Qismətin yeni hekayəsi - Elegiya
06.06.14

1. Həngaməyə giriş


“Birinci cümlə necə olmalıdı?”


 
Bütün qəribə, əsrarəngiz hadisələrin başladığı gün Mirzə nəşriyyatın altıncı mərtəbəsindəki redaksiyada yenə bu suala cavab axtarırdı.
 
Ara-sıra otağa girib siqaret istəyən, kiminsə nömrəsini axtaran jurnalistlərin yorğun, ümidsiz çöhrəsində misli görülməmiş bir fanilik sezir, etiraf etməsə də, için-için hər adamda öz gələcəyinin eskizini görürdü.
 
Həmin gün zahirən hər şey dünəndən, srağagündən heç nəylə fərqlənmirdi: səhər girişdə dayanan polislər axşam futbola baxdıqları üçün yuxulayır, əsnəyə-əsnəyə bugünkü oyun haqqında proqnoz verir, lazım olandan olana çıxan qəzetlərin baş redaktorları işə geciksələr də, məşuqələri sübh tezdən dəhliz boyu ədalı-ədalı yeriyib ətirlərini yayır, bufetdə soyutma yumurta yeyən qoca jurnalistlər çörəyin içini didişdirirdilər.
 
Günorta da elə dünənki günortaydı. Mirzə dünən çıxan yazısını qabağına qoyub anlıq hansısa günü xatırlayır, sonra isə heç nə düşünmədən gözlərini boşluqdakı bir nöqtəyə zilləyirdi. Bir cümləlik o qəribə sms telefonuna gəlməmişdən qabaq Mirzənin yadına axşamkı yuxusu düşmüşdü.
 
Ailəsində yazı yazmağa həmişə üstüörtülü ironiya edirdilər deyə, neçə ildir roman yazdığını hamıdan gizlədirdi, çünki həmişə yüksək vəzifələrdə çalışmış babalarının şan-şöhrəti ölümlərindən sonra da nəsillərində qürur yeri idi və babaları kimi prokuror, ya da atası kimi həkim olmayan Mirzənin yazı-pozuya meyl etməsi həmişə sükut qarışıq bir istehzayla ötüşdürülürdü.
 
Gizli-gizli roman yazması onu qəribələşdirmişdi, valideynlərinin yanında onu nəsildə hamı necə görmək istəyirdisə, o cür olmağa çalışırdı, bütün davranışlarında, sözlərində, gülüşündə arzuolunan övladı oynayırdı, bir az diribaş dayısı oğlunu oynayırdı, bir az vurub-tutan əmisi uşaqlarını, bir az da guya ciddi adamlarla ciddi əlaqələri olan uzaq qohumlarını, halbuki içində - beynininmi, ürəyininmi dərinliklərində ikinci bir dünya yaratmışdı: sözlərdən, hərflərdən, səslərdən, adı hələ olmayan rənglərdən ibarət bir dünya və deyəsən Mirzə daha çox həmin dünyaya aid idi.
 
Hər şeyin başladığı həmin qəribə gündən bir gecə əvvəl gördüyü qarışıq yuxu da, əslində, gecə-gündüz ürəyində özüylə danışmağın, beynində yazmaq istədiyi romanın parçalarını çək-çevir etməyin nəticəsi idi.
 
Yuxuda görmüşdü ki, öz işlədiyi qəzetə qəribə bir elan verir: köhnə əlyazma alıram, qiyməti razılaşma yolu ilə. Röyalar aləmində də həyat olduğu kimi roman yazmaq istəyirdi, amma heç nə alınmırdı və o bütün gördüklərinin yuxu olduğunu bilə-bilə, yuxudaca düşünməyə başlamışdı ki, bir əlyazma tapsam, işlərim düzələr.
 
