Səlim Babullaoğlu: “Bədii Tərcümə Mərkəzinin çox böyük layihələri olacaq” - MÜSAHİBƏ
11.11.14

Budəfəki müsahibimiz Azərbaycan Yazıçılar Birliyinin bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğludur. O, həm yeni işi, həm də baş redaktoru olduğu “Kitabçı” jurnalı barəsində danışıb. Amma söhbətə təbii ki, ədəbi sahədəki indiki vəziyyətdən və şairin yaradıcılığındakı yeniliklərdən başlayırıq:

- Uzun müddətdir bir şeir silsiləsi düşünmüşəm. Orada 12 şeirin olması nəzərdə tutulub.  Şeirlərdən 10-u artıq hazırdır. Silsilənin işçi adı “Poetik təqvim”dir. İmkan olduqca yazıram. Amma son bir –iki ildə öz yazılarıma vaxtım az qalır. Təəssüf. Publisistika ilə də məşğulam, arada tərcümələr edirəm, amma onlardan danışmaq istəmirəm. Sırf öz yaradıcı işlərimə gəldikdə, yalnız “Poetik təqvim”i bitirmək haqqında düşünürəm.

- İctimai-təşkilati işlər, mərkəzə sədrlik yəqin ki, yaradıcı işlərə mane olur?

- Dostlarıma da tez-tez şikayətlənib deyirəm, mənə bir-iki saat kifayət edir ki, özümü yenidən formaya salım və yeni nəsə yazım. Bir-iki saat, yarım gün asudə, qayğılarsız və kənar düşüncələrsiz vaxt bəsimdir. Bu, hələ ki mümkün deyil. Düzdür, hər gün müşahidələrimi, fikirlərimi qeyd edirəm. Şeirlər müxtəlif cür yaranır. Misradan yaranan şeirlər var, ideyadan yaranan  şeirlər var, mütaliədən yarananlar var, bu mənada hər gün yaradıcılıq prosesi gedir. Yaradıcılıq prosesi təkcə yazmaq deyil,  bu iş hər gün davam edir. Yazmaq üçün tək olmalısan və sənə mane olacaq hər şeydən yayınmalısan. Təəssüf ki, son zamanlar dediyim sonuncu şərt üçün imkanım olmur.

- Sizin Kafkanın portreti, gül, ağac rəsmi, formasında olan qrafik şeirlərinizi oxuyanda düşündüm ki, bəzi qayğılar olmasa Səlim Babullaoğlu daha məhsuldar işləyə bilər...

- Bir məsələni qeyd edim. Dediyiniz o qrafik şeirlərdən mən18-ni yazmışam. Yeri gəlmişkən, o şeirlərin sərgisi də oldu. Səbinə Şıxlinskayanın təşkil etdiyi “Virtual poeziya” sərgisi keçirildi. O sərgidə həmin qrafik şeirlər nümayiş etdirildi. Deyəcəyəm, inanmayacaqsız. 2009-cu ilin dekabrında, Yeni il ərəfəsində təxminən bir həftə xəstə yatdım. O zaman vaxtımdan istifadə edib qrafik şeirləri yataqda yazdım.

- Bədii tərcümə və  ədəbi əlaqələr mərkəzinə sədr təyin olunduğunuz ilk günlərdə qarşıya hansı məqsədlər qoyulmuşdu?

- Bədii Tərcümə Mərkəzinin sədri seçiləndən sonra mətbuat üçün açıqlama verdim. İndi bir qədər təkrar edib deyirəm ki, Tərcümə Mərkəzi işini əsasən iki istiqamətdə quracaq. Birincisi,  çağdaş dünya xalqlarının ədəbiyyatını bizim dilə tərcümə edəcək. İkinci istiqamət isə milli, çağdaş ədəbiyyatımızı dünya xalqlarının dilərinə tərcümə etməkdir. Yeri gəlmişkən, iki dərgimiz var - “Dünya ədəbiyyatı” və “Ulu Çinar”. “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru tanınmış ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli, “Ulu Çinar”da isə tanınmış şair Elxan Zaldır. “Ulu Çinar” türk xalqları ədəbiyyatını özündə əks etdirəcək. “Dünya ədəbiyyatı”nda isə başqa xalqların ədəbi tərcümələri olacaq. Hazırda hər iki jurnalın saytı hazırlanır və inanıram ki, ilin sonuna qədər proses başa çatacaq. “Dünya ədəbiyyatı” dərgisinin bu sayında çağdaş Ukrayna ədəbiyyatından nümunələrə daha çox yer ayrılacaq. Onları həm rus dilindən,  həm də orijinaldan tərcümə etmişik. “Ulu çinar”da isə türk dünyası ədəbiyyatından seçmə mətnlər üzərində işlər gedir. Dekabr ayının sonlarına qədər hər ikisi çap oluna bilər.

- Mərkəzin ikinci və digər məqsədləri nədən ibarədir?

