Rövşən Yerfi - “Analoqsuz” imitasiya və ya “kitayski” ömür...
14.05.14

Hekayə

          Səhər erkəndən bir yerlisinin zəngindən eşitdiyi pis xəbər kefini pozmuşdu. Həmkəndlisi Səməd ötən gecə rəhmətə getmişdi.
          “Hə, həyat belədir, bu gün varsan, sabah yox”... Hər dəfə ölüm xəbəri eşidəndə belə düşünərdi.  Səməd elə də çox qoca deyildi. Yaşı altımış beş ya olardı, ya da olmazdı. Ayağını altına yığan, dincələn çağı idi, Allah onu həmişəlik dincəlməyə apardı.
         Səmədi axırıncı dəfə üç ay əvvəl bir qohumunun yasında görmüşdü. Uzaqdan uzağa başlarını tərpədib salamlaşmışdılar. Kim o zaman deyə bilərdi ki, Səmədin üç ayı qalıb? Lap elə bu gün də kimin nə qədər ayı qaldığını bilən varmı?..
          Nədənsə uşaqlığından xatirinə həkk edilən kiçik epizodlardan biri də Səmədin toyu ilə bağlı idi. Otuz beş il qabaq olan toyun üstündən sanki, çox yox, beş il keçmişdi. O vaxtlarda toy üç gün çəkərdi. Sonuncu gün nahardan sonra mağarda, bər-bəzəkli xonçaların əhatəsində toyun bəyini əyləşdirib tərifə başlayardılar. Yayın axırları olmasına baxmayaraq, hava qəfildən soyumuşdu. Yay geyimində, bəy paltarında xalça önündəki bəy stolunda oturan Səmədin canına üşütmə düşdüyündən tir-tir əsirdi. Yanındakı sağdışı, solduşu onu birtəhər qızındırmaqla titrəməsini ört-basdır etməyə çalışırdılar. Amma Səmədin üşüməsi tay-tuşlarının gözündən qaçmadığından kənardan ona söz atmağa başlamışdılar:
            -Bu indidən belə əsir, axşam işi çətin olacaq...
            -“Peçi istiləşənəcəndi”, qızdımı, əsməsi dayanacaq...
          Axşamüstü yaxınlıqdakı məhəllədən Səmədə gəlin gətirdilər. Uşaqlara qoşulub o da Səmədgilin evinə yol alan gəlin maşınının ardınca qaçmışdı, gəlinin arxasınca ağlayanlara baxıb onun da gözləri yaşarmışdı.
         Səmədlə nə qohumluğu, nə də hansısa yaxınlığı yox idi, adicə həmkəndlisi idi. Şəhərin o başındakı uzaq qəsəbədə yaşayırdı. Ora gedənəcən üç ya dörd avtobus marşurutunu dəyişməli idi. Əlbəttə, özünü dəfnə çatdırmağı yaxşı olardı. Camaat içində görsənərdi, aylarla görüşə bilməyən adamlarla görüşüb hal-əhval tutardı. Gəl ki, gedib kimə baş sağlığı verəcəkdi? Səmədin atası, qardaşlarından qalanı yox idi, hamısı rəhmətə getmişdi. Uşaqlarını da tanımırdı. Bir vəzifədə olan qohumu-filanı da yox idi.
          Belə vəziyyətlərdə həmişə yadına bir məsəl düşürdü. Xəbər yayılır ki, filan yerdə bəyin nökəri ölüb. Digər yerlərin bəyləri yığışaraq gedib bəyə baş sağlığı verməyi qərara alırlar. Deyirlər, getməsək, bəydən ayıbdı. Yola düşürlər. Yolun yarısında xəbər tuturlar ki, demə ölən nökər yox, bəyin özü imiş. Tez yoldan dönüb geri qayıdırlar. Deyirlər, daha bəy ölübsə hara gedirik, nökərə baş sağlığı verməyəmi?..
         Qısası, üzbəüz gələndə utanılası bir adam yox idi. Qalırdı bir Səməd, Səmədlə də Qiyamət günü qaçhaqaçda çətin ki, üzbəüz gələ...
          Şübhəsiz günlərin birində dünyadan köçəndə onun üçün də  belə fikirləşənlər olacaqdı. Dünya ona da borclu qalmayacaqdı...
          Cibində pulunun az  olduğu vaxtda tək yola çıxmağa heç həvəsi gəlmirdi. Bəlkə, yasa maşını olan birisinə qoşulub getsin? İki yerlisinə zəng vurdu, işləri olduğuna görə gedəni olmadı. Görünür başqaları da onun kimi düşündüklərindən öz işlərini daha vacib sayırdılar.
