Məmməd İsmayıl: “Qaranlıq özüylə bərabər yarasaları gətirir” - MÜSAHİBƏ

03.11.14

Avanqard.net şair Məmməd İsmayılla müsahibəni təqdim edir.


Uzun zamandı kimsədən “azar” eşitmirdim. Keçinin buynuzu qaşınanda çobanın çomağını axtaran kimi mən də axtardığımı tapdım. Üzümü tutdum Məmməd İsmayıla. Yaşımın və bilgimin onu tanımağa yetmədiyini bilirdim amma məndəki bu dəli cəsarəti dinc durmadı yenə. Günlərlə yazdım, “qadan alım Məmməd əmi, qurban olum Məmməd əmi”… hər dəfəsində də kirimişcə dərsimi verdi. Suallarımı cavablayacağına söz verdikdən sonra yaxasını buraxıb qınıma çəkildim. 


Cavabladı. Cavabladı amma hər sualımda ustad qapazının həniri gəldi üzümə. Mən də ürəyimdə dedim ki, mənim dərdim səni dilləndirməkdi Məmməd əmi, cavabını istədiyim sualın yan qoyulmasının nə önəmi var? sən danış, oxuyanın da gözü-könlü SÖZə doysun:


- Ay Məmməd əmi, qanbağı olmayan birinə “əmi” və ya “dayı” demək sadəcə bizim millətə məxsusdur. Bunu ədəbiyyatda qazanmaq isə səmimiyyət ifadəsidir. Əgər hamı belə deyirsə, demək o adam doğrudan da hamının əzizi, doğmasıdır. Bizim doğmamız Məmməd əmi, Məmməd İsmayıl hardadı indi? Azərbaycan oxucusundan niyə uzaq düşüb?

- Ünvanıma söylədiyin xoş sözlər üçün təşəkkür edirəm. Amma qızım, xətrinə dəyməsin, mənə bu sualı verməkdə ya məni yaxşı tanmırsan, ya da Azərbaycan mətbuatını yaxşı izləmirsən. Müsahibə almaq üçün vətəndən qürbətə inadlı canatımların və elə ilk sualının başlanğıcındakı ünvanıma sevgi təzahürün verdiyin sualın əksini göstərmirmi? Hardasa 17 il bundan əvvəl Türkiyəyə gəldiyim ilk zamanlarda Kürdəmirdən olan bir oxucumun sənin verdiyin suala bənzər sualına (o zaman doğrudan da mən Azərbaycan mətbuatından üz çevirmişdim və oxucumun da belə sual verməyə haqqı vardı.) “Sən indi hardasan, Məmməd İsmayıl?” adlı şerimi yazmışdım:
Qazanlar qaynayır qapağın altda...
İgidlәr çürüyür papağın altda,
Hayanda biz sәni axtarıb gәzәk
Mәyәr yer qәhәtdi Allahın altda,-
Sәn indi hardasan Mәmmәd İsmayıl?
O ki, qaldı sənin dediyin kimi “Azərbaycan oxucusundan uzaq düşməyimə”, əgər görüntü olaraq belədirsə, qoy buna ilk əvvəl məni vətənimdən uzaq salanlar utansın. Amma bunu edənlər yaxşı ki, özümə səd-sərhəd qoymağa çalışsalar da sözümə qarşı durmaq şansına malik deyillər...
Canım da adımın ögey vətəni
Tükənən günləri bu gün-sabahda.
Mənəm içinizdə suçunuz, məni,
Unutmaq da çətin, xatırlamaq da…
Bir də çoxlarından fərqli olaraq, mənim oxucularım təkcə Azərbaycanda deyil ki, oxucu qıtlığından rahatsız olam.

- Ay Məmməd əmi, cavabı bir olan sualların ünvanı kimədi?

