Güney azərbaycanlı yazar: “Afaq Məsudun romanındakı dil problemi məni incitdi” - MÜSAHİBƏ

17.06.14

O tay şairi Kiyan Xiyav hazırda Meşkin şəhərində yaşayır. Postmedern şair həm də dil və ədəbiyyatı sahəsində pedaqoji fəaliyyətlə məşğuldur. Şairlər gününə təşrif buyuran Kiyan bəylə Yazıçılar Birliyinin Güney Azərbaycan ədəbiyyatı şöbəsində görüşüb müsahibə aldıq.

- O tayda nə var nə yox? Burdakıların üçün darıxırlarmı?

- “O tay” deyilən bir söz də “bu tay” kimi bir anlayışdır. Orda da yaşam öz axarındadır, burda da. Bura üçün darıxan insanlar da var. Burda da belə olmalıdır kəsin. Nə olur olsun, o tay-bu tay hardasa 200 il bundan öncə qardaşca bir-birinin yanında, çevrəsində bir vətəndaş kimi yaşamışlar. Bu, tarixin şəhadət verdiyi bir söz və danılmaz bir məsələdir. Üstəlik, hər yerdə başqa sevilən insanlar üçün darıxanlar var. Mən haçansa bu darıxdırıcılığın bitəcəyini uma bilərəm sadəcə. Və o tay-bu taylı bütün azərbaycanlılar üçün səadətli böyük günlər diləyə bilərəm. Onsuz da bütün insanlar bir-biriylə qardaşdırlar. Fars yazarı Mahmud Dövlətabadinin bir romanında gözəl bir söz var. O deyir, qərar deyil bütün qardaşlar bir ananın qarnından çıxsınlar. Artıq hamı bir-biriylə qardaş ola bilərlər.

- O tayda modern ədəbi proses necə inkişaf edir? Çoxları deyir ki, o tay şairləri daha moderndirlər...

- Bu modern ədəbiyyata necə baxmağımızdan asılıdır... Biz şirə yoxsa başqa bir ədəbi janra modern deyib modern sifəti verəndə nələr düşünüb deyirik? Məncə modern sözü daha çox arxaik, klassik və əski bir sıra düşüncələrlə yaşayan bir toplum, bir ictimaiyyətdə işlənir. Halbuki belə toplumlarda “modern-modern” deyə-deyə öz əski materiallarını yenidən yeniləməyə can atırlar. Ola bilsin doğurdan da modern yaşam yiyəsi olan toplumlarda çox da modern sözü işlənmir. Örnək üçün Amerikada. Ancaq biz azərbaycanlı olaraq böyük bir keçmiş, böyük bir tarix, dəb və mədəniyyət yiyəsi olduğumuza görə ola bilsin modern və modernizm sözünü başqa böyük və zəngin bir keçmiş yoxsa tarixi olmayan ölkələrdən, örnək üçün Amerikadan çox istifadə edirik.

- Təbriz çoxmu gözəl yerdir? Ancaq adını eşitmişik ona görə belə soruşuruq...

