Qan Turalı - Cəfər kişiylə qurtarmaq vaxtıdır!
28.02.14

Bizim mühitin antiədəbiyyat tezisləri lap darıxdırıcıdır. Bu cür antiədəbiyyat tezisləri zəif işıqlı kafe künclərində, sərxoş nitqlərdə qalsaydı nə vardı ki? Bu tezislərlə ədəbiyyat yaradılır. Bu tezislərlə ədəbiyyata qiymət verilir. Və nəhayət bu tezislərlə insanlar yaşayır və ölürlər.

 

Bu tezislərin təkzibi ilə ömür çürütmək olar. Ona görə də çürüklüyü uzaqdan bilinən klişelərin tənqidini bir kənara qoyuruq. Mövzumuz reallığa münasibət məsələsidir.

 

Biz sosrealizm ədəbiyyatının şinelindən çıxmışıq, Azərbaycan ədəbiyyatının inkişafında sosrealizm misilsiz rol oynamışdır. Lakin, gözümüzü açıb, dünyaya baxaq, görək sosrealizm xalis Azərbaycan, ya da Sovet hadisəsidirmi? Əsla yox!

 

Realist yazıçılar bir deyil, min deyil. Tutaq ki, Turgenev də realistdir. 1949-cu ildə Nobel almış Steynbek də. Əsrin əvvəllərində yaşamış Teodor Drayzer də. İbsen də tənqidi realizmin nümayəndəsidir. Məsələnin kökü dərindir, bəlkə də lap masonlara qədər gedib çıxır.

 

Bu adları çəkməklə realizmin heç də milli və ya sovet icadı olmadığını göstərmək istəyirəm. Realizm vəhşi kapitalizm dövrünün ədəbiyyatıdır. Və bu dövrü yaşayan bütün xalqların ədəbiyyatı da realizmə əsaslanır.

 

Mən realizm, eləcə də onun sovet forması dedikdə heç də sovet zamanında ideoloji qayğılarla yazılmış əsərləri nəzərdə tutmuram. Çünki bu əsərlərin özü gerçəkliyin kobud təhrifindən başqa bir şey deyildi.

 

Azərbaycanda Sovet hökuməti qurulmamış da ədəbiyyat vardı və onun nümayəndələri – Cəlil Məmmədquluzadə, Haqverdiyev də realist idilər. Azərbaycanda realizm Sovetlə başlamadı, onunla da bitmədi.

 

Sosialistlərin ədəbiyyatı

 

Realist ədəbiyyatın nümayəndələri sosializm ideyasına yaxın bir xətt nümayiş etdirirlər. Yəni, sosialistlərin cəmiyyətdə tətbiq etmək istədiklərini, ya da sosialistlərin gördüyü cəmiyyəti təsvir edirlər. Hər hansı bir sosialist üçün tarix siniflər mübarizəsindən ibarətdir. Eləcə də realist yazıçılar dünyanı əzilənlər və əzənlər kimi görür, sosial bəlaların fərd və cəmiyyət üzərində oynadığı faciəvi roldan danışırdılar.

 

Tarixin zalım çarxının altında əzilənlər, sözsüz ki, var. Böyük insan faciələri əlbəttə ki, var. İstismarı əbədi olan bu zalım dünya hər zaman öz məzlumlarını da yaratmışdır. Bu situasiyada realistlərə görə  ədəbiyyatın da məqsədi o məzlumların halına yanmaq, cəmiyyəti sərt sosial boyalarla göstərib ifşa etməkdir.

 

Bu fikirlərdə həqiqət payı çoxdur. Lakin müasir dövrdə ədəbiyyat belə bir funksiya yerinə yetirməlidirmi?

 

Mən siniflər nəzəriyyəsi haqqında polemikaya girmək istəmirəm. Bunun mətləbə heç aidiyyəti də yoxdur. Biz sosiologiyadan yox, ədəbiyyatdan danışırıq. Mənim sözüm başqadır, mən ədəbiyyatın belə bir funksiya daşımadığını iddia edirəm.

 

Reallıqdan xilas mümkündürmü?

