Xanəmir Telmanoğlu: "Söz ona görə yaradılıb ki, kainatın sonsuzluğuna bir sınır cizsin"
26.03.14

Tanınmış yazar Xanəmir Telmanoğlu ilə müsahibə


-Özünüz və son yaradıcılığınız haqqında qısa məlumat verin?

-Əlində qələm deyil, önündə biixtiyar bilgisayar olanlardan biri də mənəm bu axır - zaman Azərbaycanında. Çünki hər yazar intuisiyasıyla bəlkə də yaşadığı dönəmin axır-zaman olmasını duymasından dolayı, sanki özünü qoruyacaqmış kimi yazıya əl atmasını, sözə dil uzatmasını gizlədə bilmir. Bu il çap edə biləcəyim bir neçə kötəklənəsi kitabım var. Bunların içərisində proza, poeziya, ədəbiyyat üzərinə yazılar və hz. Məhəmməd (s.a.v.) ilə bağlı kitablarım keçən ildən hazırdır. Özümlə dalaşa-dalaşa yazmağıma da davam edirəm.

-İsa Muğannanın Saf Ağ elmi ilə Xanəmir bəyin yaradıcılığı arasında hansı əlaqə var?

-İsa Muğannanın yorğunluğunu üzərindən ata bilmiş yaradıcılığına sıcaq sayğımı ifadə edirəm. “Məhşər”i və “İdeal”ı daha çox maraqlıdır. Yaradıcılıq yaxınlığı varsa, məncə, bu ələ – ovuca baxmayan ədəbiyyatşünasların, təyinatlı tənqidçilərin iri işidir. Bu münasibətdən söz açarsam, başqasının haqqına girmiş olaram. Muğanna yalqız yazarlardan sayılmalı ki, özünə qədər bütün lazımi ədəbi keçidləri təfəkkür tarlasında diriltmiş kişidir. Hər bir yazara kimi mövcud olmuş etnosun yaradıcılıq tutumu ölüləşir. Bu yaradıcılıq komponenetləri yalnız bir halda dirilik qazanır:- təkrarlanmadan, mahiyyəti itirmədən forma və şəkil dəyişimində yenidən zühur edə bilir. Bu da Muğanna. Əsl yazarda yaradıcılıq sferasında bir az da Məsihlik gərək. Muğanna məğrurcasına məharətlə deyir ki, biz gəlməyik. Bu güllü-çiçəkli, göylü gəlişdə bir də dil şahidliyi var. Bizim üzərimizdən cinayət əlaməti olaraq özəl bir kosmoqonik dil “bulunmuş.” Təhrif olunmuş inanclar, dinlər, kitablar kimi, türklərin dili də təhrifə uğradılmış. Bu göylərdən verilmiş dilin misilsiz mahiyyətində Yaradanın bizimlə bağlı çılpaq, hətta soyulmuş sonsuz imkanları və rəhmanlığı hiss olunur.

-Vaqif Bayatlı Odərin belə bir misrası var: “Yer üzü Tanrının qapısı ağzında bir damla su”… Bəs sizin fikrinizcə, Yer kürəsi hardadı? Tanrıdan nə qədər məsafədədir?

-Tanrının hər nəfəsimizdə aydınlanan adını çəkdinsə, heç nə Onunla məsafə təşkil etməz. O şeylər ki, sevgiyə, eşqə köklənib, orda məsafə izn alıb ilim-ilim itir. Harda ki, riyakarlıq, ikiüzlülük, qorxaqlıq və əxlaqsızlıq hökm sürür, orda Tanrıyla “obeyktin” arasında məsafələr, istiqamətlər çözülməyə, görünməyə başlar. Bu gün tez-tez yırğalanan yer kürəsi üzərindəki saliklərli, istixfarda bulunan bəndələriylə Tanrının lap yaxınındadır. Bü gün yer kürəsi üzərindəki riyakar və qantökənlərlə, mənsəp və çirkli para sahibləriylə Tanrının təkliyindən və birliyindən olduqca uzaqdadır.

-Bir eşq şeirinə kainatı sığışdırmaq olurmu?

