Həmid Piriyev - Qurbağa himni
14.10.14












PYES


Bir pərdədə

 

İştirak edirlər:

 

Rəşid – 25 yaşında

Sona – onun bacısı, 21 yaşında

Rəşad – böyük qardaşı, 34 yaşında

Mustafa – onların əmisi oğlu, 38 yaşında

 

Sadə otaq. Rəşid küncdə oturub. Geyimi səliqəsiz, saçı pərişan, üzü saqqallıdır. Qucağında qurbağa oyuncağı var. Oyuncaqla oynayır, başını tumarlayır, qucaqlayır, öpür. Rəşad gəlir. Yorğun olduğu bilinir. Stulda üzü tamaşaçılara oturub stola dirsəklənir. Idarəedicini (pultu) götürüb düymələrini basır. Guya televizora baxır.

Rəşid – Qaqaş...

Rəşad – Hı...

Rəşid – Qurbağaları gördün?

Rəşad – (mimikasından görünür ki, belə sönbətlərdən bezib) Hə, gördüm.

Rəşid – Çox idilər?

Rəşad – Lap çox idilər...

Rəşid – Sabah məni də apararsan qurbağalara baxmağa?

Rəşad – Nə üçün aparmıram? Apararam...

Rəşid – Qurbağalar elə gözəldilər ki... Qurbağaları öldürmək olmaz. (Oyuncağıyla oynayır) Şirindi qurbağam.

Sona Rəşad üçün çay gətirir.

Sona – (Rəşada) Yemək istəyirsən?

Rəşad – Bir azdan yeyərəm. Qoy bir az yorğunluğum çıxsın.

Sona da Rəşadın yanında oturur.

Sona – Sabaha mənimçün bir az pul qoyarsan da. Həm imtahana gedəcəyəm, həm də evə bəzi şeylər almalıyam.

Rəşad – (cibindən pul çıxartır, onluğu ona verir, qalan iki-üç manatı cibinə qoyur) Gör birtəhər yola verə bilirsən. Maaşı yenə gecikdirirlər. Görək necə olur.

Sona – Hər ay maaşınız gecikir. Heç olmasa pulu adam kimi verəydilər.

Rəşad – Belədir də. Işlədəndə başımıza dolanırlar, pul verməyə gələndə canlarını azzar alır.

Sona – Qaqaş, nə üçün icazə vermirsən işləyim? Heç olmasa azdan-çoxdan köməyim dəyər.

Rəşad – Sən heç nəyin fikrini çəkmə. Dərslərinə bax. Oxu. Sonra işləyərsən.

Sona durub çıxır.

Rəşid – Qaqaş, bilirsən, qurbağa öldürəndə yağış yağır. Qurbağaları öldürmək olmaz.

Rəşad – (öz-özünə) Biz burda acından ölürük, bu da qurbağaların dərdini çəkir.

Qapı döyülür.

Rəşad - (Sonanı səsləyir) Sona, qapıya bax gör kimdir.

Sona qapını açır. Biz onu görmürük, ancaq səslər eşidilir.

Mustafa – (hələki ancaq səsi eşidilir) Sona!

Sona – Buyurun.

Mustafa – Tanımadın? Mustafayam da...

Sona – Aaa, Mustafa! Qaqaş, Mustafa gəlib!

Mustafa - Gəl öpüm səni. Maşallah, nə böyük qız olmusan?!

Mustafa gəlir. Rəşad ayağa durur. Mustafa əlindəki görünməyən sellofan torbanı yerə qoyur. Sevinclə qucaqlaşırlar. Qucaqlaşdıqları vaxt “Əmioğlu” “xoş gəlmisən” kimi sözlər deyirlər.

Rəşad - Hə, gəl görək, keç otur. Sən hara, bura hara?

Mustafa torbanı yerdən götürüb Sonaya verir.

Mustafa – Rusiyadan gətirmişəm. Gəl, Sona, apar qoy içəri.

Rəşad – Nə əziyyət çəkirsən?

Mustafa – Nə əziyyət? Uşaqlarçün götürdüm, bir az xəm-xırddır.

Rəşad – Hə, otur görək. Danış neynirsən, neynəmirsən? Neçə ildi gəlmirsən buralara? Yeddi-səkkiz il olar?

Mustafa – Düz on bir ildi.

Rəşad – On bir il?!

Mustafa – Hə, on bir. Axırıncı dəfə gələndə uşaqlar balacaydılar hələ. Bəs Rəşid hanı?

Bu vaxt küncdəki Rəşidi görür. Yaxınlaşıb əl uzadır, Rəşid qurbağanı sinəsinə sıxıb divara qısılır, əl vermir. Mustafa çaş-baş qalıb Rəşada baxır.

