Aslan Quliyev - Gənc nəsil və yaşlı nəsil
15.07.14

Yazılarımı  çap elətdirə bilmirdim, yaşlı nəsil bütün çap vasitələrinin üzərinə əllərini qoymuşdular,  məni ora buraxmırdılar, onların əllərini çap mexanizmlərinin üzərindən qaldırmağa gücüm çatmırdı, qollarının arasından da sivişib keçə bilmirdim. Bu məsələdə çox mühafizəkar, ayıq-sayıq idilər.

«Azərbaycan» jurnalında mənə elə belə də dedilər, sən cavansan, hələ vaxtın var, amma bunlar bu gün var, sabah olmaya da bilərlər. Onları çap eləyək, sonra sənə də növbə çatar. Belə deyirdilər, amma adamlar bu gün də vardılar, sabah da, dünyanı tutub gedirdilər və  onlara baxdıqca mənə növbənin çatmayacağı qənaətinə gəlirdim. Turp kimi qıpqırmızıydılar, gur-gur guruldayır, televizorlarda, qəzetlərdə intervü verir, tribunalardan fasiləsiz atəş  açırdılarsa, hər məqamda azından yüz cavana dəydiklərini bəyan eləyirdilərsə,  nəyə ümid eləyə bilərdim? Bir, iki, on da yox, birdən birə yüz cavana! Məətəl qalırdım, ələyi ələnib xəlbiri   göydə fırlanan, nəfəsini çiyinlərindən alan bu adam yüz cavana necə dəyə bilərdi?

Doğrudur, bəzən yaşlı nəslin nümayəndələrindən turp kimi qıpqırmızı olan birisi televizorda  qeyzə gəlib bədahətən şeirlərini döşəyəndə birdən rəngi saralırdı və mən düşünürdüm, aha, demək belə, adamın sonu çatdı. Neçə cavana dəysə, də işi bitdi. Amma bir həftədən sonra adam yenidən tribunada görünür, əvvəlkindən də möhkəm guruldayırdı.

«Ulduz» jurnalında da  Seyran Səxavət həmən sözləri dedi, növbədə yaşlı nəsildir, həm də yaşlı nəslin elə nümayəndələriydi ki, adlarını eşidəndə bədənimdə qarşıqa gəzirdi. Haqlıydı, belə nəhəngləri qoyub məni çap eləmək ağıla sığan iş deyildi. «Ulduz» gənclərin jurnalıdı axı» - hər halda cürətsiz halda etiraz elədim. «Elədi, - Seyran Səxavət hövsələsiz halda dedi, - amma gənclərin jurnalında kimsə yaşlı nəslin çap olunmasını qadağan eləməyib».

Sonra qəzetlərə getdim, həmən söhbətdi, növbədə yaşlı nəsil idi. Burda daha ümidverici sözlər eşidirdim. «Görmürsən, bir ucdan qırılırlar, sənə lap yəqin növbə çatacaq». «Nə vaxta qırılıb qurtararlar?» - soruşdum. «Çoxmu arzulayırsan? – sərt cavab verdilər. – Xalq yazıçılarımızın  nə vaxt öləcəklərini çoxmu səbirsizliklə gözləyirsən?» «Yox, - dedim, - səbirsizliklə gözləmirəm.  Mən nə vaxt çap olunucağamı, növbəmin nə vaxt çatacağını səbirsizliklə gözləyirəm. Dəqiq tarixini bilmək istəyirəm». «Cavan oğlan, - dedilər, - sən bizi bağışla, dəqiq tarix deyə bilməyəcəyik. Onları öldürə bilmərik, onları öldürsün deyə Əzrayıla da göstəriş verə bilmərik”.

Fikrət də şeir yazırdı, hətta ara-sıra çap da olunurdu, yaşlı nəsil onun qarşısını ala bilmirdi. Mənim yazılarımı   oxuyurdu, sən bunları niyə çap elətdirmirsən, məndən soruşdu. Dedim, növbə gözləyirəm, yaşlı nəsil qırılıb qurtarandan sonra, məni də çap eləyəcəklər. Sən bu ədəbiyyat adamlarının arasında daha çox vurnuxursan, gözdə-qulaqda ol, yaşlı nəslin nəsilləri kəsildimi, dərhal mənə xəbər ver. Fikrət  məni tamam ümidsizləşdirdi, dedi, nahaq ümid eləmə, onlar qırılıb qurtaran deyillər,  hələ indi-indi şüar deyirlər, əsl qızışan, ilhama gələn vaxtlarıdı.