-Sözün sehrkar sahəsi, tutumu sonsuzdur. Sonsuzluq və əbədiyyət əxlaqı insanların şərikli şüuruna qaynağından sıyrılmış sözdən keçib. Nəinki bir eşq şeirinə kimliyi insanda, insanlıqda gizli kainatı sığdırmaq, elə sözlər var ki, onun hər hərfinə kainatı tapşırmaq, yükləmək mümkün. Bu baxır o sözün kim tərəfindən, necə, nə cür deyilməsinə. Məsələn “Hu” sözü var. Iki səs, iki hərf, bir heca görünür. Ancaq bu sözü görünənə çevirmək imkanımız olsaydı, milyardlarla canlı bu sözün irilən içində yox, bu sözün cilvələnən şövqündə itərdi. Bizə elə gəlir kainat dediyin bitib tükənməzdir. Söz ona görə yaradılıb ki, bu sonsuzluğu ram eləsin, kainatın, aləmlərin bu sonsuzluğuna bir sınır cizsin. Bilirsənmi, aləmlər, arif və ixlaslı insanların nəfəsindəki sözdən nə zülümlər çəkir, nə keflər edir, həzzlər duyurlar? Yer kürəsi deyilən nədir? Qələmin uca ucunda uçan nəhayətsizlik sərgiləyən bir nöqtədir. O bizə belə nəhəng və böyük görükür. Rəbbim dünyanı bizə görə, bizim gözümüzdə və xislətimizdə dünyanı bəyənək deyə böyük göstərir. Dünya böyük deyil, dünya böyüdülmüş göstərilir bizə. Söz deyirsən, hələ o şeir isə, bir düzəməlli şeir, kainatın qarşısında nə oyunlardan çıxır, bilsən. Ariflər iddia edirlər ki, kainata çəki-düzən verən, onun son dərəcə həssas harmoniyasını min bir nəvazişlə qoruyan insanların yazdığı şeirlər, oxuduğu nəğmələr, onların sözlərin müşaiətiylə yapdıqları ritmlər, o səslərin dağlar yaradan dalğasıdır. İnsan nəfəsiylə sehirlənmiş bu səs, söz dalğaları kainatı bir süvari kimi dolaşıb “durumu” müəyyən edir, kainatı yoxlayır. İxlaslı söz, şeir kainatın şüşəsində çatlağı da hiss edəndir. İxlaslı şeir kainatın çobanıdır. Kainatı “güzəran qazanmaq naminə” güdməklə məşğuldur ki, şər və iblisin canavarı, çaqqalları bu mahiyyətə, məsum və səhralara sinmiş sürüyə daraşmasınlar.

