Çingiz Əlioğlu: "Boz ədəbiyyat nümunələri baş alıb gedir" - MÜSAHİBƏ
03.10.14

Avanqrad.net tanınmış şair Çingiz Əlioğlunun müsahibəsini təqdim edir.

 

-Çingiz müəllim, hələ ötən əsrin səksəninci illərində işıq üzü görən «Günəşli dayanacaqlar» adlı kitabınız «Azadlıq» şerilə açılırdı. Və o illərin gəncliyi bu mövzuya çox həssas idi. Sizi şəxsən tanıyanlar yaxşı bilirlər ki, siz diliylə əməli həmzəban olan, həmişə öz daxili azadlığınıza sadiq qalan nadir söz adamlarındansınız. Maraqlıdı, yenə də o fikirdəsinizmi ki, «İstədiyin kimi düşünürsənsə, düşündüyün kimi danışırsansa, danışdığın kimi varsansa - azadsan demək?».

- Bilirsən, mənim əziz dostum, bu azadlıq anlayışı çoxəhatəli, genişmiqyaslı və dərin mənalı bir anlayışdır. Hər kəs azadlıq anlayışının hüdudlarını öz şüuru, əqli və düşüncəsi, daxili enerjisi səviyyəsində müəyyən edir. Mənim üçün əgər azadlıq lap o gənc vaxtlarımda hər hansı istəklərimin həyata keçirilməsində maneələrin mövcud olmaması demək idisə, sonralar bu azadlıq məvhumunun hüdudlarını özüm müəyyənləşdirməyə başladım. Əgər sənin azadlığın bir başqasının azadlığına mane olmursa, bu azadlıq sənin azadlığındı. Əgər sənin azadlığın cəmiyyətin, mənsub olduğun ictimai qurumun adına, vətəndaşı olduğun dövlətin dövlətçilik prinsiplərinə xələl gətirmirsə, bu, azadlıqdı. Əgər sənin azadlığın mənsub olduğun xalqın milli-əxlaqi dəyərləri ilə mütənasibdirsə, bu, azadlıqdı. Əgər sənin azadlığın sənə həyatın boyu gəldiyin qənaətləri toplumla bölüşməyə imkan verirsə, bu, azadlıqdır. Əgər həyatın, varlığın deyək ki, insan mənliyinin, mənsubiyyətinin hansısa dəyərlərinə, normalarına məhdudiyyət qoymursa, bu, azadlıqdır. Yəni, azadlığın təsnifatı çox uzun bir siyahını əhatə edir. Ən mühüm olanı daxili azadlıqdır.

Bəzən insan özünə lazım olduğundan artıq dərəcədə məhdudiyyətlər qoyur, nələrinsə olacağından qorxular basqısı altında yaşayır. Bu, azadlıq deyil. Daxili azadlıq isə ilk növbədə danışdığın dilə, qonuşduğun, mükamilə apardığın oxucu və xalqla fikir mübadiləsində axıra kimi səmimi və namuslu olmaq deməkdi, ədəbiyyat, qələm əhli həmişə bu meyarlara başlıca prinsip kimi sadiq olmalıdı. Yazıçı azadlığının enerjisi cəmiyyətin, ayrı-ayrı fərdlərin şüurundan qorxunu, xofu  götürməyə xidmət etməlidi.

- Unudulmaz şairimiz Məmməd Arazın «Oxucuya məktub» adlı şeirlər kitabına yazdığınız ön sözdə çox maraqlı bir fikir var ki, üfüqün baxım dairəsinin genişliyi irəliyəbaxanın mövqeyinin ucalığından asılıdır. Bu baxımdan sizcə, bu gün hər hansı yazıçının, şairin ədəbiyyata münasibəti, öz yazdığının mahiyyətini dərk edə bilmək gücü həmin o mövqe ucalığına hesablana bilirmi?

-  Burda, uzağa baxanın mövqeyinin ucalığı təkcə fiziki mənanı ifadə etmir. Bu, mövqe ucalığıdır. Heç şübhəsiz ki, hər şeydən əvvəl insanın mənəvi ucalığından söhbət açılır. Deyək ki, onun insanlığın inkişafında əldə etdiyi böyük dəyərlərə sədaqətindən xəbər verir. O böyük dəyərlər tələbindən ilk növbədə özünə, sonra da ətrafa baxışında, münasibətində özünü ifadə eləyir. Əgər bu ucalıqda o, sadə və istedadlı bir insanın yaşam təhər-töhrünü, ovqat təhər-töhrünü onun qayğılarını görməyi bacarırsa, bu, artıq, hesab edirəm ki, çox böyük bir keyfiyyətdir və eyni zamanda həm də ona öz yaradıcılığına daha dərindən yanaşmasına kömək edir.

