Elnarə Akimova - Poema yaradıcılığı haqqında

02.05.14

Janrın qürubu, yoxsa ədəbi laqeydliyimiz

Poema janrı haqda ən son müzakirə 1977-ci ildə keçirilib (bax: Poema: axtarışlar, perspektivlər. “Ədəbiyyat və incəsənət qəzeti”, 29 oktyabr, 1977). O vaxtdan bizi ayıran zaman vahidi 37 ili çevrələyir. Bu rəqəm  ədəbi-mədəni yaddaşımız üçün o qədər də ürəkaçan deyil, simvolik olaraq, faciə, sürgün, repressiya məfhumları ilə xarakterizə olunur. Bilmirəm, analoji yanaşma nə dərəcədə təbiri-caizdi, bu gün poema haqqında danışanda həmin rəqəmin ehtiva elədiyi bədbin ovqata  qapılmalı oluruq. Sanki ədəbiyyatımızın qos-qocaman bir janrı repressiyaya uğrayıb, haqqında söz düşdümü, eləcə “ah, keçən əyyam” nisgili ilə əski çağların qaynar ədəbi mühitini, bu mühit içrə əlahiddə yeri olan poema janrının dinamikasını örnək gətirməli oluruq. Zarafat deyil, tarixi kökləri olan bir janrdan söhbət gedir. Xaqaninin “Mədain xərabələri” poemasından başlamış, Nizami, Füzuli epoxası, ondan beləsinə XX yüzilin A.Səhhət, M.Hadi, H.Cavid nümunəsində davam edən ənənə xətti, 60-cı illərdən güclənən R.Rza, Ə.Kərim poemalarının intellektual manevrləri, S.Vurğunun odlu misralarından güc alan “Zəncinin arzuları”, koloriti ilə seçilən “Muğan”, Qabilin “Nəsimi” dövrünə layiqincə ayna tutan əsəri, B.Vahabzadənin “Şəhidlər”, M.Arazın “Atamın kitabı”, N.Həsənzadənin “Zümrüd quşu”, C.Novruzun “Qərbi Berlin”, “Kəndimizin antik heykəli”, F.Qocanın “Azadlıq”, R.Rövşənin “Qapı”, M.Günərin “İliana haqqında nəğmə” poemaları və s. və i.  Zaman döndü də, 90-cı illərdən başlayaraq dünya estetik-fəlsəfi fikir cərəyanlarının şeirimizə axını gücləndi, ənənəvi-realistik, lirik-romantik üslublardan tutmuş modernistik təmayülləri ehtiva edən mətnlərə qədər nümunələr var ortada.  Bəs bu gün poema janrına niyə müraciət olunmur? Ən çox bu sual önündə duruxub dururuq. Əslində, bu, məsələyə birtərəfli baxışdı, poema janrı  ilə bağlı araşdırmalara başlarkən qənaətlərim bu mənada özünü doğrultmadı. Bir daha anladım ki, biz hər hansı problemlə dərindən maraqlanmadıqda, mahiyyətinə varmadıqda eləcə, “yoxdur” nidası üstə köklənməyi sevirik. Axı var, yazılıb, yazılır, poema janrında bir sıra əsərlər ortada, əlimiz çatan yerlərdədir. Bəs o zaman niyə yoxdur? Bəlkə kəmiyyət keyfiyyətə çevrilmədikcə sabun köpüyü kimi yoxa çıxır əsərlər? Bəs nə zaman müzakirə etdik, problemə vüsətli yanaşdıq ki? Yalnız 1980-ci illərin əvvəllərində çap olunan “Ədəbi proses” məcmuələrində məsələyə münasibətdə Y.Qarayevin, Ş.Salmanovun, Ş.Alışanlının problematikliyi ilə seçilən məruzələri diqqət çəkir. Etiraf edək ki, elə tək son illər ədəbi yekunlara həsr olunmuş məruzələrdə bütün janrlara, sahələrə vüsətli nüfuz edilib, poema janrı isə ikinci, üçüncü dərəcəli nəsnə kimi unudulub. Hətta adda-budda danışılıbsa da, yalnız şeir haqqında məruzələrimizin sonunda kiçicik qeydlər etməklə kifayətlənmişik. Halbuki, bu gün janrın müzakirə olunmasına, problemlərinin çözülməsinə, yaradıcılıq axtarışlarının şərhinə ehtiyac böyükdür.