- Bəli, çox gözəl yerdir. Yeddi ilə yaxın orda sevə - sevə yaşamışam. Çeşid abidəvi yerləri, gəzməli parkları, bağları, Ərk qalası, saat qabağı, Göy məscidi, universiteti, kitab nəşr evləri, Məqbərətüş-şüəra – Şairlər məzarlığı, muzeyi, acı çayı, Eynalı dağı, Bağmeşəsi, Qartal parkı, iydə bulvarları, Şah gölü. Mənim bəzi yaxın dostlarımla görüş yerim Şah gölü olub. Bunlar o tayda yaranan bir sıra şeir - hekayələrin təməl motivləri olublar. Mən hər zaman Təbrizə getdiyimdə, nəyisə, kimisə bütün varlığımla özləyirəm. Orda elə yerlər var ki, mən öz yaxın dostlarımın arasında ona özləm bağçası adını vermişəm. Hər getdiyimdə ora bir baş çəkib oturaram ancaq nədənsə özləmlərim heç bitməz də qat-qat çoxalar. Orda görüşdüyüm gözəl insanları ölüm günümə kimi unutmayacağam. Sözsüz təbrizlilər arasında bir çeşid təbrizism də var. yerli təbrizlilər başqa çevrə şəhərlərdən gələnləri bəyənməzlər deyirlər. Ancaq Təbrizdə olan böyük bir mədəniyyəti bununla ölçmək yaxşı olmaz. Təbrizin kültürünü örnək üçün maşın sürücüləri yoxsa artıq pul-parasını qoruyan dükançılarıyla yox,  məncə çox dəyərli insanlarıyla, Rza Bərahəni, Qulamhüseyn Saidi, Cavad Heyət, Səməd Behrəngi, Həmid Nütqi və bir çox başqa dünya səviyyəli orijinal personası olan insanlarıyla ölçməliyik. Gün gələr sizlər də gəlib Təbriz şəhərini yaxından görərsiniz umuram.

- Bu gün Bakıda yaşayan bir şairin Təbrizi ürəkdən sevə bilməsinə inanırsınızmı?

- Bəli, sözsüz. Niyə inanmayım ki? Bir şair hansısa görmədiyi bir şəhəri sevə bilməzmi? Hələ o şair bakılı, və o şəhər Təbriz olsa ki, buna heç söz ola bilməz. Sizlər də Təbrizdə yaşayan hansısa bir şairin Bakını sevə bilməsinə inana bilərsiniz. Şairlər yalnız öz şəhərlərinə aid deyillər. Ola bilsin dünyada hansısa bir şairi heç də anıb düşünməyən şəhərlər olsun, ancaq o şair onları da sevə bilir. Mən özüm Vyana şəhərinə çoxdan bir şer yazmağı düşünürəm. Nədənsə Ziqmund Froydun, Samuel Bekketin və başqa bir neçə dəyərli insanın uzun müddət orda yaşaması mənim üçün maraqlı olub. Halbuki Vyana, mən hara? Nə isə inanmamaqdan, inanmaq daha yaxşıdır. Və mən inanıram.

- Modern dünya ədəbiyyatından ən çox hansı yazarları izləyirsiniz?

- Ardıcıl olaraq yorulmadan oxuyuram. Romanda və hekayədə Markes, Kafka, Kundera, Borxes, Dostayevski və Sartrı başqalarından daha çox oxuyuram. Şerdə isə oxuduqlarım saysızdır. Türkiyə, Almaniya, Fransa, Amerika, Rusiya və ərəb şeri. Oxuduğum şairləri saysam, saymaqla tükənməzlər. Ancaq bunların içindən daha çox sevdiklərim var. Örnək üçün

Rusiyada Marina Svetayeva, Amerikadan Silviya Plat, Fransadan Rene Şar, Türkiyədən Nazım Hikmət, Atilla İlhan, Almaniyadan Mariya Rilke, ərəblərdən isə Adonis, Mahmud Dərviş və başqalarını mütaliə edirməm.

- Bakıya gələrkən ədəbi icmada sizi təəccübləndirəcək nə gördünüz?

