Aqil Abbas: "Mən Şuşada öləcəm" - MÜSAHİBƏ
02.04.14

- Aqil müəllim, doğum gününüzdə bir az gərgin, bir az da qanıqara görünürsünüz...

- Yox, əslində buna qanıqaralıq, gərginlik demək olmaz. Səhər açılandan zənglər gəlir, təbrik edirlər. Ola bilər, kənardan gərginlik kimi görünsün. Təbii ki, ad günü keçirmirəm, qonaqlıq olmayacaq.

- Adamları pis öyrədibsiniz. Yəqin qonaqlıq istəyirlər...

- (Gülür) Qonaqlıq bu il olmayacaq. Mən ancaq söz qonaqlığı verə bilərəm. Əllini qeyd etmişəm, bir də yüzü təmtəraqla keçirəcəyəm (Gülür). Yox, zarafat edirəm, onu görmərəm. Yüz il yaşamaq axmaqlıqdır - adam da yüz il yaşayarmı, başına dönüm? Yadında saxla, çox yaşamaq Allahın lənətinə gəlmək deməkdir. Açıqlayım niyə?

- Açıqlayın...

- Gözünün qabağında oğlu, anası, atası, qardaşı, nəvəsi, bütün nəsli ölür, o adam bayquş kimi tək qalır. Belə adam necə xoşbəxt ola bilər? Şirəli Müslimov 160 il yaşadı, sonra? Amma Cəmil Əhmədov 19 yaşında Sovet İttifaqı Qəhrəmanı idi.

- Hər yerdə uzunömürlülüyü təbliğ edirlər. Sözünüz çox yaşayanların xətrinə dəyər...

- Yox, niyə xətirlərinə dəyir? Mən yazıçı kimi fikrimi deyirəm. Gözünün qabağında bütün əzizləri ölüb, tək qalan adam necə xoşbəxt ola bilər? Deməli, Allahın həmin adamdan xoşu gəlmir, ona əzab verir.

- Neçə il yaşamaq istəyirsiniz?

- Allahın işinə qarışa bilmərəm, amma 75-i görmək pis olmaz. Bilirsən, niyə? Nəvələrin toyun görmək adama ləzzət edər.

- Doğum gününüzdə xalq yazıçısı İsa Hüseynovun ölüm xəbərini aldınız...

- Bu, mənim həyatımda ikinci hadisədir. Rəsul Rza da aprelin 1-də - mənim doğum günümdə dünyasını dəyişib. Rəsul Rza mənim çox sevdiyim şəxsiyyət və şairdir. Sevincli günümdə əziz bir insanın ölümü xəbərini almaq çox çətin oldu. İsa Hüseynovun ölümünü gecə eşitdim, çox pis oldum. İsa Hüseynov Azərbaycanın sonuncu mogikanı idi.

- Müsahibəyə beş dəqiqədir başlamışıq, görürəm, telefonunuza zəng zəng dalınca gəlir. Bir az naqolay səslənməsin: o adamlar deputat Aqil Abbasa zəng vururlar, yoxsa dost və yazıçı Aqilə?

- Xeyir, onlar deputatı yox, yazıçı və dost Aqil Abbası axtarırlar. O adamlar düz qırx ildir məni tanıyırlar, təbrik edirlər. Zəng edənlər dostlarımdır, tələbə yoldaşlarımdır, kəndçilərimdir, qohumlarımdır.

- Neçə yaşınızdan yazıçı kimi sizi sayıb-seçməyə başladılar?

- Cavan oğlan idim, Qədir Rüstəmov haqqında "Evləri köndələn yar” adlı povest yazmışdım. O əsəri Bəxtiyar Vahabzadə "Ulduz” jurnalına ön sözlə təqdim etdi, çap etmədilər. Rəhmətlik Əhməd Cəmil dedi ki, burda komsomolçu komsomolçunu bıçaqlayır, bu əsər gənclərə nə örnək olacaq? Demişdi, bu yeri çıxarın, çap edək. Mən də cavab verdim ki, o yer çıxarılsa, əsər ölüb gedəcək. Uzun müddət gözləməli oldum. 1981-ci ildə çap olunandan sonra 15 min oxucu məktubu aldım. Poçtalyon məktub daşımaqdan yorulmuşdu. O məktubların da hamısını oxudum.