O ki, qaldı Məmməd Arazın - Məmməd əminin kitabına yazdığım ön sözə o zaman mən «Gənclik» nəşriyyatında şöbə müdiri işləyirdim. Günlərin bir günü Məmməd əmi qoltuğunda yeni şeir qovluğu nəşriyyata gəldi. Öz işini ehtiyatla görüb, əlyazmanın üstünə əvvəlcədən bir məktub da yazıb qoymuşdu ki, birdən mən iş yerində olmaram, əlyazmalarını iş stolumun üstünə qoyub getsin. Hərçənd ki, mənə əlbəəl təqdim etdi o qovluğu. Ancaq qısaca yazdığı o məktub da elə o qovluğun üstündə qaldı. Yazmışdı ki, ya Çingiz, bəs mən gedəsi oldum… Bu qısaca «gedəsi oldum» cümləsi əslində çox mətləblərdən soraq verirdi. O vaxtlar Məmməd əmi artıq amansız xəstəliyin diqtə etdiyi gerçəklə mübarizə aparırdı. Müalicə olunmaq üçün uzunmüddətli səfərə çıxırdı. Ona görə də əvvəlcədən qeydlərini etmişdi: «Bu qovluğu sənin əllərinə tapşırıram, özün redaktə et, özün düz, özün də ona bir ön söz yaz və səndən xahişim odur ki, kitab qara cilddə çap edilsin, üstündə də bir düz xətt çəkdir…» Oxudum. Məktub da, şeirlər də mənə çox təsir etdi. Məmməd əminin o kitabı mənim ön sözümlə işıq üzü gördü. Kitaba yazdığım ön söz bu sözlərlə bitirdi: «Şair Məmməd Araz poeziyasının hüdudları genişləndikcə şair öz yaradıcılığında yeni yollar kəşf edir. Yeni yolların kəşfi isə yeni axtarışların başlanğıcı deməkdir». Bunu mən əslində Məmməd əmiyə deyirdim, oxucuya yox. Müəyyən qəmginliklə, müəyyən ümidsizliklə dolu olan məktubunu oxuyandan sonra mən hiss elədim ki, ona bir təskinlik verən impuls, təkan lazımdır. Və ona dolayısı ilə demək istəyirdim ki, ay əmi, hələ sən bu qədər yollar kəşf etmisən, bu yollarda hələ sənin çox böyük, möhtəşəm kəşflərin də olacaq. Həmin kitabı da mənim çox sevdiyim tox narıncı bir rəngdə çap etdik. Üstünə də əbədiyyət yolu simvolu olan bir düz xətt və günəş şəkli çəkdirdim. O düz xətti mən bir ucu zirvəyə, ucalığa gedən yol kimi çəkdirdim. Yəni sənin bütün yaradıcılığının, həyatının qayəsi o ucalığa aparan yol kimidi və bu yolda da səni gözləyənlər, səni izləyənlər həmişə çox olub və yenə də olacaq…

- Bu xatirələri danışırsınız, mənim gözlərim önünə hələ tələbə ikən ilk şeirlərini necə deyərlər, qoltuğuna vurub ustad Rəsul Rzanın evinin zəngini basan, hətta utandığından, cəsarətçizliyindən az qala dönüb qaçmaq hissini güclə boğan gənc Çingiz Əlioğlu gəlir. Həmin o oğlandan, artıq Məmməd Arazın, elə Rəsul Rzanın kitablarına ön söz yazmaq səlahiyyəti qazanan Çingiz Əlioğluya qədər nə dəyişmişdi, həyatın diqtəsi, təcrübəsi ona nələri verə bilmişdi?

- Əvvəla, onu deyim ki, hələ ustad Rəsul Rzadan öncə mənə rəhmətlik Hüseyn Arif uğurlu yol yazmışdı. Bu barədə dəfələrlə söz açmışam, ancaq qısaca demək istəyirəm ki, mənim həyatımın formalaşmasında, xarakterimin oturuşmasında müstəsna xidməti olmuş İlyas Əfəndiyevi - mənə çox əziz olan dayıma şair olmağıma bir növ inandırmaq istəyirdim. Mənim şeir yazdığımı anam İlyas dayıma demişdi. O da cavabında demişdi ki, qoy gedib işiylə məşğul olsun. Mən də cavan bir oğlan idim, müəyyən qürur hissim vardı. Onu da bilirdim ki, o zaman İlyas Əfəndiyev üçün Səməd Vurğundan sonra şair kimi ən mötəbər şəxslərdən biri məhz Rəsul Rza idi. Və mən şeirlərim haqqında məhz Rəsul müəllimin fikirlərini bilmək istəyirdim. Nəticəsi də məlumdu. Sonralar İlyas müəllim rəhmətlik anama demişdi ki, balam, bu Çingiz elə doğrudan da yaxşı yazırmış, pasaj bazarında Rəsul Rzayla rastlaşdıq, kişi təxminən yarım saat Çingizdən danışdı. Sonralar iş elə gətirdi Rəsul müəllimin öz təklifi ilə onun «Lirika» kitabına redaktə etdim, ön söz yazdım. Eləcə də Məmməd Arazın, Nəbi Xəzrinin…

- Çingiz müəllim, sizi həm də ədəbi gəncliyin xeyirxahı, hamisi kimi tanıyırıq. Günəşli dayanacaqlarından biri kimi, bizim ədəbi nəslə çox əzizsiniz. Sizi həmişə gəncliklə bir arada görmüşük. Çox sevdiyim şair dostum Kəramətin ilk kitabına yazdığınız ön söz elə bil ki, ədəbi gəncliyə olan münasibətinizin bütöv ifadəsidir… O ön sözdə istinad etdiyiniz şerin uğuruna necə də sevinirsiniz; incidilmiş qadın son dəfə götürür çamadanını, çıxmağa qapını tapmayır ancaq…

- O misra doğrudan da çox uğurlu, fantastik bir misradı. Və məqamı, anı, deyək ki, o kritik vəziyyəti çox canlı şəkildə ifadə edir. Bu anı görmək üçün həqiqətən şair doğulmalısan. Təbii, bunu mən həmişə özümə borc hesab etmişəm ki, cavan qələm dostlarımın yanında olum, onlara dəstək verim. İstedadlı cavanların yaradıcılığı məni həmişə cəlb edib.