Nəşriyyatın altıncı mərtəbəsində öz yuxusunun sonrakı epizodlarını xatırladıqca, Mirzəni gülmək tutmuşdu və onun gözünü bir nöqtəyə zilləyib öz-özünə gülməyinə korrektor qızlar qımışmışdı. Mirzə ona görə gülürdü ki, yuxunun sonrakı hissəsində o özünü qəfildən bir otelin qapısında görmüşdü:
 
Herostrat oteli
 
Bu oteldə şayiələrə görə hermafrodit olan qoca bir yazıçı yaşayırmış və o neçə illərdi bir roman üzərində işləyirmiş. Mirzə yuxudaca həmin qocanı öldürmək qərarına gəlmişdi, əlyazmasını oğurlamaq üçün.
 
Amma sonra korrektor qızların onun halına qımışdığı həmin adi gündə fikirləşməyə başlamışdı ki, niyə həyatda da yuxulardakı kimi olmur; niyə yuxudakı kimi həyatda da insan kimsənin yardımı, bələdçiliyi olmadan, filan şeyin filan yerdə olduğunu kəsdirə bilmir?
 
“Birinci cümlə necə olmalıdı?”
 
Nəyi düşünür-düşsün, fikri hərlənib-fırlanıb eyni nöqtəyə qayıdırdı.
 
Mirzənin fikri çəkisizlikdə üzərkən, qonşu redaksiyadan kimsə tələsik qapını açıb, birnəfəsə “patrondedikiiyirmidəqiqədənsonrabufetdəolasan”- deyib, getdi. Qızlar gülüşdü, sonra isə durğu işarələrinin kəşf olunmadığı bu qəribə dildəki cümləni ona da tərcümə etdilər.
 
Nəşriyyat bufetdən başlayır, hətta bəzən eləcə bufetdən ibarətdir. Mirzə bunu çoxdan öyrənmişdi, əslində, bu sadə həqiqəti öyrənmək üçün staj lazım deyildi. Əgər uzaqdan da olsa, yazı-pozuya aiddiyyatın varsa və yolun heç olmasa beş-altı dəfə nəşriyyatdan keçibsə, kifayətdir. O isə beş ildən artıq idi ki, nəşriyyatın işçisiydi.
 
Bufetin qapısından qorxa-qorxa içəri girib burdakı səs-küyü, dumanı, araq-siqaret qoxusunu, divarların dəhşətli bir faniliyə işarə vuran boyasını görüb çaş-baş qalan hər təzə qurbanı o saat tanıyırdı. Hər dəfə belə tipləri görəndə, onları qapıdaca qovmaq, söymək, qorxutmaq istəyirdi, çünki bu qapıdan içəri girmək naməlum, çox vaxt da faciəli bir taleyə qol çəkmək idi.
 
Bir dəfə bu barədə gündəliyinə belə yazmışdı: "Bufet lənətli yerdi, ora qədəm basan kimi özündən əvvəlkilərin dəhşətli taleyinin davamçısı olmağa məhkumsan. Nə qədər qaçırsan, qaç, bufet səni tapıb başqalarına çevirəcək. Çevrilməməyin bircə yolu var, gərək divarların rəngini alasan, buqələmun kimi gizlənəsən..."
 
Mirzə pivəsini təzə qurtumlağa başlamışdı ki, patron qapıda göründü. Mübariz Türksoy çoxdanın jurnalistiydi.
 
2. Qızıl fonddan

Bəli, əziz tamaşaçılar, reklamlar bitdi və biz öz verilişimizə qaldığımız yerdən davam edirik. Xatırladım ki, verilişimizin sponsoru yüz faiz təbii, heç bir kimyəvi qatqısı olmayan, imperator pinqivinlərinin yağından hazırlanmış “Kollina” həbləridir. “Kollina” saç tökülməsinə qarşı ən effektiv vasitədir. Şəhərimizin apteklərindən soruşa bilərsiniz.
 
Televizorlarını yeni açan tamaşaçılarımız üçün deyim ki, qonağımız "Turan" qəzetinin baş redaktoru, əməkdar jurnalist Mübariz Türksoydu. Mübariz müəllim, tamaşaçılardan bizə çoxsaylı suallar gəlib, onlardan biri belədir:
 
"Jurnalistika çətin peşədirmi?" – sevilən televiziya proqramı “Sözlü adam”ın aparıcısı Aylin Fəvvarənin səsi qəfildən nəsə lazım olduğundan nazik çıxdı, öskürdü, üzr istədi.
 
