Azad Qaradərəli Səxavət Sahilin "İsanın qadını" romanını tənqid edir
13.05.14

Azad Qaradərəli

GƏNC QƏLƏM DOSTUM, TƏLƏBƏM SƏXAVƏT SAHİLƏ AÇIQ  MƏKTUB

          Əzizim Səxavət!
         Sənin bu günlərdə yenicə çapdan çıxmış kitabını (Səxavət Sahil “İsanın qadını”, Qanun – 2014) bir axşam üstü sürətlə oxudum və boynuma alım ki, kitab çıxanda yaşadığım sevinc hissini bircə anda itirdim. Belə bədbin başladığıma görə məni bağışlayarsan, yəqin. (Mən sənə BSU Yaradıcılıq Fakültəsində ədəbi redəktədən dərs demişəm və gəl belə hesab edək ki, bu yazı da həmin dərsin davamı kimi qələmə alınıb.) Axı mən sizlərə auditoriyada yalnız həqiqəti (ədəbi həqiqəti!) yazmağı tövsiyə edirdim və tez-tez özümdən və ətrafımızdan misallar gətirirdim. Yəni, yazıçını yazıçı edən onun ətrafı və ətrafında baş verən hadisələrdir. Qalır yazıçının bu ətrafında baş verənləri ümumiləşdirmək və oxucuya yalnız doğru-dürüst  çatdırmaq. Özü də unutmaq olmaz ki, sənin gördüklərini eyni anda oxucu da görür və sən onsuz da quraşdırdığın bu yalanı (yəni Füzulinin dediyi kimi, ədəbiyyat yalanların məhsuludur, zira yalan elə deyilməlidir ki, doğruya uduzulmasın) ona həqiqət şəklində çatdırmalısan ki, onsuz da yaşadığı bolluca yalan mühitində yeni “yalandan” iyrənməsin... (Bu iyrənmək haqqında ayrıca söhbət açacağam)

         Bəri başdan deyim ki, sənin bu kitabın hadisə və əhvalatlarla zəngin olsa da, bunları roman janrına tabe etdirməkdə çətinlik çəkmisən və ən pisi odur ki, hadisəçiliyi romançılığa çevirə bilməmisən. Dedim axı, onsuz da yazdığımızın hamısı “yalan”dırsa, onu elə yazmalıyıq ki, oxucu inansın. Əslində əsərin  fabulası bir insestin - əminin qardaşı qızının namusuna toxunması məsələsi üzərində qurulub, amma məhz bu insest düzgün “qurula bilmədiyi”  üçün ilk olaraq əsərin fabulası zədələnib.

         Yəni içib sərxoş olmuş əmi əsərin qəhrəmanı Məhəbbətin namusuna təcavüz edir və... bunu bilə-bilə digər bir əmi Məhəbbəti oğluna almağa cəhd göstərir. “Cəhd göstərir” ona görə yazdım ki, toya qədər ağılasığmaz hadisələr baş verir. Kiçik qardaşının acığına (qızı ilə insest yaşadığına görə) qızını böyük qardaşın oğluna vermək istəmir. (Heç bu da ağılabatan deyil – ata namusu ləkələnmiş qızının o biri qardaşın oğlu tərəfindən qəbul edilməsinə ikiəlli razı olardı Azərbaycan reallığında. Hətta bu barədə bir el deyimi  də var:”Qolun sınığı boyunundur”.) Və götürüb qızını dostu Sürü Məmmədin fermasına aparır. Bu Sürü Məmməd də onları nəinki qəbul edir, hətta avtomatla silahlanıb polislərin qarşısına çıxır. (Düzü, əsərin maraqlı yeri bura ola bilərdi və bu Sürü Məmmədin üzərində işləyə bilsəydin, bəlkə dolğun bir obraz yarada bilərdin, əfsus ki, bu da bir arzu olaraq qalır. Sürü Məmməd də bir iş görə bilmir və sürüsünün yarısını satıb polislərə verməklə canını qurtarır. Axı nəyin xatirinə? Bax,  suala  aydın cavab olmadığı üçün, bu hadisələr də qurama təsiri bağışlayır.

