Anar: "Getsəm ədəbiyyatda qalmaqal olacaq"
14.04.14

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın "Ədəbiyyat qəzeti"nə müsahibəsi 

 

- Anar müəllim, bu il həm Azərbaycan Yazıçılar Birliyinin tarixinə, həm də şəxsən sizin həyatınıza əlamətdar hadisələrlə daxil oldu. Əskişəhərdə keçirilən toplantıda Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçildiniz. Qarşıdan isə Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı və 80 illik yubileyi gəlir. Söhbətimizə hardan başlayaq?
 

- Hardan istəyirsənsə, ordan da başla.
 

- Sizcə, Türk dilində Danışan Ölkələrin Yazarlar Birliyinin başqanı seçilməyiniz Azərbaycan ədəbiyyatının türk xalqları ədəbiyyatı müstəvisində müstəsna mövqeyi ilə bağlıdır, yoxsa sizin şəxsi nüfuzunuzla? 
 

- Məncə, hər ikisi ilə. Azərbaycan ədəbiyyatı, əlbəttə ki, bu gün türk dünyasında özünün xüsusi mövqeyi ilə seçilir. Amma bu işdə mənim nüfuzumun da rolu var. 
 

- Belə bir Birliyin yaradılmasından məqsəd türkdilli xalqların daha sıx ədəbi - mədəni əlaqəsinə nail olmaq, onlar arasındakı kulturoloji inteqrasiyanı gücləndirməkdir. Bir başqan olaraq bu istiqamətlərdə nə kimi istəkləriniz var? 
 

- İstəklər var. Bu qurumun rəsmi yeri Əskişəhərdə olacaq. Artıq bina da, ofis də veriblər, mən də ora tez - tez getməli olacam. Çalışacağam ki, ora Birliyin digər üzvləri də cəlb olunsun, dəvət edəcəm gəlsinlər. Hələ Birlik yaranmamışdan qabaq da bizim Türkiyə ilə az - çox ədəbi əlaqələrimiz qurulmuşdu, bu işdə mənim də az - çox rolum olmuşdu. Yadımdadır, ilk dəfə Türkiyəyə getdiyim vaxtlar bir nüsxə də Azərbaycan kitabı görə bilməzdin. Düzü, bu məni çox pərişan eləyirdi. İndi maşallah, orada nə qədər desən, kitablarımız nəşr olunub, bunların arasında cavanların da, yaşlıların da kitabları var. Odur ki, Türkiyə ilə ədəbi əlaqələri daha da möhkəmləndirməklə bərabər, diqqəti Orta Asiya respublikalarına yönəltmək istəyirəm. Çünki onlarla bizim ədəbi əlaqələrimiz zəifdir. Ədəbi əlaqələrimiz zəif olduğu üçün də onların siyasi mövqeyinə təsir edə bilmirik. Ədəbiyyatın vasitəsilə hər halda müəyyən məsələlərdə ortaq məxrəcə gəlmək, nələrisə izah eləmək olar. Məsələn, Qarabağ problemi, eləcə də digər məsələlərlə bağlı həqiqətləri onlara izah etsək, beynəlxalq tədbirlərdə bizi daha fəal dəstəkləyərlər. Ona görə mən əsas fikrimi bu istiqamətə yönəldəcəyəm. Bir neçə səfər olacaq. Tatarıstana, Türkmənistana, sonra da Özbəkistana da getmək istəyirəm. Bu yaxında Qırğızıstanda olmuşam. Bu səfərlərdə əlaqələrimizi daha da canlandırmağa çalışmışam və bundan sonra da buna cəhd edəcəyəm.
 

- İyun ayında Yazıçılar Birliyi özünün 80 illik yubileyini qeyd etməyə hazırlaşır. Yazıçıların maddi-məişət şəraitinin yaxşılaşdırılması, xüsusən də onlara mənzillər verilməsi, eləcə də xidməti olan yazarların fəxri ad və mükafatlara təqdim olunması yönündə nələrsə gözlənilirmi?
 

