Cavanşir Yusifli: "Bəzən heç mətni oxumadan yazanlar var" - MÜSAHİBƏ

27.10.14

Avanqard.net ədəbiyyatşunas, tənqidçi və tərcüməçi Cavanşir Yusifli ilə müsahibəni təqdim edir.


– Bugünkü ədəbi tənqidin durumunu necə qiymətləndirirsiniz?

– Adətən, bu tip sualları tez-tez verirlər. Ona görə tez-tez verirlər ki, bu ümumi səciyyəli bir sualdır. On il bundan əvvəlki qəzet və jurnallara nəzər yetirilsə, görərik ki,  bu, tənqidçilərə ən çox verilən sualdı. Mən birbaşa cavab verim ki, ədəbi tənqidin durumu elə ədəbiyyatın öz durumu kimidir. Konkret olaraq onu deyə bilərəm ki, bizdə ədəbi prosesdə ədəbi tənqidin yeri haqqında ən müxtəlif fikirlər, rəylər, mülahizələr var. Amma aydın məsələdir ki, konkret yaradıcılıqda, praktikada sən gərək, öz mövqeyini təsdiqləyəsən və onunla ədəbi prosesə yeni mesaj verəsən. Məsələn, bir çox insanların fikrincə, ədəbi tənqidçi yazarla müqayisədə ikinci dərəcəli bir fiqurdu. Amma bir şeyi unutmayaq ki, tənqid söz haqqında sözdür. Tənqidçi yazarla müqayisədə heç də ikinci dərəcəli fiqur deyil. Adətən, bunun əksini deyənlər fikirlərini assosiativ müqayisələrlə əsaslandırırlar ki, filan şey birincidir, filan şey ikincidir. Zorla tənqidi də o sıraya pərçim edirlər. Əslində, tənqid necə olmalıdır?  Bu indi sənin sualından sonra, bəlkə, məntiqi şəkildə doğacaq bir sualdı. Bizim cəmiyyətdə hələ o yoxdur. Hələ bizim ədəbi prosesdə onun yalnız sönük işarələri var.  Tənqidçi elə olmamalıdır ki,  kiminsə istəyi ilə sifarişli yazı yazsın. Tənqidçi birinci növbədə “seçim” deməkdir. Yəni mənim seçimim varsa, mən ayırd eləyə bilirəmsə, zövq aləmində yaxşı nədir, pis nədir,  deməli, mənim seçimim var. Yerdə qalanlar bu seçimə uyğun hərəkət eləməlidirlər.  Mənim də birinci vəzifəm həmin bədii mətni əhatəli şəkildə, estetik baxımdan, poetika baxımından təhlil eləməkdi. Əks təqdirdə tənqid tərif yığnağından ibarət olur və  öz adının əleyhinə çıxır. Çox təəssüf ki, indi mənim həsədlə dediyim o cəhətlər bizim ədəbi tənqiddə yoxdur. Çünki bu həm vicdan məsələsidir, həm də ki, uzun bir prosesin nəticəsində formalaşacaq bir işdir.
Yəni insanın həvəsi gələr, yüzlərlə nəzəri, praktiki  kitab oxuyar. Amma müəyyən kriteriyalar var ki, onları kitablar vermir, insanın daxilindən gəlir. İnsan daxilindən gələn səsə qulaq asmağa öyrəşərsə, buna vərdiş edərsə, ondan yazıçı olar, ondan şair olar, ondan tənqidçi olar. O səsi batırmaqla məşğul olarsa, inandırım səni ondan heç nə çıxmaz.

– Bu gün ədəbi tənqidə  axın nəzərə çarpacaq səviyyədə deyil, dramaturgiya və ədəbi tənqidə axın niyə azalıb?