 

 

Haradasa bir fikir oxumuşdum: “Dünyada mövcud olan bütün ədəbi cərəyanlar realizmin ayrı-ayrı formalarıdır”. Mənbəyini xatırlamasam da haqq verirəm.

 

İnsan zəkası, hissiyyatı yalnız və yalnız mövcud olduğu, fəaliyyət göstərdiyi sosial məkanda, sosial reallıqda mövcuddur. Buna görə də insanı sosial məkanından, reallığından təcrid etmək tamamilə mümkünsüzdür.

 

İstər Viktor Hüqo olsun, istərsə də adi bir yazıçı, onların əsərləri öz dövrü haqqında bizdə təəssürat yaradır. Misal üçün Hüqonun romanlarındakı hadisələr Parisdə keçir, avtomobil hələ kəşf edilməyib, çörək bu qiymətədir, filan küçə o biri küçəni kəsir və s.

 

İdeal nəsr məncə heç bir milli, məhəlli, dövri məzmun kəsb etməyən əsərlərdir ki, bu ölçüyə ən uyğun gələn Frans Kafkadır.

 

Hər bir dövr öz ədəbiyyatını yaradır. Tutaq ki, Orta Əsrlərin ilkin feodalizm cəmiyyətində klassisizm cərəyanı tüğyan edir. Avropada da, Asiyada da. Fərq etməz.

 

Təkcə Fransa Burjua inqilabından sonra yox, bütün inqilablardan sonra romantizm cərəyanının şahənşahlıq dövrü başlayır.

 

Sivilizasiyanın böhrana girdiyi, insanların zəkaya inamının itdiyi, bəşəriyyətin total ümidsizlik girdabına yuvarlandığı bütün dövrlərdə isə modernizm zühur edir və onun peyğəmbərləri bizi bədbəxt bir gələcəklə “müjdələyir”.

 

Qısacası, fəlsəfi ideyalar hər bir dövrün ruhundan doğur. Əlbəttə ki, səbirsizliklə öz dövrünü qabaqlayan mütəfəkkirlər də olub. Amma onlar Vanqa nənə deyildilər, sadəcə iti gözləri fırtınanı hamıdan qabaq görməyə imkan verirdi. Tutaq ki, Kafkanın yazdıqları cəmi 20-30 il sonra gerçəkliyə çevrildi. Milan Kundera deyirdi ki, postsovet ölkələrində yaşayanlar Kafkanı realist yazıçı hesab edirdilər. Düz deyir.

 

Gerçəkliyin çoxölçülüyü

 

Fəlsəfədə gerçəklik, reallıq anlayışı haqqında çox yazılıb. Hərə onu öz gördüyü kimi təqdim edib. Qısaca bir misal verəcəm, özünüz də görəcəksiniz reallığın necə mürəkkəb olduğunu...

 

Sən ey bu yazını oxuyan əziz dost... Cinlərə inanırsanmı? “Yox” dediyini eşitdim. Ola bilər ki, sənin xəyal dünyanda belə cinlər yoxdur. Olsun. Amma yanında dayanan dindar qardaşına da bu sualı versənə... Bəli, o, dinə inanır və inandığı dinin müqəddəs kitabı ona cinlərin mövcudluğu haqqında danışıb. O, cinlərə inanır... Sən isə yox. İndi cin gerçəkdir, yoxsa deyil? Reallıq bu qədər mürəkkəb və deyəsən o qədər də sadədir...

 

Bizim içində yaşadığımız gerçəklik ancaq bizim gördüklərimizdən ibarət deyil. Söz yox ki, hamı öz istədiyi kimi dünyanı görür. Hakim bir cür görür, müttəhim başqa cür. Dindar bir cür qavrayır, ateist ayrı cür.