         Və qəribə burasıdır ki, Məhəbbətin atası bu boyda həngamədən sonra qızını varlı-hallı qardaşı oğluna verməyə razı olur. Amma necə? Qızına bir qəmə verir və deyir ki, toy gecəsi bəyi öldürməlisən. Axı niyə? Niyə ata onsuz da bədbəxt olmuş qızını təzədən bədbəxtliyə sürükləyir. Ona görə ki, bunu Səxavət bəy, sən belə istəmisən və sənin istəyin atanın istəyi ilə üst-üstə düşmədiyi üçün qurama, yamaq təsiri bağışlayır. Və... Məhəbbət toy gecəsi bəyi öldürür, amma onunla yatağa girir, qızlığını ona təslim edir, mələfə məlum rəngə boyanır, yengə Verəngül (mən inanmıram ki, Azərbaycanda hansısa axmaq ata qızına belə ad qoysun, bunu  şortu adı da sən qoymusan) üz ağlığını götürüb gedir bəyin atasından şirinlik almağa... Əcəba, bəs kiçik əmi hansı qələti eləmişdi? Bu boyda insest zıppıltısı hara getdi?

         Səxavət bəy!
         Mən bir-neçə cümləylə məktubumu  bitirər, axırda da bir-iki cümləylə kifayətlənərdim ki, romanın alınmayıb. Amma əvvəldən danışdıq:  mən bunu dərsimnizin davamı kimi  qələmə alıram, ona görə də bir qədər əhatəli yamaq istəmişəm.

         Əsərdə əsas yerlərdən biri də Məhəbbətin yuxusudur. Yuxu ədəbi priyom kimi dünya və Azərbaycan prozasında tez-tez işlənir. Və bunun ən maraqlı nümunələrini biz Markesdə, Ə.Əylislidə və başqa yazıçılarda görmüşük. Təəssüf ki, sənin qəhrəmanının yuxuları da irrialldır. Deyə bilərsən ki, yuxu nə vaxtdan real oldu ki? Bəli, yuxu rteal ola bilməz, amma söhbət ədəbi yuxudan gedir axı. Qəhrəmanın gördüyü yuxu o qədər mənalı, o qədər təsirli olmalıdır ki, oxucunu öz əsarətində saxlaya bilsin. Nə yazıqlar ki, Məhəbbətin yuxusu həm mənasızdır, həm də yuxuluqdan çıxmış, sənin ona zorla gördürdüyün yuxudur. Əvvəla, Məhəbbət nə bilir İsa Peyqəmbər kimdir? Mən elə bildim ki, sən bu yerdə Məhəbbəti ya ehtiycdan, ya da hansısa təsirdən xristianlığı qəbul eləmiş qadınlarımızın tipik nümayəndəsi kimi təqdim edəcəksən. Belə olsaydı, ağlabatan olardı. Amma sənin variantında İncildən, İsadan xəbərsiz Məhəbbəti yuxuda ağ paltarlı İsanı görməsi vallah çox quramadır...

         Əsərdəki digər obrazlar da (Misir əmi, kiçik əmi, bibi, Məhəbbəti ikinci əri və sair) canlı deyillər. Elə bil ki, sən onların şəklini çəkmisən, lakin  ruh vernəyi unutmusan.

