Şahbaz Xuduoğlu: "Universitetlərdə davamlı yarmarkalar təşkil olunacaq"
17.10.14

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bu günlərdə Almaniyada keçirilən Frankfurt Kitab Yarmarkasından  qayıdıb. O,  verdiyi müsahibədə bu yarmarka ilə bağlı təəssüratlarını bölüşüb.

 

– Şahbaz bəy, mümkünsə, yarmarka haqqında bizə məlumat verərdiniz.

– Frankfurt Kitab Yarmarkası hər il keçirilir. Və bu, Avropada ən böyük kitab yarmarkasıdır. Yarmarkada dünyanın, hardasa, 100-ə qədər ölkəsi iştirak edir və hər il bir ölkə “qonaq” statusunda çıxış edir. Məsələn, Orxan Pamuk “Nobel” alandan sonra Türkiyə çıxış edib, iki il əvvəl Çin çıxış edib.

– Bu il, səhv etmirəmsə, Finlandiya idi…

– Hə, bu il Finlandiya idi. “Qonaq” o deməkdir ki, həm bura gələn digər ölkələrə, həm də yerli camaata öz mədəniyyətini göstərir. Yalnız kitab deyil. Kitabla yanaşı, turizm potensialını, mədəniyyətlərinin digər sahələrini nümayiş etdirir, hətta mətbəxlərini də nümayiş etdirmək imkanları olur. Eyni zamanda yazarları müxtəlif stendlərdə kitabla bağlı çıxışlar edirlər. Yəni bu bir mədəniyyət alveridir. Sözün həqiqi mənasında. Bu il Paulo Koelyo yarmarkanın şərəf qonağı idi. Koelyo ilə görüş oldu. Yazıçının əsərlərini müxtəlif ölkələrdə çap edən naşirlərlə görüş idi. Hamısı iştirak etməsə də, kimin imkanı var idisə, görüşə qatılmışdı. O cümlədən, mən də iştirak edirdim.

– Görüş necə keçdi? Hansı məsələlər müzakirə edildi?

– Çox əhəmiyyətli görüş idi. Koelyo dünyada ən çox oxunan yazardır. 160 milyon kitabı satılıb. Yəni, təsadüfi adam deyil. Bu mənada onun kitab bazarına verdiyi mesajlar çox əhəmiyyətli idi. 45 dəqiqə çıxış etdi və 45 dəqiqə ərzində kitab bazarına baxışını göstərə bildi. Elektron kitabla ənənəvi kağız kitabın rəqabətinə, Rusiyadakı kitab piratçılığına münasibətini bildirdi. Son cümləsi də belə oldu ki, naşirlər gərək xəsis olmasın. (gülür) Naşirlərdən bir az şikayət etdi. Bir də ayaqüstü ikili görüşümüz oldu. Çünki onun Finlandiya prezidenti və xanımı ilə görüşü var idi. Belə mötəbər tədbirlərdə proqramlar elə gərgin olur ki, görüşmək mümkün olmur. Əvvəlcədən də planlaşmamışdı ki, biz ayrıca görüşək. Harri Potterin naşirlərinin ayrıca görüşü var idi. Adətən, belə görüşlər olur. Ümumi hərəkət etmək, ümumi taktika və plan hazırlamaq üçün böyük yazarların naşirləri bir araya gəlirlər. Necə edək ki, bu ölkədə bu kitabın yayımı artsın? Yaxud daha çox oxunsun… Bunu onların marketinq qrupları təşkil edirlər. Ayaqüstü görüşdük, “Azərbaycandan olan naşirinizəm” dedim və o da “Azərbaycandan, hə, nə yaxşı, şad oldum” dedi.

– Rusiyadan şikayətlənməsinin səbəbi nə idi?

– Deyir, biz Rusiya naşirləri ilə 10 min tirajlıq müqavilə bağlamışıq, amma Volqaqrada qədər getdim, gördüm hər yerdə mənim kitablarım oxunur. Necə 10 min və hər yerdə məni oxuyur, tanıyırlar? Əslində, birbaşa ittiham idi Rusiyaya. Eyni zamanda burda pirat formada yayılan elektron kitabların da böyük rolu var. Kitabı heç bir pul ödəmədən, müəllif haqları qorunmadan asanca yükləyib oxuyurlar. Həm də buna qarşı bir mesaj idi.