– Ümumiyyətlə, mən sənə bir şey deyim. Bizim ədəbiyyatla məşğul olan adamlar, yazı-pozu ilə məşğul olan adamlar ümumi baxışı nəzərə alsan, görəcəksən ki, sanki, bu cəmiyyətdə gedən proseslərdən bir az kənardadırlar.  Hətta onları bir az kənarda saxlamağa çalışan qüvvələr var. Dramaturgiyadan danışaq, məsələn, Sovet dövründə görürdüm ki, teatrlar yaxşı işləyirdi. İndi yaxşı dramaturqlar barmaqla sayılacaq qədər azdı. Yaxşı teatr rejissorlarımız da həmçinin. Həm də səviyyə ortadan aşağıdır. Amma ədəbi tənqidçilərin sayı əvvəlcədən az olub. Çünki bu elə bir sənətdir ki, elə teatr sənəti kimi sintezi xoşlayır. Özündə bir çox bacarığı birləşdirməlidir. Yəni müəyyən formulları, qəlibləri bilmək tənqidçi, dramaturq, rejissor olmağa bəs eləmir. Görürsən, rejissor mizan verir. Bu zaman bayaq dediyim kimi, o, öz seçimi ilə, zövqü ilə razılaşır.  Burda həmin yaşa qədər əldə etdiyi biliklər də zəmin rolunu oynayır. Bilik insanın daxilində bayaq dediyim o səslə qarşılıqlı münasibətdə olmalıdır.  Bunlar olmayandan sonra tənqidçi olmayacaq və rejissor da olmayacaq. Ümumi səciyyəli adamlar olacaq ki, yəni, bunlara eyni zamanda bütün adları vermək olar. Bir sənətin sahibi olmaq üçün orda özünü son damlasına qədər əridə bilməlisən. Əridə bilməlisən ki, səndən yaxşı bir mütəxəssis olsun. Kitablar oxuyandan sonra, mütaliə eləyəndən sonra və dünyanı dərk eləyəndən sonra sən artıq çevrilib başqa bir adam olursan. Göründüyü kimi, bu mən dediyimdən də ciddi bir prosesdir.

– Sovet dövrünün ədəbi tənqidini qiymətləndirəndə həmişə ürəkdolusu təriflər eşitməyə bir növ adət etmişik,  o dövrün ədəbi tənqidini  tam olaraq səmimi ədəbi tənqid hesab etmək olarmı,  ədəbi tənqidin, az qala, şedevr hesab etdiyi bütün əsərlər qaldımı?

– Xeyr, o dövrün mənbələrini qaldırsaq, görərik ki, SSRİ mərkəzi komitəsinin tənqid haqqında xeyli qərarları var. Çünki onlar tənqidi ideoloji silah hesab eləyirdilər. Həmin dövrün ədəbiyyatşünaslığının, tənqidinin şedevr elan etdiyi əsərlərdən bizim dövrümüzə az bir qismi adlaya bildi. Yəni tənqidçinin yürütdüyü mülahizələr hökm deyil. Əslində, tənqid o zaman öz adına yaraşan olur ki, o, doqmalar istehsal eləməkdən, hökmlər verməkdən uzaqlaşsın. Əgər mən tənqidçiyəmsə, mən hesab eləməməliyəm ki, mənim dediklərimlə hamı razılaşsın. Əksinə, mənim dediklərim müxtəlif zövqlər arasında bir dartışma yaratmalıdır. Dartışma  yaratmalıdır ki, əsərin və əsərlərin təhlili düzgün istiqamətdə getsin.  Məsələn, mən hesab  eləyirəm ki, filan əsər yaxşıdır. Digər tənqidçi bunun müəyyən zəif yerlərini göstərir. Başqa bir tənqidçi yenə də onun dediklərinin üstünə nələrisə əlavə eləyir. Bu ümumi prosesdə, həmin əsərin təhlilində bizim bilmədiyimiz xeyli nüanslar aşkarlanır.  Onların bəziləri doğru, bəziləri doğru olmaya bilər. Həqiqət həmişə dartışmada yaranır. Ona görə də tənqidin ilkin vəzifəsi həmin o mənalar arasında çarpışmaya, savaşa şərait yaratmaqdır. Yoxsa, biri var hər hansısa mətni götürəsən onu poetika, estetika baxımından mükəmməl şəkildə tənqid eləyəsən, yəni burda sən qüsurları göstərməyə də bilərsən. Amma bu bir nümunədir ki, həmin əsər ənənə və digər keyfiyyətləri etibarı ilə hara bağlıdır, sən konteksti üzə çıxarırsan. Biri də var, bunun cari tənqidi, əsərin mətnindən gələn informasiyaları alırsan, emal eləyirsən beynində və öz zövqünə uyğun şəkildə hökmlər vermirsən. Mülahizələr yürüdürsən və oxucuları, daha doğrusu, həm də mütəxəssisləri müəyyən diskussiyaya dəvət edirsən. Yəni dünənə qədər, məlum olan həqiqətlər bədii mətndə sual işarəsi altındadır. Sual işarəsi altına düşməsə ordan yeni mənalar çıxarmaq olmaz və biz dünyanı dərk edə bilmərik. Bədii əsər gerçəkliyin ötülüb keçilməsidir, tənqidsə əsəri “öz gerçəkliyinə çəkməyə çalışan” fiqurdur, ancaq bütün təsadüflər topu ötüb keçən futbolçuya bənzəməməlidir. Gəldin yetişdin qapıya, sonra?!

