“İnsan – unutmadığı xatirədi, dediyi sözdü, oxuduğu nəğmədi...”
16.09.14

Sevinc Mürvətqızı

Dəyərli şairimiz Çingiz Əlioğlu ilə nostalji söhbətimiz – elə kandarındanca  sıcaq, məhrəm və mehriban ailə  yuvası olduğu hiss edilən – evində baş tutdu. İndiyədək ədəbi-bədii tədbirlərdə şair, rəsmi yığıncaqlarda məmur kimi gördüyümüz həmsöhbətimiz qarşımıza bu il 70 yaşını tamamlamış sevimli Çingiz baba obrazında çıxdı... 4-5 yaşlarında əsmər, qıvrımsaç, sevimli qız nəvəsinin biləyinə “nəqş etdiyi” dişlək izi ilə. Sən demə, babası dinc dayanmayan nəvəsinə deyibmiş ki, indi bizə bir qız gələcək, özünü yaxşı aparmasan, mən sənin yox, onun babası olacağam. Və baba bu “dönüklüyün” müqabilində qısqanc nəvəsi tərəfindən izi aydınca görünən dərin dişləklə “mükafatlandırılmışdı”. Qapıdan içəri girəndə nənəsi Südabə xanıma qısılıb mənə sınayıcı və qısqanc nəzərlərlə baxan, evin xanımının gülər üzü fonunda daha da acıqlı görünən bu balaca, şeytan qızcığazın sevimli simasındakı çoxçalarlı ifadəni görəndə gülməkdən və onun ələyatımlı, qıvrım saçlarını tumarlamaqdan özümü saxlaya bilmədim. Bu məsum və şıltaq varlığın daha artıq üzülməməsi üçün “narahat olma, mən babayla danışıb yazı yazacam, onun nəvəsi olmayacam” deyə əlavə eləməyi də özümə borc bildim... Amma söhbət əsnasında hərdənbir qapını açıb “babamı aparmayıblar ki?” əndişəsi ilə içəri boylanan balacanın körpəcik simasının görüntüsü söhbətimizin daha anlamlı, daha məsum, daha kövrək və daha şirin olmasını təmin etdi sanki...
Şopenin həzin melodiyasının sədaları altında Çingiz Əlioğlunun danışdığı uşaqlıq, gənclik xatirələrinə, nostalji yaşantılarına həm də səmimiyyətlə açılmış şirniyyat süfrəsinin şirinliyi, yaşıl çayın çox bəyəndiyim özünəməxsus tamı, divarlardakı dəyərli rəsmlərin, qiymətli əl işlərinin min bir rəngi, rəflərdə gözə dəyən, yaşı yüzillərlə ölçülən kolleksiya nümunələrinin qədimlik qoxusu və kitabların əsrarəngiz aurası da qarışmışdı elə bil...
Həmişə zövqlü, gözoxşayan geyimi ilə seçilən, tədbirlərdə gözəl şeirlərini dinləməyə alışdığımız, bizə bir az da uzaq, bir az da zabitəli insan təsiri bağışlayan Çingiz Əlioğlu – “Cənubda doğulan şimal adamı, qəddi əyilməyən şümal adamı” oxucularımıza evinin və ürəyinin qapılarını taybatay açmaqla, kövrək nostalgiyası ilə sübut etdi ki, bəzən hər şey göründüyü kimi olmur, uzaq, yad bildiklərimiz əslində bir səmimi söhbətlə yaxın, doğma ola bilirmiş...
 