- Biz əvvəlcə bu qərara gəlmişdik ki, Yazıçılar Birliyinin qurultayını bu ilin mart ayında keçirək. Amma sonra baxdıq ki, iyun ayında Yazıçılar Birliyinin 80 illiyi tamam olur. Ona görə belə qərara gəldik ki, bu iki tədbiri bir yerdə keçirək. Bu dəqiq tarixdir, artıq dəyişiklik olmayacaq, iyun ayında müxtəlif ölkələrdən qonaqlar dəvət etməklə Yazıçılar Birliyinin 80 illiyini, eyni zamanda da qurultayı keçirəcəyik. 
 

Mənzil, ad məsələlərinə gəlincə, bunları mən həll eləmirəm, bu hökumətin sahəsidir, hökumət eləyir. Amma mən təkliflər verirəm və bu istiqamətdə təkliflərimi verəcəm - həm yazıçılarımızın mənzil şəraitinin yaxşılaşdırılması, həm də onlardan bir çoxuna fəxri adlar verilməsi istiqamətində. Bu təkliflər nə dərəcədə qəbul olunacaq, onu artıq deyə bilmərəm. 
 

- Qurultaydan söz düşmüşkən, sədrliyə namizədliyinizi yenə də irəli sürmək fikriniz varmı? Əgər öz namizədliyinizi irəli sürməsəniz, mənəvi varis olaraq kimləri görürsünüz?
 

- Bu barədə, şübhəsiz ki, müəyyən qərarım var, amma bu suala mən cavab verməyəcəm. Çünki dəfələrlə demişəm ki, son fikrimi, qəti qərarımı ancaq qurultaya lap az qalmış açıqlayacam. Bunun da səbəbi var. Çünki indi fikrimi bildirsəm ki, mütləq qalıram, ya gedirəm, bunun ətrafında ajiotaj başlanacaq. Gedirəm desəm, başlanacaq ki, filankəs olsun, o birisi olsun, adamların da arası dəyəcək, ədəbiyyatda lazımsız qalmaqal yaranacaq. Ona görə mən nə gedirəm deyirəm, nə qalıram deyirəm. Qurultaya az qalmış qəti fikrimi deyəcəm, onda da hər şey öz yerində məlum olacaq.
 

- Bu günlərdə Yazıçılar Birliyi orqanlarında bir sıra kadr dəyişiklikləri oldu - Elçin Hüseynbəyli “Ədəbiyyat qəzeti”nə, Qulu Ağsəs “Ulduz” jurnalına baş redaktor təyin olundular. Bu təyinat seçimlərində əsas prinsipiniz nədir?
 

- Mənim burdakı 27 illik fəaliyyətimə nəzər salsan, aydın olar ki, həmişə çalışmışam istedadlı cavanları qabağa çəkim. Elçinin “Ulduz”dakı fəaliyyətindən artıq 10 il keçib. Müşahidələrimə əsasən deyə bilərəm ki, onun “Ulduz”dakı fəaliyyəti qənaətbəxşdir. Ona görə Ayaz Vəfalı “Ədəbiyyat qəzeti”nin baş redaktorluğundan istefa verəndə, katiblərin ümumi məsləhətləşməsindən çıxarılan qərar belə oldu ki, onu “Ədəbiyyat qəzeti”nə baş redaktor təyin eləyək. “Ulduz”da onun müavini işləyən Qulu Ağsəs də Elçinlə əl - ələ verib işləyirdi, ona görə də ora namizəd, təbii ki, Qulu Ağsəs oldu. Qulu Ağsəsə müavin olaraq həmin jurnalda işləyən, orda yetişən İlqar Fəhmini təyin etdik. “Ədəbiyyat qəzeti”ndə Azər Turan müavin idi, ora ikinci müavin olaraq Adil Cəmili təyin etdik. “Azərbaycan” jurnalındakı on beş illik fəaliyyətini qənaətbəxş hesab elədiyimiz üçün səni də bu jurnala müavin təyin elədik.
 

Amma bu o demək deyil ki, bu dəfə təyinatlardan kənarda qalan cavanlara biz xor baxırıq, onların da vaxtı gələcək, imkan olanda onlar da irəli çəkiləcəklər. İstedadı olan, sağlam ruhu olan, ədəbiyyata xidmət eləmək istəyən heç bir cavan kənarda qalmayacaq. 
 

- Sizcə, “Ədəbiyyat qəzeti” və “Ulduz” jurnalının yeni rəhbərliyi özlərindən əvvəlkilərin hansı kəsirlərini aradan qaldırmalıdır? 
 