-Klassik Azərbaycan poeziyasında ezoterik məqamlardan danışaq…

-Lord Ackton deyir ki, Avropa mədəniyyəti türk gücünün kölgəsində qurulmuş bir mədəniyyətdir. Bir misal çəkim, biz bir qəzaya düşəndə, deyirik ki, Allahdan gəldi bu olanlar. İngilislər isə deyir ki, gözləmədiyimiz bir hadisə baş verdi. Bu cümlələrin anlayış, simvol, iman, mədəniyyət bazında öz qaynağı, başlanğıcı olmamış deyil. Biri rəhmani ola bilirsə, biri şeytani, şərdən qaynaqlana bilər.
Tanrı hətta səs içində də təcəlla edər, derlər. Keçmiş yaradıcı faktorlar mədəniyyətin sərhədlərini, sınırlarını çizir, sınırdan o tərəfə keçərkən artıq “ xaric” sayılmır, ötələr görükür. Azərbaycan ədəbiyyatının yaradıcı qaynaqları öz bişgin halıyla bizə ötələri ötürür, təşkil edir. Nizami ədalətli dövlət, cəmiyyət peşindəydi. Nəsmi bu adil sistem və dövləti bizzat hayqıraraq mübarizənin içinə girməklə ədəbi yaddaşımızın sərhəddini poetik genimizlə genişləndirdi. Hürufilik və sufizmi sözə, ritmə, poetikaya tətbiq edərkən o ezoterizm iksirini aləmlərdən sözlə, sözün poetik imkanlarıyla əldə etdi. Mənəvi dövlət sistemi :- onu qorumaq, təzələmək gərəkirdi. Bunu 19-cu əsrdə Mir Həmzə Seyid Nigari rituallara keçərək təriqət içində yenilədi. 20-ci əsrdə işin gerçəkliyini Cavid Əfəndi kifayət qədər sözə gətirdi. Ancaq bütün bunlar şeiri, ritmi, poetikanı istismar etmək bahasına başa gəldi. (formasını aldı). Xətai digərlərindən fərqli olaraq, o sakral dövlətçilik anlayışını reallaşdırmağıyla və dövlət qurmasıyla, o mənəvi dövlətçilik anlayışının sistemini alt-üst etdi. İşin iki başı vardı.Ya milli dövlət, ya da şeirin, ritmin, sözün dövləti. Xətaidə məsələ gerçəkliyini ala bilərdi. Ala bilmədi. Niyə? Çünki o Nəsiminin üzərindən oxunu atıb, qılıncını çəkib, bayrağını qaldırmalıydı. Hürufilik, sufizm elm yapısına otururkən, Xətai şiəlik məzhəbinə hər şeyi:- cənnətdən bəxtinə tuşlanmış imkanı (bərzahdan) və imkanımızı qurban verdi.( O dövlət, imperiya özündən sonra köləlik, əsarət, qan, göz yaşları qoyub dağılırsa, o imperiyanın güc adlı yapısına şübhə edirəm.) Donald Reyfildin “Böyük Britaniyada zadəganlığın tərkibi aşağı təbəqənin hesabına dolur və dəyişirdi” fikri bu gün məni yerdən yerə vurur. Bu zədələnməyən zadəganlaşma bizdə etnosun etibarlı energetik səlahiyyəti dışında baş verdi. Daha doğrusu, etnosun etibarlı ruhsal və qan dövriyyəsi lazım olan və anlayış xəyanəti ucbatından keyiyən kəsimlərin “işə cəlb olunması” nın dışında qıvrılıb qaldı. Allah, peyğəmbər və kitab üçgənində mənəvi dövlətçiliyin səmavi rentabilliyi öz həllini tapmalıydı. Ötə aləmlərdə seyrəlməyimizə əngəl çıxarıb seyrimizə duran varlıqlara yaxşı-yaxşı dirilmək dərsləri keçəcəkdik, onlara heyrət etməyin ehtirasını və bunun bədəlini yaşadacaqdıq, göz dağı verəcəkdik. Olmadı…(ayrıntılara varsaydıq, mövzunun içindən çıxa bilməyəcəkdik. Ümumi dəyərləndirmə yapdım.) Lord Acktonun haqqında danışdığı güc, millətimizin sahib olduğu, əmanət olaraq buralara qədər gətirdiyi dəyər idi. Ezotrik burulğan ən münbit şəraiti mədəniyyətin buxtasına bulur. Mədəniyyətin ən uca, yüksək, pariksiz, qrimsiz, maskasız pilləsi dövlətçilikdir. İngiltərədə insanı boş ver, ata gör necə qiymət veriblər, özü də kim.1-ci Riçard vaxti ilə deyirdi ki, səltənətimin yarısını bir ata verərəm. İnsan məsələsini həll edib, bu cümlələri deməyi bacarmaq, bu tipli cümlələləri səsləndirməyə bəraət almaq lazımdır. Bu cümlələrin insanlıq üzərindən heç vaxt öz haqq yerini tapa biləcəyinə də inanmıram. Bizim həll edəcəyimiz misilsiz məsələlər hələ çoxdur. Bizdə kimsənin haqqı yoxdur desin ki, olan sərvətimin yarısını bir ata bağışlayaram. Biz ata uzaq başı ot, arpa, bir də qamçı verə bilənlərik. Biz ona görə məcbur olub yazırıq həm də. Belə ağır cümlələri nə vaxtsa bizdən olan kimlərəsə dedizdirtməkdən ötəri ki, sözlərdən, cümlələrdən dilə, mədəniyyətə bir pay düşsün.

-Hansı klassik Azərbaycan şairlərində sakral məqamlar üstünlük təşkil edir?


-Ümumiyyətlə bizim dilimiz və təfəkkürümüz elədir ki, onu ritmə və poetikaya oturtsan, gedib kainata sitəmlər tutan, batini səlahiyyəti sayəsində sakrallığa çıxar. Nizami və Nəsimidən, Xətaidən sonra, Aşıq Ələsgəri, Cavid Əfəndini deyərdim.