- İndi soruşsam, deyəcəksiniz, sevgi məktubu yox idi...

- Yox, doğrudan yox idi. Oxucular təşəkkürlərini yazır, əsər haqqında fikirlərini bildirirdilər.

- 28 yaşlı oğlana sevgi məktubu gələr də, niyə qəribə qarşıladınız?

- Əlbəttə, ola bilər, amma göndərmirdilər axı. Həmin məktubları saxlayırdım, Ağdam alınanda hamısı yandı.

- Ədəbiyyatın 40 il əvvəlki hörməti başqa olub...

- Siz də o qədər məktub alırsınız. Sadəcə, kağız yox, elektron məktublar gəlir, adamlarla facebookda yazışırsınız, fikirlərini deyirlər. Bu, məktub deyil? Yaxud xoşuma gələn yazılarına görə neçə dəfə sənə zəng vurmuşam? Bunlar məktub deyil?

- İnanmıram, indiki oxucularınız əvvəlki kimi heyrətlənə bilsinlər...

- Bilirsən, zəmanə dəyişib, zövqlər əvvəlki deyil. Amma nə qədər dəyişsə də, geri qayıdır. Hara qaçırsan-qaç, yenə Üzeyir Hacıbəyovun, Cavidin, Rəsulun, Cəlilin yanına qayıdacaqsan. Paulo Koelyonun yanına qaçan olmayacaq, amma Bulqakova yenə qayıdacaqlar. Mən müasir dünya yazıçılarını oxuyuram və görürəm ki, ötəri, keçici ədəbiyyatdır. Sadəcə, o yazıçılar zamanla, oxucu ilə oynayırlar. Böyük ədəbiyyat oxucunun səviyyəsinə enməməlidir. Biz institutda oxuyanda Rəsul Rzanı yox, Səməd Vurğunu sevirdik. Kamil Qurbanov adında müəllimimiz vardı, estetikadan dərs deyirdi. Sağ əlini yuxarı qaldırırdı, sol əlini aşağı salıb deyirdi ki, Rəsul Rza sağ əlimdir, siz sol əlim kimi hələ çox geridə qalıbsınız. Yaxud biz cavan vaxtı Qara Qarayevi sevmirdik. Bu, bir mərhələ idi, oxuduq-öyrəndik, keçib getdi. Muğama öyrəşmişdik, Qara Qarayev də çox yüksəkdə dayanırdı, tamam ayrı sənət yaradırdı.

- Aqil müəllim, yaşlıları qəsdən soruşmuram. Cavanlardan kim qalacaq?

- Deyərəm, niyə demirəm? Aqşin, Qismət, Seymur Baycan, Qan Turalı, Mirmehdi Ağaoğlu, Şərif Ağayar, sən, Zahir Əzəmət, Cəlil Cavanşir, Kəramət, Sevinc Çılğın, Sevinc El Sevər və başqaları. Bu adamların hamısı gələcəyin böyük yazıçıları və şairləri olacaq. Sadəcə, bu istedadlı uşaqlar özlərini boş yerə çox xərcləyirlər, yazmaqdan çox qeybətlə məşğuldurlar.

- Yəni biz dedi-qodu ilə məşğuluq?

- Bəli, özünüzü dedi-qoduya, qeybətə, arağa çox xərcləyirsiniz. Arağı mən də içirəm də! Xətrini istədiyim, istedadına inandığım o qədər uşağa demişəm ki, bala, otur, yazını yaz! Məsələn, onların içində Qismət tamam fərqlənir, başını aşağı salıb yazısını yazır. Demirəm biz qeybət etməmişik. 70-ci illərdə çayxanada oturub o qədər onu-bunu asıb-kəsmişik ki... Amma hər şeyin qaydası, təhəri var.

- Az yazmağınızın peşmançılığını çəkmirsiniz?