- Ayaz Vəfalı bu qəzetə neçə il rəhbərlik edib, onun bu işini qiymətləndirməliyik. Amma, təbii ki, Elçin yeni nəslin nümayəndəsidir. Ona görə biz gözləyirik ki, qəzetə yeni bir ruh gələcək, böyük, palaz materiallar verilməyəcək, daha operativ materiallar çıxacaq, qəzet ədəbi prosesə biganə qalmayacaq. Lazım olanda Yazıçılar Birliyinin mövqeyini də müdafiə edəcək. Lazım olanda haqsız hücumlara cavab da verəcək. Televiziyada ədəbi həyatı izləyəcək və icmallar verəcək. Qəzetə indiyə qədər nə səbəbdənsə çap olunmayan, çap olunmaq istəməyən adamlar cəlb olunacaq. Tutalım elə biri Ramiz Rövşən. Onu qəzetə cəlb eləmək lazımdır, eləcə də, Vaqif Bayatlını və digərlərini.
 

- Bir-iki kadr dəyişikliyi ilə gözlədiyiniz inqilabı eləmək mümkündürmü? 
 

- O artıq redaktorun işidir. Qoy elə adamları qəzetə cəlb eləsin ki, bu inqilabı eləyə bilsin. Mənim bu 27 illik fəaliyyətimdə bir prinsipim var - heç kəsi çörəksiz qoymamaq. Mən o cəhətdən kapitalizm dünyasının qanunları ilə işləyə bilmirəm. Kapitalist dünyasının qanunu budur ki, beş adamı ixtisar elə, birinin maaşını qaldır. Biri işləyib yaxşı qazansın, o birilər səfalətə sürüklənsin. Mən heç kimin həyatında belə səfalətə səbəb olmaq istəmirəm. Sən də bilirsən ki, Yazıçılar Birliyinin aparatında da elə adamlar var ki, bir iş görmək istəmirlər, ya bacarmırlar, ya yaşları ötüb, amma biz onları çölə atsaq, aqibətləri necə olacaq? Razı olarıqmı ki, ədəbiyyatda müəyyən xidmətləri olmuş adamlar birdən-birə ac-yalavac qalsınlar. 
 

Mən demirəm ki, redaksiyalarda hökmən hamı saxlanılsın, təbii ki, kimsə özü gedəcək, kimsə yaşına görə gedəcək. Amma əsas odur ki, bir adam da müəyyən işlərə təkan verə bilər. Qəzetə yaxşı müəlliflər cəlb eləyə bilər. Məsələn, sən “Azərbaycan” jurnalında işləyirsən, amma tapşırıq almısan, gəlib “Ədəbiyyat qəzeti” üçün məndən müsahibə götürürsən. Bu prinsipdən geniş istifadə etmək olar. “Ədəbiyyat qəzeti” də, “Azərbaycan” jurnalı da, “Ulduz” jurnalı da ümumən ədəbiyyatımızın güzgüsüdür. Şübhəsiz ki, ümumi işimizdə bir-birimizə kömək eləməliyik. 
 

- Hazırda çoxsaylı internet saytları ədəbi prosesi daha operativ əks etdirirlər. Mətbu orqanlarımızın aktiv elektron versiyalarının yaradılması xüsusunda nə düşünürsünüz?
 

- Bu, artıq sizin nəsillərin işidir. Amma bir şeyi mən həmişə demişəm ki, sensasiya, böhtan, yalan hesabına populyarlaşmağın əleyhinəyəm. Bəzi qəzetlər qarşılarına belə bir məqsəd qoyur - məşhur adamlara sataşaq ki, qəzeti alsınlar. Tirajı qalxsın, reytinqləri qalxsın, maaşları artsın və sair. Bu faktiki olaraq kapitalizm dünyasının bir baqqallığıdıır. “Ədəbiyyat qəzeti”, “Azərbaycan” jurnalı, “Ulduz” jurnalı baqqal psixologiyası ilə, baqqal əxlaqı ilə işləyə bilməz. Hətta bizim bədxahlarımız haqqında da böhtan yazmayın, həqiqətləri yazın, onların böhtanlarına cavab verin. Bu, başqa bir məsələdir. 
 