Mustafa – Buna nə olub?

Rəşad – Əh, uzun söhbətdi. Danışaram.

Mustafa oturur. Hərdən çevrilib Rəşidə baxır. Çaşqınlığı keçməyib hələ.

Rəşad – Hə, əmoğlu, danış görək?

Mustafa –Bakı necə dəyişib?! Axırıncı gördüyümlə indikinin arasında nə boyda fərq var?! Şəhər çox dəyişib e...

Rəşad – Əşi, həmin Bakıdır da..

Mustafa – Yox, nə danışırsan? Əvvəl bu qədər bina zad yox idi ki. İndi hara baxırsan binalardı. Gərək sabah gündüz gözüylə yaxşı-yaxşı gəzim şəhəri.

Rəşad – Neçə günlüyə gəlmisən?

Mustafa – On-on beş gün burdayam hələ.

Rəşad – Oralarda vəziyyət necədi?

Mustafa – Əh, zayı çıxıb hər şeyin. Əvvəlki kimi deyil heç nə. Çox sıxışdırırlar bizimkiləri. İmkanım ola, bir gün də qalmaram orda. Arvad-uşaq kəsib qabağımı. Heyif o vaxt evləndim orda, gərək evlənməyəydim. (köks ötürür) Nəysə... Sən nəynən məşğulsan?

Sona çay gətirib Mustafanın qabağına qoyur. Özü başqa bir stulda oturur.

Rəşad – (çiyinlərini çəkib iztehzalı gülümsəyir) Hamballıqla...

Mustafa – Sona, sən nəylə məşğulsan?

Sona – Universitetdəyəm, axırıncı kursda.

Mustafa – Ay maşallah! (Rəşada)Hələ evlənməmisən?

Rəşad başını yellədir.

Mustafa – Ay bədbəxt, nə fikirləşirsən bəs? Neçə yaşın var? Otuz dörd olub? (Rəşad başını tərpədir) Haçanacan gözləyəcəksən?

Rəşad – Qoy Sona oxuyub qurtarsın, onu ərə verim, sonra fikirləşərəm.

Rəşid – (hələ də küncdə oturub) Qurbağa stolun üstündə oturub quluncunu sındırır. (Bərkdən gülür. Qurbağanı oynadır. Guya qurbağanın quluncunu sındırır.)

Mustafa – Doğrudan, ay Rəşad, buna nə olub?

Rəşad – Başına hava gəlib.

Mustafa – Necə oldu? Qorxub nədənsə?

Rəşad – Yox, öz ağılsızlığı ucbatından. (Rəşidə baxıb köks ötürür) Elə yaxşı uşaq idi ki...

Mustafa – Hə, diribaş idi.

Rəşad – Balacalıqdan yaxşı oxuyurdu, əlaçıydı. Sonra universitetə girdi. Oranı da yaxşı qiymətlə qurtardı. Oxuya-oxuya üç-dörd dil öyrəndi. Xaricə getmək istəyirdi.

Mustafa – İşləməyə?

Rəşad – Yox, oxumağa. Istəyirdi oxuyub gəlsin, burda işləsin. Deyirdi ki, bizə savadlı mütəxəssislər lazımdır...

Rəşad susub Rəşidə baxır. Rəşid bütün bu vaxt ərzində qurbağayla oynayır.

Rəşid - Лягушка сидит на столе и хрустит спиной. (Yenə bayaqkı kimi qurbağanın quluncunu sındırır)

Mustafa – (bir müddət çaşqınlıqla Rəşidə baxır, sonra Rəşada deyir) Sonra nə oldu?

Rəşad – Universitetdən sonra əsgərliyə getdi. Gələndə namaz qılırdı, orda öyrənibmiş. Başladı dindarlığa. Hər şeyi atdı bir qırağa. Az qala il uzunu oruc tutdu. Gündüzləri məsçiddə olurdu, gecələri də dini kitablar oxuyurdu. İşi-gücü ancaq din idi. Hardansa pul tapıb İrana ziyarətə də getdi. Axır vaxtlar yuxusu da qarışmışdı. Gözünə nələrsə görünürdü. Gündə cəmisi bir-iki saat yatırdı, onda da qışqırıb oyanırdı. Qabağını ala bilmirdim.

Mustafa – Hə, gərək heç nədə ifrata varmayasan... (Qısa pauza) Buna görə dəli oldu?

Rəşad – Yox. Keçən il bu vaxtlar idi. Bunların başqa məzhəbə qulluq edənlərlə davaları düşüb. Böyük qırğın olub. Bunun başına ağır nəyləsə vurublar. Odu-budu başına hava gəlib.

Mustafa – Çarəsi yoxdu?