Nostalgiyanı hansısa məqamlarda insanın zəifliyi kimi qəbul edirəm

Elə də güclü nostalji hisslər keçirən deyiləm. Mən daha çox bu gün və sabahla bağlı duyğularla, düşüncələrlə, planlarla yaşayan adamam. Keçmişi korrektə eləmək mümkün deyil. Nə olubsa, artıq olub, ona görə də keçmişi çox vərəvurd eləməyin mənası yoxdu. Amma keçmişdən hansısa məqamları götür-qoy eləyib nəticələr çıxarmaq lazımdır ki, gələcək həyatında o səhvləri,  yanlışlıqları təkrarlamayasan, yeri gələndə, daha düzgün qərarlar verə biləsən. İnsan öz mahiyyəti etibarilə sabaha yönələn varlıqdır...Nostalji, daha doğrusu, qəribsəmə məndə xarici ölkələrdə olanda yaranır, baxmayaraq ki, səyahətləri sevirəm (elə olub ki, əsasən işimlə bağlı bir il ərzində 12 ölkədə olmuşam). Amma Vətəndən uzaqda hökmən bir neçə gündən sonra Vətən üçün qəribsəyirəm. Doğma yurd yadıma düşür, darıxıram. Hər şeydən öncə Azərbaycan dili üçün darıxıram. Bu barədə şeirim də var, şeirin yarısına qədər oxucular elə bilir ki, burada hansısa qadından söhbət gedir. Əslində isə bu, məhz dilimizə həsr olunub:

Sən məni heç zaman tərk etməmisən,
Mən səni hər zaman qoyub getmişəm.
...Hansı dayanacaq, hansı perronda
Mən ensəm, görmüşəm
sən qarşımdasan.
Bildinmi, dünyanın harasındasan?!

Dil şairin vətənidir. Doğma dilim mənimlə birgə bütün dünyanı gəzir. Mənim üçün Vətən anlayışı ilk növbədə doğma dillə assosiasiya olunur. Azərbaycan dilinin son dərəcə özünəməxsus intonasiyaları, avazı, deyim tərzləri, aurası, ritmi var. Bu yəqin ki həm də mənim tale təyinatımla bağlıdır. Belə doğulmuşam, bunu hansısa canatmalarla, süni yollarla əldə eləməmişəm. Bu mənim stixiyamdır.

Mənim nostaljim məhz doğma dilimin stixiyası ilə bağlıdır

Mən həmişə o dili, o danışığı eşitmək istəyirəm. Az ömür yaşamamışam. Azərbaycanın demək olar ki, bütün bölgələrində olmuşam: gəzmədiyim yer, oturub-durmadığım insan qalmayıb. Bütün bunlarla bərabər, yenə də hər gün təzə söz eşidirəm, hər gün nəsə təzə bir ifadə tərzi ilə rastlaşıram, yeni bir intonasiya, avaz  qulağıma dəyir. Sanki içərimdə, beynimdə səslə, sədayla, avazla dolu bir fəza var. Həm də o, elə bil kosmos kimi genişlənir, hüdudu yoxdu. Eşitdiyim hər təzə səs, hər yeni intonasiya o fəzada öz yerini tutur. O səslər bəzən bir-birinə dəyib yeni sözlər yaradırlar. Hansısa səs, avaz, söz adamı bir anda 40 il əvvələ apara bilər. Reallıq, gerçəklik burasındadır ki, düşüncələr öz ifadəsini bizim yaddaşımıza, şüurumuza sözlərlə bənd eləyir. Yaranışın ibtidasından insan yazır ki, başlanğıcda SÖZ vardı. Sözün böyük yaradıcı qüvvə olduğunu təsdiq eləyən nəhəng elmi, teoloji mənbələr var. Qurani-Kərimdə də sözün qüdrəti vurğulanıb.
Bizim dilimiz o qədər qəribə, çevik və mütəhərrikdi ki, fərqli sözlər birləşib yeni sözlər yaradır.

Dil məni həmişə qoynuna səsləyən nəhəng nostalji nəhridir

Hər il dünyada 3 min dil ölür. Qurbanı olduğum, qadasın aldığım Azərbaycan dili tarixin bütün keşməkeşlərindən, sınaqlarından püxtələşə-püxtələşə, gözəlləşə-gözəlləşə, dolğunlaşa-dolğunlaşa gəlib bu günə çıxıb. Bunu gətirib bu dövrə çıxaran Azərbaycan xalqıdır. Bizim ən böyük tarixi nailiyyətlərimizdən biri doğma dilimizi qoruyub bu günə gətirib çıxarmağımızdır.