Çağdaş ədəbiyyatda poema janrı imkanlarını tükədirmi, yoxsa daha müasir, yeni forma və məzmunlu ifadə planında özünü görükdürür? Sualın birinci tərəfini cavablandırsaq, bəlli, 30-40 ilin əvvəllərinə nisbətən indi poema janrına müraciət azalıb. Bu nədən irəli gəlir? Zənnimcə, gənclərin daha çox roman janrına meyl edib, poemaya keçmişin qalığı kimi yanaşma laqeydliyindən. Bu gün gənc yazarlar bir neçə şeirdən sonra özlərini daha iri forma olan poema janrında deyil, birbaşa nəsrdə, özü də nəsrin daha geniş janrı sayılan romanda sınayırlar. Ona görə çağdaş ədəbiyyatımızda roman axını yaşanmaqdadır. Çünki bu gün roman janrının özündə belə daralma getməkdədir, sürətli informasiya əsrini yaşayan insanın uzun mətnləri oxumaq imkanının azalmasını şüara çevirib yüz səhifəlik mətni roman adıyla oxucuya sırıyır, hələ bir simvolist, postmodernist deyə təsnifatını aparıb bəri başdan onu hansı məcrada manevrlər edəcəyinə hazır olmağa hazırlayırıq. Gənc yazar düşünür, əgər roman deyilən budursa, niyə də özümü bu əsnada sınamayım?! Buradan digər bir sual  meydana çıxır: gənc şair üçün fikrin daha geniş formada təqdimi önəmlidirsə, onda niyə poemaya yox da, romana müraciət edir? Problem də elə bundadır.

Daha önəmli bir problem: lirizm epik təsviri  üstələyir, hətta deyərdim, epik təsvirli poemalar ən kritik həddini yaşayır. Bununla əlaqədar olaraq poemanın “poema-monoloq”, “poema dialoq”, “süjetsiz poema”, “poema-müraciət” formaları funksionallıq qazanır. Deyə bilərik ki, son zamanlar lirizmin önə keçməsi baş verən, yaşadığımız məlum olayların təsiri ilə əlaqədardır. Şair duyğuları, hiss və həyəcanları qabarıqlaşıb və bu, onlara epik təsvir yaratmağa mane olur. Amma nəzərə alsaq ki, lirizmin epizmi üstələməsi yalnız son illərə məxsus əlamət deyil, hətta 1977-ci ildə belə poemada lirizmin qüvvətlənməsi prosesi geniş müzakirə predmeti olmuşdu, onda problemə daha vüsətli baxış labüdləşir. Zənnimcə, məhz 60-80-ci illərdən başlayaraq fərdə marağın önə keçməsi şair “mən”inin də qabardılmasını və yaranmış əsərlərin formasına müəyyən istiqamət verilməsini şərtləndirmiş səbəb oldu. 90-cı illərdən başlayaraq isə bu maraq daha da dərinləşdi.

Bu gün poema janrına müraciət edən şairlər əsasən orta və qocaman yaş senzinə mənsub olanlardır. Yaşlı nəslin yaradıcılığında bunu bəlkə də texnikanın yeniliklərindən bir qədər uzaq olmaları ilə əlaqələndirmək olar. Onlar köhnə forma və üslublarda ifadəyə sadiqdirlər. Bu şeirlərin müraciət etdikləri mövzular belə eyni məcrada birləşirlər. Qarabağ dərdi, yurd nisgili, şəhid olmuş oğullarımızın şanlı obrazlarının yaradılması, düşmən tapdağında olan torpaqlarımızın acısı, Xocalı faciəsinin poetik sözdə təcəssümü və s., və i. Qarabağ olaylarının bədii təcəssümü, müharibə görüntüləri yaratmaq meylləri poemada qabarıqlaşır. Son iki ildə Qarabağa, milli ağrılarımıza, şəhid obrazlarının təcəssümünə həsr olunmuş bir sıra əsərlər var ortada: Ələkbər Salahzadənin “Xocalı xəcilləri”, Fikrət Qocanın “Şəhidlər Xiyabanı”, Zəlimxan Yaqubun “Şuşa”,  Ədalət Əsgəroğlunun “Xoca”, gənc şair Ələmdar Cabbarlının “Kəlbəcərsiz 19 il”, Musa Ələkbərlinin ”Mübariz”, Şahnaz Nəsirlinin “Mübariz”, Mahir Cavadoğlunun “Riad” poemaları adından da bəlli olduğu kimi müharibə gerşəklərini əks etdirən poemalar sırasındadır. Bu poemalarda mübarizlik ruhu aparıcıdır, qəhrəmanlıq kult səviyyəsində təqdim olunur. Ə.R.Xələflinin poema-məktub, müraciət formasında yazılan “Azadlığın qanı” poemasında Babək şücaətindən, “Söhrab Tahirə məktub” əsərində Araz həsrətindən bəhs olunsa da, bu qəhrəmanlıq və ağrı simvolikası son olaraq Qarabağ nisgili, Qarabağ dərdi ilə birləşir.

