Yaşar Bünyad - O üzdə kim var?
23.10.14

Avanqard.net Yaşar Bünyadın "O üzdə kim var?" hekayəsini təqdim edir.
                                 
Adını Hacı qoyanda atasından başqa hamı narazı  olmuşdu.Əksər qohum-əqrəbası babasının adını qoymağı münasib bildiyindən onları vecinə almadığı üçün,  bir ara,yaman  tərs adam olan atasından küsmüşdülər də.Amma bu küsülülük uzun çəkməmiş,  yaş kağızında adı  sənət-subuitla təsdiq olunduğu gün ki, qonaqlıq  baş tutmuşdu, o gün də hamı qapılarına yığışıb  uşağı  “Hacıbala” deyə çağırandan sonra küsülülük, yəni, inciklik də eləcə ötüb keçmişdi.
Əkrəm  yeganə oğluna  bu adı verməklə ,sanki  böyük bir nəslin  reallaşdıra bilmədiyi istəyini quruca adla da olsa yaşatdığına görə qürrələndiyindən rahatlanmışdı.” Dədəm də, qağam da, özüm də bu arzuyla yaşadıq  ömür boyu,elə  bu arzuyla da öləcəyik. O müqəddəs torpağı ziyarət etmək, qara daşı öpmək, şeytanı daşlamaq bəlkə oğluma qismət olacaq? !”
Lap körpəlikdə atasından, müharibədən şikəst qayıtmış babasından o qədər eşidərmişki bu sözləri. Ən çox da atası hikkəylə deyinərdi:” Şura hökuməti uşaqlığımı əlimdən aldı, bir də ayıldım ki, budu ha, yekə kişiyəm, komsomola  yazılmalıyam,  kommunist olmalıyam, sənət məktəbinə getməliyəm,nə bilim nə eləməliyəm... Allahın da  adını tutanın dədəsini dalına səriyirdilər, kafirlər! “ Əlbəttə, bunları  hikkəylə , amma  elə pıçıltıyla deyərdi ki, evdəkilərdən başqa ,heç divarların da qulağına gedib çatmasın – çünki , o zamanada divarlar da eşidirdi deyirlər...
Oğlunu Hacı deyə çağıranda Əkrəmin  ciyəri  sərin dağ  havasıyla dolurmuş kimi şişirdi,bir növ təskinlik tapır, ürəyi  də  “pırr...” eləyib  qəfəsdən çıxmış göyərçin kimi  çırpınırdı sinəsində.
“Nə kopoyoğlu şeyimiş əə, sevinmək?!” deyə  şadlığından içində sakitcə ağlayırdı, sanki  o vaxt oğlunun adqoydusu  deyildi , özü Həcc ziyarətindən qayıtmışdı ...
Hə, onda Hacı uşaq idi, Əkrəm də indiki kimi qocalmamışdı.
İmkanlılar dünyanın bütün naz-nemətindən dadmaq üçün yorğa at belində  kef çəkə-çəkə gedərkən, Əkrəmkimilər yetə bilmədiyi arzularının dalınca dəlisov  kəhər atı  necə çapmışdısa , nə vaxt  gəlib ömrünün sonuna dirəndi – hiss etmədi.Amma, qocalmağına baxmayaraq buna  da şükür edirdi ki, nəhayət, dədəsinin, qağasının, özünün arzusu gözündə qalıb dünyaya vida etməyəcəkdi, çünki öğlu  gec də olsa, əsl Hacı olmuşdu!
“Nə yaman şeyimiş əə, ölməmiş  istəyinə  çatmaq!..”
Gözlərini yumanda nə hiss etdiyini deyə bilmərəm, amma o baxışlarda möhtəşəm bir təbəssüm vardı!  Əkrəm,  ona yuxu kimi gələn , bəlkə də  həyatın  nə qədər şirin olduğunu  ilk dəfə dadarkən  bütün  mənasız ömrünə heyfislənsə də hacı atası kimi işıqlı dünyaya gözlərini  qapadığından fəxarət duyurdu.


