Narıngül - Ərini qısqanan gəlin

10.10.14

Avanqard.net Narıngülün "Gülsüm" hekayəsini təqdim edir.
            

Əynində beli toqqa ilə bağlanmış enli paltar, ayağında dabanları əzilmiş ayaqqabı birdən – birə uzaqdan ağaran  kənd yolunda  peyda olur. Arıq uzunsov sifətində  gülüş dolanır. Üzü həmişəki kimi  işıqlı görünür. Başına atdığı örpəyin altından alnına tökülərək uzun qaşlarını örtən ipək saçlarının  naşıcasına kəsilməsi dərhal hiss olunur. 
- Bu kəndi allah dağıtsın! – deyir. 
-Kənd dağılsa hara gedəcəksən?  – Məsim soruşur. Dodaqlarını sıxaraq çiyinlərini çəkir. Gözlərini az qala yerlə birləşməkdə olan  göyün ortasındakı  ağ  buludlara dikir, sanki gedəcəyi yeri axtarır, amma gedib çata bilməyəcəyini anlayır. Köksünü ötürür.
“İt oynadan” Məsim  ilişir ona:
- Gülsüm, xəbərin var? Dünən  Dilbər  sizin tərəfə gəlmişdi, çəpərinizdən boylanırdı.
O, üzünə yayılmış  gülüşü boğur, əlindəki vedrə ilə  inəyin yanına ilişdirir, hirsini səhər-səhər örüşə apardığı mal-qaradan çıxmağa çalışır.
- Bilirəm, gələr, xəbər tutub ki, evdə yoxam. Bizim kişiylə araları yaxşıdır.
- Kişini çox qısqanırsan? - Məsim soruşur.
- Kişini qısqanmaq gərəkdir yoxsa əldən gedər...
Əyilmiş ayaqqabılarının ucu ilə  yeri eşə-eşə Məsimə baxır. Öyrənmək istəyir görək,  bu dəfə fikri nədir,  ələ salmır ki?
Məsim özünü yığışdırıb, ciddiləşməyə, gözlərində oynaşan cinləri gizlətmək istəyir O da  həvəslə danışmağa başlayır - gördüklərindən, bildiklərindən, ağlına gələnlərdən. Danışdıqca gülür, güldükcə hər iki yanağı çökür.  Birdən səsini kəsib gülməkdən uğunan Məsimə baxır, istəyir hirslənsin. Amma alınmır. Başqalarından fərqli olaraq, əməlli-başlı hirslənməyi  bacarmır.  Hirslənəndə adam sevinə bilmir, qanı qaralır. O isə elə  hey sevinmək istəyir. İmkanı olsa kəndin bütün toylarında saatlarla əyləşər. Toylar elə maraqlı, elə rəngarəngdir ki...  O, həm də, başqa qadınlar kimi  ərinə sahib olmaq, əzizlənmək istəyir.  

Ərini kəndin ən gözəl gəlini, son dəblə geyinməyi sevən, gənc vaxtından dul qalmış gözəl  Dilbərə qısqanır. Odur ki, Dilbərdən zəndeyi - zəhləsi gedir.
Bəzənməyi çox sevir, ancaq özü bildiyi şəkildə bəzənir.  Paltarları daha çox qırmızı rəngdə olur.
- Mənə qırmızı lak, kəpənəkli sancaq, boyunbağı al - deyə israr edir  hər dəfə.
- Qırmızı lakı neynirsən?
- Qırmızı olsun, qırmızını xoşlayıram.
Mən də şəhərə gedəndə gülə-gülə söz verirəm ki, mütləq alacağam, sevinir. Deyir gətirib verəndə xəlvət ver, heç kim görməsin. Başımla razılığımı bildirirəm. Xəbərdarlığı bir daha möhkəmləndirir:
- Suğra arvad bilməsin! Bir daha söz verirəm. Sonra yalandan əsnəyir - dünya boşdur e... boş. Heç nəyin mənası yoxdur. Cəmi beş gündür, beş...
Hiss olunur ki, özünü ciddi göstərmək istəyir.
Onu uşaqların əhatəsində görən Suğra arvad: - Dəli köpəyin  qızı, balaca deyilsən, -  deyir, uşaqları özünə güldürmə! Ardınca ültumatum gəlir: Gəl  arvadlara qoşul!  Dünyagörmüş, ağsaqqal  bir  kişinin arvadısan, o kişinin yaşından- başından utan barı!
Gülsüm  də özü  bildiyi şəkildə “utanır”.  Qəfildən  özünü yığışdırır  “gedirəm” deyərək  cəld aradan çıxır.