Ümumiyyətlə, orta və yaşlı nəsildə mübarizə əzmi, coşğusu sanki daha mühafizəkardı, problemin həlli prosesində yaranmış gərginlikdə inamlarının  sarsılmasına mümkün qədər müqavimət göstərirlər. Bu mövzulu  poemalarda şair ovqatı daha çox minor motivlər üstə köklənsə də ümumən, alt qatda bir üsyan, çağırış, üsyan ruhu hakimdir.

Bədii məziyyətlərinin üstünlüyünə görə Ədalət Əsgəroğlunun “Xocam, Xocalı” (Bakı, 2012) poeması diqqət çəkir. Əsərdə Xocalı Xoca, ziyalı obrazı kimi təqdim olunur. Onun əldən getməsi, zəbt olunması da rəmzi olaraq ziyalılığımızın, aydınlığımızın əldən getməsi, mənəvi aşınma zəmini kimi düşünülmüşdür. Müəllif Xocalının simasında Qarabağ problemindən qurtulmağa yol arayır və bu yolu içimizdəki köləlik psixologiyasından qurtulub azad, hürr cəmiyyətə, şəxsiyyətə yetməkdə görür.

Poema janrına müntəzəm müraciət edən şairimiz Z.Yaqubdur. 2009-cu ildə şeir haqqında məruzəmizdə şairin “Peyğəmbər” poemasının özəlliklərindən bəhs etmişdik. Ötən il Z.Yaqub daha bir poema yazdı: “Şuşa şikəstəsi” (“Azərbaycan” jurnalı, 2013, N- 8). Poemada müəllif sanki çıxılmaz bir boşluq içindədir,  yaralarımızın közünü qoparan “Şuşa” şikəstəsini ağı ritminə kökləyib. Z.Yaqub Qarabağ mövzusuna daim həssas olan şairlərimizdəndir. Bu poema da Z.Yaqub yaradıcılığında bizə tanış xəttin davamıdır. Yadımızdadırsa, Xocalı faciəsindən az sonra yazdığı 16 bəndlik “Layla, Xocalım, layla” şeiri, daha sonra “O qızın göz yaşları”, “Sizi qınamıram” lirik mənzuməsində şair qəlbi olanlara yas tutur, baş vermiş hadisələrə siqlətli baxış yönləndirə bilirdi. İndi müəllif Şuşa dərdinə ayna tutur, onu poetik düşüncənin mərkəzinə gətirir. “Şuşa şikəstəsi” poemasının da şairin sənət bioqrafyasında müstəsna rolu olacağı şübhəsizdir. Poema şairin sanki qələmi ilə deyil, ürəyinin qanı ilə yazılıb. Bu fikir bəlkə də kiməsə pafoslu görünə bilər, amma M.Cəlil təbirincə desəm, inanmırsız, götürünüz bu poemanın istənilə səhifəsini oxuyun, orada şairin ürək ağrısının şəklini görəcəksiniz. Düzü, üstündən iyirmi ildən çox zaman vahidinin adlamasından sonra Şuşa nisgilinin bu dərəcədə ağrı ilə işlənməsi insanda heyrət doğurmaya bilmir. Sanki dünən olmuş, da, şairi yandırıb külə döndərmişdir. Amma bu həm də düşündürür: üstündən illər adlayandan sonra belə ağı üstündə köklənməyimiz yetmədimi? Ağrını yenib də hadisələrin, gerçəklərin fəlsəfəsinə yetmək gərək deyilmi?!

Poemalarımızda qan yaddamışımızı oyatmağa yönəlik meyllər güclənir. S.Şəkərlinin “Lənətlənmiş cənnət”, Fikrət Qocanın “Cənnətdən qovulanlar”, Balayar Sadiqin  “Qan”, “Yol”, “Başdaşı”, Edam günü”, “Bir ovuc yaddaş torpağı”, “Zindan görüşləri” poemaları eyni mövzunu bədii təcəssümün predmetinə çevirib.