Hacı iri bir rayonun sayılıb –seçilən zatıydı, çünki bu iri rayonun ilk hacısıydı . Adlarını  yaxın qohum-əqrabasının da çoxunun  unutduğu - atasını, babasını, ulu babasını da ona görə yad edir, ən uzaq qohumuna, dost-tanışına Hacıya görə hörmət edirdilər. Məclislərin başında, saqqalı ağarmasa da ağsaqqallar cərgəsində  yeri vardı.Atasının arzuladığı, özünün görmədiyi günləri yaşayırdı Hacı.Uzaq kəndlərdən dəstə-dəstə adamlar qapısına pay-pürüştlə gəlir,  Allahın müqəddəs ocağını ziyarət edirlərmiş  kimi   atasından qalma daxmasına səcdə edirdilər.

Bu dünyada hər Allah bəndəsinin çatışmayan bir cəhəti  var.Hacıda da bir balaca keylik vardı uşaqlıqdan. Ona görə də  küt idi, yəni  savad sarıdan kasıbçılığı ağzını açan kimi özünü biruzə verirdi.İki il  çalışsa da ərəb dilini alayarımçıq öyrənə bilmişdi.Yas mərasimlərində ,  başbilən axund və mollalardan   eşidib  , kafir  əlifbasıyla  dəftərçəsinə yazdığı bir neçə vacib surələri   necə yazmışdı ,eləcə oxuduğundan  tələffüsündəki eybəcər qüsurları gizlədə bilməsə də ,fərqinə varmazdı, çünki  özü də bilirdi ,rayon cammaatı   ərəbcə bilmədiyindən,  onsuz da,  onun  dediklərini  anlamırdı.
Bir yas məclisində  keçmiş pinəçi  Hacı Əbülqasım, keçmiş qaz idarəsinin müdürü Hacı Bakir  onunla birlikdə ehsanı yeyib qurtarandan sonra növbəylə dualar oxudular və məclis əhli də ağızlarının yağını silib səbirsizliklə  baş mollanın nə vaxt  “fatihə” deyəcəyini gözləyirdilər ki, getsinlər işlərinin-güclərinin dalınca. Nədənsə,  məclisin baş mollası hacı Bakir bu işi bizim  Hacıya həvalə elədi.Hacı əvvəlcə duruxdu, boğazını yaşlamaq üçün purrəng çaydan  bir-iki qurtum uddu, mikrafonu özünə yaxınlaşdırıb   kal səslə oxudu və bir neçə dəqiqədən sonra  iki əlini kitab kimi açıb yuxarı qaldırdı, üzünə salavat çəkib :” Allah  bütün ehsanları qəbul eləsin! Allah rəhmət eləsin!..Zəhmətinizi halal  eləyin!”-dedi. “Halal  xoşu...” deyib , yalnız  son duaları  başa düşdükləri  məclisi  tərk edənlərin  üzlərindəki gərginliyin əriməsindən  bilinirdi.  
Təkcə Mirqasım çadırdan çıxmağz tələsmirdi. O, Hacıya yaxınlaşdı, ədəblə salam verdi, başını  aşağı əyib ağzını onun qulağına dayadı, dediyini heç kəs eşitməsə də  Hacının  yerindən dik atılıb gözlərini bərəltməsini  hacı mollalar da, süfrəni yığışdıran cavanlar da görüb ona sarı çevrildilər. Onu elə bil tok vurmuşdu.Topuq vuran dilindən çıxardığı bu sözləri isə hamı eşitdi:
-O-o-ola bilməz?!-dedi və o dəqiqə də pərt olduğunu aşkar etməmək üçün məclisi tərk etdi.
Bayaqdan asta –asta  təsbeh oynadan özlərindən razı  hacılar nə baş verdiyini anlayıb hirslə bir-birinə baxdılar,sonra da   hər məclisdə bir hoqqa çıxarıb onları pərt edən  Mirqasıma  sarı çöndülər.Hacı  Bakirin başında  qaz idarəsinin  “qaz”ı hələ də qaldığından sovetdən miras  müdürlük ədasıyla dedi:
-Mirqasım, ağsaqqal kişisən, get ,  öz işinlə məşğul ol.Hər dəfə bir  hoqqa çıxarma camaatın məclisində.Belə savadlıydınsa, niyə  institutdan mitilini  atmışdılar bayıra ?!
Mirqasım belə atmacalara öyrəncəliydi.  Həm də  bilirdi ki, Hacının etdiyi qələtləri   Bakir də tez-tez təkrarlayır, ona görə də  üzünə baxmadan ,saymazyana onun oturduğu yerə işarəylə:
-Ora sizin yeriniz deyil,-deyib məclisi tərk etdi.
O deməyə də bilərdi, susardı,sadəcə, adi sözləri belə düzgün tələffüz etməyən  üzdəniraq  molla və hacıların  məclisin başında əyləşib müqəddəs kəlamları çeynə-tüpür etməsinə dözə bilmirdi.Odur ki, tez-tez qələt buraxan, oxuduğunun mənasını dərk etməyən Hacıya həm  acığı tutmuşdu, həm də  burnu girməyən yerə başını təpələşdirən  yerlisinə  yazığı gəlmişdi.
Başqaları kimi gözünü mollanın əlinə ,ağzına dikib nə dediyini qanmadan “amin” kəlməsini gözləmirdi Mirqasım.O, müqəddəs kitabı səlist bilirdi, orjinaldan oxumuşdu ,yəni, heç kəs savadına şək-şübhə edə bilməzdi.Amma, nə vaxt ki,başı pozuldu, dərdindən  içkiyə qurşandı,daha  kitabı evində saxlamadı, verdi mədrəsəyə.