- Әvvәli vә sonu olmayan nә varsa, onadır. Bir də elə suallar var onun cavabını “bilən söyləməz, söyləyən bilməz.” Fərqində olmadığımızın fərqinə varsaq, dediyin sualın cavabı özlüyündən aydın olar. Nitşe bilirsənmi nə deyirdi? Deyirdi ki, bir uçuruma uzun-uzun baxsan, uçurum da sonunda dönüb sənə baxacaq. Toyuq toyuqdur ki, o da su içəndə başını qaldırıb göylərə baxır. Baxır ki, bütün məchul sualın məlum cavabı ordan gələcək! Başqa sözlə, Freyd demişkən, dinlər, həyatın bizə verdiyi bütün çətinliklərin, vermədiyi bütün həzzlərin, dünyada qısa sürəlik var olub sonra yox olmamızın təsəlli ehtiyacından yarandı. İnsanın xilqəti belədir, uşaqkən ana-atanın qoruduğu kimi, dinlərin də onları qorumasını gözləyir. Din insanların çarəsizliyini dözüləbilir edən, əvvəl öz uşaqlığından və sonra da insanoğlunun uşaqlıq xatirələrdən yaradılan bir göstərinin hüzur xəzinəsidir: hər yaxşılıq sonunda mükafatlandırılır, hər pislik cəzalandırılır. Bu, əgər həyatda olmazsa, ölümdən sonrakı həyatda olacağın təsəllisidir!
Bütün sualların cavabı birdi,
Yatmaq istəsən də yuxuna girməz…

-"Qərib"i Anasına gətirənmi, Şahsənəminə qoşuşduranmı əsvəldi?

- Elə suallar var ki, cavabı yoxdu.

…Sönən dan yerinə qürub olmuşam,
Bulud gözlərimdən axsa, nəm gələr..
Qürbətə düşəli Qərib olmuşam,
Hər gecə yuxuma Şahsənəm gələr...
Hər eşqin axırı bir günahladı,
Suda sınmayacaq su qabı yoxdu...
Şirin Xosrovlara könül bağladı,
Fərhadlar neyləsin?
Cavabı yoxdu...
Mənə elə gəlir ki, dünya Allahın insanlara verdiyi məkandan daha çox sualdı və insanlıq gəlir də, gedir də amma hələ o sual fəzadan asılı qalıb cavabını gözləyir…

- Bir yetim saz havası çalına, uzaqdan qoyun məliyə, bulağın başından örpəyi kəlağayı olan bir qız su götürə. Şairin könlündən hansı misralar keçər?

-Sәhәrin şehindә gәz ayaqyalın,
Meh әssin, çiyninә sürüşsün şalın.
Ayrı lәzәti var yaşılla alın,-
Zәmilәr içindә lalә gözәldir.

- “Sarı sim” nədi?

- Haçansa yazdığım belә bir misra vardı: “Çalış çaldığını çal sarı simdә.” Xalqın toplumsal tәfәkküründә ölmәzlik qazanan elә şey yoxdur ki, onun bir ucu Allaha dayanmasın. ”Sarı simә toxundu”. Yox, bu musişqi alәtlәrindә gördüyümüz sarı sim deyil. Mәnә görә dünyada elә bir nәsnә yoxdur ki, onun bir ucu sirrә, Tanrıya bağlı “sarı simi“ olmasın. ”Sarı sim” sevgidir, Tanrısal sevgi. Yaradanın bir adı da sevgi deyilmi?

- Niyə iki kəlməni yan-yana gətirə bilməyən bir çoban danışanda min alimin kitabına bədəl söz deyə bilir? Bəs belədisə niyə bizim bu günün yazarları çoban olmağa yox, “əndrəbadi postmodernist” olmağa çalışır?

