Hüseyn Cavid - Ah... Yalnız sən!
24.10.14
Avanqard.net Hüseyn Cavidin "Ah... Yalnız sən!" şeirini təqdim edir.
Ruhum, ey aşinayi-əsrarım! Həp uzaq, bəzmi-vüslətindən uzaq, Qürbət ellərdə təlxkam olaraq, Səni özlər də sızlayıb yanarım.
Gecə-gündüz həyati-müztəribim, Sənin alami-həsrətinlə sönər. Fikrə gəldikcə həp keçən günlər, Daima çırpınıb durur qəlbim.
Səndən ayrıldığım zaman o gözəl, Tatlı, süzgün baqışların guya Pək dərin bir sükut içində bana Demək istərdi: “Get, fəqət tez gəl!”
Öpüb əmdikcə tombul əllərini, Ruhum ağlardı, iştə sən o zaman Oqudun gözlərimdə pürhəyəcan Bir əsirin sönən əməllərini.
Sonra titrək, kəsik əda ilə sən Yalınız - get, saqın unutma! - dedin. Uça bilsən də şimdi bir gəlsən, Halımı seyr edib olurdun əmin.
İştə! Həp nevbahara nəşə verən Qönçələr, nəğmələr, təbəssümlər, Al şəfəqlər, nəsimi-şuxi-səhər Bana biganə... ah... yalnız sən!
|