- Son illər ədəbi prosesin ən çox nəzərəçarpan faktlarından biri də birdən -birə roman bumunun başlanmasıdır. Biz “Azərbaycan” jurnalında bu barədə müzakirə keçirdik. Siz də “525-ci qəzet”də dərc olunan məqalənizlə bu müzakirəyə qoşuldunuz. Gənclərin romanlarını oxuyursunuzmu? 
 

- Əlimdə təxminən 20 gənc yazıçının romanı, povesti, hekayəsi, şeri var. Bəziləri özləri bağışlayıblar, bəziləri - heç məni sevməyənlər göndəriblər ki, oxu, gör biz nələr yazırıq. Söz verirəm ki, bu yay onların hamısını oxuyacam. İndi hamısı barədə fikrimi bildirəcəm, ya bildirməyəcəm, bu haqda dəqiq söz demək istəmirəm. Tutalım bir bədxahın əsərini oxudum, böhtan atan bir adamın əsərini oxudum, gördüm ki, zəifdir, onu yazmayacam. Çünki deyəcəklər qərəzlidir. Yaxşı olsa, inan ki, mən lap düşmənimin də qiymətini verməyə hazıram. 
 

- Hər halda gənclərdən bəzilərini oxumusunuz. Oxuduqlarınızın arasından diqqətinizi daha çox kim çəkib?
 

- O vaxtkı gənclərdən Elçin Hüseynbəylinin romanlarını oxumuşam, artıq ona gənc demək olmaz, artıq püxtələşmiş yazıçıdır. İlqarı oxuyuram, İlqar, məncə, çox istedadlı yazıçıdır, onu qəbul eləyirəm. Sənin tənqidi yazılarını mən qiymətləndirmişəm. Səlimin tərcümələrini qiymətləndirirəm. Pərvinin kitabı haqqında yazmışam. Onun “Balerina” povesti və hekayələri mənim çox xoşuma gəlib. Birinci yadıma düşən bunlardı, indi başqaları da var, onları da oxuduqca fikrimi bildirəcəm. 
 

- Sizin 25-30 il öncə yazdığınız “Roman və zaman” məqalənizlə bizim roman müzakirəmizə qatılmağınız birmənalı qarşılanmadı. Əksəriyyət bunu müzakirəni təqdir, bəziləri isə sətiraltı tənqid kimi qarşıladı.
 

- “Azərbaycan” jurnalında keçirilən müzakirə öz-özlüyündə maraqlı idi, mən onunla maraqla tanış oldum. Amma mənim yazımın o müzakirəyə bilavasitə dəxli yox idi. Mən o müzakirəyə münasibətimi bu yazıda bildirə bilməzdim, çünki bu yazını 20 il qabaq yazmışdım. Mən ancaq onu xatırlatmaq istədim ki, roman haqqında vaxtilə mənim də fikirlərim olub. Özü də rusca olduğu üçün, Moskvada çap olunduğu üçün yazı bəlkə də çoxlarına məlum deyildi. İstədim bildirəm ki, mən də vaxtilə roman haqqında fikirlərimi söyləmişəm, bu fikirlərə də nəzər yetirin, qəbul elədiyinizi qəbul edin, qəbul eləmədiyinizi tənqid edin.
 

- Hamı çoxdandır ki, sizdən ümummilli taleyüklü problemlərin qaldırıldığı roman gözləyir. 
 

- Mənim haqqımda fikir söyləyirlər ki, axır vaxtlar heç nə yazmır. Axır vaxtlar mənim rus dilində üç cildlik, ümumi həcmi 3 min səhifəlik “Lik.Azerbaydjan” adında kitabım çıxıb. Axır vaxtlar 800 səhifəlik “Əsrin əsiri” publisistik yazılarım çıxıb. Axır vaxtlar mənim Nazim Hikmət haqqında sənədli romanım çıxıb. Axır vaxtlar Mirzə Fətəli haqqında ssenarim çıxıb. Axır vaxtlar 5-6 hekayəm çıxıb. Bəs bunlar nədir, ədəbiyyat deyil? Biri yazır bunlar inşadırlar, bunu onun insafına buraxıram. Amma, deyəsən o qədər də ağılsız deyil, axırda yazıb ki, yox, Anarın cavanlıqda yaxşı əsərləri də olub, hətta mən onlara imza atardım. Bunu deyən adamla mən nə mübahisə eləyə bilərəm? Yazıçının fəaliyyətinə küll halında baxmaq lazımdır. Mütləq gərək elə Gülbadamla Həsənqulunun məhəbbəti haqqında roman yazasan. İndi mən elə yaşdayam ki, çox böyük planlar tutmuram, amma istərdim ki, memuar romanımı qurtarandan sonra onu bədii şəkildə böyük bir ailə romanı kimi işləyim. Mənim bütün həyatımın böyük arzusudur ki, bir ailə romanı yazım. 
 