- Sualın yadıma Əli Kərimin “Üçüncü atlı” poemasından:
“Yollar kənarında pinəçilər var,
Alim təfəkkürlü, şair xəyallı”
misralarını saldı. Söhbət Allahdan vergili, butalı müdriklərdən gedir. Mən heç də mütaliənin eleyhinə deyiləm. Amma “susuz quyuya su tökməklə sulu olmaz” deyimi də var axı?! Sənin dediyin “çobanlar” başqa çobanlardı, toplumu arxasınca Allahına doğru götürən hikmət sahibləri, “təhsil görməyən” ərmişlərdi. Və onların sirrə toxunub dilə gətirdiklərinin bir ucu heç şübhəsiz gedib Allaha çatır. O ki, qaldı modernizmə, postmodernizmə, ya da başqa bir izmə, onların haqqında ustad Cəmil Məric “bütün “izmlər” doğulduqları məmləkətlərə, yəni Avropaya bənzəyir “piç” və hiyləgərdir,- deyir. Şeirin materialı dildir. Valerinə görə isə modern şeir, dil ilə yapıla bilən bir oyundur. Oyun isə hər nədirsə şeir deyil. Marina Svetayeva Puşkinin dahiliyini əsərlərinin sadəliyinin böyüklüyündə axtarırdı. Əsil şeir kəlmələrlə yazılan bir sənətdir ki, kəlmələrin ötəsində yeni bir şey arar. Əsil şeir həm də sükutun qaranlığında şimşək çaxımıdır. Və ən başlıcası, söylədiyi ilə deyil, söyləmədiyi ilə danışır. Şeir zamanın, gözəllik toplumun röyasıdır. Zaman Tanrının dünyaya düşmüş kölgəsidir bəlkə də. Bu günün ədəbi gəncliyinin təmsilçiləri arasında elələri vardır ki, indiki halda inkarçılıq yarışı içinə giriblər, sevmək və oxumaq yarışı içinə girsəydilər daha yaxşı olmazdımı? Bir də üzü Türgenyevin “Babalar və oğllar”ından bəri nihilizm (heççilik) kaptalizmin rejim xəstəliyidir. Bu rejmin şablonunda dünyaya göz açan gənclik nihilzm xəstəliyinə tutulur. Bu, rejimin mayasındadır! Əruza barmaqarası baxanın, hecaya dil uzadanın indi dəbdə olan sərbəst vəzndə nəyəsə nail olacağına kim inanar?! Bodler deyirdi ki, gərək “bir kəlmənin bütün qafiyələrini bilməyən adam əlinə qələm almasın”!

-“Mən başdan-ayağa dar ağacıyam” deyən şairin üsyanı kimədi?

- Quşlara hər zaman qibtə etmişəm, Allah tərəfindən yerin cazibə qüvvəsindən çıxmasına icazə verilən ilk və yəqin ki, son varlıq olduqlarına görə.Yerin cəkim mərkəzinə, cazibə orbitinə düşüb çabalayan bizlərik. Olumla ölüm arası bir dünyaya düşmüşük ki, tabut qapağından qeyri bütün qapılar qapalıdır. Alpinist kəndirindən asılı qaldığı kimi, hər insan da diriykən belə nə yazıq ki, nəfsinin dar ağacından asılı yaşayır. Ölüm, hər insanı ona məxsus ömür bərəsində gözləyən gözəgörünməz bir ovçudur. Heç gözlənilməyən zaman və məkanlardan çıxıb gəlir .Və hamımız beləcə bizi gələcək zamanların harasındasa gözləyən ölüm - dar ağacının məhkumuyuq. 

- Bir az geriyə qayıtsaq, Əkrəm Əylisli nə eləmək istədi? Necə bilirsiz biz onu itirdikmi? 

-Vaxtı keçmiş, boyadımış suala, vaxtı keçmiş cavab vermək bəlkə də doğru deyil. Amma hərcayı sözün, mərcayı da cavabı var, deməmişlərmi? Səhv etmirəmsə, Əkrəm Əylisliyə gərək ki, xalq yazıçısı adı veriləndə indi adını çəkmək istəmədiyim bir qəzet məndən bu hadisə ilə bağlı müsahibə almışdı. Mən də demişdim ki, əvvəllər yaşıdlarım içərisində bərk ayaqda mənə sona qədər dəstək olacaq adamın Əkrəm Əylisli ola biləcəyini düşünürdüm. Amma indi görürəm ki, yanılmışam. İndiyə qədər Allah adamı olan Əkrəm Əylisli gərək nəfsinə uymayaydı. Zaman mənim dediklərimi yüzdə yüz təsdiqlədi. Əkrəm Əylisli halalına haram qatdı, ad-san, mükafat qılığına aldandı. Bu işin bir tərəfi. Bəzən paxıl çoban ondan sonra suyundan yararlanmasınlar deyə yatağının yanındakı bulağın gözünə keçə tıxayıb gedir yaylağa. Bir də köç arana qayıdanda bulağın gözünü açmaq üçün keçə tıxacı çıxaranda lələnin köçüb yurdunun boş qaldığını görür. Yerini azan bulaq, kim bilir gedib haradan çıxmış. Əkrəmin “Daş yuxular”ının da başına belə özündənazma, yolunusapma olayı gəlmişdir, içinə xəyanət, halalına haram qatmanın son ucudur bu. Halal ilhama haram qatanda ürək dediyini əl yaza bilmir. Qaldı sualının ikinci qisminə. Yox biz onu əsla itirmədik. Biz onu itirsək, o zaman “Daş yuxular”dan əvvəl yazılmış olan dəyərbiçilməz əsərləri kimin ayağına yazaq?!

