Rauf Qərib - Dərdlərimi əşyalara qatarsan
25.02.14
Son xahiş
Ötənlərin xatirinə dinlə gəl, Gedər ayaq son xahişim var sənə. Getməyinə olmayacam da əngəl, Öncə dinlə, sonra isə get yenə.
Gəlişinlə gətirmişdin sevinci, Xoşbəxtliyi tanımışdım səninlə. Mənim üçün sən olmuşdun bir inci, Günəşimdin, yürüyərdim yönünlə.
İndi isə tərk edirsən səbəbsiz, Gəlişintək gedişin də müamma. Getmə deyə çökməyəcəm sənə diz, Son sözümü söyləyəcəm mən amma.
Çantaları yenidən yığ, düzənlə, Dərdlərimi əşyalara qatarsan. Demirəm ki hər an gəzdir özünlə, Məndən apar, yarı yolda atarsan
Şəkillərdə məhəbbət
Şəklinin küllərini, Suya qatıb içirəm. Sərxoş oluram hərdən, Özümdən də keçirəm.
Xəyallara dalıram, Mahnımız da oxunur. Hər qurtumda bir yerin, Dodağima toxunur.
Bilirəm dəlilikdi, Hər gün təkrar edirəm. Yoxluğunda səni mən, Beləcə var edirəm.
İstəyirəm yanımda, Əbədi taxt hörəsən. Bəs şəkillər bitəntdə, Neynəyəcəm görəsən?!
Avanqard.net
|