– Bu yarmarkada demək olar hər il iştirak edirsiniz…

– Deyim ki, mən bu cür kitab yarmarkalarında hər zaman iştirak edirəm. Şarjada keçirilən yarmarkada da iştirak edirəm. İstanbulda da, Moskvada da, Frankfurtda da, Londonda da. Eləcə də, gələn il Fransada keçiriləcək yarmarkada iştirak edəcəyəm. Çünki bir naşir olaraq mənə maraqlıdır, dünya kitabı hara gedir. Bunun gələcəyi necə olacaq? Hansı kitablar var? Hansı müəlliflər var? Kitabın dizaynından tutmuş, müəlliflərin çeşidinə qədər, bu məsələləri sanki monitorinq edirik. Yəni, o mənada mən hər il iştirak edirəm.

– Azərbaycan yarmarkada necə təmsil olunurdu?

– Azərbaycan dövlət olaraq da yarmarkada iştirak edir. Mədəniyyət və Turizm Nazirliyinin ayrıca stendi var. Builki stend əvvəlki illərə nisbətən üç dəfə böyük idi. Yaxşı təşkil olunmuşdu. Ancaq təəssüf ki, aktiv deyil, passivdir. Bizim stendlər passiv stendlərdir. Azərbaycan haqqında bukletlər yaxşı yayılmır. Qarabağ haqqında buraxılan kitablar da yalnız stenddə qoyulub saxlanılır. Ancaq orda Azərbaycan haqqında danışa, kitabları təqdim edə, bukletləri paylaya, yazarlarımızı tanıda bilərlər. Bunları xaricdə oxuyan azərbaycanlı tələbələr də edə bilər. Bir də fakt onu göstərir ki, kitab mədəniyyəti bilavasitə yazıçı ilə bağlı olan məsələdir. Yazıçı olmadan o mədəniyyəti təqdim edə bilməzsən. Mütləq yanında yazıçın olmalıdır. Nə qədər Nizami Gəncəvidən, Füzulidən danışmaq olar? Mirzə Ələkbər Sabirdən, Mirzə Şəfi Vazehdən nə qədər danışmaq olar? Belə çıxır, müasir yazarlarımız yoxdur. Oturub ancaq Mirzə Ələkbərəmi baxmalıdır? Bunlar da yeni yazarlarımızdır. Bunları üzə çıxarmaq lazımdır. Yolmaq açmaq lazımdır. Necə ki, gürcülər edirlər. Hər kitab yarmarkasında gürcülər mütləq yazarlarını gətirir və onlar yaradıcılıqları haqqında, ədəbiyyat haqqında danışırlar. O cümlədən, biz də gənc yazarlarımıza dəstək olmalıyıq ki, onlar özlərini xaricə çıxara bilsinlər. Bir yazarın bir ildə orda görə biləcəyi iş daha çox ola bilər, nəinki ora gedən beş-altı Nazirlik əməkdaşının. Əlaqələr qurmaq baxımından, özünü naşirlərə təqdim etmək və tanıtmaq baxımından. Ora yazıçı lazımdır.

– Yazıçı bu işə daha istəkli yanaşar…

– Əlbəttə. Yazıçılar getməlidir. Bir də bu işi bilən naşirlər getməlidir. Hər halda ümumilikdə, Mədəniyyət və Turizm Nazirliyinin gördüyü iş təqdirəlayiqdir. Böyük yer götürüblər, yaxşı təşkil olunub və s. Ancaq daha fərqli təqdim etmək olar və daha da fərqli olacaq, məncə.

– Bu tip yarmarkalarda, sərgilərdə iştirak etdikdən sonra ölkədə kitab bazarının vəziyyətini daha yaxşı başa düşmək olur. Paralellər apardıqda hər şey daha aydın olur. Bilmək istədiyim dünyada kitabın vəziyyəti və Azərbaycanda kitabın vəziyyətidir. Hansı fərqlər var?