Mən həmişə şeirdə nəsə təzə bir şey görəndə, istedadlı bir gəncə rast gələndə sevincimdən gözlərim yaşarır. Bu, həm də mənə son dərəcə böyük ümid verir. Ümid verir ki, yaradıcılıq tükənməzdir. Yəni, əsl yaradıcı şəxs üçün bu dünyada deyiləsi o qədər mövzular var ki! Təki sən istedadlı, həssas və diqqətli ol… Sənət, poeziya havası həmişə sənin fikrinin alt qatında nəfəs almalıdır. Tamamilə başqa bir işlə məşğul olduğun anda belə hansısa şüuraltı bir səviyyədə sənin beynin, düşüncən axtardığın, məhz arzusunda olduğun mətləbin yanında olmalıdır. Çox vaxt bu proses, mübadilə o qədər gözlənilməz, fövqəladə vəziyyətdə baş verir ki, heç sənin özünün xəbərin olmur ki, sən o anı necə görüb, tuta bildin. Amma, heç özün də bilmədən o beqəfil müşahidən sənin alt qatdakı yaddaşında qalır.

- Hər dəfə bizim Aran bölgəsinə isti yay günləri od ələyəndə yadıma sizin çox dəqiq bir ifadəniz düşür ki, Aranın qara mehi, küləyi olmasa isti adamın nəfəsini kəsər. Bilirəm ki, uşaqlıq illərinizin bir çox unudulmaz xatirələri mənim doğulub boya-başa yetdiyim İmişli rayonuyla bağlıdı.

- Bilirsinizmi, mənim anamı o vaxt təyinatla gənc müəllim kimi İmişliyə göndərmişdilər. Anam rayon mərkəzindən səkkiz-on kilometr kənarda dərs deyirdi. Mən də onunla bərabər həmin yolu qət edirdim. Əziyyət çəkdiyimi görən anam o zaman mənə qırmızı rəngli bir velisoped almışdı. Gah sürüb qabağa keçir, gah arxada qalırdım, o duyğu və təəssüratlarla bağlı sonralar bir şeir də yazmışdım.

- Belə hesab edə bilərik ki, bir növ siz İmişli ədəbi mühitinin ilk yetirmələrindənsiniz.

- Təbii (özünəməxsus təbəssümlə gülür). Başqa cür də ola bilməz… Bir şerim də var ki, mən çöllər oğluyam, tərəkəməyəm. Mən mənəvi, daxili cəhətdən həmişə özümü tərəkəmə hesab etmişəm. Onu da deyim ki, tərəkəmələr həmişə çox comərd, çox igid adamlar olublar. Bu barədə rəhmətlik İlyas Əfəndiyev də dönə-dönə bəhs edib. Xüsusilə «Üçatılan» romanında. Şeirlərimdə tərəkəmə ocağından qalxan təzək qoxusunun nəsə, izaholunmaz xoş qoxusundan ayrıca bəhs etmişəm. Bu qorxuya həssaslığımın səbəbini heç özüm də bilmirəm. Bu hiss bəlkə də mənə gendən gəlir, deyə bilmərəm. Babamın yaxşı at ilxıları olub…

-Və bu at obrazı sizin bir çox sevilən şeirlərinizin canından, qanından keçir…


- Doğrudan da belədi. Özü də deyim ki, mən heç də fərli at minən, cıdıra çıxmağa meylli adam da deyiləm (1969-cu ildə Qazaxıstanda poeziya festivalında başına gələnləri özünəməxsus təbəssümlə danışır). At mənim üçün uçuş, yarış, mübarizə simvoludu. Şairlik özü də çox uzun məsafəli bir qaçış, uçuş, mübarizə məqamıdı, həyatın coşqun ehtiras anıdı… Bu mənada at təpəri mənə çox əzizdir.

- Şeirlərinizin birində yazırsınız ki, ömrünüzün uzunluğu adımız unudulana kimidir. Yazıçı və şairlərin yazmaq istəyi bəlkə elə o ömrü uzatmaq ehtirasının ortaya qoyduqlarıdı?

- Bilirsənmi, əzizim, bədii yaradıcılıqla məşğul olan hər hansı bir adam əbədiyyət iddiasındadır. Boynuna alsa da, almasa da, həqiqət belədir. Yalançı təvazökarlıq, düzü, burada keçmir. Hər bir bədii yaradıcılıqla məşğul olan, onun hər hansı sahəsində çalışan şəxs istər-istəməz əbədilik iddiasındadır. Sizin xatırlatdığınız o misrada  isə başqa bir mətləb gizlənir; ad unudulmaya bilər, ancaq səni hansı ovqatla, hansı xeyir-dua ilə yad edəcəklər?! Əsl məsələ budur! Ad var ki, illər boyu söyüşlə, lənətlə, nifrətlə, kin-küdurətlə yad edilir. Rəhmət oxunan, xoş niyyətlə yada salınan adlar da var… Mən istəyirəm yaxşı adamların sayı çoxalsın.