Düşünür, yaşlı nəslin əllərinin altında olmayan yer axtarırdım, tələbə dostumun köməyi ilə tapdım. «Yazıçı» nəşriyyatı «Müəllifin ilk kitabı» seriyasından kitablar çap eləyirdi, yaşlı nəsil bu seriyanı əllərinə keçirə bilməmişdilər. Düzdü, cəhd eləmişdilər, bu nədi, demişdilər, yaxşısı budu «Müəllifin son kitabı» seriyasından kitablar buraxaq. Onlar cavandılar, öz kitablarını çap elətdirməyə vaxtları olacaq. Nəşriyyatda isə razılaşmamışdılar, demişdilər, yalnız ölüm qabağı,  dünyayla vidalaşanda sizin son kitablarınızı buraxa bilərik. Nə vaxt vidalaşacağınızı bilmirik, həm də son kitabdan sonra siz daha kitab çap elətdirə bilməzsiniz. Necə  olsa yaxşı çıxmır, son kitabdan sonra da kitabınızı buraxsaq,  adını nə qoyarıq? Hər halda sondan sonrakı son yaza bilmərik. Yaşlı nəsil isə öz kitablarını çap elətdirmək istəyirdilər, son nəfəslərinə kimi, onların qəlbi ilhamla, böyük arzularla və cavanlıq eşqi ilə döyünürdü. Ona görə   könülsüz də olsa, bu seriyadan əllərini çəkmişdilər.

Beləcə bu seriyadan “Bahar küləkləri” ilk kitabım işıq üzü gördü. Kitabın necə çap olunması haqda yazmışam, üzərində dayanmayacağam. Kitab çıxandan sonra rayonumuzun qocaman kommunistlərindən və eyni zamanda da qocaman şairlərindən biri küçədə getdiyim yerdə qolumdan yapışıb saxladı. Bundan əvvəl isə mən qocaman kommunistlərin eyni zamanda şairlik də eləyənlərin xəriflədiklərini, sözün əsl mənasında dədələrinin yurdunu itirdiklərini kəşf eləmişdim, ona görə də bu tip adamlardan uzaq gəzirdim.  Amma nə qədər ayıq-sayıq olsam da bu tip   hansısa tindən çıxaraq   məni çənginə keçirtmişdi. Qolumdan yapışmaqla kifayətlənmədi, iradını da bildirdi: «Siz gənc nəslin əxlaqını pozursunuz». «Nə cür yəni pozuram?» «Kitabınızla pozursunuz! – qocaman kommunist və eyni zamanda da qocaman şair dedi, həm də bu zaman gözünün biri fasiləsiz atmağa başladı, buna elə də əhəmiyyət vermədim, xərifləməyin   əlaməti idi. İkisinin birdən atması isə dədəsinin yurdunu   itirməsinin ilk əlaməti idi. Biri atırdısa, bu sadəcə adamın xərifləməsi anlamına gəlirdi, hələ dədəsinin yurdunu itirməyə keçməmişdi.– Gənc nəsil oxuyur və pozulur».   Dedim: «Əyər   kitabla əxlaq pozmaq mümkün olsaydı, mən ilk növbədə yaşlı nəslin əxlaqını pozmaq istəyərdim». Şair həmkarım hirsləndi: «Cavan oğlan, siz nəyə görə yaşlı nəsli pozmaq istəyirisiniz?» «Yaşlı nəsli yox, - etiraz elədim, - yaşlı nəslin əxlaqını. Çünki onlar bizə heç yerdə yol verməməklə əxlaqlsızlıq  nümunəsi göstərirlər».

Qocaman kommunistin gözü daha şiddətlə atmağa başladı, ikinci gözü də atmağa başlayanda,   fürsəti itirməyib, qolumu onun əlindən çıxartdım və aradan çıxdım. Qocaman kommunist isə hələ bir müddət də elə həmən yerdə   əliylə qolumdan yapışıbmış kimi dayanmışdı, dədəsinin yurdunu itirməyə keçmək üçün start hazırlığındaydı.

Sonra ölkə dağıldı.
Yazıçılar Birliyi   çökdü.
Jurnallar  çapını dayandırdı. Daha ədəbiyyat heç bir gəlir, pul gətirmədiyindən, buna görə kimsəyə ev, maşın verilmədiyindən, kimsə ədəbiyyatın hesabına sanatoriya və kurortlara, gəzintilərə getmədiyindən yaşlı nəsil əllərini çap mexanizmlərinin üzərindən götürdülər. Lap elə götürməsəydilər də bu heç nəyi dəyişmirdi, çap mexanizmləri işləmirdi, dayanmışdı.