Çoxları bilmirdi ki, Mirqasım  Brejnevin dövründə qızıl medalla orta məktəbi bitirib şərqşünaslıq fakültəsinə daxil olan, bəlkə də  ilk və son kəndçi balasıydı.Amma Mirasımın böyük arzuları, gələcək planları  yarı yolda ilişib qaldı, çünki, çox adam bilmirdi ki, ərəb dili şöbəsində oxuyan Mirqasım  elə birinci kursdan tələbə yoldaşına vurulubmuş, dəli kimi sevirmiş qızı.Tərslikdən  də qız  kim ola, kim ola , hansısa nazirin qızı, özü də yeganə qızı.
Nə isə, söz çatır nazirin qulağına .Aydın məsələydi ki,  nazir qızıyla lüt-üryan, “bambılı”( nazir belə deyibmiş)  bir kəndçinin nəinki kəbini kəsilə bilərdi, heç yolları da bir ola bilməzdi.Odur ki, nazir rektoru yanına çağırıb nə deyibmişsə, Mirqasımı ikinci kursun birinci semestri  bitməmiş  universitetdən qovdurmuşdu.Vəssalam!..
Lap Füzulinin Məcnunu kimi, bəlkə ondan da betər havalanıbmış  Mirqasım.Bircə o qalıbmış ki, düşsün  Kürdəmirin çöllüyünə. Bu eşq-məhəbbət yaman zalım şeymiş!..
Rayona qayıdandan sonra illərlə sevgisini unuda bilməyən Mirqasım  , hələ də  subay idi. Düzdü, bir az “o söz”, başı çevriləndə  heç kimi tanımırdı,amma  tez də özünü yığışdırmağı bacarırdı, üstünə tullanmasaydı,  heç kimin  toyuğuna  “kiş” də deməzdi.
İçirdi.Elə bil üstündə gəzdirə bilməyəcəyi ağır yükün sanbalını azaltmaqçin ,arzusuz, sevgisiz yaşamağın  mənasızlığını unutmaq  üçun içirdi. Yalan, şər-böhtan, təkəbbür , şan-şöhrət , rəzalət  ayaq açıb yeriyən bu məmləkətdə  Mirqasımın cəhənnəm əzabı çəkdiyini  duymayanlar, duymaq istəməyənlər onu qınayır, “ sənin yerin cəhənnəmdi “ deyənlər də tapılırdı. O da  zarafata salıb deyərdi ki,  camaatın qazpuluyla özünə imarət ucaldan,oğlunu medinstituta  qoyan, indi də hacı olan Bakirlə cənnətdə  bir yerdə  sərinlənməkdənsə, cəhənnəmin  istisində tərləmək min dəfə yaxşıdı. Bir də deyərdi ki, ay  bədbaxtlar, bu dünyada  pul töküb qabağında pəyandaz olduğunuz,  hər kişinin qismətinə düşməyən   Şakira, Madonna, Lopezdi-nədi, o,Aygün  Kazımova, Manana... “Cəhənnəm-plaza”da  pulsuz-parasız  oxuyacaqlar mənimçin ee...Ha-ha-haa!.. Hələ  rayon axundunu, bələdiyyə sədrini demirəm...Hə, ferma müdürü  Mamed də təzə “UAZ”-in sürəcək elədən- belə, belədən-elə.Çünki nə svetofor var, nə radar-madar...Əsl bizim yerimizdi!
Bəziləri  “başına hava gəlib “deyib ona gülsələr də ,çoxu Mirqasımın fantaziyalarına inanmaq istəyirdi, hətta , bəziləri inanırdı da...