-İlahi həqiqətə aparan yolların hansı şifrələrini çözə bilmisiz?


-Məncə, bu qeyri-mümkün olan bir işdir. İlahi həqiqətə aparan yolların ən maraqlı və iri şifrələri bizik, insanlarıq. “bizi O yaradıb” , deyirik ha, bu cümlənin mahiyyətini dərk edəndə o şifrə çözülür. Amma o şifrədən də başqa şifrələr doğur ki, saysız hesbsız. “Məni O yaratdı” – qənaətinə gəlməyim, bu anlayışa iman gətirməyimdən böyük şifrə və çözümlü şifrə ola bilməz. Mən bu cümlənin nurunda bir kitab yazdım. “a mədəniyyətinin a dili lüğəti”. Məlum oldu ki, bizim danışığımız, cümlə quruluşumuz, sintaksis tərkiblərimiz, ifadə tərzimiz bərbad və biabırçılıqdır, şeytan xocalığında öyrədilib. Qurduğumuz cümlələrin, işlətdiyimiz ifadələrin hansında Uca Yaradıcı Gücün adından istifadə edir, rolunu dövriyyəyə qoşuruq? Məsələn, deyirik ki, Əli məktəbə getdi. Bu cümlə deyil ki! Əgər sən kamil insan və yaradıcı gücün fərqində olan bir varlıqsansa, bilməyimiz gərəkən ilk və son məsələ, danışığımız, sözlər, onlara yüklədiyimiz məna və onları Əsl olana yönəltməyimizdi. Əhmədi məktəbə bir Aparan var. O aparır, O gətirir. Bizim sözümüzdə və cümlə, danışıq əxlaqımızda niyə Allah dövriyyədən çıxır? Bəs biz Ondandıq? Niyə onun kimliyini yansıtan işarələrdən, danışıq və anlaşmağımızda bu dünyada Ondan vaz keçdik? Dilimiz böbürlənib şişdi, şeytanlaşdı, məntiqimiz öküzləşib iblisləşdi ona görə. Biz özümüzü, mahiyyətimizi qara qüvvələrə qapdırmış peysərlərik, bu qədər! Bəs, bu cümlə necə olmalıdır deyib də tutdurmaq gərəkməz. Milyon illik səhvi bir anda düzəltmək istəyən bu bəşər övladı beləcə hər şeyi yanlışa çıxarmağı da bacarır. Əsas olan sualı qoya bilmək və bu sualların orbitində öz əsl olan həqiqətimizin ardınca sürüm-sürüm sürünməyimizdir. Allah bizə bir yolunu göstərəcək: – Həm cümlələrimizdə, sözümüzdə, həm də həyatımızda…

-Şeir yaxud yazılarınızda kamil insan olmağın yollarını hansısa gizli şifrələrdə verə bilmisinizmi?


-Bir şey şifrəysə, şifrələnirsə, bu özü elə gizlilik ərz edər. Mənim anlayıb bildiyim ən böyük şifrə özümü bir gün qarşımda qafil bulmağım oldu. O şifrələrdən biri, əgər buna şəriksiz şifrə demək mümkünsə, buydu: ey dili qafil fil faili məchul fani f….. digəri, ey dadi bidad danəndə dəhan dərviş d…. digər şifrələrimdən biri, “derlər” kitabımda hər şeirin mövzusuna görə ilk misrayla dəyişdi, “padşah” sözünün yöntəmi və gərəkdirdiyi imkanlarla….bunlar nədir, niyə belədir, məqsəd nədən ibarətdir, təbii, bu ayrı mövzu da sayıla bilər.

Bəzən mədəniyyətin bəzi şifrələri onun digər komponentlərində gizlənər, zühur edər, açılar. Məsələn şeirin ritmi, muğamda, təcnisin qafiyə sistemi, texnik yöntəmi, ya memarlıqda, ya xalıda, şeirin poetikası minyətürdə, əbrü sənətində.Yazının missiyası tamamilə fərqli olub. Çağdaş insan bu missiyanın önəminin fərqində olmasa da, o sürəci “əzbərçi” şəkildə olsa da, tamamlamaqla məşğuldur. Bu qaçınılmazdır. Gizlənməyin, şifrələnməyin özəlliyi çox maraqlıdır. Gizlənməyin və şifrələnməyin özündən çox, sənətdə gələcək olanlara dəxli var.