- Sizin yaradıcılığınıza küll halında baxanda orda iki əsas məsələni görmək olur: birincisi, 80-ci illərə qədər daha çox bədii yaradıcılığa, sonra isə elmi-publisist, sənədli - memuar janrlara üstünlük vermisiniz.
 

- Bir var uydurma ilə, təxəyyüllə yaranan şeylər, bunu mən də yazaram, başqaları da yazar. Bir də var ki, ancaq mənim bildiyim şeylər, onu məndən başqa heç kəs yaza bilməz. Nazim Hikmətə aid olan o şeyləri ki, mən bilirəm, başqaları bilmir. Rəsul Rza haqqında mənim kitabım çıxıb, çünki ordakıları ancaq mən bilirəm, bildiklərim qalmalıdır tarixdə. Yaxud Heydər Əliyev haqqında yazmışam, ona görə yox ki, nə isə qazanmaq istəmişəm. Ona görə ki, Heydər Əliyev tarixi şəxsiyyətdir və onunla mənim görüşlərim çox mühüm görüşlərdir. Bunu bilməlidir gələcək nəsillər də, xalq da, ictimaiyyət də. Bunu mən özümlə apara bilmərəm. Ona görə çalışıram ki, indi öz həyatımda olan maraqlı məqamları yazım. Neçə ildir ki, böyük bir əsərin üstündə işləyirəm. Nazim Hikmət haqqında yazım Türkiyədə çıxıb, “Azərbaycan” jurnalında da çıxmışdı. İndi kitabın Bakı nəşrini hazırlayıram. “Keçən keçdi, olan oldu” adlı memuar yazım var ki, ondan bəzi parçaları çap eləmişəm. Bunu hələ keçən əsrdən yazmağa başlamışam. Vaxtım olmayıb ki, vaxtında qurtaram, güman edirəm ki, bu il onu mütləq bitirəcəm. Memuar elə bir janrdır ki, gərək sən doğrudan da maraqlı bir məsələdən danışasan, ona öz münasibətini bildirəsən, bunun əsasında nə isə fikirlər yürüdəsən. Rusca böyük bir kitabım çıxıb: “Yaşamaq haqqı”. Orda bütün Azərbaycan tarixini öz nöqteyi-nəzərimdən verməyə çalışmışam. 
 

- Yaradıcılığınızda nəzərə çarpan ikinci cəhət ideal qəhrəman tipi yaratmağa cəhd etməməyinizdir. Maraqlıdır ki, Azərbaycan həyatı belə bir qəhrəmanı yaratdı, məsələn, Mübariz İbrahimov. Sizə elə gəlmirmi ki, ədəbiyyat bu məsələdə həyata adekvat bədii reaksiya vermir. 
 

- Mən elə hesab edirəm ki, ideal, müsbət qəhrəman həyatda da yoxdur və əsl ədəbiyyatda da olmamalıdır. İdeal qəhrəman sovet dövrünün tələbi idi. O vaxt bizi onun üstündə vururdular ki, ideal qəhrəmanlar qalıb, siz kimdən yazırsız, adi adamlardan, bəxti gətirməyənlərdən. Baxın, sovet dövründə yaranan müsbət qəhrəmanların hansı yaşayır? Cəfər Cabbarlı haqqında düşünəndə İmamyar, Salamov kimi parlaq mənfi obrazlar yada düşür, ideal qəhrəmanlar olan Yaşarı, yaxud Almazı yada salan olmur. Çünki canlı obraz həmişə müqəvva obrazdan, heykəl obrazdan üstündür.
 

