Seyran Səxavət - Qatil
27.05.14

Hekayə
    
Taksidən düşən kimi paltosunun boynunu qaldırdı, yeganə yol sumkasını sağ çiyninə salıb sol tərəfə əyilən kimi yerindən tərpəndi. Beş-altı addım atıb dayandı, geri çönüb tapdanmış qarın üstündə təzə alıb geyindiyi çəkmələrinin izini axtardı, tapmadı, sağ ayağını qaldırıb yerə çırpdı, sonra ayaqqabının yerinə diqqətlə baxdı, bir an ətrafına boylanıb içəri girdi. Adamlar bir-birinin belinə minmişdi. Başını qaldırıb tabloya baxmağa ürəyi gəlmədi: “Görəsən təyyarə gecikmir ki?” Bir neçə dəfə bu sualı öz-özünə verəndən sonra çiynindəki sumkanı qabağa itələdi, açıb təzəcə çapdan çıxmış kitabının yeganə nüsxəsini vərəqlədi. Kimsə ona yaxınlaşıb rusca soruşdu:
- Bağışlayın, kimin kitabıdır?
- Heeeç.... elə-belə - əvvəlcə cavab verdi, sonra başını qaldırıb bu adamın üzünə baxdı. Üzünə baxdığı adam da ona baxmadan, icazəsiz-filansız kitabın üzünə baxdı, kitabın da, müəllifin də adını oxuyan kimi üz-gözünü turşudub əlini yelləyəndən sonra çıxıb getdi. İstədi ki, gedib o adamın yaxasından yapışsın və soruşsun ki, “bəri bax, o nəydi heylə üz-gözünü turşudurdun?..” - getmədi də, soruşmadı da. Qorxdu - qorxdu ki, o adam desin ki, “lap əcəb eləyirəm...”
Qanı qaraldı. Başını qaldırıb Bakı reysini göstərən tabloya baxan kimi kefi duruldu, elə bil rəngi də bir az açıldı. “Daroqo! Daroqo!” deyə-deyə bağıran yükdaşıyanın səsini də eşitmədi - yükdaşıyan dəmir arabasına yığdığı çamadanları onun böyrünə sürtə-sürtə keçib getdi, gedə-gedə çönüb acıqla ona baxdı və o, bunların heç birini elə bil görmədi.
Biletini qeydiyyatdan keçirtmək üçün növbə tutdu. Ondan əvvəl çoxlu adam vardı. Axırıncı olmaqdan zəndeyi-zəhləsi gedirdi və indi də sıranın qurtaracağında dayanmışdı.
- Axırıncı sizsiniz? - soruşdular.
O, bu sözləri təsəlli kimi qəbul edib yüngülcə başını tərpətdi.
- Yüz qramlıq dilini qoyub üç kiloluq başınla nöş cavab verirsən, ələ? - ondan sonra növbə tutan iki cavan oğlandan uzunu soruşdu.
- Dilim ağrıyır, - sakitcə dedi.
Uzun oğlan onu dövrəyə almış cavanların arasında dayanıb əlini belinə vurmuşdu; əvvəlcə eşitdiyi cavabın fərqinə varmadı, sonra təhqir olunmuş adam kimi, pörtüb düz onun qabağında dayandı.
- Dedin ki, haran ağrıyır?
O, bu dəfə dilini çıxarıb göstərdi. Oğlan əyri-əyri ona baxıb əlini yelləyəndən sonra keçib əvvəlki yerində dayandı, ürəyində qeyri-ixtiyari çamadanları saydı: bir, iki, üç, ... doqquz, on, on bir...
O, özündən əvvəlki adamların sırasına bir də nəzər saldı, adamdan çox çamadan, bağlama vardı: “Görəsən, bu camaat nə aparır belə?” Əsəbiləşən kimi gözünün qabağına biletləri qeydiyyatdan keçirən göy paltarlı qızın tələsmədən, aramla, hərəni bir sözlə yola salmağı gəldi, darıxdı və burada da ədalətsiz bir şey tapdı:
- Gərək şeyi olmayan sərnişinlərin növbəsi ayrı olsun... ya da onlara növbədənkənar...
Bu uzun sırada özündən başqa çamadansız, bağlamasız adam görmədi - diqqətlə, hamını nəzərdən keçirmişdi - göy paltarlı qıza da, onun işlədiyi idarəyə də ürəyində haqq qazandırdı və arvadının Bakıda ona deyəcəyi sözləri əzbər bilirdi - yadına saldı:
- Atıla-atıla gedib, atıla-atıla da gəlirsən. Əlacsız qalıb gülümsədi, çönüb arxasında dayanmış oğlanlara nəzər saldı: “Görəsən, təyyarədə mənim yanımda bunlar oturacaq?»