...Məclisdən çıxandan sonra neçə gün özünə gəlməyən Hacı depressiyaya düşdü. Mirqasımın son sözünü heç cürə unuda bilmirdi. Bir tərəfdən də ,ziyarətə hazırlaşanda ona dərs demiş axundu günahlandırırdı ki, necə ola bilər ,axund  ,ərəbcə  lənətə gəlmiş “s” hərfinin  bu qədər  “kaprizni” olduğunu ona anlatmayıb. Yoxsa , özü də?..

Neçə gün keçdi, ay bitdi, fikirdən  özünə qapanıb çölə-bayıra çıxmayan Hacı xəstələnib yatağa düşdü.Həkimlər onun dərdinə çarə tapa bilmirdilər.Arvad-uşağı gecə-gündüz dua edib əllərini göyə açırdılar ki, ona bir şey olmasın. Hacı sağalmaq bilmirdi ki, bilmirdi.
Bir axşam Mirqasım  onu yoluxmağa gəldi.Deyəsən bir balaca “vurmuşdu”-zəhirmarın iyi oturandan beşcə dəqiqə keçməmiş otağı başına bürüdü.Hacı onun gəlişinə nə sevindi, nə də ağız büzdü.Amma  onun saymamazlığı ,yəni içkili hacının kəndarına ayaq basması, deyəsən, qonağa çay da təklif eləməyən arvadına  yamanca yer eləmişdi .
-Necəsən,Hacı?-Soruşdu.
Hacı bilmədi halını  rişxəndlə soruşur, yoxsa doğrudan-doğru.Əllərini sinəsində çarpazlayıb  dilləndi:
-Görmürsən, ölürəm.
Mirqasım doktor Qəni dəstiri əlini xəstənin alnında gəzdirdi, sonra əini ovcunda saxlayıb pişik tumarlayan kimi sığalladı və birdən qəhqəhə çəkib gülməyə başladı.Arvad-uşaq  da  döyükərək qonşu otaqdan  boylandılar . Bunu görən Hacı daha da hirsləndi.Az qaldı ki, xəstəliyini unudub ayağa qalxsın, Mirqasımı ayağının altına salıb çırpışdırsın.
-Nə irişirsən əə, -deyə bağırdı,-dolamısan  məni?!  İçib gəldiyin bəs deyil, hələ məzələnirsən də? And olsun Allaha!...
Mirqasım onun sözünü yarımçıq kəsdi:
-Hacı , inandığımız haqqı, səndə xəstəlikdən əsər-əlamət yoxdu.Ölmək nədi?Səninki başqa şeydi e, azar deyil...Elə ona görə gəldim,  gəldim  deyəm ki, heç ürəyinə vurma, səhvsiz insan olmur, illahda, savadı olmayan ola...Qırxında öyrənən də ki, özün bilirsən...Günah səndə deyil , sənə dərs verəndədi... Mənim  o gün dediklərimi də unut  getsin.
Hacı çaş-baş qalmışdı ;Mirqasım əvvəllər belə danışmazdı, elə bil  dəyişmişdi, bir təhər olmuşdu ee...Bir balaca kövrəlmişdi də.Səbəbini ayırd edə bilməsə də ona toxtaqlıq verdiyinə görə qucaqlayıb öpmək istədi.Amma  güclə özünü saxladı,bircə bunu deyə bildi:
-At getsin bu içkini.Yazıqsan...
Mirqasım   təəssüflə “xəstə”ni süzdü, gözlərinin içinə baxıb  dedi:
-Gecdi.Qismət olsa,  görüşərik.
Mirqasım vidalaşıb getmək istəyəndə Hacının qulağına pıçıldadı ki, bəs,sabah leysan tökəcək, tərs kimi mən  də  yola çıxıram. Hacı da “yaxşı yol” deyib  daha soruşmadı ki, hara gedirsən və gülümsədi.
-Qismət Allahdandı,-dedi.