Suğra arvad  deyingəndir, qiybət eləməsə ölər. Amma qiybəti də elə maraqla edir ki, elə bil  aşıqlar  toyda dastan söyləyir.  Gülsüm gedəndən sonra  ürəyini boşaldır,  onun qarasınca  deyinir:
 - General kimi arvadın yerinə gətirmişik  bunu. Gətirdik ki, yetimdir, bir tikə çörəyini yesin, həm də kişi qocadır ona baxsın.  Bu da ki, belə...

Gülsümün ögey qızının uşaqları ekizdirlər. Bir - birindən seçmək olmur. Kürən, gombul uşaqlardır, üzlərindən harınlıq yağır. Kəndə gələn kimi yola çıxırlar. Onu bizim yanımızda görüb irəli gəlirlər. Biri ona yaxınlaşır ki, gəl ayaqqabılarımı bağla! Gülsüm də bildiyi şəkildə uşağa nəvaziş göstərir. Əyilərək ayaqqabılarının bağını bağlayır. Ekizlərin o biri tayı da irəli gəlir, onun qarşısında dayanır:  mənim ayaqqabılarımı da təzədən aç bağla! Əyilib onu da bağlayır.
Kənarda dayanmış ögey  qız qonşu arvada danışır ki, atama yaxşı qulluq etmir, bu. Səliqəsi də  bir şey deyil. Atam öləndən sonra çətinki burda qala.
Biz bunları eşidirik, Gülsüm də eşidir. Üzündəki gülüşün üstünə  qatı kölgə qonur, sanki qıpqırmızı  günəşin üzərini bulud alır.  Sevinməyindən fərqli olaraq o, qəmlənməyinin səbəbini yaxşı dərk edir.  Cəld vedrələrini götürüb gözdən itir.
Bir neçə gün gözə dəymir.

Məni görən kimi kənara çəkib pıçıldayır:
- Sabah kənddə toy var. Hamıdan tez gedərik, bütün günü oturarıq. Elə sevinir ki, sanki ən yaxın adamının  toyudur. Mən də ona qoşuluram. 
- Çoxdandır görünmürsən, adam darıxır səninçün. Gülsümün  üzündəki gülüş yenidən peyda olur, arıq - arğaz sifəti işıqlanır.
- Qız getdi, şükür allaha, -  deyir – daha arxayınam.
Ona qoşulub mən də sevinirəm.
 - Kişinin uşaqları burda olanda  günüm olmur, - deyə şikayətlənir.  Kişini də razı sala bilmirəm. Hamısı məni danlayır...
Aramızdakı yaş fərqinin  Gülsümçün əhəmiyyəti yoxdur, kimə istəsə  şikayət edə bilər. Əsas odur ki, onu dinləyən olsun.

Suğra arvad  həm də,  kəndi idarəedəndir, dünyanın altını da bilir, üstünü də. Qonşu qadınları ətrafına  yığıb hər şeydən danışır. Kəndə təzə köçüb gəlmiş gənc ailədən, məktəbdəki hərc- mərclikdən, direktoru yerində yaxşıca oturtmağından. Qadınlar bir nəfər kimi susur, sonra xorla onun sözünü təsdiqləyir,  heyrətlənir, müdaxilələr edirlər. Suğra arvad həm də dirijordur. 
Gülsüm  də həvəslə qadınlara qoşulur, amma  hiss olunur ki,  qadınların söhbəti  onunçün maraqlı deyil.  Qadınlar ağla gəlməyən şeylərdən bəhs edirlər. Belə dərinliklərə onun üçün deyil. Amma ağlını işə salaraq   dərk edir ki, qadınların yanında dayanmaq lazımdır. 
Əlini şənəsinə söykəyərək qadınlara qulaq asır. Üzündəki çiddilik, gözlərində qaynaşan gülüşü güclə ört-basdır edə bilir.
Qadınlardan kimsə pıçıldayır ki, bizim kişi  deyirdi  Dilbər dünən  yenə aptekçinin öğlunun maşınında, kəndin kənarındaymış. Dilbərin əynində bir paltar varmış ki...
Dilbər sözünü eşidən kimi sanki ilan çalır Gülsümü. Üzündəki gülüşü donduraraq, söhbətə diqqət kəsilir.  Birdən gözləri parlayır, ağzı köpüklənir, Suğra arvadın burda olduğunu unudur: 
- Bizim kişi də Dilbərlə gəzir, - deyir.  Qadınlar bu xəbərdən  əvvəl diksinirlər, sonra  gülüşürlər.

