Etibar Salmanlı - Yusif Vəzir Çəmənzəminlinin “Studentlər”i haqqında
04.03.14

Yazı "Kultura.az" saytının "Studentlər" yarışması üçün yazılmışdır

Yusif Vəzir Çəmənzəminli adı Azərbaycan oxucusu üçün çox tanış addır. Çəmənzəminli həm yazıçı, həm də dövlət adamı olaraq Azərbaycanın ədəbi, mədəni, siyasi həyatına öz imzasını atmış bir insandır.
 
Çəmənzəminli dedikdə gözümüzün önündə bir neçə parlaq və unudulmaz roman müəllifi, milli fikrin yaranmasında böyük əziyyətləri olmuş ziyalı, maarifçi, Azərbaycan Demokratik Respublikasının Türkiyədə ilk səfiri olmuş bir obraz canlanır.
 
Y.V.Çəmənzəminli 1887-ci ildə Şuşa şəhərində Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirovun ailəsində doğulmuşdur. Onun atası Şuşa bəylərindən idi. Yusif Vəzirin də bəylik titulu müəyyən zamandan sonra şəhadətnamə ilə təsdiq edilir.
 
Yusif Vəzirin atası fars və türk dillərini mükəmməl bilir və varidatını xanəndələrə xərcləyirdi. Onun Firdovsi və Fizuli sevgisi həddən artıq böyük idi.Çox güman ki, Yusif Vəzirin ədəbiyyat sevgisi ailədən gəlmişdi.
 
Yazıçının təhsili də çox maraqlı nüanslarla zəngindir. Şuşada “Kar Xəlifə”nin yanında başlayan elmi səyahət sonradan Ağdama, ordan da Muradbəyliyə, özü də rusdilli məktəblə davam edir. Sonradan Şuşaya qayıdan Yusif Vəzir Şuşa realni məktəbinə daxil olur. O, bu məktəbə daxil olanda artıq azərbaycan, türk, fars, rus dillərini mükəmməl şəkildə bilirdi. Lakin rəsm və heykəltaraşlığa marağı realni məktəbdə ona birincilərdən biri olmağa imkan vermir.
 
Şuşada erməni-türk məsələləri illərində atasını xəstəlikdən itirən yazıçı Ağdamda xəstələnir, ağır, böhranlı günlər keçirir. Bu dövründə ona ancaq Cənubi Azərbaycandan – Çəmənzəmin kəndindən Yusifgilin həyətinə pənah gətirmiş Həsənxan, Nifti və Fərəc qardaşları dəstək olurlar.Yazıçının sonradan Çəmənzəminli imzasını götürməsi bu ailənin gəldiyi kəndin adı ilə bağlıdır.
 
Sağalan Yusif Vəzir Bakıya realni məktəbə gəlib təhsilini davam etdirir, ardınca isə qısa müddətlik Aşqabada gedir.Orda latınca öyrənməyə başlayan yazıçı imtahan verərək universitetdə təhsil almaq şansı qazanır.
 
Aşqabaddan qayıdaraq Ukraynaya – Kiyevə gedir. Müqəddəs Vladimir adına İmperator Universitetinin Hüquq fakültəsinə daxil olan Yusif Vəzirin qarşısında bir çox yeni üfüqlər açılır.
 
O, universitetdən əvvəl də siyasi-ictimai motivli karikaturalar çəkir, məqalalər, şeirlər yazır, hətta əmisi oğlu ilə “Fokusnik” adlı balaca dərgi çap edirdi.
 
Kievdə isə o, azərbaycanlı tələbələrlə birgə nəşriyyat quraraq, əsərlərimizi rus dilinə tərcümə edir, rusdilli xalqın diqqətinə çatdırırdı.Yazıçı yazdığı məqalələrdə və “Studentlər” romanında bu məsələdən geniş şəkildə bəhs etmişdir.
 
Yusif Vəzirin tələbəlik illərinin sevincini yeganə qardaşının ölümü yarımçıq qoyur.  O, Rəsulzadədən, Topçubaşovdan yardım istəsə də heç bir nəticə hasil olmur.
 