O başqa məsələdir ki, təbliğat ədəbiyyatı olmalıdır, mən onun tərəfdarıyam, xüsusilə müharibə şəraitində. Bu ədəbiyyat günün ədəbiyyatıdır, yəni bu gün bizə lazım olan ideyaları təbliğ edir, qəhrəmanlığı, igidliyi, döyüşə hazır olmağı, Vətən yolunda canından keçməyi öyrədir. Amma onu fikirləşəndə ki, 30 ildən sonra bu ədəbiyyat artıq yaşamayacaq, adam deyir ki, qoy bu ədəbiyyat da olsun, amma bir az başqa, əsl ədəbiyyat da olsun. Füzuli bu gün yaşayırsa, ona görə yox ki, o patriotik əsərlər yazıb, ona görə ki, onun lirikası var, o lirika əbədidir.
 

- İdeal demişkən bu günlərdə əbədiyyət dünyasına köçən İsa Muğanna yada düşür. 
 

- Allah rəhmət eləsin.
 

- İsa Muğannanın Azərbaycan ədəbiyyatı, xüsusən də, Azərbaycan nəsrindəki yerini necə görürsünüz?
 

- İsanın yerini mən ədəbiyyatda böyük bir yer kimi görürəm. Mən dəfələrlə demişəm, onun öldüyü gün də dedim ki, o bizim ustadımız, müəllimimiz olub. Ola bilsin ki, bir az hissə qapıldım, amma bu sözdə bir həqiqət var. Çünki bizim nəsil ədəbiyyata gələndə Cəlil Məmmədquluzadədən sonra tam həqiqəti yazan İsa Hüseynov idi. “Saz”, “Teleqram”, “Tütək səsi”, “Kabus” - biz bu əsərləri acgözlüklə oxuyurduq ki, ədəbiyyat, bax, belə olar, həqiqətdir, burda yalan yoxdur. Təbii ki, biz Tolstoyu, Balzakı, Heminqueyi də oxuyurduq amma insan daha çox öz ədəbiyyatından qidalanır. Bizim ədəbiyyatda Cəlil Məmmədquluzadədən sonra şəxsən mənə böyük təsir göstərən yazıçı kimi mən İsa Hüseynovu deyə bilərəm. O ki, qaldı onun “Məşhər”dən sonrakı əsərlərinə, deyə bilmərəm ki, əvvəlki əsərləri qədər mənə təsir eləyib. Amma bu, artıq onun öz aləmi, öz inancı idi. Mən vaxtilə İsa haqqında “Qəribə adamın qəribə dünyası” adlı bir yazı yazmışam. Orda da belə bir fikir deyirəm ki, İsa Hüseynov inandığını yazan və yazdığına inanan yazıçıdır. O bu şeylərə inanırdı. Yəni başqa planetlərdə həyat olmağına.
 

Mənə elə gəlir ki, onunla bağlı danışacağım əhvalat İsanın işıqlı xatirəsinə kölgə salmayacaq. Üç-dörd il bundan qabaq rastlaşdıq. Atamın ölümündən 20 il keçmişdi. Dedi ki, kişini gördüm, dedi Anardan muğayat ol. Dedim necə gördün Rəsul müəllimi? Dedi gördüm də. Dedi sən elə bilirsən onlar ölüb? Hamısı sağdılar. Bu qəribəlik kimi də qəbul oluna bilər, amma mən inanmıram ki, İsa oynayırdı. Bizə elə gəlir ki, hər şeyi bilirik, amma kim bilir, bəlkə, elə dünyanın içində paralel bir dünya da var. Bəzi adamlar var, bəlkə, elə o paralel dünyada yaşayır. Hər halda, İsa özünü buna inandırmışdı. Ancaq mənim fikrimcə, onun ədəbiyyatdakı özünəməxsus, təkrarsız yerini nəsrimizdə yeni yol, yeni cığır açan ilk povestləri müəyyənləşdirir. 
 

- Volter deyirdi ki, Allah olmasa belə, onu uydurmaq lazım gələrdi. Ən azı təsəlli üçün ölməzlik ideyası insana və ədəbiyyata lazım deyilmi? 
 