- Sizi həmişə məhz o çıraq kimi, sistemli şəkildə ədəbi prosesi izləyən, yeniliklərə etinalı, dünya ədəbiyyatının bədii təsərrüfatına kifayət qədər bələd olan bir qələm adamı, sözün həqiqi mənasında, vicdanlı bir ziyalı kimi tanıyırıq. Təbii ki, ədəbiyyatımızın müasir mənzərəsi barədə fikirlərinizi eşitmək maraqlı olardı.

- Hər şeydən əvvəl, ədəbiyyat mənim nəfəs aldığım mühitdir. Heç şübhəsiz ki, mən də bu və ya başqa dərəcədə ədəbiyyatla bağlı məsələlərə daha çox vaxt ayırıram. Taqordan misal gətirdiniz… Başının üstündə divardan asılmış o çıraq rəsminə bax. Bu, həmin qara çırağın rəsmidi ki, o çırağın işığına mən səhərə kimi kitab oxuyar, yazılarımı yazardım. Həmin çırağın xatirəsinə ehtiram olaraq bu rəsmi evimin divarından açmışam. Tərəddüdsüz deyə bilərəm ki, mən həm də yaxşı oxucuyam. Həm Azərbaycan ədəbiyyatını, həm dünya ədəbiyyatının ən yaxşı örnəklərini mütamadi şəkildə oxumuşam, dünya ədəbiyyatından kifayət qədər tərcümələr etmişəm. Biri poeziya, biri nəsr olmaqla iki cilddə dünya ədəbiyyatı antologiyası mənim tərcüməmdə işıq üzü görüb. Ayrı-ayrı şairlərin əsərlərindən də tərcümələrim var.

Əslində otuzdan çox tərcümə kitabım çap olunub.

- Elə son bir ildə bizim «Ədəbiyyat qəzeti»ndə xeyli tərcümələriniz çap olunub.

- O da var. Eyni zamanda, indi «Dünya ədəbiyyatı antologiyası»nın üçüncü, dördüncü cildlərini çapa hazırlayıram. Bu da mənim yaradıcılığımın bir hissəsi, mühüm bir sahəsidir. Məsələ burasındadı ki, Sərvaz, Allahdan gizli deyil, səndən nə gizləyim, mən ümumən, daima bu işlərin içində yaşayan adamam. Bizim uşaqların anası ki, biz artıq onunla qırx ildən artıqdır bir damın altında ömr edirik, nəvələrimiz var,  mən arabir and içəndə deyir gözümün içinə bax, xahiş edirəm, gözümə bax… İndi həmin yanaşmadan çıxış edib gözünün içinə tam alnıaçıq, üzüağ şəkildə baxa-baxa deyirəm ki, mən ədəbiyyatımıza, mədəniyyətimizə, dövlətimizə həmişə namusla xidmət etmişəm.

Bax, bu gördüyün evin divarlarında yüzə qədər rəsm əsərləri asılıb, təqribən dörd yüzə qədəri də anbarda yığılıb qalıb. Bunların hər biri çox tanınmış, görkəmli rəssamların mənə etdikləri hədiyyələrdi. Bunlar mənə qara qaşıma, qara gözümə görə hədiyyə edilməyib. Bilirlər ki, mən rəssamlığı, heykəltəraşlığı necə böyük duyğularla dəyərləndirir, əsl qiymətini bilirəm. Sağlıq olsun, fikrim var ki, yaxın vaxtlarda bu rəsm, heykəltəraşlıq işlərindən ibarət bir rəsm qalereyası yaradım — elə bu evdə, bu otaqların divarları arasında. Sağlıq olsun, bunu hökmən edəcəm. Bunlar mənim mənəvi arealımdı. Elə işlər də var ki, vaxt çatdıra bilmirəm və buna dərindən təəssüf edirəm. Vaxtilə çox görkəmli alim, Dövlət mükafatı laureatı Nizaməddin Şəmsizadə bir məqaləsində yazmışdı ki, zənnimcə, bu günlərdə Azərbaycan poeziyası ilə bağlı ən obyektiv tənqidi məqalələr nümunəsini məhz Çingiz Əlioğlu yazıb. Buna görə Nizaməddin müəllimə təşəkkür edirəm. Mən tənqidçi iddiasında deyiləm, ancaq mən öz münasibətimi bildirməyi borc bilirəm. Söhbət ondan gedir ki, mən mütəmadi şəkildə ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən müxtəlif sahələri ilə bağlı fikir və düşüncələrimi, şəxsi baxışımı ifadə etməyə heç vaxt biganə qalmamışam, bu istiqamətdə düşündüklərimi heç vaxt içimdə dəfn etməmişəm. İstər ədəbiyyat, istərsə də mədəniyyətin bu və ya digər sahəsində diqqət çəkən nə varsa, çalışmışam öz yaxşı, xeyirxah münasibətimi gecikdirməyim. Tezisvari qeydlərim də kifayət qədər çoxdur. Sağlıq olsun, təqaüdə çıxdığım vaxtdan hesab edirəm ki, bu işlərə vaxt ayırmağa daha çox imkanım olacaq.