İstədi oğlanların biletinə baxıb onların yerini öyrənsin, əgər belədirsə, bəri başdan işini bilsin - ancaq bu fikirdən vaz keçdi. Çiyin sumkasını qabağa itələyib əli ilə üstdən içindəki şeyləri yoxladı: kitab, telefon kitabçası, diş şotkası, ... sabunqabı, üzqırxan maşın, odekalon şüşəsi...
Saatına baxdı və hesablamağa başladı: “Bir saat buralarda, iki saat yarım yol, yarım saat orda, yarım saat da yol... düz dörd saatdan sonra evdəyəm”. Moskvaya üç günlüyə gəlmişdi, ancaq bir həftə qaldı. On-on beş il idi ki, bu yolu gedib-gəlir - əvvəllər bu şəhərdə nə görmüşdüsə, doymaq bilmirdi, elə ki, yaşı qırx beşi keçdi, möhkəm qərara gəldi ki, Moskvada uzaqbaşı bir həftə qalmaq olar, qırx beşi ötdüyündən il ötmüşdü, həmişə də uzağı bir həftədən artıq qalmamışdı, özünün dediyinə görə guya darıxırdı.
O, heykəlli adam idi, boy-buxununa, yaraşığına söz ola bilməzdi, elə bu uzun növbədə dayanan kişilərin hamısından seçilirdi. Onu yandıran o idi ki, dünənin burnu fırtıqlı uşağı (ondan arxada dayanan uzun oğlan) niyə onun nə yaşını, nə də görkəmini nəzərə almamışdı. Çönüb ciddi şəkildə oğlanı süzdü və uzun oğlan onun baxışlarına tab gətirmədi; tez gözünü çəkib “təslim” oldu. Bu, ona ləzzət elədi: “bax, heylə ha, körpə... cücə...”. Uzun oğlan da elə bil onun, necə deyərlər, şəxsiyyətli adam olduğunu indicə hiss edirdi.
Göy paltarlı qızın düz qabağından kimsə ucadan dedi:
- Əhməd müəllim, Əhməd müəllim.
O, səs gələn tərəfə baxıb onu çağıranı tanıdı, qonşusu idi - əlini qaldırıb başını tərpətdi və tez də çönüb geri baxdı ki, görsün uzun oğlan görmədi ki...
- Verin biletinizi, mən qabaqdayam... - qonşusu onu yaxşı tanıyırdı, bilirdi ki, elə çiynindəki sumkadı.
Növbədə dayananlar yerbəyerdən qonşusunun üstünə düşdülər:
- Elə şey yoxdu...
- O bizdən artıqdı?...
- Yüz il qala qoymaram.
Əhməd müəllim əlini qaldırıb qonşusunun üzünə gülümsədi, yəni ki, çox sağ ol. Kimsə təzədən dedi:
- Növbə hamı üçündür.
Əhməd müəllim fikirləşdi: “Sizi elə növbə qıracaq...”
Uzun oğlan fikirləşdi: “Görəsən bu day-day kimdi ki, belə ona o cürə kişi (qonşusu da gözəgəlimli kişi idi) müəllim deyir, hə?»
Uzun oğlan yüz il də fikirləşsəydi, Əhməd müəllimin kim olduğunu tapa bilməzdi: Bircə əlacı vardı ki, özündən soruşaydı - ona da ürək eləməzdi, üz qoymamışdı.
Qonşusunun canfəşanlıqla ona hörmət etmək istəyindən sonra: “Görəsən, bu uşaq məni tanımadı, ya tanıya-tanıya...” Beş il bundan əvvəl Əhməd müəllimin əlli yaşı tamam olanda televiziyada onun haqqında veriliş getmişdi. “Yəqin məni televizorda görməyib, yoxsa belə danışmazdı...”
Qonşusu çamadanları tərəziyə qoyandan sonra biletini göypaltar qızdan alıb birbaşa onun yanına gəldi:
- Salam, xoş gördük, - əl verdi.
- Salam.
-Xeyir olsun, ay Əhməd müəllim? - qonşusu özünü elə göstərdi ki, guya Əhməd müəllimin Moskvaya gəlişi onu son dərəcə maraqlandırır? - Gözünü ona zilləyib cavab gözləyirdi.
- Heç, elə-belə... bir balaca işim vardı. - qonşusunun o boyda marağının qabağında bu da soruşmalıydı, bəs siz nə yaxşı belə?...
- Nə bilim, vallah, bir az ayın-oyun almağa gəlmişdim. Uşaqlar da burdaydı, onları üç gün bundan qabaq qatarla yola saldım getdilər. Özüm də bu gün gedirəm.
Əhməd müəllim bundan artıq qonşusu ilə heç nə danışa bilməzdi və yaxşı ki, qonşusu özü onu danışdırdı, yoxsa utanardı, xəcalət çəkərdi.