- Əlbəttə, özümü xərclədiyim boş şeylər olub. Amma mən bir yazıçının oturub səkkiz saat yazı yazmağını başa düşə bilmirəm. Stol arxasında ən çox bir saat oturmuşam. Rəşad Məciddən soruş, "Dolu”nun bəzi yerlərini dəniz kənarında siqaret qutusuna yazmışam. Saatlarla kitab oxuya bilərəm, amma maşın deyiləm ki, özümü "tok”a qoşum, saatlarla süd, ət istehsal edim. Səkkiz saat yazanları qınamıram, onlar da belə iş üsuluna öyrəşiblər, hərənin bir yazı üsulu, mətbəxi var. Məsələn, cavan vaxtı, elə lap son vaxtlara qədər uşaq yerdə uzanıb şəkil çəkdiyi kimi, uzanıb yazmışam. Mənim yazılarım əslində şeirdir. Bir yazımdan on cümlə oxuyaram, içində on obraz var. Bir şeyə təəssüflənirəm ki, "Dolu”da bəzi yerləri çıxardım. İstədim, bir az yığcam olsun, oxucunu yormayım. Böyük roman oxuyanda, deyirəm, qardaş, bunu bu boyda yazma də, bir az əl gəzdir, artıq şeylər olmasın.

- Dostunuz Yunus Oğuz qalın romanlar yazır. Onu oxumursunuz?

- Dostumdur, məcbur olub oxuyuram (Gülür). Bunu özünə də demişəm. Yunusun tarixi mövzulara fərqli baxışı var, çox məxəzləri axtarır, araşdırır. Onun bir üstünlüyü də var: məsələn, Teymurdan yazırsa, onun yaşadığı yerlərə səfər edir, kəndləri gəzir, adamlarla tanış olur. Bu yaxşı cəhətdir.

- Kitablarınızı kitab mağazasına niyə pulsuz verirsiniz? Bu, cavanlara pis nümunədir...

- Niyə pis nümunə olur? Bəli, satıcıya deyirəm, bala, sat ucuz qiymətə, pulu qoy cibinə. Mənim kitablarımı dostlarım çap etdirir. Ona görə kitablarımdan pul qazanmaq istəmirəm. Məsələn, "Dolu”nu bir nazir dostum jurnalda oxuyub gecə saat 3-də zəng eləmişdi ki, ağlamışam.

- Nazir dostunuzun adını demirsiniz?

- Səlim Müslümov gecə zəng vurdu ki, qardaş, əsərini oxuyub ağlamışam. Üstəlik, əlavə etdi: özüm oxudum, indi vermişəm atam oxuyur. Dedi, sabah görüşək, səninlə işim var. Görüşəndə bilirsən nə dedi: xərcini mən çəkəcəyəm, bunu təcili kitab kimi çap etmək lazımdır. Getdim "Təhsil” nəşriyyatının direktoru Bəhruz Axundovun yanına ki, çap xərcini hesablasınlar, mənə desinlər. Bəhruz müəllim biləndə ki pulunu Səlim Müslümov verir, dedi, o dostundu, mən də qohumunam, xərcin yarısı mənim boynumadır. Məsələn, Bəhruz mənim kitabımı çap edir, bir manat pul almır. "Dolu” Türkiyədə iki dəfə on min tirajla çap olunub və satılıb.

- Siz kimin kitabını çap etdiribsiniz?

- İndiyə qədər on-on beş adamın kitabını çap etdirmişəm. Məsələn, Sücaətin kitabını. Bu gün də gələn olsa, baş üstə, istedadlı adamın kitabını çap etməyə həmişə hazıram. Mənə edirlərsə, mən niyə etməyim? Məni ədəbiyyata Anar, Sabir Rüstəmxanlı, Əjdər Xanbabayev gətirib, Yazıçılar İttifaqına Elçin Əfəndiyev üzv edib. O vaxt üzv olmaq bilirsən necə dəhşət idi? Mənə arxa durublarsa, mən də arxa durmalıyam! Qəzetimin səhifələrini gənclərə bağışlamışam ki, nə qədər istəyirsiniz, yazın, çap edəcəyəm. Dəfələrlə məni tənqid edən yazıları öz qəzetimdə çap etmişəm. Hətta bir dəfə Yazıçılar İttifaqı yazı göndərmişdi ki, sən ermənidən pissən, Azərbaycana ermənidən böyük zərbə vurursan, onu çap etmişəm.