Yusif Vəzir Fransaya köçərək hüquqçu kimi Parisdə iş tapa bilməmiş və Fransanın Klişe şəhərində fəhləlik etməyə başlamışdı. O dövrlərdə məktub yazaraq “Müsavat” Partiyasından çıxmış və müsavatçılar tərəfindən böyük tənqidlərə məruz qalmışdı.
 
Yazıçı yazdığı məktubda müsavatçılarla bağlı fikirlərini anlatmışdır. Hətta qardaşının ölümündə bir çox müsavatçını günahkar bilmişdi.
 
“…Bu əsnada Topçubaşov Əlimərdanbəyin əlinə yenə “millət naminə” paralar keçdiyini eşitdik. Qardaşım yazıb, Əlimərdanbəyə anlatmış və kömək istəmişdi. Fəqət məktubuna heç bir cavab verilməmişdi…”
 
“M.Ə.Rəsulzadəyə qardaşım bir məktub yazmış və Məhəmməd Əmin ona 3 dollar göndərmişdi”
 
“Məhəmməd Əmin bunu bilməlidir ki, dünyada mənim yeganə qorxum ədalətdəndir.Ədalətdən bixəbər, millətini para müqabilində müzür mühadilərə soxan alçaqlardan qorxmaq tənəzzülündə bulunmam.”
 
Bakıya qayıdan Yusif Vəzir bir müddət burda müxtəlif yerlərdə işləsə də sonradan özünə qarşı münasibət dəyişdiyindən 1938-ci ildə Urgəncə müəllim kimi gedir.1940-cı ildə Urgəncdə həbs edilən Yusif Vəzir ilk dəfə Keşlədə məhkumluq həyatı yaşayır. Sonra isə Nijni Novqoroda “yatab” edilən ziyalının bu gedişi Azərbaycandan son gedişi olur. O, 1943-cü ildə Suxobezvodnaya adlı həbs düşərgəsində vəfat edir və Betluqa çayı sahilində dəfn edilir. Yusif Vəzirin QULAQda vəfatından illər sonra 1956-cı ildə ona bəraət əmri verilir.
 
“Studentlər” romanı və Çəmənzəminli
 
Onun 1934-cü ildə yazdığı “Studentlər” əsəri yaradıcılığında mühüm yerlərdən birini tutur. Əsərdə inqilabdan əvvəl azərbaycanlı tələbələrin Kiyev sərgüzəştlərindən bəhs edilir. Müəllifin sağlığında 3 dəfə çap edilmiş əsər bu gün də böyük əhəmiyyət daşıyır.
 
Əsərin “student”in yaşaması üçün ev-otaq axtarışı ilə başlamasının da çox böyük anlamı var. Çünki roman məhz birinci səhifəsindən sonuncu səhifəsinə qədər baş qəhrəmanın (Yazıçı yaratdığı Rüstəmbəy obrazında, oxuculara məhz özünü təqdim edir – E.S) axtarışları ilə doludur.
 
Yusif Vəzirin həyatda ziddiyətli şəxs olmasının açıq sübutu kimi onun yaratdığı Rüstəmbəy obrazını və həmin obrazın fikirlərini, etdiklərini, etmək istədiklərini və edə bilmədiyi işləri göstərmək olar.
 
Əsərdə türk (azərbaycanlı – E.S) tələbələrin tiplərini açıqlayan yazıçı bütün obrazları tənqid etsə də, demək olar ki, təkcə baş qəhrəmana – Rüstəmbəyə “əl vurmur”. Rüstəmbəy milli məfkurə, hürriyyət, federativ cümhuriyyət arzuları ilə yaşasa da, bəzən özü də öz fikirləri arasında labirintə düşür.
 
Ruhunun çarpışmasında hər kəsi, həmçinin, öz fikirlərini də tənqid edən Rüstəmbəy əsərin sonuna qədər dəqiq bir fikrə gələ bilmir.
 
Tələbələrin həyatını təsvir edən “Studentlər”, sanki bu günün azərbaycanlı tələbələrinə işıq saçmaq istəyir.
 
Əsər o dövrün “tənqid”lərindən özünə yetərincə pay alsa da elə bil o dövrün tələblərinə əsasən  yox, müasir dövrün, bu günün tələbləri üçün yazılıb.
 
Əsərdə obrazların bəziləri qorxaq, bəziləri cəsur inqilabçı, bəziləri isə şəraitdən istifadə edən tiplərdir. Müəllif əsərində o dövrün qanunlarını yox, insanlarını tənqid edirdi.
 
