Qismət- Qızıl balığın nağılı
14.04.14

Hekayə
 
“Axşamüstü nağılları” silsiləsindən

 
1.
 
Həmin gün yenə dodağımda bəstələdiyim mahnı, – “dəniz, dəniz, ay dəniz, göndər mənə pay, dəniz ”– yanımda qonur itim, – adı Çapadır – kişidən (atamı deyirəm, adını oğluma qoymuşam - Mircəfər) mənə qalan sınıq-salxaq lodkanı götürüb getmişdim ruzimin dalınca; rəhmətlik şair dostum Ağamirzə sağ olsa, deyərdi ki, dənizin qırışmış üzünə ütü çəkməyə... Allah ona rəhmət eləsin, böyük sənətkar idi. İti lodkaya götürmək heç vaxt ağlıma gəlməzdi, ta ki, bir gün özü həyətdən çıxıb dalımca sahilə qədər gəlincə. Bir də gördüm tullanıb oturdu lodkanın içində, dedim ay yaramaz, sən də darıxırsan deməli, eybi yox, gəl görək nolur. O gün bu gündü – düz 8 ildir Çapa mənə dənizdə yoldaşlıq eləyir. Onu deyirdim axı, həmin gün hava, rusun sözü olmasın, marojna kimiydi. Öz-özümə dedim ki, Mircəfər bugünə irisindən beş-altı balıq tuta bilsən, min bərəkət.
 
Mənim də adım Mircəfərdi, amma oğluma atam Mircəfərin adını qoymuşam. Arvadım əvvəl razı olmurdu ki, qarışıq düşərsiz, amma sonra özü də öyrəşdi. İndi Mircəfər sözündə ikinci “ə” hərfini uzadanda bilirəm ki, oğlunu çağırır, uzatmasa məni. Nə başınızı ağrıdım, tilovuma iki-üç arıq-uruq balıq düşəndən, Çapa da ki, altıncı dəfə dənizin duzlu suyunun dadına baxandan sonra – fikir vermişəm, düz 15 dəqiqədən bir içir – birdən gördüm ki, bu dəfə tilovuma düşən nəsə zıppıltı bir şeydi. İki-üç cəhdə birtəhər dartıb çıxartdım, amma ölənlərimin goru, mən deyim siz inanmayın, nə görsəm yaxşıdı, bəxtimə qızıl balıq düşüb! Balığı vedrəyə atan kimi başını qaldırıb qayıtdı ki, bəs, Mircəfər, sən o bir balanın canı, sən o rəhmətlik kişinin ölmüşü, məni burax gedim. Çapa vedrəyə yaxınlaşıb bir-iki ağız hürdü, amma qızıl balıq susmadı. Dedi, Mircəfər, and olsun dəniz kənarı ilə qaçan alabaşa, su pərilərinə, Heminqueyin əsərlərinə – bircə bilmədim ki, bu Həminquey kimdi? – məni burax, sənin arzularını yerinə yetirim. Gülmək məni tutdu, dedim, alə, kaspian fiş, mənə gəlirsən? Elə arzu yerinə yetirənsən, özünü vedrəmdən xilas elə də?! Pah atonnan, işə düşmədik, dünənin balığı neçə ilin balıqçısına, mənə, Mircəfərə kəf gəlmək istəyir. Əlqərəz, qızıl balıq çox dedi, mən eşitmədim, birbaş qayıtdım evə ki, başıma gələnləri arvad-uşaqla da saf-çürük edim.
 