M.Türksoy: Gözəl sualdır, tamaşaçımıza təşəkkür edirəm. Əvvəla, onu deyim ki, bizim xalqımızın qədim tarixi var. Mənim üçün hər şeydən önəmlisi bu xalqın tarixi, onun qorunması, gələcək nəsillərə ötürülməsidir. Əlbəttə ki, jurnalistika çətin peşədir, onun özünəməxsus tələbləri, qaydaları var. Burdan bütün tamaşaçılarımıza demək istəyirəm ki, şükür Allaha canımızda təpər var, xalqımız üçün çalışırıq. Bu xalqı sevməmək namərdlikdi.
 
(Zaldan alqış səsləri)
 
Fəvvarə: Mübariz müəllim, bir az da keçmişə qayıdaq. İstərdim ki, özünüz barədə məlumat verəsiniz. Kimdir Mübariz Türksoy?
 
M.T: Nədənsə mənə həmişə elə gəlib ki, mən səməndər quşuyam, eşq üçün yanan Kərəməm. On beş il bundan qabaq yazmışdım ki, ürəyi xalq üçün döyünən hər bir vətən oğlu valideynlərindən başqa həm də bu xalqın, bu ölkənin, bu vətənin milli-mənəvi sərvətlərinin övladıdır. Ona görə mən təkcə anamın-atamın yox, həm də şeyx Nizaminin, Nəsiminin, Füzulinin, Aşıq Ələsgərin, Vaqifin, Vidadinin, Babəkin, Axundovun, Mirzə Cəlilin, Üzeyir bəyin övladıyam. Bugün ölkəmiz inkişaf edir, çiçəklənir, böyüyür, buna ancaq sevinmək lazımdır. Mən jurnalistəm deyə gərək faktlarla danışım. Təkcə, ötən il ölkəmizdə  54 fəvvarə açılıb. Bu hələ azdır, məncə, biz daha çox fəvvarə açmalıyıq.
 
(Mübariz Türksoyun son cümləsindən sonra aparıcının üzündə, uduzsa da,  lotereyadan heç olmasa biletin pulunu çıxarmış adamlara xas bir sevinc görünüb, itdi.)
 
(Zalda sürəkli alqış)
 
3. Sağlıq, salamatçılıq

Türksoy başının dəstəsi ilə bufetə girən kimi Mirzəni gördü. O saat gözündə təbəssüm oynadı, gəlib onun masasında oturdular.
 
Mirzə bu dəstədəki adamların hamısı ilə tanış idi, bir nəfərdən başqa. Bu səliqəli geyinmiş, eynəkli, güləndə əliylə ağzını örtən, astadan danışan adamı redaktorunun yanında ilk dəfədi görürdü.
 
Baş redaktorun adətiydi, girinə təzə qurban keçirən kimi o saat bir qonaqlıq təşkil edirdi və həmişə qurban haqqında birinci tostu özü deyirdi ki, dostları məsələdən agah olsun.
 
Bu dəfə də ssenari eyni qaydada gedirdi, yeməklər gələnə qədər Mübariz Türksoy birinci sağlığı deyəndən sonra, birdən qonaq rəngsiz səsiylə qəfildən söz istədi: “İcazə verin, bu sağlığı mən deyim. Belə gözəl, dəyərli qələm sahibləri ilə, həqiqi ziyalılarla bir süfrədə əyləşmək, düzü, məni bir az həyəcanlandırır.
 
Baş redaktor "həqiqi ziyalılar" sözünü eşidəndə qımışdı, tezcə cavab verdi: "Qəti həyəcanlanmayın, Ruslan bəy, buyurun söz sizindi."
 
Türksoy qımışırdısa və bir adama "bəy" deyirdisə, demək, ov tələdədir.
 
