenə mülayim səslə:
Deyim də mən onu tanıyırdım.
Ömər kədərlə qarışıq sevinclə:
Necə, indi hardadır?
Kişi gülümsəyərək:
Əvvəla salam. Adın nədir sənin? Deyəsən Cəfərli hə?
Elədir ki, var. Ömər Cəfərli. .......e...mənim atamı tanıyırsız?
Kişi başını aşağı salaraq:
“Tanıyırdım.”-dedi. Bir az ətrafa baxandan sonra yenə:
Tanıyırdım, əlbəttə tanıyırdım.
Ömər:
Bəs deyə bilərsiniz ki, indi o hardadır? Mən onu axtarıram..
Ömər bir az qızardı...Yaxşı ki, hava qaralmışdı.
Kişi:
Mən səni xatırlayıram, daha doğrusu sənin haqda eşitmişəm.
Onlar yavaş-yavaş yola düzəldilər. Yolda gedə-gedə kişi təəcüblə:
Sən bəs heç bir şey bilmirsən? Mən əslində belə olduğunu bilmirdim. Məgər sənə heç nə deməyiblər? –alt dodağını qəribə şəkildə aşağı salladı.
Ömər həyəcanla:
Mən bilmək istəyirəm, xahiş eləyirəm deyin.
Birdən yolda kişi dayandı və anlaşılmaz səslə:
Məgər türmədə olduğunu bilmirsən?
Küçə lampaları birdən yandırıldı və kişinin gözünü qamaşdırdı. Ömərin qonur, parlaq gözləri kişiyə dikilmişdi. Kişi”nə vaxtdan bəri bilmirsən”-demişdi ki, Ömər yerindən sıçrayıb tələsə-tələsə kişidən uzaqlaşdı.
 
* * *

Artıq bir neçə gün idi ki, xalası Jalə evdə idi. Jalənin ayrıca fincanı, yemək boşqabı, güllü dəsmalı var idi. Ev şəraitində müalicə olunurdu. Evdə hərdən oğlanlar olmayanda qonşu arıq arvad ona qulluq göstərirdi. Mərdan həmişəki kim məktəbə gedib-gəlir, dərs oxuyurdu. Ömərə gəlincə, o, kiçik elitar restoranlardan birində foyedə skripka çalaraq restorana dəvət olunanlara musiqi ifa edirdi. Payızın sərin, bir az da romantik günləri davam edirdi. Orxan artıq konservatoriyaya, saksafon bölümünə qəbul olunmuşdu. Bu xəbəri o, çoxdan eşitmişdi. Nərgiz?......Nərgizdən isə xəbər yox idi. Həm də Ömərin arzuları puça çıxmışdı. Deyəsən trio arzusu da xəyal olaraq qalacaqdı. Ömər həmin çalışdığı restorandan normal məvacib alır,  və bu hələlik xalasının dərmanlarına bəs edirdi. Axşamların birində xalası və o, qonaq otağında əsasən dərmanlar barəsində söhbət edirdilər. Xalası narazı halda xələtinin ipini oynadaraq:
Mənə görə konservatoriyaya da qəbul olmadın.
Ömər boynunu qaşıyaraq:
Qəbul olmasam da görürsən ki, skripka bir işə yarayır. Pis yaşamırıq ki!
Xalasi fikirli halda:
Orası elədir, amma hər şey birdən oldu... Çayın soyuyur, iç.
Ömər:
Mən onsuz da hər şeyi bilirəm. Atam türmədədir. Amma sən mənə heç vaxt onun yerini demirdin, çünki mən soruşmurdum...gözləyirdim bəlkə özü gələ.
Xalası kədərli baxışlarla:
Bilirəm bilirsən. Desəydim nə dəyişiləcəkidi ki? İndi bildin, nə oldu?....hmmm işə bax ki, sən də skripka çalırsan-bir az acı təbəssümlə-nəyi dəyişdi, heç nəyi. Hamısı qısqanclığı üzündən. Nə var, nə var qonşuluqda bir skripka müəllimi anana baxırdı. Bəs bacımın nə günahı? Ehh hər şey qəribədir...Sən də həyətdə oynayırdın. Axı de, indi nə dəyişdi? Nəyi geri qaytara bilərik?...
Ömər cəld durub çölə çıxdı. Xalası təkbaşına öskürə-öskürə:
Bilməsəydin daha yaxşı olardı.
Ömər səsli-küylü küçə ilə tək yeriyirdi. Bu maraqlı şəhərdə deyib-gülən, gülərüz insanların hamısı ona yad gəlirdi. İnsanlar bir-birini əvəz edirdi. Həyat bütün açıqlığı ilə onun qarşısında idi. Hardansa yaxınlıqda gəmi fiti verildi. Özü də üç dəfə. Bəlkə də bu onun məyusluğunun son üç nidası idi. Məgər hər şey bitdimi? Özü də bilir ki, heç nə bitməyib. O yaşamaq xatirinə yaşayanlara nifrət edirdi. Birdən küçənin tininə burularaq gözdən itdi.