Saday Şəkərli ötən il çap olunan “Azadlıq şərqisi və yaxud lənətlənmiş cənnət” (Bakı, 2013) poemasında maraqlı bir detaldan istifadə edərək cənnətdən qovulub dünyaya atılan ilk insan Adəmin yer üzündə hansı əməllər törətdiyi mövzusu üzərində dünya, Tanrı, ölüm, müharibə kimi suallara cavab aramağa çalışıb. Eyni mövzu şair Fikrət Qocanın “Cənnətdən qovulanlar” poemasında da bədii təcəssümün predmetinə çevrilib. Hər iki poema min illər boyu ədəbiyyatı düşündürən suallara müəllif yanaşmasının orijinallığı baxımından maraq doğurur. Bu poemalar müasir həyatımızın mənəvi durumu, daxili-ruhi aləmimizdə baş verən tənəzzül haqqında mistik fəlsəfi əsərlərdir. Parçalanan, məhv olan sosial sistemlər yox, müqəddəs saydığımız doğuluş, cənnət, həqiqət anlayışlarıdır. Müasir insanı mənəvi kamilləyə cağırışdır. Poemalarda fabula metoforik məna daşıyır, əsərin əsas ideyası burda simvollarla ifadə olunmuş “ikinci plan”da əks olunur.

F.Qoca “Cənnətdən qovulanlar” (Qeyd: məqalədə şairin adı şəkilən bütün poemaları bu kitabdandır: “Sönən deyil bu ocaq”. Bakı, “Elm və təhsil”, 2012)  poemasında cənnətdən qovulub yer üzünə göndərilən insanlığın əməllərini onlara verilən Tanrı cəzası kimi mənalandırır, insanın yer üzündə nəfsini, tamahkarlığını, dünya malına hərisliyini onun yerdə cənnət qurmaq niyyəti kimi qiymətləndirir. Müasir insanın həyat  fəlsəfəsi kimi məsələlərə toxunan yazıçı, bu problemlərin bəşəri nöqteyi-nəzərdən təsvirinə can ataraq fəlsəfi yanaşmaya üz tutur. Əsərdə dünya proseslərinə, çalxantılarına qlobal yanaşma, fəlsəfi nüfuz var. Kərbəla müsibəti, Təbriz həsrəti, Qarabağ savaşı, BMT laqeydliyi, müxtəlif dinlərə parçalanmalar, vəzifə hərisliyi və s, və i. Şairin keçidləri bədii cəhətdən məntiqli, bitkin görünür. Fəqət  poemanın sonluğu üçün uğurlu detaldan istifadə olunmur, keçid sanki birdən-birə yarıda qırılır, müəllif bədiilik cəhətdən uğurla başladığı mövzunu sonda tamam başqa ritmə kökləməklə poemanı konseptual kamillikdən məhrum edir.

Balayar Sadiqin yeni çap olunan “Ömrün gəraylı çağları” (Bakı, “MBM”, 2014) kitabına altı yeni poema daxil edilib: “Qan”, “Yol”, “Başdaşı”, Edam günü”, “Bir ovuc yaddaş torpağı”, “Zindan görüşləri”. Bütün poemalar bir mövzu ətrafında birləşib: insanın qan yaddaşı, keşmişinə, dünəninə bağlılığı, tarixi unutqanlığına üsyan və s. Bu mənada, bütün poemaları adını dəyişsək, onlardan birini digəri ilə əvəz eləsək heç bir poemada nəzərçarpan itki baş verməz. Xarakter yox, süjet xətti yox, əvvəldən-axıra “bir aktyorun monoluqu”...  Düzdür, müəllif poemalarda müəyyən məfhumlara simvolik məna yükləməklə əsərlərə tutum verməyə çalışır, bəzi hallarda buna nail olur da. Məsələn, “Yol” poemasında “yol” məfhumunun ehtiva elədiyi tənhalıq, qaranlıq çalarları bütün poemanın konsepsiyasında ifadəsini tapa bilir.

“Başdaşı”, “Edam günü” poemaları konstruksiyalı şeir təsiri bağışlayır. Müəllif şeiri sanki qurur. Qeyd edək ki, bu tendensiya 90-cı illər poeziyasında güclənən, əsasən Salamın yaradıcılığında intişar tapan şeir şəkli olmuşdur. Şeir təbii olaraq yazılmır, məntiqi olaraq qurulur. Üç bəndlik şeirdə birinci bənd insanın doğuluşu, ikinci tənhalığını, sonuncusu ölümü ehtiva edir. Poemadakı bütün üçlüklər bu anlamlar əsasında qurulub.