- Xətrini çox istədiyimiz və daha çox diqqətli olan bir dəyərli dostumuzun təqaüddən söz açması, necə deyərlər, işdən getməsi dostlar üçün elə də  arzuolunan deyil…

- Əslində bu, mənim işdən getməyim yox, işə qayıtmağımdı - öz taleyimin işinə qayıtmaq, yalnız öz işimlə məşğul olmağa başlamağımdı… Yenə deyirəm, çox qürurluyam ki, ömrümü Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə, bir dövlət qulluğu müşaviri kimi Azərbaycan dövlətçiliyinə şərəflə xidmətdə keçirmişəm. Eyni zamanda mənim əsas işim, əlbəttə ki, yaradıcılıq işidi.

- Çingiz müəllim, yenə də Taqorun fikirləri üzərinə qayıdıram ki, «tam həqiqəti söyləmək istəməyəndə açıq danışmaq asan olur». Bu baxımdan ədəbiyyatımızın çağdaş durumu haqqında içdən gələn fikirlərinizi bilmək istərdik…

- Sərvaz, məni yaman bərk yerə çəkirsən, başına dönüm, bu suallara sənin və mənim ürəyim istəyən cavabı versəm, gərək onda bir çox qələm dostlarıma əvvəlcədən gəlin «xudahafizləşək» deyəm. Məsələ burasındadı ki, bu məsələlərə təkcə yazıçı-şair istedadının imkanları daxilində münasibət bildirmək doğru deyil. Bu, cəmiyyətin bir parçasıdı və bunu cəmiyyətin ümumi mənzərəsi daxilində çözmək lazımdır. Həmişə deyirik ki, «yazıçı borcu». Mənim bu «borc» sözündən xoşum gəlmir. Borc məsələsi qarşılıqlı prosesdi. Əgər yazıçı borcundan söhbət gedirsə, bəs onda yazıçıya kim borcludu? Və nə borcludu? Deyək ki, hər hansı yazar, tənqidçi ədəbiyyata gəlir, ilkin mərhələdə çox maraqlı fikirləri, həyata baxışı, mütaliəsi ilə diqqəti cəlb edir. Amma sonralar mühitin hansısa basqısı ilə arxaya, bir küncə çəkilir. Bu gün həddən artıq təriflər yazılır. Boz ədəbiyyat nümunələri baş alıb gedir. Ədəbiyyatın bir giriş qapısı olar. İndi ədəbiyyatın beş-on, bəzən daha çox qapıları, hətta arxa giriş qapıları var. Nə bilim vallah, hər halda mən düşünürəm ki, vaxt, zaman çox şeyi özü aydınlaşdırır, yerbəyer edir. Mən düşünürəm ki, hər halda bir yüksək zövq deyilən ədəbi anlayış var… Bax, bu, Sərvaz, sənin verdiyin sualın əhatəli cavabı (gülür), gərək sən məni bağışlayasan… Mən bu sahədə başı daşlardan-daşlara dəymiş adamam.

Bu barədə fikrimi şeirlə daha asan ifadə edə bilərəm:

Vergülü atıblar bəzi şairlər
nöqtənin nitqini kəsiblər bütün
şeirdə bu təzə bəy xan və şairlər
havanı müəyyən edirlər bu gün

zildən ötdükləri həmin pəsidir
misranı tərs oxu düz oxu eyni
qafiyə şeirin  qiyafəsidir
bunların çıl-çılpaq lütlənib əyni

polindrom deyib baş-ayaq yazmaq
guya ki son dəbin əlamətidir
özgə qazanından qazıyıb qazmaq
biri lap çılğındır qiyamət edir

qırç-mırç qığıldayıb inqə deyənlər
bal-soğan qarışıq «smes» yeyirlər
özgə libasını şəstlə geyənlər
dünya düz anlamır bizi deyirlər

kiçikdən başlayır baş hərfləri
yəni bu gün böyük kiçik də yoxdur
necə qandırasan bu hərifləri
bezib bu ədadan oxucu toxdur

Söz var - ikitir-tire gərəkdir,
Misranın səfində nəfəsdir defis.
Hər heyrət anında nida dirəkdir,
Suala qarmaq tək öyrəşmişik biz:

Bir cavab ararkən qarmaq atırıq,
Uğurda yerinə düşür o nida!
Alt-üst nöqtə qoyub söz çatdırırıq
Bir fikrin izahı bitməyən vədə…

Davamlı sonluqdur nöqtəli vergül;
Demə çox uzandı söhbət bu haqda;
Sözün ki, yarımçıq kəsiləndə, bil,
Yerinə əvəzsiz düşür üç nöqtə!..

…Danılmaz bir qanun, həqiqət də var:
Hər köhnə yerini təzəyə verir.
Köhnənin üstündə tutmasa qərar
Təzə öz gücünü  bəzəyə verir.