Mübariz Türksoyun “ovu” sağlıq deməkdə səriştəsiz olduğunu dönə-dönə təkrarlasa da, hamı etiraz etdi ki, qətiyyən elə deyil, o, əla danışır. Halbuki əlahəzrət hələ düz-əməlli heç nə deməmişdi. Bir-iki topal cümlədən sonra bəyəfəndi birtəhər mətləbə keçdi:
 
“Əvvəl özüm haqqında xırdaca məlumat verim, bəndənizin adı Ruslandır. (Qonaq sağlığa öz adından başlayan kimi hamı əlindəki qədəhi yerə qoydu.) Mən qeyri-hökümət təşkilatları ilə işləyirəm, layihələrimiz olur. Hamısı da mədəniyyətlə, ədəbiyyatla bağlı. Xalqımız üçün çalışırıq. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, şairəm. İki şeir kitabım nəşr olunub. ( Bu dəm kimsə yerdən dilləndi: Kitablarınızın adını deyin, alaq, oxuyaq.) Qətiyyən, mən özüm sizə hədiyyə edəcəm, çox şadam ki, belə söz qədrini bilən insanlarla bir məclisdəyəm. (Masadakılardan biri bu dəm ofisiantın üstünə çığırdı: “Tez ol, limon harda qaldı?”) Mən sözü uzatmadan bu sağlığı məni belə gözəl məclisə dəvət edən Mübariz müəllimin simasında hər birinizin sağlığına içirəm və istəyirəm icazənizlə çıxışımı bir balaca şeirlə bitirim.
 
(Boğazını arıtlayır.)
 
Vətən həsrətini, yurd həsrətini.
Yaxşı adamlarla unudur adam...
(Əlini çənəsinə qoyur, pauza verir)
Üzrlü sayın, həyəcandan şeiri unutdum... Sizin sağlığınıza!“
 
Mübariz Türksoy qəfil arağı başına çəkdi və ayağa qalxıb salfetlə əvvəl boğazını, sonra isə əllərini silən qonağı bağrına basıb öpdü, ardınca əlini şikarının kürəyini vurub çoxmənalı bir cümlə dedi : "Yurd haqqında şeirin yarımçıq qalmağı da, bəlkə də elə taledir...”
 
Məclis dağılışan kimi Mirzə 6-cı mərtəbədəki redaksiyaya qalxdı ki, xırda-para redaktə işlərinə baxsın, həm də tapşırıq var idi: Şuşa haqqında məqalə. Bir az yığıcı qızla məzələnəndən, yalandan bir-iki işlə başını girləyəndən sonra məqalə yazmaq bəhanəsilə baş redaktordan icazəni qopardı. Mübariz Türksoyun kefi kök idi deyə etiraz eləmədi, üstəlik, onun cibinə 20 manat basıb, belə bir zarafat da elədi : “20 faiz itirmişik, bu da 20 manat!”
 
Mirzə məqaləsini yazmaq üçün sevimli məkanına – “Çinar” kafesinə gedə-gedə yolboyu Mübariz Türksoyun zarafatını fikirləşdi və ha çalışdısa hesablaya bilmədi ki, kreditə götürdüyü şeylərin pulunu vermək üçün təqvimdə nə qədər matəm olmalıdır.
 
4. Mirzənin gündəliyindən

Məktəb illərində bütün dostlarımın xəyalları, yuxuları dövrün populyar döyüş filmlərini xatırladırdı. Yadıma gəlir ki, məktəbin arxasıdakı gizli məkanımıza yığışıb bir-birimizə fantaziyalarımızdan, yuxularımızdan, gələcəkdə nə olmaq istədiyimizdən, seksual arzularımızdan danışırdıq.
 
İllər keçdikcə, söhbətlərimizə xırda rituallar da əlavə olunurdu, məsələn, aramızdan ən zirəyi adama bir dənə siqaret də tapırdı və biz bir yandan siqaret çəkə-çəkə özümüzü oxşamaq istədiyimiz böyüklər kimi aparsaq da, o biri yandan bu gizli iş üstündə tutulmaqdan qorxurduq.
 
Beləcə, o gizli məkandakı söhbətlərimiz böyümək arzusu ilə qorxu arasında vurnuxur və  bu tərəddüd duyğusu gələcəklə bağlı fantaziyalarımıza da təsir edirdi.
 