 

Bizim realist yazıçılar adlandırdığımız qəbildən olanlar isə dünyanı çox sadə və bəsit təsəvvür edirlər. Bəli, orda bir kənd var, o kənddə bir Cəfər kişi var, Cəfər kişinin işığa borcu var, oğlu da Rusiyaya iş dalınca gedib, amma pul göndərmir, Cəfər kişinin arvadı Fatma xala da sizdən naxoş bir az nasazlayıb. Bu cür mətnlərlə hekayə yazırlar. Hərçənd mən girib hekayənin əvvəlinə “Cəfər kişi poçta gedib oğlunun göndərdiyi min dolları aldı” cümləsini yazsam hekayə mənasız bir şeyə çevriləcək. Çünki bu hekayənin dərdi min dollardır...

 

Amma yaşadığımız dünyanın dərdi min dollarlıq deyil. Heç dollarlıq da deyil. Yaşadığımız dünyada reallığın sərhədləri çox genişlənib və dünyanı ancaq siniflər mübarizəsi kimi görmək o qədər də uğurlu deyil. Siniflərin mübarizəsi var, amma yaşadığımız dövrün ziddiyyətlərini ancaq siniflər mübarizəsi ilə açmaq bekara işdir. Açmaq olar, ancaq çox səthi görünər.

 

Fəlsəfənin əsas məsələsi

 

Fəlsəfənin əsas məsələsi varlığın şüura, təfəkkürün materiyaya münasibətidir (F. Engels). Birinci olan hansıdır?

 

Səməd Vurğunun Qoca Marks adlandırdığı Karl Marks deyirdi ki, ictimai şüur ictimai varlıqdan doğur. Kəsəsi, hər şey - ədəbiyyat da, fəlsəfə də, elm də reallıqdan yaranır. Əslində Marks reallıq demirdi, istehsal münasibətləri ilə məhsuldar qüvvələrin ziddiyyətindən danışırdı, mən sadə formada yazdım.

 

Lakin ədəbiyyat təkcə reallıqdan yaranmır, onların münasibətləri qarşılıqlıdır. Ədəbiyyat həm də reallığı yaradır da...

 

Misal da verəcəm. Şiller “Qaçaqlar” pyesini yazdıqdan sonra minlərlə gənc ev-eşiyini, rahat həyat şəraitini atıb dağlara çıxdı və nifrətlərini bu cür büruzə verdilər. Halbuki bu pyesə qədər Almaniyada qaçaqlıq hərəkatı yox idi. Uzaqgörən alman hökuməti pyes səhnəyə qoyulan kimi Şilleri həbsə atmışdı.

 

Sözsüz ki, başqa misallar da var. Bayaq Kafkanı da xatırladıq. BBC-də maraqlı bir yazı çıxmışdı, onu da deyək. Mehmet Ali Alabora “Mi Minor” adlı bir pyes yazdı, pyesdə “Mi” notunu qadağan edən hökumətə qarşı üsyandan söhbət açılırdı, sosial media vasitəsi ilə təşkilatlanan üsyançılar hakimiyyəti dəyişirdilər. Hakimiyyətə yaxın olan qəzetlər yazdı ki, əslində bu pyes Gezi hadisələrinin məşqi idi. Bax, belə misallar çoxdu...

 

İndi gəlin, fəlsəfə meşəsinə bir də baş vuraq. Kant deyirdi ki, cibimdəki yüz talerlə, fikrimdəki yüz taler arasında heç bir fərq yoxdur, onların ikisi də mövcuddur, biri fikrimdə, o biri isə cibimdə...

 

Siz Makedoniyalı İsgəndərin varlığına inanırsınız? Bəs Raskolnikovun varlığına necə? Siz Neronun nə zamansa bu dünyada mövcud olduğunu düşünürsünüz? Siz Robespyerin yaşadığını bilirsiniz? Elədirsə Jan Valjan necə olsun? Axı real həyatda yaşayıb-yaşamamağından asılı olmayaraq onların hər ikisi mövcuddur. Kantın dediyi kimi, biri xəyalda, o biri isə gerçəklikdə.

 

Bir az da tündləşdirək. Biz Neronun mövcudluğunu hardan bilirik? Görməmişik axı Neronu. O zaman heç foto da yoxuydu. Kitablardan bilirik. Bəs Jan Valjan? O da kitabda mövcud deyilmi?

 

Sözüm odur ki, həyat ancaq bizim bayaqkı Cəfər kişidən ibarət deyil, o çoxqatlı, çoxplanlı, mürəkkəb bir gerçəklikdir.