Onun növbəsi çatana qədər qonşusu danışdı, o da qulaq asdı və arabir də bu şəkildə söhbətə qarışdı:
- Hə, heylədi. Hə, heylədi. - Vəssalam.
Qonşusu birdən susdu. Əhməd müəllim nə isə deməliydi, ancaq söz tapmadı, lap axırda soruşdu:
- Biletin neçənci yerdi? - bu “tapıntı”sına sevindi.
- Birinci salondu.
- Mənimki ikincidi.
- Birinci siz düşəssiz - qonşu yenə söz tapdı.
- Siz də birinci minəssiz - Əhməd müəəllim ikinci “tapıntı”sına az qala heyran qaldı.
Qonşusu əlini-əlinə sürtüb dedi:
- Yaman soyuqdu.
- Hə, heylədi - lap yalandan gülümsədi, gülməyə bir şey də yox idi. Susdular.
“İnsan nə qədər danışar, ilahi”. Əsəbiləşdi. Sonra qonşusuna nəzər saldı, nədənsə ona yazığı gəldi və ürəyində ona haqq qazandırdı. “Əşi, neyləsin ee, indi hamının ürəyi doludu də, bir də ki... elə götürək məni - indiyəcən yazdığım romanları, povestləri, nə bilim hekayələri camaata danışsaydım, söhbət eləsəydim, yəqin ki, mənim də haqqımda belə fikirləşərdilər. Mən bildiyimi yazıram, o da bildiyini danışır, qoy danışsın nə olacaq. Şifahi xalq ədəbiyyatıdır də...” Axırıncı fikrinə gülümsədi, qonşusu hiss etmədi, Moskvada eşitdiyi təzə lətifələri danışıb uğunurdu.
Təyyarənin pillələrini qoşa çıxdılar. Yerindən asılı olmayaraq, hamını içəri buraxırdılar. Ayrılanda qonşusu dedi:
- Mənim qabağıma maşın gələcək, bir yerdə gedərik, hə. Di sağ ol.
- Hələlik, sağ ol, - Əhməd müəllim dedi və üzünü çöndərib ikinci salona gedə-gedə fikirləşdi: “Hə, bir saat da Bakıda gözlə ki, bu çamadanlarını alacaq”.
Dairəvi pəncərənin qabağında yerini rahatlayıb oturdu. Təyyarədən aşağı baxmağı xoşlayırdı. Adamların çoxu ayaq üstə idi. Panamasını dizinin üstünə qoydu, döş cibindən darağını çıxarıb ağlı-qaralı saçını geri daradı.
Orta yer hələ boş idi. Qıraqda isə sarıyanız, yekəpər bir kişi oturmuşdu. Əhməd müəllim onu görən kimi fikirləşdi: “Beləsiynən qatarda gedəsən, özü də bir kupedə, o xoruldaya, sən də bir başına, bir də dizinə döyə-döyə gecəni dirigözlü açasan”. Təyyarə ilə getməyinə sevindi. Sarıyanız, yekəpər kişi boynunu güclə çöndərib soruşdu:
- Baku?
- Net - Əhməd müəllim dedi.
- A kuda yeşşo? - gülümsədi.
- Yasamal.
- Nu i şutnik.
Əhməd müəllim fikirləşdi ki, indi onların yanında oturan üçüncü adam gələndə bu kişi yerindən necə qalxıb ona yol verəcək? Üçüncü adam gəldi də, yekəpər kişi durdu da və Əhməd müəllim onu maraqlandıran sualın cavabını gözü ilə gördü də - bu, altmış-altmış beş yaşlarında nurani bir qadın idi, özü də kənd adamına oxşayırdı. Kənd adamı deyəndə ki, ömrünü rayon mərkəzindəki məktəbdə keçirən müəllimə oxşayırdı - özü də yaxşı nəsildən, kökdən.
Əhməd müəllim özündən asılı omayaraq, bir az ona tərəf çöndü, yanakı oturdu - “görəsən bu yaşda hardan gəlir belə?” bir az keçməmiş başqa cür fikirləşdi: “Nə yaşı var ki, çox olsa, məndən on-on beş yaş böyük olar... Ancaq yaxşı qalıb, canı hələ suludu...” Əhməd müəllim on beş il bundan sonra ağlına gələcək fikirləri bəri başdan yaşadı, deyəsən, özünü fikirləşirdi. “Bir də ki, qadınlar tez düşür - çöldə iş, evdə iş. Kişiyə nə var eyy...” Sağ əlini saçına çəkdi və nədənsə “Moskva” mehmanxanasının foyesindəki bədənnüma güzgünü xatırladı.
Ara səngimiş, hamı yerbəyer olmuşdu. “İndi nəyi gözləyirlər?”
