Azərbaycan Dillər Universitetində "Dəlicəsinə"nin təqdimatı olub
01.05.14
Dünən Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru, şair-publisist Rəşad Məcidin yenicə çapdan çıxan "Dəlicəsinə" kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Fəridə Səfiyeva, II Xarici dil kafedrasının müdiri Şaban Şabanov, Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimləri, Filologiya və Jurnalistika fakültəsinin tələbələri iştirak ediblər.
Qonağı salamlayan prorektor Ələddin Əliyev belə tədbirlərin universitetdə mütəmadi olaraq keçirildiyini bildirib. Ə.Əliyev qeyd edib ki, Rəşad Məcid jurnalistikaya, publisistikaya və lirikaya eyni dərəcədə yaxın olmağı, mövcud istiqamətdəki proseslərin mərkəzində dayanmağı bacaran qələm sahibidir. Prorektor vurğulayıb ki, R.Məcidin yeni çapdan çıxan kitabı da onun əhatəli yaradıcılıq dünyasının, yaşantılarının məhsulu kimi mühüm əhəmiyyət daşımaqdadır.
Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Fəridə Səfiyeva isə çıxışında R.Məcidi xarakterizə edən müxtəlif cəhətləri sadalayaraq onun yaradıcılığının örnək səciyyə daşıdığını vurğulayıb. F. Səfiyeva R.Məcidin rəhbərlik etdiyi "525-ci qəzet"in Azərbaycan mətbuatında obyektiv mövqeyi ilə seçildiyini bildirib. Kafedra müdiri "Dəlicəsinə"nin müəllifini oxucu duyğularına təsir göstərən şair, publisist və jurnalist kimi səciyyələndirib və bu dəst-xəttin heç də hər yaradıcı şəxsə məxsus olmadığını diqqətə çatdırıb.
Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov "525-ci qəzet" və "Dəlicəsinə" kitabı haqqında fikirlərini bölüşüb. V. Bəşirov "525"in oxunaqlı qəzet olduğunu, xüsusən də şənbə buraxılışının maraqla qarşılandığını diqqətə çatdırıb.
Tədbirdə Filologiya və jurnalistika fakültəsinin 247a qrup tələbəsi Ülkər Salamova "525-ci qəzet" və "Dəlicəsinə" kitabı haqqında təqdimatla çıxış edib. Təqdimatda "525-ci qəzet"in yaranma tarixindən və fəaliyyətindən, eləcə də "Dəlicəsinə" kitabından söz açılıb. Qeyd olunub ki, "Dəlicəsinə" kitabında tanınan şəxslər haqqında məqalələr yer alıb. Bildirilib ki, nəşrin "Yaşadıqlarım" bölümündə müəllif müxtəlif illərdə qələmə alınan publisistik yaradıcılıq nümunələrini təqdim edir. Kitabın "Gördüklərim" bölümündə Rəşad Məcidin səfər təəssüratları yer alır. Nəşrin "Tanıdıqlarım" bölümünə müəllifin portret məqalələri daxil edilib. Dördüncü - "Dediklərim" bölümündə Rəşad Məcidin müxtəlif kütləvi informasiya vasitələrində gedən müsahibələrindən bir neçəsi verilib.
Təqdimat mərasimində çıxış edən Rəşad Məcid ADU-da olmaqdan məmnunluğunu önə çəkib. R.Məcid bildirib ki, Dillər Universiteti ona doğma olan ali təhsil müəssisəsidir. Baş redaktoru olduğu "525-ci qəzet"in yaranma zərurətindən, fəaliyyətindən danışan R.Məcid deyib ki, rəhbərlik etdiyi qəzet indiyədək yüzlərlə jurnalist üçün məktəb rolu oynayıb. R. Məcid ölkənin aparıcı qələm sahiblərinin yazılarının qəzetdə çap edildiyini də qeyd edib. Müasir ədəbiyyatımızda mövcud olan problemlərdən söz açan R. Məcid gənclərin mütaliəyə marağının zəifliyini də sözlərinə əlavə edib. O, ədəbiyyata, jurnalistikaya dövlət tərəfindən qayğı göstərildiyini, Azərbaycan Prezidenti İlham Əliyevin gənc yazarlara xüsusi diqqət ayırdığını söyləyib.
Sonda R. Məcid tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Prorektor Ə. Əliyev isə R. Məcidə tədbirdə iştirakına görə universitet kollektivi və rəhbərliyi adından ona təşəkkür edib. /525.az/
|