 

Ədəbiyyatın qələbəsi 

 

Ədəbiyyatın ortaya çıxdığı dövrdən etibarən reallığın xüsusi bir formasını yaradıb. İlk ozanlardan tutmuş indiyə kimi bütün ədəbiyyat yaradıcılarına eyni sual verilib: Yazdıqlarınızın nə qədəri düzdür? Hamı ədəbiyyatın reallığa uyğunluğunu axtarıb, onun reallığın xüsusi növü olduğunu düşünməyib.

 

Yazıçı bir roman yazıb, tarixçilər hay salıblar ki, bəs tarixi təhrif elədin. Əxlaqçılar ordan qışqırıb ki, qoymayın, qeyrətimizi apardılar. Dindarlar burdan deyib ki, dinimiz əldən getdi. Hamı ədəbiyyatı öz reallığının, öz gerçəklərinin boyunduruğuna salmaq istəyib. Bununla belə ədəbiyyat daim öz mövcudluğunu qoruyub, xüsusi reallıqlar, xüsusi həyat yaradıb.

 

İndiki dünya isə başqa dünyadır. Bu sözü çox eşitmisiniz. Çox vaxt da yalan olub. Amma mən doğrusunu deyirəm. Heç bir zaman dünyada virtual reallıq bu qədər güclü olmayıb. İnterneti, sosial şəbəkələri nəzərdə tuturam. Müasir dünyada reallıqla virtuallığın sərhədləri itib. Əslində virtuallıq da reallığın başqa formasıdır. Bəlkə maddi reallıq deyək? Virtual da əlbəttə ki, maddidir - cihazın olmasa gir internetə, görüm necə girirsən... Amma Facebooku əllə tutmaq olmur. Halbuki o, milyarddan çox insanı əlində saxlayır. Təsəvvür edin ki, Facebooka vərdişkar olanlar üçün xüsusi klinikalar fəaliyyət göstərir. Bu dəqiqə dünyada psixoloqların əsas problemləri budur: gəncləri virtual dünyadan çıxardıb real dünyaya gətirmək... Sadəcə olaraq qovmurlar ordan. Çünki ora daha maraqlı gəlir.

 

Biz Facebook, Tvitter, Youtube, müxtəlif bloqlar dövründə yaşayırıq. İndi internet qarşısında oturmaqla yemək sifariş vermək, paltar almaq, inqilab eləmək, kitab oxumaq, filmə baxmaq mümkündür... Siyahını özünüz tamamlaya bilərsiniz...

 

Ədəbiyyatın da qarşısında bu cür mürəkkəb reallıq var. Artıq insanlar reallıq hissini itiriblər. Onlar real aləmlə virtuallığın sərhədlərində yaşayırlar. İnternet şüurları zəbt eləyib. İnsan interneti yaratdığı kimi, internet də insanı yaradıb. Tanış olun, bu xüsusi insan növüdür. O, elə sənsən, mənəm, hamımızıq!

Bu adamları - bizi nə ilə təəccübləndirəcəksən, ey Cəfər kişinin nağılını bizə danışan hörmətli yazıçı? O, bir saniyə içərisində buşmenlərin  həyatı haqda sənədli filmə də baxa bilər, BBC-nin canlı yayımına da! İstəsə gedib fetiş seks hekayələri oxuyar.

 

Sən bu adama öz nağılını danışmalısan. İçində reklamlar, linklər, hiperlinklər, təbəssüm işarələri, həyat dramaları, ironiya, kədər, ağrı olan nağılı...

 

Yoxsa sənin nağılın da kişmiş oyunu kimi bir şey olacaq. Ona yalnız avamlar inanacaq.

 

Doğrudan da avam varmı?

Yenililklər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
13.12.23
Yun Fossenin Nobel mühazirəsi
11.12.23
2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb
11.12.23
Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılı
11.12.23
Mixail Lermontov - Vəsiyyət    
11.12.23
Tutu Ağayeva - "Gözəgörünməzlər"in görünən və görünməyən tərəfləri
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.