Aliq Nağıoğlu - Hərdəmxəyal
15.04.14

Hekayə


    Demək olar ki, hər gün mən kənddən rayon mərkəzinə gəlirəm. Heç səbəbini bilmirəm burda nə axtarıram, nə itiyim itib, ancaq gəlməsəm, darıxıram. Mən özüm özümün ağasıyam, nə istəyirəm, onu da edirəm, heç kimdən asılı deyiləm, heç kəsə qoşulmuram. Bir növ azad adamam, bəxtəvər başıma, qonşum demişkən... Amma indiki azadlıqdan mənim ürəyim bulanır.
    İyirmi dəqiqəlik bu yolu xalturaçılar ikiqat baha apardığından bir neçə il əvvəl xəttə buraxılan mikroavtobusa minirəm. Hərdən basabas olur, heç ayaqüstü dayanmaq olmur. Onda minmirəm, sanki məni boğurlar, havam çatmır, turşulaşmış qoxu ürəyimi ağzıma gətirir. Belə hallarda neçə dəfə maşını saxlatdırıb özümü bayıra atmışam. Sürücülər də vəziyyətimi bilir. Biri həmişə deyinirdi ki, bu, ona ziyandı. “Deyinirdi” deyirəm ona görə ki, artıq Allahın dərgahına qovuşub. Altıncı ay təqaüd pulunu almaq qismət olmadı.
    Ancaq bu gün seyrəklikdir, bazar ertəsi olduğundan kəndlilərdən əsasən gündəlik bazar alverçiləri burdadır. Ona görə keçib ənənəvi yerimdə- pəncərəsi açılan təknəfərlik oturacaqda əyləşirəm. Basırıq olanda, ürəyim müxtəlif iydən, qoxudan bulananda, şüşəni azca aralayıram, belədə lap ağzınacan sərnişin yığılsın, vecimə deyil, çünki aralıqdan vuran soyuq hava axını qanımın arasına girir.
    Növbəti kənddə daha iki bazar qadını ağır zənbillərinə güc edərək təntiyə-təntiyə yuxarı qalxırlar. Hələ oturmağa macal tapmamış, gündəlik alverçi yoldaşlarını görüncə, ağızlarındakı yaşmağı aralayıb öpüşürlər.
    Yeddi kəndə baxan bankomatın qabağında daha üç qadın və iki kişi minir. Bankomat ATS-in binasındadır, ancaq qoyulandan onun adını dillərdən sıxışdıraraq çıxarıb. Oturacaq yerləri, deyəsən, tamam tutuldu. Lakin mikroavtobusun sürücüsü hələ də sağa-sola boylanır, maqnitofonun səsini bir az da artırır. Budur, alçaq boylu qıvraq qadın özünü içəri salır. Oturanlara çəpəki nəzər salaraq keçib axırda- yeganə boş oturacaqda əyləşir. Mikroavtobus yerindən tərpənir.
    Amma oturanların bu qadına marağı əlüstü hiss olunur. Bu, özünü çox gözlətmir:
    -Ə-əə, g...köpəyoğlu, maqnitofonun xodunu azalt, qoy kənd zəhmətkeşlərinə son xəbərləri çatdırım...
    Salona gülüş səsləri yayılır, hətta yanında oturanlar canlanır.
    -Sovet hökuməti Lenin ordenini mənə bica yerə verməyib, özüm də qəhrəman anayam, on uşaq doğmuşam, hamısı da sapsağlam...- söz sürücünün kefini duruldur.-Hə, indi mənə deyin görüm, axşamkı yanğın nə məsələdir...
    Kimsə yerində qurcuxub ona tərəf çöndü:
    -Evin içindəkilər aman çəkmədi elə yandı ki, heç nə çıxarda bilmədilər... Sahibi yayda bir ay iş gördürmüşdü, sonra da ailəliklə yığışıb xaricə qayıtmışdı. Quru divarlar durur, hətta ağ dəmirlər də bir şeyə yaramır. Tifil uşaq bu yay gəlib nişanlı qızının toyunu edəcəkdi...