Bəzək var qızıla tutur misranı,
Mənadan gəlirsə gözəl bəzəkdir!
Yağış ki, tez yuyar ənlik-kirşanı —
Baxarsan, qalanı xəzəl… təzəkdir…

 
- Bayaq sizin «günəşli dayanacaqlar» adlı kitabınızın adını çəkdim. Mənsub olduğum ədəbi nəsil üçün elə o günəşli dayanacaqlardan biri də sizin ünvanınız olub. Ancaq bu günəşli dayanacağın özünə belə çox vaxt sayğısızlıq edənlər də olur. Hərdən ən məşhur, dil əzbəri olan şerinizi belə özününküləşdirən yazarlara da rast gəlirik…

- Deyim ki, bu, ədəbi məkanda çox ağrılı bir məsələyə çevrilib. Bir də görürsən ruhun, canın-qanın bahasına yazdığın bir şerin əsas məğzi, mənası, bəzən bütöv misraları özgə müəllifin dədə malına çevrilib, onların dilindən səslənir. Adam həya edir də desin ki, ay canım-gözüm, axı bu fikirlərin müəllifi bir özgə bəndədi… Ancaq həqiqəti deynələr də tapılır. Yaxın vaxtlarda «Kaspi» qəzetində dərc edilən məqaləsində Gülayə xanım bu barədə xeyirxah bir məqalə yazmış, necə deyərlər, mənim özümü də narahat edən məsələni qabartmışdı. Mən o xanıma da qəzetiniz vasitəsilə «çox sağ olsun» deyirəm. Təəssüf edirəm ki, bu yaxınlarda onun Gədəbəydə keçirilən yubileyində iştirak edə bilmədim. Onun yaradıcılığıma olan diqqətindən məmnunam. Bilirsiniz, həqiqət elə bir ramedilməz gücdür ki, gec-tez özünü büruzə verir. Balzak deyirdi ki, istedad səxavətli olmalıdır. Yəni, əgər nəyisə, səndən icazəsiz götürürlərsə, bir qədər bababozu desək, çırpışdırırlarsa, demək səndə nəsə var da!..

- Çingiz müəllim, illər öncəsi «Sevgi nədir, qardaşım, anlayammadım» yazırdınız. Bu, 1984-cü ilin şeridi. 2014-ün gözü ilə baxanda bu sevgi məsələsinə münasibətiniz necədi? Yenədəmi məsələ öz qəlizliyində qalır?

- Bu anlaşılmazlığın bir səbəbi var ki, sevgi həmişə təzədi. Vicdanım haqqı (gülür).

- «Xoşbəxt şair sabahların şerini yaradandı»… Bu fikir də sizə məxsusdu. Özünüzü xoşbəxt şair hesab edirsinizmi?

- Sərvaz, söhbətin bu yerində bir çay içər, meyvəyə əl uzadarlar… Şerin mövcud ənənələri var. Ona sadiqlik də böyük şərtdir. O mövcud ənənələr üzərində və mövcud ənənələr çərçivəsində yeni axtarışlar aparmaq mütləq lazımdı. Heç şübhəsiz. Ancaq eyni zamanda dövrün-zamanın dinamikası, zamanın ovqatı yeni şerin başlıca nəfəsinə çevrilməlidir. Yeni deyim tərzinə, yeni ifadə vasitələri və texnologiyalarına sahib çıxmayan şair bu günün və sabahın şairi ola bilməz.

Görkəmli tənqidçimiz, ictimai xadim Vilayət Quliyev mənim “Tanrını danma” kitabıma yazdığı  “Ucalıq zirvəsi” adlı ön sözdə deyir: «Çingiz sadəcə imzası görünmək xatirinə yazmır. Kitabdakı proloq mahiyyətli, proqram xarakterli şeirlərindən birində də deyildiyi kimi, onun fikrincə xoşbəxt şair sabahların şərqisini yaradandır. Şübhəsiz ki, bu şərqi ruh, xarakter baxımından müxtəlif ola bilər. Uzun illər boyu bizim poeziyada, bütövlükdə ədəbiyyatımızda sabahların şərqisi adətən idillik çəhrayı rəngdə olub, lakin idilyanın əsaslandığı münasibətlər əməli və siyasi dəyərlər laxladıqca sabahlarla bağlı qorxu, həyəcan, nigarançılıq və şübhə notları səslənməyə başlayıb. Bu narahatçılıq başqa qələm dostları kimi, Çingizin də yaradıcılığından bir xətt kimi keçirdi. O, hər yeni şerində qarşıdan gələn sabah haqqında görünməz, bilinməz bir həqiqət tapmağa, bu həqiqətlə bağlı duyğu və düşüncələrini oxucularla, xalqla bölüşməyə çalışırdı. Çingizin on beş, hətta iyirmi il bundan əvvəl yazdığı bir sıra şeirlərini indiki günlərlə müqayisə edəndə bilmirəm onun poetik fəhmindənmi, uzaqgörənliliyindənmi xəbər verən gözlənilməz misralara rast gəlirdim… 69-cu ilin ortalarında Çingiz şeirlərinin birində belə yazırdı:

Döyüşlərdə güllələr didir
yaxasını bayrağımızın.
Analarımız bayraq parçalarına
bükür yeni doğulanları.

Bu misraları indi, daha dəqiq desəm, doxsanıncı illərdə baş verən dəhşətli hadisələrin kontekstində təsəvvürümə gətirirəm və şairin poetik axtarışlarında tez-tez təsadüf olunan bu cür uzaqgörücü xəbərdarlıqlar onun həyat və sənət duyumunun başlıca özünəməxsusluqlarından sayılır».