Yaradanın özünün seçdiyi kimlərsə var...

Tanrının lütfünə qurban olum. Onun özünün qoruduğu kimlərsə var. Buna tam əminəm. Həyatda aldığım məxsusi ləzzətlərdən biri də avtomobil sürməkdi, neçə illərdi bununla məşğulam. Bununla da bağlı nə qədər situasiyalarda Yaradanım məni hifz eləyib... Arzu edirəm ki, hamımızın üstündən Onun nəzəri əskik olmasın.
O vaxtlar  Füzulidən Bakıya Yerevan-Bakı qatarı ilə gəlirdilər. Adətən gecə vaxtı qatarda yer olmurdu deyə, adamlar Horadizdə perrona düzülüb gözləyirdilər. Bir də görürdün ki, qaranlığın içindən paravoz alnında da böyük qırmızı projektor işığı ilə əjdaha kimi nərildəyə-nərildəyə gəlir. Yaxınlaşanda da dəhşətli ətürpədən bir fit verirdi. O qədər basırıq olurdu ki... Görürdün ki, çamadanlar  adamların başının üstündən, adamlar az qala bir-birinin ayağının altından gedir. 7-8 yaşım olanda bunun necə bir dəhşət olduğunu öz gözümlə görmüşdüm.
Anam danışardı ki, təxminən 45-ci ilin yanvarı imiş. Anamın o vaxt hardasa 18 yaşı varmış. Mən anamın qucağında, 6-7 aylıq körpə olmuşam. Stansiyada anam qalxıb qapının dəstəyindən yapışıb ki, içəri keçsin, içəri yığılmış kisələr, çamadanlar yuvarlanıb qapının ağzını kəsib, anam içəri keçə bliməyib və qatar tərpənib. Horadizdən növbəti dayanacağa qədər təxminən 40-45 dəqiqəlik yol... Yanvarın şaxtası... Özü də o vaxtlar Qarabağda, Füzulidə elə qışlar keçirmiş ki, soyuq adamı bıçaq kimi kəsirmiş... Anamla gedənlər elə biliblər ki, o, içəridədir, sadəcə basırıqda görünmür. Növbəti dayanacağa kimi anam qucağında mən, bir əli də qapının dəstəyində o soyuqda, açıq havada gedib. Növbəti dayanacaqda anam içəri keçib, məni bələkdən açıblar, görüblər, gömgöy olmuşam... Ancaq Allah məni onda da hifz eləyib. Mən elə  o  vaxtdan istisevən olmamışam. Füzulidəki otaqlarımız böyük idi, hamısını qızdırmağa odun-ocaq çatdırmaq olmazdı. Ona görə də hamı qızdırılmış bir otağa yığılırdı. Onda da ən böyük, ən soyuq otaqda mən yatırdım. Ora mənim üçün həm də istədiyim qədər kitab oxumaq üçün sərfəli idi. Çox vaxt yorğanın altında, “kitayski” fanarımla kitab oxuyurdum.