    -Deyirlər içəri girənlər olub, qızılları, xalça-palazı çıxardandan sonra, od vurub yandırıblar,- ağzı yaşmaqlı qarapaltarlı, qaraqabaq arvad düz irəli baxa-baxa yarımyuxulu halda danışırdı.
    -Pojarnılar gələndə içindəkilər kül olmuşdu, üstünün dəmirinə su vurdular, paymal oldu. İndiki evlərin üstü şifer deyil axı, şiferli dam örtüyündə yanğın vaxtı onun çırtaçırtı aləmi başına götürür.
    -Mən eşitmişəm ildırımdan yanıb,- Lenin ordenli arvad ərkyana sağ əlini dişsiz ağzına aparıb duruxdu.-Kişilər bilər, belə şey olaar?
    Sürücünün arxasında oturan səksən yaşlarında lökdodaq qoca, nədənsə, arıq boynunu qısıb mızıldadı:
    -Mənim başım ildırımdan çəkib...
    -Vay nənəm ölsün, tarixi nadiri bir xeyli oxumuşam, amma başı ildırımdan yanan adam eşitməmişəm,- güldükcə dişsiz damağı görünən Lenin ordenli arvad qəşş elədi. Ancaq oturanlardan heç kəs cürət edib cavab verməsə də qoca kişi söz altında qalmadı:
    - Sənin doğduqların özün kimi olsa, daş düşdü başlarına... Mən demək istəyirəm ki, o ildırımın evimə düşməyini başım çəkib. Düşdü evin düz tininə, şəlmənlər-xərpələr alışdı, hay-həşir salmasaydım, düşərdik bu bədbəxtin gününə. İndiki evlərin hər yanı qutu kimidir, banı görsənmir ki, ayıq olsan, iy hiss edəsən, yanığı görəsən; bununsa evində həm də, deyilənə görə, qalan olmurmuş. Həə, odu ki, belə olub... Eşitmişəm şikayət də veriblər, ancaq xeyiri yoxdur, telefonla sahibinə xəbər çatdırıblar, hətta xarabanın şəklini də göndəriblər, amma hələ gəlməyib. Burda qardaşı rayona gedib-gəlir... Molla eşşəyin üstündə papirosunu tüsdülədə-tüsdülədə gedirmiş. Közərən kül tökülür çulun üstünə, çul başlayır yanmağa. Molla o saat eşşəkdən enib, onun dalına bir təpik vurub deyir, indi ki, ağlın var, özüü vur suya... Bu zamanda ağlın olmasa, heç nə, eşşəkdən də pis günə düşəcəksən...
    Bu qoca hər söhbətinin sonunu həmişə bir məzəli lətifəylə bitirir. Lakin mənim beynimi konkret bitkin şəklə salınmamış fikirlər deşir. İndi mən dişləri tamam tökülmüş bu qadına baxıb üzündə qatılaşmış və ucuzlaşmış gizli kədər oxuyuram. Mən onu tez-tez rayon mərkəzinə gedən görürəm, hər dəfə də bir uşağının problemindən danışır. Bu səfər, nədənsə söhbəti baş vermiş fəlakətin üstünə gətirdi. Qəsdən, bilərəkdən belə elədi, demək çətindi.
    Şüşədən bayıra zillənirəm. Yolun qırağında hansısa şirkət böyük bir ərazini hasarlayır. Bir neçə il əvvəl quraşdırılan asfalt zavoda yeni avadanlıqlar gətirilib. Bura  magistral yolun bir addımlığında olduğundan əlverişli yerdir. Asfalt tərəfdən zavodun kənarı hündür hasarla hörülüb tamamlanıb, işlərin gündəlik sürəti adamı heyrətə gətirir. Deyirlər, lap yaxın gələcəkdə burda alternativ qısa yolun inşasına başlanacaq.