- Mən uzun zaman belə fikirləşirdim ki, o dünya var və mən itirdiyim yaxın adamlarım, dostlarım, valideynlərimlə mütləq orda görüşəcəm. Çünki ola bilməz ki, mən varam, mənim fikrim var, həyatım var, hisslərim var və bir gün bunlar yox olsun, qaranlıq gəlsin. Bir gün başıma çox sadə bir fikir gəldi ki, yaxşı, mən dünyaya gələnə qədər heç nə yox idisə, qaranlıq idisə, niyə əvvəldə qaranlıq varsa, sonda qaranlıq olmasın? Bəlkə elə əvvəlindən insan qaranlıqdan gəlir, sonda da elə qaranlığa gedir. Qaranlıq, ya heçsizlik, Hamlet demiş, bundan sonrakı sükut... 
 

Amma bu biri tərəfdən bir şey də var ki, mən Allaha inanıram. Allaha inandığım üçün fikirləşirəm ki, Allah yəqin ki, başqa bir dünya da yaradıb. Ola bilməz ki, Allah bizi bura atıb desin ki, bax, bu dünyada yaşayın, haqsızlıqları görün, bu haqsızlıqlara qarşı heç bir şey eləyə bilməyin, içinizdə qovrula - qovrula qalın və bir gün ölüb gedin. Amma başqa bir dünyada bunun əvəzi çıxılırsa, sənə izah olunursa ki, bu ədalətsizlik ona görə idi ki, nəticəsi belə oldu, bunun əvəzi bu cür çıxıldı, Allah elə odu. Allah insafdı. Mən bir dəfə yazmışam ki, Tarix Allahın səbridir. . 
 

- İyirmi il əvvəl “Söz” adlı essemdə üç Azərbaycan nasirindən yazmışdım: İsa Muğanna, Anar, Əkrəm Əylisli. İsa Muğanna öz son həqiqətini başqa planetdə, özünün dediyi kimi, Odağüzdə, Əkrəm Əylisli Eçmiədzin kilsəsində tapdı. Bəs, Anar müəllimin son həqiqəti hardadır?
 

- Mən əvvəla, ədəbiyyatı müxtəlif üçlüklərə daxil etməyin tərəfdarı deyiləm. Mən elə bilirəm ki, bu ədəbiyyatda bizimlə bərabər, bəlkə elə bizdən də artıq Yusif Səmədoğlu var, çox istedadlı yazıçı İsi Məlikzadə var, rus dilində yazan İbrahimbəyov qardaşları var. “Nəsrin fəzası” adlı yazım var, orda Azərbaycanın o nəsildən olan yazıçılarından təxminən 9-10-u haqqında geniş yazmışdım. Ondan da əvvəl bizim istedadlı yazıçılarımız olub: İsmayıl Şıxlı, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev olub, başqa yazıçılarımız da olub. Orda yazmamışdım, amma sonra yazdım Mövlud haqqında. Mövlud da bizim çox istedadlı yazıçımızdı. Fərman Kərimzadə də çox istedadlı yazıçıdır, çox gözəl romanı var onun - “Qarlı aşırım”. Məsələn, Salam Qədirzadə adlı bir yazıçımız var. Onun bir “Xəzan yarpaqları” adlı hekayəsi var, məncə, klassik hekayədir. Ədəbiyyata geniş baxmaq lazımdır. O ki, qaldı sualının ikinci tərəfinə, son həqiqətə - son həqiqəti heç kəs bilmir, yəni yoxdur son həqiqət. 
 

- Bu yaxınlarda “525-ci qəzet”də sizin “Jirinovski Bakıda” adlı yazınız dərc olundu və ictimai rəydə böyük rezonans doğurdu. Sizcə, bu hekayədən sonra Jirinovski bir də Bakıya gələcək?
 

- Gəlməsə də olar. Çoxları elə bilər ki, mən onu Bakıda oturub tənqid eləmişəm, yox, mən onu elə Moskvanın özündə də tənqid eləmişəm. Moskvada mənim “Literaturnaya qazeta”da çıxan məqaləmin adı belə idi: “Cənab Jirinovski Yeltsinin sağlığına badə qaldıracaq, yoxsa yox?” Çünki Jirinovski o vaxt da belə sarsaqlayırdı, ona mən orda da cavab vermişdim. 
 