– Ədəbi tənqid ali məktəblərdə tədris olunur, bu fənnin tədrisi  qənaətbəxşdirmi, bəlkə, ədəbi tənqiddən qaçmanın səbəblərini elə ali məktəblərdəki ədəbi tənqid dərslərində axtarmaq lazımdı?

– Universitetdə sovet dövründən bu yana qədər həmişə filologiya fakültəsində tənqid kursları olurdu. Orda ixtisas seçmə mərhələsi olur. Ədəbi tənqid də o ixtisaslardan biridir. İndiyə qədər də orda ən görkəmli alimlər dərs deyirlər. İndinin özündə də, Bakı Slavyan Universitetinin  Yaradıcılıq fakültəsi var. Orda müxtəlif fənnlərdən, o cümlədən, ədəbi tənqiddən də mühazirələr oxunur. Bunun azlığı, çoxluğu heç nəyə dəlalət eləmir. Tənqidçi iki nəfər, üç nəfər də ola bilər. O iki-üç  nəfər nəhəng işlər görə bilər. Məsələ miqdarda deyil, məsələ prinsipdədir. Həmin prinsiplər bizdə yoxdur.

– Ədəbi tənqid sahəsinə aid dərsliklər qənaətbəxş hesab oluna bilərmi, müstəqillik dövründə  ədəbi tənqidə aid yazılan əsərlərlə sovet dövründə yazılanları kəmiyyət və keyfiyyət baxımından necə müqayisə etmək olar?

– Biz hər şeyi çox vaxt sovet dövrüylə müqayisə etməyə öyrəşmişik. Əslində, bir şeyin normallığını, anormallığını üzə çıxarmaq üçün konkret bir əsəri onun standart halı ilə müqayisə eləyirlər. O standart isə təəssüf ki, hələ də bizdə yoxdur. İndi müxtəlif alimlər ədəbi tənqid, bədii tərcümə və s. ilə əlaqədar  dərsliklər yazıb hazırlayırlar. Bunlar da ali məktəblərdə tədris olunur. Mənim müşahidə elədiyim cəhət budur ki, məsələn, adını çəkdiyimiz  Yaradıcılıq fakültəsində 30 nəfər varsa, Allaha çox şükür ki, bunların arasından ildə bir-iki nəfər imza çıxır. Bütün dava həmin imzalar üstündədir. Yəni sən gəlib bütün bu nəzəri məsələləri gözəl öyrənərsən, amma səndən yazıçı olmaz. Mən dərs dediyim yerdən Mübariz Örən imzalı gözəl bir nasir yetişib. Onun bir neçə hekayəsi çıxıb. Onun haqqında “Kitabçı” jurnalında da yazmışam. Yeri gəlmişkən deyim, bizdə bir pis tendensiya var, tutaq ki, vaxtaşırı olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanlarını kəskin tənqid edirlər.  Amma ortada, həmin o qızğın prosesin içərisində “Kitabçı” kimi bir jurnal çıxır. Biz öyrəşmişik ki, xoşumuza gəlməyən nəyisə amansız şəkildə tənqid edək, amma yaxşı olan şeyi də gözümüzdən yayındıraq. Yəni yaxşı şeyi görməməzliyə vurmaq bizdə xarakterin bir komponentinə çevrilib. Bu isə faciə deməkdir.