Göypaltar qızın biri də burda idi. O, qoca qadına yaxınlaşıb gülə-gülə soruşdu:
- Yeriniz narahat deyil ki?
- Çox sağ ol, mənim balam.
Qız gülə-gülə də getdi, Əhməd müəllim onun qarasına fikirləşdi: “Guya ayrı kreslo gətirib qoyacaq ey... yeriniz narahat deyil ki...”
O, ətrafına boylanıb özündən asılı olmayaraq, uzun oğlanı axtarsa da, gözünə dəymədi və gözücü çönüb bir də yanındakı qoca qadına baxdı; onun üzü uşaq sifəti kimi tərtəmiz idi. Qoca qadın da bir anlıq ona nəzər saldı - elə bil on-on beş yaşlı bir qız uşağı qırışların arxasından ona baxırdı.
- Bakıya gedirsiniz? - Əhməd müəllim qayğı ilə soruşdu.
Qoca qadın da ona deyə bilərdi ki, məsələn, Yevlaxa gedirəm - ancaq demədi:
- Bəli, Bakıya.
- Xeyir olsun belə? -gülümsəyib qonşusunun ona verdiyi sualı təkrar elədi.
- Oğlumun biri burda olur.
- Hə, neylək, lap yaxşı.
- Biri burdadı, dördü Bakıda.
Əhməd müəllim ona tərəf əyildi.
- Oğlunuz Moskvada nə işləyir?
- Tikintidə işləyir.
- Bakıda tikinti yox idi ki... - Əhməd müəllim mehribancasına dedi.
Qoca qadın elə bil ki, bir az bozardı.
- Nolar Moskvada olanda, ordakılar mənim oğlumdan artıqdı?
- Yox - Əhməd müəllim gülümsəməli oldu, - yoox, ona görə demirəm, bax budey ha, sizin üçün gedib-gəlmək əziyyətdi də... ona görə deyirəm.
- Hə, atana rəhmət, onu düz deyirsən...
Əhməd müəllim sözü dəyişmək istədi:
- Neçə nəvəniz var?
- On beş.
- Moskvada? - Əhməd müəllim təəccübləndi.
- Yoox - qoca qadın güldü, - yox, Moskvada kəllədəgöz bircə dənədi.
- Bəs heylə niyə?
- Nə bilim, arvadı deyib ki, biri bəsdi, ömrümüzü çürütməyəcəyik ha...
- Həəə... - Əhməd müəllim əlavə etdi, - Allah saxlasın.
- Sağ ol, ay oğul... Bəs sənin neçə uşağın var?
- İki oğlum var, bir qızım.
- Xoşbəxt olsunlar... bəri bax, özün nəçisən?
- Yazıçı... - Əhməd müəllim elə bil ki, çəkinə-çəkinə dedi:
- Kitab-zad yazırsan?
- Hə...
Qoca qadın bu dəfə çönüb zəndinən ona baxdı:
- Neçə kitab yazmısan indiyəcən?
- Nə bilim, bir on-on beş olar.
- Gözünün qarası gedər ki, ay bala... - qoca qadın bu dəfə onun gözünün içinə dik baxdı. Əhməd müəllim elə bil ki, qadının ona baxdığından istifadə eləyib bir sual da verdi:
- Bəs siz cavan vaxtı nə işində olmusunuz?
- Heç vaxt işləməmişəm.
- Niyə?
- Rəhmətlik kişi razı olmayıb, - dedi və gözlərini bir nöqtəyə zilləyib elə bil ki, o illərə qayıtdı. Deyəsən, Əhməd müəllim də bunu hiss elədi, gözlədi, gözlədi... qoca qadın o illərdən qayıdan kimi üzünə gülümsədi və onun müəllim “fərziyyəsi” gözünün qabağındaca boşa çıxdı.
Qoca qadın da onun üzünə gülümsəyib soruşdu:
- Ay oğul, neçə yoldaşın var?
Əhməd müəllim çaşdı:
- Bir... -təəccübləndi.
Qoca qadın da təəccübləndi:
- Yox bir?
- Vallah...
- Ay oğul, bəs niyə belə azsınız?
Əhməd müəllim qoca qadının nə demək istədiyini indi başa düşdü, gülə-gülə dedi:
- Həəə... bildim nə deyirsiniz, yazıçıları, şairləri deyirsiniz?
- Bəs nədi?
Əhməd müəllim təzədən güldü:
- Çoxlu, çoxlu...
- Nə qədərdi, bir on nəfər var?
- Lap çoxdu, dörd yüzdən çoxdu.
- Hamısı da kitab yazır?
- Hamısı.
- Bıy, maşşallah - qoca qadının əli ağzında qaldı.