- Hollivud sizin “Mən, sən, o və telefon” hekayənizin motivləri əsasında Tom Henskin də rol aldığı plagiat film çəkib. Niyə müəlliflik hüququ nöqteyi - nəzərindən bu işə müdaxilə etmədiniz?
 

- Mən o filmi görməmişdim, sonra gətirdilər, baxdım. Burda mənim yapışa biləcəyim bir neçə məqam var: mənim həmin hekayəm Amerikada iki dəfə dərc olunub. Bu filmsə o hekayə çıxandan çox sonra çəkilib. Deyə bilərəm ki, bu hekayəni oxuyub plagiat eləyiblər. Amma bunu sübut eləmək mümkün deyil. Gərək bunun üçün milyonların olsun, vəkil tutasan, o vəkil gedib Amerika məhkəmələrinə düşsün, uzun söhbətdi, nəticəsi də məlum deyil. O hekayə otuzdan artıq dilə çevrilib. Onun əsasında Misirdə də, deyəsən bir tamaşa çəkilmişdi. Heç mənim adımı da çəkməmişdilər. Moskvada bu hekayə əsasında çəkilən filmdə adımı çəksələr də, filmi korladırlar. Bir il bundan qabaq ssenari müəllifi Radzinski Bakıya gəlmişdi. “Üns” teatrında onunla görüş vardı. Görüşdən sonra keçdim səhnə arxasına, onunla tanış olduq, məndən üzr istədi ki, o hekayəni rejissor Samsonov belə korladı. 
 

- Nəsə həyata keçirmək istədiyiniz, amma artıq mümkün deyil deyə təəssüf etdiyiniz arzunuz varmı? 
 

- Mənim Emin Sabitoğluna iki borcum qaldı. Bir “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni balet eləmək istəyirdi. Bir də Cəfər Cabbarlının “Oqtay Eloğlu” pyesini opera eləmək istəyirdi. Hər ikisinin librettosunu mən yazmalıydım. Amma təəssüf ki, yaza bilmədim.
 

- Tale sizi ən çətin məqamda - keçid dövründə Yazıçılar Birliyinin sədri elədi. Heydər Əliyevin siyasi müstəvidə elədiyi keçid missiyasını siz ədəbi müstəvidə həyata keçirdiniz. Hamı deyir ki, Anar 27 ildir ki, sədrlik edir, amma heç kəs demir ki, Anar 27 ildir ki, çiyinlərində ən ağır yük daşıyır. O missiyanı ki, siz yerinə yetirdiniz, bunu etməyə bəlkə də heç bir yazıçının gücü çatmazdı. Çiyinləriniz ağrımır ki?
 

- Sağ ol ki, bunu başa düşür, qiymətləndirirsən. Heç kəs mənim qədər sədr olmayıb burda. Hətta ən çox sədr olan Mirzə İbrahimov olub, o da müxtəlif vaxtlarda, hamısını bir yerə toplayanda yenə də 15 il olur. Onu da düz deyirsən ki, nəyin bahasına? Sənətin bahasına, səhhətin bahasına, əsərlərin bahasına, əsəblərin bahasına. Mən burda çox şey itirdim. 27 il canımı qoyduğum bu yeri tərk edib getsəm, kim buranı saxlaya biləcək, bax, o da məni çox düşündürür.


Söhbətləşdi: Əsəd Cahangir


Mənbə: kulis.az

Yenililklər
27.02.20
Əlyazmalar İnstitutu XIX əsrdə nəşr olunan “Bakinskiy listok” qəzetinin elektron versiyasını əldə edib
27.02.20
"Günə min işarə yaza bilsəm, papağımı göyə ataram" - Mübariz Örən
27.02.20
Müşfiq Şükürlü - Cavid bizim ustad təqlidçilərimizdəndir
27.02.20
Gülşən Mustafanın "Hasar" adlı hekayələr kitabı işıq üzü görüb
26.02.20
Filologiya elmində Turxan Gəncəyi zirvəsi
26.02.20
Əli bəy Hüseynzadə haqqında ilk fundamental biblioqrafiya işıq üzü görüb
25.02.20
Rasim Qaraca: “Hər ad günümə bir kitab hədiyyə edirəm” - VIDEO-SÖHBƏT
25.02.20
Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20
İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.