-Ümumiyyətlə, sizin sözün neçə mərtəbəsi var?

-Yaxşısını Füzuli demiş: kim nə miqdar olsa, əhlin eylər ol miqdarı söz. Zarafat-zarafat, adam görmüşəm, elə bir boy-buxunu var ki, mən onu qara, yastı dam sanırdım. Adam var ki, görüntüsü Prezident Aparatının binasına oxşayır. Adam var ki, Vahid Poeziya evinə oxşayır. Adam var ki, villadır. Kimisi 5 mərtəbəni itib durub yerində. Zarafat bitdi. Mənim yazılarımda isə, acizliyimə sığınaraq etiraf edə bilərəm ki, sözün mərtəbəsiylə bahəm, sözün içimizi car çəkən çoxmənalılığından danışa bilərəm. Sözdə ümumi mənalar titrəşimi, dalğalanma və aberrasiya” (kənara çıxması, uzaqlaşması) özəlliyi sənətkarın azadlıq və özgürlük mərifətiylə əlaqədardır. Dil sadəcə məqsədə gedən bir vasitə deyildir…. “dil xəyal aləminə aiddir – sonsuz kəlimələr olaraq bizə Varlığın açıqlığını bağışlayır.”

Xəyal aləminin özəlliyində gerçəkləşən dalğalanma imkanı varlığa toxunuşla məna aləmini sözə yönəldir. Məna ehtiyatı kosmik sahədə gözləməyi sevməz. O, işləmsəllik işvəsiylə batini gözəllik və süs aləminə əzəldən bəllidir. Bərzahda darıxan o məna dalğaları yazarın ruhsal və şüuraltı seçimində situmulyasiya yaradıb sözlə təmkinli təmasını gerçəkləşdirər. Bu prorses tamamlandıqda söz zamana görə mənalar alma imkanını bizimlə, insanlarla, söz anlayanlarla dışa vurar.

-Dərvişləri bəzən “Səfide-xan” yəni, “ağ yazıları oxuyan” adlandırıblar. Onlar qara yazıların bətnindəki “ağ yazılrı” əxz edə biliblər? Şeirlərinizdə həmin o “ağ yazılardan” istifadə edilibmi?

-Gəl, oxu-maqdan başlayaq. Quranda da Yaradanın ilk tale yazan tövsiyələrindən biri “ikra”, oxu əmridir. Oxu sözü sıyrılmış oxun geniş sahəli sözündəndir. Bizim əldə elədiyimiz ilahi bilgilərin hamısı soylu sadağamızda gəzdirdiyimiz sayılmamış oxlardır. Biz bu şər, qara qüvvəllər aləmində elm, mərifət və hikmət oxlarıyla silahlanmış (savaşıb qana boyanmış) bahadırlarıq. Bizim atdığımız oxlar xeyr, ağ güclərin ağlığın artırar, qara güclərin basqısının qarşısını alar. Bu ox atılanda, kim tərəfindən atılırsa atılsın, nişangah əgər İlahi həqiqət üzərindəysə,onun çəkib atdığı kosmik mərifət mərkəzindən, həm də əzəldən atılır. Bu aləmdə şərin üzərinə ley kimi şığıyan bu oxuyan, oxudan oxlarımızla biz Allaha yardımçı oluruq, yarıyırıq. Tənimizdə, təməlimizdə, təyinatımızda, təsnifatımızda, iç-dış təsərrüfatımızda təmizlik işləri aparırıq. Onun üçün də elm, irfan sahibi kişilər həm də gerçək savaşçılardır. Biz oxuyan olduqdan, oxçu olduqdan sonra, o oxu bizim əlimizlə, ruhumuz və qətiyyətimizlə şərin, iblisin üzərinə atmaqda, O, misilsiz məharətini, mərhəmətini biz fəqirlərdən əskik etməyəcək. İstədiyini hidayətə erdirəcək.