Oğlum jurnalistikada oxuyur, yazı-pozuya uşaqlıqdan marağı var, ha dedim ki, a bala, həkimdən, vəkildən ol, dediyində durdu, gedib cibində siçanlar oynayan çənəsi sazlar ordusuna qoşuldu. Allaha qurban olum, elə bil qisməti imiş ki, balıqçı Mircəfərin oğlu neçə ildi ona ruzi verən dənizlə adaş bir universitetə girməlidi – Xəzər universitetinə. Əvvəl-əvvəl bu mənə eləcənə təsadüf kimi gəlmişdi, deyirdim yəqin bizim avara gədə qəsdən oranı seçib ki, könlümü xoş eləsin. Amma oğlum üçüncü kursda qəzetə işə düzələndə tamam-kamal inandım ki, burda həm də nəsə mənim ağlımın dərk etməyəcəyi şeylər var. Qəzetin adına baxın: Kaspi. Bu qədər təsadüf ya romanda-hekayədə olar, ya da kinoda zadda, bu isə heç təsadüfə oxşamırdı.
 
Evdə qızıl balığı görən kimi bir həngamə qopdu, gəl görəsən. Arvadım yekə bir siyahı tutub başladı baş sındırmağa: bunların içindən hansını istəyək; oğlum özünü internet kluba verib əcnəbi saytları ələk-vələk elədi: qızıl balıq tutanda neyləmək lazımdı. Mən isə papirosu papirosa calayıb qara-qara düşüncələrə daldım. Evə gələn kimi arvadım balığı vedrədən çıxarıb ədəb-ərkanla məxsusi mənim ayağımı yumaq üçün aldığı qırmızı vannanın içinə atdı. Buna görə bir az kefim pozuldu, bir anlıq içimdə qısqanclıq baş qaldırdı. Fikirləşdim ki, ayə, Mircəfər, bu nə gündü düşdün sən? Bir yoluq balıq gələn kimi sənin neçə illik hakimi-mütləqliyinə, iqtidarına yiyə durdu. Öl, ta niyə yaşayırsan?! Sonra özümü ələ aldım, dedim, Mircəfər, gicləmə, ağlını başına yığ, axmaq-axmaq zadlar fikirləşmə.  
 
Nəysə, çox çək-çevir elədik, bir qərara gələ bilmədik. Axırı arvadım dedi ki, dur get Puşkinin yanına, bir məsləhət al, amma dönə-dönə tapşırdı: bax ha, nəbadə qızıl balıq tutduğunu deyəsən, eləcə al diliynən gör nəsə öyrənə bilirsənmi.
 
Arvadımın Puşkin dediyi (biz tərəflərdə hamı onu bu adla çağırır) adam, kəndimizin rus dili müəllimi Mahirdən başqası deyil. Mahirin eynəyi, saçlarının uzunluğu və qəribə-qəribə şeylər danışması, yol gedəndə dodaqaltı özüynən söhbətləşməsinə kənddə əvvəl-əvvəl birtəhər baxsalar da, bir ildən sonra – sərasər on ildi ki, kənddə müəllim işləyir – hamı onu olduğu kimi qəbul elədi. Amma kəndin lotuları tezcənə Mahir adının böyrünə bir ayama qoşdular – Puşkin Mahir. Savadlı adamdı, öz dünyası var, hamı onun hörmətini saxlayır. Balasının bu kənddə çürüyüb tələf olmasını istəməyən çox adam uşağını Puşkinin yanına yazdırır ki, dil öyrənib adam olsun. Bizim Mircəfəri də vaxtilə onun yanına yazdırmışdım, düzdü rus dilini tam öyrənmədi, amma belə ucundan-qulağından nəsə qırıldada bilir.
 
Səhər obaşdan durub getdim Puşkinin yanına ki, görüm dilindən nəsə qoparda bilirəmmi. Xoş-beşdən sonra söhbəti ha fırlatdım balığın üstünə gətirim, Puşkin hər dəfə əcaib-qəraib şeylər danışdı, rusca şeirlər dedi, mən də məcbur-peşman yalandan başımı tərpətdim. Axırı durub getməyə hazırlaşanda, əhvalımın birtəhər olduğunu hissmi elədi, ya eləcə qəfil həmin anda ağlınamı gəldi, bilmirəm, dedi, Mircəfər, sən zəhmətkeş adamsan, neçə ildi balıqçılıq eləyib ailəni dolandırırsan, amma bəşəriyyətdə daha böyük balıqçılar olub. Məsələn, İsa peyğəmbər. Udqundum, öz-özümə dedim, tövbələr olsun, bu yazıq deyəsən o məsələ. Amma hərif susmadı: “Sənə qəribə gəlməsin, Həzrəti İsa balıqçılara deyib ki, gəlin, mən sizi insan tutan balıqçılar edəcəyəm. Balıq tutmağa nə var, Mircəfər kişi?!” Dedim, çox hikmətli söz deyirsən, Mahir müəllim, indiki zamanda insan tapmaq çətin məsələdir. Şaqqanaq çəkib güldü.
 