Bu, həqiqətən çox ciddi bir məqamdı. Vaxtilə Borçalı haqqında yazmışdım:
 
Bu torpağın adı vardır, özü yox,
Bu torpağın odu vardır, közü yox.
Bu torpağı sehrləyib kim görən?
Bu sehri açmaq üçün cadu gərək.

Şeir belə qurtarırdı ki:

Yenədəmi qala qurum, borc alım,
Ömür çatmaz, vaxtı kimdən borc alım?
Mən qonağam, gəlmiş idim, gedirəm,
Yaşa səni öz adınla, Borçalım.

Bu şerimlə mən o zaman doğma yurdlarımıza zaman-zaman göz dikən, onun doğma yer-yurd adlarını, toponimlərini dəyişməklə tarixi kölgələyənlərə, bu bədnam siyasətə öz etirazımı bildirmişdim.

Sonralar həqiqətən də bu münasibətlərin ortaya çıxardığı problemlərin şahidləri olduq.

Sözümün canı odur ki, bəli, şair əgər bir gözəgörünməz nəfəsliklə, şerin göy üzünün yeddi qatında dayanan fəzasıyla bağlıdırsa, o zaman sabahı görməlidir, sabahın şərqisini yaratmağı bacarmalıdır.

- «İlk eşqim nəğməydi və mən nəğəməyə vurulmuşdum» yazırsınız. İlk eşqdən keçən bu yetmiş illik yaş mərhələli bu vurğunluğun havasını dəyişə bildimi?

- Təbii ki, mən Allahın köməkliyi ilə müəyyən bir ömür yaşamışam. Bütün insanların həyatında olduğu kimi, mənim həyatımda da yaddaqalan, çox unudulmaz anlar olub. Qırxa qədər xarici ölkələrə səfər etmişəm. Özü də bu, hansısa bir turist səfəri, gəzintisi olmayıb. Bəzən iki-üç ay davam edib. Elə bu il mən beş ölkədə olmuşam.

Getdiyim bu ölkələrdə çox maraqlı insanlarla görüşmüşəm. Bu səfərlərin təəssüratı ömürdən elə-belə keçib getmir. Hər birinin unudulmaz anları sonralar yaradıcılığımda bu və ya digər şəkildə özünü büruzə verir. Xarakterimin hələ də formalaşmasına təsir edir. Baxmayaraq ki, bu xarakter ta bineyi-qədimdən formalaşıb, oturaqlaşıb. Məsələ burasındadı ki, mənim ilk mətbu şerim xatirələrlə bağlı idi. Mustafa dayım o şeri oxuyub çox kövrəlmişdi, sınıq budaqların uçuq-sökük, sınıq xatirələri haqqında fikirlərim onu bərk mütəəssir etmişdi. Mənim üçün adi bir misra ona daha çox dərəcədə təsir etmişdi. Xatirələr öz yerində, ancaq sabahkı gündə mənim iştirakımın nə olacağı fikri həmişə mənimlə olub. Mən sistemli şəkildə, gecəli-gündüzlü məsul olduğum işin öhdəsindən gəlmək üçün çalışmışam, hər cür zəhmətə qatlaşmışam. Evdə uşaqlar yatanda görüblər ki, mən işləyirəm. Səhər yuxudan duranda da məni yenə masa başında, işləyən görüblər. Bu, bir həyat məktəbi, tərbiyəsidi. Bu tərbiyə məktəbini mən İlyas dayımın, görkəmli yazıçı İlyas Əfəndiyevin həyat təcrübəsindən, iş prosesindən əxz etmişəm. Mən onu belə görmüşdüm. Onun həyat tərzini bir növ öz fəaliyyətim üçün qəlibə çevirməyə çalışmışam.

Özümü xoşbəxt hesab edirəm, rahatam ki, bu çəkilən zəhmət hədər getməyib. Bayaq da dedim, dünyanın çox-çox ölkələrini gəzib-dolaşmışam. Onu da deyim ki, gəzdiyim ölkələrdən boylanıb baxanda, bunu lap gözünün içinə baxa-baxa deyirəm, Azərbaycan çox gözəl görünür. Mən həmişə bunun xoşbəxtliyini yaşamışam.

Mən daha çox pozitiv cəhətləri, yaxşı olanı görüb, qiymətləndirməyi bacaran insanam. Eyni zamanda, yaxşı silahlı gözün varsa (silahlı göz deyəndə mən ədəbi zövq, müşahidə, reallıq duyğusunu nəzərdə tuturam), kənardan baxanda Azərbaycan ədəbiyyatı da çox zəngin görünür. Lap elə bugünkü mənzərəsi ilə də. Bunu aydın görmək üçün gərək sənin imkanların ola. Qərb oxucusu bu gün çox dinamik və sürətli bir həyat yaşayır. Onun başqa dildə hər hansı bir əsəri axtarıb tapmağa, oxumağa vaxtı yoxdu. Onların bildiyi ingilis, ispan, fransız dilləri var. Bu gün Azərbaycan ədəbiyyatını dünyaya çatdırmaq üçün daha çox nəşriyyatlara — özü də savadlı, peşəkar nəşriyyatlara ehtiyac duyulur. Eyni zamanda peşəkar tərcüməçilərə. Xaricdə yaxşı müəllifin tapılması, yaxşı əsərin çapı və yayımlanması ilə ilk növbədə nəşriyyatlar məşğuldur. Nəşriyyat özü kitabdan xəbər tutur, tərcüməçi tapır, vəsait ayırır. Gərək nəşriyyatın əminliyi olsun ki, çap etdiyi kitab ona xeyir gətirəcək.