          Neynəsinlər, qınamalı deyildi. Öləndə də gərək şənbə, bazar günləri öləsən ki işləyən adamlar üçün də narahatlıq yaratmayasan. Kim razı olar çörəyini azaltsın, işin tapılmadığı indiki çətin dövrdə işini itirsin, sonra da axtara-axtara qalsın...
         Necə ki, o, əvvəlki işindən xəstəliyinə görə təqaüdə çıxandan bəri illərdir özünə ən adi bir iş tapa bilmirdi. Hara müraciət edirdi ya yaşlılığını, ya da ixtisasını bəhanə edib razılıq vermirdilər. Kömək edəcəklərinə ümidi olan keçmiş dostları, qohumları da yararsız, etibarsız çıxmışdılar. İş haqqında danışmamaqdan ötrü onunla görüşməkdən qaçınırdılar, qarşılaşanda isə bığlarının ağarmasından, saçının tökülməsindən bilərəkdən söz sala, dilxoşluq edərək çəkindikləri mövzudan yayınmaq istəyirdilər. Üzə salıb kabinetinə getdiyi keçmiş dostu isə belə demişdi:
             -İngilis və rus dilini bilsən sənə iş taparam.
          Qayıdıb ona deməyə üzü gəlməmişdi ki, guya sən bu dillərdən bircəsini bilirsən? Bəhanə etdiyini anlayaraq dostunun xətrinə dəyməmək üçün susmuşdu.
          Daha yaşı əllini keçdiyindən bundan sonra hər hansı ortabab iş tapacağına da ümidi qalmamışdı. Adamsız, rüşvətsiz, öz gücünə nəsə əldə edə bilməyəcəkdi.
         Gözünə neçə gündür televizorun üstündə gözdağı olan toy dəvətnaməsi sataşdı. Uzaq qohumlarından biri gələn həftəyə toya dəvət etmişdi. Hansı pulla gedəcəkdi, özü də bilmirdi. Çünki, ayın sonuna alacağı təqaüdü artıq nisyələrlə “xərcləmişdi”. Kiməsə gərək üz vurub borc götürməliydi. Nə etsin, olmaya toya  getməsin? Eybi yox, hərbi xidmətdə olan oğluna nə vaxtsa toy edəndə o qohumu da gəlməz...
          İş barəsində kimdənsə dəstək gözləməyə dəyməzdi, insanların xasiyyəti dəyişmişdi. İndi məmurdan başlamış sahibkaradək hər kəsi yalnız imkanı çatdıqca talamaq, öz qazancı narahat edirdi. Eh.., deyəsən ömrünün qalanını da bu güzəranda, daimi ehtiyac içində yola verməli olacaqdı... İstədi görəndə qanının qaralmaması üçün dəvətnaməni cırıb harasa tullasın. Ürəyi gəlmədi, hələlik televizorun görünməyən arxa tərəfinə atdı. Fikrini qarışdırmaq məqsədi ilə televizorun düyməsini basdı. İş günü təzə başlasa da telekanalların böyük əksəriyyətində şadyanalıq, çal-çağır idi. Daim birinciliyi ilə qürrələnən kanalda isə teleulduza dönmüş  tanınmış məmur ağzı köpüklənə-köpüklənə  ölkədəki analoqu olmayan inkişafdan, yüz minlərlə açılan yeni iş yerlərindən, qonşu ölkələrdəkindən üstün kütləvi rifahdan danışırdı...
          Bekarçılıqdan çıxışçını dinlədikcə ekrandan yayılan huşyar edici illüziya onu da xeyli duyğulandırmışdı. Düşündükcə bu köpük kimi içi boş, parıltılı qabarcıqlara bənzəyən illüziyanın təsirindən, o, özünü elə bil, qeyri-müəyyənlikdə, çəkisizlikdə hiss edirdi: nə tox deyildi, nə də ac, nə xeyirdən idi, nə də şərdən – heç birində var ola bilmirdi, həm mövcud idi, həm də yox kimiydi... Dolanışıq qiymətləri bahalaşdıqca aybaaydan borcları da artırdı, təqaüdünün artması isə yenə gələn seçkilərə qalmışdı.
           Bu - sabahları xoş ümidlərlə gözləyən və “yüksək tərəqqi” şəraitində onun dolanışıq tərzində milyonların yaşadığı “analoqsuz” həyat imitasiyası idi. Necə deyərlər, çox şeyin olduğu sayaq ömrün də  “kitayski” surəti... 
          “Eh.. – o, həmişə sonda  düşüncəsinə qane olub qəmginliklə razılaşırdı, - əsl olmayanlar hər zaman bivec olur, nəliyindən, kimliyindən asılı olmayaraq... “  

Avanqard.net
 

Yenililklər
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.