Təyyarəçi motoru işə salandan bir az sonra bələdçi qızın səsi gəldi. Əhməd müəllim bu mətni əzbər bilirdi - ancaq yenə diqqətlə qulaq asdı, elə bil ki, təzə söz eşidəcəkdi. Bələdçi qızın “çıxışından” sonra qoca qadın Əhməd müəllimə tərəf əyilib soruşdu:
- Ay oğul, o nə deyir, heylə?
- Bizə salam verdi, sonra dedi ki, yaxşı yol.
- Nə qanacaqlı qızdı, ay oğul?
- Hə, heylədi... - Əhməd müəllim dedi, sonra da təəccüblə qoca qadının üzünə baxdı, - siz birinci dəfədi, - əlini göydə süzdürdü, -minirsiniz?
- Hə, ay oğul, birinci dəfədi, həmişə qatarnan gedib-gəlmişəm, oğlum bu dəfə dedi ki, vallah elə bil ki, yerdə oturmusan, bir də görəssən ki, Bakıdasan, mən də sözünü sındırmadım, ürəyim gəlmədi, dedim uşaqdı, sözü yerə düşməsin... Qorxurdum, ay oğul, yaxşı ki, sənnən qonşu oldumm... - Ümidlə ona baxdı, o da fikirləşdi ki, uzaq olsun, Allah eləməmiş, bir şey olsa, mən nə edə bilərəm?
Əhməd müəllim əvvəlcə aeroportun girəcəyində onun kitabının üzünə baxıb əlini yelləyən o “vicdansızı”, sonra növbədə onunla tay-tuşu kimi danışan o uzun “tərbiyə görməmişi”, göy paltarlı qızın qənşərindən sıranın axırına adamların başı üstündən ona salam göndərən “əng” qonşusunu, qonşusunun təklifinə qarşı yekdilliklə dik qalxan “çamadan ölüsü” insan sırasını, qıraqdakı kresloya yayılıb “Baku?” deyən o quşbeyini xatırladı, lap sonra da çönüb yanında əyləşmiş qoca qadının üzünə baxdı, onun üzündəki kədəri muğamat oxuyan uşağın sifətindəki kədərə oxşatdı.
- Sizin qardaşınız taksidə işləmir ki, bağışlayın? - Əhməd müəllim nəzakətlə qıraq kresloda oturan yekəpərdən soruşdu. O, başını bulayanda elə bil ki, bütün bədəni tərpəndi. Əhməd müəllim bu yekəpəri onu aeroporta gətirən taksi sürücüsünə bərk oxşatdı. Qırx beş dəqiqəyə qədər yol gəldilər, sürücü nə ağzını açıb bir kəlmə danışdı, nə də bircə dəfə də olsun ona tərəf baxmadı; elə bil ki, sükan arxasında heykəl oturtmuşdular və bu “heykəl” heç vaxt bu maşının içindən çölə çıxmayıb. Əhməd müəllim bir az da dərinə gedib belə bir naqolay qərara gəlmişdi ki, elə deyəsən bu “heykəl”i də zavodda düzəldib sükan arxasına əyləşdirmişdilər ki, get yüz il yaşa. Sürücünün özünü belə aparmasını Əhməd müəllim saymazlıq kimi qəbul eləyib durmuşdu yerində. Mehmanxanadan təyyarəyə qədər gəldiyi bu uzun yolda gördükləri adamların içində az-çox onun ürəyinə yatan vardısa, o da qoca qadın idi.
Təyyarənin gurultusu çoxalmışdı. O lap bərk darıxdı, pəncərədən gözlərini aeroportun binasına zillədi - bina içində adamlar vurnuxan nəhəng akvarium kimi dayanmışdı. Ona elə gəldi ki, bu “akvarium” sınsa, içindəki adamlar balıq kimi çapalaya-çapalaya boğularlar.
Yaşıl rəngli iki yükdaşıyan maşın içi də dolu, çəpəki istiqamətdə meydançanın sağ tərəfinə aramla gedirdi. Bu da onun nəzərindən yayınmadı. “Müasir arabalardır”.
O, kənddə doğulmuşdu - uşaq vaxtı bir arabadan düşüb o birisinə minirdi və heç vaxt darıxmırdı - indi yaşının bu vaxtında “Tu - 154” ona dar gəlirdi - qalmışdı dairəvi pəncərədən boylana-boylana.
Araba haqqında uşaq vaxtı onun özünəməxsus fikirləri vardı; eşşək arabasından zəhləsi gedirdi, at arabasından da xoşu gəlmirdi, çünki bərk gedirdi - yüyürüb çata bilmirdi - minə bilmirdi. Ən çox xoşladığı kəl arabası idi.
“O yaşıl yükdaşıyan maşınların əvəzinə bura kəl arabası buraxasan, görən nə olar? Noolacaq, heç nə, deyəcəklər ki, “ubrat!”