İldırım elə şaqqıldayırdı, deyərdin ,bu dəqiqə yer-göy yanıb kül olacaq.Leysan da tökür ağappaq , köpükləri də  bildirçin yumurtası boyda. .Ancaq ildırım çaxıb hər tərəfi  gur işığa bürüyəndə  yerə çırpılan  iri damlalar zərbəyə tab gətirməyib dağıldıqca sanki ağ zanbaqlar açmış  geniş zəmini xatırladır ,bir  göz qırpımında  da bu gözəllik yenidən zülmətin ağuşuna girirdi.
Və beləcə, bütün gücəni köpüklənə-köpüklənə ağ leysan tökdü. Son on ildə  bu cür yağışı xatırlayan belə olmamışdı.
Səhərəcən yerində qurcalanan Hacının  yuxusu ərşə çəkildiyinə görə özünə,  həm də bu müsibətdə yola çıxacağına görə də Mirqasıma yazığı gəldi.

Günortaya az qalmış  leysan  gözlənilməz başladığı kimi də xırıppıltıyla kəsdi  və kəndə xəbər yayıldı ki, bəs, Mirqasım... dünyasını  dəyişib.
Hacı bu xəbəri eşidər-eşitməz  dəhşətə gəldi. Dünən  top kimi olan kişinin qəfil ölümünə heç cürə inana bilmirdi .Bir yandan da fikirləşdi ki, axı necə ola bilərdi ki, Mirqasım, Mirqasım aa, qabaqcadan ölməyini dəqiqliklə bilsin?
Rayonda eşidib-bilən  onun dəfnində iştirak etdi.Hacı Bakir  də “ölənin dalınca danışmaq günahdır” prinsipini rəhbər tutaraq  getdiyi yerin nurla dolmasını , torpağının yüngül olmasını arzulayıb dualar oxudu ki,bəlkə Mirqasım onun dualarını eşidər  və ondan razı qalar  ,inşallah!..