Gecə yerimin içində vurnuxdum, gözümə yuxu getmədi. Çıxıb bayırda papiros çəkə-çəkə, evimin divarları kimi, şalvarım-pencəyim kimi deşik-deşik görünən ulduzlu səmaya gözümü dikib, fikrə getdim. Bütün günü arvadım da, oğlum da, gah Puşkinin nə dediyini, gah da indi neyləyəcəyimizi soruşub durdular. Axırı əsəbdən dilimin yağlı yerinə salıb ikisini də yaxşıca söydüm. Vızqırtsınlar! Elə bil gündə qızıl balıq tuturam, mən nə bilim neyləmək lazımdı?! Mıxməmməd qızı mıxməmməd, bütün əsəblərimi korladı.
 
Bilsəm ki, nisyə dəftərinə oxşayan ömür dedikləri bu qəribə şey uşaq vaxtı nənəmin bizə oxuduğu nağıllar kimidi, dərdim olmazdı, bilərdim ki, axırı yaxşı olacaq. Amma indi nə illah eləyirəm bir çarə tapa bilmirəm. Gecənin yarısı belə qəribə-qəribə şeylər fikirləşdiyim yerdə birdən ağlıma Puşkinin son sözləri düşdü: “İnsan tutan balıqçılar...” Öz-özümə dedim, pərvərdigara, bəlkə elə bu da oğlumun “Xəzər” Universitetinə girməsi, “Kaspi” qəzetində işə düzəlməsi kimi bütün ömrümə səpələnmiş işarələrdən biridir?! Elə bil içimə nəsə işıq düşdü, gözlərimin qabağından qəflət pərdəsi götürüldü. O gecə vəziyyətdən çıxış yolunu tapdım.
 
2.
 
Mən binəva hardan biləydim ki, əl boyda bir qəzet elanına bu qədər adam tökülüşüb gələr. Oğluma demişdim, a bala, səhər qəzetə, sonra o internetə belə bir elan yaz: “Yalnız bir gün Qızıl Balıq istənilən arzunuzu yerinə yetirəcək. Bir adam bir arzu! Hər arzunun qiyməti 50 manat. Bu fürsəti qaçırmayın! Şikəstlərə, müharibə veteranlarına, çoxuşaqlı ailələrə 50 faiz endirim olacaq. Endirim gələn ayın əvvəlinə qədər qüvvədədir”. Başıma daş düşməsin yazığam, meyxanaya bədihə deyəydim, vəzni pozuq qəzəl yazaydım, amma gərək o elanı verməyəydim. Mən ömrü-həyatımda o qədər adamı bir yerdə görməmişdim, heç qarışqa sürüsündə bu qədər qarışqa olmur. Bircə günün içində həyətimiz dönüb oldu ocaq; bilmirəm kimin ağlına gəldi – arvadın, ya oğlumun – hələ bir qapıya kağız da yapışdırdılar: “Ümid qapısı”.
 
Qızıl balıq əvvəlcə razı olmadı, özündən çıxdı, hamımızı hədələdi. Amma dəqiq bilirdim ki, bizə xox gəlmək istəyir. Nə qədər çək-çevir eləsə də, bizi qurbağaya, tısbağaya, su ilanına, İlhamə Quliyevaya çevirəcəyini desə də, axırı çar-naçar razılaşmalı oldu.   
 