* * *

Üstündən düz bir il keçdi. Artıq qış gəlmiş, şaxtalar başlamışdı. Ömər hələ də həmin elitar restoranın foyesində skripka çalaraq çörək pulu qazanırdı. Bir dəfə soyuq günlərin birində restoranın qarşısında bir xarici markalı bahalı avtomobil dayandı. Qabaqda, sağ tərəfdə təxminən qırx-qırx beş yaşlı bir  kök kişi avtomobildən endi və arxa yük tərəfdən əlil  arabası çıxartdı. Restoranın şüşələri qara rəngli olduğundan hər şey elə də aydın görünmürdü. Bu dəfə Ömərin yanında iki musiqiçi də vardı. Bu məkanda nə tüstü his edərsən, nə də səs-küy. Səslənən musiqilər isə adama xoş təsir bağışlayır. Hələ suyun şırıltısı insanı lap sakitləşdirir... Birdən qapı iki xidmətçi tərəfindən açıldı və həmin şəxs əlil arabasında bir qızı içəri gətirirdi. Məgər dünya bu qədər dar, insanlar bu qədər bir-birinə yaxındır? Üçlükdə səslənən musiqidə bir skripka susmuşdu, simlərri tərpənmirdi. Arzular necə ürəkdə donur, həyat yerində necə dayanır? Ömər yerində elə bil donmuşdu. Gözlərində iki yaş, yağış damcısı kimi gilələnib yanaqlarından aşağı süzüldü. Kök kişi arabanı sürüb foyedən böyük zala daxil oldu. Ömər bu zaman yerində yox idi. O, dar dəhlizə daxil olub başını aşağı dikimişdi. Elə qız çıxana kimi də orda qaldı. Onlar gedəndən sonra isə qapının yanında dayanan xidmətçi oğlan Ömərə balaca bir kağız verdi. O, görəsən niyə gizlənmişdi və buna səbəb nə idi? Bəlkə Nərgizin onu görüb utanacağından çəkindiyi üçün, bəlkə də söz verdiyi trio arzusunu həyata keçirə bilməyəcəyini və açıq-aşkar onun burda skripka çaldığınından utandığı üçünmü?O, balaca kağızı tez açdı. Orda yazılmışdı:
“Ömər sən məni tanımasan da mən səni yaxşı tanıdım. Səni üç gündən sonra saat altıda muzey mərkəzinin böyük zalında gözləyəcəm. Unutmamısansa gələcəksən. Nərgiz.”
Ömər kağızı bağladı və onu əlində saxladı. Gözünün yaşı qurumuşdu...Dodaqları altından yavaşca “unutmamışam”dedi.
 
* * *

Üç gün keçdi. Axşam saat altıda çox tərəddüdən sonra Ömər həmin mərkəzin qarşısında idi. Ürəyində ”Dəniz burdan çox mənzərəli görünür” dedi və tarixi binaya daxil oldu. Həmin zalın qarşısında dayanıb gözünü pilləkəndən aşağı zillədi. Birdən qız öz əlil arabasını özü hərəkətə gətirərək onun qarşısında dayandı və sonra heç bir söz demədən zala daxil oldu. Ömər də onun ardınca getdi. Qız iki cərgə düzülmüş oturacaqların ortasında dayandı. Qız gülümsəyərək:
Mən elə bildim gəlməyəcəksən.
Ömər sakitcə:
Necə gəlməyə bilərdim? Özün de. Axı sən hər şeyi bilirsən. Bilirəm ki, bilirsən.
Qız:
Mənə baxmağından, hərəkətlərindən sevgi yağır. Amma hər şey qurtardı. Mən artıq sənin bildiyin, gündə bir qəşəng don geyib qarşında lalala eləyən qız deyiləm. Heç xəyalına da məni gətirmə. Xatirələr necə varsa qoy qalsın.
Ömər yuxarı başa gedib pianonun qarşıında dayandı. Sonra da onun dillərini tərpətdi. Birdən Nərgizə sarı dönərək:
Yadındadır, sən həmişə o otaqda bir kompozisiya səsləndirirdin, mən isə onu yadımdan çıxarırdım. Indi yadımdadır: Paul Mauriatın “Parapluisi.”
Nərgizin gözləri doldu və”yadımdadır”dedi. Sonra gözlərinin yaşını silərək:
Ayaqlarım şikəst olub, əllərim yox.
Ömər qıza baxdı və pianonun qapağını bağladı. Qıza yaxınlaşdı və yanağından öpdü. Əlləri ilə onun göz yaşlarını silib və “bağışla” deyərək zaldan çıxdı. Qız başını aşağı salıb hönkürdü...
                                                       