Mənim xarakterimdə olan kişi başlanğıcı Mustafa dayımdan gəlib

Məni məhz o bu cür tərbiyə eləyib. Dayım məni qışda həyətin ortasında soyuq suyla yuyunmağa məcbur eləyirdi, rəhmətlik anam deyirdi, ay Mustafa, bu uşağı niyə öldürürsən? Dayım cavab verirdi ki, mən onu Sparta rejimində böyüdürəm. Anam da deyirdi, eybi yoxdu, qoy görək özününkü olanda onu hansı rejimdə böyüdəssən (gülür)? Mustafa dayım sovet-fin müharibəsində könüllü iştirak etmişdi. Müharibədən özü ilə “Harley-Davidson” motosikleti gətirmişdi. İri, qapqara bir “dinozavr” idi. Dayım onu alt evdə saxlayırdı, üstünə də çadır örtürdü ki, toz olmasın. Hərdən mən gedib çadırı açıb baxırdım. Həftədə bir-iki dəfə onu çıxarıb təmizləyirdi, işə salırdı, məni də alırdı tərkinə. O vaxt bütün Füzulidə yeganə “Harley-Davidson” dayımda idi. Mən at sürməyi bacarmırdım, amma motosiklet sürməyi çox sevirdim. Xarakterimdəki və yaradıcılığımdakı urbanistikanın köklü əsasları var.
İndi o günləri, təbii ki, ilk növbədə ata-anamı, indi dünyasını dəyişmiş doğmalarımı tez-tez xatırlayıram, kövrəlirəm... Mən ana  tərəfdən Əfəndiyevlər nəslindənəm. İlyas Əfəndiyevin ortancıl bacısı Məhluqə xanımın oğluyam. Ana nənəm Bilqeyisi çox istəmişəm. Həm də onu çox istədiyimi, onun üçün darıxdığımı elə bil indi daha çox hiss eləyirəm. Bilqeyis nənəm o qədər zərif idi, elə bilirdin, indicə fransız moda jurnallarından düşüb gəlib. Ağappaq idi, bir el misalı var: su içəndə boğazından görünmək. Bu ifadə Bilqeyis nənəmə aid idi elə bil. Gerçək əsilzadə idi. Çox ağıllı qadın idi, bir neçə dil bilirdi, kitablar oxuyurdu. Nənəm sandığını açanda həmişə onun yanına qaçırdım. Mənim üçün o sandıq sirli bir dünya idi.
Ata tərəfdən isə Xanbacı nənəmgil Qalabəylər nəslindəndirlər. Məşhur Yüzbaşı Süleyman Paşanın övladlarıdır. Süleyman Yüzbaşının adına Həmidə xanım Cavanşirin xatirələrində də rast gələ bilərsiniz. Xanbacı nənəm sinədən şeir deyərdi. Cəngavər qadındı, özü əsmərdi, qara saçları vardı.
İlyas dayımı tez-tez xatırlayıram. Hər yay İlyas dayımgil Şuşadakı yaradıcılıq evinə gedirdilər. Dayım həmişə məni də özü ilə aparardı. İlyas dayım bizim bütün nəslin ağsaqqalı idi. Çox zəhmətkeş idi. Həm də bütün ailə üzvlərinə, bütün qohumlara  son dərəcə diqqətlə yanaşan, onların ağrısı-acısı ilə yaşayan adam idi. O, böyük ədəbi irs qoyub gedib.
Orta məktəb müəllimlərimi, daha çox mənə birinci sinifdə dərs deyən Əfruz müəlliməni xatırlayıram. O qədər həlim, mehriban qadın idi, elə yumşaq ürəyi vardı ki... Mənim bir insan kimi formalaşmağımda, adını çəkdiyim və çəkmədiyim, bütün bu insanların böyük rolu var.
Uşaqlığımın ən yaddaqalan, munis, kövrək, nisgilli xatirələri Qarabağla bağlıdır. Təki o günlər geri qayıdaydı....

Daha çox keçmişdə elədiyim hansısa haqsızlığımı, kobudluğumu, diqqətsizliyimi xatırlayıram...