Təyyarə bir az da eşələnəndən sonra meydança boyu süzüb ayağını yerdən üzən kimi bir belə adamın hamısının ayağını yerdən üzdü.
Hamı geri söykənmişdi, təyyarə burnunu dik tutmuşdu.
O, kreslonun sağ əldəki düyməsini basıb rahatlandı, gözünü yuman kimi elə bil ki, göy paltarlı qız göydən düşdü:
- Xahiş edirəm, kəmərlərinizi bağlayın, - ona dedi, o da göy paltarlı qızın sözündən çıxmadı - xətri xoş olsun.
Hamı kəmərini bağladı - bircə qıraq kresloda əyləşmiş o yekəpərdən başqa; göy paltarlı qız da təkid eləmədi - gördü ki, onun belinə heç örkən də dolanmaz.
Bir azdan yekəpər qonşusu başladı qurdalanmağa. Ayağının altındakı əl sumkasını açıb içindən çörək və kotlet çıxardı. Əhməd müəllimin bir gözü onda idi. Yekəpər kişi dizinin üstünə qəzet sərdi, ətli dizləri elə stol kimi düz idi, ayrı şey lazım deyildi. Özündən qabaqkı kreslonun arxasına bərkidilmiş balaca stolu açsaydı, xirtdəyinə dirənərdi. Əhməd müəllim nə qədər eləyirdisə, gözünü ondan çəkə bilmirdi - kotletləri və təzədən çıxardığı kartof, yumurta soyutmalarını sayırdı - dörd-beş adamın yeməyi vardı burda. Əhməd müəllim də iştaha gəldi. Ancaq özünə söz verdi ki, bu yekəpər lap onun ayağının altına düşüb yalvar-yaxar eləsə də, əlini vurmayacaq. Yekəpər yeməyə girişdi və gözünün ucu ilə də ona baxmadı, Əhməd müəllim əməlli-başlı dilxor oldu. Üzünü çevirdi. “Qabaqlarda təyyarədə əməlli-başlı yemək verirdilər, onu da tərgitdilər”. Yekəpər yeyib qurtardı, ağzını silən kimi göypaltar qız padnosu ona tərəf uzatdı.
- Bağışlayın, olar üç stəkan götürüm? - Yekəpər göypaltar qızdan soruşdu.
- Buyurun, buyurun, - göypaltar qız özünü gülməkdən güclə saxladı, ancaq gülümsədi.
Yekəpər üç stəkan dalbadal boşaldıb padnosa qoydu. Əhməd müəllim dedi:
- Mən içmirəm, istəyirsiniz için, - üzünü yekəpərə tutdu.
Yekəpər Əhməd müəllimin də payını içib minnətdarlıqla onun üzünə baxdı. -İndi yaşamaq olar, - dedi.
Əhməd müəllimə bıçaq vursan, bir damcı qanı çıxmazdı.
Qoca qadın da su içmədi. “Görəsən, onun da payını içərdimi bu pəzəvəng?” Əhməd müəllim fikirləşdi, özü də cavab verdi: “Lap hamının payını içər, heç doydum da deməz - görmürsən sıpa irtməyi qopardandı?”
Bu dəfə üzünü təmiz çöndərdi, gəlib pəncərədən tamaşa eləməyə başladı, yer görünmürdü, elə bil ki, təyyarə saysız-hesabsız pambıq tayalarının üstü ilə uçurdu. “Görəsən, pambıq zavodunun direktorunu güllələdilərmi? Yazığın bir sürü uşağı qaldı çöllərdə...”
- Ay oğul, qulağım batıb - qoca qadın dedi.
Əhməd müəllim onu başa saldı ki, burnunu əli ilə tutsun, ağzını da yumub güc versin, onda qulağı açılar. “Neynirsən, rəhmətliyin qızı, qulağının açılmasını, bu gurultunu, hay-küyü eşitmək istəyirsən?”. Deyəsən, qoca qadınla da “arası” belə dəydi.
Qoca qadın onun dediyi kimi elədi, sonra təəccüblə çönüb ona dedi:
- Ay oğul, axı açılmadı...
- Açılar, açılar, - dedi, - bir az da güc ver, - özü də gülümsədi.
Qoca qadında güc hardaydı ki?
Əhməd müəllim özünə yer tapa bilmirdi, axtarsaydı tapa bilməzdi; hərənin bir yeri vardı, oturmuşdular...