– Biz paralel dünyada yaşayırıq. Bizdə kitaba dəstək yoxdur. Bizdə kitaba təftiş var. Kitaba sevgi yoxdur, həddindən artıq aşağıdır. Baxmayaraq ki, bu qədər iş görürük, hələ də istədiyimiz nəticəni ala bilmirik. Kitab oxuyanlar gənclərdir. O təbəqə ki, kitaba investisiya qoymaq imkanı yoxdur. Bu tələbə deyək ki, ay ərzində uzaqbaşı özünə 15 manatlıq kitab ala bilər. Amma əsas imkanlı adamlarımız var ki, onlar kitabdan çox uzaqdadırlar. Biz onları kitaba yaxın gətirməliyik.

Almaniyada olarkən Frankfurtdan başqa şəhərlərdə də olduq. Ən xırda kənddə belə böyük bir kitab dükanı var. Kitab bu qədər həyatlarının ayrılmaz tərkib hissəsidir. Ancaq kitab bizdən həddindən artıq çox uzaqdadır. Biz bunu gərək hansısa formada yaxına gətirək. Gedirsən, alman gəncinin kitaba olan münasibətini görürsən və düşünürsən ki, alman xalqının uğuru onun kitaba olan münasibəti ilə bağlıdır. Bir də bir azərbaycanlı gəncin kitaba münasibətini görürsən. Həqiqətən, yerlə göy qədər fərqi var. Yüzdə yüz təsdiq olunmuş faktdır ki, kitabsız uğur yoxdur. Bütün uğurlar kitabın yanındadır. Kim kitab oxuyursa, kim kitaba sayğılıdırsa, kim kitabla özünə yatırım edirsə, onun yüz qat bəhrəsini görə bilir. Kim görmürsə, o təsadüflərə ümid bağlamasın. Təsadüflər onu ancaq aqressiv və amansız edə bilər. Yəni təsadüf nəticəsində bu gəldi bir vəzifə tutdu. O vəzifədə nə edəcək? Amansız və aqressiv olacaq. Çünki o, təsadüfən gəlib. O, pula da, insanlara da aqressiv davranacaq. Biri də var ki, oxuduqca tədricən ətrafını gerçəkləşdirirsən, şəbəkəni genişləndirirsən, ətrafında fərqli insanları toplaya bilirsən, fikirlərini paylaşa bilirsən. Ondan gələn gəlir isə tamam fərqli olur. Biri var piramida formasında inkişaf edəsən, biri də var bütün binaların hamısında bir mərtəbə qaldırasan. Bütün insanlara böyümək imkanı yaradırsan. Bu, tamam fərqli mənzərədir. Bu mənada Avropa cəmiyyətinin kitaba münasibəti ilə bizim kitaba münasibət arasında çox fərq var. Hətta uçurum var. Bu uçurumun nə zaman qalxacağını demək çox çətindir.

– Son zamanlar kampaniyalar, kitab yarmarkaları keçirirsiniz. Onların nəticəsi necə olur?

– Biz ilk dəfə olaraq küçələrdə kitab satmağa başladıq. O zaman sosial şəbəkələr yeni-yeni formalaşırdı, insanlar yeni-yeni “facebook”a qoşulurdu. Bizə ən çox gənclər dəstək olurdu. Elə bu illər ərzində bizə ən çox dəstək olan gənclərdir. Bu dəstəyi daim onlardan görürük. Çağırışlarımıza gəlirlər, küçədə kitab satışı olanda gəlib dəstək olurlar. Həm satıcı kimi, həm alıcı kimi. Həm də orda kitab haqqında danışırlar, kitabı təqdim edirlər. Bir gənc hansısa kitabı oxuyub təsirlənibsə, orda yeni gələnlərə o kitab haqqında danışır. Yeni gələnlərlə fikir paylaşımı edir, onlarda fikir yarada bilir. Küçələrdən başladıq, sonra ticarət mərkəzlərinə getdik. İndi universitetlərə gedirik. Çox sağ olsunlar. Təklifimizi müsbət dəyərləndirdilər.