Aradan xeyli keçəndən sonra sponsorun köməyi ilə ikinci kitabım işıq üzü gördü, köhnə partiya işçisi kitabı oxumuşdu, mənimlə yenə də qaşqabaqlı görüşdü.
- Sən bununla nə demək istəyirsən? – qısaca soruşdu.
- Gənc nəslə, ya yaşlı nəslə?
- Sən gənc nəslin əxlaqını…
Əməlli başlı dilxor oldum, az qala aradan on il keçmişdi, amma məndə bir damla da irəliləyiş olmamışdı, hələ də gənc nəslin əxlaqını pozurdum, yaşlı nəslin əxlaqına isə iynənin ucu qədər də təsir eləyə bilmirdim. Yaşlı nəslin əxlaqı mənim yazdıqlarımı vecinə   almırdı. Özləri də qranit kimi möhkəm, sarsılmaz idilər, əxlaqları  da. Cavan nəsil isə himə bənd idi, nə yazırdımsa, əxlaqları pozulurdu. Dözümsüz əxlaqları var idi.

Sonra internet ədəbiyyatımıza ayaq açdı, tanımadığım, üzlərini görmədiyim cavan uşaqlar (Aysel Novruz və Səməd Səfərov) «Bizimki» adlı elektron jurnalda həvəslə mənim yazılarımı yayırdılar. İndi adları kifayət qədər tanınan bir sıra gəncləri də ilk dəfə orda tanıdım. Lakin birdən-birə cavanlar heç bir səbəb olmadığı halda başladılar tələb eləməyə ki, yurnalda ancaq gənclərin yazıları yayılsın, yaşlı nəsil burdan uzaqlaşdırılsın.
Əvvəlcə əhəmiyyət vermirdim, buyursunlar, uzaqlaşdırsınlar, mənə nə dəxli? Sözün  açığı, elə mən də bunun tərəfdarı idim. Yaşlı nəsildən bir qayda olaraq pislik görürdüm, qoy getsinlər, pisliklərini də özləriylə aparsınlar.

Amma yaşlı nəslin adlarını da yazanda və məlum olanda ki, cavanlar əsasən məni və Qəşəm Nəcəfzadəni nəzərdə tuturlar, sanki yuxudan ayıldım, nə cür yəni, indi mən yaşlı nəsl hesab olunurdum? Ola bilməzdi, necə yəni? Amma olan olmuşdu, bu acı kəşf, acı həqiqət idi.   Gəncliyim hardan gəldi, hara getdi, bilmədim, növbə gözləyə-gözləyə illəri yelə verdim. İndi mən özüm də yaşlı nəslin nümayəndəsi hesab olunurdum və  gənclər onların yollarının üstündən çəkilməyimizi tələb eləyirdilər. 

«Sonuncu» adlı romanımla MKM-ə qatıldım və burda da Rasim Qaraca deyəndə ki, Aslan Quliyev çəkilməli, cavanlara növbə verməlidir, heyrətə düşdüm. Qardaşım, mənə növbə haçan çatdı ki,   növbəmi də kiməsə verəm. Kiminsə qabağından çəkiləm.

Gecələr gec yatdığımdan gündüzlər yatmağı xoşlayıram, mənə elə gəldi, yəqin növbəm gəlib çatıb, ancaq yuxuda olduğumdan xəbərim olmayıb. Növbə də yanımdan ötüb, çıxıb gedib. Növbə   ömür kimidir, gedir və qayıtmır.  Hər nəydisə, fakt qarşısındaydım. Artıq yaşlı nəsil idim.
«Sonuncu» onluğa düşdü, münsiflərin verdiyi ballara görə sonuncu oldu.
Bu il «Azadlıq» radiosunun keçirdiyi müsabiqəyə qatıldım, hekayəm heç iyirmiliyə də  düşmədi,     hətta cavanların ilk qələm təcrübələri belə bu hekayədən   dəfələrlə artıq bal topladı.
Bunlar bir təsadüf idimi?

Yox, münsiflər yazılarıma yox, mənə münasibətlərini bildirirdilər və durub bünü bütün ölkəyə bəyan eləməkdən də zərrəcə   xəcalət çəkmirdilər.
Bu münsiflərin, tənqidçilərin içində isə hər iki nəslin nümayəndələri vardı.

Uzun illər keçəndən sonra nəhayət bu adi həqiqəti başa düşdüm, söhbət yaşda, qələm adamının hansı nəslə mənsub olmasında deyilmiş. Sadəcə şüurumuz, dünyagörüşümüz dəyişmirdi, necə vardısa eləcə də qalırdı. Ədəbi vicdanımız necə yuxuya getmişdisə, eləcə də yuxudaydı. Oyanmırdı. 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.