Rəşad – Bakıdakı bütün xəstəxanalara aparmışam, qalmayan həkim baxıb buna. Hamısı deyir ki, daha düzəlməz. İstədim xaricə aparım, dedilər nahaq yerə xərc çəkəcəksən, sənə əziyyət qalacaq. Düzəlməyəcək heç vaxt...

Rəşid – Der Frosch sitzt auf dem Tisch und lässt seinen Rücken knacken.(Yenə bayaqkı hərəkətləri təkrar edir)

Mustafa – Nə deyir?

Rəşad – Bayaq dediyini almanca dedi.

Mustafa – Dillər yadından çıxmayıb?

Rəşad – Bilmirəm. Bir dənə bu cümləni müxtəlif dillərdə deyir. Başqa heç nə. Öz dilimizdə əməlli danışır. Amma danışdıqlarının hamısı qurbağalardandır. Bu vəziyyətə düşəndən sonra fikri-zikri ancaq qurbağaların yanındadır. Bilmirəm hardan düşüb beyninə.

Mustafa – Adam tanıyır?

Rəşad – Bizi tanıyır, bacısıyla məni. Qonşulardan da tanıdıqları var. Tanımadıqlarından qorxur. Belə sakitdir. Amma hərdən tutmaları olur. Qışqırır, ağlayır.

Rəşid - Vezzex stoli sepe nişte, işte kuli arişde. (yenə həmin hərəkətlər)

Mustafa – Bu nə dilidir?

Rəşad – Talış olmalıdır...

Mustafa – (bir az susandan sonra ağlına nəsə gəlir, sevincək deyir)Bəlkə Rusiyaya aparaq? Xərci mənim boynuma. Hə, nə deyirsən?

Rəşad – Yox, lazım deyil. Onsuz da düzəlməyəcək...

Mustafa – Hardan bilirsən?

Rəşad – Beş-altı ay əvvəl Türkiyədən həkim gəlmişdi özəl klinikalardan birinə. Onun da yanına apardım. O da başqalarının dediklərini dedi.

Rəşid – Uşaq vaxtı ilan ağzından qurtardığım

              bütün qurbağalar

              böyüyüb sevgilim oldular...*

Gülür. Yenə qurbağayla oynayır.

Bir az sakit otururlar. Mustafa qolundakı saata baxır.

Mustafa – Gecdi daha. Gedim.

Rəşad – Hara gedirsən? Qal da burda.

Mustafa – Çox sağ ol. Bacımgilə düşmüşəm. Sabah yenə gələrəm.

Rəşad- Hə, mütləq gəl. Bağışla daha, sənin də kefini pozduq.

Mustafa – O nə söhbətdir?! Düzü, səhv məndədir. Belə qohumluq olar? Illərlə bir-birindən xəbər tutmuruq...

Rəşad – Eybi yox. Bəlkə beləsi daha yaxşıdır?! Nə biləsən?

Gülümsəyir. Sağollaşırlar.

Rəşad – Bax, mütləq gəlaa...

Mustafa – Arxayın ol. Salamat qalın.

Mustafa çıxır. Sona onu ötürüb qayıdır.

Sona – Qaqaş, Mustafa nə yaman dəyişib.

Rəşad – Qürbətdə yaşamaq asan deyil axı. Yaşlandıqca torpaq çəkir adamı. Inanmıram bu orda daha çox davam gətirsin. Belə getsə yığışıb gələcək bura.

Rəşid – The frog is sitting on the table and grinding of the bones.

Yenə həmin hərəkətləri edir. Gülür.

Rəşad – (bir müddət Rəşidə baxır) Yaxşı, mən gedim yatım. Səhər işdəyəm.

Sona – Bəs yemək yemirsən?

Rəşad – Yox, iştahım yoxdu. Gecən xeyrə.

Sona – Gecən xeyrə.

Rəşad gedir. Rəşid ayağa durub otağın ortasına gəlir. Giriş qapısına tərəf boylanır. Əlindəki qurbağaya baxır. Sonra onu hirslə yerə çırpır.

Rəşid – (danışdıqca səsi yüksəlir, titrəyir) Qurbağalar hanı? Hara getdilər? Kim apardı onları? Ölüblər qurbağalar... (Gözlərindən yaş axmağa başlayır)  Qurbağalar öldülər...

Sonaya yaxınlaşır, onu qucaqlayıb ağlamağa başlayır.

 

Son

* Şeir Rasim Qaracanındır

 

22 iyul 2014

Yenililklər
03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
13.12.23
Yun Fossenin Nobel mühazirəsi
11.12.23
2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb
11.12.23
Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılı
11.12.23
Mixail Lermontov - Vəsiyyət    
11.12.23
Tutu Ağayeva - "Gözəgörünməzlər"in görünən və görünməyən tərəfləri
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.