Bunlar yadıma düşəndə mənə çox əzab verir. Mənə ilk növbədə dilxorçuluq gətirən hansısa məqamlarda sözün böyük mənasında-iç dünyamın ab-havasına uyğun gəlməyən hərəkətlərim olub. Biz müəyyən temperamenti olan xalqıq. Bəzən temperamentimiz –qaynarqanlılığımız, qızğınlığımız bizə mane də olub. Hətta biz bunu yeri gələndə müsbət cəhət kimi də qabartmışıq. Ancaq insan yeri gələndə götür-qoy eləməli, soyuqqanlı, təmkinli olmağı bacarmalıdır. Amma cavan vaxtı görürsən ki, içində səndən böyük bir güc gizlənir. Və sən, istədin- istəmədin, onun hökmünə tabe olursan. Bəzən o gücün diqtəsilə görürsən ki, bir işi öz iradənin əksinə eləmisən. İndi özümlə tək qalanda özümə qarşı yetərincə tələbkar oluram. Onda həmin o dediyim təmkin məqamları üzə çıxır. Amma cavan vaxtı, həyatın təbii axarında içimizdə o güc, enerji çox vaxt məndən qabağa gedirdi (gülür). Cavanlıqda elə hərəkətlər eləmişəm ki, o situasiyaların çoxunda anındaca həlak ola bilərdim. Amma mən o vaxt bu risklərin fərqinə də varmırdım.
Düşünürəm ki, çox maraqlı bir həyat yaşamışam və Allahın köməkliyi ilə bundan sonra da yaşayacağam. 40-a qədər ölkədə olmuşam. Çox geniş əlaqələrim, bu ölkələrin hər birində xeyli dostum var. Bu dostlar təkcə sənətimlə, peşəmlə bağlı insanlar deyil.
...35 yaşında Polşada səfərdə idim. Gördum ki, bir qadına zorakılıq edib əlindəki pulları almaq istəyirlər. Onda heç nəyi düşünmədən kömək üçün irəli atıldım, onu qorumağa çalışdım. Sonra da polislər gəlib cinayətkarları zərərsizləşdirdilər. Onda sovet vətəndaşı idim və bu, hardasa mənim zərərimə də işləyə bilərdi. Ancaq mən sonrasını düşünməmişdim o vaxt. Hardasa bir insana haqsızlıq olanda, hardasa bir qadına əl qaldırılanda, zor tətbiq olunanda mən sakit dura bilmərəm. Necə yəni? Adam o məqamda sussa, sonra özü-özünə hörmət eləməz.
Gəncliyimdə – o vaxt ya 3-cü, ya da 4-cü kursda oxuyurdum – yaşıdım olan başqa gənclər kimi, mənim də xoşuma gələn, görüşdüyüm qız vardı. Tibb Texnikumunda stomatoloji bölmədə oxuyurdu. Azərbaycanın rayonlarının birindən, tanınmış, yaxşı ailələrdən birinin övladı idi. Bir-birimizi çox istədiyimiz vaxtlar idi. Bir dəfə axşamüstü gəzə-gəzə gedib zooparka çıxdıq. Zooparkda demək olar ki, adam yox idi. Bir də gördüm qarşıdan bir qadın qaça-qaça gəlir. Həyəcanla dedi ki, ay oğul, başına dönüm, səndən bir xahişim var, burda ayı qəfəsi var, qəfəslər yerdən metr yarım hündürlükdə kərpic özülün üstündədir, döşəməsi taxta ilə örtülüb, içində iki ayı var. Biri taxtanı qırıb içəri düşüb. Gəl, mən sənə uzun bir ağac verim, gir qəfəsə, ayını hürküt ağacla, ordan çıxsın. O biri ayı da qırılan taxtanın o biri tərəfindən bizə baxır. Qadın bunu mənə qızın yanında dediyi üçün etiraz edə bilmədim. Qız da elə mən ağıldaymış, demir ki, getmə, ora təhlükəlidir (gülür). Nə isə, qadının sözündən sonra razılaşdım ayı qəfəsinə girməyə. Elə təzəcə hazırlaşmışdım, qəfəsə girim, bir də gördük uzaqdan zooparkın əsas qarovulçusu qışqıra-qışqıra bizə tərəfə qaçır: Dayan, dayan! Xalxın uşağını niyə salırsan ayı qəfəsinə? (Sən demə, qadın sadəcə zooparkın təmizlik işinə baxan xidmətçi imiş) Çatıb mənə dedi ki, bunun başı xarabdı, bəs sənə nə olub ay oğul, hara girirsən (gülür)? Gənclikdə belə  maraqlı hadisələr çox olub...