Elanı oxuyan kimi qapımıza cuman adamların qabağını almaq get-gedə çətinləşsə də, hər şey nəzarətim altındaydı. Əvvəl-əvvəl adamlar çoxaldıqca həyəcan məni bürüdü, sonra get-gedə hər adama 50 manat kimi baxmağa başladım və ürəyim yerinə gəldi. Qərara gəlmişdim ki, bir neçə gün adamlar ancaq qeydiyyata düşsünlər, adlarını dəftərə yazdırıb görüş vaxtı alsınlar. Arvadım, maşallah, özü irəli durdu, yekə bir dəftər açıb hamını nizama düzdü, qeydiyyat aparmağa başladı.
 
Deyir sən saydığını say, gör adama nisyə verməyən fələk nə sayır...
 
Elə ki, işin içinə televiziya girdi, batdıq Aşqabad batan kimi. Bircə dəfə hansısa kanalda bizim balıq haqqında balaca xəbər getdi, vəssalam, ölkədə nə qədər şil-şikəst, uşağını küçəyə tullayan, qoca babasını təpikləyən, günahkar-saf, axmaq-ağıllı, milli-kosmopolit, gündə üç dəfə kəfləmə vuran, kəsəsi, böyük ümidsizlər ordusu axışdı bizim qapıya.
 
Bircə unutmuşduq ki, qızıl balıq cəmi üç arzu yerinə yetirə bilər...
 
3.
 
İş-işdən keçsə də, qərara gəldim ki, elə qapının ağzındaca telekanalların iştirakı ilə bir açıqlama verim. Cəmi üç dəqiqə danışa bildim, qəzəblənmiş camaat nə təhər coşdusa... Dünyada nə qədər söyüş var döşədilər qabırğama. Pis çıxmasın, bədənimdə nə qədər deşik var hamısına müxtəlif şeylər soxub-çıxartmaq barəsində təzə-təzə sözlər eşitməli oldum. Məni söznən zorladılar.
 
Qara camaat bizi linç etmək istədi, polislər töklüşüb gəldi, iş yuxarılara qədər gedib çıxdı. 50 manat verib bütün həyatlarını dəyişmək istəyən amansız insan dənizi qapımızın ağzında dalğalandıqca, nə edəcəyimi bilmir, çar-naçar oturub möcüzə gözləyirdim. Dövlət rəsmiləri evimizə gəlib bizimlə görüşdülər, əvvəlcə təklif, sonra xahiş, sonra isə təkid etdilər ki, qızıl balığı dövlətə bağışlayaq. Qızıl balıq xalqımızın, dövlətimizin əmin-amanlığı, suverenliyi, unikallığı, analoqu olmayan inkişafı yolunda sərf olunmalıydı. Qafqazın incisi mavigözlü Xəzər kimi, Xəzərdəki qara qızıl kimi, on bir iqlimdən doqquzu kimi, şərqdə ilk opera kimi – qızıl balıq da bizim milli-mənəvi sərvətimiz olduğu üçün dövlətə təhvil verilməliydi. Başqa çarəmiz yox idi, onsuz da dövlət qarşısında boynumuz qıldan incədir. Məsləhət beləydisə, böyüklərimiz belə buyurmuşdusa, bizə laf düşməzdi. Onsuz da başqa cür olsa, artıq şüarlar səsləndirməyə, piketlər keçirməyə, yaxınlıqdakı mağazalara hücum etməyə başlamış azğın kütlənin qurbanı olacaqdıq. Razılaşdıq. Bizdən razılıq alan dövlət nümayəndəsi camaatın və mətbuatın qabağında qızıl balığın dövlətin ixtiyarına keçdiyi barədə açıqlama verəndə, qəfildən beynimin qurdu tərpəndi. Qızıl balığın yanına cumub dedim: “Başqa çarəmiz yoxdu, tez ol, məni Nadir Qafarzadəyə, arvadımı Rəqqasə Fatiməyə, oğlumu isə Namiq Qaraçuxurluya çevir!”
 
Qızıl balığın düymə kimi balaca gözləri parıldadı. /kulis.az/

Yenililklər
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.