– Elə təəssürat yaranır ki, bəzən  bugünkü ədəbi tənqid axtarışda deyil, sanki, bir növ ədəbi tənqidə təsadüflər nəticəsində tuş olan əsərlərdən  yazılır.

– Bayaq dediyim kimi, insan əgər ədəbi tənqidçidirsə, öz predmetini, onun mənəvi tərəfini yaxşı bilmirsə, elə sən dediyin mənzərə hər addımda boylanacaq, hər addımda peyda olacaq. Onu doğru deyirsən, məsələn, ədəbi tənqid hər şeyi əlinin altında axtarır. Yəni gözüylə, hissiyyat orqanları ilə uzaq məsafələrə baxmağa darıxır, səbri çatmır. Bir növ müəyyən əsərləri tənqidçinin əlinin altına sürüşdürürlər,  hər yer sürüşkəndir, indi bildiyimiz kimi. Tənqidçi də başlayır ondan yazmağa. Artıq bu bədii tərcümədə də belədir.  Tərcüməçi əsəri bir dəfə oxumadan, beş dəfə oxumadan oturur tərcümə eləməyə. Tənqidçi də əlinin altına sürüşdürülənə baxa-baxa başlayır mətn haqqında yazmağa. Bəzən heç mətni oxumadan yazanlar var.

– Bu sahədə nələrin edilməsinə zərurət var, əgər bu gün o addımlar atılmasa, sabah Azərbaycan ədəbiyyatı hansı fəsadlarla üzləşə bilər?

– Bu sahədə vicdanlı olmağa ehtiyac var. Mənim bir etiqadım, inamım var ki, mən işdən də çıxa bilərəm, çörəksiz, susuz da qala bilərəm. Ruzini bilirik ki, Allah yetirir. Hər kəsin evində bir baca var ki, görürsən, o bacadan ruzin gəldi və sən də onu götürüb ləzzətlə, ah çəkə-çəkə yeyirsən. Dediyim kimi, tənqidin problemləri mənəvi problemlərdi, vicdan problemləridir. İnsanlar bildiklərindən çox bilmədiklərini yazır, tanımadıqları dənizlərdə çimməyi daha çox xoşlayırlar və anlamırlar ki, bir gün həmin dənizdə boğula bilərlər.

– Hazırda yazı prosesiniz nə yerdədir, nələr gözlənilir, planlar nədən ibarətdir?