- Düzünü desəm, təəccübüm az oldu. Ancaq məndə dopdolu sevinclər yaşandı. Ağlıma belə gəlməzdi bir gün Bakının Beynəlxalq Muğam Mərkəzində mənə hansısa bir mükafat veriləcək. Üstəlik orda tribuna arxasında çıxışım olacaq və Kiyan Xiyav olaraq şeir-ədəbiyyatla bağlı anlayışlarımı müxtəlif  ölkələrdən gəlmiş insanların içində ortaya qoyacağam. İndi burda, Azərbaycan Yazarlar Birliyində nə görürsəm məni sevindirir. Yazarlar Birliyinə ayağımı qoyar qoymaz, yarım saatın içində gözəl insanlarla görüşdüm. Gənclik çağımda şerlərini oxuyub nələrsə öyrəndiyim Fikrət Qoca, Əlisəmid Kür və başqa bir neçəsini gördüm. Bu  mənim üçün doğurdan da sevindirici hal oldu. Təəccüb və sevincdən başqa bir az da utanc duydum. Azərbaycanın çox sevimli və gözəl düşünən  xanımı Esmira xanım Fuadın mənim görüşümə gəlməsi ömür boyu qürurum və baş ucalığım olacaq. Üstəlik Esmira xanım özünü ağır xərcə salıb mənim adıma çoxlu şirni - meyvə alıb gətirib şöbəyə qoydu. Mən bu xərcə mütləq razı deyildim. Onunla bir masa başında oturub danışmağımızda bilmədiyim bir çox şeylər öyrəndim. Gerçəkdən də onun modern şerlə bağlı kəşf etdikləri mənim üçün çox ilginc idi. Esmira xanımın çox sevimliliyi və böyük ruhunun qarşısında baş əyirəm və umuram ki, çox tezliklə  onun modern şer haqqında yazdığı məqalələri oxuyaq. Və sevgili Sayman Aruzdan mənə görə ağır zəhmətlərə qatlaşdığı üçün özəlcə təşəkkürüm var. Bunları heç zaman unutmayacağam. Burda Azərbaycanın gözəl şairi və yazarları, Qəşəm Nəcəfzadə və Nuranə xanım Nurla da yaxından tanış olduğumdan necə içdən sevindiyimi gizlədə bilmərəm. Sən sevgili Elminlə də yaxından tanışmaq az sevinc deyil dostum. Hələ məni lap çox sevindirən bu “Kitabçı” jurnalıdır. Burada  oturmuşdum ki,  sevgili Səlim Babullaoğlu içəri girdi. Görüş-öpüşdən sonra Səlim məni özü demişkən oğurladı və üst qatda öz otağına apardı. Orda Sevinc xanım Mürvətqızı, Əlisəmid kür və başqalarının yanında “Kitabçı”  jurnalını mənə verdi. Jurnalı açıb varaqladıqda, orada dünya ünlü ədəbi şəxsiyətləriylə üzləşdim. Bu, doğuran da məndə böyük bir sevinc doğurdu. Çünki orda Markesdən, Bekketdən, Haruki Murakamidən, Qulamhüseyn Saididən və başqalarından olan yazıları gördüm və Azərbaycan ədəbi icmasının bunca böyük yazarlarla uğraşması məni olduqca sevindirdi. Gerçəkdən də Azərbaycanda dünya ədəbiyyatının tanıtmasında Səlim Babullaoğlunun böyük əməyi, böyük rolu var. Onun qədri bilinməlidir.

- Bu taydakılar necə yazır?