Rəssamlarla dostluğum yaxşı alınır

Azərbaycanın və xarici ölkələrin  tanınmış rəssamlarının əsərlərindən ibarət çox böyük – 600-ə qədər irili-xırdalı işlərdən ibarət kolleksiyam var. Öz böyük rəssamlarımızdan Kamal Əhməd, Sənan Qurbanov, Qafar Seyfullayev, Çopuroğlu, Yusif Mirzə, Fikrət Həşimovun əl işləri evimin divarlarını bəzəyir. Evimdəki rəsm əsərlərinə baxanda həm də o rəssam dostlarımla keçirdiyim günləri xatırlayıram. Bunların içərisində bəziləri dünyasını dəyişib artıq... Bu rəsmlər rəssam dostlarımın bədii təxəyyülünün məhsulu olsa da, öz mahiyyətləri etibarilə mənim həyatımın müəyyən heroqlifləridir. O heroqliflər vasitəsilə mən bəzən öz keçmişimi oxuyuram. Onlar məni nostalji duyğulara aparıb çıxara bilir... Xaricə uzunmüddətli səfərlərə gedəndə rəssam dostlarımın balaca akvarellərindən bir neçəsini özümlə aparıram. Yaşadığım oteldə tumbaların üstünə qoyuram. Dünyanın ən bahalı, ən gözəl otellərində qalmışam, lakin onların hamısı darıxdırıcılıqda bir-birinə bənzəyir. 2 gündən sonra hər şey özgələşir, bilirsən ki, burada hər şey yaddı, müvəqqətidi... Amma ora bir-iki əziz ştrix əlavə eləyəndə o otellər, o atmosfer  doğmalaşır. Məsələn, 1-2 balaca kitab, 2-3 akvarel...
Güman edirəm ki, mənim üçün nostalji daha çox məkan anlayışı ilə bağlı olur. Məsələn, aradan 30 il keçib, amma Latviya ilə bağlı bir epizodu bugünkü kimi xatırlayıram. Latviyanın Siqulda şəhərində dostlarım məni gözəl bir mənzərəni göstərməyə aparmışdılar. Payız vaxtı idi, mən orada təbiətin ən gözlənilməz rənglərinə boyanmış ümman-meşə, bir vadi, dağ mənzərəsi gördum. Bu günün özünə kimi də o mənzərə, o rənglər  ilkin parlaqlığı ilə yadımdadır. Ümumiyyətlə, rənglər mənim həyatımda xüsusi rol oynayır. Əgər rəssamlığı seçsəydim, bəlkə də dünyanın ən istedadsız rəssamı mən olardım (gülür), amma məncə, rəngləri duymağı, kompozisiyaları, fəzanı görməyi bacarıram. Rəssamlıq hər bir fərdin fəzanı öz bildiyi kimi sahmana salmaq cəhdidir. Bu, ümumən bədii yaradıcılığın bütün sahələrinə  xas olan bir şeydir. Rəhmətlik Əli Kərimin “Qayıt” şeirində də bu öz əksini tapıb:
Qayıt, yerinə qoy Ayı, Günəşi,
Yenə olduğutək görüm həyatı,
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı...
Fantastik dərəcədə gözəl bir şeirdir. Şair sözlə, rəssam rənglə, kompozisiya, ritmlə kainatı sahmana salır. Şeirdə də rəng, kompozisiya, səs, ritm var. Şeir bədii yaradıcılığın daha möcüzəvi formasıdır. Rəssam hər hansı bir əsərini yaratmaq üçün konkret olaraq kətandan, rəngdən, fırçadan bir sözlə, maddi nələrdənsə istifadə edir. Şairə isə bir dəftər, bir qələm yetir. Bəziləri sinədəftər olur, heç o da lazım olmur. Musiqi də sözdən sonra gəlir...
Cavan vaxtı söz vasitəsilə rəsm lövhələri yaratmağa can atırdım.   Azərbaycan şeirində bunun çox uğurlu nümunələri vardı. Nəbi Xəzrinin bununla bağlı bir şeirini həmişə xatırlayıram:
Sükut...Dərə kimi dərin bir sükut...
Yaşıllıq – solmayan bahardan qalıb...
Dağların başında dolaşan bulud,
Durnadır – qatardan qalıb...
Sözün qüdrətinə, gücünə fikir verin, görün necə bir peyzaj yaradılıb? İlk baxışda hamımıza adi görünən sözlərlə nə qədər parlaq rəngləri olan bir mənzərə yaradılıb.