– Hər gün bir şey gözlənilir. Mən elə bir adamam ki, mənim üçün bir prinsip var, istəyir resenziya olsun, istəyir balaca, istəyir böyük bir məqalə olsun, o şeyin ki içində ideya yoxdur, onu yazmaq olmaz.  Əsərin canı onun ideyasıdır. Onun əsər boyu pöhrələnməsidir. Sən bununla bu cəmiyyətə, bu prosesə bir ideya verməlisən. Əgər sən onu istiqamətləndirmək iddiasındasansa, sən o ideyanı ver qoy o istiqamətlənməsin. Ədəbiyyat qəzetində də həmin silsilədən beş məqalə çap olunub. “Bir şeirin dedikləri” adında bir kitab üzərində işləyirəm. Hər şairin onun yaradıcılığını cəmləyən, ifadə eləyən bir şeiri haqqında.  Məsələn, “Yuxuda yazılan şeirlər”  adı ilə Müşfiqin “Küləklər” şeiri haqqında, Səməd Vurğundan, Rəsul Rzadan, Musa Yaqubdan, Əli Kərimdən yazdım. Onların bir şeiri haqqında. İndi onların davamı olacaq. Əli Bəy Hüseynzadədən yazacam. Tomas Eliot haqqında çoxdandı bir kitab üzərində işləyirəm, hələ tamamlamamışam. O həm nəhəng bir şair, həm də tənqidçi olub. Adını çəkmirəm, bir müasir şairimiz haqqında da bir kitab yazıram. Bundan başqa filoloji tərcümələr üzərində işləyirəm.  Bir şeyi də əlavə edim ki, bu qədər yolu keçmişəm və indi görürəm ki, yaşamaq, yazı yazmaq necə də darıxdırıcı bir şeydir. İndiyə qədər belə bir şey olmamışdı. Birdən-birə nələrsə oldu və insanlar qaçdılar dekorasiyaların üstünə. Məsələn, məna və mətləb heç kəsi maraqlandırmır.  Görürəm ki, artıq burda bizim yerimiz tükənir.  Buna da mən dərindən təəssüf edirəm. Heç kəs də bu problemin fərqində deyil.

– Son zamanlar gənclərin ədəbi tənqidə axınında müəyyən boşluqlar nəzərə çarpır. Bu barədə nə deyə bilərsiniz?


– Ədəbi tənqiddə insanlardan tələb etmək olmaz ki, sən ədəbi tənqidə gəl. Özü də axın şəklində. Heç bu lazım da deyil. Yəni bu elə bir spesifik sənətdir ki, insanın oraya yolu düşməlidir. Bu sahə ədəbiyyat haqqında mükəmməl anlayış tələb edir. Orda şagirdlik yoxdur.  Tənqid say etibarı ilə az adamın olmasını tələb edir.

– Tənqidi bir yazı hazırlayarkən çox zaman tənqidçilər, əsərin keyfiyyətindən, ideya-məzmun xüsusiyyətlərindən daha çox yazıçının çəkisinə və vəzifəsinə üstünlük verirlər. Bir növ imzanın sözünə yox, sözün imzasına diqqət yetirilər. Ədəbiyyatı bu cür xəstəliklərdən sağaltmaq üçün nə etməliyik?

– Bu ümumi bir xəstəlikdir ki, hələ bir neçə il bundan əvvəl bu daha pis şəkildə idi. Zəif əsəri tənqid eləmək çox asan  bir şeydir. Məziyyəti olan əsərlər haqqında tənqidi yazmaq, həm də gözəl təriflər yazmaq dərin bilik tələb edir. Ona görə sən beş-on dəfə oxumaq istəyirsən bu əsəri. Bezmirsən, çalışırsan ki, onun içərisindən nüvəsini tapasan. Çünki bədii əsərdə onu tapmaq çox çətindir.

– Son zamanlar pornoqrafik xarakterli əsərlər geniş yayılıb. Yazıçılar da bunu texnologiyanın inkişafı, avropalaşma, müasirləşmə amilləri ilə bağlayırlar. Müəyyən qədər uyğunsuzluq təşkil edən bu məsələlərin geniş yayılmasına münasibətiniz necədir?


– Bu, ən çox gənc yazarlar arasındadır.  Mənə elə gəlir ki, bu tendensiyanın qarşısını almaq mümkün deyil. Heç buna cəhd eləmək lazım da deyil. Çünki yazı elə bir prosesdir ki, həmin adamlar o səpkili yazılardan başlayıb, ciddi mətləblərə çıxa biləcəklər. Təbii ki, gücləri çatarsa, bu baş verəcək.  Həm də bədii əsər bir sistemdir. Orda hər şey ola bilər. Amma onun ifadə edilməsi bir başqa problemdir. Müəllif var ki, bir roman yazır, ancaq onun xətrinə ki, həmin ünsürləri oxuculara ötürüm bir mesaj olaraq. Onların arxasında bir ideya dayanmırsa, gözəl bir şey dayanmırsa, ondan hamı iyrənəcək.