 * * *

Artıq üstündən altı il keçib. Orxan adlanan qəhrəmanlarımızdan biri əgər yadınızdadırsa o artıq özünü musiqi sahəsində təsdiqləmişdi. Gənc saksafonçular arasında ad qazanmışdı. Hələ özünün bəsdələdiyi musiqilər, sərgilədiyi rəsm əsərləri gənc incəsənət sevərlər tərəfindən bəyənilir və alqışlanırdı. Amma qrup yaratmaq hələ tez idi.
Musiqi akademiyasında Orxana aid xüsusi gecə keçiriləcəkdi. Şəhərin müxtəlif yerlərində afişalar asılmış, bu tədbirə hazırlıqlar gedirdi. Həmin o gün nəhayət ki, gəlib çatdı. Böyük, yaraşıqlı və qırmızı oturacaqları olan zalda çoxlu sayda tanınmış musiqiçilər, o cümlədən mötəbər qonaqlar əyləşmişdilər. Ömər də zalda oturub izləyənlər arasında idi. Amma tək Ömər deyil, onu izləyən bir nəfər də vardı. Bu şəxs haqda az sonra. Konsert başladı. Ömər nədənsə skripkanı da özü ilə gətirmişdi. Köhnə dostunu görmək arzusu ürəyini həyacanlandırırdı. Altı il az vaxt deyil. Bu vaxt ərzində Ömər çox dəyişmiş, gözləri elə bil daha da böyümüş, yaşı artmışdı. İyirmi dörd yaşlı Ömər sonuncu görüşdən sonra işlədiyi elitar restoranda işdən çıxmış, Bolqarıstana – dayısı oğlunun yanına getmişdi. Xalası çoxdan sağalmış, lakin bu dəfə də ayaqları tutulmuşdu. Mərdan isə tibb universitetində oxuyurdu. Ömər bu yaxınlarda Bakıya gəlib. O, təsadüfən afişanı oxuyanda sevincdən  gözləri yaşarmışdı. İndi artıq burdadır. Orxan saksafonu şən halda səsləndirir, Ömər isə olub keçənləri xatırlayırdı. Heç nə xatirələri dəyişə bilməz, insan istəsə belə. Amma hər şey nədənsə bu gün ona xüsusi xoş gəlirdi. Musiqi bitdi. Orxan gözlənilmədən Öməri səhnəyə dəvət etdi. Ömər təəcüblə ayağa durdu və insanların alqışlarını eşidib imtina edə bilmədi. Səhnəyə gəlib qeyri-ixtiyari Orxanı qucaqladı. Elə qucaqladı ki, onun bu səmimi hərəkəti zaladakıların alqışlarının daha da sürəkli olmasına gətirib çıxardı. Orxan məmnuniyyətlə Öməri təqdim etdi və onlar bir sonata səsləndirməyə başladılar. Səhnənin ortasında bir əlil arabasında qız peyda oldu. Hamı o qıza baxırdı. Orxan və Ömər dərhal musiqini dayandırdılar. Lakin Nərgiz heç nəyə fikir verməyərək küncə qoyulmuş pianoya yaxınlaşdı və həmin sonatanın ilk akkordlarını vurmağa başladı. Orxan və Ömər öz musiqi alətləri ilə ona qoşuldular. Bir nəfər isə yuxarı başda Ömərə gözlərini dikmişdi. Onun Ömərin gözlərinə oxşayan qonur gözləri dolmuşdu. O Ömərin izinə düşüb bura gəlmişdi. Bu insan Ömərin axtardığı atası idi. Hansı ki, bir skripkaçı üzündən arvadını öldürmüşdü. İndi öz oğlu skripka çalırdı. Hərkəs heyranlıqla bu trionun ifasına qulaq asırdı. Musiqi bitməmiş Ömər dayandı və səhnədən gözlənilmədən çıxıb getdı. Heç kəs bu hərəkəyi gözləmirdi, hətta atası da. Ömər bəlkə nə isə hiss eləmişdi? Bəlkə də nə isə görmüşdü? O müəmmalı şəkildə gözdən itdi. Hər şey onun arxasında qalmışdı.

* * *

Dəniz kənarında yalqız bir adam durub. Buruqlar uzaqdan adama əl eləyir. Yenə qağayılar baş-başa verib səs salırlar. Tutqun hava adamı darıxdırır. Səssizlik isə rahatlıq verir. Skripkada səslənən Paul Mauriattın “Paraplui” əsəri səslənir, dalğalar gah geri, gah irəli şəkilir. Arxada isə Orxan əlil arabasında Nərgizi gətirir və birdən Ömərə yaxınlaşıb onun arxasında dayanırlar.
Kənardan bu üç insan dəniz qarşısında elə bil nəyinsə hesabatını verirlər. Üçü də dayanıb dənizə baxırlar. Skripkada “Paraplui” səslənir, səslənir, hava yavaş-yavaş qaralır, günəş isə qüruba enirdi....

Avanqard.net

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.