O əsərlər bizsiz də gələcək zamanlardan əbədi yaşamaq vizasını çoxdan alıb. Əkrəm Əylisli sənətini həyatından, çörəyini daşdan çıxarmış sənətkardır. Əkrəm Əylisliyə qədər nəsrdə hissin özü yox, təqlidi vardı. O, nəsrimizə hissin dilini gətirdi… 

Bu bir, ikincisi, böyük yazıçılar yalnızca öz coğrafiyasının, dil aurasının övladları deyil ki, onlar hardasa, dünya vətəndaşlarıdır. Tarixdə bu və ya başqa şəkildə Əkrəm Əylislinin yapdığını yapanlar az olmayıb. Xristianlığa qarşı “Antixrist” əsərini yazan Nitşeni, yenə mənsubu olduğu xristian dinini hər fürsətdə yerdən-yerə vuran və bu vuruşlarına görə Rus kilsəsi tərəfindən kafir adlandırlıb dindən qovulan L.N.Tolstoyu, III Napaleon rejimindən qaçıb İtaliyaya sığınıb ömrünün 23 ilini burada keçirən, gərək fransız rejiminə, gərəksə də fransız yaşam qaydalarına üsyan bayrağı açan Viktor Hüqonu, yaxud Çar Rusiyasının Qafqaz işğalları zamanı əsərləri ilə daha çox təmsil etdikləri ordunun yox, vuruşduqları Qafqaz xalqlarının yanında yer alan Puşkini, Lermontovu düşünün. Hələ “Şərq-Qərb divanı” kimi möhtəşəm bir əsər ortaya qoyan, Avropa kültüründən daha çox Şərqin yanında yer alan “gizli müsəlman” adlandırılan Hötenin fəaliyyətlərini demirəm. İntəhası adlarını çəkdiyim bu sənətkarlar əzənlərin yox, əzilənlərin yanında yer almışdılar. Əkrəm Əylislinin çox böyük yanlışlığını məncə bu dediyimiz şərtlərdə aramaq gərəkir.

Bir daha təkrarlayıram ki, Əkrəm Əylislinin özünün dediyi kimi “Ürək yaman şeydir”, “yaman şey” olduğuna görə də ona bir dəfə xəyanət etdinmi, o sinəndə döyünsə də, sənin deyil, sənin olmadığına görə də əlinə ilk fürsət düşdüyündə səndən, elə sənin əlinlə də qisasını alacaq. Necə ki, alır da…

- Azərbaycan ədəbiyyatında Hüseyn Cavid sevərlərlə Səməd Vurğun sevənlər ayrı-seçkiliyi yaranıb. Bu necə, düzgündürmü?