Poema bütünlükdə metaforik planda yazılmışdır.  Ümumən, əsərlərdə tutumlu fəlsəfi fikirlər olsa da, bəzi hallarda müəllifin bilərəkdən mücərrədçiliyə meyli, bu kontekstdə ifrata varmaları nəzərə çarpır, poema assosiasiyalar yığını təsiri bağışlayır. Müəllif əsəri daim fəlsəfi ideyalarla yükləməyə çalışır, lakin bu ideyaları bədii formada təqdim etməkdə çətinlik çəkir, mükəmməl ideya ətrafında mükəmməl bədii mətn qurmağa nail olmur. Əvəzində “töküb dağılan”, bir –biri ilə assosiativ əlaqələrlə bağlılığı zəif olan hadisələrin nəqli ilə kifayətlənir.

Kitabda yer alan “Bir ovuc torpaq yaddaşı” və “Zidan görüşləri” poemaları isə məna tutumunun qüvvətliliyi ilə seçilir. Poema epik təsvirlə lirizmin uğurlu vəhdəti kimi maraqlıdır. İtirilən məqamlar, insanın qan yaddaşından qopub ayrılması  insan həyatının mənasızlaşmasına, mənəvi–ruhsal deqradasiyasına gətirib çıxarır. Əsərin əsas ideyası budur.

Ağrı damırdı üzündən,
Alov qalxırdı izindən.
Soruşurdu öz-özündən,
Hanı bu ömrün yiyəsi?

Son zamanlar şairlər bu suala yaman həssasdırlar: C.Yusifzadə “Hanı bu köçün yiyəsi?”, R.Rövşən “Hanı bu yükün yiyəsi” , B.Sadiq “Hanı bu ömrün yiyəsi”...  Bütün suallar son anda şair içinin təkliyindən, tənhalığından nəşət tapır.  Poemada “bir ovuc torpaq”  yurd anlamına işarə edilərək eli yağmalanmış, yurdundan didərgin gəzən ruhun fəryadı şəklində obrazlaşır, torpağından ayrılıb gedən köçə şair ömür köçünü – yükünü də qoşub axirətə üz tutur. Poema uğurlu sonucuna varır. Yol, köç, torpaq, yaddaş – anlamları hər biri əsərdə simvolik məzmun daşımaqla qüvvətli bir əməl cizgisi kəsb edirlər.

Türkün şanlı keçmişinin, tarixdə iz qoymuş yaradıcı şəxsiyyətlərinin obrazları poemalarda görünməkdə davam edir. E.İskəndərzadənin, F.Qocanın, E.Z.Qaraxanlının, Ə.R.Xələflinin poemalarında bu xəttə aparıcıdır. Şairlərimizi qan yaddaşımız, keçmişimiz, tarixi unutqanlığımız narahat eləməyə başlayır. Məsələn, F.Qoca “Bakı-Quba yolu” poemasında ermənilərin Qubada törətdikləri soyqırımı unutmamağa, Ə.R.Xələfli “Azadlığın qanı” (Bakı, “Təknur”, 2011) poemasında Babək şücaətini bu günümüz üçün görk etməyə çağırır.

Şairlərimizin poema yaradıcılığında poema-ithaf janrı üstünlük təşkil etməyə başlayıb. F.Qocanın “Gərək bu günləri görəydin”, Elxan Zal Qaraxanlının “Anıt Məzar dastanı” poemaları ümummilli liderimiz  Heydər Əliyevə, E. İskəndərzadənin “Bu qala bizim qala” poeması Xudu Məmmədova,  “Turan savaşçısının nəğmələri” Çingiz Aytmatova, “Şahmar şikəstəsi” Şahmar Əkbərzadəyə, “Adil Mirseyidin palitrası” Adil Mirseyidə, Q.Xaçınçaylının “Gözləmə” poeması M.Ə.Sabirə, Ə.R.Xələflinin “Azadlığın qanı” poeması Babəkə, “Söhrab Tahirə məktub” poeması S.Tahirə ithaf olunmuşdur. Şairlər milli və bəşəri düşüncənin qurulmasında müstəsna xidmətləri olan şəxsiyyətləri meyar edərək zaman, kainat, insanın kökünə, dəyərlərinə bağlılığı haqda meditativ düşüncələrini bölüşür, onları narahat edən yeni dünya düzəninə qarşı həmin insanların əqidə və əməlləri ilə dirəniş-duruş gətirməyi aşılayırlar. Qeyd edək ki, anoloji mənzərə ilə Rusiya ədəbiyyatında da rastlaşırıq. Bu poeziyada da yaşlı nəsil daha çox xatirələr, nostalji hisslər üstə köklənib, dəyərlərdən sanki keçmişdə qalmış muzey eksponatı kimi daxili bir ağrı və həyəcanla bəhs edilir. Məs., Qrek Feliks “Zamanın ritmləri” adlı poemasında 1937-ci il hadisələrindən yazır, yaşadığı ömrü müxtəlif zaman variasiyaları üzrə dəyərləndirir. Əsər retrospektiv baxış bucağından hasilə gətirilir. Eyni yanaşma ilə Yuriy Qraçın “Keçmiş zaman haqqında poema”, Andrey Orlisin “Yeni zamanın poeması” əsərlərində də rastlaşırıq. Oleq Utiçin altı misralıq şeir şəkillərindən ibarət olan “Müasir rus poeması” da dərin məzmun edən əsər kimi yadda qalır. Burada dostların anımı, keçmişlə bağlı xatirələr əsas təsvir predmetinə çevrilirlər. Bu poemalarda da əsasən lirizm, lirik “mən” in qüvvətli həyəcanı, düşüncələri öndədir. Epizm demək olar ki, sıradan çıxıb.