Bir gün “mən polis olacam” deyənimiz, sabah həkim olmaq qərarına gəlirdi. Amma dəyişməyən bir şey vardı, demək olar ki, hamının fantaziyası bir-birinə bənzəyirdi, bircə məndən başqa.
 
Mən isə çoxluğun içində gülüş hədəfi olmamaq üçün onlar kimi olmayan xəyallarımı onların xəyallarına oxşadır, axşamdan sabahkı gün üçün uydurma əhvalatlar quraşdırırdım. Sinif yoldaşlarım xəyallarında, yuxularında, gah polis olub ekstremal vəziyyətdə qəfildən peyda olan Bryus Uillis olurdu, gah düşmənləri güllə-baran edib sevgilisini xilas edən Van Dam, gah da sirli bir eliksir içib güclənərək bəşəriyyəti robotların istilasından xilas edən super qəhrəman. Mən isə özümü həmişə ya təsirli şeirlər yazan şair, ya böyük kitabxanası olan yazıçı, ya da möhtəşəm filmlər çəkən rejissor kimi təsəvvür edirdim.
 
Mənim xəyalımdakı, yuxularımdakı qələbə görüntüsü kitab imzaladığım, Oskar aldığım anlar idi. Lakin bunu heç kimə deyə bilməzdim, gülüş hədəfi olardım; bilmirəm, bəlkə də öz həqiqi arzularımı söyləsəm, düşündüyümün əksinə maraqla qarşılanardım, amma fəhmim əksini deyirdi. Ona görə uydurmalıydım və deyəsən o uydurmalar mənim ilk “əsərlərim” idi.
 
5. Qəribə sms

“Çinar” kafesi ildən-ilə, aydan-aya yox, günbəgün dəyişir, başqalaşırdı. Mirzə son vaxtlar bura hər gələndə başa düşürdü ki, ola bilsin, bura son gəlişidi.
 
Çünki bu kafe, birinci albomdan sonra burnunu kəsdirən, dördüncü klipdən sonra isə dodaqlarına silikon doldurtdurub o ləblərin həqiqi təyinatını cümlə-aləmə bəyan edən pop-ulduzlar kimi, get-gedə şəhərdəki qlamur kafelər kəhkəşanında öz layiqli yerini tutmağa doğru əmin addımlarla irəliləyirdi.
 
Mirzə qəzetin həftəsonu nömrəsi üçün Şuşa haqqında yazmalı olduğu məqalənin planını təzəcə qaralamağa başlamışdı ki, telefonuna qəribə bir sms gəldi. Sms-in hansı nömrədən gəldiyi bəlli deyildi, çünki nömrə yerinə altı dənə sıfır yazılmışdı. Mesajda üç dildə - rus, ingilis və ana dilində - bircə söz yazılmışdı: Yazma!
 
Bir az duruxandan sonra Mirzəni dəli bir gülmək tutdu, fikirləşdi ki, yəqin redaksiyadakı lotulardan kimsə məni dolamaq istəyir. Bircə nömrə yerindəki o sıfırların məsələsini tam başa düşmədi, amma çox da özünü yormadı, internetin zibillərindən olmalıydı.
 
Əslində, dostlarının bu “yazma!” zarafatı Mirzənin çox ürəyincəydi. Çünki qəzetdəki neçə illik stajında bir şeyi öyrənmişdi ki, qəzet onun ürəyindən keçən yazını yox, qəzetin siyasətinə uyğun yazını istəyir, sevir. Ona görə də, əslində, Mirzə bu yazını çox böyük məmnuniyyətlə yazmaq istəmirdi. Di gəl ki, yazmalıydı. Bu neçə illər ərzində saxlayıb yazıya çevirmədiyi o qədər şey ötüb keçmişdi ki, ürəyindən. 
 
Staj ayrı şeydi. Təzə-təzə ancaq müəllif kimi qəzetə yazı gətirən Mirzə, bir neçə il sonra Mübariz Türksoyun sevimlisinə çevrilmiş, baş redaktor onu həm də redaktor kimi işə götürmüşdü.
 