- Hər bir sənətkarın tarixi önəmini yaşadığı məkan və zaman şərtləri daxilində dəyərləndirmək lazımdır. Hüseyn Cavid və Səməd Vurğun haqqında tənqidi və tərifi fikirlər onların yaşadıqları məkan və zaman nəzərə alınaraq söylənməlidir. Hər iki sənətkarın bu gün etiraf edilib-edilməməsindən asılı olmayaraq, Azərbaycan ədəbiyyatı tarixində özlərinəməxsus təkrarsız yerləri vardır. Bu günün gözüylə onları inkar etmək məsələsi ikinci mərtəbədə yaşayan insanın zəmin qatının olmadığını söyləməsinə, ya da başlanğıcını bulaqlardan alan çayların bulaqların varlığını danmasına bənzəyir. Ayrı-seçkiliyə gəldikdə isə… ədәbiyyat tarixi yaşatsa da, toplum, əsasən onun danışdığı dildә yazılan әsәrlәri və bu əsərləri yazan sənətkarları yaşadır. Aşağı-yuxarı eyni ədəbi dövrün sənətkarları olmalarına baxmayaraq hər iki şairin ədəbi məramları bir-birindən önəmli dərəcədə fərqlənirdi. H.Cavid ortaq türk dili yaratmaq arzusunda olduğundan əsərlərini Azərbaycan coğrafiyasında o qədər də dəstək görməyən İstanbul türkçəsi ilə yazırdı. Səməd Vurğun isə əksinə, azərbaycançılıq düşüncəsiylə Bakıda, daha çox Şərq klassik ənənəsinə, ərəb-fars tərkibli leksikona bağlı əruz vəzni tüğyan edərkən kəndin şəhərə-urbanizatsiyaya, əruza qarşı üsyanı kimi heca vəznində və danışıq dilimizə yaxın bir dildə əsərlər verirdi. (“Molla Nəsrəddin” və “Fiyuzat” jurnallarının talelərini xatırlayın!) Hər iki şairimizi bir-birinə qarşı qoymaq yox onları missiyalarına və tarixi şəraitlərinə görə dəyərləndirmək daha ağıllıca bir iş olardı. Həm də nə yazıq ki, bu iki böyük sənətkarı o adamlar bir-birinə qarşı qoyurlar ki, nə əruzu düz əməlli bilirlər, nə də hecanı! Musset “İztirab insanın ustadıdır” - deyir. Bu mənada adlarını çəkdiyin şairlər də iztirabdan nəsibini almış sənətkarlardır. Biri, həm mənəvi, həm fiziki, o birisi isə ən azından mənəvi iztirabların öyrənciləri idi.

- Niyə biz öz qədrimizi bilməkdən belə qaçırıq?

- Gəncliyimizdə biz adımızın arxasında dayanırıq, qocaldığımızda, ya da öldüyümüzdə isə adımız bizim arxamızda dayanır. Dayanırmı? Elə şeylər var, onun sonucuna biz deyil, zaman qərar verir. Gələcək şey nədir, onu gələcək bilir. İnsanoğlu həqiqətən də uşaqlığında istədiyi şeyi bir gün başara bilir, amma o gün heç zaman gəlmir. Yox, bu arzulanan şeylərin imkansız olduğundan, ya da səbəb və nəticələrin hesablandığından deyil, o şeyin istəndiyi günlə başa vardığı gün arasında çox fərqli günlərin olacağındandır. Həm həyatı, həm də istənilən nəsnəni dəyişdirən günlər…

Və nəticədə o gənclikdəki qarşısıalınmaz həvəs sonralar sadəcə keçmişə baxıb gülümsəməyə yarayır. Bu gülümsəmə də acı olur, çox acı!

- Ay Məmməd əmi deyirlər adam dediyi SÖZ boydadı. Bəs niyə kiçik adamlar bu qədər çoxdu?

- Kim gündüz gördüyü işlәrin fәrqinә varmırsa, gecә başına gәlәnlәrin dәrdini çәkir. Aristotel deyirdi ki, dövlәt yaxşı insanları pis insanlardan fәrqlәndirә bilmәdiyi zaman mәhv olur. İndi Azərbaycanda elə bir mühit formalaşdırılıb ki, meydan sulayanların yüzdə doxsanı sənin dediyin həmin o kiçik adamlardır. Dəyər ölçüləri itirildiyində, ayaqlar baş olduğunda, köç qayıdıb axsaq irəli düşürüldüyündə istər-istəməz kiçik insanların sayı artır. Halbuki, Allah kimsəni kiçik yaratmır, kiçiklik mühit qəlibindən ortaya çıxır. Qaranlıq özüylə bərabər yarasaları gətirir.

- Məmməd İsmayılın heç demədiyi SÖZ hansıdı?