“Bu qala bizim qala” (E.İskəndərzadə. Qürbət hücrəsində. Bakı, “Vektor” Nəşrlər Evi, 2013)  poema-müraciət janrında yazılmışdır. Poemada türk düşüncəsi, türk ruhunun mübarizliyi, tarixi dünənimizin, ilk insanın formalaşma anının çağdaş zamanla bağlılığı motivləri çox güclü qələmə alınıb. Müəllif tarixi yaradan ilk insanın  yaranma zamanından, tarixin ilk qatlarından çağımıza qədər səfər edir, Qarabağ olaylarını tarixi keçmişimizin dünəninə bağlayır. Poemada müraciət ötəri səciyyə daşımır, şair Xudu Məmmədov şəxsiyyətini mənəvi kimliyimizin rəmzi kimi mənalandırır.

Yuxumda Xudu Məmmədov
çapıb getdi bu gecə
ağzından od püskürən
yel qanadlı atında.
Çapıb getdi, sonsuzluğa qovuşdu,
Şükür olsun səsi qaldı,
silinməyən izi qaldı
Göy qübbəsi altında...

Əsərdə müəllifin zahiri təsvirlərə, təm-təraqlı ədalara meyl etməməsi, eyni zamanda obrazlı, rəvan dili rəğbət doğurur. Burada poetik mühakimənin məntiqi ilə xüsusidən ümumiyə doğru meyllənmə hakimdir. Bir şəxsiyyətin yaşantısının poemada əyani fakt göstəricisinə çevrilməsi və bununla, bütöv tarix sırası gerçəklərimizin analitik təfəkkür süzgəcindən keçirilməsi əsərin əsas bədii məziyyəti kimi üzə çıxır.

Bu gün sənin yerin görünür, Ustad,
Bu gün sənin adın bir and yeridi.
Savaşda döyüşən ruhunu gördüm
Ruhun savaşlarda bizdən biridi.

Elxan Zal Qaraxanlının “Anıt Məzar dastanı” poeması (“Ulduz” jurnalı, 2013, N-7) iki intonasiya – publisistik və bədii notlar üstündə yazılıb. Müəllif düşüncəsinin qanadında müxtəlif zamanlar bir araya gətirilir. Heydər Əliyev türbəsində dayanıb onu on yeddi imperiya qurmuş fatehlər nəslinin davamçısı kimi təqdim edən müəllif türk tarixinin şanlı keçmişindən, sərkərdələrinin hünərlərindən gəlir.

Xaqan getdi, türk budunu sayrudur,
Ayrılığın namazına ayrı dur,
Uyquda da demə Təbriz ayrıdır,
Vətən birdir, Vətən birdir, Vətən bir.

Təbrizi yada salmışkən, bu mövzuda yazılan poemalara da həssas olmağa çalışdıq.  Əlizadə Nurinin “Təbriz dəftəri” poeması (“Ulduz” jurnalı, 2013, N-2)   yüzillik yaşı olan bir mövzunun işlənməsi baxımından önəm kəsb edir. Poema-müraciət janrında yazılan əsər həcminə görə kiçik olsa da illər sonra belə şair ruhunun Təbriz həsrəti önündə sərgərdanlığını sərgiləmək baxımından uğurlu alınıb.