 Magistral yola çıxanda içəridəki söhbət başlandığı kimi də qəfildən kəsildi. Oturanların səhər-səhər ölgün gözləri və laqeyd ifadəli üzləri diqqətimi çəkir.
Qaraqabaq arvad artıq xoruldayırdı. Bu adamlar özləri də etiraf edir ki, bir-birinin zəhlətökən təkrarı olan boz günlər onları bezdirib, səhər-axşam imkan düşən kimi maşında qısa zaman mürgü vururlar. Sonadək belə olacaq. Bu adamlar elə yollardaca qocalıb öləcəklər. Dəyişsə dəyişsə, ancaq nəqliyyat vasitəsi, yol kirəsi dəyişəcək. Vəssalam.
    Öz fantaziyama gülürəm. Mikroavtobus məktəb liseyin qabağından keçəndə tamam başqa ovqata köklənirəm, lakin mənzil başına çatmaq üzrəyəm. Çatdırıb düşünüb-daşınmadım ki, bir neçə saatımı burda necə əridəcəyəm. Adətən səhər-səhər beynimdə qeyr-adi, özümü də heyrətləndirən fikirlər dolaşır.
    Mikroavtobusdan düşəndən sonra hələ kəsdirə bilmirəm hara gedim. Burada dayanmaq olmaz, çox sıxlıqdır. Birmərtəbəli çoxsaylı ticarət yerləri tikilib hazır otaqlar satılandan maşınların dayanacaq məkanı xeyli daraldı. Ləngisən, xalturaçılardan lap hövsələsizi üstünə cumub sorğu-sual edəcək ki, bəs, bir adamnan da kəndə qayıda bilər; sənin indicə maşından düşməyin onun heç vecinə də deyil. Özü də birinin dediyini digəri qulaqardına vurub, tutuquşutək təkrarlayacaq; bu adamlar özlərinə sərf edənləri görür, bu səbəbdən onlarla mübahisə yersizdir. Odur ki, yolu alıram əlimə. Əgər tanıdığım adamlar rast gələrlərsə, salamlaşıram. Düzdür, tanışlar demək olar ki, olmur... Belə yerdə adamlar, hansı səbəbdənsə, bir-birindən gen qaçır, gözə girməyi xoşlamır.    
    Kiməsə bərk toxundum, sanki çiyin atdım. Adam dayanıb üzümə baxır, ancaq heç nə demir. Ötüb keçmək istəyəndə:
    -Tanımadın məni...- bic-bic irişir, sallaq dodaqlı toppuş kişi mənimlə həmyaşıd olardı.-“Budulay”am, indi də xatırlamadın?
    Düzü, mən bu sarışın dolu bədənli adamı ayamasını deyən kimi dərhal tanıdım. Bu ayamanı ona yayıldığı ərəfədə “Qaraçı” filminin baş qəhrəmanına oxşadığına görə vermişdilər. Bircə saqqalı çatmırdı. O vaxtlar kəndin uzaq qonşuluğunda sərhəd zastavasında xidmətdən yuxarı qulluq keçirdi, ordakı qohumlarına tez-tez baş çəkirdi. Daha çox təmiz spirt dəllalı kimi ad çıxarmışdı. İndi hüzr yerində mollalıq edənlər, cümə axşamları, müqəddəs günləri yasin oxumaqdan çörəkpulu çıxaranlar atılışıb aldıqları üçlitrlik bankanın dozasını düzgün nizamlaya bilmədiklərindən keflənib axşam-səhər xəndəklərdə yatıb qalardılar.
    Tərəvəz sahəsindən yorğun-üzgün qayıdan qadınlar ərlərinin yerini dəqiq biləndən sonra səssiz-səmirsiz evlərinə üz tuturdu.
    O vaxtdan çox illər keçib. Xəndəklər korlanıb, üstündə hündür daş hasarlar ucalır. Onda bəxtəvərlik idi, mənim özümün düz üç iş yerim vardı...