– Gənc yazarlardan daha çox kimləri bəyənirsiniz? Yeni nəsil yazarlardan əsərlərinə və istedadına “bəli” deyə biləcəyiniz imzalar varmı?

– Bəli, müəyyən imzalar var. Bayaq birinin adını çəkdim. Gənclər arasında Səxavət Sahil, Kəramət Böyükçöl var. Gənc şair kimi və yazıçı kimi Fərid Hüseynin adını çəkə bilərəm. Çox mükəmməl bir insandır. Şəhriyar Del Geraninin bu yaxında bir müsabiqədə hekayəsi birinci yer tutdu. Hədiyyə Şəfaqət var çox gözəl nasirdir. O da müsabiqədə ikinci yer tutmuşdu.  Könül Həsənqulu var. Gözəl şairə və tərcüməçidir.  Belə gənclər çoxdur. Sadəcə, onlara sahib çıxmaq lazımdır.

– Tanınmış bir tənqidçi kimi yeni yaranan əsərlərdə görmək istədikləriniz və istəmədikləriniz?


– Mən mükəmməl mətn görmək istəyirəm.  Bütün məlum standart və kriteriyalara cavab verən, onlara qədər yazılanları alt-üst edən yazılar gözləyirəm.  O cür hadisələr olmasa, bizim ədəbiyyatımız irəli getməz. Gənc Cəfər Cabbarlıya baxın.  Yüksək talantı var. Özünə qədər olan ənənələri çək-çevir edirdi. Sual altına  alırdı. Mikayıl Müşfiqə bax, gənc Rəsul Rzaya baxın. Bu cəhətdən gənclər bu işi görməlidirlər. Gənclər kiminsə qəlibini qəbul edib yazanda o maraqsızdı. Gənclər qəlib dağıdanda maraqlı olur. Təbii ki, konstruktiv şəkildə olmalıdır bunlar.

– “Hər bir əsər məhz güclü bir tənqiddən sonra tanınır” deyə ədəbiyyatda geniş yayılmış bir fikir var. Amma çox zaman bunun əksini müşahidə etmək olur. Əsər çap olunan kimi tezliklə tanınır və təkrar-təkrar çap olunur. Sadaladığımız yanaşmalardan hansını daha doğru hesab edirsiniz?

– Hər ikisi doğrudur. Məsələn, bizdən fərqli olaraq  Avropada artıq ədəbi prosesin inkişafı qanunauyğunluqları müəyyən kommersiya əsasları üzərindədir. Göründüyü kimi, dünyada  elə müəlliflər var, ildə  beş-altı kitabı çıxır və xeyli pullar qazanırlar. Bunların bəzən heç tənqidə də ehtiyacları yoxdur. Həm də o mətnlər özləri orta statistik səviyyədə olur.  Bizdə Mübariz Cəfərli imzalı bir yazıçı var. İyirmi ildir ki fəaliyyət göstərir və çox az tanınırdı. Onun birdən-birə üç-beş il ərzində “Bənna”, “Bərpaçı”  və “Bağban”  romanları çıxdı. Bunlar mükəmməl romanlardır. Mən onlar haqqında yazdım. Mənə qədər heç kəs yazmırdı. Məndən sonra bunun haqqında yazmağa başladılar. Bunu ona görə misal gətirdim ki, tənqid necə rol oynaya bilər?! Həm müəllifin özünə necə təsir eləyə bilər və müəllif birdən-birə görə bilər ki, heç də o deyilən kimi itib-batan biri deyil. Gözəl şeyləri yazmaq lazımdır. /kult.az/

Yenililklər
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20

İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub

24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.