Bizlər yer üzündə Allahın gerçək əsgərləri, savaşçıları, inqlabçıları, həm də ox-uyanları, həm də ox-çularıyıq. Biz ox-u, o elmi, o ixlası və inancı Onun adıyla, Onun naminə atsaq, qarşıda kim, nə olursa, olsun, atdığımız hədəfdən yayınmaz. Demək ki, anlayanların, sorumluların bir görəvi Onun savaşçısı olub xeyri, gözəl olanı, əxlaqiliyi qorumaqsa, digər özəllyi oxçu olub həm də ovçu olaraq əldə etdiyimiz mənəvi şikarımızı ədalətlə, dövlət ərkanıyla pay-püşk etməliyik. Bizlər Yaradanın ovçusu olaraq kainatın harmoniyasını doyuzdurmalıyıq. Oxu sözünün dilimizdə gizlənmiş digər özəlliyi O- Hu ( x samiti h samitini, səsini gizlədib) şəklindədir. Yəni O Allahdır, Yaradıcıdır.

Ona görə də, bu qədər imperialist güclər ki, topla, ölümsaçan silahlarla zəiflərin üzərinə gedirlər, Allahın yer üzündəki əmanətlərinin, Onun tərəfkeşlərinin üzərinə gedirlər, bilin ki, boş şeydir, onlar heç zaman gerçək zəfəri qazana bilmiyəcəklər. Zəfər Allahın ox-çularınındır. ( Bunlar elə bilir ki, Kamyu, Coy oxumaqdı oxçuluq…)

Mənim yazılarıma gəldikdə isə, onu deyə bilərəm ki, yaradanın gözəlliyini bir başqasının təqdimatı və təkrarında deyil, öz təqdimatım və öz yazı manera məzənnəmdə verməyin bilincində olur, azdan-çoxdan yazdıqlarımda o səmimiyyəti qorumağa çalışıram.

-Sonda Energetik dünyanızdan qopub burada yaşamağın çətinliyindən danışın?

-Allah məni yer üzüylə müəyyən şərtlərimiz və qarşılıqlı anlaşmamıza da uyğun olaraq şərəfləndirib. Hər işin bir yonulmuş yöntəmi Varlıq aləminin özəlliyində var derlər. Yaşamağın da eləcə. Mən heç vaxt çətinlik adlı bir müstəmləkə ruhu yaradan söz və ibarələri dilmin nə dünəninə, nə də bu gününə gətirmədim, leksionumun leysanına salıb islanmış cücəyə döndərmədim: - ona o imzalı imkanı yumuşalıb da vermədim. Ancaq ola bilsin, mənim durumumda birisi çoxdan xosunbay olmuşdu. Mənim dərmansız dərdim o deyil, əsla. Dünya işləri, mal-dövlət dərdi, nə bilim gələcəklə bağlı nələrinsə ərdəm əridən əndişəsi…Əsla! Bu dünya isə mənim üçün öz mehtablı müqəddəsliyini heyrətimdən əskiltmir. Çünki bu dünyanı Allah yaradıb. Həm də burda sevdiklərim nəfəs alıb verir. Çünki Allah hər gün, hər an neçə-neçə nəfəslərlə buralarda sükunəti və səbriylə təcəlla edir. Mən də bu təcəllaların erişilməz eşliyində, rəhmanlığında doğulub böyüdüm, bu qədər yaşadım. Ən azından səninlə tanış oldum.

Elmin Nuri, /modern.az/

Yenililklər
27.02.20
Əlyazmalar İnstitutu XIX əsrdə nəşr olunan “Bakinskiy listok” qəzetinin elektron versiyasını əldə edib
27.02.20
"Günə min işarə yaza bilsəm, papağımı göyə ataram" - Mübariz Örən
27.02.20
Müşfiq Şükürlü - Cavid bizim ustad təqlidçilərimizdəndir
27.02.20
Gülşən Mustafanın "Hasar" adlı hekayələr kitabı işıq üzü görüb
26.02.20
Filologiya elmində Turxan Gəncəyi zirvəsi
26.02.20
Əli bəy Hüseynzadə haqqında ilk fundamental biblioqrafiya işıq üzü görüb
25.02.20
Rasim Qaraca: “Hər ad günümə bir kitab hədiyyə edirəm” - VIDEO-SÖHBƏT
25.02.20
Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20
İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.