Sola çönüb ikinci salonun tən ortasında sol tərəfə yazılmış sözləri oxuyanda birdən-birə bədəni buza döndü, elə bil bu iki kəlmə sözü ilk dəfə görürdü: “Zapasnoy vıxod”. Özünü ələ alandan sonra o sözlərin də mənasız olduğunu belə sübuta yetirdi: “Yaxşı, tutaq ki, təyyarə bax elə indi alışdı, mən də hamıdan igid çıxdım, birinci açdım o “zapasnoy vıxod”u - gedib hara düşəcəm... bəh, bəh, bəh...” İstəyirdi ki, başının üstündəki düyməni basıb göypaltar qızı çağırsın və ondan soruşsun bu nədi belə, camaatı dolamısınız - özünə sığışdırmadı, abrına qısıldı... Onun aləmində hər yazının, hər sözün mənası olmalıydı.
- Ay oğul, axı açılmadı, - qoca qadın əli ilə qulağını göstərdi.
Deyəsən yekəpər də söhbətin nədən getdiyini başa düşmüşdü. Bu dəfə o, qabağa düşdü, Əhməd müəllimi çətin vəziyyətdən qurtardı, cibindən bir “vzlyotnıy konfet” çıxarıb qoca qadına verdi:
- Sor! Sor! - dedi.
Qoca qadın da bu dəfə başladı konfet sormağa.
Əhməd müəllim yenə yekəpərdən razı qalmadı. “Gör yola nə ehtiyatlı çıxıb ey...”
Yekəpər kişi qoca qadına verdiyi konfetin birini soyub öz ağzına atdı, damağı ilə dilinin arasında sıxdı.
Bir azdan qoca qadın üzünü Əhməd müəllimə tutdu:
- Ay oğul, qulağım lap batdı.
- Açılar, açılar, yerə düşəndə açılar, mənimki də... - öz qulağını göstərib bu sözləri güclə deyə bildi.
Qoca qadın onun nə dediyini yaxşı eşitməsə də, başı ilə “göstərdiyi bu oğulluq qayğısına görə” ona razılıq elədi, gözlərini yumub başını geri söykədi. Əhməd müəllim də onun hərəkətini təkrar elədi. Beş-on dəqiqə keçməmiş göypaltar qızın səsi onların ikisinin də gözünü açdı, üçüncü - yekəpər başını geri söykəmişdi, gözlərini yummuşdu, ağzı da qapağı bir balaca sürüşmüş qazan kimi açıq idi, özü də xoruldayırdı. Təyyarə bələdçisi danışıb qurtarana qədər qoca qadın gözlərini onun ağzına zillədi. Göypaltar qız təşəkkür eləyib gedən kimi Əhməd müəllimdən soruşdu:
- Ay oğul, o qız nə istəyirdi?
O, böyrü üstə əyilib ağzını qoca qadının qulağına tutdu - elə bil sözlərini mikrafona deyirdi:
- Heç nə istəmir, deyir ki, çöldə altmış dərəcə maroz var...
Qoca qadın üşüyən kimi oldu:
- Bayaqdan elə bunu deyirdi? - soruşdu.
Əhməd müəllim yenə bayaqkı hərəkətini təkrar elədi:
- Bir də deyir ki, təyyarəmiz yeddi kilometr yüksəklikdə uçur, - dedi.
- Yox bir... - sağ əlinin baş barmağını çənəsinə sürtdü.
- Vallah... - Əhməd müəllim and içdi.
- Birdən xarab olsa, biz neyniyərik, ay oğul, hə? - Qoca qadın lap uşaq kimi qorxa-qorxa soruşdu.
- Xarab olmaz, - təmkinlə cavab verib yerində qurcalandı və bu hərəkəti onun təmkininə bir az xələl gətirdi.
- Nə bilirsən ki, xarab olmaz, ay oğul?
- Bilirəm, - çönüb qoca qadının üzünə baxanda hiss elədi ki, qorxur... Söhbəti dəyişmək üçün fikrə getdi:
- Sizi qarşılayan olacaqmı? - soruşdu.
- Hə, hə... Uşaqların biri gələr yəqin... - Qoca qadın təyyarəyə minəndən bəri ilk dəfə onun üzünə baxmadan dedi. - Gözü elə bil yol çəkirdi.
Əhməd müəllim özünü zorlayıb ona bir sual da verdi:
- İndi yoldu dayna, gedirik, deyin görüm nəvələrinizin içində hansını çox istəyirsiniz? - Bu suala qoca qadının verəcəyi cavabın ona zərrə qədər də dəxli yox idi.
- Barmağın hansını kəssən, qan çıxar, ay oğul. - Əlini qabağa uzadıb göstərdi.
- Bəs deyirlər ki, barmağın beşi də bir olmaz, hə?
- Barmağın elə beşi də birdi... - etiraz elədi.
- Axı bir dəyil, - Əhməd müəllim də əlini azacıq havaya qaldırdı.
- Birdir, ay oğul, sənin gözünə elə görünür, bir yaxşı-yaxşı bax...
