Elkin Kərimli - Bir kərə, "bağışla" desəydin mənə
13.11.14
Avanqard.net gənc yazar Elkin Kərimlinin "Kağız ürəyim" şeirini təqdim edir.
Bu səfər qəlbimə elə dəymisən, Ürəyim səninlə barışan deyil. Hər gecə şəklimlə danışsan belə, O şəkil dil açıb danışan deyil…
Kağız ürəyimi ələ alarsan, O sənə peşmanlıq gətirər ancaq. Nə qədər səsləsən, çağırsan belə, Xəyallar özünü yetirər ancaq.
Siqaret tüstüsü, acı göz yaşı, Dumanlı-çiskinli hala düşərsən. Heç nəyin fərqinə varmazsan o an, Qabağa gedərsən, "dala düşərsən"
Anidən ayılıb azan səsinə, Ətrafa baxarsan, çölə baxarsan. Güzgü qarşısında dururmuş kimi, Üstünə tökülmüş külə baxarsan…
Əlini gətirib boyun ardına, "Səni görməliyəm" deyib durarsan. Məni qabağında görürmüş kimi, Başını aşağı əyib durarsan…
Bunu mən demirəm, ürəyim deyir, Səndən inciyən də, küsən də odur. Mən başa düşmürəm ürəyimi də, Adın səslənəndə əsən də odur.
Bir kərə, "bağışla" desəydin mənə, Hər şey də tam fərqli ola bilərdi. Zərrəcə məhəbbət görsəydi səndə, Kağız ürəyim də dilə gələrdi…
|