    O, çox dəyişsə də, qəşəng bığı qalır, üstəlik qatran rəngli saqqal saxlayır. Ağzını tam açıb gülür, qar kimi ağ süni dişləri görünür. Əla əhval-ruhiyyədədi, əllərini açıb məni qucaqlayır. Diqqətlə, görüşmədiyimiz illər ərzində sanki haqqımda hər şeyi öyrənmək istəyirmiş kimi mənə baxır.
    Eynim açılır.
    -Həə, tanıdım,- çəkindim ayamasını deyim, amma adını da xatırlaya bilmirdim.
    -Hara belə, bəlkə bir çay içək,- vəziyyətdən məni çıxarır. –Mənim tələsik bir işim yoxdur, gəl, gəl... Burda xudmani bir qəlyanaltı var, gedək...
     Ən çox zəhləm getdiyi adamlar səhərin gözü açılmaz çayxanaya cumanlardır. Belələrinin içində siqaret çəkənlər, içki içənlər çoxluq təşkil edir. Yeni tanışıma xatir ani fikri beynimdən qovuram, gülümsəyirəm, təklifini qəbul edirəm. Biz aralıq yolla bir qədər gedirik, sonra sağa burulub, açıq qapıdan  içəri giririk. Alçaq tavanlı otaqda heç kəs yoxdur, ya hələ tezdir, ya da belə yerlərin xüsusi müştəriləri olur; nə vaxtsa gələcəklər.
    -Elə bilirəm burda otursaq, yaxşıdır,- plastik stulları çəkib eyniadlı stolun arxasına keçirik,- o gün sənin tamada sinif yoldaşınla da burda oturmuşduq. Deyir, məktəb direktorunun müavini işləyirəm.
    -Mənimlə bir sinifdə oxuyub. Altı il bir partada oturmuşuq...
    -Deyirsən, səninlə bir partada oturub? Bilirsən də indi müavin işləyir...
    -Düz altı il...  Müavin işləməyini bilmirdim...
    -Necə oxuyurdu, sən canın?
    -Məsələni, yaxud misalı həll edəndə üstünü örtürdüm ki, köçürtməsin. Boylanırdım, artıq cavabı yazıb... İndi də mənə qaranlıqdır, o, necə, nə vaxt çatdırırdı bunları... Korazehinin biriydi...
    -Əsas odur ki, indi direktorun müavinidir...
    -İndi hə-ə.... Amma heç kəs keçmişindən qaça bilməz-onun gələcəyi orda qalıb... Nə qədər təqaüd alırsan?
     -Səkkiz yüz manata yaxın... Yenə də artacaq, minə çatsaydı, dərdim olmazdı...
     -Dərd ölənəcən olacaq... Ancaq hələ canıbərksən, yaxşı qalıbsan, işləmək barədə düşünmürsən?..- sonuncu sualım özümə də mənasız görünür.
     -Kiməsə qul olmaq istəmirəm... Çağırmışdılar məşhur özəl şirkətdən, axranlıq təklif etdilər, getmədim. Ordan məlumatın yoxdur, bilmirsən axran nə edir?
     -Axran dünyanın hər yerində eyni işləri görür. Burda bu iş günaşırıdır, iş günü yatmaq, yayınmaq-bayıra çıxmaq olmaz. Gündə üç dəfə yemək verilir. Başqa şeylər də var ki, işə duranda deyəcəklər, biləcəksən...
     -Mənə iş lazım deyil, özü də beləsi ki, kiminsə əlinin altında nökər işləyim. Maraqlıdır, başqa şeylər nədir elə-ə?
     -Nəyinə gərəkdir, bir halda arzusunda deyilsən, başını ağrıtma...
     -Maraq üstün gəlir... O gün keçmiş zabit dostum bizə gəlmişdi, onunla bir az gap vurduq... Patronun sinif yoldaşıdır axıı... Razılıq edirdi yaman, aylığı da altı yüz... Köhnə “ZAP”ısı vardı, indi “Mersedes” sürür...
     -Bir ara “07”- i aldı, yəqin görməmisən...