Əhməd müəllim əlinə baxıb gülümsədi, sözü-söhbəti qurtardı, indi bəzi aşıqlar kimi “dalay-dalay” deməliydi.
Göypaltar qız yenə həmin yerdə peyda olub üzünü sərnişinlərə tutdu, əlindəki xilasedici sarı jiletə baxıb danışmağa başladı. Qoca qadın yenə ona diqqət kəsildi.
Əhməd müəllim belə söhbətlərə çox qulaq asmışdı, ona görə də fikri ayrı yerdə idi. O, saatına baxdı, yolun yarıdan bir az çoxunu gəlmişdilər. Pəncərədən aşağı baxdı, onun pəncərədən gördüyü dağları elə bil karandaşla çəkmişdilər. Göypaltar qız çıxıb gedən kimi Əhməd müəllim də üzünü qoca qadına çevirdi, öyrənmişdi, bilirdi ki, yenə nə isə deyəcək, dedi də:
- Ay oğul, o təzə paltarları burda da göstərirlər, mən elə bilirdim ancaq televizorda göstərirlər, özü də o nə paltardı heylə, heç zənənə yaraşmayan şeydi.
- Paltar dəyil ha o... - Əhməd müəllim güldü.
- Bəs nədi?
-Baax, indi bizim təyyarəmiz ... yox... bilirsiniz o paltar dəyil, xilasedici jiletdi, işdi-şayət təyyarə xarab olub dənizə düşsə. Gərək hərəmiz ondan birin geyək ki, batmayaq. O qız da onu başa salırdı ki, nə təhər geymək lazımdır.
Qoca qadın böyrü üstə çevrilib onunla üzbəüz oldu:
- Ay oğul, axı mən başa düşmədim, niyə qabaqcadan demədin bir əməlli-başlı fikir verəydim, uşaqlar məni gözləyir axı, -doluxsundu, rəngi ağardı.
Əhməd müəllim də bərk narahat oldu:
- Siz qorxmayın, bizim təyyarəmiz suya düşməz, - dedi.
- Bəs onda o qız dəlidi, başına at təpib ki, yalandan... Uşaqlar məni gözləyirlər... - səsi qırıldı.
- Siz narahat olmayın ey, bunların qaydası belədi - Əhməd müəllim bir az özünü itirdi.
- Yoox, ay oğul, mən bu işə qol qoya bilmərəm, nə danışırsan, qızın başına at təpmiyib ki, camaatın ürək-göbəyini qoparsın... yoox... o deyirsə, demək, nəsə var, özü də hökumət adamı... yoox... - yenə səsi qırıldı.
Əhməd müəllim nə qədər əlləşdisə qoca qadını inandıra bilmədi, elə dediyini deyirdi. Dediyini deyə-deyə başını geri söykəyib gözünü yumdu, dodağının altda nə isə deməyə başladı. “Qoy yatsın, qoca arvaddı, yorulub”. Pəzəvəng qonşusu şirin-şirin yatırdı, dünya vecinə deyildi.
Birinci salondan bir nəfər əlli-əlli beş yaşlarında kişi təyyarənin quyruğuna tərəf gedirdi. Onların yanından keçəndə yekəpər onun fikrini cəlb elədi, sürətini azaltdı, eynəyini düzəldə-düzəldə ona baxdı, gülümsədi, gözü qoca qadına sataşanda bir an ayaq saxladı, sonra çıxıb getdi. Qoca qadın əllərini dizlərinin üstünə qoymuşdu. “Yazıq arvad, yaxşı ki, yatdı. Elə də qorxur ki, elə bil dünyanın axırı-zadıdır”. Əhməd müəllimin narahatlığından əsər-əlamət qalmamışdı. Təyyarənin uğultusu elə bil bir az azalmışdı. Göypaltar qız həmin yerdə peyda olub dedi ki, Bakıda on səkkiz dərəcə isti var. “Heyif dəyil öz yerimiz-yurdumuz”. Əhməd müəllim üşüyən adam idi. Təyyarədəki ənənəvi lent yazısı Bakının qonaqlarını şəhərin görməli yerlərinə dəvət eləyirdi. Əhməd müəllim gözünü qabağa zilləsə də, hiss elədi ki, yekəpərin yanında kimsə dayandı, çönüb baxanda bayaqkı eynəkli kişini gördü. Eynəkli kişi qabağa əyildi, sağ əlini irəli uzatdı, baş barmağı ilə qoca qadının göz qapağını qaldırıb diqqətlə baxan kimi qaşlarını çatdı, üzünü Əhməd müəllimə tutdu:
- Ananızdı?
- Xeyir.
- Ölüb, - dedi və çıxıb getdi.
Əhməd müəllim fikirləşdi ki, qaş düzəltdiyi yerdə göz çıxardılar.

Yenililklər
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.