Əsərdəki Qulu obrazını oxuyan hər kəs əgər bu günün oliqarxiyasını düşünmürsə, demək, nə yazıçını, nə də “Studentlər”i anlamayıblar. Çəmənzəminlinin o dövrün neft maqnatları, oliqarxları olan insanları tənqid etməsinə, Tağıyevi “Bakı Padşahı” kimi qələmə verməsinə diqqət yetirmək vacibdir.
 
O, Bakıda qoçuluğun, qanunsuzluğun baş alıb getməsini məhz Tağıyevin yalançı ziyalılığında görürdü, həmçinin müəllif Rüstəmbəy obrazını yaradaraq sanki o dövrün Azərbaycanında yaradılmış “Müsavat”ın rəhbərlərini açıq olmasa da, üstüörtülü şəkildə tənqid edirdi.
 
Rüstəmbəy “Studentlər”in baş qəhrəmanı, lideri olsa da əsəri diqqətlə oxusanız, onun nə qədər çatışmayan cəhətlərinin, cəsarətli olsa da, lazım olan anlarda cəsarətsizlik göstərməsini görə bilərsiniz.
 
Əsərin əsas mövzu istiqamətlərindən biri də türklərin (azərbaycanlıların – E.S) öz qonşuları olan erməni və gürcülərdən mədəniyyət baxımından geridə qalmasıdır.
 
Yazıçı burda, ən əsas maneənin xalqın “din adlı bir əjdaha”nın ağzında olmağını göstərirdi. İnsanların istəklərini, həyatlarını hansısa dinin qaydaları ilə yaşaması və xalqın öndə gedənlərinin dindən istifadə edərək, insanları cahillikdə saxlamaq istəməsi yazıçının əsərdə önə çəkdiyi əsas məqamlardan biridir.
 
Bir çox dialoqlarda dinin lehinə və əleyhinə kompromatlar göstərilir. Sanki yazıçı öz-özlüyündə “ikinci MƏN” ilə mübarizə aparır. Hər halda Rüstəmbəy obrazı, eləcə də Yusif Vəzirin özü dini çox yaxşı bilirdi, lakin səadətin dində olmadığı fikrinə gəlməsi uzun zaman almışdı.
 
Müəllifin fikrincə, xalq da səadətin dində yox, maarifdə, təhsildə, sənayedə olduğunu anlayacaq, ancaq xalqın sadə nümayəndələri bunu anlayanda çox gec olacaq. Necə ki, yaxın qonşulardan geridə qalmaq həqiqəti ilə üzləşmişik.
 
“– Zənnimcə - dedi, - Amerikanın yeni dinə ehtiyacı yoxdur.Amerikanın dini sənaye və ticarətdən ibarətdir.Amerikada xalq o qədər məşğuldur ki, başlarını qaşımağa belə macalları yoxdur. Din axtarmaq işsizlik əlamətidir. Din və məzhəb icadı şərqlilərin inhisarındadır. Ömrümüzü o qədər işsizliklə, xəyal və mövhumatla keçiririk ki…”
 
Əsərin bir çox hissəsində milli ruhu, milli məfkurəni dəstəkləyən fikirlər verilsə də sonlara doğru, sanki, Yusif Vəzir bu istəyindən də vaz keçməyə başlayır.1917-ci ildə “Açıq söz” qəzetində çap edilmiş məqaləsində milli ruhu yaratmaq üçün hətta Üzeyir Hacıbəyova da müraciət edilməsinin gərəkli olduğunu deyən yazıçı əsərin sonlarında bu fikrinin də iflasa uğradığını bildirir.
 
Müsavatçılara yazdığı məktubunda isə yazıçının “milli məfkurə”sinin artıq bitdiyinin şahidi oluruq.
 
“Zamanları keçmiş, söz və söhbətləri köhnəlmiş altun üftadəsi Topçubaşovlardan, Xəlilbəy Xasməhəmmədovlardan, qoçu Məşədi Əlilərdən, Rəsulzadələrdən və başqalarından millətə fayda gözlənməz.Yetər ki, mən qurban oldum.Nahaq yerə, yalançı propaqandalara uyulmasın.Əgər “milli məfkurə” bizə zülm bəxş edəcəksə, ölsün o məfkurə.Əgər məfkurə dediyimiz ibtidai bir idarədə qövmi bir təşkilat idisə, yox olsun o məfkurə”.
 