     -Hər nəsə, əyin-başı, gör-görkəmi də düzəlib... Xeyli təqaüd alır... Niyə ora istefada olan hərbçiləri götürürlər?
    -Başqa peşə sahibləri də çoxdur, minə yaxın adam çalışır...
    -Köhnə hərbçilərdən kimi soruşuram ordadır... Bir tanışım anbar müdiridi, keçmiş finçastımız şirkətin şəhərdəki fabrikinin direktorudu, sovet ordusu zamanı maliyyə maxinasiyasında yatıb-çıxan digər hərbçi...
    -Bir halda elədir, sənədlərini ver, növbəyə dur, maşallah bazburud səndə, bacarıq səndə...
    -Deyirsən, keçim nökərçiliyə... Yoox, onu görməyəcəklər...
    -Nökər niyə olursan, iş işdi, qabaq necəydi, indi də elədi... Dəyişən tək addı...
    -Özün dedin ki, bəzi şeylər də var... Gizlətmə, açıqla noolar...
    -Onu işə duranda deyəcəklər... Sənin ürəyin atlanıb lap, düz edirsən, əlavə qazanc cib cırmaz ki...
     Biz çay içirik, get-gedə söhbət mənə maraqsız görünür. Həmişə beləyəm, adamayovuşmazlığımın səbəbini anlamıram. Bəlkə buna görədir ki, tanıyanlar mənə yan almır. Yaxşı ki, “Budulay” bazara tələsir, cibindən əl boyda siyahını çıxarıb göstərir. Məktəbdə müəllimə işləyən həyat yoldaşı işdən qayıdanadək orda yazılanları alıb evə çatdırmalıdır.
    -Ev-eşik, həyət-baca necədir?-tələsik soruşur.
    -Var, var...
    -Köhnə pəncərələri plastikə dəyişmisənmi?
    -Yoox...
    -Səs-küydə necə oturursan? İndi hər kəs elliklə plastikadan istifadə edir. Həyətə plitə döşətdirmisənmi?
    -Fikrimdə var...-bilmirəm sualların altından necə qaçım.
    -Nəbadə yerli şey alasan, deyərsən İran malı təşkil edərəm. Keyfiyyətinə özüm otveçatam.
    -...
    -Evin üstünün şiferini dəyiş, ziyandı... Televizor da dedi...
    -...  
    -Kərbəla, Həcc ziyarətinə getmisən?
    -Yoxx...
    -Məşhədə necə?.
    -Bilirsən...
    -İndi lap ucuzlaşıb, cəmi-cümlətanı doxsan manata... Qayıdan başı əlli kilo ayın-oyun gətirərsən, xərcin-xovun çıxar... İndisə salamat qal.
    Ayrılanda mobil telefon nömrəmi götürür, bundan sonra vaxtaşırı görüşərik deyir.
    Bir müddət yerimdən tərpənə bulmirəm, deyəsən beynim əməlli-başlı şişib. Dəqiq kəsdirə bilmirəm hara gedim. İşlə bağlı ərizəmə dünən göndərilən cavab məktubunu əlimlə şalvarımın cibində bir daha yoxlayıram. İndiki şalvarlara etibar yoxdur, ciblərinin dərinliyi azdır, həm də tez süzülür. Yoox, yerindədir. Nədənsə, ora getməyə qəti həvəsim yoxdur. Belədirsə, getməyinə dəyməz, götür-qoy edirəm. Xatirimdədir, məktubu yazmazdan qabaq qəbulunda olanda, donuq şöbə müdiri qeyri-müəyyən cavab vermişdi. O, canıyananlıqdan, deyəsən ağzından qaçırtdı ki, ayıbdır, mənə, ali təhsilli mütəxəssisə, təklif edəcəyi bəzi işləri hətta təlim edilmiş meymunlar yerinə yetirə bilər. Danışa-danışa gözlərini kompüterin ekranından ayırmırdı. Qıyqacı-qıyqacı boylanıram, xəbərləri oxuduqca narahatlıq keçirir; alnına çəkəndə sağ əl barmaqlarının aşkarca titrədiyi nəzərimdən qaçmadı. Ayrılanda dedi ki, rayonun lap ucqar dağ kəndində kompüter müəllimi yeri boşdur, onu da verməyə ehtiyatlanır ki, birdən öyrənməyə gələn olmaz, yola verməzlər, aldığın da yola-yeməyə gedəcək. O səbəbdən ərizəmin baxılmasından ötrü yollanan idarəyə təkrar getməyinə dəyməz. Nə cavab yazarlar yazarlar. Deyəsən, bayaqdan fikirləşdikcə cibimdəki vərəqi də xışmalamışam.