Yay boyu parklara getdik. İcra Hakimiyyətlərinin, eyni zamanda Hacıbala Abutalıbovun bunda böyük rolu oldu. Parklarda kitab yarmarkası etməyimiz üçün icazə verildi. Baxmayaraq ki, yay aylarıdır, şəhərdə adam azdır. Bunun da çox böyük təsiri oldu. Meriya bu yay aylarında insanların mənəvi zənginləşməsi baxımından imkan yaratdı. Bunların hamısının bir nəticəsi var. Kitab hər gün irəliləyir. Mütləq irəliləyir. Mən bunu görürəm. “Oxuyan yoxdur” demək düzgün deyil. Əslində, kitab yoxdur. Oxuyan var, kitab yoxdur. O qədər böyük müəlliflər var, o qədər gözəl əsərlər var. Biz bütün bu kitabların kənarından keçmişik. Siz təsəvvür edin, Dostoyevski Azərbaycan dilinə tam tərcümə edilməmişdi. Elə Avropa klassikləri var ki, biz tamamilə ondan xəbərsiz olmuşuq. Fikir adamları var, hansı ki, cəmiyyətlər yaradıblar. Biz o cəmiyyətlərdən kənarda qalmışıq. Bir millət özünü öz mətni ilə yaradır, güllə ilə yox. Əgər bir millətdə fikir adamı maraqlı fikir, mətn yaradırsa, deməli, o millət var. Yaratmırsa, deməli, yoxdur. Tüfəng at, qumbara at, bununla millət özünü yaratmır. Məsələn, “Umberto Eko” deyəndə sənin gözünün önünə bəlli bir coğrafiya gəlir. Və ya “Nitsşe” deyəndə bəlli bir coğrafiya göz önünə gəlir. Ərəb dünyasında hansı bir ad sənə coğrafiya cıza bilər? Mahfuz, məsələn, bir coğrafiya cıza bilər. Nobel alıb. Orxan Pamuk böyük bir coğrafiya yaratdı. Bütün türk dünyası ədəbiyyatının yolunu açdı Avropaya. İndi türk ədəbiyyatı Avropa dillərinə, ingilis dilinə tez-tez çevrilir. Demək istəyirəm ki, maraqlı mətn milləti yaradır. Maraqlı mətn də maraqlı mətndən yaranır. Yəni nə qədər çox kitab, maraqlı mətn bu dilə tərcümə olunarsa, onlardan da yeni yaranan maraqlı mətnlər ola bilər. Əks halda, insanlar hardan qidalansın? Azərbaycan yazarı nə ilə qidalansın? Bu gərək çox kitab oxusun. Hər kəsin ingiliscə, rusca kitab oxumaq imkanı yoxdur. Bu dili zəngin etmək istəyiriksə, çoxlu kitablar tərcümə edilməlidir. Sözüm odur ki, indi universitetlərə getmişik. Bu da çox böyük uğurdur. Universitetlər razılıq verib. Azərbaycan Dövlət Pedaqoji Universitetində yarmarka keçirmişik. Tələbələr çox sevinirlər. Bu bir bayramdır. Bəlkə də, onlar tələbəlik illərində ilk dəfə belə bir şey görürlər. Onlar üçün endirimli kitablar satılır. Biz buna davam edəcəyik. Bu qaydada başqa universitetlərdə də yarmarkalar təşkil olunacaq. 

– Azərbaycan oxucusu müasir dünyada gedən ədəbi proseslərdən nə dərəcədə xəbərdardır? Bu istiqamətdə hansı işləri görürsünüz?

– Hazırda “Nobel” mükafatının son qalibi fransız yazıçı Patrik Modianonun əsərini tərcümə edirik. Ümumiyyətlə, dünyada gedən ədəbi prosesləri mütəmadi izləyirik. Müasir yazıçıların əsərləri dilimizə tərcümə olunur. Məsələn, Murakaminin bütün əsərlərini çap edirik, edəcəyik də. Beqbederin bu yaxınlarda bir kitabı çıxır. O kitab Fransada çıxanda, eyni vaxtda bizdə də çıxacaq. Biz artıq xeyli yaxınlaşmışıq. Böyük bir məsafəni bir neçə ildə qət etmişik. Və ya məsələn Mark Levinin bir kitabı çıxacaq. O kitab eyni zamanda Azərbaycanda da çıxacaq. Den Braun Azərbaycan nəşri ilə bağlı öz “facebook” səhifəsində yazmışdı. Yəni demək istəyirəm ki, dünyada kitab bazarını vəlvələyə salan, silkələyən imzaları hər zaman diqqətdə saxlayırıq. kult.az

Yenililklər
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20

İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub

24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.