- Adamlarla bu qədər necə rahat dil tapırsınız? Rəşad Məcid deyir, bir dəfə Aqillə rayonlardan birinə getdik, tanımadığımız insanlarla beş dəqiqəyə dost oldu, yeyib-içmək təşkil etdi. Hətta on dəqiqə əvvəl tanış olduğu adamın oğlunu polisdən buraxdırdı...

- Əvvəla, məni tanıyırlar. Televizorda çox çıxış edirəm, dost-tanış içində tez-tez oluram və s. İndi səninlə qaçqın çayxanasında oturmuşuq, düzdü? Gözünün qabağında hamı ilə görüşüb-öpüşdüm, hal-əhval tutdum. Mən adamları çox istəyirəm, ona görə həmişə özümə qarşı sevgi, hörmət görmüşəm. Bu qədər sadə düstur! Məni özünə düşmən bilən axmaq adamdır. 88-də pisliyini gördüyüm adam 92-də qapıma gəldi ki, mənə ancaq sən kömək edə bilərsən. Düşdüm qabağa, nə çətinliyi vardısa, kömək etdim, işi həll olundu.

- Qocalıq, deyəsən, ürəyinizə yatıb, cavanlığa qayıtmaq istəmirsiniz...

- Belə bir söz var: "Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim”. Gələn günlərimi niyə qurban verməliyəm? Gələn günlərimdə mən Aqil Abbas olmuşam, gözəl övladlarım olub, şan-şöhrət, gözəl dostlar qazanmışam. Geri qayıdıb Bakının küçələrində kirayədə qalmalıyam? Geri qayıtsam, Ağdama qayıdaram. Mən Qarabağı piyada gəzmiş adamam. Təxminən altmış kilometr yolu - Şuşadan Bayat kəndinə piyada gəlmişəm. Kəlbəcər yolunda bəlkə yüz ağacın üstündə "Aqil” yazmışam. İstisuda Keti-Meti dağı var, onun zirvəsinə çıxıb on metr uzununda, yarım metr enində hərflərlə "Aqil” yazmışam, üstəlik içini də daşlarla doldurmuşam ki, ot bitməsin. Adım iki kilometrdən oxunurdu.

- Günü sabah Kəlbəcər yolundakı bir ağacda öz adınızı oxuyursunuz...

- (Qəhərlənir. Uzun sükut). Ürəyim partlayar, ölərəm. Amma demişəm: ölüb-eləyən deyiləm. Bunu axmaq adamlar başqa cür yozacaqlar, qoy yozsunlar: mən Şuşada öləcəyəm. Cıdır düzündə Azərbaycan bayrağı qalxacaq, himn çalınacaq və sevincdən ürəyim partlayacaq, öləcəm. Yüz il qala, başqa cür ölmərəm! Ona da üç-dörd il qalıb, darıxmayın. Mənim də bildiyim şeylər var. Azərbaycan dövlətinin qüdrətinə yaxşı bələdəm. Siyasətdə, hərbdə sizin bilmədiyiniz şeyləri mən bilirəm.

- Müharibə...

- Bəli, müharibə! Özü də gözəl müharibə olacaq, ədalət qələbə çalacaq!

- Yazıçılar Birliyinin qurultayına az qalıb. Anarın sədr olmasını istəyirsiniz?

- Anar müəllim qalmaq istəsə, ikiəlli səs verəcəyəm. Rəşad Məcid namizəd olsa, ona da səs verərəm. Başqa heç kimə!

- Bir müddət əvvəl sizin də adınız hallanırdı...

- Qətiyyən! Mənim balaca qardaşım Rəşad Məcid ordadır. Bu mənə bəs edir. İkincisi, Anar niyə sədrlikdən getməlidir ki? Sadəcə, Anar müəllim gənclərin bir az əl-qolunu açmalıdır, vəssalam. Artıq onların əl-qolunu açdı. Elçin Hüseynbəylini "Ədəbiyyat qəzeti”nə, Qulu Ağsəsi "Ulduz” jurnalına baş redaktor təyin etdi. Onlar da gəncləri başlarına yığıb işləyəcəklər.

- Yaş adama müdriklik gətirir?

- Yox, hamı müdrikləşmir. Habilin Əliyevin yaxşı bir sözü var: deyir, filankəs qocalmayıb, köhnəlib (Gülür). /APA/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.