Mənim iç dünyamın bünövrəsi Azərbaycan musiqisi ilə qoyulub

İlk növbədə muğamla.  Biz muğamı sevmişik, muğamla böyümüşük. Nəzərə alsaq ki, bir tərəfim Şuşadandır, muğamın mənim üçün nə demək olduğunu təsəvvür etmək çətin olmaz.    Sonralar saz musiqisinin möhtəşəmliyinə də bələd oldum. Bütün bunlardan əlavə, mənim üçün klassik musiqi də çox önəmlidir. Klassik musiqinin azərbaycanlı təmsilçiləri sırasında  mənim üçün ilk növbədə Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev gəlir. Dünya klassik musiqi irsindən Şopeni, Vivaldini, Debüssini, Vaqneri, Edison Denissovu, Sofya Qubaydulinanı, Alfred Şnitkeni dinləməyi sevirəm. Azərbaycanda da yaradıcılığına hörmətlə yanaşdığım müasir bəstəkarlardan Firəngiz Əlizadə, Azər Dadaşov, Eldar Mansurov, Cavanşir Quliyevin əsərlərinə qulaq asıram. Musiqi insana özü ilə tək qalmağı öyrədir. Əslində mən ünsiyyətcil, geniş əhatəsi olan adamam. Amma bütün bunlarla bərabər gündə 3-4 saat özümlə tək qalmasam, yaşaya bilmərəm. Bu vaxt ərzində mən oxuyuram, yazı yazıram, musiqi dinləyirəm, düşünürəm. Çox az-az hallarda olsa da buna nail oluram: özümü elə daxili bir müvazinətə gətirib çıxarıram ki, orda mənim şüuruma, beynimə heç bir cümlə, heç bir səs, heç bir söz daxil olmur. Əgər insan hər hansı bir vasitəylə, hər hansı bir yolla özünün daxili müvazinətini bərqərar və bərpa etməyə qadirdisə, bu, çox gözəldi. Mənim üçün istirahət budur. İstirahətdən söz düşmüşkən, hər il ailəmlə birgə xarici ölkələrə istirahətə gedirəm. Ailəmlə birgə olanda məndə daxili bir tamlıq olur elə bil. Öz həyatımdan və seçimimdən razıyam. Məni yola vermək çətin məsələdi, bəxtim onda gətirib ki, qarşıma Südabə xanım çıxıb. Mənim indi gördüyünüz kimi qalmağımın səbəbkarı da odur. (gülür)

İnsan qoyub getdikləri ilə yaşayır...

İnsan mal-mülk deyil, hissiyyatdı, unutmadığı xatirədi, yaddaşdı, dediyi sözdü, yazdığı kitabdı, oxuduğu nəğmədi. Əsas odur ki, sən yaşadığın müddət ərzində, mövcud olduğun zaman kəsiyində o zamandakı məsafənin uzunluğundan və qısalığından asılı olmayaraq hansısa insani dəyər və ölçülərə sadiq bir ömür yaşayasan. /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.