- Nә gizlidir sualına, müdriklәrdәn biri - gәlәcәk cavabını vermiş, başqa bir hikmәt sahibi isә - gәnclikdәn qocalığa hikmәt tәdarük et, çünki әn böyük sәrvәt hikmәtdir - demiş. O doğrudur ki, qocalıq - bütün bәlaların sığınacağıdır, çünki bütün bәdbәxtliklәr yaşın bu çağında boy göstәrir... Amma o da doğrudur ki, müdrük adamın heç nәyә vә heç kimә ehiyacı yoxdur, çünki başqalarına mәxsus olan hәr şey hәm dә onundur. Vә insan üçün әn gәrәkli şeyin ümid olduğunu da bilirәm.Vә ümidim, deyәcәyim әn önәmli SÖZÜN hәlә qarşıda olacağınadır. Yaşımın bu vaxtında ümidimi gәlәcәyә buraxmağım sәnә qәribә görünә bilәr. Göte demirdimi sәnәtkarın taleyini mәzarı bәlirlәyir, Məmməd İsmayılın heç demədiyi SÖZ hansıdı, sualına gəldikdə isə… 
…qoy bu sualının cavabı ümid etdiyim gəlәcəyə qalsın!

- Bizim oxuculara sözünüz?

- Rəhmətlik aşıq Mikayıl Azaflının əhvalını soruşanda, bığaltı qımışıb: Dünənkindən pis, sabahkından yaxşı” cavabını verərdi. Möhtərəmin bu tapmaca kimi cavabını ilk eşidənlər fərqinə varmadan: - təki olsun, təki olsun deyirdilər. Mikayıl dayının sözü olmasın, dünya indi belə bir bozbulanlıq zamanını yaşayır. Amma mən istərdim ki, əhvalımız soruşulanda - dünənkindən yaxşı, sabahkından pis cavabını verəydik! İlk öncə oxucularınıza belə bir ovqat arzulayıram. Ağacın boyu illərə görə artır, bunu elə gövdənin buğumlarından da görmək olar. İnsan topluluqları da belədir. Hər nəsil gərək təmsil etdiyi toplumu öz boyu qədər yox, heç olmasa, bir arpa, bir buğda boyu irəliyə götürsün. Topluma gələcəkdə qoşulan nəsillər yerində saysa o millətin sabahına necə ümidlə baxmaq olar? Uzun sürə basdırılmış bir arzu və ya ehtiyacın ortaya çıxışıdır, xoşbəxtlik. Nәyisә itirmәk, haram qazancdan daha yaxşıdır. Vicdanı olan birincidәn bir dәfә әzab çәkәr, ikincidәn ömrün boyu.

Oxucularınıza sözümə gəldikdə isə, qəzet, inrernet saytları bolluğunun gətirdiyi bu bozbulanlıq zaman kəsimində fərd olaraq özlərini qeyb etməmələrini, irəliyə doğru can atmalarını arzu edirəm. İnsanın ən çətin işi özünü dərk etməsidir, özünü tapıb dərk edən insan toplum üçün də layiqli vətəndaş ola bilər. Aristotel: elmin kökü acı, meyvәlәri şirindir, deyirdi. Bu kəlamı unutmayaq! /kaspi.az/

Yenililklər
27.02.20
Əlyazmalar İnstitutu XIX əsrdə nəşr olunan “Bakinskiy listok” qəzetinin elektron versiyasını əldə edib
27.02.20
"Günə min işarə yaza bilsəm, papağımı göyə ataram" - Mübariz Örən
27.02.20
Müşfiq Şükürlü - Cavid bizim ustad təqlidçilərimizdəndir
27.02.20
Gülşən Mustafanın "Hasar" adlı hekayələr kitabı işıq üzü görüb
26.02.20
Filologiya elmində Turxan Gəncəyi zirvəsi
26.02.20
Əli bəy Hüseynzadə haqqında ilk fundamental biblioqrafiya işıq üzü görüb
25.02.20
Rasim Qaraca: “Hər ad günümə bir kitab hədiyyə edirəm” - VIDEO-SÖHBƏT
25.02.20
Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20
İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.