Mirzə nəşriyyatın da, öz redaksiyalarının da cikinə-bikinə çox tez bələd olmuşdu. Məsələn, öyrənmişdi ki, əgər qəzetdəki o biri redaktorlar papaqlarını günə verib öz işlərini asta-asta ona tərəf yönəltsələr, dəhlizə çıxıb yüksək səslə narazı bir-iki cümlə demək lazımdı.
 
Yoxsa elə bilərlər ki, hərifsən, maymaqsan, heç kim çörəyi qulağına yemir ha. Elə ki, dəhlizə çıxıb bərkdən və ürəkdən “olmadı da bu, işləməyək də bu qəzetdə, ağ oldu e lap!” - dedin, vəssalam, hamı özü özündən bir çimdik götürmüş kimi “ayılıb” işinin başına qayıdacaq.
 
Mirzə təcrübədən onu da öyrənmişdi ki, bəzi müəlliflərin şəklini  (xüsusən də baş redaktorun əziz xələfi olan xanım müəlliflərin) gərək lazım olandan böyük verəsən, özü də ki keyfiyyətlisindən, bir də ki, yazdığına çox az toxunasan, yoxsa müəllif inciyər, qəzetin də Olimpində narazı ildırımlar çaxışar. Bəli, bu vacib məsələdi, çox vacib məsələ, redaktorun ən əsas vəzifəsidi – redaktor gərək müəllifin üslubunun bakirəliyinə toxunmasın.
 
6. “Şuşa dərdi” adlı məqalənin şüurdakı rəqsi

Keçən ilki yazımda çox sərbəst improvizələr etmişdim, ümumən bəyənilmişdi, amma deyəsən gözlənilən deyildi. Əşşi, özümü niyə çətinə salıram axı, bir balaca özümü sıxıb, onların istədiyini yazmaq lazımdır.
 
Deməli belə, yazının əvvəlində Şuşanın təbiətini vəsf edən bir-iki obrazlı abzas olmalıdı. Burda Şuşanın Qarabağın incisi olması, səfalı yerlərinin adları, hər daşının, hər qarış torpağının tarixə şahidlik etməsi xüsusi vurğulanmalıdır.
 
Axır vaxtlar bura bomba şeylər gəlir, özüm ölüm. Görəsən bu il patron məni ev siyahısına saldıra bilər? Gərək bir dəfə də ağız açım.
 
Nə isə, deməli, məxsusi olaraq həmin abzasın içində qeyd olunmalıdır ki, Şuşa təkcə gözəl şəhər yox, həm də tarixən hərbi əhəmiyyətli nöqtə olmuş, alınmaz, basılmaz qala kimi şöhrət tapmışdır. Bu abzaslarda Şuşanın tarixindəki cəngavərlərdən, igidlərdən, xanlardan bir neçəsinin adı sadalanmalıdır. Kimlər var idi orda? İnternetdən baxım gərək, huşsuz olmuşam yaman.
 
İkinci blokdakı Xanım xala nəsə demişdi huşsuzluq üçün, nəyinsə suyunu qaynadıb içmək. Maraqlı paradoksdur, yazmaq olar bunu, huşsuzluq haqqında dərmanın adını huşsuzluq ucbatından unutmaq! Əntiqədir.
 
Hərəsinə mütləq bir bədii təyin də tapmaq lazımdır. Dədə Qorquddakı təyinlərdən yararlanmaq olarmı? Düşünmək lazımdır. Sonrakı abzası Şuşanın mədəniyyət xadimlərinə ayırmaq lazımdır, mütləq Xan Şuşinski yad edilməli, oxuduqlarından yanıqlı bir-iki misranı nümunə vermək lazımdır.
 
Bilmirəm, bəlkə də mahnı sözlərini, ya da şeir parçalarını epiqrafda vermək daha yaxşıdır. Bu barədə düşünüm gərək. Mədəniyyət xadimlərinin adları sadalanandan sonra xüsusi vurğu ilə qeyd etmək lazımdı ki, hətta onların məqbərələrinə də, heykəllərinə də güllə dəyib, abidələr də yaralanıb. Burasını mümkün qədər ağlamalı yazmaq lazımdır.
 