Əsər sonradan çox böyük tənqidlərə məruz qaldı. Sovet maşını əsəri kəsib-doğramaqdan, haqlı-haqsız tənqidçilərin qarşısına itələməkdən yorulmadı.
 
Düzdür, əsərdə Lenin inqilabı haqda da ikili fikirlər var. Fikirlərinin sosialistlərin fikirləri ilə üst-üstə düşdüyünü bilsə də millətlərə azadlıq fikrini Lenin və daima oxuduğu “Pravda” qəzetindəki məqalələrdə görmədiyindən bu quruluşa da inamı tam deyildi.
 
Əsərdə çarlıq rejiminin dağılıb və ya devrilib xalqların ağ günə çıxarılacağı fikri yer alır, amma əsərin sonunda baş qəhrəmanın, sanki qarşıdakı rejimin də uğurlu seçim olmayacağı fikrinə sətiraltı da olsa rast gəlirik.
 
Yazıçının çar rejiminin çökməsi nəticəsində inqilabın ölkəyə uğur gətirəcəyini düşündüyünü inkar edə bilmərik. İnqilab onun düşündüyü kimi olmadı, ümumiyyətlə, Rusiyada baş verən inqilab, çar rejiminin devrilməsi ilə xalqı daha ağır çətinliklərlə üz-üzə qoydu.
 
Yazıçının aclıq və ürəktutmasından vəfat etdiyi QULAQ düşərgəsi haqqında “QULaq arxipelaqı” adlı üç cildlik əsər yazan Soljenitsın deyirdi ki: “Heç bir xalq etdiyi inqilabla cəhənnəmin dibinə düşmədi. Ancaq biz – rus xalqı bunu bacardıq. İnqilab etdik və hər şey əvvəlkindən də pis oldu. Bunu heç bir xalq bacarmazdı, ancaq biz bacardıq”.
 
Yusif Vəzir də məhz əsərin sonlarında bu ziddiyyətli fikirlər arasında qaldığını oxucuya çatdırmağa çalışır.
 
Əsərdə yazıçı oxucusuna qadın obrazları ilə də çox mənalı mesajlar verir
 
Romandakı Sofiya, Şirin, Musya və Sayad obrazları əsəri daha da maraqlı edir. Rüstəmbəyin Sofiya və Musyaya etdikləri ilə Sayada və Şirinə göstərdiyi hörmət çox təzadlıdır. Yazıçı Sayadın timsalında qadınlarımızın geridə qalma səbəblərini özlərində axtarmalarını oxuculara məsləhət edir. Ancaq müəllifin Rüstəmbəyin evlənmək üçün “türk qızı” axtarmasını, qəhrəmanın daxili ziddiyyətlərini qadın mövzusunda da nümayiş etdirir. Lakin yazıçı Musya obrazı ilə Rüstəmbəydən bu günə qədər etdiklərinin, əsasən də Sofiya xanıma qarşı etdiklərinin qisasını alır.
 
Çəmənzəminlinin “Studentlər” əsərini, şübhəsiz, o dövrün şah əsərlərindən biri kimi qəbul etməliyik. Yusif Vəzir iki hissəli əsərində bir çox mətləblərə ustacasına yanaşaraq, bir çox problemləri işıq üzünə çıxarıb. Əlbəttə ki, zaman sağlığında olmasa da, ölümündən sonra müəllifə öz layiqli qiymətini verdi. Ancaq düşünürsən ki, sanki yazıçı əsəri bitirməyib.“Studentlər”i bitirdikdən sonra insanda elə bir sual yaranır ki, görəsən, Rüstəmbəy stansiyada Musyadan ayrılaraq hara gedir və bu xarakteri ilə başına daha nələr gəlir?
 
Yazıçı isə əsərini elə başladığı kimi, axtarışlarla, ziddiyətli, düşündürücü fikirlərlə bitirir.
 
“Qatar tərpəndi. Rüstəmbəy peşman çöhrə ilə baş əydi və ayrıldığına sevindi…” /kultura.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.