     Mənim rəngsiz günlərimin sırası kənardan guya tamamilə düzənlidi, amma onlar toplanıb  boş aya-ilə qalanır, sonra yoxluğa qərq olur. Sanki heç vaxt olmayıbmış kimi əriyir. Ömrümdə elə bil əlamətdar hadisə, təqvimdə yadda qalan gün, hətta bugünkü -mənim ad günüm də olmayıb. Heç nə qalmadığını dərk etmək dəhşətdi… Belə həyatdan xərifləmək olar.
     Rayon mərkəzində çox yubanmağa dəyməz. Elə qayıtmalıyam ki, kəndə gedən axırıncı marşruta çatım. Hərdən mikroavtobuslar işləmir. Sərnişin olmadığını bəhanə gətirib ilim-ilim itirlər. Adamsız gedib-gəlmək sərf etmir deyə söylənirlər. Demək olmaz, mənə də ərizə yazdıran-istər əllə, istərsə kompüterdə olsun- hər zaman ola bilər. Təhsilli adama kənd yerində yumurtlamayan toyuq, qısır inək kimi baxırlar. Kənddə yaşayan gərək ya dükan aça, ya da kənd təsərrüfatı texnikası işlədə; mollalıq, baxıcılıq yaxşı həkim olmaq kimi izzətlidir... Bəd ayaqda mənim kimi ərizəyazan... Dünən qonşu qəsəbədən babat müştəri ürcah olmuşdu: şəhid atası üç məktəbin, iki poçt şöbəsinin qapısından üzüqara dönəndən sonra məni soraq veriblər; yazsa-yazsa belə şeyləri o yazar, deyiblər...
    Burada veyllənmək, mənə həm yaxşıdı, həm də darıxdırıcıdı. Kənddə çoxları elə bilir, mən rayon mərkəzində işləyirəm. Hər dəfə özümü inandırmaq istəyirəm ki, burada, sanki, lazımi yerdəyəm, əslində, həm mən harasa gecikmişəm, həm də nəsə önəmli bir şey guya artıq olub. İstisna deyil ki, bu yenidən baş verəcək, lakin nə vaxt - məlum deyil. Sabah yenə burda olacağam. Hər halda görünmək olmaqdan daha asandır.
    Mən insanın həyatında mühüm rol oynayan tarixə də çox inanmıram. Daha doğrusu, keçmişdə baş verən hadisələrin möhtəşəmliyinə. Axırıncı dəfə kredit götürdüyüm bank bu səhər cib telefonuma ismarış göndərməsəydi, ad günümü də xatırlamayacaqdım.
    Beynim yüklənəndə hara soxulduğumu bilmirəm. Demə, dayanacaqdakı kiçik marketə girmişəmmiş.
   -Nəsə almaq istəyirsiniz? - satıcı qadın nəvazişli pıçıltıyla soruşur.
    Mən başımı bulayıram:
    -Yox-yox.
    Və onun baxışlarında sual görürəm: “Bəs onda niyə gəlmisiz?.”
    Bəlkə də, o, belə düşünmür, amma gözlərində məhz bu oxunur.
    Mən narahat oluram, bir neçə saniyədən sonra, bayıra çıxıram. Sürətli addımlarla dayanacağa tərəf irəliləyirəm.
 

Yenililklər
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.