- Yaxşı və ümidvericidirlər. Forma və məzmun  baxımdan çox gözəl yazırlar. Burdakıları az da olsa oxuyuram. Olduqca da öyrənirəm. Son vaxtlar Afaq Məsudun “Suiti” romanını oxuyurdum. Məzmununun rəvayət formasında olması  çox gözəldir. Ancaq inciməsəniz, bir söz də demək istərdim. Burdakılarda ümumilikdə,  dil problemi var. Bəzən də oxucunun küfrünü çıxara bilən bir dil problemi. Mən İsmayıl Şıxlıdan tutmuş bugünkü Sevinc Pərvanəyə kimi, hamısını az-çox oxumuşam, üzgünlüklə hamısında da bir az dil problemi var. Demək istədiyim nədir bilirsizmi? Dil Azərbaycan türkcəsidir, ancaq bütün şerlər və hekayələrdəki quruluş farsca-ərəbcə quruluşdur. Bu deyim tərzi üslubu bizdə də var ancaq inanıram ki, bu dilin inkişaf prosesinə  daha çox düşünək. İnanın Azərbaycan dil məsələsində çox gecikib. Bu dilin köklü-kökənli bir varlığı var. Bunu bundan artıq qorumaq gərək. Afaq Məsudun romanı, bura kimi oxuduğum ən gözəl romanların biridir. Yanılmasam bu romanda heç bir xarakter adını görmədən, iyirmi neçə səhifə rəvayətdən sonra Fatmanisə deyə ilk xarakter adına rast gəlirik. Bu, Afaq Məsudun romanda böyük gücünü bizə aşılayır. Ancaq romanda olan dil sorunu məni incitdi. Özəlliklə "ki" bağlayıcı hərfinin gərəkdiyindən artıq işlənməsi məni yordu. Bu romanı oxumuş olsanız, bir səhifədə dəfələrlə “fikirləşdi ki, olsun ki, düşünürdü ki”, sözlərini görərsiniz. Tək də Afaq Məsud deyil, Nərmin Kamal, Günel Mövlud, Səlim Babullaoğlu, Qəşəm Nəcəfzadə və başqa şair- yazıçılarda da bu dil var. Baxsanız, bunların şerlərində xeyli farsca, ərəbcə sözcüklərlə qarşılaşarsınız. Mən bilmirəm biz öz doğma, öz köklü-kökənli sözcüklərimizdən nə pislik görmüşük ki,  bunca  iradi olaraq başqa dillərdən alınma sözcükləri işlətməyə israrlıyıq?! Örnək üçün “göy yoxsa göyüzü”  sözcüyünün nəyidir ki,  onun yerinə ardıcıl “səma ”  sözü işlənir ?! Umuram incitmədim sizi. Bəli,  dostum, bu dil var və üzgünlüklə sanki Azərbaycanda bu dil, bu deyim forması artıq epidemiya halına keçib. Bu gerçəkdən də məni üzür. Məncə dilin bir anlamı var, bir neçə qullanımı. Biz dili necə istifadə etməyi sanıram daha çox düşünməliyik. Neçə il qabaq Rasim Qaracanın “Alatoran” dərgisi əlimə çatardı. Səhifə- səhifə oxuyardım. Çox dəyərli yazılar gedərdi onda. Ancaq yenə onda da dil sorunları məni bir tür incidərdi. Buna azərbaycanda doğurdan da bir fikir etməli, bir çıxış yolu tapmalıdırlar.

- Gözlərinizdən görürəm ki, burdan ayrılmaq istəmirsiniz. əgər bizim yazarlar Təbrizə, yaxud sizin yaşadığınız Meşkinə gəlsələr onların da gözləri yaşarar?

- Mənim ancaq gözlərim yaşarmayıb haaa! (gülə- gülə!) ancaq düzünü istəsəniz, burdan, bu hal-havadan, bu insanlardan ayrılmaq çətindir. Demək nə türdə olur olsun, ayrılıq hər zaman çətin olubdur. Və indi mən qəribə bir durumdayam. Ancaq haçansa ayrılacaq bir insanın tez ayrılması daha yaxşıdır. Artıq getmək istəyəni döndərməzlər, dalınca su səpərlər. Bakıda çox gözəl insanlarla oldum. Çox gözəl anlar yaşadım. Ürək dolu  xatirələrlə də burdan ayrılacağam. Bu, ancaq dərin düşünsək ayrılıq anlamına gəlmir. Sizin də yazarların bir gün Təbrizə yaxud Meşkinə gələcəyini ürəkdən diləyirəm. Orada onlardan soruşarıq ki, gözləri yaşardımı, yoxsa yox! Kəsin yaşarmaz, yaşarsa da sevincdən yaşaracağını umuram.

- Nəsrimizdən danışmadıq. Nəsrdən danışmağa ehtiyac varmı?

- Sözsüz ki,  ehtiyac var. Mən də öz bildiyim qədər sizinlə danışa bilərəm. Ancaq qoyaq bu mövzuda da başqa yoldaşlarımız danışsınlar. Nəysə məndən qat-qat çox nəsrlə uğraşan dostlarımız var. Onları da danışdırsanız pis olmaz. Hələlik mənlik bu qədər yetər. Sağ olun. /Modern.az/

Yenililklər
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20

İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub

24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.