Bu xəbər artıq  kənd üçün təzə söhbətdir və  qonşu arvadlar əlbəttə ki,  ölsələr də,  inanmazlar onun dediklərinə. Amma hər halda maraqlı mövzudur.
O, gülüşənlərə fikir vermir, öz dediyini sübuta yetirməyə çalışır: - Gəzir, hiss etmişəm. Gecənin yarısı həyətdə görüşür Dilbərlə.  İtlərin hürməsindən duyuq düşmüşəm.
Suğra arvad qeyzlə ona baxır, imkanı olsa yerdən bir ağac götürüb çırpar onun başına, amma sonda  o da gülməkdən özünü saxlayanmır.
- O, cavan gəlindir, özü də gözəl- göyçək. Yaraşıqlı, imkanlı oğlanla fırlanır.  Sənin ərin onun atasından da böyükdür.
- Nə olsun q....ə üçün  nə fərqi var, kimdir, neçə yaşı var, təki kişi olsun.
Suğra arvad yenə gözünü ağardır: - Bu uşaqların ağzına söz atma, günün qara gəlsin. 
Gülsüm duruxub gözlərini döyür, amma  təslim olmur. Ağlına gələnləri israrla  sübut etməyə çalışır:
- Puluna görə gəlir. Pensiya  pulunu  alıb verir buna. Sonra təntənəylə qeyd edir: - Kişilərin hamısı belədir!
Arvadlar bir müddət dinmirlər. Bəlkə də,  bu an hamısı eyni cür düşünürlər.Yəqin ki, gözlərinin qarşısına gətirdikləri mənzərə də fərqli deyil.  Bahalı maşına söykənərək  dayanmış aptekçinin idmançı bədənli oğlu, yanında da   geyimli – gecimli gözəl Dilbər. Sonra birdən, xorla  gülüşürlər.   

Səhər yola düşməzdən əvvəl, Gülsüm özünü mənə yetirir.
- Gedirsən?
Başımla təsdiqləyirəm.
- Görəsən, Bakı  çox böyükdür?  Cavab gözləmədən əlavə edir: böyük olar hər halda... Amma bura da yaman böyükdür. Gözlərini bic-bic qıyır - orada yəqin özünə ər də  tapacaqsan, ona görə şəhərə  getməyə həvəslisən. 
Sonra birdən - birə sevinir, gözləri parlayır:
-  Kənddə üç yerdə toy var. Heyf, burda olsan gedərdik.
-  Üzünə baxıb gülümsünürəm.
Hiss edirəm ki,  toydan danışan kimi əhvalı yüksəlir. Bir az da mənə “yanıq” verir. İndidən bir necə gün sonra gedəcəyi toya doğru uçur.
Əyilib iri vedrələrin qulpundan yapışır.
- Mən gedim,  kişi xəstədir, evdə tapmayıb hirslənər. Dediklərimi yadından çıxartma, yaxşı yol!

Şəhərdən qayıdarkan əlimdəki şeyləri Gülsümə verməyə tələsirəm. Tam o istədiklərini almışam. Qoy sevinsin. Kəndə çatan kimi onu axtarıram. Bir az dincələndən sonra  Suğra arvaddan  xəbər alıram. Suğra arvad qaşlarını çatır:
-  Eşitmədin,  kişi ölüb?!
- Eşitmişəm. Bəs, o nə oldu?.
Suğra arvad köksünü ötürür.
- Onu başqa kəndə, yaşlı bir kişiyə ərə veriblər. Neyləsinlər, qızı yola vermədi. Uşaqlar burda qalmağını istəmədilər. Qardaşı arvadı da yiyə durmadı. Bir təhər düzüb qoşduq. Gedib bir tikə çörəyini yesin. Hiss edirəm ki, gözlərində heç vaxt nəm görünməyən Suğra arvad qəhərlənib.

Kəndin içi ilə burulan tozlu yol birdən birə kimsəsiz görünür mənə. Hər tərəfdə bir boşluq uzanır sanki. Kədərlənirəm.
Amma kim nə deyir-desin  mənə elə gəlir ki, Gülsüm bu  dünyanı qırmızı rəngdə görürürdü. Qırmızı...

Yenililklər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
13.12.23
Yun Fossenin Nobel mühazirəsi
11.12.23
2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb
11.12.23
Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılı
11.12.23
Mixail Lermontov - Vəsiyyət    
11.12.23
Tutu Ağayeva - "Gözəgörünməzlər"in görünən və görünməyən tərəfləri
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.