Bu dünya nə boydadı ki:
Sənnən mənim aram boyda.
Neçə ildi bir çay axır,
Neçə ildi... yaram boyda!
Bu səhər durdum obaşdan,
Gəzdim Təbrizi o başdan...
Həsrətimiz babam yaşda,
Vüsalımız balam boyda.
Gözündə köz keçən qardaş,
Könlündə söz keçən qardaş,
Yanımdan düz keçən qardaş,-
Bir bəxşiş ver, – salam boyda... (Ə.Nuri)

Hətta şüur axınını xatırladan lirik fikirlərin içərisində bəziləri orijinallığı ilə diqqət çəkir, məsələn,

Çoxunun üzü tüklü idi,-
Sanki sifətlərini
Cırmaqlayan
Əzab cizgilərini
Gizlətmək istəyirdilər...
(Ə.Nuri. “Təbriz dəftəri”)

Lakin poemada maraqlı ifadələrlə rastlaşaq da, ümumən poetik bütövlük hiss olunmur. Müəllif izinə salıb ardınca apardığı oxucunu Təbriz yollarında qoyub qəfildən geri dönür, mənzərə tamamlanmır.

Bu il Kamal Abdullanın “Nar çiçəkləri” (Bakı, Mütərcim, 2014)  adlı yeni şeirlər kitabı işıq üzü gördü. Kitaba müəllifin dörd poeması toplanıb. “Dədə Qorqud: “Mənlik deyil”, “Ümid qaldı sabaha”, “Dədə Qorqud: “Mən nə edim” və “Bəkilin xatunu: “Dilim, dilim, vay dilim...”. Əsasən, “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında yazılan bu poemalar postmodernistik meylin təzahürü olaraq meydana gəlib. K.Abdulla dastanın tanış motivlərini yeni versiyada, yeni düzümdə hasilə gətirir, bəzi boyların ümumi strukturu, fabula gedişləri bu poemalarda əksini tapır. Burada K.Abdulla nəsr əsərlərinə xas olan fənd və estetikayla tanış mətnləri yeni kontekstdə qələmə alıb. Postmodern estetikada bu, intertekstuallıq adlanır. Bu metodla müəllif başqa əsərlərlə bağlılıq qurur, başqa müəlliflərin mətnlərinə, hətta özünün əvvəlki əsərlərinə belə təkrar müraciətlər edir. K.Abdulla da dastanın süjet xətti ətrafında “köhnə mətnlərin” və səhnələrin yeni oxunuşuna yol açan maraqlı yanaşmalar edir. Poemada müəllif həmçinin, fləşbək elementlərindən də istifadə edir, məsələn,”Dədə-Qorqud- mənlik deyil” poemasında Dədə Qorqud oğuz elinin igidlərini, keçmiş olayları xatırlayır. Tanış adlar, olaylar vizual olaraq oğuz ağsaqqalının nostaljisində dirilik qazanır. Kamal Abdulla poemalarının pozitiv çaları ondadır ki, burada müəllif personajın yerinə danışmır, bədii fiqurlar özü-özünü təqdim edir, düşüncəsi, psixologiyası, ruhu, fərdi keyfiyyəti ilə birgə görünə bilirlər. Personajlar dastan qəhrəmanlarının dilini, üslubunu qoruyub saxlayırlar ki, bu da poemalara ayrıca bir təbiilik verir.

Sosial kəskinliyə yönəlmiş poemalarda əsasən, cəmiyyət həyatının neqativləri müxtəlif rakurslardan əsərlərə gətirilir. F.Qoca, V.Bəhmənli, Q.Xaçınçaylının poemalarında neqativlərə tuşlanan şair qəzəbi tənqidi pafosu ilə seçilir.

Fikrət Qocanın “Şəhidlər Xiyabanı” poeması siyasi pamflet üslubunda yazılmış əsərdir. Milli Qəhrəmanımız Çingiz Mustafayevin igidliyi fonunda müəllif torpağına xor baxanları tənqid predmetinə çevirmişdir. Vaqif Bəhmənlinin “Diaqnoz” poeması müasir zamanın gedişinə və onun gətirdiyi yeniliklərə fərdi poetik üslubla yanaşan poemadır. Burada açıq publisist notlarla bahəm gizli, simvolik obrazlara qədər hər dürlü işarələrə yer var. Ənənə və müasirlik, dəyərlər və onların deformasiyası, insan-Tanrı bağlılığı, qloballaşmanın ölkəmizə gətirdiyi bəlalar, insanın özgələşməsi, min illik kökündən, törənindən uzaq düşməsi və. s.  Poemada başlıca ideya, cəmiyyətə ötürülən mesaj insanın özünün özünü idarə etməsini bacarmağı aşılamaqdır. “... yalnız insanın özünü idarə etdiyi cəmiyyət idarə olunan cəmiyyətlərin ən mükəmməli ola bilər”. Yeniləşməyə meyl edən xalqın ən ilkin canatımı öz içinə, mənəvi kamilliyinə yönəlmək olmalıdır. Əsərin üstün cəhətlərindən biri təhkiyənin iki fərqli rakursdan nəqlidir. Oxucu burada iki fərqli obrazla qarşılaşır. Qloballaşan dünyanın işləkləri önündə sərt, amansız; dəyərlərinə, keçmişinə, anılarına, xatirələrinə münasibətdə uşaqlaşan, onlardan məhrəmliklə bəhs edən şair obrazı ilə...