- Qeyd etdiyim kimi, ikinci istiqamət milli, çağdaş ədəbiyyatımızı dünya xalqlarının dilərinə tərcümə məsələsidir. İki memorandum imzalamışıq. Biri Ukraynanın “Vsesvit”, yəni “Bütün dünya” jurnalı ilə imzalanıb. Jurnalın  Azərbaycan ədəbiyyatına həsr olunan sayı hazırlanır. Jurnalda 1960-cı illərdən günümüzə qədər 60 azərbaycanlı müəllifin əsəri yer alıb. Bunların arasında rəssamların, fotoqrafların işləri də var.   Bu layihənin həm maliyyə, həm də koordinasiya yükünü mərkəz həyata keçirib. Hazır olandan sonra həm burada, həm də Kiyevdə təqdimat keçirəcəyik. Belqradda olarkən Serbiya Yazıçılar Birliyi ilə memorandum imzaladıq. Bu sənəddə 2 il ərzində onların bizim ədəbiyyatdan üç kitab,  bizim də onların ədəbiyyatından üç kitab hazırlaması nəzərdə tutulur. İndi “Serbiya yazıçıları antologiyası” hazırlayıram. Başqa layihələrimiz də var. Mən yalnız sırf sənədləşən, öz hüquqi əsasını tapan işlərdən danışıram.

- Nazirlər Kabineti yanında Azərbaycan  Tərcümə Mərkəzi,  eləcə də akademiyanın tərcümə sahəsi ilə məşğul olan müvafiq institutları ilə əməkdaşlıq gözlənilirmi?

- Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi sırf bədii tərcümə ilə məşğul olan struktur deyil. Onun qarşısında başqa, bəlkə də daha böyük, qlobal məsələlər durur. Bədii tərcümə məsələsi orada sadəcə bir istiqamətdir. Qeyd edim ki, bəlkə də əsas, vacib olan istiqamət deyil. Çünki orada dövlətin dilə və tərcüməyə baxışı, bundan ortaya çıxan məsələlər var. Əməkdaşlığa gəldikdə, qapılarımız hamının üzünə açıqdır. Amma hələ ki Azərbaycan Tərcümə Mərkəzindən qarşılıqlı əməkdaşlıq haqqında heç bir müraciət edilməyib. Afaq xanıma böyük hörmətim var, Tərcümə Mərkəzinin də imkanlarını yaxşı bilirik. Onların imkanları çox böyükdür, ona görə düşünürəm ki, təklif onlardan gələ bilər. Əgər əməkdaşlıq barəsində hər hansı təklif gələrsə, məmnuniyyətlə dəyərləndirməyə hazırıq. Eyni şeyləri sizin sadaladığınız institutlara da şamil edirəm. Əlbəttə, biz bütün tərcüməçilərlə fərdi qaydada da işləməyə hazırıq. Eyni ölkədə yaşayırıq, həm işimiz, həm də problemlərimiz eynidir.

- Azərbaycanda elmi-kütləvi ədəbiyyat, onların tərcüməsi işi zəifdir. Mərkəziniz bədii tərcümə ilə məşğul olsa da, bu istiqamətə də diqqət edəcəkmi?  

- Bu, bilavasitə bizim işimiz deyil və imkanlarımız xaricindədir. Büdcəmiz də böyük deyil. Məncə, bu işlə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi məşğul ola bilər.  İnanıram ki, onlar öz işlərini görəcəklər. Bizim mərkəzin adı üstündədir, bədii tərcümə mərkəzidir. Amma bir məsələ var, biz ədəbiyyata aid olan elmi-nəzəri kitablar çap edə bilərik və bu haqda düşünürük. Seyfəddin Hüseynlinin də bu istiqamətdə diqqət yetirdiyi məqamlar var.

- “Kitabçı” jurnalı Bədii Tərcümə Mərkəzinin layihəsidir? Yeri gəlmişkən, çox uğurlu jurnaldır...

- “Kitabçı” jurnalı ATV-nin nəzdində olan “ATV Press”in məhsuludur. Təsisçisi Vüqar Qaradağlıdır. Mən jurnalın redaktoruyam. Jurnal ümumi işin məhsuludur. Amma təvazökarlıqdan uzaq olsa da jurnal haqqında mütəxəssislər hələ ki yaxşı sözlər deyirlər. Ümid edirəm ki, səviyyəni axıra qədər saxlaya biləcəyik. Yalnız bir şey bizdən asılı deyil. Adamlar  jurnal haqqında yaxşı söz desələr də, onu almaqda aktiv deyillər.  Amma biz ruhdan düşmürük,  işimizi görürük.

- Bəzən jurnalın forması haqqında danışarkən həcminin çox olduğunu qeyd edirlər. Bizdə niyə məzmun yox, forma o saat diqqəti cəlb edir? Məsələn, deyirlər ki, metroda oxumaq olmur...

- Mən elə düşünmürəm. Biz məgər qəzət oxumuruq?! Gündəlik qəzetlər elə bu formadadır. Dünyada çoxlu müxtəlif jurnal formatları var. Sadəcə biz A4 formatına öyrəncəliyik. Formatla bağlı iradlar yersizdir. Sadəcə, Azərbaycan bazarı üçün yenidir. Bizim jurnalın məzmunu elədir ki, onu gərək metroda yox, evdə oxuyasan.

- Jurnalın elektron versiyası olacaq?

- “Kitabçı”nın elektron saytı gələcəkdə düşünülür.  Amma bu nömrədən etibarən atvxeber.az saytı informasiya dəstəyi verir. Bu nömrəyə qədər çıxan bütün 4 sayın PDF variantı orada yerləşdirilib. Son iki nömrəni yerləşdirməmişik. Çünki elə olsa jurnalın kağız variantında nəşr etməyə ehtiyac qalmaz. Gələn nömrə çap olunan kimi bu buraxılışların da PDF variantı yerləşdiriləcək. /modern.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.