Sonra Şuşanın tarixinə uzun bir ekskurs, Pənahəli xan, İbrahimxəlil xan filan söhbətləri. Aha yadıma düşdü ki, adlar. Pənah da yazıq, heç nədən getdi. O cür əsilli-nəcabətli adam olasan, pula görə narkotikaya girişəsən.
 
Görəsən Pənah obrazını yaradımmı romanda? Psixoloji bir səhnə yazmaq olar, maqnitafonun içində sərhəddən narkotik keçirmək istəyən adamın düşündükləri. Coysvari bir şey, pis deyil, düşünmək olar. Coys dedim yadıma düşdü, “Uliss”i əlimdə görəndə qorxan yekədöş Seva həmişəki nömrədədi görən? Gərək bu yaxınlarda axtarım onu bir.
 
Bir yekə abzas ayırmaq lazımdır işğal günündə toyda oxuyan, xaricdə konsert verən vətən xainlərinin tənqidinə. Yıxıb sürümək lazımdır hamısını. Burda kəskin boyalardan istifadə etmək. Sonuncu abzasa xüsusi önəm vermək lazımdır. Başlamaqdan çox, qurtarmaq önəmlidir.
 
Zalımın qızı, qurtaranda yaman inildəyir, Zamiq demiş, səsdən qonşular da orqazm olur.
 
Sonda döyüşlərdə həlak olan insanların sayı, ardınca isə qəhrəmanlıq göstərənlərin adları sadalanmalıdır. Əgər ad az olsa, özümdən uydurum gərək. Məsələn, Həsən Əhmədov, Hüseyn Həsənov, Məmməd Əliyev yazdım, gördüm ad çatmır, özümdən adlar yazacam: Müstəcəb Vəliyev, Kolxoz Həsənov və s. Kimdi yoxlayan. Müstəcəb adında da adam olar?!
 
Sonra isə işıqlı, vətənpərvər, ümidli, atəşli bir parça yazmaq, burası xüsusilə təntənəli üslubda olmalıdır. Bu parçada yazılmalıdır ki, biz mütləq qisas alacağıq. Ermənilərin var-yoxuna tullanacayıq. Dizaynerə də deyərəm, internetdən yaxşı fotolar tapsın. Hər fotonun altına söz yazaram, vəssalam da. Uy blin, nə bomba şeydi bu?!
 
7. Divani-şəhvət-it-seks.


Mən eşqin ünvanı,
sevginin vicdanı,
redaksiyanın divanıyam.
Məni tanıyır bütün ərlər-ərənlər,
gələnlər, gedənlər.
İş saatı bitdimi,
işdəkilər getdimi,
redaktorun aşkı gəldimi,
kişinin üzü güldümü,
hər sözə hərf artıran rayon uşaqları demiş,
bağrımın başında sekıs başlayır.
Zalım oğlu enli baldır xoşlayır.
Mənə divan deyib keçməyin,
yalan deyirəmsə, kreslolarım ölsün,
mən tarix kimi bir şeyəm.
Kimlər gəldi, kimlər keçdi,
estetik, namuslu seks,
bir ucu viruslu seks,
qonorar aldı, otaq gizlədi,
ani seks kimə qaldı?!
Əkdirənə daz demədim,
tikdirənə qız demədim,
yazmayana yaz demədim,
çox verənə az demədim,
burcutmağa naz demədim...
 
Qapıları bağlayırlar,
inildəyib, ağlayırlar,
hörmətimi saxlayırlar,
böyük bir şöhrətim vardır,
nolsun ki, yerim dardır.
 
Çox yaxından, çox uzaqdan,
içib pivədən, araqdan,
o otaqdan, bu otaqdan,
uçub gəlir mənə quşlar,
zülm əlindən qurtulmuşlar.
 