         Gələk əsərin təhkiyəsinə. Mətn 3-cü şəxsin və qəhrəmanın dilindən nəql olunur. Təəssüf ki, burada sadəcə “dedim”-“dedi” fərqi var. Sənin dilinlə Məhəbbətin dilində fərq azdır, bəlkə də yoxdur. Ən pisi isə  qəhrəmanının dilindən söylənilən hissələrdə dilin bərbad olmasıdır. Dünya təcrübəsində 500 səhifəlik romanlar var ki, qəhrəmanın  dilindən verilir. Amma bu zaman elə ortaq bir “dil” tapılır ki, həm əsrin dili zədələnməsin, həm də obrazın açılışına xidmət olunsun. Sənin şortu qəhrəmanının dili də “şortu” dildir. Belə üslub olmaz. Bu onsuz da roman üçün çox kasad olan dilimizin daha da zədələnməsinə yardımçı olur.

         Məhəbbətin dili çox  urvatsızdır, bu heç. Amma hərdən o akademik səviyyəsində danışır: “əziz-şərif oxucum”, “məndən peşəkarlıq gözləmək mənim özümə gülməli gəlir”, “harda görünüb ki, əsərin qəhrəmanı çevrilib başqa qəhrəman olsun” və sair.

         Mən sizlərə  dərslərimdə (mövzumuz ədəbi redəktə olsa da) Mirzə Cəlildən, Haqverdiyevdən, eləcə də dünya ədəbiyyatının Folkner, Brodski, Markes kimi nəhənglərindən söz açanda deyirdim ki, ədəbiyyat söz sənətidir, amma bədii söz, yəni burada “Mən gəldim” kimi cümləyə yer yoxdur, sən gələnin necə gəldiyini və başqasından fərqli gələ biləcəyini verməlisən. Təəssüf ki, “İsanın qadını”nında buna da əməl olunmayıb. 96 səhifəlik mətndə bircə dənə də uğurlu təşbehə rast gəlmədim. Əvəzində çox uğursuzlarını gördüm və məni mətndən diksindirən də elə bunlar oldu:”Yazıq ata günəşdən əvvəl görünən dan yeri kimi qızardı”,  “...qaranlıq otaq olsa da, uşaq ağıllanmaqdan Uzaq Şərq qədər uzağıydı”, “Tehran-Moskva hava reysi üstümüzdən necə keçirsə, o da eləcə keçib gedib...” və həkəza.

         Mətndə söyüşlər və açıq mətnlə yazılması mümkün olmayan ifadələr yetərindən artıqdır. Hətta o dərəcədə ki, əsərin qəhrəmanı öz təhkiyəsində də bunlardan yetərincə yararlanır. Bu cür praktika  var əslindən, amma necvə? Tutalım, təhkiyə qəhrəmanın dilindəndir və elə yer gəlib çatır ki, qəhrəman mütləq söyüş söyməlidir. Onda təhkiyəçi qəhrəman digər obrazları dialoqlarda danışdırdığı kimi, özünə də söz verir:  məsələn, “mən dedim” şəklində. Sonra da söyüşünü söyüb ürəyini boşaldır...  Yoxsa qəhrəmanın təhkiyəsində verilmiş bol-bol söyüşlər, loru ifadələr, küçə jarqonları oxucunu iyrəndirir.

         Mən bu səpkili başqa bir roman da oxumuşam, (Əşhriyar Del-gerani “İntihar hörüyü”) amma oradakı söyüşlər və jarqon ifadələr elə yerində işlənib ki, gözə girmir, hətta təbii görünür.

         Əzizim Səxavət!
         Mən yekunda bunu deməliyəm: sənin bu mətnin roman səviyyəsindən çox-çox aşağıdır. Ən pisi bilirsən nədir? Sənin proza dilin formalaşmayıb. Amma...

         Hə, amması var: sən axı çox ümidverən gən şairlərimizdənsən! Mən bunu sevincə deyirəm, bəli. Səni tanımaya-tanımaya naşiri olduğum dərgidə şeirlərini çap etmişəm bir vaxtlar. İndi isıə səni tanıya-tanıya tənqid edirəm.

         Mən inanıram ki, sən yaxın gələcəkdə biz oxucularını yeni şeir kitabınla təəccübləndirəcəksən. Sənə uğurlar!

Literaz.com

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.