Qələndər Xaçınçaylının “Gözləmə” poeması (Bakı, “Təknur”, 2012) cəmiyyət kultunun deformasiyasını göstərməyə yönəlmiş əsərdir. Poemada qüsurlar dəqiq və ətraflı təsvir olsalar da, oxucuya şairin fərdi ağrısını “ötürə” bilmirlər. Halbuki, təsvirin xarici deyil “daxili” məqamlara yönəlməsi, milli düşüncədəki boşluqların poetik təqdimi realizəsini tapsaydı poema daha uğurlu alına bilərdi. Müəllifi müxtəlif sahələrə xas olan yarıtmazlıqların, əsr öncə M.Cəlil və Sabir tənqidinə tuş gələn və hələ də diri qalan gerçəklər sırasının səbəbləri düşündürmür. Qoyulan problemlərə yanaşma cox bəsitdir. Azərbaycan başdan-başa çirkinlərdən, naqisliklərdən ibarət deyil, obyektivi yalnız qüsurlara tuşlamaq, hisslərin çılpaq, publisistik notlarla təqdimi də bədiilik məziyyətlərini bəri başdan kənara qoyur. Müəllif təfərrüatlara aludə olub qüsurlarımızın təsvirində psixoloji məqamlara varmadan, insanların daxili sarsıntılarını izləmədən sadəcə trafaret sıralama ilə kifayətlənir. Dövrün sosial gerçəklərinin təsvirindən müasir insanın ruhi-mənəvi aləminə keçid baş vermir. Əsər əvvəldən sona qədər, tam olaraq müəllifin dilindən nəql edilir. Bu forma əsərin bədii keyfiyyətinə heç də müsbət təsir etmir, baş verənlərin bir rakursdan təsviri, əsərin poetikasına da təsirsiz ötüşmür.

Beləliklə, son illərdə poema janrında müşahidə olunan hallar bundan ibarətdir:

1. Poema janrına müraciət əvvəlki dövrlərə nisbətən azalmağa başlayıb.

2. Müasir poemalarda süjet xətti demək olar ki, yoxdur. Daha çox poemanın poema-monoloq, poema-dialoq formalarında ifadə olunmağa çalışan şairlər fikirlərinin pərakəndə, dağınıq formalarda təsvirinə üstünlük verirlər. Nəticədə, poema daha çox ayrı-ayrı şeirlərin hibridindən alınan kollaj xarakteri daşıyır. Poema adlanan bu əsərlərdən hər hansı parçanı asanlıqla ayırmaq olar və bununla, daxili struktura heç bir xələl gəlməz.

3.  Poemalarda daha çox Qarabağ hadisələrinin bədii təcəssümünə yer ayrılır, bu mənada mövzu qıtlığı yaşanmaqdadır.

4.  Çağdaş şeirdə müşahidə olunan müasir ədəbi təmayüllər, müxtəlif estetik-fəlsəfi cərəyanlara meyllərlə, intellektual düşüncənin önə keçməsi halları ilə rastlaşmadıq. Halbuki, R.Rzanın, Ə.Kərimin, R.Rövşən poeziyasının bariz nümunələri var ki, bu xüsusda layiqli əsərlər sayılırlar.  

5. Çağdaş poemalarda nəzərə çarpan qüsurlardan biri onlarda xarakterin yaradılmamasıdır. Bu poemalarda bir qəhrəmanın adını digəri ilə əvəz etsək, əsərdə elə bir dəyişiklik hiss olunmaz.
6. Poetik dilin cazibəsi hiss olunmur, obrazlılıq, dil axıcılığı prosesi öz yerini şairin fikri deyib keçmək ədasına verib.

 Bu baxımdan təəssüf ki, şərh etdiyimiz poemalar içərisində “sükutu” yaran heç bir nümunəyə rastlamadıq. Lakin bu janrla bağlı pessimizlə qapılmağa imkan verməməlidir. Gözlədiyimiz əsər bir gün ortaya qoyulan çoxsaylı nümunələrin içərisindən doğulub görünəsidir. Yetər ki, şairlərimiz janrı yaşatmağa israrlı olsunlar. /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.