Bu qoca divan deyir ki,
hələ bunlar nədir ki,
bir də görürsən ki,
bir qəlbi yaralı gəlir,
düymələri aralı gəlir...
Onda istəyirəm deyəm ki,
Qəlbi qəmli gözəl sürtük,
sənə bu dağı kim çəkdi?
Köynəyi yuxarı kim dartdı,
ətəyi aşağı kim çəkdi?
Qəlbi qəmli gözəl sürtük, ufuldama, inləmə,
nə kişilər, nə otaqlar qalacaq.
Qəlbi qəmli gözəl sürtük, heç məni də dinləmə,
sənə qalsa bu xoş çağlar qalacaq.
Amma deyə bilmirəm.
Məndən sizə məsləhət,
Çox da etməyin qələt,
Nə desəm əməl edin,
Burdan vızqırdıb gedin.
Siz çox da inanmayın,
gələnlərin qüssəsinə,
otağın başqa hissəsinə,
redaktorun cüssəsinə!
Bir də gördüz
elə başlayan kimi bitir işi,
narahat olur kişi.
Onda,
üstümə sərələnmiş gözəl afət,
üzə vurmasa da,
tezcə ayağa durmasa da,
redaktora elə baxır ki,
elə bil gözləri ilə deyir:
Noooldu,
Alp Ər Tonqa öldümü?
 
8. Exit

Mirzənin məqaləsi çıxandan üç gün sonra, Mübariz Türksoy qəfildən zəng vurub onu yanına çağırdı.
 
Bufetdə yazmaq istədiyi romanın eskizlərini cızan Mirzə, çayın pulunu çaydanın altına qoyub yollandı yuxarı – baş redaktorun otağına. Patron əvvəlcə Mirzəyə divanda yer göstərdi, amma sonra ağlına nə gəldisə, dedi yox, gəl masada oturaq, bu divanın çexolunu-zadı dəyişmək lazımdı.
 
Adama bir siqaret yandırdılar, amma Türksoy elə bil söhbətə başlamaq istəmirdi. Amma çox keçmədi, sözə başladı. Məlum oldu ki, bu ilki ev məsələsində Mirzəni yox, Nərmini nəzərdə tutub. Mirzə, əslində, elə belə də olacağını bilirdi və incimirdi də, sadəcə içində həmişə növbətçi bir ümid oyaq olurdu, o ümidin hesabına birtəhər dözürdü.
 
Türksoy məşq edilmiş sözlərlə Şuşa haqqındakı məqaləni təriflədikcə, Mirzə ürəyində fikirləşməyə başlamışdı ki, yox balam, deyəsən sözlərin bir üzü yoxdu. Demək sözlərin özü yox, – fərq etməz, tərifli, ya iynəli olsun – arxasındakı niyyət önəmliymiş.
 
Demək indi topdan satış qiymətlərlə qabağına tökülən tərifli sözlərdənsə, keçən həftə rahatlana bilməyən dul qadının narazılığı daha həqiqiymiş. Çünki sözlərin arxasındakı niyyətin rəngi, qəlbin də rəngi imiş. Bir an beynindən ildırım sürəti ilə keçən bu obrazlı ifadələrin düzümündün ləzzət alan Mirzə, istədi ki, icazəsiz durub otaqdan çıxsın, gedib bu fikirləri dəftərinə köçürsün, amma oturub qaldı.
 
Mübariz Türksoy söhbəti qəfil dəyişdi və Mirzəyə bir vərəq uzadıb dedi ki, səhər orda yazılan yerlərin ikisinə də baş çək, dünən ölən əsgərlərin ünvanlarıdı, sən huşsuzsan bir az, yadından çıxmasın.       
 
Mirzə 96 nömrəli marşrutun arxa oturacağında əyləşən kimi, Türksoyun verdiyi vərəqi açıb baxdı və bir anlıq fikrə getdi. Avtobus təzəcə tərpənmişdi ki, elə bil, Mirzəni tok vurdu.Vərəqdə ünvanlardan başqa, ölən əsgərlərin adı da vardı: birinin adı Müstəcəb, o birininki isə Kolxoz. /oxuzali.az/
 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.