Çox yaxşıdır ki, indi bizdə dövlət səviyyəsində Tərcümə mərkəzi yaradılıb. Hesab edirəm, yaxın vaxtlarda biz bu mərkəzin müsbət fəaliyyətinin bəhrələrini görəcəyik.

Şəxsən mənim üçün çox əlamətdardı ki, bu il Moskvada, Belarusda, Tacikistanda yeni şeirlər kitablarım çap edilib. Bu il Belarus Yazıçılar İttifaqına üzv qəbul edilmişəm. Frankfurt Beynəlxalq kitab sərgisinə şəxsi dəvət almışam. İtaliyanın Triest şəhərinə məxsusi olaraq səfər edib əfsanəvi həmyerlimiz Mehdi Hüseynzadənin - Mixaylovun xatirəsini yad etmişəm.

Bu yaxınlarda Moskvadan qayıtmışam, orada Yeddinci beynəlxalq kitab sərgi-yarmarkası keçirilirdi. Eyni zamanda on birinci beynəlxalq kitab sənəti müsabiqəsinin laureatlarının mükafatlarının təqdimetmə mərasimi oldu. Həmişə olduğu kimi, bu müsabiqədə də Azərbaycan kitabı uğurla iştirak edib. Doqquz nominasiya üzrə Azərbaycan kitabı, o cümlədən Nigar Rəfibəylinin «Şeirlər» kitabı birinci yeri tutub.

Eyni zamanda mən Belarusa da dəvət olunmuşdum. Orada hər il bir şəhərdə olmaqla  ənənəvi ədəbiyyat müsabiqəsi keçirilir; Belarusda nəşr edilən «Sçastliviya vetreqa» adlı topluda, böyük tirajla işıq üzü görən ədəbiyyat qəzetində mənim şeirlərim dərc olunub. Eyni zamanda orada mənə «Ədəbiyyat önündə xidmətlərinə görə» medalı təqdim edilib. Məşhur qazax türkoloqu Nemət Kelimbeyovun iki kitabını nəşr etdirmişəm. Azərbaycanda bu kitab haqqında xeyli məqalələr çap olunub. Başqa işlər də var.

Təvazödən kənar olsa da, bütün bunları deməkdə məqsədim odur ki, yenə də gənclik şövqü ilə taleyimin bir missiya kimi üzərimə qoyduğu işlə məşğulam, şerimizin, sözümüzün qara fəhləliyini etməkdən usanmamışam.

Hələ ki, sənə mürəkkəbi qurumamış şeir oxuya bilərəm:

Buludlar göyləri qəfil bürüdü,
Çuğladı könlümü payız ovqatı.
Üstümə bir qəvi qoşun yürüdü,
Gəldi son baharın qüssə sovqatı.

Yarpaq tonqalından qalxan tüstülər
Yenə xəyalımı yerdən üzdülər.
Tanışlar incidi, dostlar küsdülər,
Qohum-qardaşlar da ağız büzdülər! —

Böyürdən keçirsən, salam vermirsən,
Dedilər, sən ayaq üstə yatırsan?!
Adamın gözünə baxıb, görmürsən,
Beləmi özünü yekə tutursan?!

Bu yerdə susuram, söz tapammıram,
Dostların qınağı yandırır səni.
Neyləyim, kirimiş lal dayanıram,
Söyləyə bilmirəm dilə gələni.

Mən necə deyim ki, iğtişaş, hənir
Özümdən xəbərsiz bürüyür məni.
Başımda qarışıq sədalar dinir,
Naməlum məkana sürüyür məni.

Qaranlıq səmada meteor təkin
Alışır beynimdə sözlər yağışı.
Belədə, amandır, məndən əl çəkin,
Sizi çaşdırmasın dalğın baxışım.

Belədə özümün deyiləm, neynim,
Bir ayrı dünyanın sakiniyəm mən.
Uzaq fəzalara köklənir beynim,
Xəbərsiz oluram həndəvərimdən.

Yoxsa ki, mən sizi çox istəyirəm,
Əvəzsiz, qiymətsiz varidatımsız!
Sizə ehtiramla mən baş əyirəm,
Sərvətim, qazancım, mükafatımsız.

Elə də dərinə getməyin, nolar,
Çalışın, şairə çox baş qoşmayın!
Onun öz dünyası, öz aləmi var,
Yersiz inciməyin, haqsız coşmayın.
 
Hər kəsin öz arzu, diləkləri var,
Söz-səda ardınca qaçışdadır o.
Yerin yer, göyün göy mələkləri var,
Bu ikisi arası uçuşdadır o!

Əssə də həyatın sərt küləkləri,
Çapardı, atını haqq üçün çapır!
Xətrinə dəyəndə yer mələkləri
Uçub, dincliyini göylərdə tapır…

Maraqlı söhbət üçün çox sağ olun…

"Ədəbiyyat qəzeti"

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.