...Zülmət  getdikcə azalır,göylərə dirənən  daş hasara yaxınlaşdıqca  torpaq yol çınqıllı cığıra dönürdü.On-on beş addım da atsa iri, ağır taxta darvazaya yaxınlaşacaqdı.Uzaq, məşəqqətli  yol gəldiyini dizləri titrəyəndə hiss etdi.Bütün vücudu yapışqanlı tərin əsarətindəydi.Nəhayət ki,  mənzilə çatdığını biləndə son dəfə dərindən nəfəs aldı, güclə yerdən bir qənbər daş götürüb taxta darvazanı döyəclədi...
Deyəsən çox  döyəclədi, çünki  qapı  gec açıldı, cırıldaya-cırıldaya açılmağıyla da heyrət onu bürüdü ; uzaqda, Braziliya karnavallarına  bənzər  möhtəşəm  qələbəlik  ,rəngarəng geyimlər, qulaqbatıran musiqi, hər dildə danışan insanların hay-küyü  düşdüyü bu aləmin qəribəliyindən xəbər verirdi.”Aman Tanrım,bu nə təntənəydi belə?!”
İçəri girmək istəyəndə döyüküb tez də dayandı ;yerdən vulkanabənzər  od püskürdü, lap o, bulvardakı musiqili fantan  kimi,sonra da elə darvaza hündürlüyündə  eybəcər bir it zəncirini çeynəyə-çeynəyə  tindən çıxıb  alovun qarşısında dayandı, ona baxdı.  Təzəcə ət yediyindən  əcaib   dişlərindən damcılayan qıpqırmızı qan sallaq dodaqlarına süzüldükcə kəskin iy verən ağız  seliyinə qarışıb bulanırdı.Gözlərinin içi də qan rəngindəydi.
İt   lap yaxına gəlib adam kimi danışmağa başladı.
-Xoş gəlmisən, Hacı.
Hacı , adam kimi danışan, özü də onu tanıyan  itin xırıltılı səsindən diksindi.Başını  tərpədib udquna-udquna  təşəkkür  etdisə də yamanca qorxdu.
Adam kimi danışan İt:
-Tanımadın məni?- Soruşdu.
Hacı bir az ürəklənib, nəsə tanış bir iz, oxşarlıq axtarırmış kimi bədheybətin qıllı sifətinə, qızarmış gözlərinin içinə  baxdı,  tanış bir cizgi  tapa bilməyib yenə başını yellədi ki,  “yox”.
Buna bənd iymiş, o boyda it  başını ayaqlarının arasına qısıb hönkür-hönkür ağlamağa başladı.Sonra toxtayıb Hacıya dedi:
-Şükürəm də,Şükür... Molla Şükür, tanımadın?
Hacı  keçən payız  kubiklə yüklü  “Kamaz” ın altında qalıb ölən  molla Şükürün  adını eşidəndə əti ürpəşdi.Heyrətlə onun qırmızı gözlərini süzdü.
-Vay dədəm, vayy!..Ə, sən bu günə niyə düşmüsən?
Şükür də şəhadət barmağını göyə  tuşlayıb cavab verdi :
-Həə...Onun nəzərindən zərrə də  qaçmazmış?!. Allahdan gizli olmadı, səndən nə gizlədim. Bura gəlməmişdən üç  il əvvəl məscidin nəzir qutusundan beş min manat , bir də yeddiyüz dollar götürüb qızıma cehizlik almışdım.Əlim quruyaydı!..Fikirləşirdim  ki, heç kəs bilməz. Mənə deyən lazımıydı ,ay itə dönmüş gorbagor,niyə nəfsini boğmursan, niyə eşşəklik edirsən, hə?! . Qurbanın olum ay Hacı, indi  məni yandıran bu deyil , məni o yandırır ki,  ömrü boyu alnı möhür görməyən Mirqasım burda kef çəkir - bir yanında  Şakira  əndamı yanmış, bir yanında Aygün, ərəb rəqqasələri də - əti tökülmüşlər-səhərdən  axşamacan qabağında göbək  atırlar ,məni  isə  itə döndərib qapıya bağlayıb!..
Hacı onun adını eşidəndəndə  bir az duruxdu, barmağını  elə dişlədi ki, lap bağırmaq istədi , onsuz da kəm olan nitqi tutuldu,rayondakı hüzr yerində buraxdığı qələt yadına düşdü, nədənsə,  ağ leysan  yağan o gecəni xatırladı ,sonra  da mollanın sözlərinə şək-şübhə etməmək üçün  itin, yəni Şükürün qoltuğunun altından boylanaraq diqqətlə  püskürən alovdan  o üzə baxdı  ;əvvəlcə , uşağlığından itoynadanın biri olmuş mollanın dediklərinin maskarad olduğunu zənn etdi, amma diqqətlə baxandan sonra yarıçılpaq ağ,qara, mulat qızların əhatəsində şellənən Mirqasımı , “UAZ”-ını qollu-budaqlı şabalıd  ağacının  altında saxlayıb təmir eləyən Mamedi görəndə quruyub yerində qaldı,hara gəlib çıxdığını dərk edəndə  isə “hiiii...” eləyib böyük qələt sahibi molla Şükürə yox, özünə yazığı gəldi və o dəqiqə də  ürəyindən keçdi ki, indicə bir Allah bəndəsi onu çimdikləsə ,yəqin edərdi  o ,yuxudadı , yoxsa  ölüb?..

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.